Cənubi Qafqazda cərəyan edən hadisələr dünyanın diqqət mərkəzindədir. Qərbin regiona can atması və Rusiyanın bölgədən sıxışdırılması planı Ermənistanın hazırkı hakimiyyətinin istəyi ilə həyata keçirilir. Deməli, Ermənistan müttəfiqinin əleyhinə işlər çevirməklə Rusiyanı öz ərazisindən çıxarmaqda maraqlıdır. Geosiyasi məsələlərdə uduzduğunu anlayan Ermənistan kommunikasiya xətlərinin açılmasında da Qərbin göstərişini yerinə yetirir.
Zəngəzur dəhlizinin işə düşməsinə mane olan güclərin əsasən kimlər olduğu göz qabağındadır. Amma Zəngəzur dəhlizinin açılmasına ən böyük əngəl törədən tərəf İrandır. Cənub qonşumuz Zəngəzur dəhlizini özünün qırmızı xətti hesab edir və bildirir ki, dəhlizin açılması İranın dövlətçiliyinə təhdiddir. Əslində İran Azərbaycan-İsrail yaxınlaşmasından narahatdır və guya İsrailin ölkəmizdə hərbi bazalarının olmasından əndişələnir.
Azərbaycan-ABŞ münasibətlərini həzm edə bilməyən, Azərbaycanın İsraillə diplomatik münasibət qurmasını faciə kimi qəbul edən İran ölkəmizə qarşı düşmən siyasətini davam etdirdikcə, Ermənistana hərbi-siyasi dəstək verir. İranın erməni sevdasının arxasında dayanan məqamlara aydınlıq gətirdikcə, molla rejiminin bütün mahiyyəti ortaya çıxır. Farslarla ermənilərin bağlılığı olsa da, hər halda müsəlmanlara qənim kəsilən bir toplumun İran tərəfindən müdafiəsi sırf molla rejiminin azərbaycanlılara olan nifrətindən qaynaqlanır. İran ərazisində yaşayan milyonlarla soydaşımızın diskriminasiyaya məruz qalması da bunun bariz nümunəsidir. Görəsən, İsrailin Azərbaycanla yaxınlaşmasına qısqanclıqla yanaşan İran qulağının dibində Ermənistanın ABŞ-la birgə hərbi təlim keçirməsinə necə reaksiya verəcək?
Ayətullaların minillik qonşu hesab etdiyi Ermənistan İranı 44 ildir sanksiyalar altında saxlayan Amerikayla təlimlərə başlayacaq. Təlimlərə cəlb olunan Amerika xüsusi xidmət orqanlarının əməkdaşları hərbi aksiya başa çatdıqdan sonra ərazini tərk edəcək, yoxsa İranın Ermənistanla sərhədinə yerləşdiriləcək? Məsələylə İran kəşfiyyatı məşğul olmalıdır deyə bunu onların öhdəsinə buraxırıq. Görünən odur ki, Ermənistan artıq Cənubi Qafqazda hərbi atmosferə təsir edəcək addımlardan çəkinmir və Rusiyaya diş qıcayır. Hindistandan aldıqları silah partiyalarını İrandan daşımaqla öz hərbi potensialını gücləndirməyi planlaşdıran düşmən ölkənin Amerikayla birgə təlim keçməsindən təkcə İran narahat olmamalıdır. Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması Ermənistan hakimiyyətinin gündəmində olan Rusiya bu hadisədən nəticə çıxarmalıdır.
Tarix boyu müttəfiqlərinə arxadan zərbə vuran ermənilərin budəfəki hədəfi Rusiya və İrandır. Rusiya ilə strateji müttəfiqlik haqqında müqavilə imzalayan Ermənistan daim İranı özünün “həyat yolu” hesab edib və molla rejimi də onlara sevgi dolu qucaq açıb. Amma ermənilərin hər iki tərəfdaşı 20-ci əsrin əvvəlində onların Osmanlı Türkiyəsinə xəyanətini unudub. Bu xəyanətkar toplum üçün ali dəyərlər yoxdur və ermənilər öz mənafeləri naminə ən yaxın müttəfiqlərinə belə xəyanətdən çəkinmirlər. Yəni Rusiyanı hədəfə alan Ermənistan bir güllə ilə iki dovşan vurur. İkinci dovşan İrandır.