Ardını oxu...
Suriya Yaxın Şərqdə ən dünyəvi, əhalinin təhsil səviyyəsi yüksək ölkəsi idi, diktatura rejimi dünyəvi idi və uzun müddət dünyəvi olduğunu vurğulayaraq, altını cizərək bu məsələni Qərbə “satırdı”, özü də, baha satırdı. Yaxın Şərqdə avtoritar və diktatura rejimləri dünyəviliyi institutlaşdırmadılar, siyasi və sivil institutların yaranmasına mane oldular, bütün legitimlik və güc, hətta sabitlik belə institutsional deyil də, şəxsə-şəxslərə bağlı idi.
İraq, Liviya, Misir, Suriya, Tunis eyni yolla getdilər, onlardan öncə İran bənzər yolla gedib sonunda dini dövlət modelinə keçdi. Şah dünyəvi idi, amma ölkəsini Qərbə tək bu tərəfdən “satırdı”, Qərbi daim qorxudurdu ki, mən olmasan islamçılar hakimiyyətə gələcək – elə də oldu, Şah haqlı çıxdı, amma günah özündə idi, zamanında siyasi-ictimai institutlar yaranıb güclənsəydi, belə olmazdı. Bütün dünyəvi ideologiyalar basqı altında olanda çətin suallar çox asan cavablar verən, “düşünmə, nə deyiriksə, ona əməl et”, söyləyən siyasi-dini cərəyan(lar) bu tipli rejimlərdə sonda qalib gəlirlər.
Yaxın Şərqdə dünyəvi diktaturalar, demək olar ki, eyni səhvi etdilər, eyni yolla gedəndə eyni mənzilə də çatırsan – başqa cür ola bilməz. Amma bəzi ölkələr, “inqilab - əks-inqilab doğurur”, tezisi ilə U dönüşü etdilər. Tunis, Misir bunun örnəyidir – “ərəb baharı” adı altında, güya, demokratik hərəkat başlandı, axırda dünyəvi diktatoru dini diktator əvəz elədi, amma, sonradan dünyəvi diktatorlar geri döndülər. Çünki, siyasi institutları yox idi, siyasi islamdan başqa önə çıxa biləcək qüvvələr olmayanda yenidən dünyəvi diktatura geri dönür.
Liviyada, İrakda indi elə bir xaos, vətəndaş qarşıdurması, de-facto məhv olan vahid dövlət görüntüsü var ki, cəmiyyət əlində çıraqla dünyəvi diktator axtarır, sadəcə xarici ölkələr bu dövlətləri elə bölüblər ki, indi mümkünsüz görünür.
Bu gün Suriya bir bəladan qurtulub başqa, bəlkə də, daha böyük bir bəlanın içinə girir, dünyəvi diktator gedir, amma ölkəni parçalanmış vəziyyətə, bədbəxt günə salıb gedir, faktiki olaraq Suriya adlı dövlət məhv oldu, çox güman, azı 3 yerə parçalanacaq. Ölkədə 1 dünyəvi diktatorunun yerinə yeni yaranacaq de-facto “dövlətlərdə” dini, ya da teror təşkilatları idarə edəcək. Amma günah Əsəd ailəsinin özündədi – məmləkətində dünyəvi siyasi institutları məhv etdi, əvəzində əli silahlı, saqqallı “siyasətçilər” peyda olub özünə və ölkəsinə divan tutdular.
Suriyada demokratiya, sivil müxalifət zad qalib gəlmədi, bəziləri bu haqda yazır-danışır, ayıbdır, bu sözü, bu qavramı zatən dünyada “iki paralıq” ediblər, daha da ucuzlaşlasına imkan verməyək. Suriyada pis getdi, əvəzinə daha pis gəldi – və bu bütün avtoritar, siyasi, sivil, dünyəvi institutları yox etməyə çalışan iqtidarlara böyük dərs olmalıdır, bu yol tək hakimiyyət itkisinə aparmır, həm də Dövlətləri məhv edir, ölkələri viran qoyur, tək bu günü deyil də, sabahı da təhdid altında buraxır.
Dünyəvilik o zaman dəyər olur ki, siyasi institutların yaranması ilə nəticələnir, bu keçid baş verməyəndə saqqallı və silahlı “demokratlar” peyda olur və bu qaçılmazdır, hamıya da dərs olmalıdır.
Natig Cəfərli
TEREF
Ardını oxu...
Bu problem hər şeyə, o cümlədən sivilizasiyanın inkişafına təsir göstərir

Son illər təkcə ekoloqların deyil, siyasətçilərin, eləcə də dünya ictimaiyyətinin əsas diqqəti iqlim dəyişikliyi probleminə yönəlib. Ölkələrin iqlim dəyişikliyini həll etməyə çalışdığı ən böyük tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin illik Konfransıdır. Bu il Konfransın 29-cu sessiyasına (COP29) Azərbaycan ev sahibliyi etdi və əldə olunmuş razılaşmalar sayəsində sammit sıçrayış kimi tarixə düşdü.

Ən vacibi: iqlim maliyyəsi üçün yeni kollektiv hədəfin qəbul edilməsidir. İnkişaf etmiş ölkələr 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə üçün ən azı 300 milyard dollar ayırmağı öhdələrinə götürüb. Yada salaq ki, əvvəlki məbləğ 100 milyard dollar idi, inkişaf etməkdə olan ölkələrdən olan bütün iştirakçılar isə yekun rəqəmlə kifayətlənməyib, daha çox gözləyirdilər.

Lakin müəyyən konsensusun əldə olunması artıq nikbinlik üçün əsasdır. Bundan başqa, yardımın məbləğinin 1,3 trilyon dollara çatdırılması planlaşdırılır. Həmçinin “Paris sazişi”nin 6-cı maddəsi ilə bağlı razılığa gəlmək, İtki və Zərərin Kompensasiyası Fondunun fəaliyyətə başlaması mümkün olub.

Ekoloq Fuad Bağırov AYNA-ya şərhində Bakıda keçirilən iqlim sammitində qarşıya qoyulan məqsəd və vəzifələrin əhəmiyyətindən danışıb: “Azərbaycan bütün əsas məsələlərdə uğur qazanmaq üçün əlindən gələni edib. Məsələn, iqlimin maliyyələşdirilməsi inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi yükünü azaltmağa kömək edəcək. Avropada onlar həqiqətən ekoloji təmizliyə diqqət yetirirlər, lakin unutmaq olmaz ki, bu yaxınlarda vəziyyət fərqli idi. Məsələn, Avropanın bir çox şəhərləri təbii olaraq ətraf mühitə ciddi ziyan vuran kömürdən maksimum dərəcədə istifadə edirdi. Avropalılar təbiətə dəyən zərəri minimuma endirmək lazım olduğunu başa düşdükdə, zərərli istehsalı öz imkanları hesabına yoxsul ölkələrə köçürdülər. Təbii ki, inkişaf etməkdə olan ölkələrə neqativ iqlim dəyişikliyi ilə mübarizə apara bilmələri üçün onlara yardım göstərmək mexanizmlərini hazırlamaq lazım idi. COP29-da əldə olunan razılaşmalar onlara əhəmiyyətli dəstək verəcək”.

Mütəxəssis ABŞ-ın istixana qazlarının emissiyasına görə liderlər sırasında olan dövlət kimi ekoloji proseslərdə rolunu qeyd edib: “Bu ölkə “Kioto protokolu”na qoşulmadı və vaxtilə “Paris sazişi”nə kifayət qədər soyuqqanlı reaksiya verdi. İndi qlobal istiləşmənin olmadığını iddia edən Donald Trampın başçılıq etdiyi respublikaçılar hakimiyyətə gəlib. Bəzi alimlər də deyirlər ki, söhbət daha çox insanın ətraf mühitə mənfi təsirindən deyil, daha çox Yer kürəsinin inkişafının müəyyən mərhələsində olmağımızdan gedir. Yada salaq ki, planetin tarixi boyu istiləşmə və soyutma dövrləri olub. Beləliklə, ABŞ-ın mövqeyi və bunun digər ölkələrə necə təsir edəcəyi ilə bağlı bəzi narahatlıqlar var”.

Ekoloq Fikrət Cəfərov da AYNA-ya açıqlamasında söyləyib ki, Azərbaycan COP29-u keçirməklə çox böyük işlər görüb və qarşıya qoyulan iddialı hədəfləri müəyyənləşdirib: “COP29-da bütün bəşəriyyət üçün ən vacib məsələlər, xüsusən də iqlim dəyişikliyi kontekstində su ehtiyatlarının çatışmazlığı məsələsi qaldırıldı. Yeri gəlmişkən, bu, ən aktual problemlərdən biridir, çünki su həyat mənbəyidir. Təmiz, əlçatan su əsasən insan sağlamlığının açarıdır və kifayət qədər suvarma suyu olmadan kənd təsərrüfatının inkişafı mümkün deyil”.

“Amma problem ondadır ki, bu gün bəşəriyyət təbiətdə baş verən prosesləri idarə edə bilmir. Məsələn, Xəzəryanı ölkələr Xəzərin dayazlaşmasının qarşısını necə ala biləcək? Qlobal atmosfer hadisələri dəyişdi, Rusiyanın mərkəzi hissəsinə daha az rütubət axmağa başladı və Xəzər dənizinin səviyyəsi ilk növbədə Volqanın axınından asılıdır. Ümumiyyətlə, bütün dünyada çətin hava şəraiti müşahidə olunur: Fransada qar yağıb, Böyük Britaniyada və Türkiyədə daşqınlar baş verib. Biz elə səviyyəyə çatmışıq ki, iqlim dəyişikliyi hər şeyə, o cümlədən sivilizasiyanın inkişafına təsir göstərsin”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, insanların təbiətə dağıdıcı təsirini azaltmaq üçün atmosferə atılan istixana qazlarının miqdarını azaltmaq lazımdır: “Bəs, bu gün əsas çirkləndiricilər kimlərdir? Bunlar ABŞ, Çin və s. kimi bu prosesdə zəif təmsil olunan ölkələrdir. Bu gün problem ondan ibarətdir ki, inkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizəyə ən böyük maliyyə töhfəsini verməlidir, lakin onlar bir çox inkişaf etməkdə olan ölkələrin ümid etdiyindən daha az öhdəlik götürməyə hazırdır”.

Uyğunlaşma layihələrinə ayrılacaq 300 milyard dollarlıq yardımdan danışan Cəfərov qeyd edib ki, bu ödənişlər müvafiq mexanizm tələb edir: “Bir çox qlobal iqlim həlləri ABŞ-ın mövqeyindən və xüsusən də Trampın iqlim dəyişikliyi probleminə prezident kimi münasibətindən asılıdır. Tramp özünü iqlimə skeptik kimi sübut edib. COP29-un ən böyük nailiyyəti karbon kreditləri ilə bağlı 6-cı maddə üzrə mexanizmin yaradılmasıdır. Bu, 30 ildən artıq müddətdə ilk dəfə əldə edilmiş emissiyaların azaldılmasını stimullaşdıran çox mühüm qərardır. Bu, karbon ticarətinin şəffaflığını və səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. BMT-nin idarə etdiyi karbon krediti bazarının 2030-cu ilə qədər hər il 250 milyard dollara çatacağı və emissiyaların ildə 5 milyard ton CO2 azaldılmasına nail olacağı gözlənilir”.

Müəllif: Elya Belskaya
ayna.az
 
Ardını oxu...
İstənilən sahədə, münasibətlərdə səhv etmək mümkündür, o cümlədən siyasətdə də. Amma, siyasətdə strateji səhv çox vaxt geridönməz olur, ağır nəticələrə gətirib çıxarır. 30 il bundan əvvəl 1994-cü ilin dekabrın 5-də Budapeştdə Nüvə silahının yayılmaması müqaviləsinə Ukraynanın qoşulması ilə bağlı ona təhlükəsizlik təminatlarını təmin etmək üçün Rusiya, ABŞ, Böyük Britaniya tərəfindən memorandum imzalanmışdı, eyni zamanda digər nüvə gücləri sayılan Çin və Fransa isə ayrı-ayrı sənədlərdə bir qədər zəif fərdi təminatlar vermişdirlər. Bu sənəd Ukraynanın o dövr üçün dünyada nüvə arsenalına görə üçüncü yerdə olmasından könüllü imtina etməsi müqabilində onun suverenliyini, ərazi bütövlüyünü təmin etməli idi.

Amma, 2014-cü ildə sənədi imzalayan və təminatçı funksiyasını üzərinə götürən Rusiya Federasiyası öhdəliyini pozaraq Ukrayna ərazilərini işğal etməyə başladı. Bu işğala görə ciddi beynəlxalq təzyiqlə üzləşməyən Rusiya 2022-ci iliin fevralın 24-də Ukraynaya irimiqyaslı hərbi təcavüzə başladı. Bu təcavüz beynəlxalq hüququn, BMT Nizamnaməsinin pozulmasıdır.

2014-cü ildə Krım bütövlükdə, Donbasın isə yarısı işğal olunanda bu sənədi imzalayan digər təminatçı dövlətlər “zərərin yarısından da dönmək qənimətdir” prinsipinə də əməl etmədilər. Rusiyaya qarşı sərt sanksiyalar, onu dayandıra biləcək addımlar atmadılar. Məhz həmin il, təcili olaraq Ukrayna NATO-ya qəbul edilməliydi. Rusiyanın bu üzvülüyə etirazını onu suveren Ukrayna torpaqlarından çıxmaq şərtilə üz-üzə qoymalı idilər. Olmadı və bu gün həmin təminatçı dövlətlər, başda ABŞ olmaqla Ukraynanı ərazi itkisi ilə barışmağa dəvət edirlər və Rusiyaya da söz verirlər ki, ən azı 10 il Ukraynanın NATO üzvlüyünə baxılmayacaq. Bu istiqamətdə işləyən Tramp komandasının irəli sürdüyü 3 sülh variantında Ukraynanın ərazi itkisi ilə razılaşması qaçılmaz variant kimi göstərilir. Budurmu qlobal Qərbin “təhlükəsizlik təminatı”?

Rusiya təcavüzü başlayandan sonra hətta Ukraynanın dəfələrlə təşəbbüs göstərdiyi sənəddə nəzərdə tutulan konsultasiyalar belə aparılmadı. Rusiyanın Budapeşt Memorandumunu pozması nüvə tərksilahı ideyasına inamı sarsıdan təhlükəli presedent yaratdı. Bunun əvəzində biz Hind-Sakit okean regionu və Yaxın Şərqdən tutmuş Avro-Atlantik məkana qədər müxtəlif ölkələrin mövcud nüvə arsenalının yaradılması və genişləndirilməsi ilə bağlı aktiv fəaliyyətlərini müşahidə edirik. Budapeşt Memorandumunun öz funksiyalarını yerinə yetirməməsi təkcə Ukrayna üçün deyil, digər ölkələr və regionlar, xüsusən də Avropa, Avro-Atlantik məkan, Mərkəzi və Cənub-Şərqi Asiya, Yaxın Şərq üçün təhlükəsizlik təhdidlərinin fəlakətli artması ilə nəticələndi.

Bu gün Budapeşt Memorandumu milli təhlükəsizlik məsələləri ilə bağlı strateji qərarların qəbul edilməsində uzaqgörənliyin olmamasının abidəsidir. Bu, Avroatlantik ölkələrinin hazırkı liderlərinə xatırladacaq ki, Avropa təhlükəsizlik arxitekturasının Ukraynanın maraqları hesabına və bu maraqları nəzərə almadan qurulması uğursuzluğa məhkumdur. 1990-cı illərdə Ukraynaya real, effektiv təhlükəsizlik təminatlarının verilməməsi Moskvanın cəld və hiyləgər şəkildə istifadə etdiyi strateji səhvə çevrildi.

