Ardını oxu...
Donald Tramp administrasiyası Ukrayna böhranına tamamilə fərqli münasibət sərgiləyir: Rusiya və Ukrayna müharibə tərəfləri kimi bərabərləşdirilir, təcavüz, işğal, beynəlxalq hüququn kobud şəkildə pozulması görməzdən gəlinir. Prezident Tramp və vitse-prezident J.D.Vens fevralın 28-də Ağ Evdə Ukrayna liderinə açıq şəkildə bildirdilər ki, zəifsənsə, güzəştə getməlisən, Rusiyanın təklifləri ilə razılaşmağa məcbursan, ABŞ daha kömək etməyəcək.

Zelenski isə özünə və dövlətinə qarşı bu aşağılayıcı davranışa dözmədi və nəticədə münasibətlər geridönməz şəkildə zədələndi. Artıq Tramp Ukraynaya qarşı bütün hərbi, iqtisadi yardımların dayandırılmasını müzakirə edir. ABŞ hökuməti bu qərarı versə, Ukrayna Bayden dövründə ayrılmış milyardlarla dollar dəyərində silah-sursatdan məhrum olacaq. Bu, təcavüzkar Rusiya qarşısında Ukraynanın daha da zəifləməsidir.

Rəsmi Kiyev isə Birləşmiş Ştatların Rusiyanın şərtləri altında kapituliyasiyaya getmək təklifindən imtina edir. Prezident Zelenski bəyan edib ki, Ukrayna ərazi güzəştlərinə getməyəcək, habelə istənilən atəşkəs razılaşması təhlükəsizlik qarantiyasına əsaslanmalıdır.

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “The New York Times”-da dərc edilən məqaləsində Vaşinqtonun mövqeyini kəskin tənqid edib. Kulebanın sözlərinə görə, artıq avropalılar başa düşürlər ki, Ukrayna “bir dövlət kimi onu məhv etməyəcək” razılaşma əldə etməyə çalışır. Üstəlik, ABŞ-nin vitse-prezidenti J.D.Vensin Münhen Təhlükəsizlik Konfransında çıxışından sonra Avropa yeni reallıqda yaşayır.

Sabiq nazirin fikrincə, Avropa Ukraynanın mineral ehtiyatları ilə bağlı alternativ saziş təklif etməli, eləcə də Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməli və onlardan silah istehsalı və alışını maliyyələşdirmək üçün istifadə etməlidir: “Avropa İttifaqı, Böyük Britaniya və Norveç Ukraynanın əsas müttəfiqi olan ABŞ-ni tamamilə əvəz edə bilməz, lakin bu praqmatik həllər dərhal Avropanın rolunu artıracaq və Ukraynaya nəfəs almağa imkan verəcək”.

Avropa İttifaqının, Kanadanın, Türkiyənin və NATO rəhbərliyinin yanaşması isə ABŞ-dan kəskin fərqlənir. Martın 2-də Londonda 15 ölkənin liderlərinin iştirakı ilə keçirilən toplantıda Ukraynaya tam dəstək ifadə olunub.

Böyük Britaniyanın Baş naziri Keir Starmerin sözlərinə görə, sammitdə liderlər dörd mühüm addımı razılaşdırıblar. Söhbət ilk növbədə müharibə davam edərkən Ukraynaya hərbi yardımın davam etdirilməsindən və Rusiyaya iqtisadi təzyiqin artırılmasından gedir.

İkinci məqam ondan ibarətdir ki, istənilən davamlı sülh Ukraynanın suverenliyinə və təhlükəsizliyinə təminat verməlidir və Ukraynanın özü istənilən sülh danışıqlarının masasında olmalıdır.

Üçüncüsü, sülh razılaşması olacağı təqdirdə, Avropa liderləri Rusiyanın Ukraynaya qarşı gələcək hər hansı işğalının qarşısını almağa çalışacaqlar.

Dördüncü məqamda isə Ukraynanı müdafiə etmək və bu ölkədə sülhü təmin etmək üçün “istəklilərin koalisiyasının” yaradılmasını nəzərdə tutulur.

Beləliklə, ABŞ Ukraynaya qarşı təcavüzə, işğala, beynəlxalq hüququn pozulmasına əhəmiyyət vermədən Zelenski hökumətindən müharibənin dayandırılmasını tələb edir;

Avropa ölkələri isə tam əksinə, Rusiyanı təcavüzkar hesab edir, Ukraynanın hərbi, iqtisadi cəhətdən dəstəklənməsini, onun sülh danışıqlarında güclü mövqedən çıxış etməsini, habelə müharibədən sonra Ukrayna ərazisinə sülhməramlı kontingentin yerləşdirilməsinin, təhlükəsizlik qarantiyası verilməsinin vacibliyini elan edib.

Avropanın bu mövqeyi Ukrayna, eləcə də bu münaqişədə ədalətin tərəfində olan mütərəqqi qüvvələr tərəfindən dəstəklənir. Amma maraqlıdır, Avropa İttifaqı regionda müdaxilə etdiyi bütün münaqişələrdə ədalətin, beynəlxalq hüququn tərəfində dayanıbmı? Məsələn, 25 ildən artıq davam etmiş Azərbaycan-Ermənistan münaqişəsində aparıcı Avropa ölkələrinin yanaşması necə olub? Sülh hələ ki yoxdur, onun şərtləri ilə bağlı Brüsselin mövqeyi nədən ibarətdir?

Politoloq Fərhad Məmmədov bildirir ki, Ukrayna təcavüzkarla təcavüz qurbanının eyniləşdirilməsinin əleyhinədir. “Avropa İttifaqı (Aİ) ölkələri və Böyük Britaniya Ukraynanı dəstəkləyir. Doğrudan da, Rusiya ilə Ukraynanı necə eyni tərəziyə qoymaq olar”, - o sual edir.

Politoloq hesab edir ki, Ukrayna indi 25 il işğalçı Ermənistanın təcavüzünün qurbanı olmuş Azərbaycanın durumundadır: “Ancaq bizə həmişə deyirdilər ki, münaqişə tərəfləri var və danışıqlar aparılmalıdır. Axı danışıqlar müharibədən yaxşıdır... 44 günlük müharibədən sonra da həmin Avropa ölkələri Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağda qalması üçün əlindən gələni etdilər və Azərbaycanın ərazi bütövlüyünü nəzərə almadan “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi” mövzusunda çaxnaşmaya başladılar. Bütün bunlar isə zamanında əşyaların öz adı ilə çağırılmamasının nəticəsidir. Ermənistan Azərbaycan ərazisini işğal etsə də, yalnız münaqişə tərəfi sayılırdı.

