Ardını oxu...
Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində yük avtomobilləri üçün quraşdırılmış tərəzi sisteminin düzgün işləmədiyi iddia olunur. Sürücülər bildirirlər ki, bu səbəbdən AYNA tərəfindən onlara əsasız şəkildə 600 manat məbləğində cərimələr tətbiq edilib.

TEREF xəbər verir ki, bu barədə ajans.az redaksiyasına bir neçə sürücü müraciət edib. Onlardan biri – Allahverdi Əhmədovun sözlərinə görə, o, Giləzi tərəzisindən 40 ton 120 kiloqram yüklə keçib. Lakin Qaradağda ona 42 ton 510 kiloqram yüklə hərəkət etdiyi əsas gətirilərək cərimə yazılıb.

Sürücü qeyd edir ki, maddi vəziyyəti acınacaqlıdır və 600 AZN cəriməni ödəmək onun üçün çətindir.

Digər sürücü – Mehman Mustafayev də oxşar vəziyyətlə üzləşib. O, Qazaxdan 39 ton yük götürdüyünü, Ağstafa və Ucar tərəzilərindən problemsiz keçdiyini deyir. Lakin Qaradağda ona 42 ton yüklə hərəkət etdiyi üçün 600 manatlıq cərimə yazılıb.

Eyni hal Nazir Ağayevin başına gəlib. O bildirir ki, “DAF” markalı yük avtomobili ilə 40 ton yük daşısa da, Qaradağ tərəzisində bu rəqəm süni şəkildə 43 tona çatdırılıb və nəticədə ona da cərimə tətbiq edilib.

Sürücülər deyirlər ki, normaya uyğun yüklə hərəkət etdiklərini sübut edən sənədləri var. Onların sözlərinə görə, Səngəçal tərəzisində dəfələrlə oxşar hallar baş verib və bu cihazın düzgün işləmədiyi ehtimal olunur.

Məsələ ilə bağlı AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) ilə əlaqə yaratmağa çalışdıq. Nəhayət, telefon zəngimizə cavab verən qurumun mətbuat katibi Tural Orucov yalnız bir cümlə ilə kifayətləndi:

“Həmin şəxslər rəsmi qaydada müraciət etməlidir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən ümumi çəkidən və ya oxa düşən yük kütləsindən 5 faiz və daha artıq həddə artıq yüklə hərəkət etməsi fiziki şəxslər üçün 600 manat cərimə ilə nəticələnir.
 
