Almaniyanın Xarici işlər naziri Annalena Baerbok Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd rejiminin əlaltılarına ciddi xəbərdarlıq edib. Baerbok rejimə dəstək verənlərin Almaniyaya sığınmağa cəhd etməməsi üçün açıq mesaj göndərərək bildirib ki, burada onları “qanunun tam qüvvəsi” gözləyir. Yaşıllar Partiyasının nümayəndəsi olan Baerbok qəzetə verdiyi açıqlamada vurğulayıb: “İndi Almaniyaya qaçmağı düşünməli olan Əsədin işgəncəçilərinə yalnız açıq şəkildə deyə bilərəm: Biz rejimin bütün əlaltılarını dəhşətli cinayətlərinə görə qanun çərçivəsində cavab verəcəyik”. Federal Daxili İşlər Naziri Nancy Faeser də bu mövzuya reaksiya verərək sərhəd nəzarətinin artırıldığını və təhlükəsizlik orqanlarının bu məsələdə son dərəcə ayıq olduğunu bildirib. Faeser deyib: “Əsədin terrorçu rejiminin əlaltıları Almaniyaya qaçmağa cəhd edərlərsə, o zaman bilməlidirlər ki, çətin ki, heç bir dövlət onların cinayətlərini Almaniya qədər sərt şəkildə mühakimə etmir. Bu, insanları bu cəhddən çəkindirməlidir”. Faeser, 2022-ci ildə Koblenz Ali Regional Məhkəməsi tərəfindən verilmiş mühüm qərarı da xatırladıb. Həmin hökm Suriyada dövlət işgəncələrində iştirak edən keçmiş Suriya kəşfiyyatçısını insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum etmişdi. Bu qərar dünya miqyasında analoji işlər üçün presedent hesab olunur. Almaniya, Suriyada Əsəd rejiminin törətdiyi cinayətlərə qarşı qlobal mübarizənin önündə yer alır və hərbi cinayətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüquqi mexanizmləri aktiv şəkildə tətbiq edir. Baerbok və Faeser tərəfindən edilən bu son açıqlamalar isə Almaniyanın bu siyasətə sadiqliyini bir daha vurğulayır. Sarvan Səmədoğlu TEREF