İndinin özündə də Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinə yanaşması ABŞ-nin Tramp dövründə Rusiyaya qarşı mövcud mövqeyindən kənara çıxmır. Ermənistanı işğalçı ölkə adlandırıb işğalçıya qarşı tədbir görsəydi, o zaman müharibənin qarşısını almaq olardı. Ermənistanın tək qaldığı ATƏT-in Lissabon sammiti bunun üçün bütün lazımi əsasları yaratdı...”

Politoloq vurğulayır ki, bu gün Aİ Cənubi Qafqaz regionunda Ermənistanı dəstəkləməklə məşğuldur: o, casus missiyasını genişləndirib, Avropa Sülh Fondu vasitəsilə Ermənistana hərbi dəstək verir və çoxsaylı yardım layihələri həyata keçirir:

“Aİ Ermənistanın Azərbaycana qarşı təcavüzünü ümumiyyətlə xatırlamır, rəsmi Bakının Ermənistanla danışıqlarda ədalətli mövqeyinə biganə yanaşır və müharibənin humanitar komponentinə seçici yanaşaraq, diqqətini yalnız Qarabağdan olan ermənilərə kömək etməyə yönəldir.

Danışıqlar prosesinin kənarında qalan Aİ etimadın möhkəmləndirilməsi tədbirləri - qoşunların sərhəddən çıxarılması, silahlara nəzarət və ya qaynar xətlər üzrə təkliflər hazırlamağa çalışır. Bəli, münaqişədən sonrakı dövrdə belə addımlar həyata keçirilir. Lakin etimad quruculuğu tədbirləri yalnız münaqişənin mahiyyəti - Ermənistanın Azərbaycana qarşı ərazi iddiası aradan qaldırıldıqda səmərəli ola bilər. Bu iddialar aradan qaldırıldıqdan sonra, erməni mərkəzli Qranada Bəyanatı və müharibədən sonrakı dövrdə Ermənistana birtərəfli dəstək verməsi ilə özünü nüfuzdan salan Aİ-nin məsləhəti və iştirakı olmadan etimad quruculuğu tədbirləri özbaşına həyata keçirilir”.

Ekspert hesab edir ki, bundan əlavə, Aİ münaqişədən sonra Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etmək imkanını nəzərdən keçirməlidir ki, Avropanın rəyi Bakıda dinlənsin: “Təcavüzkarla təcavüzün qurbanı arasında bərabər işarə qoya bilməzsiniz – Avropada Rusiya və Ukrayna mövzusu haqqında belə deyirlər. Aİ-nin Azərbaycan və Ermənistanla bağlı mövqeyi məhz belə oldu... müharibədən sonra Aİ daha da irəli gedərək, təcavüzkar ölkəyə təcavüz qurbanına nisbətən onlarla dəfə çox dəstək verdi”.

F.Məmmədov vurğulayır ki, sülh müqaviləsi olmadığı halda, etimadın möhkəmləndirilməsi tədbirlərini birtərəfli qaydada həyata keçirən işğalçı ölkə Ermənistandır. “Azərbaycan artıq öz addımlarını atıb: təcavüzkarı müstəqil şəkildə qovub, sərhədi müəyyənləşdirib, siyasi və diplomatik mexanizmlər vasitəsilə ədalətli danışıqlar mövqeyini irəli sürür”, - ekspert vurğulayıb.

Turqut
 
 
 