Bu tarixi səhv düzəldilməlidir. Ukrayna qlobal nüvə tərksilahına, beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə verdiyi mühüm töhfəyə uyğun olaraq aydın, hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri almalıdır. Budapeşt Memorandumunun imzalanmasının 30-cu ildönümü ərəfəsində Ukrayna Xarici İşlər Nazirliyi sənədi imzalayan ABŞ və Böyük Britaniya hökumətlərinə və liderlərinə, ona qoşulan Fransa və Çin liderlərinə Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin bütün üzv dövlətlərinə effektiv təhlükəsizlik təminatlarının təmin edilməsini dəstəkləmək üçün çağırışla müraciət edib.

“Biz əminik ki, Ukrayna üçün təhlükəsizliyin yeganə real təminatı, habelə Rusiyanın Ukraynaya və digər dövlətlərə qarşı növbəti təcavüzünün qarşısının alınması Ukraynanın NATO-ya müstəsna tamhüquqlu üzvlüyüdür. Budapeşt Memorandumunun acı təcrübəsini arxada qoyaraq, biz Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyündən başqa heç bir alternativ, surroqat və ya əvəzedici qəbul etməyəcəyik”, - Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Əgər Rusiya işğal etdiyi Ukrayna ərazilərindən geri çəkilməsə və ya ən azı 24 fevral 2022-ci il vəziyyətinə qayıtmasa, Ukraynanın NATO-ya qəbul ediləcəyi şərt olaraq qlobal Qərb tərəfindən Rusiyaya bildirilməlidir. Ukraynanın NATO-ya qəbul edilməməsi üçün Rusiya işğal etdiyi ərazilərin böyük hissəsindən çıxmalı və danışıqlara başlamalıdır. Əks halda, hansısa qarşılıqlı müttəfiqlik müqaviləsi Ukraynanı gələcək Rusiya təcavüzündən sığortalaya bilməyəcək. Hətta Putindən sonra da növbəti təcavüzü həyata keçirə biləcək II Putinin (lərin) Rusiyada hakimiyyətə gəlməyəcəyinə heç kəs zəmanət verə bilməz. Rusiyada aqressivlik potensialı kifayət qədərdir.
Strateji səhvi düzəltmək üçün hələ imkan və az da olsa zaman var.

