Ardını oxu...
“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, "Ermənistan heç bir ölkə ilə silahlanma yarışında deyil" deyib. Paşinyan və erməni siyasi rəhbərliyi çox şey deyə bilər. Lakin əvvəlcə bunların əməllərinə fikir vermək lazımdır. Çünki Ermənistan, son illər xüsusilə 44 günlük müharibə sonrası çox sürətli şəkildə silahlanır. Bundan əvvəl də bunu etdilər və nəticəsini gördük. Rusiya Federasiyası tərəfindən 1 milyard dollarlıq silah Ermənistana verildi və Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı ərazi işğalı törədildi. 44 günlük müharibə Ermənistan ordusunun belini qırdı və hələ də tam toparlana bilməyiblər”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb. Deputat qeyd edib ki, Ermənistan müdafiə yox, hücum silahları almağa davam edir və təbii ki, bu silahlar açıq-aşkar Azərbaycan ordusuna, ölkə əraizisinə hücum məqsədilə istifadə üçün nəzərdə tutulub.

“Göz qabağındadır ki, Ermənistan verdiyi sözə əməl etmir, Ermənistan üzərinə götürdüyü öhədlikləri yerinə yetirmir. Ermənistan Respublikası sadəcə vaxt uzatmaq üçün çabalayır. Çünki Ermənistan hazırda Azərbaycan Respublikasının beynəlxalq hüquqa uyğun təkliflərini qəbul etmir, prosesi süründürməçiliyə salır, vaxt uzadır və gündəmi dəyişməklə məşğul olur. Nə kommunikasiya xətlərinin bərpası üçün, nə də sülh müqaviləsinin bağlanması üçün Ermənistan heç bir addım atmır. Eyni zamanda Türkiyə və Azərbaycan Respublikaları ilə münasibətlərin normallaşması üçün ortada konkret fəaliyyət yoxdur. Paşinyan açıq-aşkar vaxt uzatmağa və ya vaxt qazanmağa çalışır. Paşinyan, bu situasiyanı müəyyən qədər davam etdirmək üçün əlindən gələni edir. 2026-cı ilə qədər status-kvonu saxlamaq istəyir. Çünki o zaman parlament seçkiləri olacaq. Parlament seçkilərinə qədər vəziyyəti belə saxlamaq lazımdır”-deyə Elşad Musayev qeyd edib.

Deputat vurğulayıb ki, Ermənistanın əsas düşmən kimi gördüyü ölkələr Azərbaycan və Türkiyədir.

“Vaxtilə Ermənistan Gürcüstana qarşı da ərazi iddiası var idi. Bu gün Ermənistan zəiflədiyi üçün bu məsələni gündəmə gətirmir. Əgər Ermənistan güclənərsə, təbii ki, o iddiaları da davam etdirəcək. Amma dövr, zaman dəyişir. Ermənistanın bu iddialarının heç bir əsası yoxdur.

Ermənistanın keçmiş müdafiə nazirinin bir müsahibəsinə diqqət yetirdim. O da "başından böyük" iddialarla çıxış edib. Ermənistan Azərbaycan və Türkiyənin beynəlxalq hüquqa çərçivəsində irəli sürdüyü şərtləri qəbul etməyə məcburdur. Başqa çıxış yolu yoxdur. Əgər təxribata və silahlanmaya gedəcəksə, o zaman Ermənistan öz dövlətçiliyini itirməklə üz-üzə qalacaq”-deyə Elşad Musayev əlavə edib.
 
Ardını oxu...
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür

Bir neçə gün öncə Moskvada terror aktı nəticəsində qətlə yetirilən general İqor Kirillov Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyənlər arasında ən yüksək rütbəli qurban oldu. Ukrayna xüsusi xidmət orqanları düşmən ovuna çıxıblar və hələlik keçmiş “KQB” üzrə “yoldaşlarını” üstələyirlər. Çünki yeni müəllimlərdən yeni üsullar öyrənirlər.

Ukrayna hələ 2014-cü ildən onun suverenliyinə zərbə vuranları “ovlamağa” başlayıb: Krım ilhaq ediləndən, Donetsk və Luqansk vilayətlərində “xalq respublikaları” yaradılandan sonra “rus baharı” iştirakçıları və satqınlar xüsusi xidmət orqanlarının hədəfi çevriliblər. 2022-ci ildə genişmiqyaslı müharibə başlayandan sonra isə rusiyalı hərbi komandirlər və təbliğatçılar hədəf olub. Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri “The Wall Street Journal”a bildiriblər ki, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) öz işini xaricdə düşmənlərin təqibi ilə tanınan İsrailin “Mossad” kəşfiyyat xidməti modeli əsasında qurur.

UTX zabitlərindən biri Kirillov haqqında deyib: "Ukraynalıları öldürən hər kəsi belə şərəfsiz sonluq gözləyir. Müharibə cinayətlərinə görə cəza qaçılmazdır”. Amerikanın “Teneo” konsaltinq şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə məsləhətçisi Andrius Tursa isə əlavə edir: “Kiyev açıq şəkildə göstərir ki, Rusiyanın hərbi əməliyyatlarına və cinayətlərinə görə məsuliyyət daşıyan ən yüksək vəzifəli məmurlar da, hətta Moskvada belə, özlərini təhlükəsiz hiss edə bilməzlər”.

Kirillov hələlik Ukrayna xüsusi xidmət orqanlarının hədəfinə çevrilənlər arasında sonuncu qurbandır. Yalnız son bir ayda öldürülənlər siyahısında raket gəmiləri briqadasının qərargah rəisi, 1-ci dərəcəli kapitan Valeri Trankovski (UTX onun mülki hədəfləri raketlə vurmaq əmri verdiyini bildirir, avtomobili Sevastopolda partladılıb), ukraynalı hərbi əsirlərin işgəncələrə məruz qaldığı Olenovsk koloniyasının keçmiş rəhbəri Sergey Yevsyukov (avtomobili Donetskdə partladılıb), Rusiya ordusunun Ukrayna ərazisinə buraxdığı ballistik raketlərin modernləşdirilməsi ilə məşğul olan “Mars” Konstruktor Bürosunun baş konstruktor müavini Mixail Şatskinin (güman edilir ki, onunun qətlini Ukraynanın başqa bir xüsusi xidmət orqanı – Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi həyata keçirib, Şatski Moskvada güllələnib) adları var.

Bundan əvvəl isə gurultulu qətllər arasında "Rus dünyası" ideyasının ideoloqu Aleksandr Duqinin qızı Darya Dugina (mümkündür ki, hədəf atası olsa da, təsadüfən qızı öldürülüb) və hərbi müxbir Vladlen Tatarskinin öldürülməsini göstərmək olar.

Yuxarıda sadaladığımız qətllər öz rəqiblərini məhv etmək üçün terror üsullarından istifadə etməyə başlayan dövlətlər siyahısına Ukraynanın da qoşulduğunu göstərir. Gurultulu qətllər bir neçə il əvvəl İsrailin iranlı nüvə fizikini məhv etməsilə başlayıb. İsrailin Mossad kəşfiyyat xidmətinin agentləri robot vasitəsilə iranlı nüvə fiziki Möhsün Fəxrizadəni öldürüblər. “The New York Times” bir neçə il əvvəl bu barədə ABŞ, İsrail və İrandakı mənbələrə istinadən yazmışdı.

Fəxrizadə 2020-ci ilin noyabr ayında İranın şimalında öldürülmüşdü. Onun olduğu avtomobil uzaqdan idarə edilən iri çaplı silahdan atəşə tutulmuşdu. “The New York Times”in qeyd etdiyinə görə, İsrail agentləri Belçika istehsalı olan pulemyotu robot qurğuya bərkidiblər. Qurğu təxminən bir ton ağırlığında olduğundan, onu İrana hissələrlə gətiriblər və yerindəcə yığıblar. Daha sonra qatil-robotu “pikap” avtomobilinə yerləşdiriblər.