  
Ardını oxu...
Trampa, ABŞ-a təqdim etsin. Başqa nə qərar verdilər? Hə, cəmi 3-4 mlrd. dollar da ordan-burdan pul yığdılar, amma heç bir ölkə, “biz Ukrayna üçün vuruşmağa, ölməyə hazırıq”, demədi. Yəni, iş gəldi yenidən Trampa, ABŞ-a çatdı – yaxşı, getmişdiz də Ağ Evə, sülh üçün də, müharibə üçün də tək lazım olan dövlət ABŞ-dırsa, nədən yenə ABŞ-ın həll edə biləcəyi məsələni Avropadan dönüb masaya gətirirsiz?! Deməli məsələ aydındır – Ukraynadan “torpedo” kimi istifadə edirlər, içiboş və “psevdo-sol-liberal” Avropa elitasının Münhendə söyülməkləri, masadan kənarda qalmaqları “çestlərinə” toxunub deyə, Zelenskidən istifadə edib masaya dönmək, söz sahibi olmaq istəyirlər. Bunun acısını-ağrısını isə fədakar Ukrayna xalqı, qəhrəman Ukrayna əsgəri çəkir-çəkəcək. Olmaz e belə, dünyada heç bir kreslo, pul-para, vəzifə Dövlətin, Ölkənin, Xalqın marağından üstün ola bilməz.
Adi məntiqi ardıcıllığı qura bilməyən Avropa “elitası” var, eyni “beyin” ortalıqda olan “psevdo-liberallarda” da mövcuddur – 3 addımlıq məntiq qura bilmirlər. Putin, Rusiya terrorist kimi davranır, insanları öldürür, şəhərləri-kəndləri dağıdır – yaxşı, istənilən terrorist 10 nəfəri belə girov götürüəndə ilk olaraq onunla danışıq başlayır da, elə deyil?! Danışıq alınmayanda da girovlara minimum ziyanla terrorist aradan götürülür, görməmisiniz bunu filmlərdə?!
Putin burada Ukraynanın 20%-ni girov götürüb, yaxşı, danışmadan necə həll etmək olar məsələni?! Hərbi qələbə ilə?! Xub, nədir hərbi qələbə - Rusiyanın kapitulyasiyası?! Nüvə silahı olan ölkə kapitulyasiya elan edərmi?! Konvensional silahlarla qələbə qazanmaq olarmı Rusiyaya? Ölməyə hazır olan beyinləri yuyulmuş balaca “putinlər” Rusiya əhalisinin, azı, 60-70%-i təşkil edir, insan resursu bitmir, hərbi resursu azalmır, axmaq və dişsiz sanksiyalar işləmir – yaxşı, nə yol təklif edir Ukrayna və Avropa?! Avropada Ukrayna üçün ölməyə hazır yüzminlərlə əsgər varmı?! Adi, üç addımlıq məntiqi sullardır da, elə deyil?!
Qalır bircə yol – Rusiyanı uzunmüddətli “qucaqlayıb boğmaq” strategiyası. Bunun üçün nə lazımdı - bəli, atəşkəs və Ukraynanın yenidən inşası. Atəşkəs üçün nə lazımdı – bəli, danışıqlar.
Natig Cəfərli
TEREF
Ardını oxu...
Hazırda Ukrayna cəbhəsində iki növ müharibə aparılır. Birincisi, hərbi əməliyyatlarla bağlı olan əsl müharibə, digəri isə informasiya savaşıdır. Birincinin qalibi sözsüz ki, Rusiyadır. İkincidə isə Qərb və ABŞ-ın ən güclü media silahları Rusiyaya qarşı səfərbər olub.
Faktiki olaraq, Rusiya informasiya müharibəsində böyük hesabla məğlub olur. Ancaq bunun proseslərin gedişinə ciddi təsiri yoxdur. Rusiya öz planı üzrə hərəkət etməklə, Ukraynanı addım-addım işğal edir.
Məni düşündürən Azərbaycanın daxili ictimai rəyində bu hadisələrlə bağlı formalaşdırılan yanlış təsəvvürlərdir. Müşahidələrim göstərir ki, bizim əksər politoloqlarımız real təhlillərə yox, məhz Qərb təbliğat maşınının formalaşdırdığı rəyin təsiri altında proqnozlar verirlər.
Məsələn, iddia edirlər ki, sanksiyalar Rusiyanı çökdürəcək, Putinin hakimiyyətinə son qoyacaq, hətta Rusiyanın daxildən parçalanacağını belə söyləyənlər az deyil. Belə proqnozlar həm də, ictimai rəydə Ukraynaya olan rəğbətin çox olduğu üçün , ehtiyatdan səsləndirilir.
Yəni bəzi ağıllı politoloqlar da ictimai rəydə daşqalaq olunmaq, adlarına Rusiyanın 5-ci kolonu damğası vurulmaq qorxusundan real proqnoz verməkdən daha çox, imitasiya etməklə məşğuldurlar.
Burada yazılanlar həm də arxiv kimi yaddaşda saxlanılır. Bir proqnoz da mən verirəm, zaman keçər arxivlərə baxıb kimin haqlı olduğunu görərsiniz.
Mənim ehtimalım budur ki, Rusiya müharibədən istədiyi nəticə ilə çıxacaq. Yəni qalib kimi!
Sanksiyaların Rusiyaya mənfi təsiri olsa da, bu onu məhv etmək gücündə deyil. Bir də, Qərb və ABŞ heç də bütün dünya anlamına gəlmir. Rusiyanın ətrafındakı həm də onun üçün bufer təhlükəsizlik zonası rolunu oynayan postsovet ölkələrinin heç biri Moskva ilə iqtisadi əlaqələrini kəsməyəcək.
Dünyanın ticarət nəhəngi olan Çin birbaşa quru sərhəddə malik olduğu Rusiya ilə lazimi səviyyədə ticarət əlaqələrini aparacaq, hətta inkişaf da etdirəcək.
Bir faktı da nəzərə almaq lazımdır ki, ABŞ və Qərb Rusiyanı “Ayfon” telefonları, “Maqdonalds” restoranları, brend avtomobil qadağaları ilə təhdid edirsə, əvəzində Rusiyanın zəngin təbii ehtiyatlarını: neftini, qazını, metalurgiyasını öz üzlərinə bağlamış olur. Birincilər komfortdan doğan təlabat sayılırsa, Rusiyanın əlində olanlar isə həyati vacib olan məhsullardı.
Hələ mən dünyanın bir çox ölkələrinə Rusiyadan ixrac olunan buğdadan danışmıram. Buğda deyəndə, yəni hər gün yeyilən çörəyi nəzərdə tuturam. Ruslar “Ayfon” yox, Çinin “Redmi” telefonunu da işlədə, “BMV” yox, “Çanqan” da sürə bilər. Bəs qazı olmayan Avropa öz vətəndaşını nə ilə isidəcək?
Gözümüzün önündə 40 ildir sanksiya altında yaşayan İran var. Həmin ölkə ABŞ-a təslim olurmu? Əksinə, sanksiya dönəmində özünün atom sənayesini yaradıb. İran belə müqavimət göstərirsə, onda görün Rusiya kimi nəhəng nəyə qadirdir?
Yadda saxlamaq lazımdır ki, sanksiyalar çox vaxt həmin ölkənin iqtisadiyyatını gücləndirir və xaricdən asılığını aşağı salır. Rusiya elə bir təbii sərvətlərə, beyin ehtiyatına və əraziyə sahibdir ki, özü-özünü tez bir zamanda inkişaf etdirəcəyinə qəti şübhə yoxdur.
Bir də, rus xalqı ölkəsi müharibə apardığı dönəmdə heç vaxt rəhbərə qarşı çıxmayıb, əksinə, ölkəni idarə edənlərin ətrafında daha sıx birləşib.
Yadda saxlayın, Ukrayna müharibəsinin sonunda məhv edilən bu gözəl ölkənin taleyini masada Zelenski həll etməyəcək.
Onda Putinlə bu bölgünü: Baydenlər, Makronlar, Consonlar aparacaq. Əmin olun ki, həmin danışıqlarda Donbas və Krımın geri qaytarılması ümumiyyətlə müzakirə mövzusu olmayacaq. Ukraynanın yeni əraziləri məhz Zelenskini qızışdırıb ortaya salan dövlətlərlə Rusiya arasında bölüşdürüləcək. Hakimiyyəti itirmək şansı isə Putindən daha çox Zelenskidə görünür.
Yazdıqlarım reallıqdan doğan proqnozumdur. Şəxsi münasibətim isə budur: Rusiyanın Ukraynaya qarşı apardığı müharibə işğaldı və mən bunu kəskin pisləyirəm!
Məhəmmədəli QƏRİBLİ
TEREF
 
 
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp fevralın 28-də Ağ Evdə, Oval ofisdə danışıq zamanı mübahisə ediblər. Təəssüf ki, bu mübahisə açıq şəkildə baş verdi. Həm də dünyanın hər yerindən çoxlu sayda videokameralar qarşısında.