İlham İsmayıl
Ardını oxu...
1905-1907-ci ildə Rusiyada ilk inqilab baş verdi. Bu inqilabın qarşısında mütləqiyyətin devrilməsi, təhkimçiliyin qalıqlarının ləğv edilməsi dururdu. Nəhayət, Çar Nikolay bəzi güzəştlərə getməyə məcbur oldu.
Bu nisbi azadlığın nəticəsi nə oldu?
Azərbaycan türkləri ibtidai təhsillərini öz ana dillərində görmək, bunun üçün müəllim məktəbləri açmaq, türkçə qəzet çıxarmaq və XIX əsrin sonunda Həsən bəy Zərdabi tərəfindən başlanan və Türk-Rus müharibəsindən sonra jurnalistika fəaliyyətini canlandırmaq, təsis olunan Rusiya Dövlət Dumasına millət vəkili göndərmək kimi haqqlar qazandı.
Bakıda Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə başda olmaqla, "Həyat", "İrşad", "Fyüzat", Tiflisdə "Molla Nas rəddin" kimi türkcə qəzet və jurnallar intişar etməyə başladı. Təşkil olunan "Maarif Nəşriyyatı Cəmiyyəti" Bakıda va ölkənin hər yerində saysız-hesabsız məktəblər açmağı qarşısına məqsəd qoydu. Nəşriyyatlar çoxaldı. Ədəbiyyat nəhəng insanların sayəsində inkişaf etməyə başladı.
Hələ XIX əsrin ilk yarısında təsis olunmuş Azərbaycan teatri canlandı. Mirzə Fətəli Axundovun məktəbini davam etdirən dramaturqlar Azərbaycan səhnəsinə ölməz əsərlər təqdim etməyə başladılar.
1907-ci ildə Azərbaycan bəstəkar larından Üzeyir Hacıbəyov ilk dəfə Füzulinin "Leyli və Məcnun" əsərini opera şəklinə saldı. Onu digər operalar əvəz etdi.
Azərbaycan teatrina Bakı varlılarından olan mərhum Hacı Zeynalabdin Tağıyev bir teatr binası hədiyyə etdi. Meydana Hüseyn Ərəbli kimi dram aktyoru, Mirzağa və Cahangir kimi komediya, Hüseynqulu Sarablı kimi opera sənətkarları çıxdı.
Müxtəlif ədəbi, maarif, sanat, teatr, iqtisadi təşkilatlar və cəmiyyətlər artdı. üsusilə erməni-türk münaqişələrindən sonra sənaye və ticarət sahəsində Azərbaycan türkləri fəallaşdı. Azərbaycan sərmayədarları, tacirləri, zavodlar, gəmiçilik, ticarət və sənaye şirkətləri meydana çıxdı..
Onu da qeyd edək ki, Nikolay bu sövdələşməyə məcburi getmişdi. 1907-ci ildə vəzifəyə gələn Stolipin ilə bərabər qara irtica başladı. Hər yerdə müstəbidlərin elədiyi kimi, Nikolay verdiyi vədləri geri götürməyə başladı.
İstinad: M.Ə.Rəsulzadənin, "Qafqaz xatirələri" əsərindən.
Milli Kimlik
TEREF
Ardını oxu...
HƏMAS-İsrail cəbhəsinin strukturu kimi “Hizbullah”-İsrail eskalasiyanın nəticədə Suriyaya təsirlər edəcəyi qaçılmaz proses idi.
Bununla belə, Suriya ssenarisi əvvəldən hazırlanırdı, Yaxın Şərqin başqa sektorlarında baş verən hadisələr, o cümlədən İran-İsrail qarşıdurmasının məntiqi davamının Suriyada hərəkətlənəcəyi hesablanmış hədəflər idi.
Suriyada təxminən il yarım öncə Rusiya və İran qüvvələri proksi qrupların iştirakı ilə ABŞ qüvvələrinin sıxışdırılması prosesini həyata keçirirdi.
Prosesin bir ucu İraq xəritəsinə sıçradı və bu yaxınlara qədər çox maraqlı, lakin bir o qədər gündəmə gətirilməyən hadisələr baş verdi. Məsələn, İraqda İranın proksi hərəkatları ABŞ strateji maraqları ilə bərabər, Böyük Britaniyanın ticari-iqtisadi portfellərinə qarşı hücumlara keçmişdi.
Bütün bunlar Suriyada nüfuz xəritəsinin yenidən bölüşdürülməsini şərtləndirirdi və güman ki, İranın hesablamalarındakı xətaların Yaxın Şərq boyunca görünməsi Tehrana qarşı dinamikaları sərtləşdirdi.
Bu gün Suriyada baş verən hadisələrdə daha çox təklənən oyunçu kimi İranı qeyd edə bilərik, hətta mümkündür ki, Rusiyanın İsrail, Türkiyənin ABŞ və Rusiya ilə mümkün sövdələşmələri İranın maraqlarını nüfuz xətlərinin kənarında saxlayır.
Aydındır ki, Bəşər Əsədə qarşı silahlı radikallar İsrailin İranın müqavimət oxuna, xüsusilə “Hizbullah”a ciddi ziyan vurması üçün istifadə olunan bir vasitədir.
Türkiyə də prosesdən çox narahat görünmür, çünki bu hadisələr Bəşər Əsədi Türkiyə ilə danışıqlara məcbur edən tendensiyadır. Üstəlik, ortada daha strateji pəncərə Ankara üçün açılır ki, bu da onun tələb etdiyi təhlükəsizlik üçün bufer zonanın təmini məsələsi ilə əlaqədar izah olunmalıdır.
Rusiya ilə İsrailin açıq əlaqələrdən savayı gizli razılaşmalarını da nəzərə alanda, Moskvanın Tehranı böyükmiqyaslı müdafiə edəcəyi fikri tam yerinə oturmur. Hərçənd ki, Rusiya özü də çətin situasiyanın altında nüfuz çərçivələrini qorumaq üçün qüvvələrini səfərbər edir.
Deməli, mümkün sövdələşmələr və oynanılan açıq kartlar Suriyadakı güclərin maraqlarının ifadəsidir və silahlı qruplaşmalar prosesdə sadəcə olaraq icraçıdırlar. Suriya münaqişəsinin bu yeni mərhələsi proseslərin necə inkişaf edəcəyi üçün kritik rol oynayan ssenaridir.
"Heyət Təhrir əl-Şam"ın (HTŞ) silahlı mübarizəsinin nəticəsində Suriyada döyüş xətləri Hələbin də süqutu nəticəsində dəyişdirilir, lakin bu qruplaşmaların perspektivlərini qiymətləndirmək üçün ehtiyatlı olmaq lazımdır.
Çünki hücumun arxasında duran əsas qrup olan HTŞ Suriya vətəndaş müharibəsinin başlanğıcında “Əl-Qaidə”nin “Cəbhət ən-Nusra” qolu adı ilə meydana çıxıb, sonradan isə İŞİD-lə mövqelərini birləşdirib. Düzdür, informasiyalara görə, HTŞ çoxdan Əl-Qaidə və İŞİD-lə bağlarını qırıb, lakin bu, amil onun ayrıca qruplaşma kimi təşkilatlanacağını, inkişaf edəcəyini və ideoloji hücrələr formalaşdıraraq başqa regionlara yayılacağı ehtimalını istisna etmir.
Hələlik bununla məşğul olmaq daha sonrakı mərhələnin öhdəlikləri kimi görünür, hazırda isə başqa bir aktual sual budur: İran və Rusiya Bəşər Əsədin köməyinə gələ biləcəkmi?
Təbii ki, Rusiya Ukraynadakı döyüşlərlə daha çox məşğuldur, lakin onun Suriyada döyüş təyyarələri və hücum helikopterləri, hərbi bazalara yayılmış canlı qüvvələri var. Rusiyanın Əsədə verdiyi hərbi dəstəyin böyük hissəsi üsyançıların bölgələrini havadan bombardman etməyə kömək edir.
Ancaq təkcə hava gücü üsyançıları məğlub etmək üçün kifayət deyil. Üstəlik, Bəşər Əsəd qüvvələrinin üsyanla mübarizə apara bilməməsi və ya bunu istəməməsi və “Hizbullah”ın bir vaxtlar olduğu kimi qüvvələr toplamaq iqtidarında olmaması ilə Rusiya Suriyada çətin vəziyyətdə qalır. Bununla belə, Moskvanın Suriyada öz mövqeyini müdafiə edəcəyi şübhə doğurmur, lakin bura Əsədin müdafiəsinin də daxil olub-olmadığı hələlik bəlli deyil.
ABŞ Müharibə Tədqiqatları İnstitutunun bir proqnozu da bu fikri təsdiq edir. Proqnoza əsasən, Rusiya Suriyanın Tartus şəhərindəki bazasından dəniz qüvvələrini evakuasiya edir ki, bu da Rusiyanın yaxın müddətdə Suriya prezidenti Bəşər Əsəd rejimini dəstəkləmək üçün əhəmiyyətli əlavə qüvvələr göndərmək niyyətində olmadığını göstərə bilər.
ABŞ-nin isə maraqlarına kritik sürtünmələr hiss olunmur, yəni maraqlarına xələl gəlməyib. Hərçənd THŞ Vaşinqtonun terrorçu siyahısındadır. Bununla belə, hadisələr Suriyanın şimal-şərqindəki zəngin sərvətləri olan ərazilərə nəzarət edən ABŞ üçün növbəti etapda böyük dönüş nöqtəsidir. Bu tendensiya ABŞ-yə Rusiyaya qarşı Ukrayna cəbhəsinin əvəzini çıxmağa şərait yaradır, lakin bunun genişmiqyaslı nəticələri hələ yoxdur. Üstəlik ABŞ kürd qrupalaşmaları ilə yaxşı işləyir ki, bu da Rusiyanı da kürdlərlə aktiv işə sövq edərək diqqətlərini əlavə cəbhələrə parçalayır.
Kürd amili üzərində işləmək böyük dividentlər gətirir, bu baxımdan hətta Türkiyənin də həmin qüvvələrlə mexanizm qurmaq planları mövcud ola bilər.
Çünki Türkiyənin Əsəddən sonrakı Suriyada əhəmiyyətli rolu kürd problemini idarə etməyə kömək axtarmaqla qurulacaq. Bu, həmçinin son on il ərzində müharibədən təhlükəsizlik axtararaq Türkiyəyə üz tutan, əksəriyyəti kürd olan milyonlarla qaçqının geri qayıtmasını asanlaşdıracaq.
İsrailin də kürdlərlə əməkdaşlıq təcrübəsi var, Təl-Əviv bu amildən regional maraqlarına fayda qazandırmaq üçün yararlanır.
Bu baxımdan həm İsrailin, həm ABŞ-nin, həm Rusiyanın, həm də Türkiyənin maraqları kürd faktoru ilə əlaqədar həm toqquşur, həm də mövqelərinin yaxınlaşdırılmasına yardımçı olur. Oyundan kənarda qala biləcək dövlət isə İrandır, lakin inandırıcı deyil ki, Tehranın Suriyadakı missiyası əhəmiyyətli zərər görsün.
Bununla belə, Tehranın Yaxın Şərqdə güzəşt siyasətinə məcbur qalması fonunda Bəşər Əsədin hakimiyyətini qorumaq öhdəliyini təkbaşına icra edə biləcəyi çətin görünəcək.
Aqşin Kərimov,
“Globalinfo” üçün
 
Ardını oxu...
Suriyada baş verən son proseslər çərçivəsində kürd dövlətinin yaradılması versiyası ortaya atılır. Bəzi analitiklərin fikrincə, “kürd kartı”ndan Türkiyəni, bilavasitə Türk Dövlətləri Təşkilatını (TDT) vurmaq üçün istifadə etməyə çalışırlar.

Bu proseslər türk dünyasının birliyinə, Turan ideyasının inkişafına, vahid türk ordusunun qurulmasına, iqtisadi ittifaqının yaranmasına nə kimi mənfi təsir göstərə bilər?

Globalinfo.az-a danışan siyasi təhlilçi Füzuli Qurbanov deyib ki, TDT-nin güclənməsi, türk dünyasının real inteqrasiyası təkcə region deyil, artıq Avrasiya miqyasında aktual geosiyasi məsələ kimi müzakirə olunur:

“Bu, türk dövlətlərinin keçdiyi böyük yoldur. Əvvəllər belə bir birliyin yaranacağı ilə bağlı müzakirə aparılmırdı. İndi isə TDT regionlararası miqyasda ciddi təsir gücünə malik quruma çevrilib. Bu təşkilatın aparıcı dövləti Türkiyədir. Eyni zamanda, Azərbaycanın bu prosesdəki fəallığı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm türk dövlətləri birliyinin ideya müəllifi, həm də bu istiqamətdə ilk addımı atan ölkədir. 2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsi bu ideyanı konkret bir formaya saldı. Şuşa Bəyannaməsi və Qarabağ Bəyannaməsi isə TDT-nin gələcəyini müəyyən edən və ciddi təsir gücünə malik rəsmi-hüquqi sənədlər oldu. Bu sənədlər beynəlxalq hüquq normaları çərçivəsində türk dövlətlərinin əməkdaşlıq, təhlükəsizlik və özünümüdafiə aspektlərində bir araya gəlməsi məsələlərini ehtiva edir”.