Ardını oxu...
"Son zamanlar "Macara Hotel" adını çox eşidirdik və qərara gəldik ki, bu dəfə bura şans verək, kaş verməzdik. Heç vaxt unutmayacağımız bir təcrübə yaşadıq. Siz də bu təcrübəni yaşamaq istəmirsinizsə, postu sona qədər oxuyun..." "DİA-AZ" xəbər verir ki, bunu bloger Ləman Sadıqova özünün sosial şəbəkə hesabında yazıb.
O daha sonra bildirir:
"Həftəsonu otel full dolu olmasına baxmayaraq, personal azlığı, diqqətin az olmağı, qarmaqarışlıq, müştəriyə necə xidmət edilməsini bilməyən işçilər.
Bunu əsla Lankaran Springs Wellness Resort (TABIA Group)görmərsiz. Qiymətlər eyni olsa da, xidmət qətiyyən eyni deyil.
1-ci pərdə: Axşam yeməyində canlı musiqinin səsi o qədər yüksək, akustika o qədər narahatedici idi ki, restoranda səhnəyə ən uzaq yerdə əyləşməyimizə baxmayaraq səs-küydən dostlarımızla danışıb, söhbətləşə bilmədik. Hələ musiqi seçimləri…., ümumiyyətlə dəhşət idi. Amma bunda daha betəri müştəri ilə davranış qaydasını bilməyən personalın xidməti idi. Personal dedikdə təkcə ofisiant heyətini nəzərdə tutmuram. Situasiyanı təsəvvür edin: Ofisantın səhvi səbəbilə gec gələn bir burgeri dəyişməyə az qala otelin sahibi ilə danışacaqdıq, o qədər adam gəldi ki. Restoran admistratoruna problem həll etmək səlahiyyəti verilməyib, sadəcə dinləyir. Şikayətlərimizi bildirmək üçün otel adminstratoru ilə danışmaq istədik. Saat 10 tamamda bildirdilər ki, adminstrator yoxdur, əvəzedici şəxs də yoxdur. Dolayısıla şikayətlərinizi sabah yaxınlaşıb edə bilərsiniz.
Ən betəri bunlar da deyil. Səhər saatlarında bir möhkəm qadın ah naləsinə səsinə oyandıq. Necə oyanıb, otaqdan çıxdığım yadımda deyil. Bir qadın elə qışqırır ki, səsi bütün koridora yayılıb. Həkim, apteçka axtarır amma tapa bilmir.
Deməli, qadının yoldaşı dünən gecə 50 yaşını qeyd edirmiş və çox içib. Axşam otağa gəliblər və kişi səhərə yaxın infarkt keçirirmiş. Təcili yardıma zəng edəndən düz 1saat sonra təcili yardım gəldi amma gec idi, kişi ölmüşdü.
Məsələ odur ki, qiyməti 5 ulduzlu otellərlə rəqabət aparan bir oteldə işləyən həkim yoxdu ki, müştəriyə ilkin tibbi yardım göstərsin. Bəlkə də olsaydı, o adam yaşayardı. Azərbaycanda bir çox biznesdə vəziyyət budur, sahibkar ancaq gəlirə fokuslanır, gələn gəlir yeni koteclərin tikintisinə ayrılır ki, daha çox müştəri=pul qazansın. Amma xidmət səviyyəsini test edib inkişaf etdirmək düşünülmür. Nəticədə ödədiyi məbləğin qarşılığında ona uyğun xidmət görməyən müştəri əlbəttə ki, həmin məkana bir daha getmir və ətrafına da tövsiyyə etmir.
Yazacaq çox sözüm var amma nəticəsiz qalacağını düşünürəm. Həmin oteldə bu şikayətləri dinləyib problemləri həll etməyə maraqlı şəxslərin çalışmadığını düşünürəm. Buna görə yazdım ki, ən azı bu məkana getsəniz, hansı vəziyyətlə razılaşacağınızı biləsiniz.
Otel - sakit dincələcəyimiz özümüzü konfortlu və dəyərli hiss edəcəyimiz yer olmalıdı..."
 
Ardını oxu...
Dövlət büdcəsi hesabına təmir olunmuş tarixi binanı pis günə salıblar.
Ardını oxu...
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı memar Elşin Əliyev paylaşıb. O bildirib ki, şəhərin mərkəzində biabırçılıq hökm sürür:

“Zərifə Əliyeva küçəsində yerləşən bu tarixi binanın girişi artıq bir həftədir bu vəziyyətdədir. Halbuki bina COP-a hazırlıq çərçivəsində dövlət büdcəsi hesabına təmir olunmuşdu. Bu vandallığın məsuliyyəti kimdədir? Nəzarət orqanları hara baxır? Vergi ödəyicisinin pulu niyə bu cür israf olunur?”.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışmış Ramin İsayevin (həmçinin Ramin Ali Hakan kimi tanınır) dələduzluq fəaliyyəti ilə bağlı yeni detallar ortaya çıxıb. Son araşdırmalar zamanı Ramin İsayevin Massaçusets Texnologiya İnstitutunda (MIT) təhsil aldığı dövrdə törətdiyi saxtakarlıq və plagiatla bağlı faktlar aşkarlanıb. Məlum olub ki, 2025-ci ilin yanvarında MIT tərəfindən Ramin İsayevin diplomu, MBA dərəcəsi və məzun statusuna əsaslanan bütün imtiyazları rəsmi şəkildə ləğv edilib. Bu qərar Ramın İsayevin 2016-2018-ci illər ərzində MIT-də təhsil alarkən etdiyi qayda pozuntuları və dələduzluq faktlarının, həmçinin çoxsaylı plagiat və tabeliyində olan işçiləri öz əvəzinə təhsil çərçivəsində verilən tapşırıqları yerinə yetirməyə məcbur etməsi hallarının uzunmüddətli araşdırmasının nəticəsində verilib.