Həmin gün Zelenski üçün pis gün kimi görünür. Lakin biz bunu bir tərəfdən ABŞ (Trampın başçılıq etdiyi), digər tərəfdən isə Ukrayna və Avropa arasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı dramatik münasibətlərdə növbəti epizod kimi qəbul etməliyik. Demək olar ki, Ağ Evdəki davadan dərhal sonra Avropa ölkələrinin böyük əksəriyyəti Ukraynanı dəstəklədi. Eyni zamanda, Trampla bağlı tənqidi açıqlamalar verildi.

İndi deyə bilərik ki, ABŞ-da, o cümlədən respublikaçılar arasında anti-Tramp müxalifətinin formalaşdırılması prosesi yeni keyfiyyət səviyyəsinə yüksələcək. Hətta Trampın komandasının daxilində belə bu mübahisədən sonra çatlar yarana bilər.

Tramp görünür, hələ də seçki şüarları ilə yaşayır, Dövlət Departamentindən və digər departamentlərdən hesabat almır - məsələn, onun dinc ideyalarının Rusiya Federasiyası tərəfindən rədd edilməsi haqqında. Nümunə olaraq, ABŞ Prezidenti jurnalistlərlə Avropa sülhməramlıları ideyasını dəstəkləməsindən danışırdı, bu zaman media nümayəndələri ona Putinin bunu istəmədiyini bildirdilər. Və Trampın həmin vaxt davranışından elə anlaşıldı ki, Amerika lideri bunu ilk dəfə jurnalistlərdən öyrənir...

Komandanın digər hissəsinin indiki “hiylələrinə” qarşı (ictimai və ya özəl olaraq) birləşəcək hansısa qrup formalaşacaqmı? Bu, hələlik sual olaraq qalır. Amma belə çıxa bilər ki, Trampın Ukraynadakı siyasətinə görə başı ağrıyacaq. Ukraynanın əksər Avropa dövlətləri tərəfindən dəstəkləndiyi bir şəraitdə bu, Trampın özünü müttəfiqlərindən təcrid etməsi kimi görünəcək.

Trampın ictimai rəyi rəhbər tutduğunu nəzərə alsaq, onun Ukrayna ilə bağlı mövqeyinin yenidən sürətlə dəyişəcəyini istisna etmək olmaz. Yəni ki, Trampa qarşı mənfi əhval-ruhiyyə artarsa, o zaman Amerika lideri həqiqətən də Putinin yanında olmadığını əsaslandırmaq üçün manevr edə bilər. Çünki ABŞ Prezidentinin Ukrayna ilə Rusiya arasında bərabər məsafəli vasitəçi olması ilə bağlı səsləndirdiyi mövqe artıq açıq-aydın ciddi qəbul edilmir.

Məncə, Trampın indi bu vəziyyətdən layiqli çıxış yolu yoxdur. Axı Putin mahiyyət etibarı ilə ABŞ-dan kapitulyasiya tələb edir: hər ikisi Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı 15 dekabr 2021-ci il tarixli ultimatumla – xüsusən də Ukraynanın NATO-ya qoşulmaması ilə bağlı, həm də rusların “İstanbul razılaşmaları” adlandırdıqları “razılaşmalara” uyğun olaraq. Ona görə də gec-tez ABŞ Prezidenti dərk etməlidir: ya Putinə təslim olmalı, ya da Ukraynanı dəstəkləməlidir. İndi deyir ki, Kiyevi dəstəkləməyə bilər, amma əslində belə bir variantı yoxdur. Axı Ukraynaya dəstək verməmək ABŞ üçün məğlubiyyət olar.

Müəllif: Volodimir Volya – Ukraynalı siyasi ekspert.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
 
Ardını oxu...
İranda yaxın zamanlarda ciddi dəyişikliklərin baş verməsi ehtimalı artır. Bu necə olacaq? Hərbi, silahlı, yoxsa dinc, islahat yolu ilə? Hər halda, vəziyyətin ağırlığını hakimiyyət daxilində də etiraf edirlər.

İnqilab Keşikçiləri Qvardiyasının komandanları isə bəlağətli çıxışlarında İsrail, ABŞ və onların tərəfdaşlarını hədələyirlər. Tehran hakimiyyəti ictimaiyyətə yaxşı gələcək vəd edə bilmir. Rejim başçıları özlərini dini məsələlər arxasında gizlətməklə vətəndaşları aldadırlar.

ABŞ Prezidenti Donald Trampın İrana maksimum təzyiq sərəncamı qüvvəyə minib. Bu sənəd İslam Respublikasının neft satışını sıfıra endirməyə xidmət edir.

Bununla belə, İranın nüvə və hərbi obyektlərinin vurulması məsələsi də ABŞ və İsrailin gündəliyindədir.

Məşhur Harvard Universitetinin ABŞ Siyasətinin Öyrənilməsi Mərkəzi (CAPS), “Harris Pollinq” İnstitutu sorğu keçirib. Tədbirdə iki mindən çox seçici iştirak edib. Respondentlərin 76 faizi İranın nüvə obyektlərinin məhv edilməsinin vacibliyini bildiriblər. Rəyi soruşulanların 57 faizi İsrailin havadan İranın nüvə müəssisələrinə hücumuna ABŞ-nin dəstək verməsinə səs veriblər. Respondentlərin 54 faizi Donald Trampın İranla bağlı siyasətini dəstəkləyib.

İrandakı ciddi siyasi-iqtisadi böhranı dərinləşdirən daha bir amil isə sanksiyalardır.

Artıq islahatçı sayılan keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani həyacan təbili çalır. Vəziyyətin ağırlaşacağı xəbərdarlığını edirlər.

Məhəmməd Xatəmi bildirib: “Sanksiyalar nemət sayılanda bu pis günlərin də bizi gözləyəcəyini bilməli idik”. O, ölkədəki mövcud vəziyyətə toxunaraq deyib ki, xalqın, ölkənin indiki vəziyyəti yaxşı deyil: “Bu yaxınlarda açılan pəncərənin bağlanması və yaranan kiçik ümidlərin də yox olması böyük qorxudur, təhlükəlidir”.

Xatəmi deyib ki, ABŞ-nin yeni administrasiyasının əvvəllər müxtəlif yollarla ifadə və elan edilmiş son mövqeləri vəziyyətin pisləşəcəyini sübut edir. O, təhdidlərə qarşı ayıq-sayıq olmaqla yanaşı, yaranan fürsətlərdən də istifadə etməyin vacibliyini vurğulayıb. Keçmiş hökumət başçısının qənaətincə, İran hakimiyyətinin bəzi açıqlamaları Avropada və regionda narahatlıq yaradıb: “Milli maraqların qorunmasına yönəlmiş ayıq, fəal və çevik diplomatiya həmişə zəruri, həm də effektivdir”.