F.Qurbanovun sözlərinə görə, TDT mahiyyət, mənbəcə sivil təşkilatdır:

“Onun üçün əməkdaşlıq, milli təhlükəsizlik çox önəmlidir. Bu sıçrayış bir çox ölkələri narahat etməyə başlayıb. Müxtəlif üsullara əl atmağa çalışırlar. Bunlardan biri də qardaş kürd xalqı, farslarla münasibətlərimizi pozmağa hesablanıb. Bu cəhdlərin haradan və niyə gəldiyi məlumdur. Müəyyən radikal qüvvələr bu problemlərdən yararlanmağa çalışırlar. KİV-lərdə bu və ya digər adlar altında müxtəlif ibarələrin də şahidi oluruq. Lakin tam əminəm ki, bütün bunların faydası olmayacaq, TDT daha da güclənəcək.

Suriya, İraq, Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropadakı proseslər göstərir ki, TDT-nin inteqrasiya prosesinin qarşısını almağa heç bir güc yetməyəcək. Bizim üçün əsas geosiyasi risk Rusiya-Ukrayna müharibəsinin uzanması, ikinci müharibə zonası kimi İsrail-Fələstin münaqişəsinin qalmasıdır. Proseslərin Suriyada cərəyan etməsi münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir. Suriyadakı müxalifət prosesi qabaqladığı üçün burada fərqli ssenari gündəmə gəlib”.

Siyasi təhlilçinin fikrincə, Mərkəzi Asiyada Rusiya yaxud Çin sərhədi yaxınlığında yeni münaqişə yarana bilər:

“Bu gərginliyin olmaması üçün TDT çox böyük addımlar ata bilər. Vahid türk ordusunun qurulması məsələsi həssasdır. Türk Dövlətləri Təşkilatının son sammitləri göstərir ki, həmin istiqamətdə müzakirələr var. Hazırda əsas istiqamət isə türk xalqlarının mədəniyyəti, elmi, təhsili, əlifbası məsələsini vahid sistem halına gətirmək, digər tərəfdən isə təhlükəsizliyi birgə təmin etmək üçün addımlar atmaqdan ibarətdir”.
 
Ardını oxu...
Suriyada müxalif qüvvələr paytaxt Dəməşq istiqamətində irəlilədikcə, Bəşər Əsəd rejiminin təmsilçiləri və tərəfdarları ilə yanaşı, bölgədəki Rusiya qüvvələri də real təhlükə altına düşür. Artıq Rusiya hərbçilərinin və özəl hərbi şirkətlərə aid yaraqlılarının üsyançı qüvvələrin nəzarətinə keçən Hələb və digər bölgələrdən qaçdığı məlumdur. Eyni zamanda, Rusiyanın burada xeyli sayda canlı qüvvə itirdiyi, eləcə də böyük miqdarda müasir silahlarının müxaliflərin əlinə keçdiyi barədə məlumatlar var.

Rusiyanın Suriyadakı hərbi birləşmələrinin komandanının dəyişdirilməsi və desant qüvvələrinə rəhbərlik edən komandirinsə itkilərə görə hesabat vermək üçün Moskvaya çağırılması Kremlin böyük uğursuzluğa düçar olmasının bariz göstəricisidir.

Lakin, görünür, Rusiyanın Suriyadakı problemləri bununla bitmir. Belə ki, artıq Rusiyanın hələ 1971-ci ildən Suriyanın Aralıq dənizindəki Tartus limanında yerləşən strateji hərbi bazası da böyük təhlükə altındadır. Çünki üsyançılar bir qədər də irəliləsələr, bazadakı rusların Suriyanın qalan hissəsi, xüsusilə də Dəməşqlə əlaqəsi kəsiləcək.

Artıq müxalif qüvvələr Həma, Homs bölgələri və hətta Dəməşqə doğru dərin irəliləyişə nail olublar. Əsas məqsəd paytaxt Dəməşqin bu iki şəhərlə və Aralıq dənizi ilə nəqliyyat, logistika əlaqələrini kəsməkdir. O zaman həm də Rusiya, İran və Əsəd qüvvələri arasında bu strateji istiqamətdə quru əlaqəsini kəsmək mümkün olacaq.

“AzPolitika” xəbər verir ki, Suriyadakı Türkiyə yönlü “teleqram” kanalları Rusiyanın öz döyüş gəmilərini Suriyadan təxliyyə etdiyini bildirir. Qeyd olunur ki, Rusiya hələ 1971-ci ildən yerləşdiyi Suriyanın Tartus limanından hərbi dəniz qüvvələrini mərhələli şəkildə çıxarmağa başlayıb. Belə ki, artıq dekabrın 2-də Rusiyanın “Yelnya” yardımçı gəmisi Tartusdan ayrılıb və iki freqatın, bir yardımçı gəminin və bir sualtı qayığın da yola düşdüyü bildirilir.
Ətraflı

Bu arada Suriya müxalifəti Həma şəhərinin ətraflarında “təmizləmə” əməliyyatı aparır və şəhərin mərkəzinə doğru irəliləyir. Bir qrup yüksək rütbəli Əsəd hərbçiləri və İran zabitləri Həmadan vertolyotla qaça bilib.

Türkiyə “teleqram” kanallarının məlumatına görə, Həma şəhəri ətrafında döyüşlər qızışır. Suriya müxalifət qüvvələri, türkmən birlikləri və Türküstan briqadası PUA-lardan istifadə edərək Əsəd qüvvələrinin və İran proksilərinin texnikasını yandırır. Dünən bütün gecə Həma şəhəri ətrafında Suriya müxalifəti ilə Əsəd və iranyönlü qüvvələr arasında şiddətli döyüşlər olub. Müxalifət qüvvələri şimaldan və qərbdən şəhərə yaxınlaşan əraziləri nəzarətə götürə bilib. Səhər saatlarından Həmanın mərkəzini ələ keçirmək üçün döyüşlər gedir. Əgər müxalif qüvvələr Həma üzərində nəzarəti ələ keçirə bilsələr, o zaman Bəşər Əsəd rejiminin vəziyyəti tamamilə çıxılmaz ola bilər.

Bu arada Suriya müxalifət qüvvələri Suriyanın şimal-şərqində kürd terror qruplarının mühüm qalalarından biri olan Mənbici də azad etmək üçün yeni hərbi əməliyyata hazırlaşır.

Maraqlıdır ki, HƏMAS da Əsəd rejiminə qarşı üsyanı dəstəkləyib. Təşkilatın sözçüsü Talal Nasser deyib: "Suriya inqilabını alqışlayırıq! İnşallah bu, Dəməşqin azad edilməsinə qədər davam edəcək. Artıq cəlladların və qatillərin (Əsəd rejimi-red.) getmə vaxtıdır".

C.Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Qərb Gürcüstanı zorla “demokratikləşdirmək” istəyir. Bu “demokratikləşmə” prosesində isə Gürcüstanın dövlət və milli maraqları qətiyyən nəzərə alınmır. Tək bir faktı deyək ki, Gürcüstanın 20 faiz ərazisi işğal altındadır. Amma ötən 30 ildə bununla bağlı Qərb heç bir konstruktiv addım atmayıb. Hətta bu məsələnin siyasi müzakirəsini aparmaq belə istəmir.

Əvəzində isə Gürcüstana Qərb dəyərləri təlqin edilir. O dəyərlər ki, gürcü xalqının milli dəyərləri və kimliyi ilə daban-dabana ziddir.

Qərb Gürcüstana ötürdüyü dəyərlər hansılardır?

İlk növbədə narkomaniya. BMT-nin narkotiklərə qarşı beynəlxalq konvensiyalarını həyata keçirmək üçün təsis etdiyi müstəqil qurum olan Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının son hesabatında qeyd edilir ki, son 20 ildə Cənubi Qafqaz mühüm narkotik vasitələrin tranziti regionuna çevrilib və regionda narkotikdən istifadə əhəmiyyətli dərəcədə artıb.