Hurriyyet.az xəbər verir ki, MIT-nin İntizam Komitəsi Ramin İsayevin plagiatla məşğul olmasını, rəhbərlik etdiyi şirkətin əməkdaşlarını öz yerinə təhsil ilə bağlı tapşırıqları və işləri yerinə yetirməyə məcbur etdiyini təsdiqləyib. Müəyyən edilib ki, o, faktiki olaraq öz təhsilini tabeliyində olan əməkdaşlarına tapşırıb.

MIT-nin kommunikasiyalar idarəsinin rəhbəri Kimberli Allen də jurnalist sorğusuna cavab olaraq 2016-cı ilin payızından 2018-ci ilin yazına kimi təhsil müəssisəsində aspiranturada oxuyan R.İsayevə verilən diplomun 2025-ci il yanvarın 16-da ləğv edildiyini təsdiqləyib. Haqqın.az saytı R.İsayevin yaxınlarının redaksiyaya müraciətindən sonra mümkün anlaşılmazlıqları aradan qaldırmaq üçün yenidən xanım Allenlə əlaqə saxlayıb və o, bir daha Ramin İsayevin MIT-dən aldığı elmi dərəcəsinin ləğv olunduğunu təsdiqləyib.

Xatırladaq ki, Ramin İsayev 16 milyon manat məbləğində kreditin mənimsənilməsi ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Kredit 2012-2014-cü il dövründə Azərbaycan Beynəlxalq Bankı tərəfindən "Baghlan Group" ilə əlaqəli şirkətə verilib, harada ki Ramin İsayev rəhbər vəzifə tutub.

Araşdırmalar zamanı Ramin İsayevin fəaliyyətinin digər gizli təfərrüatları da üzə çıxmağa başlayıb. İsayevin əməlləri nəticəsində dəymiş ziyan 54 milyon manat qiymətləndirilir ki, bu da ilkin hesablamadan 4 dəfə çoxdur.

Ramin İsayevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri üzrə yekun ittiham irəli sürülüb.

Hazırda cinayət işi bağlı məhkəmə prosesi davam edir. İstintaq materiallarına əsasən, Ramin İsayev rəhbərlik etdiyi şirkətin korporativ inkişafı üçün nəzərdə tutulmuş vəsaitlərini sistematik olaraq şəxsi aktivlərinə yönəldib. Hazırda istintaq onun təsdiqlənən akademik fırıldaqçılığı ilə maliyyə cinayətləri arasındakı mümkün əlaqələri araşdırmağa davam edir.
 
Ardını oxu...
Sumqayıt şəhər 2 saylı Göz Xəstəxanasından şikayət var.

Milli.Az xəbər verir ki, vətəndaş xəstəxanada növbə olmamasından şikayətlənir. Onun sözlərinə görə, xəstəxanada problemini bildirmək üçün nə baş həkimi, nə də məsul şəxslərdən heç kimi tapmaq mümkün deyil. Vətəndaşın sözlərinə görə, insanlar bir neçə dəfə növbəyə dursalar da, amma bu prinsipin pozulduğunu iddia edir.

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aparılan optimallaşdırma işləri səbəbindən müəyyən sıxlıq müşahidə olunsa da, bütün pasiyentlərin qəbulu elektron növbə sistemi vasitəsilə həyata keçirilir:

“Vətəndaşlar tərəfindən ixtisaslı həkimlərə müraciət sayında artım qeydə alınır. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində növbə yaranmasına səbəb olur”.

Qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər, eləcə də şəhid ailələrinin üzvləri, qazilər növbəsiz şəkildə qəbul olunur.
Ardını oxu...
“İmperial” MTK tikinti şitkəti ilə bağlı ilginc məlumatlar əldə etmişik.

Belə ki, Nizami rayonu, Tofiq Abbasov küçəsi, daha dəqiq, “Hədəf” liseyin yanında inşa edilən 18 mərtəbəli yaşayış binalarında hər an fövqalada hadisə baş verə bilər. Lahiyədə nəzərdə tutulan binalara əlavə olaraq daha bir mərtəbə əlavə olunub.

Bunu bilən sakinlər hiddətli şəkildə etirazlarını bildiriblər. Məlumatda daha sonra vurğulanır ki, artıq bir neçə ailəyə qanunsuz olaraq əlavə edilən mənzillərdən satılıb. Hətta elektrik enerjisinin oğurluq yolu ilə istifdə edildiyi də məlumatlar sırsındadir.

Binanın şaxtsında olan bütün faktlar öz təsdiqini tapır. Məsələ ilə bağlı adı hallanan “İmperial” MTK rəhbəri Arif müəllimlə əlaqə saxlamağa çalışdıq. Qarşı tərəf məsələyə münasibət bildirmək üçün əməkdaşlarımızı baş ofisə dəvət etdi. Söhbət zamanı Arif Mustafayev qeyd etdi ki, Bakı şəhərində bütün binalar eyni vəziyyətdədir. Yəni, tək “İMPERİAL” MTK deyil, digər MTK-da hündür mərtəbəli yaşayış binalara daha əlavə bir mərtəbə əlavə olunur. FHN nə üçün məsuliyyətdən özünü kənar tutur?

Elə buradaca bütün dövlət qurumlarına, o cümlədən Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məlumat üçün bildiririk ki, yuxarıda göstərilən MTK rəhbərliyi qanunsuz olaraq lahiyədən kənar mənzillər tikdirərək müxtəlif vətəndaşlara satmışdır.

Əgər yaşayış binasında hər hansısa bir bədbaxt hadisə baş verəcəksə, məsuliyyət bir başa MTK rəhbəri Arif və ona himayadarlıq edən şəxslərin üzərindədir. Mövzü diqqətimizdədir.

Yenixeber.org
 
Ardını oxu...
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakim Rəşid Səmədovun sədrliyi və hakimlər- Xəyalə Cəmilovanın və Şirazi Eldarzadənin iştirakı ilə) «Təzadlar» qəzeti redaksiyasının Dövlət İmtahan Mərkəzinin informasiya sorğusunu cavablandırmaması kimi qanunsuz hərəkətindən verdiyi şikayətə baxan Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 14 fevral 2025- ci il tarixdə qəbul etdiyi qanunsuz qərardadından verilmiş apellyasiya şikayətinə baxdı. Məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 14 fevral 2025- ci il tarixli qərardadını qüvvədə saxladı.
Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası da (hakim Rəşid Səmədovun sədrliyi və hakimlər- Xəyalə Cəmilovanın və Şirazi Eldarzadənin iştirakı ilə) bir daha sübut etmiş oldu ki, sən demə, 2 ilə 4 illik universiteti bitirib ali təhsil diplomu alaraq bunun da əsasında başqa bir universitetdə ikinci ali təhsil alıb icra başçısı olmaq mümkündür!
***
Beləliklə, Dövlət İmtahan Mərkəzinə sorğu verilib ki, İsmayıllının icra başçısı Nahid Bağırov özü tərəfindən yaydığı rəsmi anget sorğusunda yazır ki, 1999-cu ildə ABU-nun hüquq fakültəsini bitirib. Sonra bu ali təhsil sayılan diplom əsasında Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirmişdir və s.

Xatırladırıq ki, Azərbaycan Beynəlxalq Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu almışdır. Universitet, həmçinin Ədliyyə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçmişdir. 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48–11–4058/16 nömrəli qərarı ilə ilk dəfə, 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə fəaliyyəti üçün yenidən lisenziya almışdır. Universitetdə bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutulmuşdur. N.Bağırov RİH-nin rəsmi məlumat lövhəsində isə yazır: «Bağırov Nahid Rza oğlu: 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub, orta təhsilini Bakı şəhəri 242 və 151 saylı məktəblərdə alıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirmişdir».

Ardını oxu...
Göründüyü kimi, N.Bağırov 1997-ci ildə fəaliyyətə başlamış ABU-nu (bildiyimiz qədər həmin dövrdə orada hüquq fakültəsi də yox idi) 2 ilə-1999-cu ildə bitirmişdir. Hansı ki, Nazirlər Kabinetinin və Ədliyyə Nazirliyinin qərarında ABU-da bakalavr təhsilin müddəti 4 il nəzərdə tutulmuşdur. Elə isə, şəxsə 2 ilə ali təhsil diplomu necə verilə bilərdi? Və redaksiya informasiya sorğusunda DİM-dən xahiş etmişdi ki, ya ABU-da 2 illik alli təhsilin olmasını təsdiqləsin, ya da N.Bağırovun yaydığı bu məlumatı təsdiqləsin.