O, İranın Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatla nüvə məsələsinə dair problemlərinin qaldığını da vurğulayıb. Xatəmi bildirib ki, əhalinin tələbləri, verilən vədlər və irəli sürülən şüarlar da unudulmamalıdır.

Beşinci prezident indiki hökumət başçısı Məsud Pezeşkianı da müdafiə edib. Bildirib ki, mövcud problemlər ondan əvvəl yaranıb: “Ölkədə vəziyyət yaxşı deyil. Bu şəraiti Pezeşkian yaratmayıb”.

Həsən Ruhani isə ABŞ başda olmaqla Qərblə danışıqlardan da bəhs edib: “Bəziləri deyir ki, ali rəhbər (ayətulla Seyid Əli Xameneini nəzərdə tutur - red.) danışıqların əleyhinədir. Rəhbərlik danışıqların əleyhinə deyil. Əksinə, şəraitdən asılı olaraq, bu gün buna qarşı çıxa bilər, ancaq bir neçə aydan sonra şərtləri dəyişməyə razılıq verəcək”.

Bu o deməkdir ki, yaxın zamanda İran hakimiyyəti ABŞ ilə danışıqlar üçün açıq olduğunu bir daha bəyan edəcək.

Məsud Pezeşkianın mətbuat xidmətinin yaydığı məlumata əsasən, İran Prezidenti hesab edir ki, ABŞ danışıqlar aparmaq qabiliyyətini sübut edəcəyi təqdirdə Vaşinqtonla danışıqlar bərpa oluna bilər: “Sanksiyalardan qorxmaq lazım deyil. Bəziləri deyir ki, bizim ABŞ ilə danışıqlar masasına oturmaqdan başqa çarəmiz yoxdur. Lakin biz danışıqlar aparmayacağımızı da deməmişik. Sadəcə, quldurlar qarşısında baş əyməyəcəyik. Bizdə belə bir deyim var: əvvəl qohumluğunu sübut et, sonra mirasa iddia edərsən”.

Pezeşkian vurğulayıb ki, əvvəlcə hər cür sanksiya tətbiq edib, sonra danışıqlar aparmaq təklif etmək olmaz.

Rejimin belə ritorikası isə hakimiyyətin gücsüzlüyünü göstərir. Bu, daha çox daxili auditoriyaya hesablanmış açıqlamadır. Çünki istənilən şəkildə danışıqlara meylli görünmək Tehran hakimiyyəti daxilində vəziyyəti ağırlaşdıra bilər. Başqa sözlə, hakimiyyətin bir çox nümayəndəsi əba və əmmaməni qalstuk, kostyum və beysbolkaya dəyişər.

Həsən Ruhani 11-ci və 12-ci hökumətlərin (indi 14-cü hökumətdir) bir qrup nazir və sədr müavinləri ilə görüşündə ölkənin kritik vəziyyətindən danışarkən deyib: “Bizim hamımız ölkənin problemlərini azaltmaq üçün məsuliyyət daşıyırıq. Bu, təkcə hökumətin deyil, bütün sistemin borcudur”.

O, İran teleradio şirkətini tənqid edərək bildirib ki, bu müəssisə ölkə əhalisinin deyil, kiçik bir qrupun təbliğat maşınıdır.

Yeri gəlmişkən, İran televiziya kanalları daha ayətullah Xameneini, SEPAH komandirlərini və ona yaxın qüvvələri təbliğ edir. Hətta Həsən Ruhaninin başçılıq etdiyi 11-ci və 12-ci hökumətin fəaliyyətinə qarşı müzakirələr açır, reportaj verir.

13-cü hökumətə helikopter qəzasında ölən İbrahim Rəisi başçılıq etmişdi. Onun kabinetinin fəaliyyəti ilə bağlı müəyyən bəlli səbəblərdən tənqidi fikirlər, yaxud qərəzli müzakirə apar bilmirlər.

Ona görə də Həsən Ruhani hökuməti tənqid olunur. O, ünvanına deyilənləri cavablandırmaq üçün dəfələrlə müraciət etsə də telekanallar onun istəyini təmin etməyiblər.

İran hökumətinin keçmiş başçılarının çıxışlarından da göründüyü kimi, ölkədə vəziyyətə ağırlaşmağa doğru inkişaf edir. Hakimiyyət nümayəndələri isə yaranmış vəziyyətdən çıxış yolunu “sanksiyalara dözərik”də görür. Tehran rəsmiləri tətbiq edilən məhdudlaşdırıcı tədbirlərlə sanki fəxr edirmiş kimi davranırlar. Az qalır desinlər ki, görün, biz necə güclüyüksə, sanksiya tətbiq edirlər. Bəzən buna oxşar ifadələri açıq da deyirlər.

Ancaq cəmiyyət dözə bilmir. Bütün gündəlik tələbat mallarının, qida məhsullarının, tikinti materiallarının, yanacağın qiyməti artıb. Bir dolların qiyməti yüz min tüməni də ötüb. Qış fəslində elektrik enerjisi qıtlığı, təbii qaz çatışmazlığı səbəbindən məktəblər, ofislər qar, yağıntı bəhanəsi ilə bağlanıb. Atom elektrik enerji stansiyası isə hələ 2029-cu ildən sonra istehsal gücünü 3000 meqavatt/san-yə çatdırmaq niyyətindədir...