Hesabata əsasən, Cənubi Qafqazda narkotik istifadəsi statistikasında Gürcüstan liderdir. Bu ölkədə yeniyetmələr arasında narkotikdən istifadənin göstəriciləri Avropadakından iki dəfə çoxdur. Rəsmi qurumların məlumatlarında, uşaqlar və gənclər arasında narkotik vasitələrə aludəçiliyin həm də İİV və QİÇS-in yayılması kimi fəsadlara da yol açması vurğulanıb.

Bütün dünyada izlənilən, hətta Afrika qitəsində belə inkişaf tempinin aşağı düşdüyü İİV və QİÇS infeksiyasının Gürcüstanda geniş yayılması faktı olduqca düşündürücüdür. Nəzərə alaq ki, Qərbin təkidi və Konstitusiya Məhkəməsinin qərarı ilə 2018-ci il iyulun 30-dan Gürcüstanda marixuananın istifadəsi qanuniləşdirilib. Ən pisi də odur ki, Gürcüstan rəsmi qaydada marixuananın ixracatçısına çevrilib.

Qərbin Gürcüstana daha bir “töhfəsi” LGBT-dir.

Qərb rəsmi Tiflisdən tələb edir ki, eynicinslilərin evliliyi qanuniləşdirilsin və LGBT gənclər arasında daha geniş şəkildə təşviq edilsin.

Nəzərə alaq ki, LGBT təbliğatı artıq Avropanı ciddi demoqrafik problemlərə üz-üzə qoyub. Avropa Parlamentinin LGBT Hüquqları Müdafiəçiləri Platformasının dərc etdiyi sənədlərdəki açıq məlumatlara görə, son 7 ildə Avropada LGBT icmasına mənsub olduqlarını bildirənlərin sayı 5 dəfə artıb. Avropa bu “dəyərlərini” bütün dünyaya o cümlədən Gürcüstana ixrac etməkdə qərarlıdır.

Təəssüflə deməliyik ki, Gürcüstan Cənubi Qafqazda LGBT təbliğatının hətta azyaşlılar arasında sərbəst aparıldığı ölkədir. Ölkədəki ictimai-siyasi fəalların zaman-zaman irad bildirdikləri bu təbliğat QHT-lərin ölkədəki qlobal “fastfood” şəbəkə restoranları ilə birgə reallaşdırdığı sosial proqramların ayrılmaz hissəsidir.

Bunun nəticəsidir ki, Gürcüstanın LGBT təbliğatını rəsmən qadağan etməsi Qərbin ciddi etirazlarına səbəb olmuşdu.

Avropa İttifaqının Gürcüstandan tələb etdiyi “dəyərlər”dən biri də “cinsi ehtiyacların müxtəlifliyi” adı altında gizli təbliğ olunan pedofiliyadır. Ölkədə, ümumiyyətlə, cinsi ehtiyacların müxtəlifliyi təbliğatı son 20 ilin ən çox maliyyə xərclənən layihələrindəndir. Cinsi ehtiyacların müxtəlifliyi adı altında gizli təbliğ olunan pedofiliya Gürcüstanda epidemiya halında bütün ölkəyə yayılıb.

Rəsmi statistikaya görə, 2023-cü ilin ilk 3 ayında 46, ilk 5 ayında 75 uşaq cinsi istismara məruz qalıb. Bu müddət ərzində cinsi zorakılıq və şiddət görmüş uşaqların sayı isə 633 nəfərdir. Adətən cinsi istismar və fiziki zorakılıq halları haqqında statistikanın real vəziyyəti tam əhatə etmədiyini nəzərə alsaq, vəziyyət doğurdan da dəhşətli mənzərə alır.

Qərbin Gürcüstandakı missionerləri…

Yuxarıda sadaladığımız və sadalamadığımız “Qərb dəyərləri” Gürcüstana əsasən QHT-lər vasitəsilə idxal olunur. Nəzərə alaq ki, Gürcüstanda 25 mindən artıq QHT var. Bu təşkilatların böyük əksəriyyəti Qərbə nökərçilik edir.

Bundan əlavə, Gürcüstanda Qərbin müxtəlif fondlarının və təşkilatlarının regional ofisləri var. Bu ofislər həm də “Qərb dəyərləri”ni region ölkələrinə ixrac etməklə məşğuldur. Təbii ki, məhv olan genefondu xilas etmək üçün rəsmi Tiflis son zamanlar qəti addımlar atır.

Həmin tədbirlərdən biri də “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbuludur. Bu qanun layihəsi dəfələrlə parlamentin gündəliyinə daxil edilsə də, Qərbin təzyiqləri ilə müzakirələr hər dəfə yarımçıq qalırdı. Nəhayət 2024-cü ilin iyununda bu qanun qüvvəyə mindi. Bundan sonra isə Qərblə Gürcüstan arasında soyuq müharibə başladı.

Son günlərsə Gürcüstanda vəziyyət xeyli gərginləşib.

Qərbin pul kisəsindən asılı olan QHT-lər Tiflis küçələrini qana boyamaq və son nəticədə növbəti dəfə rəngli inqilab etmək üçün dəridən qabıqdan çıxırlar. Nəzərə alaq ki, etirazçıların önündə prezident Salome Zurabişvili gedir. Onun bu qədər aktiv olması təsadüfi deyil. Çünki Zurabişvili həm də Fransa vətəndaşıdır. O, hətta bir dönəmlər Fransa XİN-də çalışıb.

Zurabişvilinin hətta prezident Emmanuel Makronla xüsusi yaxınlığı var. Nəzərə alaq ki, Makron da Avropada LGBT-nin əsas təbliğatçılarından biridir. Ona görə də Zurabişvilinin Makronla yaxınlığı heç də təəccüblü deyil. Bu da o deməkdir ki, Salome xanım gürcü xalqından daha çox, Qərbin maraqlarını güdür. Ona görə də onun üçün Gürcüstanın ərazi bütövlüyünün təminatı, milli dəyərlər bəlkə də ən sonuncu məsələdir. Əsas hədəf odur ki, Gürcüstan sürətlə “mavi”ləşsin, narkomaniya gənclərin gündəlik həyat tərzinə çevrilsin.

Qərb Gürcüstan iqtisadiyyatı üçün nə vəd edir?

İqtisadi müstəvidə Qərb Gürcüstana yaxşı heç nə vəd etmir. Olsa-olsa 100-130 milyon dollar dəyərində malliyyə yardımı verilə bilər. Bu isə Gürcüstan büdcəsinin 2 faizindən də az vəsaitdir. Amma artıq Qərb Gürcüstana iqtisadi yardımlarını dayandırıb. ABŞ və Avropa İttifaqının Gürcüstanla strateji əlaqələri nəzərdə tutan müqavilələri dayandırması, rəsmi Tiflisə qarşı həm də siyasi təzyiqdir.

Son günlər Tiflisdə baş verənlərlə, 2014-cü ildə Ukraynada baş verən Maydan hərəkatı arasında böyük oxşarlıqlar mövcuddur. O dövrdə Qərbin siyasi müdaxilələri Ukraynanı uzunmüddətli qeyri-sabitliyə sürüklədi.2014-cü ildə Ukraynada hökumətin devrilməsi, daxili qarışıqlıq və ərazi itkiləri ilə nəticələndi. Krım itirildi, Luqansk və Donetskdə separatizm baş qaldırdı.

Statistikaya görə, Maydan hadisələrindən sonra Ukraynanın iqtisadiyyatı 2014-2015-ci illərdə 16.5% azaldı və inflyasiya 43% həddinə çatdı.

2014-2015-ci illərdə qrivnanın dəyəri ABŞ dollarına nisbətdə təxminən 70% ucuzlaşdı. Bu gün isə Ukrayna dünya xəritəsindən silinmək ərəfəsindədir. Hazırda Gürcüstan iqtisadiyyatı da bu acı reallıqla üz-üzədir.

Qərb rəsmiləri Tiflis küçələrində nə axtarır?

Son günlər Tiflisdəki etiraz mitinqlərində ABŞ və Avropa dövlətlərinin rəsmilərinə daha çox rast gəlinir. Onlardan biri də Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinskidir. O demək olar ki, hər dəfə mitinqlərə qatılır. Etirazçıları qarışıq salmağa və hətta qan tökməyə çağırır.

Qeyd edək ki, səfir Qerçinski hələ seçkiöncəsi açıq şəkildə bildirib ki, oktyabrda keçiriləcək seçkilərdən sonra yeni hökumət formalaşdırılsa, yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlanılacaq:

“Əgər İvanişvilinin komandası devrilsə, o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq”.

Bu gün o İvanişvilinin komandasının devrilməsi üçün küçələrə düşüb. Daha bir “fəal” isə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerdir. O etirazçılarla davamlı görüşlər keçirir və ictimai sabitliyin pozulması üçün hər çür təxribatı təşviq edir.

Ən pisi də odur ki, Gürcüstan həqiqətləri beynəlxalq aləmə təhrif olunmuş şəkildə, Qərbin siyasi maraqlarına uyğun şəkildə təqdim edilir. Baxmayaraq ki, ABŞ və Aİ hər zaman digər ölkələri onlara qarşı hibrid müharibə aparmaqda günahlandırır.

Bütün bu yersiz ittihamların qarşısında Qərb Gürcüstanı informasiya blokadasına alıb. Gürcüstanın dövlət və milli maraqları Qərbin nəhəng informasiya resuslarının qərəzli təbliğatı hesabına ayaqlar altına atılıb. Klassik variantla – insan haqları adıyla Gürcüstanın milli və dövlət maraqları görməzlikdən gəlinir.

Ölkə vətəndaş müharibəsinə sürüklənir.

Bu isə təkcə Gürcüstan üçün yox, bütövlükdə region üçün ciddi təhdid deməkdir. Nəzərə alaq ki, Azərbaycanın Qərbə çıxışı əsasən Gürcüstan üzərindəndir. Ona görə də Gürcüstandakı vəziyyət Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.

Bununla belə, Gürcüstan dövləti də, gürcü xalqı da qətiyyətli görünür. İnanırıq ki, gürcü xalqı Qərbin bayağı həyat tərzinin yox, Gürcüstanın ərazi bütövlüyünün və suveren hüquqlarınan ardınca gedəcək.

Bizim.Media
Ardını oxu...
Hakimiyyət və media təbliğatının vahid ailə kimi təqdim etməyə çalışdığı Rusiyada yüzdən çox millətin nümayəndəsi yaşayır. Bütün millətlərin qardaşlıq toxunulmazlığı ilə bağlı ajiotajın səviyyəsi xüsusilə Ukraynada müharibə başlayandan sonra artdı.

Səhərdən axşama qədər Rusiya kanalları sizi “özününkülərə” qoşulmağa çağıran reklam çarxları yayımlayır, pərdə arxasında dualar eşidilir: ruslar rusca, müsəlmanlar ərəbcə dualar oxuyur, hətta buddist duaları da eşidilir. Mesaj aydındır: deyirlər, milliyyətindən və dinindən asılı olmayaraq, Rusiya Federasiyasının vətəndaşları Uca Yaradandan döyüş meydanında qələbə diləyirlər.

Lakin bütün bu təbliğat videoları Rusiya cəmiyyətində hökm sürən reallıqlarla tanış olanlar üçün heç bir məna kəsb etmir. Qədim dövrlərdən bəri Rusiya Federasiyasında, ən azı gündəlik səviyyədə vətəndaşlar iki kateqoriyaya bölünürdü: slavyan görünüşlü şəxslər və digərləri.

"Ağ" rusların əksəriyyəti Qafqazdan və ya ölkənin digər bölgələrindən olan mühacirlərə laqeyd yanaşır, hətta onlara nifrətlə yanaşır, baxmayaraq ki, sonuncular qondarma "titul millət"in nümayəndələri kimi ölkənin eyni vətəndaşlarıdır. Göründüyü kimi, böyük rus şovinizmi genetik səviyyədə ötürülür.

Budur, “Rusiya tolerantlığının” ən son nümunəsi – Rusiya Federasiyası hökuməti yanında Moskva Maliyyə və Hüquq Universitetinin (MMHU) tələbələri – etnik azərbaycanlılarla bu yaxınlarda baş vermiş açıq-aşkar və biabırçı insident. Xatırladaq ki, noyabrın 14-də “Mənim Vətənim: Böyük və Kiçik” adlı tələbə festivalı keçirilib. Bu festival çərçivəsində MMHU-nun Azərbaycan klubuna dəstək məqsədi ilə digər universitetlərin Azərbaycan diasporunu təmsil edən tələbələri iştirak ediblər.

Qonaqlar arasında MMHU-nun tələbələri də olub. Bununla belə, tədbirdə təkcə azərbaycanlı tələbələr deyil, bu universitetdə təhsil alan digər xalqların nümayəndələri də çıxış ediblər. Zalı tərk etdikdən sonra əllərində Azərbaycan bayrağı olan tələbələr “Yaşasın Azərbaycan!” qışqıraraq pilləkənlərlə aşağı düşüblər. - “Yaşasın Azərbaycan!”

Və iki gün sonra internetdə tələbələrin “Allahu Əkbər!” və "Rusları doğrasyn!" qışqırdığı iddia edilən səsli video yayıldı. Şovinist teleqram zibilxanaları xüsusilə bu çirkin işdə əllərindən gələni əsirgəmədilər.

Bir sözlə, heç nədən iyrənc təxribat təşkil olundu və Rusiya Federasiyasının İstintaq Komitəsi bu məsələ ilə maraqlanmağa başladı. Faktla bağlı araşdırmalara başlanılıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2 ("Terror fəaliyyətinə ictimai çağırışlar") maddəsi ilə cinayət işi başlanıb. İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ona istintaqın gedişi barədə hesabat təqdim etməyi tapşırıb.

Yəni, “ağ” ruslardan bir az fərqli dəri rənginiz və ya göz formanız varsa, Rusiya vətəndaşlığına sahib olmağın heç bir əhəmiyyəti yoxdur. Müəyyən edən amil Rusiya Federasiyasının pasportu deyil, insanın görünüşüdür. İndi təsəvvür edin, Rusiya Federasiyasının vətəndaşları öz vətənlərində təzyiq altındadırsa, əmək miqrantları üçün vəziyyət necədir?

Rusiya Federasiyasında miqrant işçilərə və ya qonaq işçilərə təzyiq halları kütləvi hal alıb. Xatırlayaq ki, deyəcəyimiz son haldan sonra əməkçi miqrantların onsuz da çətin həyatı demək olar ki, dözülməz hala gəldi.

Söhbət 2024-cü ilin martında “Crocus City Hall”da törədilən terror aktında Tacikistandan olanların günahlandırılmasından gedir. Terror aktından sonra Rusiya hakimiyyəti miqrantların hüquqlarını daha da məhdudlaşdırmağa başlayıb. Xüsusilə, Dövlət Dumasına qanunsuz miqrasiyaya görə cəzaların sərtləşdirilməsi üçün bir neçə qanun layihəsi təqdim edilib.

İndi isə Rusiya cəmiyyətində yumşaq desək, qeyri-dost əhval-ruhiyyə fonunda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov gözlənilməz bəyanatla çıxış edib: “Rusiyanın gərgin demoqrafik vəziyyət fonunda, dinamik inkişaf üçün əmək miqrantlarına ehtiyacı var. Miqrantlar ehtiyacdır. Fakt budur ki, bizdə çox gərgin demoqrafik vəziyyət var. Biz dünyanın ən böyük ölkəsində yaşayırıq, amma bizim sayımız azdır”.

“Dinamik inkişaf etməyimiz və bütün inkişaf planlarını həyata keçirməyimiz üçün əlbəttə ki, işçilərə ehtiyacımız var. Biz yalnız onları alqışlayırıq", - deyə Peskov vurğulayıb.

Bu, nədir: Peskovun qara yumoru, yoxsa ikiüzlülüyün zirvəsi? Rusiya hakimiyyəti öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmir və Peskov əmək miqrantlarını dəvət edir. Yoxsa bu yolla siyasi isteblişmentin tolerantlığını nümayiş etdirməyə çalışır?

Və son bir şey. MMHU-nun azərbaycanlı tələbələri ilə bağlı mövzuya qayıdaraq qeyd edirik ki, Rusiya İstintaq Komitəsi onların şüarlarında ekstremizm əlamətləri aşkar etməyib. Bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Petrenkonun sözlərinə görə, İstintaq Komitəsinin paytaxt şöbəsinin müstəntiqi tərcüməçi ilə birlikdə tələbələrin iştirakı ilə onların hərəkətlərini lentə alan videoyazıları təhlil edib: “Onların ifadələrində ekstremist xarakterli çağırışlara rast gəlinməyib”.

Ən azından buna görə təşəkkür edirik. Amma İstintaq Komitəsi tələbələrimiz haqqında saxta xəbərlər yayanlara qarşı cinayət işi açsa, daha da minnətdar olardıq ki, bu da onlara baha başa gələ bilər. Yoxsa qanun “ağlara” şamil edilmir?

AYNA.az
 
Ardını oxu...
Böyük Britaniya Rusiyanın “kölgə donanmasının” onlarla gəmisinə qarşı sanksiya paketi təqdim edib. Ancaq bunlar qlobal həllər əvəzinə dekorativ addımlardır. Və bu, istehzalı bir təbəssüm yaradır.

Məsələ burasındadır ki, bu sanksiyalar Rusiya neftini daşıyan gəmilərin onun limanlarına daxil olmasına qadağa qoyulmasını nəzərdə tutur. Amma onsuz da ora getməyiblər və getməyi də düşünmürlər. Ruslara da Britaniya sığorta şirkətlərinin xidmətlərindən istifadə qadağan edilib. Amma onlar hələ də Hindistan və Çinin, yəni anti-Rusiya sanksiyaları rejimini dəstəkləməyən ölkələrin sığorta şirkətlərinin xidmətlərindən istifadə edirlər.

Daha bir məqam - başa düşməlisiniz ki, əslində "kölgə donanması" digər ölkələr üçün görünməzdir. Bunu dünya bazarında neftin qiymətinin qalxacağından, benzin və dizel yanacağının bahalaşacağından qorxan amerikalı dostlarımız uydurmuşdu. “Kölgə donanması” hekayəsi media tərəfindən götürüldü və yalan təfərrüatlarla örtüldü. Xüsusilə, heç kim “kölgə donanmasını” görmür. Çünki guya bu gəmilər AIS ötürücülərini söndürür. Bu, yalandır. Onlar ötürücüləri manipulyasiya edirlər, lakin istənilən beynəlxalq boğazlarda, xüsusən də Baltik dənizini Atlantik okeanı ilə birləşdirən Katteqat, Böyük və Kiçik Kəmərdə heç kim AIS ötürücüsünün söndürüldüyü bir gəmini buraxmayacaq. Buna görə də hər kəs onları mükəmməl görə bilər.

Rusiya neftini necə daşıyırdılarsa, elə də daşıyırlar. Rusiya da əvvəl aldığı kimi, indi də pul alır... Və Rusiya Federasiyasına qarşı sanksiyalara görə bu axının azalması müşahidə olunmayıb.

Məsələn, “Vladimir Tixonov” adlı tanker 2024-cü il sentyabrın 1-də Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilib. Lakin noyabrda o, Britaniya hökumətinin yanından, La-Manş boğazından keçdi. Bu il sentyabrın 11-də, yəni sanksiyaların tətbiqindən sonra o, neft üçün Hindistandan Novorossiyskə gedib və geri qayıdıb - yükləri boşaltıb Baltik dənizinə neft üçün qayıdıb. Heç bir belə sanksiyalar - nə Böyük Britaniya, nə də ABŞ - ona və yüzlərlə başqalarına mane olmayacaq.

Biz başa düşməliyik ki, bu gün neft satışı Rusiya üçün müharibənin əsas maliyyə mənbəyidir. Bu, Rusiya Federasiyasının Hindistan, Çin, Sinqapur, Malayziya və Afrika ölkələrindən aldığı xarici valyutanın ən böyük payıdır. Bu valyuta ilə Rusiya ehtiyac duyduğu hər şeyi alır - mikrosxemlərdən tutmuş optik alətlərə qədər. Bu qan tökülməsini maliyyələşdirən bir növ “əbədi hərəkət maşını” növüdür. Və o, dayandırılmalıdır, əks halda, müharibə heç vaxt dayanmayacaq.

Məhdudiyyətlərin imitasiya yox, Rusiyaya qarşı təsirli mexanizm olması üçün dostlarımız, müttəfiqlərimiz və tərəfdaşlarımız qarşısında qlobal sanksiyalar siyasətinin köklü surətdə yenilənməsi məsələsi qaldırılmalıdır. Və buradan çıxış etmək lazımdır ki, beynəlxalq dəniz hüququ, azad ticarət, tranzit azadlığı sülh dövründən gələn anlayışlardır. Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı Avropada müharibə dövrü üçün dəniz hüququnun müəyyən qaydalarını qismən dayandırmaq lazımdır. Bu, indi lazım olan sərt realizmdir.

Bu sual bir neçə dəfə, o cümlədən bir ay əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin Reykyavikdə, xüsusən də Danimarka hökumətinin rəhbərliyi ilə görüşündə qaldırılıb. Qətnamədə qeyd edilib ki, Rusiyanın “kölgə donanması”na neft nəqlinə icazə verilməməlidir, çünki onun satışından əldə olunan gəlirlə Rusiya Ukraynadakı müharibəni maliyyələşdirir. Bu, doğrudur. Sonra isə beynəlxalq dəniz hüququna uyğun hərəkət edəcəklərinə dair bəyanat verildi. Amma işləmir.

Məsələn, xam neft bazarı necə görünür? Təxminən 60%-i Baltik dənizindəki Rusiya limanlarından gəlir ki, bu da ayda təxminən 10-12 milyon ton təşkil edir. Həmçinin, belə neftin 20%-i Qara dəniz limanlarından, 20%-i isə Uzaq Şərq və Şimal limanlarından gəlir. Bu statistikaya əsasən, məhz Baltik dənizində bu axını dayandırmaq üçün tədbirlər görülməlidir. Və ümid edirik ki, biz nəsə edə bilərik, çünki Rusiyadan başqa bu dəniz bizim dost ölkələr tərəfindən idarə olunur - onlar ya Avropa İttifaqının, ya da NATO-nun üzvüdürlər.

La-Manş həm də Böyük Britaniya və Fransanın nəzarətindədir. Liman nəzarəti tərəfindən “qara siyahı”ya salınmış tankerlərin təxminən 30%-i var. Deyin ki, siz həmin tankerlərə ətraf mühiti qorumaq üçün boğazdan istifadə etməyi qadağan edirsiniz. Və sonra onlar Böyük Britaniyadan yan keçmək məcburiyyətində qalacaqlar ki, bu da əlavə bir neçə gün çəkəcək və Rusiya üçün tranzit bahalaşacaq...

İlk növbədə Rusiyanın neft satışından pul qazanmasının qarşısını almaq üçün tədbirlər görülməlidir. Əminəm ki, bu, baş verəcək. Ancaq sual odur: nə vaxt?

Müəllif: Andrey Klimenko - Ukrayna Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun rəhbəri
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
 

Dünyapress TV

Xəbər lenti