Beləcə, indi, necə deyərlər, bir dəli bir quyuya daş atıb, indi yüz ağıllı onu necə çıxarmaq barədə baş sındırır. Məhkəmələr və DİM də qalıb bir sadə sualın qarşısında aciz!!!

Məleykə Abbaszadə isə Avropa Məhkəməsinə şikayət verməyimizi istəyirsə…

Elə isə, gəlin bir sadə suala cavab tapaq: N.Bağırovun özü tərəfindən ictimailəşdirilmiş məlumatın təsdiqi üçün daha nə lazımdır? Adətən jurnalistlər məhkəməyə verilir ki, niyə qarşı tərəfi dinləməmisiniz, sorğu verib cavab almamısınız? İndi sorğu veririk, DİM rəhbəri hörmətli Məleykə Abbaszadə min cür əsassız bəhanələrlə cavab vermir, o da, hakimlər də icra başçısının bu müəmmasına şərik çıxırlar! Demək, Məleykə Abbaszadə və hakimlər redaksiyanı qanunsuz məhkəmə qərarlarından Avropa Məhkəməsinə şikayət verməyə məcbur edirlər.

Bəlkə bir az da səbrli davranıb bir suala da cavab axtaraq: Nahid Bağırov İsmayıllıya icra başçısı təyin ediləndən 1 ay sonra ölkə tarixində ilk dəfə Prezident Sərəncamı ilə Töhmət aldı! Bu azmış kimi, sonradan məlum olur ki, DTX-də yoxlanılan, Prezident Administrasiyasında araşdırılan sənədlərin içində heç kim 2 ilə ABU-nu bitirib ali təhsil diplomu almağın sirrini bilməyib???

Sonuncu suala cavab tapaq: bəs bu təqdimatı kim yazıb və Prezidentə bu sənədlər toplusunu kim təqdim edib???

Bu və ya digər suallara tezliklə cavab tapılacağına əminik. Çünki redaksiya Bakı İnzibati Kollegiyasının bu günkü qərardadını qəbul edən hakimlərdən Məhkəmə Hüquq Şurasına, eləcə də Nahid Bağırovun şəxsi işindəki müəmmalar barədə Prezidentə müraciət yazacaq.

Yəni, ölkədə hüquqi islahatlardan, hakim ədalətindən söhbət getdiyi bir vaxtda məhkəmələr bu boyda qanunsuzluğa göz yumursa və Prezidentin imzaladığı, Milli Məclisin qəbul etdiyi “Media haqqında” qanunu tanımırlarsa, daha sözümüz yoxdur.

“Təzadlar”
Ardını oxu...
Azərbaycan İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunları diplomlarını ala bilmirlər.

Bu barədə maliyyə ixtisasında təhsil almış və məzun olan tələbələr Oxu.Az-a şikayət ünvanlayıblar.

Onlar bildirirlər ki, Rusiya vətəndaşları diplomlarını aldı, lakin azərbaycanlı 70 tələbə hələ də sənədləri ala bilmirlər:

"2020-ci ildə UNEC-in Dərbənd filialına qəbul olunmuşam. Qiyabi qəbul olanlar beş il, əyanilər isə dörd il təhsil alır. Nə biz 2024-cü il məzunları, nə də ki, 2023-cü il məzunları olan tələbələr diplomlarını ala bilirlər. Elm və Təhsil Nazirliyinə müraciət edirik. Bizə cavab verilir ki, siz Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında iştirak edərək qəbul olmamısınız deyə, tələbələrin qəbulu, tədris prosesi, diplom verilməsi araşdırılır.

Biz 2023-2024 -cü il məzunları olaraq 70 tələbəyik. Hamımız da kəsrsiz tədris müddətini başa vurmuşuq. Rektor tərəfindən müvəffəqiyyətlə məzun olduğumuza dair arayış verilib. Artıq iki ilə yaxındır araşdırma aparılır. İki ildir 70 tələbəni araşdırıb bitirə bilmirlər?

Bəlkə də şübhə duyulur ki, biz karantin müddətində dərsdə iştirak etməmişik. Amma belə bir hal baş verməyib. Bütün tələbələr təyyarə ilə Mahaçqalaya, oradan da Dərbəndə gediblər. Qroznıya, Mineralnıye Vodıya da uçmuşuq. Bir saat ərzində belə bütün məzunların məlumatlarını araşdıra bilərlər.

Hətta qəzadan sonra Dağıstana təyyarə uçmadı. Tələbələrin adları Dövlət Sərhəd Xidmətinə verildi. Tələbələr quru sərhəd ilə Dağıstana getdi. Biz çətinliklərə baxmayaraq, dərslərimizi buraxmadıq, əziyyətlə yollarda qalıb oxuduq, indi də diplom ala bilmirik.

Tələbələrin bəzilərinə çağırış gəldi deyə, hərbi xidmətə yollandılar. İndi onlar diplomu yoxdur deyə, bir il altı ay xidmət çəkirlər.

Bizim haqlarımız kobud şəkildə pozulur. Əziyyətimiz yerdə qalır".

Məsələ ilə bağlı UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova Oxu.Az-a açıqlamasında qeyd edib ki, Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən diplom blankları UNEC-ə verilən kimi məzunlara diplomlar təqdim olunacaq:

"Hazırda nazirlik tərəfindən araşdırma aparıldığı bildirilir".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanlanıb.

Qeyd edək ki, 2016-cı il noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub.

Dərbənd filialına qəbul Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul qaydalarına əsasən aparılır.

Maraqlıdır, belə olan halda tələbələrin diplomlarını DİM vasitəsilə qəbul olunmadıqları üçün araşdırma aparılır deyərək, verməmək nə qədər doğru yanaşmadır?

Sualımıza cavab olaraq təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, sözügedən filiala qəbul Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanı əsasında aparılmadığı üçün araşdırma aparılır deyilirsə, bu doğru yanaşma deyil:

"Daha doğru şərh vermək üçün UNEC-in Elm və Təhsil Nazirliyi ilə olan nizamnaməsinə baxmaq lazımdır.

Ümumilikdə, xarici filiallarda qəbul prosesi bir az fərqlidir.

UNEC-in Dərbənd filialının nizamnaməsinə baxmaq lazımdır. Xarici filiallarda proses bir az fərqlidir.

Məsələn, Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları var. Bura qəbul Azərbaycanın qəbul qaydaları ilə yanaşı, Rusiyanın özünün keçirdiyi qəbul imtahanı əsasında aparılır.

UNEC-in Dərbənd filialına qəbul da eyni qaydadadır. Tələbə qəbulu həm Azərbaycanın daxili imtahanı, həm də Rusiya qəbul qaydaları əsasında aparılır. Diplomları da UNEC verir. Təhsil Nazirliyi bu diplomları tanımırsa, burada artıq problem var deməkdir.

Nazirlik DİM vasitəsilə qəbul olmamısınız deyə araşdırma aparılır deyirsə, bu, doğru yanaşma deyil. Çünki xarici ölkə vətəndaşı da DİM vasitəsilə qəbul olunmayıb".

Ekspert qeyd edib ki, DİM imtahanları vasitəsilə tələbə qəbulu yalnız ölkə hüdudları çərçivəsində keçərlidir:

"Dərbənd filialı da Azərbaycan ali təhsil müəssisəsinin filialıdır. Azərbaycan ali təhsil müəssisəsi bunu tanıdığı üçün ETN də tanımalıdır. Buna görə DİM-i şərt kimi qoymamalıdır. Çünki DİM-in qəbul imtahanı ölkə hüdudları çərçivəsində keçərlidir. Ölkə hüdudlarından kənarda bu, keçərli deyil. Qurumun vasitəsilə ölkə hüdudlarından kənarda qəbul keçirilə bilməz.

Azərbaycan ali təhsil müəssisələrində ikinci ali təhsil almaq imkanı var. Bura da qəbul DİM vasitəsilə aparılmır. O zaman ETN ikinci ali təhsil alanlara diplom verməməlidir? Bu heç doğru cavab və yanaşma deyil.

Xarici ölkələrdə fililal üçün DİM vasitəsilə tələbə qəbulu keçərli deyil. Çünki ali təhsil müəssisəsi xarici filialda istədiyi formada tələbə qəbulu həyata keçirə bilər.

Düzdür, burada ETN ilə UNEC arasında razılıq nizamnaməsinə baxmaq lazımdır. Buna əsasən müəyyən fikirlər bildirildikdə, daha doğru olar. Lakin ümumi beynəlxalq prizmadan yanaşdıqda, söylədiyim qaydalar keçərlidir".

Onun sözlərinə görə, ETN tələbələrin diplomlarını almalarına dəstək verməlidir:

"Bizim ali təhsil müəssisəmiz o qədər inkişaf edib ki, Rusiyada filialı var. Bu, bizim qürur mənbəyimizdir. Bu gün etibar sarsılarsa, sabah digər tələbələrin qəbulu üçün əngəllər ortaya çıxa bilər. Ona görə də sözügedən məsələnin həlli yolunda ETN tələbələrə dəstək olmalıdır".

Ramin Nurəliyev UNEC-in Dərbənd filialına tələbə qəbulu prosesi barədə də məlumat verib:

"Bu filialın açılmasında məqsəd Dərbənddəki türkdilli xalqların, bizim soydaşlarımızın təhsilinə dəstək verilməsidir. Filial ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə açılıb.

Qəbul prosesi üç istiqamətdə aparılır. Bizi maraqlandıran əsas iki istiqamətdir. Birincisi türk soylu vətəndaşlar, Rusiyanın digər vətəndaşlarının müraciətidir - bu, daxili imtahan ilə həyata keçirilir. Yəni Rusiya dövlətinin keçirdiyi qəbul imtahanı əsasında aparılır.

İkinci müraciət isə Rusiyadan kənarda qalan xarici tələbələrin müraciətdir. Bu zaman azərbaycanlılar müraciət edə bilər. Burada ayrıca olaraq riyaziyyat, coğrafiya, Azərbaycan dili və rus dilindən imtahan keçirilir, yaxşı nəticə əldə edənlər Dərbənd filialına qəbul oluna bilir.

Filial qanuni olaraq fəaliyyət göstərir. Rusiya tərəfindən də lisenziya verilib".

Xatırladaq ki, sözügedən tələbələr aprelin 3-də Oxu.Az-a müraciət edərək, diplomlarını ala bilmədiklərini söyləmişdilər.
 
Ardını oxu...
“AQTA-nın cərimələrı, yoxlamaları kifayət etmir. Özü də belə bürokratik yoxlamalar. Qida sahəsində yoxlamalar dəyişməlidir. Hökümətin biznes qurmaq üçün yaratdığı toxunulmazlıq şəraitindən sahibkarlar bol istifadə edirlər, yəni onları yoxlamaq olmaz, yoxlama planlı olmalıdır, əvvəlcədən deyilməlidir ki, gəlirik filan şeyi yoxlamağa və s”.

TEREF Ajans.az-a istinadən xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, AQTA-nın qəfil yoxlama aparmaq səlahiyyəti olmalıdır:

“Lazım olsa, gecə də yoxlanış apara bilsinlər, çünki şadlıq evləri o vaxt başlayır işə. Nə qədər ki, bu cür qəfil yoxlamalar yoxdur, bu hadisələr də davam edəcək, heç bir cərimələr fayda verməyəcək. Ona görə AQTA-nin əsasnaməsində dəyişiklik aparılmalıdır, onlar xəbərdarlıqsız yoxlama imkanlarına malik olmalıdılar.

Üstəlik bu sahədə tələb təklifi üstələyir. İnsanlar şadlıq evində toy etmək üçün növbəyə durublar. Harada ki, tələb təklifdən çoxdur, orada mütləq keyfiyyətsiz xidmət meydana çıxır. Ona görə toy edən vətəndaş da ilk öncə gedib şadlıq evinin mətbəxinə baxmalıdır. Yəni burada həm şadlıq evlərinin sahibləri, həm də vətəndaşlar məsuliyyətli olmalıdır”.

Eyyub Hüseynov eyni zamanda bildirib ki, AQTA-ya məhsulla bağlı şikayət göndərib və cavab gözləyir:

“AQTA-nın işini test etmək üçün bir material göndərdim ki, görüm tez reaksiya veriləcək? Dünən bir istehlakçı gətirib, "Batonçik" adlı konfetdir, "Mirzəoğlu MMC"də istehsal olunur, Buzovnada. Vətəndaşlar bunu Rusiya məhsulu kimi alırlar. Göndərdim AQTA-nin müvafiq şöbəsinə.

Çox mübarizə apardım ki, AQTA-ya ictimai dəstək verək, lakin bu qurum heç bir ictimai dəstəyə, KİV ilə effektiv işləməyə üstünlük vermir. Nə qədər belə olacaqsa, zəhərlənmələr də olacaq. Təsadüfi deyil ki, AQTA-nın göstərdiyi rəqəmlərə görə Azərbaycanda zəhərlənmələrin statistikası ümumdünya göstəricisindən 1400 dəfə azdır. Bu yalançı statistikalara son qoyulmalıdır”.

Eyyub Hüseynov saxta içkilərin aşkarlanması problemindən danışarkən qeyd edib ki, AQTA-nın işində belə bir qeyri-şəffaflıq mövcuddur:

“Məsələnin son nəticəyə qədər təqib edilməsi ictimaiyyətə açıqlanmır. Bu, çox pis bir cəhətdir. Yaxşı olardı ki, bu məsələlər şəffaflaşdırılsın. Əhaliyə yarımçıq informasiya lazım deyil, o məhsulun ilk mənbəyinə gedib çıxılması lazımdır”.
 
Ardını oxu...
“Bağırov” körpüsünün növbəti dəfə su altında qalmasına səbəb yenidənqurma zamanı buraxılmış layihə və nəzarət səhvləri olub. Körpünün 2010-cu illərdəki rekonstruksiyası zamanı giriş yolları uzadılıb və səviyyə 2 metrə yaxın endirilib. Bu isə nəticədə həmin əraziyə toplanan suyun miqdarını kəskin artırıb.

Tribunainfo.az xəbər verir ki, bu sözləri memar Elçin Əliyev leysan xarakterli yağışlardan sonra sözügedən körpünü su basma səbəbi barədə danışarkən deyib. O bildirib ki, körpüdə aparılan yenidənqurma zamanı bu cür risklər nəzərə alınmayıb:

“2010-cu illərin əvvəllərində Bağırov körpüsü yenidən quruldu. Görülən işlərin nəticəsində, körpüyə giriş yolu (aeroport tərəfdən) təxminən 2 metr aşağı salındı və uzunluğu əlavə 500–600 metr artırıldı. Bu isə əvvəlki dövrlərlə müqayisədə körpünün altında daha çox su yığılmasına səbəb oldu.

Maraqlıdır, mütəxəssislər belə bir vəziyyəti əvvəlcədən görürdülərmi (görməmələri mümkün deyildi), amma körpünün yenidən qurulması zamanı suyu çəkən nasosların sayı və kanalizasiya ötürücülük qabiliyyəti əvvəlki səviyyədə saxlanıldı. Bu da, nəticədə, körpünün altındakı sahənin tez-tez su altında qalmasına və hərəkətin dayanmasına gətirib çıxardı. Bunu layihəçilərin səhvi hesab etmək olar.
Ən maraqlısı budur ki, yeni tikilmiş yan tunellərdə belə bir su basması müşahidə olunmur, çünki orada uyğun avadanlıq quraşdırılıb”.

Memar bildirib ki, aparılan yenidənqurma işləri belə faciəvi hallar və fəlakətlərlə müşayiət olunur:

“Halbuki işlərin şəffaf aparılması və dövlət nəzarətinin düzgün təşkili ilə bunların qarşısını almaq mümkün olardı”.

Xatırladaq ki, “Bağırov” körpüsündə yenidənqurma işləri 2008-2010-cu illərdə aparılıb. Yenidənqurma işləri Türkiyənin “Kolin” şirkəti tərəfindən həyata keçirilib. Sözügedən şirkət hazırda işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrinin icrasında iştirak edir.
Şirkət Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun, Göygöldən Kəlbəcərə magistralın çəkilişində, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının, Qarabağda qurulan yeni hava limanlarının inşasında iştirakçıdır.
 

Dünyapress TV

Xəbər lenti