Bu, hali-İrandır. Yaxşı heç nə vəd etmir bu hal…

Sədrəddin Soltan - pressklub.az
 
 

 


Ardını oxu...
Prezident Volodimir Zelenski Tramp-Putin sövdələşməsini tanımadı, ABŞ-Ukrayna münasibətlərində dərin böhranın qaçılmaz olduğu artıq qətiyyən şübhə doğurmur... İndi Rusiya xofu keçirən, ABŞ-ın isə qorxan Avropa Birliyi bir az cəsarətli olsa, Ukraynaya dəstəyi davam etdirsə, "Tramp-Putin planı" iflasa uğrayar...
Yenixeber.org: Ukrayna savaşı qlobal məkana da keçid edib. Belə ki, Rusiyanın başlatdığı bu müharibə dünyada yeni qarşıdurma istiqamətləri yaratmağa başlayıb. Halbuki, buna qədər yalnız iki tərəf - Ukraynanı dəstəkləyən kollektiv Qərb və Rusiya mövcud idi. Ancaq indi kollektiv Qərb parçalanıb. Ukraynanın əsas müdafiəçiləri sırasında olan ABŞ kollektiv Qərbdən uzaqlaşıb və ənənəvi müttəfiqlərinə qarşı yeni cəbhə açıb. Və bu baxımdan, ABŞ indi Ukraynanın deyil, məhz Rusiyanın müttəfiqinə çevrilmiş kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri Ağ Evin qurduğu bütün geopolitik oyunları ifşa etmiş oldu. Üstəlik, bu səfər Tramp adminstrasiyasının yaxın gələcəyə yönəlik planlarını da böyük risk altına saldı. Hər halda, Ağ Evin bundan sonra öz hədəflərinə düşünüldüyü qədər asan nail ola biləcəyi hazırda elə də inandırıcı görünmür. Və belə vəziyyətin Tramp adminstrasiyası daxilində əsəb gərginliyinə yol açdığı da açıq-aşkar nəzərə çarpır.
Ardını oxu...
Məsələ ondadır ki, prezident Volodimir Zelenskinin Ağ Evə gəlişi ərəfəsində ABŞ lideri Donald Tramp Ukraynaya münasibətdə qeyri-etik açıqlamalar vermişdi. Rusiyanın işğalına məruz qalmış Ukraynanın prezidenti "diktator" və qeyri-legitim dövlət başçısı adlandırılmışdı. Eyni zamanda, Ağ Ev sahibi Ukraynaya heç bir təhlükəsizlik təminatı verilmədən bu ölkənin zəngin təbii sərvətlərini ələ keçirmək niyyətini biruzə vermişdi. Və prezident Volodimir Zelenskidən də məhz hətta Ağ Ev sahibi Donald Trampın dostu, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun belə, "talançılıq sazişi" adlandırdığı sənədi imzalamaq tələb edilirdi.

Ancaq hər şey Ağ Evin planlarının əksinə inkişaf etmiş oldu. Belə ki, prezident Volodimir Zelenski Ağ Ev sahibi ilə görüşdən əvvəl Ukraynanın əleyhinə olan heç bir sənədə imza atmayacağını vurğulamışdı. Bu isə Tramp adminstrasiyası daxilində olduqca ciddi gərginlik yaratmışdı. Üstəlik, bu gərginlik Tramp-Zelenski görüşündə çox skandal məzmunda ortaya çıxdı. Və həm prezident Donald Trampın, həm də ABŞ-ın bütün dünyada rəzil olduğu indi qətiyyən şübhə doğurmur.

Ağ Evdə prezidentlərin - Donald Tramp və Volodimir Zelenski arasında yaşanan, qlobal məkanda heç vaxt unudulmayacaq dialoq mövcud situasiyanı ən incə detallarına qədər təsəvvür etmək imkanı yaradır. ABŞ prezidenti ukraynalı həmkarına "Sizin ümumiyyətlə kostymunuz varmı" sualı əsl biabırçılıq idi. Ağ Ev sahibi Ukrayna prezidentinin savaş başladıqdan sonrakı bütün xarici səfərlərdə eyni geyimdə olduğunu nəzərə almağa borcluydu. Və prezident Donald Trampın bunu ABŞ-a qarşı hörmətsizlik kimi qabartması Ağ Ev sahibinin mənasız təzyiq cəhdindən başqa bir şey deyildi.
Ardını oxu...
Prezident Volodimir Zelenskinin isə Ağ Ev sahibinə "Mənim də sizin səs tonunuz mənim xoşum gəlmir" cavabı gözlənilməz olmaqla yanaşı, olduqca cəsarətli reaksiya sayıla bilər. Onun ABŞ-a hörmət etdiyini, ancaq atəşkəsə razılıq verməyəcəyini bəyan etməsi isə Ağ Ev sahibində çaşqınlıq yaradan cavab idi. Və bu, Ağ Ev sahibinin Rusiya prezidenti Vladimir Putin ilə ortaq planlarının risk altında olduğunu göstərən xəbərdarlıq anlamı daşıyırdı.

Prezident Donald Trampın “Mən bilirəm ki, siz qalib gələ bilməyəcəksiniz. Siz üstün mövqedə deyilsiniz. Əlinizdə “kart”larınız yoxdur. Əgər, bizim silahlarımız olmasaydı, bu müharibə dərhal bitərdi" deməsi Ağ Ev sahibinin növbəti səhvi hesab oluna bilər. Çünki məhz bu irad Ukrayna prezidenti Volodimir Zekenski üçün "Mən "kart" oynamıram.Sizin bu dediklərinizi mən Putindən artıq eşitmişəm" cavabına əsas yaratdı. Və bununla da Ukrayna prezidenti özünü "diktator" adlandırmış Ağ Ev sahibini, məhz media qarşısında Rusiya lideri Vladimir Putinin müttəfiqi elan etməklə, intiqam almış oldu.

Bütün bunlardan sonra isə Ukrayna prezidentinin Ağ Evdən qovulması ABŞ liderinin situasiyanı öz xeyrinə çevirmək üçün seçilmiş ən uğursuz variant sayıla bilər. Hər halda, dünyaca ünlü "BİLD" nəşri belə bir iddia irəli sürüb və bununla da ABŞ və Ukrayna arasında nadir minerallarla bağlı müqavilənin ləğv edildiyini qabardıb. Və bu baxımdan, yaxın vaxtlarda ABŞ-Ukrayna münasibətlərində dərin böhranın qaçılmaz olduğu artıq qətiyyən şübhə doğurmur.
Ardını oxu...
Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Tramp artıq Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna savaşının sülh yolu ilə həllinə maraq göstərmədiyini iddia edib. Onun fikrincə, Ukrayna lideri ABŞ-ın sayəsində Rusiya qarşısında üstünlük qazanmaq istəyir. Üstünlük deyil, sülh axtarışında olduğunu vurğulayan Ağ Ev sahibi Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini "oval kabinet"də ABŞ-a qarşı hörmətsizlik etməkdə suçlayıb. Və bu, o deməkdir ki, ABŞ-Ukrayna münasibətləri qopma nöqtəsinə çox yaxındır.