Digər səs-küylü qətl hadisəsi ABŞ-ın dəqiq raket zərbəsi ilə İranın əsas hərbi xadimi sayılan Qasım Süleymanini məhv etməsi olub. Tramp administrasiyası general İraq ərazisində olarkən onun öldürülməsi barədə qərar qəbul etmişdi.

İran hakimiyyəti hələ də HƏMAS terror təşkilatının lideri İsmayıl Haniyyənin necə məhv edilməsinin üstünü aça bilməyib – İsrail onu Tehranda xüsusi mühafizə olunan ixtisaslaşmış oteldəcə öldürmüşdü.

"Hizbullah" terror təşkilatı İsrailə qarşı müharibəyə başladıqdan sonra isə təşkilatın lideri şeyx Nəsrullah Livandakı yeraltı bunkerdə dəqiq bombalı zərbəsi ilə məhv edilmişdi.

İsrailin "Hizbullah"ın bütün komandirlərinə qarşı təşkil etdiyi "peycer hücumu"nu da xatırlamaq olar. Nəticədə, təşkilatın orta ranqlı bütün döyüşçüləri ya məhv edilmiş, ya da sıradan çıxarılmışdı.

İndi isə bu tendensiya şimala doğru hərəkət edir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev general Kirillovun ölümündən sonra Ukraynanın mərkəzi hakimiyyətinin Moskvanın qanuni hədəfi olduğunu bəyan edib. Onun sözlərinə görə, Kiyevin hərbi-siyasi rəhbərliyini "qaçılmaz qisas" gözləyir. Yəqin ki, indi Kiyevdə də Kremlin mümkün terror hücumlarına qarşı təhlükəsizlik tədbirlərini gücləndirirlər.

Beləliklə, vəziyyət son dərəcə təhlükəli xarakter almağa başlayıb. Kremlin Ukraynanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklər fonunda Kiyevin hərəkətlərini qınamaq çətindir. Bununla belə, yüksək vəzifəli şəxslərə qarşı terror üsulunun getdikcə daha geniş yayılması narahatlıq doğurmaya bilməz. Eyni zamanda, bu tendensiyanın təkcə Rusiya və Yaxın Şərq ölkələri ilə məhdudlaşmayaraq, digər ölkələrə yayılmaq təhlükəsi də var. Sual yaranır: uzaqdan idarə olunan qətl üsulunun geniş yayılma təhlükəsi nə dərəcədədir?

Mövzunu Pressklub.az-a təhlükəsizlik üzrə ekspert İlham İsmayıl şərh edib.

O, xüsusi xidmət orqanlarının fəaliyyətində yeni üsulların tətbiqinin texnoloji yeniliklərin sürətli inkişafı ilə paralel şəkildə həyata keçirildiyini qeyd edir.

"Texnoloji imkanlar insanların həyatına daxil olmamışdan əvvəl, xüsusi xidmət orqanlarının işində istifadə olunur və bu proses indi də davam edir. Uzaqdan idarə olunan qətllərin yaranması və yayılmasının müəyyən üstünlükləri var. İran generalı Qasım Süleymaninin öldürülməsi xüsusi təyinatlı qüvvələr tərəfindən qorunan obyektin məhv edilməsinə nümunə ola bilər. Amma deyək ki, Üsamə bin Laden kimi daima gizlənən terrorçuya qarşı bu üsulu tətbiq etmək çətindir. Buna görə də "Əl-Qaidə" lideri klassik hücum əməliyyatı ilə məhv edildi", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Kirillovun öldürülməsi və yuxarıda qeyd olunan digər oxşar əməliyyatlar zamanı “nöqtə” üsulu seçilir və "Krokus terroru"ndan fərqli olaraq, bu əməliyyatlar zamanı digər insanlara zərər verilməməsi üçün maksimum səy göstərilir.

"Çünki əsas hədəflə birlikdə günahsız insanlar da həlak olduqda, cəmiyyət bunu qeyri-adekvat hərəkət kimi qəbul edir.

Bir məqamı qeyd edim: texniki imkanlar nə qədər geniş olsa da, hədəfin insanların sıx toplaşdığı yerlərdə zərərsizləşdirilməsi zamanı əsas maneə yenə də insan amili olur. Son vaxtlar əməliyyatlar zamanı vaxt amilini azaltmaq üçün muzdlu icraçılardan istifadə edilir. Bu zaman əməliyyatı sifariş edən tərəf üçün muzdlu qatilin tutulub-tutulmayacağı əhəmiyyət daşımır. Əsas məqsəd – hədəfi məhv etməkdir. Kirillovu öldürən Özbəkistan vətəndaşının ələ keçməsi artıq UTX üçün əhəmiyyət kəsb etmir. UTX bu əməliyyatı təşkil etdiyini heç gizlətmədi.

Hələlik uzaqdan idarə olunan qətl üsulunun geniş yayılma təhlükəsi yoxdur. Lakin bu texniki vasitələr cinayətkar ünsürlərin əlinə keçdiyi zaman ciddi problemlər başlayacaq", – deyə İlham İsmayıl vurğulayıb.

Rauf Orucov
Ardını oxu...
Almaniyanın şərqindəki Maqdeburq şəhərində törədilən terror aktından sonra yerli əhalinin kütləvi şəkildə etiraz aksiyasına qalxacağı gözlənilirdi.

Ona görə ki, cinayətin şübhəlisi miqrantdır, Səudiyyə Ərəbistanından olan şəxsdir.

Əgər həmin şəxs milliyyətcə alman olsa, etiraz aksiyası ya olmayacaqdı, ya da zəif bir şey olacaqdı.

Miqrantlar tərəfindən törədilən bənzər aktlar isə millətə, onun mədəniyyətinə qarşı addım sayıldığına görə avtomatik olaraq özünüqoruma instinktini işə salır.

Həm də bu ilk dəfə deyil. Almaniyada Milad yarmarkasına çıxan insanlara avtomobillə hücum edilməsi presedenti əvvəllər də olub.

2016-cı ildə Almaniya paytaxtının mərkəzində tunisli Anis Amri Milad bazarında yük maşınını insanların üzərinə sürüb. Hadisə zamanı 12 nəfər ölüb, xeyli adam yaralanıb. Amri İtaliyaya qaçıb, amma bir neçə gündən sonra həbs edilərkən polis tərəfindən güllələnib.

Anis Amrinin radikal islamçılarla əlaqəsi aşkarlansa da, son teraktı törədən səudiyyəli həkimin belə bir əlaqəsinin olmadığı barədə ilkin məlumat yayılıb.

Bu halda kələf daha da dolaşır. Elədirsə, öz ölkəsindən gələrək Almaniyada əvvəlcə təhsil, sonra yaşamaq-işləmək icazəsi almış və həkim olaraq yüksək qazanclı iş tapmış adam nədən bu cür ağır cinayətə qol qoysun?

O, bu cür qətliamı iş yerində, yaxud yaşadığı binada həyata keçirsəydi, düşünmək olardı ki, nəsə bir aşağılamaya, təhqirə məruz qalıb, affekt vəziyyətində qisas alıb.

Ancaq heç tanımadığı, kimliklərini bilmədiyi adamları öldürmək istəyib və öldürüb. Ölənlərin arasında bir uşaq da var. Üstəlik, yaralananlardan bir çoxunun vəziyyəti ağırdır. Peşə etibarilə insanlara şəfa verməli olan bir şəxsin tutduğu bu əməl ağlasığmazdır. Həkim adam belə edirsə, görün, radikal terrorçu nə edərdi.

