Ardını oxu...
"Azəristiliktəchizat" ilə bağlı şikayətlər səngimək bilmir.

Sözügedən qurumun fəaliyyəti vətəndaşları narazı salır. "Azəristiliktəchizat" ona ehtiyac olan qış fəslində sözün əsl mənasında “kapriz” nümayiş etdirir. Həmin müddətdə bu qurumdan olan şikayətlərə nəzər saldıqda, deyilən sözə haqq verəcəksiniz. Deməli, hansısa yüksək mərtəbəli binada bir şəxs "Azəristiliktəchizat"a borcunu ödəmirsə, aləm bir-birinə dəyir. Bir nəfər borcunu ödəmədiyi üçün bu qurum tərəfindən bütün binanın istiliyi kəsilir.

Bəli, olduqca absurd səslənsə də, məhz bu addım atılır. Kiməsə görə soyuq havada bütün sakinlərin istiliyi qurum tərəfindən kəsilir. Onlar kiməsə görə pulunu ödədiyi xidməti ala bilmirlər. Bu, kapriz deyil, bəs nədir?

"Azəristiliktəchizat" guya bu addımı atmaqla qonşular tərəfindən həmin borclu şəxs üzərində təzyiq başqa sözlə, ictimai qınaq yaratmağa çalışır,. Yəni "Azəristiliktəchizat" borcunu özü ala bilmədiyi üçün başqalarından kömək istəyir. Nə qədər mənasız prosedur olsa da, mütəmadi olaraq təkrarlanır. Bunun tək bir adı var: sakinlərinə zülm vermək, bir nəfərə görə hər kəsi cəzalandırmaq.

"Azəristiliktəchizat" mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi üçün məbləğin hesablanması üçün də olduqca "unikal" bir metoda əl atıb. Belə ki, eyvan və qeyri-yaşayış yerlərini belə istilik verilməsi üçün evin kvadratına daxil edir. Bunun adı soyğunçuluqdan başqa bir şey deyil. Axı eyvan üçün istilik haqqı istəmək ağıla necə gələ bilər?

Hələlik qış bitsə də soyuq bitməyib və "Azəristiliktəchizat" abonentlərin əsəb sistemini pozmağa davam edir.
 

Ardını oxu...
  

Siyasi təhlilçi Tofiq Abbasov rusdilli “Minval.az” saytında “Zəngəzur – Ermənistanın borcu: İndi ödəməyin vaxtıdır!” adlı məqalə ilə çıxış edib.

Musavat.com həmin məqaləni öz oxucularına Azərbaycan türkcəsində təqdim edir:

*
“Müharibə” anlayışı həmişə dağıntı və itkilərlə assosiasiya olunur – bu, bütün mənalarda danılmazdır. Amma əgər bu qorxunc hadisəyə fəlsəfi nöqteyi-nəzərdən yanaşsaq, onda bu prosesdə müəyyən dərəcədə təbii bir cəhət də var – insan bu reallıqla barışmalı olur.

Bəzən müharibələr köhnə münasibətlər sistemini süpürüb atır, mövcud olan köhnəlmiş qaydaları dağıdır və yerinə yeni yanaşmalar gətirir. Elə buna görə müharibəni “tarixin mamaçası” da adlandırırlar.

Amma əgər müharibə ədalətsizdirsə və süni bəhanələrlə başladılıbsa, onda vəziyyət tamamilə başqa cür olur. Belə müharibə faydalı və zəruri olanı məhv edir, insanlara ölçüyəgəlməz əzablar yaşadır və dəhşətli yaralar buraxır. Təcavüzkar isə həmişə bu əməllərinə görə ciddi cavab verməli olur.

İki Qarabağ müharibəsi minlərlə insanın həyatına son qoydu, Azərbaycanın ərazisinin 20 faizi işğal olundu. Təcavüzkar tərəf bir neçə çiçəklənən şəhər və kəndi yerlə yeksan etdi, böyük bir regionun işlək infrastrukturunu tamamilə dağıtdı.

Zərər çəkmiş Azərbaycan isə bu gün dağıdılmış hər şeyi öz hesabına bərpa edir və bu işə nəhəng səylər sərf edir. Geniş bir ərazi böyük çətinliklə yaşamaq üçün yararlı vəziyyətə gətirilir. Bərpa işləri ciddi maneələrlə qarşılaşır – onların içində ən təhlükəlilərindən biri minalardır. Amma bu haqda bir qədər sonra.