Prezident Volodimir Zelenskinin ABŞ səfəri bəzi önəmli məqamları ortaya çıxartdı. Belə ki, ABŞ-ın hazırda Ukraynanın deyil, məhz Rusiyanın yanında olduğu birmənalı şəkildə təsdiqləndi. Yəni, prezident Volodimir Zelenski Ağ Evdə əslində, ABŞ lideri Donald Trampın timsalında məhz Kreml sahibi Vladimir Putin ilə görüşmüş oldu.

Ukrayna lideri birmənalı şəkildə mesaj verdi ki, Tramp-Putin sövdələşməsini tanımayacaq. İndi Rusiya xofu keçirən, ABŞ-ın isə qəzəbindən çəkinən Avropa Birliyi bir az cəsarətli olub, Ukraynaya dəstəyi davam etdirmək qərarı verərsə, Tramp-Putin planının iflasa uğrama ehtimalı da qaçılmaz xarakter daşıya bilər. Və bu baxımdan, Ukrayna savaşı ətrafında yaranmış situasiyanın gələcək inkişaf istiqamətləri böyük ölçüdə məhz "qoca qitə" ölkələrinin mövqeyindən asılı vəziyyətə düşmüş oldu.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
 
Ardını oxu...
Trampa Putinə etimadı ilə bağlı sual veriləndə, Trampın mimikası dəyişdi, o, əsəbini, qıcığını saxlaya bilmədi və yüksək səs tonla danışmağa başladı. Tramp bildirib ki, Putinlə birlikdə nələrdən(!) keçiblər(Raşageyt-Trampın Putinlə əməkdaşlığını və Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi istintaqını nəzərdə tutulur), Bayden və Hillariyə qarşı birlikdə(Tramp və Putin) olublar. Yəni Tramp dolayı yolla deyir ki, "Putin mənim ən çətin günlərimdə yanımda olub və siz hələ cəsarət edib mənim ona etimadımı sorğulayırsınız".
Sonra.
Düşünürəm ki, görüş zaman belə qarşıdurmanın yaranaması Ağ Evdə əvvəlcədən planlaşdırılmışdı. Vensın rolu – Zelenskini kameralar qarşısında gözdən salmaq, aşağılamaq idi, müharibənin səbəblərini, ABŞ-ın rolunu təhrif etmək, işğala qarşı qəhrəmancasına savaşan Ukrayna xalqını ləkələmək məqsədi daşıyırdı.
Əgər Zelenski susub cavab verməsəydi, bu, Ukraynanın bütün dünya qarşısında mövqeyini ciddi şəkildə zəiflədərdi və Tramp Zelenskinin məhz susmasını gözləyirdi, Tramp buna öyrəşib, bu günə kimi ABŞ prezidentilə kimsə belə davrana bilməz idi.
Heç kimin ağlına gəlməzdi ki, Zelenski Oval kabinetdə özünü belə aparacaq, bu nonsens idi. Zelenski isə, ona qurulan tələdən uduşla çıxmaq üçün müdafiə yox, hücuma keçdi.
Kamran Cəfərov
TEREF
 