Kimin törətməsindən asılı olmayaraq, bu, terror aktıdır və məqsəd insanları dəhşətə gətirmək olubsa, o, buna nail olub. Nəinki Almaniya, bütün Avropa və dünya bu hadisədən əndişələnib.

Ancaq lap tutaq ki, bütün Almaniya bu hadisəyə görə bir həftə şokdan çıxmayacaq, hamı qorxacaq, xoflanacaq, bəs bir həftədən sonra nə baş verəcək? Alman xalqı elliklə yığışıb dinini dəyişəcəkmi, daha tolerant olacaqmı?

Zatən, Avropada başqa dinə etiqad edən, miqrantlara ən çox qucaq açan ölkə Almaniyadır. Heç bir ölkə müharibədən, kasıbçılıqdan, siyasi təqibdən qaçan insanlara yiyə durmayanda Almaniya onları milyon-milyon qəbul edib.

İndi belə bir ölkə miqrantlara qarşı etiraz aksiyasına qalxır və “yadelli təhlükəsi”ndən danışır.

Dünyanın bir çox yerində, xüsusilə də ABŞ və Rusiyada, eləcə də İtaliya və Britaniyada miqtantlara münasibətin kəskin olaraq pisə dəyişdiyi bir dönəmdə bu hadisə Almaniyadakı millətçi qüvvələrin əlinə yaxşı bəhanə verir.

Onlar miqrantlarla yumşaq davranmağı üstün tutan siyasi qüvvələri – rəqiblərini pisikdirəcək, elektoral bazalarını məhdudlaşdıracaq, özləri yetərli səs alacaqlar və hakimiyyətə gələrək miqrantları deportasiya edəcəklər.

Bu yerdə sui-qəsd nəzəriyyələrinə önəm verənlər üçün xüsusi bir pəncərə açılır. Onlar iddia edə bilərlər ki, insanların üstünə maşın sürən ərəb həkim məhz miqrantlara qarşı sərt çıxışlar edən “Almanya üçün alternativ” partiyasının sifarişini həyata keçirib.

Onu da qeyd edək ki, terror aktından dərhal sonra “Spigel” jurnalı məlumat yaymışdı ki, hücumçu daha əvvəl ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasına simpatiyasını ifadə edib.

Adı çəkilən partiya millətçi qüvvədir və miqrantlara qarşıdır, bir miqrant isə belə bir partiyaya simpatiya bəsləyir. Nədən? “Hakimiyyətə gəl, bizi ölkədən qov” motivi iləmi? O da ola bilər ki, adam manqurtlaşmış biridir və bu hərəkəti ilə dindaşlarını zərbə altında qoymağı düşünüb.

Budur, ABŞ-də miqrantları ölkədən kütləvi şəkildə deportasiya etmək proqramı üzərində işləyən yeni administrayanın üzvü, məşhur milyarder İlon Mask bu terror aktına görə Almaniya kansleri Olaf Şoltsu və bütövlükdə iqtidar komandasını sərt tənqid edib. Bu, çağırışdır, Mask almanları miqrantlara qarşı qəti hərəkətlər etməyə çağırır.

Bir sözlə, hər bir ölkədə məkrli məqsədlər güdən dairələr var, onlar vaxtaşırı təxribatlar törədərək müxtəlif dini konfessiyaların, millətlərin bir arada yaşamasına, qaynayıb-qarışmasına imkan vermirlər.

Maqdeburqda baş verən hadisə bir psixopatın hərəkəti deyil, bu əməl mütləq nələrisə tətikləməsi üçün nəzərdə tutulub.

Xalid KAZIMLI
Ardını oxu...
Başa çatan həftə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmış, bölücülük və mülki əhalinin amansız qətli ilə müşayiət olunmuş terror əməllərində suçlanan hərbi xuntanın üzvlərinin cinayət işi məhkəməyə göndərilidi. Toplanmış mötəbər sübutlar əsasında 15 nəfər Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən törədilən ümumilikdə 2 548 epizod üzrə cinayətdə ittiham olunur. Baş Prokurorluğun İstintaq idarəsində xalqımıza qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, eləcə də digər çox sayda qanunazidd əməlin törədilməsi faktları ilə bağlı cinayət işinin istintaqı aparılıb. Beləliklə, əlləri xalqımızın qanına batmış canilərin ədalət mühakiməsi qarşısına çıxıb cavab verməsinin vaxtı yetişib…

TEREF “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Ədalətdən yaxa qurtarmaq mümkün deyil

Münaqişənin ilk günündən xalqımıza qarşı cinayət əməllərinə rəhbərlik etmiş bu şəxslər üzərində ədalət məhkəməsinin qurulması Azərbaycanın qazandığı daha bir zəfər – mənəvi qələbədir. Çünki onillər boyu şəhid və itkin düşmüş vətəndaşlarımızın ailələri bu anın gözləntisi ilə yaşayıblar. Qarşıdakı məhkəmə tək xalqımız üçün tarixi proses deyil, həm də ədalətin mütləq zəfər çalacağının dünyaya nümayişidir.

“Sivil” dünya terrorla “mübarizə” adı altında dünyanın dörd bir yanında terrorçu “axtarış”ına çıxıb, ancaq bir xalqa qarşı bilərəkdən sürdürülən cinayət əməllərini, minlərlə mülki insanın qətlini, dörd minədək vətəndaşımız barədə bu günün özündə də məlumatın yoxluğunu görməzdən gəlib. Başı insan haqlarını bayraq edib müstəqil yaşamaq istəyən ölkələrə və xalqlara qarşı qərəz və ikrah doğuran ayırıcı siyasətə qarışmış Qərb dünyasının yüzminlərlə azərbaycanlının illər boyu çadır şəhərciklərində dözülməz şəraitdə, əzab-əziyyətlə yaşamasını fundamental hüquqların pozulması hesab etməyə cəsarəti çatmayıb. Bu gün bu cinayətlərin önündə olmuş həmin şəxslərin çoxsaylı maddələr üzrə ittihamı və tezliklə məhkəmə qarşısına çıxmaları işğal nəticəsində doğma yurdundan didərgin düşmüş, yayın qızmar istisində, qışın dözülməz soyuğunda həmin çadır şəhərciklərində ömür sürmüş, burada vəfat etmiş, yaxud dünyaya gəlmiş hər bir azərbaycanlının mənəvi qələbəsidir.

Cinayətlərini özləri etiraf ediblər

Əslində bu şəxslərin xalqımıza qarşı törətdikləri cinayət və terror əməlləri istintaqsız və məhkəməsiz də şübhə mövzusu ola bilməz. Vətəndaşlarımızın qətli və vətənindən zorla qovulması ilə müşayiət olunmuş bu qanlı siyasət bütün dünyanın gözləri qarşısında baş verib. Bu vandallıq barədə onlarla məqalə, hesabatlar yayımlanıb, foto və videodəlillər mövcuddur. Cinayət əməllərini törədənlərə rəhbərlik etmiş hərbi cinayətkarların özləri də bütün bunları etiraf ediblər. Ermənistanın ikinci prezidenti, Azərbaycan ərazisində bölücülüklə məşğul olmuş, terror və cani qruplaşmalarına rəhbərlik etmiş Robert Koçaryanın “insan haqları axtarışı”nda olan Avropa Şurasının Parlament Assambleyasındakı çıxışında törədilənlərə görə fəxarət hissi yaşadığını bəyan etməsini Qərbdəkilər unuda bilər, ancaq biz yaxşı xatırlayırıq.

Xalqımızın qanına susamış Ermənistanın daha bir sabiq prezidenti, azərbaycanlıların soyqırımının fəal iştirakçısı olmuş, separatçılıq yolunda Koçaryanla bərabər addımlamış Serj Sarqsyan verdiyi müsahibələrindən birində Xocalıda soyqırımı törətməkdə əsas məqsədlərinin bizim gözümüzü qorxutmaq, əzmimizi qırmaq olduğunu etiraf etməkdən çəkinmir. Bu müsahibə britaniyalı araşdırmaçı Tomas de Vaalın “Qarabağ – qara bağ” kitabında dərc edilib. Azərbaycanın çörəyini yemiş və hansısa səbəbdən azərbaycanlılara qarşı cinayətkar kompleksləri olan bu şəxs cəzalandırılmayacağına o qədər əmin olub ki, nəinki belə bir müsahibə verib, hətta sonra səhvini belə qəbul etməyib, dediklərinin kitabdan çıxarılmasını istəməyib.

Dünyaca məşhur terrorçu, çoxsaylı cinayət əməllərinə rəğmən həbsdən çıxıb Qarabağa gəlmiş, xalqımıza qarşı vəhşilik və zorakı deportasiyanın simvollarından birinə çevrilmiş, Kəlbəcərin işğalına rəhbərlik etmiş beynəlxalq cani Monte Melkonyanın qardaşının xatirə kitabında çoxsaylı belə faktlara rast gəlmək olar.

Mühakimə olunacaq Arayik Arutyunyan Azərbaycan ərazisində yaradılmış qanunsuz hərbi xuntanın başına keçməmişdən əvvəl xalqımıza qarşı işğal müharibəsinin iştirakçılarından biri olub. 44 günlük müharibə günlərində Gəncə, Bərdə və digər şəhərlərimizin uzaqmənzilli raketlərlə bombalanmasına və nəticə etibarilə mülki əhalinin tələfatına əmri şəxsən özünün verdiyini rəsmən bəyan edib. Əgər cinayətlərini özləri etiraf ediblərsə, nədən narazıdırlar? Erməni diasporunu, pula satılmış senatorları, konqresmenləri, parlamentariləri, “insan hüquqları təşkilatları”nı, rüşvətə bulaşmış keçmiş vəkilləri ayağa qaldırmaqla nəyə nail olmaq istəyirlər?

Cinayətkarların sayı 15 nəfərlə bitmir

Əlbəttə, Azərbaycan xalqına və dövlətinə qarşı terror, aqressiv müharibə, genosid, əhalinin qətli, işgəncə vermə, hərbi talan, terrorçuluğun maliyyələşdirilməsi və sair maddələrlə ittiham olunan şəxslərin siyahısı ədalət mühakiməsinə çıxarılacaq bu 15 nəfərlə bitmir. Bu gün Ermənistanda daldalanan onlarla qanlı səhra komandirləri var ki, Bakıda məhkəməni gözləyənlərdən az cinayət əməli törətməyiblər. Eyni aqibəti bu və ya digər formada Koçaryanla Sarqsyan da yaşayacaq. Necə ki, illərlə gözlədiyimiz bu istintaq və keçiriləcək məhkəmənin ümidi ilə yaşamışıq, adıçəkilən şəxslərin də eyni şərəfsiz sonuca məhkum olacaqları günün uzaqda olmadığına inanmalıyıq. Erməni xalqı və hökuməti də bütün bunlardan nəticə çıxarmalı və bu şəxslərin əməllərinə qiymət verməlidir.
 
 
 
Ardını oxu...
ABŞ-nin müttəfiqləri əmindirlər ki, ABŞ Prezidenti Co Baydenin strategiyası Ukraynanı qələbə şansından məhrum edib.

“Bloomberg”-də Ukrayna mövzusunda dərc edilən məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, Bayden administrasiyasının Ukraynanı dəstəkləmək üçün resursları səfərbər etmək səylərinə baxmayaraq, Kiyev və bir sıra müttəfiq paytaxtların rəsmiləri bunun çox gec edildiyini deyirlər.

Hətta ABŞ-nin hərbi yardımı artırmaq və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməklə bağlı son səyləri də nəyisə dəyişmir və Ukrayna artıq yalnız münaqişənin məcburi tənzimlənməsi reallığı ilə üz-üzə qalıb: “Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps deyib: “Onun(Baydenin-red.) ürəyi şübhəsiz ki, doğru yerdə idi. O, Rusiyanın təcavüzünə qarşı Ukraynanı dəstəkləməyin vacibliyini anlayırdı. Bununla belə, onun yanaşması tez-tez çox ehtiyatlı və qətiyyətsiz olub, vəziyyəti dəyişmək üçün lazım olan mühüm dəstəyi verməkdən çəkinib”.

ABŞ-nin əhəmiyyətli səyləri, o cümlədən Ukraynaya 90 milyard dollardan çox yardım ayrılması, qabaqcıl silahların ötürülməsindəki gecikmələr səbəbindən həlledici üstünlüyü təmin edə bilməyib. 2022-ci ildə Ukraynanın strateji üstünlüyə malik olduğu kritik məqamlarda Prezident Zelenskinin əlavə silahların dərhal tədarükü ilə bağlı çağırışları eskalasiya, xüsusən də nüvə təhlükəsi səbəbindən Vaşinqtonda ehtiyatla qarşılandı.

ABŞ dövlət katibi Antoni Blinken deyib: “Prezidentin özünəməxsus başqa bir məsuliyyəti var. Nüvə gücləri arasında birbaşa münaqişədən qaçmaqla Ukraynanı bütün mümkün müdafiə ilə təmin etmək onun məsuliyyətidir”.

Ekspertlərin fikrincə, Bayden administrasiyası əslində Ukraynanın qalib gəlməsi üçün şərait yaratmaqdansa, Rusiyanı cilovlamaq strategiyasını seçib. Bu yanaşma yüz minlərlə insanın həyatına son qoyan və Kiyevin perspektivlərini şübhə altına alan uzunmüddətli münaqişəyə gətirib çıxarıb…

Hava hücumundan müdafiə sistemləri, daha uzun mənzilli raketlər və döyüş təyyarələri kimi müasir silahların verilməsində gecikmələr Ukrayna üçün vəziyyəti çətinləşdirib. Kiyev qərar gözlədiyi bir vaxtda Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlarını gücləndirərək, iqtisadiyyatı və əhalinin mənəvi durumunu zəiflətdi.

Bəzi müttəfiqlər Baydenin nüvə eskalasiyası qorxusunun şişirdildiyini deyirlər. Putin isə bu vaxtdan müdafiəni gücləndirmək üçün istifadə etdi və bu, Ukrayna üçün vəziyyəti xeyli çətinləşdirdi”.
 
Ardını oxu...
Prezident İlham Əliyev Rusiya televiziya məkanından Qərbin ünvanına ağır tənqidlər səsləndirdi. Kiselyova müsahibəsində ölkə başçısı Makron rejimini günahlandırdı, Bayden administrasiyasını pislədi, Avropa İttifaqının keçmiş baş diplomatı Cozef Borreli ittiham etdi, Qərbin ayırdığı qrantların Gürcüstanda sabitliyi pozmağa hesablanmış addımlar olduğunu vurğuladı, Azərbaycanda isə bu maliyyə axınına imkan verilmədiyini açıqladı, "Azadlıq radiosu" və "Amerikanın səsi"ni əlaltı media resursları adlandırdı. Bir sözlə, Rusiya telekanalına müsahibəsində dövlət başçısı Qərbin bir sıra mərkəzlərinə ünvanlı mesajlar yolladı. Anaxeber.info yazır ki, bəzi analitiklər prezidentin çıxışını Qərbə qarşı açıq savaş kimi qiymətləndirir. Lakin burada yanılma var. Əliyev məhz ünvanlı bəyanatlar verib. Yəni o, Makron və Bayden hakimiyyətlərini, təqaüddə olan Borelli tənqid edib. Qərb isə böyük anlayışdır. Bura Böyük Britaniyadan Almaniyaya qədər güclər daxildir. Amma İ. Əliyev müsahibəsində Avropa İttifaqı rəhbərliyinə toxunmayıb, Avropa Komissiyasını da dilə gətirməyib, lakin Avropa Parlamentinin qərəzli olduğunu da bəyan edib. O baxımdan, prezidentin açıqlamaları düzgün oxunmalıdır. Bundan əlavə, Türkiyənin hərbi bazasının Azərbaycanda olub-olmaması soruşulub, hərçənd, yersiz sual idi. Rusiya yaxşı bilir ki, Azərbaycanda türk bazası yoxdur, əvəzində müharibə dövründə F-16 qırıcıları ölkəmizdə idi. Eyni zamanda, Şuşa Bəyannaməsi kifayətdir ki, Azərbaycanın başı dərdə girəndə, düşmənlər hücum edəndə türk ordusu köməyə gəlsin. Madam ki, belə bir dekorasiya var, hərbi bazayə nə hacət?! Deməli, bu da Moskvanın içindəki qurdların üzə çıxmasıdır. Bütövlükdə, Prezident Qərb cəbhəsində anti-Azərbaycan mərkəzləri hədəf alaraq, onlara sözünü deyib. Bəs, bu açıqlamalar münasibətləri hansı həddə çatdıra bilər? Əvvəla, onsuz da Makron Fransası ilə əlaqələr korlanıb, Yelisey sarayının ucbatından, ermənipərəst siyasət səbəbindən Bakı adekvat cavab verib. İkincisi, ABŞ-dakı hakimiyyətə deyilən sözlərdir. Burada da nəzərə alınmalıdır ki, Bayden komandasının sayılı günləridir və Azərbaycan Tramp Amerikası ilə işləməyə hazırlaşır. Borellə gəldikdə, artıq dekabrın 1-dən təqaüdə çıxıb. Yəni səslənən tənqidlər düzgün hesablanıb, Bayden və Borrel ölü kimidir, Makron da iqtidarını itirəcək vəziyyətə çatıb. Amma sözsüz ki, Azərbaycanın Qərblə münasibətlərində gərginlik danılmazdır. Xarici mediada insan haqları və həbslər xüsusu vurğulanır, qətnamə layihələri irəli sürülür, sanksiyalara çağırış olunur. Ona görə Azərbaycan hakimiyyəti də Avropa və Amerika ilə münasibətlərə yenidən baxmalıdır. Çünki Aİ -nin 9 ölkəsi ilə strateji tərəfdaşlıq var, "qoca qitə"ni qazla təmin edirik, Rusiyanın təzyiqlərinə də duruş gətirmək üçün Qərbdən dəstək qazanmaq lazımdır ki, manevr imkanları olsun. Hər halda, 2025-ci ildən rəsmi Bakının xarici siyasət vektorunda bəzi korrektələr və redaktələr olacağı istisna deyil.

Azər Talıbov
Anaxeber.info
 
Ardını oxu...
Bir neçə ildir fəaliyyət göstərən, son illərdə isə daha çox yayılan, açıq-aşkar təbliğ olunan biznes – tibbi fəaliyyət adı altında əsl insan alveri artmağa davam edir. Bəli, insan alveri. Amma söhbət mövcud olandan yox, olacaqdan gedir. Deməli, gənc qadınlar və kişilər asan pul qazanmağın yolunu tapıblar. Onlar pul müqabilində donor olaraq öz lazımi hüceyrələrini satırlar. Məsələni araşdırmadan, nələrə, hansı fəlakətlərə səbəb olacağını bilmədən rahatlıqla öz hüceyrələrini satıb, başqalarına “ümid olurlar”. Yəni, övladı olmayanlara öz övladlarını satırlar. Sistem elə məharətlə qurulub ki, bununla razılaşan donorlar məsələnin fərqinə varmadan, manipulyasiya olunaraq, ya “yaxşılıq etmək, ümid olmaq” adı ilə, ya da sadəcə pul naminə bu tələyə düşürlər. Uşaq sahibi olmaq istəyənlər isə əlacsızlıqdan bu yolda hər addımı məqbul sayırlar. Ona görə də bunun sonrakı fəsadlarını düşünmürlər. Həm qanun, həm sağlamlıq, həm də demoqrafik tərəflərini. Bir də, axı, qanun qarşısında hər kəs bərabərdir...

Məsələnin canlı şahidi olmaq üçün sosial şəbəkələrdə insanları donor olmağa təşviq edən işgüzarlardan biri ilə əlaqə saxladıq. Donorluqla bağlı ətraflı məlumat istədiyimizi bildirib, cavab gözlədik. Çox keçmədən gözlənən cavab gəldi: “Zəhmət olmasa, çəkinizi, boyunuzu, təvəllüdünüzü və qan qrupunuzu qeyd edin”.

Beləcə, söhbət başladı. İşbaz xanım məlumatların yararlı olduğunu görüb, əməkdaşımıza pasiyentlər üçün hazırlanmış səsli mesajı göndərdi. Mesajda deyilir ki, ilk olaraq sizi “Gənclik” metro stansiyası, sonra isə Badamdar ərazisindəki klinikamıza göndərəcəyik: “Birinci “Gənclik”dəki klinikamızda sizi yoxlayacaqlar. Xarici görünüşə də baxırlar. Sonra USM-ə (ultrasəs müayinə – insan bədəninin, demək olar ki, bütün orqanlarının müayinəsi üçün istifadə olunan qeyri-invaziv instrumental müayinə metodu-red.) salırlar. USM-də sizin follikulunuzun yararlı olub-olmamasına baxırlar. Sonra qan analizi verəcəksiniz. Hər şey qaydasında olsa, sizə 10 gün ərzində iynələr vurulur. Hər gün klinikaya gəlirsiniz. USM-in, iynələrin xərcini klinika təmin edir. İynələrin heç bir zərəri yoxdur. Əksinə, iynələr vurulandan sonra uşaq sahibi olma ehtimalınız daha da artır. Yəni, follikulunuz zəifdirsə, biz o iynələri daha da gücləndirmək üçün vururuq. 10 gündən sonra isə folikullarınız götürülür və sizə ödəniş olunur. Bütün alətlər sterildir. Bundan arxayın olun. Klinikalarımızın hamısı tanınmış klinikalardır. Amma iynələr 10 gün mütləq vurulmalıdır. Vurulmasa, iynənin ödənişi sizdən alınacaq. Bu müddətdə qidalanmaya diqqət edilməli, alkoqol və tütün məhsullarından uzaq durulmalıdır”.

Həmsöhbətimizi sual atəşinə tutduqdan sonra gələn cavablar heç də təəccübləndirmədi: “Əməliyyata kimi sadəcə təlimatlarla bağlı sizinlə əlaqə saxlanılır. Sonra heç bir şəkildə narahat edilmirsiniz. Ödəniş standart 400-500 manatdır. Əməliyyat qoldan anesteziya ilə edilir. 10-15 dəqiqəlik prosedurdur. Məlumatların hamısı məxfi qalır. Kimə follikul verdiyinizi bilməyə qətiyyən icazə verilmir. Həmçinin qarşı tərəf də kimdən follikul aldığını bilmir. Çünki sonra bir-birinizi narahat edə bilərsiniz, müəyyən problemlər yarana bilər. Ona görə də məlumatlar məxfi olur. Razısınızsa, mənə deyərsiniz, sizi klinikalara yönləndirərəm. Demək olar, bütün tanınmış klinikalarla işləyirik. Harada yer olarsa, sizi oraya yönəldəcəm. Birinci sizə yaxın olan klinikalarla maraqlanacam”.

Klinikaların adını israrla soruşmağımıza baxmayaraq, cavab ala bilmədik: “İndidən sizə klinikaların adını deyə bilmərəm. Siz gərək qeydiyyat olasınız, mən də sizin gedəcəyinizi bildirim. Fikriniz ciddidirsə, qeydiyyatdan keçin, mən də maraqlanıb, sizə geri dönüş edim”.

Heç olmasa, onu öyrənə bildik ki, “20 Yanvar”dakı klinika yalnız 1+ qan qrupunda olanları qəbul edirmiş.

Hə, bir də xanım özündən əmin şəkildə işin qanuni olduğunu bildirərək, dedi ki, proses nəticəsində süni mayalanma ilə övladı olmayanlar sizin kimi donorların köməyi ilə valideyn olur. Bir sözlə, narahatlığa heç bir əsas yoxdur.

Bununla da ortaya bir neçə sual çıxır: Proses qanunidirsə, klinikaların adına qədər niyə bütün məlumatlar məxfidir? O iynələrin vurulması doğrudanmı pasiyentin xeyrinədir? Bütün tanınmış klinikalara heçmi nəzarət olunmur ki, bu cür özbaşınalıq baş alıb gedir? Və bir şey də çox maraqlıdır ki, görəsən, bu işgüzar xanım hər şeyin fərqindədir və şəxsi maraqlarına görə məsələyə göz yumur, yoxsa o da manipulyasiyanın qurbanı olub, insanlara yaxşılıq etdiyini düşünür? Hər halda, indiki dövrdə bu qədər saf qalmağı, güman ki, az adam bacarar.

Problem, təəssüf ki, yeni deyil, illərdir bağlı qapılar arxasında, xəlvətdə öz mövcudluğunu davam etdirirdi. Amma artıq o qapılar açılıb, xəlvətlər aşkara dönüb, bu cür “biznesmenler” daha da ürəklənib. Sosial şəbəkələrdə bu cür paylaşımların sayı artıb. Üstəlik, həmin profillər açıq şəkildə, elanlar isə reklamla təqdim olunur. Bununla da gün keçdikcə daha böyük kütləni əhatə edir. Bu problemi həm də sosial medianın fəsadlarından biri kimi hesab etmək olar. Amma bu, hələlik məsələnin başqa tərəfidir.

Məsələ ilə bağlı fikirlərini Pressklub.az-la bölüşən sosioloq Lalə Mehralı deyib ki, bir müddət öncə öz Facebook hesabında bu barədə paylaşım edib: “Klinikaların follikul və sperma bazarı barədə çox adamın məlumatı var. Donorlardan alırlar, süni mayalanma ilə pasiyentlərə köçürürlər. Klinikalar spermanı 100 manatdan, follikulu 500-700 manatdan alırlar, pasiyentlərinə 5-6 minə satırlar. Bu proses illərdir var, pula ehtiyacı olan gənclər bu yolla rahat pul qazanır. Səbəb olduqları fəlakətin böyüklüyünü bilmədən. Savadsızlıq o həddədir ki, satdığı follikuldan, spermadan doğulacaq uşağın genetik övladı olacağını anlamır. Follikulunu satan qadın, spermasını 50-100 manata peşkəş edən gənclər yalnız alacağı məbləği düşünür, gələcəyi götür-qoy etmir. Bu işlə məşğul olan həkimlərin sosial şəbəkədəki reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat qarşılığında follikul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə donorluğa uyğun olan meyarlar da göstərilir. Yəni, ailə klinikaya gəlir, ya ataya, ya da anaya oxşar bir donordan follikul, ya da sperma götürülməsini tələb edir, bunun müqabilində böyük məbləğdə pul ödəyir. Həkim də çıxır pasiyentlərinə oxşayan donor ovuna. Doğulacaq uşaq valideynlərdən birinə bənzəməlidir ki, ətrafı süni mayalanma zamanı donordan istifadə edildiyini düşünməsin.

Bu yumurta hüceyrələrin alveri ilə daha çox “İnstagram”da məşğul olurlar. Qadın səhifələrində pusquya yatan həkimlər və ya assistentləri qəpik-quruşa əldə etdikləri yumurtaları sonsuzluq problemi olan qadınlara 4 və ya 5 qat baha qiymətə satır. Səhifələr bu işin qanuni olduğunu bildirirlər. Ancaq əslində bu, insan alverinin bir forması sayılır. Yəni, qanunlarımız ödənişli donorluğu qadağan edir.

Qanun donor olmağa könüllü və pulsuz şəkildə olması halında icazə verir. Follikul və sperma donorluğu isə 1 dəfədən çox olmamaq şərti ilə həyata keçirilməlidir. Follikulların köçürülməsi süni mayalanma deməkdir, süni mayalanma xidmətinin reklam olunması, paylaşılması isə reklam haqqında qanunvericiliyə görə qadağandır.

Follikul və sperma satan şəxs nə bilir sabah evdəki övladı ilə süni mayalanmadan doğulan övladının yolları kəsişməyəcək? Haradan əmindir ki, iki övladı gələcəkdə evlənməyəcək? Bunun ki qarantiyası yoxdur? Yaxın gələcəkdə bacı-qardaş evliliyi qaçılmaz olacaq. Bu işlərə çoxdan əl atmış həkimlərin sayəsində bəlkə də artıq bu baş verib, xəbərimiz yoxdur.

Bu işlə məşğul olan klinikalar donorlara heç bir zərəri olmadığını, təhlükəsiz təbii prosedur olduğunu deyirlər. Amma aldadırlar. Məsələn, follikul satmağa qərar versəniz, sizə onun yetişməsini sürətləndirəcək hormonal iynələr vurulacaq. Çünki bu işlə məşğul olan həkimlər bir follikulla kifayətlənmirlər, işdir, birdən mayalanma getməsə, ödənilən pul boşa getməsin deyə, ehtiyat follikullar götürülür. Donora vurulacaq hormonal iynələrlə ən azı 2-3, bəzən daha çox follikul yetişir. Yəni, sizdən 1 follikul götürüləcəyini deyib, müqabilində 400-500 manat ödəyib, əslində 3-5, bəlkə daha çox follikul götürürlər. Həmin an qadın dərmanla yatırdılmış olur və prosesdən xəbəri olmur. Əldə edilən hər follikulu ayrı-ayrı pasiyentə satırlar, qaz vurub qazan doldururlar. Nəticədə, bir qadın 10 gün ərzində 2-5 uşaq sahibi olmuş olur. Bir fərq var ki, uşaqlar özünün olsa da, başqa qadının bətnində böyüyür. Eynilə surroqat anada olduğu kimi.. Follikul donoru olduğunuz halda sizə bərpası mümkün olmayan fiziki zərər verəcəklər və bunun qarşılığında çox az məbləğ təklif edəcəklər.

Eyni təbliğat kişilər arasında da aparılır. Sağlam kişilərin sperması pul qarşılığında alınır və süni mayalanma üçün müraciət edən pasiyentlərə təklif edilir. Bir fərq var ki, qadınlara follikul yetişdirmək üçün hormonal iynələr vurulur, kişilərdə isə bu iynələrə ehtiyac olmur. Bu yolla özünə asan gəlir yeri tapan işsiz gənclər var. Fərqində deyillər ki, özlərindən xəbərsiz saysız uşaq sahibi ola bilərlər və yaxud artıq olublar. Dediyim kimi, qanunla bu prosedur ölkəmizdə qadağandır. Lakin bağlı qapılar arxasında baş verənlərdən xəbərimiz yoxdur. Bunlar real olmasaydı, bu həkimlər sosial şəbəkələrdə donor ovuna çıxmazdı.”

Lalə Mehralı problemin həlli yollarından danışıb: “Məsələnin həllini həkimlərin vicdanına buraxmamalıyıq. Məsələyə aidiyyəti qurumlar ciddi nəzarət etməlidir. Söhbət bacı-qardaş evliliyi təhlükəsindən, genofondun pozulmasından gedir. Qohum nikahları ləğv edilir, amma bu təhlükə gözardı edilir. Klinikalarda baş verən bu biabırçılığın qarşısı alınmasa, qohum evliliyi qadağasının nə mənası olacaq? Kim evlənəndə genetik analizi verir ki? Məsələnin nə dərəcədə təhlükəli olduğunu, gələcəyimizin, genofondumuzun risk altında olduğunu çox gec olmadan anlamalı, problemi həll etməliyik. Ona görə də ciddi formada mərkəzləşdirilmiş dövlət nəzarəti yaradılmalıdır”.


Həkim-ginekoloq Təranə Həsənova isə Pressklub.az-a deyib ki, bu problem təxminən 12-13 ildir, mövcuddur: “O vaxt bir jurnalist mənə dedi ki, imkansız qadınlara ödənişsiz müayinə təklif olunubmuş. Hətta müayinənin qarşılığında pul da verirmişlər. Qadınlar da söhbətin nədən getdiyini anlamadan razılaşıblar. Onlardan biri həmin jurnalistə məmnuniyyətlə məsələni danışmışdı. Jurnalist də məsələnin nədən ibarət olduğunu araşdırırdı. Məndən soruşmuşdu ki, bu nə ola bilər? Mən o zaman anladım ki, qadınların xəbəri olmadan, müayinə adı ilə onların yetişmiş yumurta hüceyrələri toplanır”.

Doktorun sözlərinə görə, bunu süni mayalandırma ilə məşğul olan həkimlər edir. Bir yandan qohum evliliklərinə son qoyulur, digər yandan da sağlam qadınlara öz yumurta hüceyrəsini satmasına icazə verilir. Qadın nə qədər çox yumurta hüceyrə satarsa, gələcəkdə ondan yetişdirilmiş uşaqların həyatda rastlaşıb, evlənmə ehtimalları da o qədər artar. Və həmin evlənən bacı-qardaşların övladlarında yarana biləcək xəstəliklər isə çox dəhşətli olacaq: “Hətta yeni xəstəliklər belə yarana bilər. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Özü də məsələ təkcə qadın yumurta hüceyrəsinə yox, həm də kişi spermatozoidlərinin satılmasına aiddir. Kişinin hüceyrələrindən də mayalanmış uşaqlar gələcəkdə evlənərsə, eyni problemlər yarana bilər. Bundan əlavə, yad qadının bətnində böyüyən uşaqda ciddi problemlər yarana bilər”.

Müsahibimiz bildirib ki, talassemiya (genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyi-red.) xəstəliyinin yaranmasının əsas səbəbi eyni qandan olan insanların evlənməsidir. Talessemiyanın heç cür öhdəsindən gəlmək olmur. İki beta talessemiyalı insan evlənərsə, onların övladlarının talessemiya ilə doğulma ehtimalı yüksəkdir: “Burada da talessemiyaya bənzər və digər yeni xəstəliklərin yaranma ehtimalı var. Şübhəsiz ki, bu, genofonda ağır zərbədir. Ona görə də məsələyə ciddi nəzarət olmalıdır. Yoxdur deyə, 12-13 ildir bu proses davam edir. Bir çox həkim süni mayalandırmada bu üsula əl atır. Məsələ nəzarətə götürülməsə, qarşıda bizi çox ciddi problemlər gözləyir”.

İndi isə keçək məsələnin hüquqi tərəfinə.

“Azərbaycan Respublikasında insan orqanlarını və toxumalarının alqı-satqısı, qanunsuz donorluq, o cümlədən, orqanların transplantasiyası Azərbaycan Respublikasının cinayət məcəlləsinin 137-ci maddəsi ilə sanksiyalaşdırılıb”.

Bu sözləri Pressklub.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib.

Müsahibimiz deyib ki, Azərbaycan Respublikasının qanunu ilə müəyyən kateqoriyalı şəxslər var ki, onların donor olaraq insan orqan və toxumalarının götürülməsinə icazə verilib. Amma hansısa orqanın satılması, o cümlədən pulla alınması yolverilməzdir: “ İnsan orqan və toxumalarının alqı-satqısı Azərbaycan Respublikasının cinayət məcəlləsinin 137.1-ci maddəsinə əsasən, 6 min manatdan 9 min manata qədər cərimə olunur. Eyni zamanda 3 ilə qədər müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməliyyatın həyata keçirilməsi ilə bağlı hökumət tərəfindən müvafiq siyahı təsdiqlənir. Siyahıya əsasən, həmin tibb müəssisələrində orqan transplantasiyasının həyata keçirilməsinə icazə verilir. Qanunvericilikdə insan orqan və toxumalarının donor transplantasiyası haqqında qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanlarının götürülməsi 9 min manatdan 15 min manata qədər cərimə və müəyyən fəaliyyətlə məşğul olmanın məhdudlaşdırılması ilə 4 ilə qədər azadlıqdan məhrum etmə cəzası təyin oluna bilər”.

Bundan əlavə, müsahibimiz bildirib ki, milli qanunvericilikdə surroqat ana anlayışı mövcud deyil. Bununla bağlı edilə biləcək istənilən gizlin sövdələşmə sonda cinayət məsuliyyətinə səbəb olur. Surroqat anaların dünyaya gətirdiyi uşağın digər hamilə olmayan qadına yazılması da qanunvericiliklə yolverilməzdir.

Məsələ o qədər nəzarətsiz qalıb ki, hansı quruma yazsaq, əlimiz boş qaldı. Azərbaycan Respublikasının (AR) Səhiyyə Nazirliyi, AR Milli Məclisin Səhiyyə Komitəsi, eləcə də Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi, AR-nın Dövlət Statistika Komitəsi və s. ilə əlaqə saxlamağa çalışdıq. Bəziləri məsələdən boyun qaçırdı, bəziləri isə ümumiyyətlə, cavab vermədi. Rəsmi cavab verən bircə Dövlət Statistika Komitəsi oldu. Verilən cavab isə belədir: “Bildiririk ki, sorğu olunan məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil”.

Nəhayət, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əlaqə saxladıq. Məsələnin diqqətə alındığını və araşdırılacağı cavabını aldıq.

Problemin nə dərəcədə ciddi və təhlükəli olduğu göz önündədir. Buna baxmayaraq, məsələnin diqqətdən kənar qalması çox acınacaqlıdır. Ümid edək ki, tezliklə aidiyyəti qurumlar məsələyə ciddi yanaşar və nəzarəti artırar, qanunu pozanlar isə məsuliyyətə cəlb olunar.

Günay Elşən
 
Ardını oxu...
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp qalib gəldikdən sonra ilk dəfə mətbuat konfransı keçirib. Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra başlayacaq prezidentliyi ilə bağlı planlarını bölüşüb.

Diqqətçəkən məqam Ukraynanın Rusiyaya ərazi güzəştə gedib-getməməli olması ilə bağlı suala verdiyi cavabdır. Tramp yalnız Rusiya və Ukrayna prezidentləri ilə görüşdən sonra bu suala cavab verə biləcəyini açıqlayıb. Bununla belə o, “Rusiyanın nəzarətində olan ərazilərdə bir dənə də olsun, bina yoxdur. İnsanlar ora qayıtmayacaq” deyib.

Rusiya-Ukrayna müharibəsi kifayət qədər uzanır və yorucu hal almağa başlayıb. Xüsusilə Aİ daxilində müharibənin gələcəyinə dair ciddi fikir ayrılıqları var. Lakin populyar yanaşma Trampın müharibəni sonlandırması, ya da bu istiqamətdə nə isə etməsidir. Bununla belə, onun hələlik konkret nə edəcəyi bəlli deyil. İstisna deyil ki, Tramp ilk vaxtlar təmkinli olacaq.

ABŞ və Qərbin Rusiya ilə dialoqu kəsməsi yanlış qərar idi. Bu həm Rusiyanın əl-qolunu açdı, həm də daha da aqressiv etdi. Trampın bu yanlışı düzəldib dialoqa başlaması ümidi artıra bilər. Bununla belə Rusiya-Ukrayna müharibəsi həlli çox çətin bir münaqişə halına gəlib. Tərəfləri uzlaşdırmaq çox çətindir.

Rusiya faktiki olaraq Ukrayna torpaqlarının 20 faizindən çoxunu işğal edib. Bu ərazilərin bəzilərini qaytara bilər, lakin Krımın qaytarılması istisnadır. Bundan başqa Moskvanın başqa tələbləri də var. Donbas, Luqanska yüksək muxtariyyətin verilməsi, hətta ilhaqı da gündəmdədir. Yəni Kremlin tələbi ərazi güzəşti hesabına sülhdür.

Ukrayna isə çətin ki, bunu qəbul etsin. Təbii ki, Vaşinqton Kiyevi dəstəyi kəsməklə hədələsə, bu, Ukraynanın fikrini müəyyən mənada dəyişə bilər, lakin Vaşinqtonun bu variantla razı olması sual altındadır. Hərçənd Trampın “Rusiyanın nəzarətində olan ərazilərdə bir dənə də olsun, bina yoxdur. İnsanlar ora qayıtmayacaq” sözləri də ərazi güzəşti variantının ağlında olduğu düşüncəsi yaradır.

ABŞ Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına sülhə nail ola bilər. Amma bu həm Vaşinqton, həm də beynəlxalq münasibətlər üçün ciddi fəsadlar yaradar:

Birincisi, ABŞ illərdir Ukraynaya dəstək olur. Milyonlarla dollar vəsait, hərbi texnika sərf edilib. Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına əldə ediləcək sülh hər şeydən öncə yardımların boşa getməsi deməkdir.

İkincisi, ABŞ Ukrayna müharibəsi ilə Rusiyanı zəiflətmək, prestijinə zərər vurmaq istəyirdi. Bunu böyük ölçüdə bacardı. Amma bu variantda sülh Kreml üçün qələbə deməkdir və qısa zamanda prestijinin bərpası mənasına gəlir. Digər tərəfdən, Rusiya bunu ABŞ və Qərb üzərində qələbə kimi təqdim edə bilər. Kremlin gələcəkdə digər qonşu ölkələrə qarşı işğalçı fəaliyyətə başlama riski də var.

Üçüncüsü, Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına əldə ediləcək sülh beynəlxalq münasibətlər sisteminə zərbə vura bilər. Faktiki olaraq bir ölkə işğal yolu ilə digərinin ərazilərini ilhaq etmiş və bunu rəsmi şəkildə tanıtmış olur. Çinin eyni şəkildə Tayvanı, Serbiyanın Kosovanı, İsrailin Fələstini, hətta Azərbaycanın tarixi nöqteyi-nəzərdən Zəngəzuru ilhaq etməyə əsası formalaşar.

Yekunda onu deyək ki, Tramp üçün Ukrayna düyününü açmaq “Qordi düyünü”nü açmaqdan çətin olacaq!

Turan Rzayev
Globalinfo.az
Ardını oxu...
Biz hara, Avstraliya hara? Nə aldıq, nə satdıq ki, birdən-birə 27 dəfə ticarət dövriyyəmiz artdı?
Öncə gəlin indicə paylaşılan xəbəri oxuyaq:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Avstraliya arasında ticarət əməliyyatlarının həcmi 1 milyard 36 milyon 99 min ABŞ dolları təşkil edib.
Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 997 milyon 887 min ABŞ dolları (27,1 dəfə) çoxdur.
Hesabat dövründə Avstraliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,63%-i həcmində olub.
10 ayda Azərbaycan Avstraliyaya 114 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 99,6% azdır.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Avstraliyadan məhsul idxalını illik müqayisədə 115,1 dəfə artıraraq, 1 milyard 35 milyon 985 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Avstraliya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 6,23%-ni təşkil edib.
İndi isə gəlin görək bu möcüzəli artım nəylə bağlıdır?
Yazım xəbəriniz olsun:
- Azərbaycan və Avstraliya arasında ticarət dövriyyəsinin 27,1 dəfə artmasının əsas səbəbi Azərbaycana böyük həcmdə qızılın idxalıdır. Bu ilin ilk 9 ayında Avstraliyadan Azərbaycana təxminən 12 ton, yəni 906,1 milyon dollar dəyərində qızıl gətirilib. Bu, Avstraliyadan idxalın kəskin artmasına səbəb olub və ticarət dövriyyəsində əsas yeri tutub. Qızıl idxalı Dövlət Neft Fondunun qızıl ehtiyatlarını artırması ilə əlaqəlidir​.
Anlata bildimmi?
Yəni bizdə bəzən belə xəbər başlıqları olur "Azərbaycanda avtomobil istehsalı 45 dəfə artıb". Yəni keçən ilin eyni dövründə ölkədə 1 avtomobil istehsal edilirdi, bu il 45 avtomobil istehsal edilib. Nəticədə avtomobil istehsalı 45 dəfə artıb.
Amma xüsusi olaraq qeyd etməliyəm ki, Azərbaycanın qızıl idxal etməsi, strateji ehtiyatlaarını artırması təmamilə doğru qərardır!
Razi Abasbəyli
TEREF
Ardını oxu...
Almaniyanın Xarici işlər naziri Annalena Baerbok Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd rejiminin əlaltılarına ciddi xəbərdarlıq edib. Baerbok rejimə dəstək verənlərin Almaniyaya sığınmağa cəhd etməməsi üçün açıq mesaj göndərərək bildirib ki, burada onları “qanunun tam qüvvəsi” gözləyir.
Yaşıllar Partiyasının nümayəndəsi olan Baerbok qəzetə verdiyi açıqlamada vurğulayıb: “İndi Almaniyaya qaçmağı düşünməli olan Əsədin işgəncəçilərinə yalnız açıq şəkildə deyə bilərəm: Biz rejimin bütün əlaltılarını dəhşətli cinayətlərinə görə qanun çərçivəsində cavab verəcəyik”.
Federal Daxili İşlər Naziri Nancy Faeser də bu mövzuya reaksiya verərək sərhəd nəzarətinin artırıldığını və təhlükəsizlik orqanlarının bu məsələdə son dərəcə ayıq olduğunu bildirib. Faeser deyib: “Əsədin terrorçu rejiminin əlaltıları Almaniyaya qaçmağa cəhd edərlərsə, o zaman bilməlidirlər ki, çətin ki, heç bir dövlət onların cinayətlərini Almaniya qədər sərt şəkildə mühakimə etmir. Bu, insanları bu cəhddən çəkindirməlidir”.
Faeser, 2022-ci ildə Koblenz Ali Regional Məhkəməsi tərəfindən verilmiş mühüm qərarı da xatırladıb. Həmin hökm Suriyada dövlət işgəncələrində iştirak edən keçmiş Suriya kəşfiyyatçısını insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum etmişdi. Bu qərar dünya miqyasında analoji işlər üçün presedent hesab olunur.
Almaniya, Suriyada Əsəd rejiminin törətdiyi cinayətlərə qarşı qlobal mübarizənin önündə yer alır və hərbi cinayətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüquqi mexanizmləri aktiv şəkildə tətbiq edir. Baerbok və Faeser tərəfindən edilən bu son açıqlamalar isə Almaniyanın bu siyasətə sadiqliyini bir daha vurğulayır.
Sarvan Səmədoğlu
TEREF
 

Dünyapress TV

Xəbər lenti