Hazırda Ermənistan sülh müqaviləsinin on yeddi bəndi üzrə razılaşmanın eyforiyasına qapılıb və bu ölkənin siyasətçiləri ilə ictimai rəy liderləri tərəflər arasında razılaşdırılmış öhdəliklərin əhəmiyyətini xüsusi olaraq vurğulayırlar. Əsas diqqət beynəlxalq arbitraj instansiyalarına verilmiş iddiaların geri götürülməsi məsələsinə yönəlib. Lakin bu kontekstdə çox mühüm bir detal gizlədilir – bu, təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə proses üçün prinsipial əhəmiyyət daşıyır.

İrəvan süni şəkildə öz günahını azaldır və guya 1980-ci illərin sonlarında baş vermiş “miatsum” ideologiyasının alovlandırdığı qanlı hadisələrlə heç bir əlaqəsi olmamış kimi davranır. Bu ideologiya sonradan təcavüzə yol açan əsas səbəblərdən biri olmuşdu. Ardınca iki genişmiqyaslı hərbi kampaniya gəldi ki, bu da azərbaycanlıların yaddaşında dərin izlər buraxdı. İndi isə Ermənistan tərəfi beynəlxalq instansiyalara verilmiş iddiaların geri çağırılması məsələsini ortaya atmaqla yeni bir avantüraya əl atır.

Hazırda Bakıda davam edən və 23 nəfər erməni əsilli şəxsin – o cümlədən qondarma “Dağlıq Qarabağ Respublikasının” keçmiş “prezidentləri”, hərbi komandirləri və digər başçılarının müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və etnik təmizləmə də daxil olmaqla ağır cinayətlərdə ittiham olunduğu məhkəmə prosesi Ermənistan və onun xaricdəki havadarları tərəfindən hər yerdə “qanunsuz” adlandırılır. Onlar iddia edirlər ki, guya bu şəxslərin hüquqları pozulub.

Separatçı Xankəndi rejimini axıra qədər dəstəkləyən qüvvələrin bu qədər sərt reaksiya verməsinin də səbəbi var.

Təqsirləndirilən şəxslərin – qondarma qurumun keçmiş rəhbərlərinin verdiyi ifadələr Ermənistanın bu qanlı cinayətlərdə birbaşa iştirakını ifşa edir. Gecəyarısı yatan azərbaycanlı şəhərlərin – Gəncə, Tərtər, Bərdə, eləcə də Bakı və Mingəçevirin bombalanması əmrlərinin İrəvandan gəldiyi təqsirləndirilən şəxslər tərəfindən etiraf olunub. Qanunsuz qurumun rəhbərləri Ermənistanın siyasi rəhbərliyinin və silahlı qüvvələrinin baş qərargahının verdiyi əmrləri dəqiqliklə yerinə yetiriblər.

Günahı gizlətmək və inkar etmək çıxış yolu deyil. Ermənistan təcavüzə, Azərbaycan torpaqlarının işğalı və dağıdılmasına, Xocalı və digər yerlərdə törədilmiş soyqırımı aktlarına görə birbaşa məsuliyyət daşıyır. İki müharibənin və saysız cinayətlərin günahkarı məhz Ermənistandır. Ermənistan bu iştirakını gizlətməyə və məsuliyyəti uydurma “özünümüdafiə ordusu” olan qondarma “Qarabağ xalqının” üzərinə atmağa çalışsa da, bu, sübutlarla təsdiqlənmir.

Azərbaycanın işğal olunmuş ərazilərində döyüşən qüvvə Ermənistanın müntəzəm ordusu olub. Bu ordunun qalıqları – təxminən 10 minlik hərbi kontingent – 2023-cü ilin 19–20 sentyabrında cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində tam zərərsizləşdirilib.

O ki qaldı Ermənistandan kompensasiya tələb olunmasına, burada heç bir şübhə ola bilməz. Ermənistan müqavimət göstərəcək, bəhanələr gətirəcək və müxtəlif bədbəxt izahlar təqdim etməyə çalışacaq – lakin bunların heç bir hüquqi qüvvəsi yoxdur. Müharibənin vurduğu zərərin ödənilməsi beynəlxalq hüququn normalarına tam uyğundur. Məğlub ölkənin qalib tərəfə reparasiya ödəməsi – bu, gündə gecənin dəyişməsi qədər təbii və zəruri prosesdir.

Əgər İrəvan pul ödəməkdən imtina etsə, o zaman ekvivalent kompensasiya təklif etməli olacaq. Belə bir alternativ variant Zəngəzur dəhlizinin açılması və bütün infrastrukturun tam şəkildə qurulması ola bilər.

Tarixdə belə nümunələr çox olub. Təhlükəli borc içində olan işğalçı ölkə bəzən qalibə torpaq və ya istehsalat güclərini güzəştə gedərək ödəmə yolu seçib. Amma bu obyektlər fəaliyyət göstərən, real dəyərə malik olmalıdır – “ölü yük”lə borcu ödəmək mümkün deyil.

Ermənistanın ərazisində sərhədə yaxın yerləşən qiymətli metal yataqları, qızıl mədənləri, dağ-mədən emal müəssisələri və digər istehsal obyektləri var.

Məsələn, Almaniya ilə Fransa arasında baş verən fasiləsiz müharibələr XX əsrdə Almaniyanı ciddi şəkildə zəiflətdi. Həm Birinci, həm də İkinci dünya müharibəsindən sonra Berlin Fransaya Elzas-Lotaringiyanı və onun sənaye potensialını verməyə məcbur oldu.

Daha bir nümunə – Korsika adası Fransanın tərkibinə məhz bu yolla keçdi: Genuya Respublikası müharibəni uduzdu və reparasiya verə bilmədiyi üçün adanı Parisə təhvil verdi.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi hələ uzun müddət ciddi təhlükə olaraq qalacaq. BMT-nin müvafiq ixtisaslaşmış qurumlarının hesablamalarına görə, bu torpaqların tam şəkildə mina və partlayıcı qalıqlardan təmizlənməsi üçün 25 milyard dollar və bir neçə il vaxt lazım olacaq. Ermənistan bu vəsaiti tam şəkildə ödəməlidir.

Müharibə həmişə bəla gətirir – o heç vaxt tək gəlmir. Xüsusilə də bu bəla, onu başladan tərəf öz gücünü həddən artıq qiymətləndirirsə və əsrin cinayətlərinə imza atırsa. Belələrinin sonu həmişə acınacaqlı olur. Günahkar isə ancaq özləridir.

Məqalənin orijinalı bu linkdədir:

https://minval.az/news/124453953

Musavat.com

Ardını oxu...
" "Azercell"dən şikayətim var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Kamran İbadov adlı istfiadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "2 həftə əvvəl "28 May" ərazisindəki dükanların birindən təzə "Azercell" nömrə almışdım... 15 manat (nömrəyə) + 6 manat (aktiv olması üçün kontur) = 21 manat xərcim çıxdı.
Nömrəni taxdım telefona, telegram yükləmək istədim, yüklənmədi. Kod başqa gmaile gedir... nömrəyə kod gəlmir. Başqa telegram ünvanı ile bu nömrənin telegramını istifadə eden şəxsə yazdım... atdı məni bloka.
İndi "Azercell"ə zəng edirəm ki nömrəni təzə adı ilə satışa qoymusunuz, sosial şəbəkəsini başqası işlədir ya elə edin ki, sosial şəbəkə həmin adamdan çıxarılsın ya da nömrəni adımdan çıxarın. Mənə deyirlər, ki, nömrə adınızdan 5-6 ay və ya daha çox müddət sonra çıxarıla bilər. Nömrənin dərhal 2 tərəfli bağlanmasını istəyirsinizsə 20 manat ödəməlisiniz...
Hələ onda da nömrə adımdan 4-5 ay sonra çıxacaq. Deyirəm, bəs nömrə mənim adımadı, adam nömrədə nəsə problem yaratsa, necə olacaq? Deyir ki, nömrəni başqasının adına keçirin o zaman, deyirəm bəs nəsə olsa başqası bədbəxt olsun? Deyir bizlik deyil...
Bunlar dolayıblar adamı? İşlətmədiyim bir nömrəyə görə də 20 manat əlavə ödə deyirlər ki, xətti bağlayaq. Özü də deyir ki, biz sosial şəbəkəyə cavabdehlik daşımırıq, bəs kim cavabdehlik daşıyır çox maraqlıdır?
Həmişə "Bakcell" və "Nar" işlətmişəm heç vaxt belə problem olmayıb. "Azercell"den ilk dəfə nömrə aldım... deyəsən ilk və son olacaq!"
 
Ardını oxu...
İki-üç il əvvəl qərar verildi ki, Pirşağının daxili küçələri təmir edilsin. Çox sevindik, küçələrimizi güzgü kimi hamar çəkmişdilər. Nəinki gəzmək, baxmaq belə zövq verirdi. Pirşağı camaatı da sevinmişdi ki, “bəs nə yaxşı dövlətin yadına düşmüşük”... Prezident Pirşağıda təmir-bərpa, yenidən qurma işlərinin aparılması ilə bağlı qərar verib, axı. Bizim qurumlar da “əllərindən gələn” işi əsirgəmirdilər. Sonra birdən yadlarına düşdü ki, “aman Allah, Pirşağıda kanalizasiya yoxmuş”... Nə etdilər, güzgü kimi yolu "parçalayıb", kanalizasiya çəkdilər. Sonra lektrik xətlərini də yerin altından çəkdilər ki, bizə rahat olsun. Allah canlarını sağ eləsin. Bəs bizim güzgü kimi yolumuz?
Bu gün Pirşağının daxili yolları o gündədir ki, əvvəlkindən də betər. Bilirsiniz də, Pirşağının torpağı qumdur. Qumdan olan küçələr daha rahat idi. Ən azından qışda palçıq olmurdu. Yol çəkib, qumu o qədər materialla qarışdırdılar, ağ torpaq və s. əlavə etdilər ki, bu il qışda yollarımızdan keçəndə, bu yolları bu günə qoyan məsul şəxsləri sözün "hər" mənasında "yad" etməmək mümkün deyil.

Yadımdadır, iki il əvvəl günlərlə hasarlarımızı qaşıdılar. Güya qədim kənd imici yaradacaqdılar. Ardınca hasarlarımızın üstünə daş döşədilər, sonra "bəyənmədilər" deyə sökdülər. İndi də baxıram ki, bütün hasarları yenidən suvaqlayırlar. Yaxşı "pul silmək" metodu tapıblar. İşi görürlər, təhvil verirlər, "pul silinir". Yenidən köhnə hamam, köhnə tas məsələsi...

Danışan ki, yoxdur, kim biləcək? Heç kim!

Xatırlayırsınızsa, küçələrə daş düzüb, yollarımızı daraltmışdılar, o iş də yarımçıq qaldı.


Mən bu misalları çox uzağa getmədən sadaladım. Demək istədiyim odur ki, bu gün əksər dövlət qurumları məsul olduğu işini “üstü bəzək, altı təzək” şəklində görür. Və ya bütün işləri "gül-çiçək açan" şəkildə görürmüş kimi təqdim edirlər. Bu qurumların "ört-basdır" üsuludur.

İradə Cəlil, Bizimyol.info
 
 
 
Ardını oxu...
"Avtomobilin sığortası bitmək üzərə olduğu üçün 10 dənə müxtəlif yerdən "WhatsApp" nömrəmə mesajlar gəldi..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Samir Əli adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Gah Veronika xanım, gah Ayla xanım, gah da Mənsurə xanım... nəisə... Bir az keçdi, bir də gördüm "Atəşgah sığorta"dan sms geldi, filan vaxta kimi ödəniş edin... nə az nə çox 107.59 manat...
Qeyd edim ki, əvvəl də "Atəşgah"da sığorta eləmişdim. Belə başa düşdüm ki hansısa fürsətcil mənim yerimə "Atəşgah sığorta"dan mənim məlumatlarımla qeydiyyatdan keçib...
Özüm girdim "Paşa sığorta" ilə 79.70 manata həll elədim...
İndi bilmək istəyirəm ki bu qiymətlər niyə bu qədər fərqlidir? Və kim menim yerimə qeydiyyatdan keçə bilər?
Qeyd edim ki yol nəqliyyat hadisəsi baş verməyib son 6-7 il ərzində... Keçen il də özüm həll eləmişəm elə 78-80 manat aralığında pul ödəniş etmişdim "Atəşgah sığorta"ya..."
 
Ardını oxu...
Gəncədə yağan yağış fəsadlar törədib.

Gəncəyə yağan yağış evlərə dolub. Buna səbəb evlərin dam örtüklərinin yenilənməsi olub.

Belə ki, müğənni Fuad Musayev sosial şəbəkə hesabında dünən Gəncəyə yağan yağışın evlərə dolması ilə bağlı olan görüntüləri paylaşıb.

Müğənni qeyd edib ki, Gəncə Şəhər İcra Hakimiyyəti yaşayış evlərinin dam örtüklərini material olmadan söküb.

Nəticədə dünən yağan yağış evlərə dolub və vətəndaşlara ziyan dəyib.

Azxeber.com
 
Ardını oxu...
Azərbaycan ictimaiyyəti arasında “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir?

Son parlament seçkilərinə qatılan 15 saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa keçmiş namizəd Emil Vaqif oğlu Məmmədov haqqında ictimaiyyət üçün maraq doğuracaq məqamlara aydınlıq gətirəcəyik.

Özünü yüksək çinli məmur kimi qələmə verərək, rəsmi olaraq “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ASC-də yüksək vəzifədə çalışan dövlət qulluqçusu, ölkə rəhbərliyinə şəxsi biznesi tərəfdən yaxın hesab edən Emil Məmmədov əslində kimdir?

Əmək fəaliyyətini ölkənin rus dilli mediasında jurnalistika fəaliyyəti ilə başlamış E.Məmmədov qısa müddət ərzində fəaliyyət sahəsini sürətlə dəyişə bilib.

Özünü Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəsmisi olaraq təqdim edən Emil Məmmədov niyə dövlətin bu qrumunun adından sui-istifadə edir?

Bu şəxs unudur ki, 16 mart 2020-ci ildə prezidentin sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək, əvəzində isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Bəs görəsən E.Məmmədov niyə hələ də bu dövlət orqanının köhnə, ləğv edilmiş adından və köhnə loqosundan istifadə edir? Bu nostolgiyaya səbəb nədir?

Emil Məmmədov 2024-cü ilin parlament seçkilərində komandasına qarşı hansı hərəkətləri edərək onları narazı salıb? Özünün də qeyd etdiyi kimi brilyant biznesindən tutmuş bəzi dövlət məmurlarının ailələrinə Dubaydan və digər ölkələrdən orijinal adıyla “A klass” hesab edilən hansı zinyət əşyalarını gətirirmiş? Onu mediadan, brilyant ticarətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Agentliyin sədri Saleh Məmmədova, özünün də qeyd etdiyi “Xüsusi Dövlət Mühafizə Xidməti”-nə bağlayan kimlər və nədir?

“Emil Daymond” kimi tanınan Emil Məmmədov bəs əslndə kimdir? Media nümayəndəsi, brilyant alverçisi, yoxsa dövlət məmuru? Yoxsa millət vəkilliyinə yuxarılardan “xeyir dua” alınan uğursuz namizədmi?

Bəlkə də özünün də qeyd etdiyi kimi 10 şirkətin birləşdiyi və investisiya həcmi yüz milyardlarla ölçüləcək böyük bir holdinqin rəsmisi? Hansı ki, COP-29 tədbirində özünün təmsil etdiyi alternativ enerji sektorunda fəaliyyət göstərəcək “Etka Holdinq”in ölkə nümayəndəsi? “Etka Holdinq” hansı məmura bağlıdır, Türkiyənin alternativ enerji istehsalçısı olan Etkaco Holdinq ilə Emil Məmmədovu bu şirkətə kimlər və nə bağlayır?

Bütün bu məsələlərə yaxın günlərdə aydınlıq gətirəcəyik.(nocomment.az)

Bizi izləməkdə davam edin.
 

 
Ardını oxu...


Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram".
PAYLAŞ:
Ardını oxu...
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb.

Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

№ Məhsulun adı İstehsal və son istifadə tarixləri İstehsalçı
1. “Rossiyskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı 23.12.2024-23.12.2025 “Allbuy” MMC
2. “Belaruskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı 17.01.2025-17.01.2026 “Allbuy” MMC
3. “Milk World” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı 05.12.2024-05.12.2025 “Allbuy” MMC
4. “Golden Farm” əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı 02.12.2024-02.06.2025 “Şamaxı Dairy Farm” MMC
 

Dünyapress TV

Xəbər lenti