Ardını oxu...
Tramp Zelenski həngaməsinə qətiyyən təəccüblənmədim. Baş verən heç nə qeyri-adi deyil. Onunla başlayım ki, bir insana simpatiya etmək olar, ancaq onu Allahlaşdırmağa həmişə qarşı olmuşam. Bütpərəst olmadığım üçün hansısa siyasətçini, hansısa lideri önəmsəmirəm. Mənim üçün Trampın, Putinin, Zelenskinin qonşum Ələmşah kişidən heç bir fərqi yoxdur. Önəmli olan fikirdir!
Jurnalistikada ən önəmli dərslərimdən birini Rusiya Ukrayna müharibəsi başlayanda aldım. O müharibəyə qədər hansı kursa, hansı seminara qatılırdımsa, deyirdilər, jurnalist tərəfsiz olar, jurnalist obyektiv olar, jurnalistin leksikonunda hətta öz ölkəsi müharibə aparsa belə, qarşı tərəfə "düşmən" sözü olmaz. Bunu qəbullanmışdım. Ona görə də, yazılarımda bir dəfə də olsun Ermənistana "düşmən" yazmırdım. Ermənistana "qarşı tərəf", "Ermənistan tərəfi" yazırdım. Niyə? Çünki düşünürdüm ki, bunu etməklə jurnalistika prinsiplərinə əməl edirəm. Rusiya Ukrayna müharibəsinin başlaması ilə bunu bizə öyrədənlər, düşmən sözünü yazanda irad tutanlar elə həngamə çıxardı ki, özüm özümü söyməyə başladım. İllərdir, dılğır erməniyə görə olmazın əzabını çək, içində düşmənçilik apar, ancaq jurnalistika prinsiplərinə görə "düşmən" yazma.
Müharibənin ilk dönəmlərində insanların ölümü dəhşət dərəcədə qabardılırdı. Sual verəndə ki, bəs Suriyada, İraqda, Əfqanıstanda, Afrikada ölənlər qarışqadır? Deyirdilər, onlara haqq olurdu. Necə yəni, sarıdərilinin öldürülməsi faciədir, qaradərilinin öldürülməsi sıradan hadisə? Trampla Zelenskiin həngaməsinə niyə təəccüblənmədim? Çünki nə insan ölümündən, nə də ağır şəraitə yaşayanlardan danışan var. Nə dəyişdi? Masada olan kimin nə qazanacağıdır.
Müharibənin gedişində dəfələrlə yazırdım ki, Qərbin verdiyi silah-sursat yetərsizdir, o silah sursatla torpağı işğaldan azad etmək olmaz. Deyirdilər, sənin başın çıxmır, Qərb nə etdiyini yaxşı bilir. Xatırlayarsınız, Ukraynanın əks-hücum əməliyyatları vardı. Elə o vaxt yazırdım ki, bu silah-sursatla, bu hazırlıqla heç nə əldə etmək olmaz. Deyirdilər, sən qanmazsan, əsgər olmusan, biz zabit. Gördük kim qanandı, kim qanmaz.
Tramp Zelenski görüşünə dərs vəsaiti kimi baxmaq lazımdır. Böyük dövlətlər kiçik dövlətlərlə necə davranır, lazım gələndə necə sındırmağa çalışır, verdiyini geri almaq üçün nə oyunlar çıxarır... O vaxt Saakaşvili Putinlə görüşü barədə müsahibəsində Putinin onunla necə davrandığını, dizini necə sıxdığını deyəndə çoxları təəccüb edirdi. Çoxları elə bilir ki, ölkə rəhbərləri görüşəndə, ancaq rəsmi üslubda danışırlar. Gerçəkdə necə olur, hamısı ortadadır.
Tramp Zelenski görüşünə bir neçə dəfə baxdım. Zelenskinin böyük iş gördüyünü deyirlər. Misal üçün neynədi? Kostyum geyinmirsən deyəndə, Trampın köməkçisi çımxıranda, jurnalistlər gic-dic suallar verəndə durub zalı tərk etdi? Yoxsa, bir daha Ağ Evə gəlmərəm dedi? 73 faizlə prezident seçil, sənə diktator deyənlə görüşə get. Nəticə nə olmalı idi? Deyənlər olacaq ki, ABŞ böyük dövlətdir, Zelenskinin getməmək kimi şansı yox idi, iclası tərk etsə başına bu, bu, bu şeylər gələrdi. Rusiya balaca dövlət idi?
Trampın etdikləri ABŞ tarixində bir ilkdir? Bayden sənəd imzalayanda Zelenskinin ayaq üstə boynun büküb durmasının indi olanlardan nə fərqi var? ABŞ-nin demokratiya, insan haqları adı altında girdiyi ölkələrin hamısı daha ağır vəziyyətə düşüb. Çıxıb üzr istədilər? Tramp Ukraynanın təbii sərvətləri ilə bağlı məsələni ortaya atanda birinci baş qaldıran ölkə Fransa idi. Məsələ ciddiləşməyə başlayanda Fransa müdafiə nazirliyi bəyanat yaydı ki, biz Ukrayna təbii sərvətləri ilə bağlı oktyabr ayından Kiyevlə danışıqlar aparırıq. Bəs, suverenlik, bəs ərazi bütövlüyü, bəs işğalçıya qarşı dirəniş?
Yazılarımda dəfələrə qeyd etmişəm ki, hansısa dövlətə güvənmək olmaz, özün güclü olmalısan. Hətta yazanda ki, Şuşa bəyannaməsinə belə arxalanıb siyasət aparmaq doğru deyil, deyirdilər, aha, türk düşməni, Türkiyə düşməndir. Şizofren kopayoğlu hardan bilsin ki, qaçqınçılıq dövründə Türk Kızılay Çadır şəhərciyində böyümüşəm. Yəni, istər-istəməz adamın içində bir minnət borcu olur. Belə biri necə Türkiyə düşməni ola bilər? Ancaq yenə onun tərəfdarıyam ki, Şuşa bəyannaməsinə güvənərək addım atmaq olmaz. Elə bil təzə maşın almısan, ən yaxşı sığorta şirkətində sığortalatmısan, sağa-sola baxmadan sürürsən, bahalı sığortan var axı, biri gəlib kənardan qoyur, özün də, maşının da cırıq-cırıq olur. Özün güclü olmalısan. İqtisadi, siyasi, hərbi baxımdan özün güclü olmasan, dövlət olmalısan, öz vətəndaşına cəlbedici olmalısan, vətəndaşın filan ölkədə yaşasaydım, həyatım, şəraitim başqa olardı deməməlidir. Qısacası, özügə atına minəni tez düşürdürlər.
Səxavət Məmməd
 
 


 
Ardını oxu...
Putin Ağ Evdə Trampla-Zelenski qovğasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq, ilk əvvəl Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə çalışacaq. İkincisi, Putin Trampla yaxın müddətdə görüşməyə çalışacaq. Doğrudur, Putin Zelenskinin gününə düşməmək üçün görüşün üçüncü ölkədə və qapalı keçirilməsini tələb edəcək.
Bu arada, Ukrayna ABŞ-ın maliyyə və hərbi yardımını unutmalıdır. Ukrayna ancaq öz gücünə arxalanmalıdır. Bəlkə də resurslarla barədə bu gün Ağ Evdə sazişin imzalanmaması Ukraynanın xeyrinə oldu. Tramp həmin sazişlə Ukraynanın rerurslarını ələ keçirmək istəyirdi. Buna baxmayaraq, Zelenski ABŞ-ın borcuyla bağlı nəsə etməlidir. Əlbəttə, bu Trampın iddia etdiyi kimi 350 milyard dollar deyil. Hər halda borcun 100 milyard dollar civarında olduğu bildirilir. Kiyev bu borcu müharibədən sonra hissə-hissə qaytarmalı olacaq. Kiyev indidən bunun mexanimzini düşünməlidir.
Avropa da Ağ Evdəki qovğadan dərs çıxarmağa çalışacaq. Hamıya aydın oldu ki, Trampın Ağ Evdə olduğu müddətdə Avropa ilə ABŞ arasında məsafə daha da uzanacaq, NATO-nun birliyi zəifləyəcək. Avropa ölkələri təhlükəsizliyə xərclərini artırmalı olacaqlar. Avropa ölkələrinin büdcələrini daha çox sosial problemlərin həllinə yönətlmək, təhlükəsizlik məsələlərini isə Amerikaya yükləmək dövrü bitdi. Ağ Evdəki qovğanı gördükdən sonra Azərbaycanın da Tramp administrasiyasından uzaq olması faydalıdır.
Elxan Şahinoğlu
TEREF
 
 

 


Ardını oxu...
Görüşdə gərginlik pik dərəcəsindədir, Zelenskinin Tramp və Venslə ağır söz atışması gedir.
Vens:"Sizin döyüşməyə adamlarınız yoxdur".
Zelenski:"Gəlib baxarsan".
Tramp:"Bizim nə hiss edəcəyimizi diktə etmək hüququnuz yoxdur. Siz III Dünya Müharibəsini istəyirsiniz".
Tramp:"Sizin səs tonunuz xoşuma gəlmir".
Tramp: "Sizin ümumiyyətlə kostyumunuz var?"
Zelenski: "Bəli, var"
Tramp: "Bəzi amerikalılar sizin rəsmi üsluba hörmət etməməyinizdən narazıdır".
Tramp:"Bizim silahımız sizdə olmasa idi, müharibə çoxdan bitəcək idi".
Zelenski:"Hə, 3 günə, mən bunu Putindən eşitmişdim".
P.S. Əlavələr olacaq.
Kamran Cəfərov
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti