Ardını oxu...
Son vaxtlar “Kontakt Home” mağazalar şəbəkəsindən şikayət və narazılıqlar artıb. Buradan məhsul alan bir çox vətəndaşlar yüksək faizlərdən, ödəniş sisteminin qeyri-şəffaf olmasından, hansısa "əlavə xidmət haqları"ndan və s. şikayətlənirlər. Onların sözlərinə görə, kreditlə məhsul alan zaman ödənişlərin gecikməsi halında onlardan olduqca yüksək məbləğdə faizlər tutulur. Hətta bu rəqəmlər bəzən sələmi xatırladır.
Belə şikayətçilərdən biri də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Xaqani küçəsi, ev 14 ünvanında yaşayan N.S-dır.
Bakupost.az -ın məlumatına görə, şikayətçi bu il martın 29-da mağazadan №1000912869 saylı müqavilə əsasında “Huawei Matebook D16 Space Gray” noutbuk, bir ədəd maus və iki ədəd qulaqlıq alıb. Lakin noutbukun istifadəsi zamanı qızma və yazı yazarkən donma halları müşahidə edildiyindən, cəmi 5 gün sonra noutbuk və mausu mağazaya qaytarıb.

N.S deyir ki, məhsulu qaytarmaq istədikdə ona "xidmət haqqı" olaraq 380 manat məbləğində borcunun qaldığı bildirilib:
“Filialın müvafiq əməkdaşlarından bu məbləğin hansı xidmətlə bağlı olduğunu soruşdum. Əvəzində "Kontakt Home"un Nərimanov filialının müvafiq əməkdaşları bildirdilər ki, “biz noutbuka müvafiq proqramlar yükləmişik və onlar ödənişlidir, mal qaytarılsa da, o proqramların pulunu ödəməlisiz. Noutbuk və mausu mağazaya qaytarmışam. Amma "Kontakt Home" mağazasının müvafiq sistemində mənim adıma 380 AZN borc qalmaqda davam edir".
N.S onu da bildirib ki, məhsulu alarkən ona bu proqramların ödənişli olduğu barədə əvvəlcədən heç bir məlumat verilməyib. Müqavilədə də bu barədə heç bir qeyd yoxdur:
“Mənə müxtəlif proqramların yüklənməsi, ödənişli olması və noutbukun qüsurlu olması halında 14 gün müddətində qaytarılması zamanı bu məbləği ödəməli olduğuma dair hər hansı məlumat verilməyib və hansısa sənəd təqdim olunmayıb. Hətta şifahi xəbərdarlıq da edilməyib. Eyni zamanda bu lazımsız proqramların noutbuka yüklənməsindən də xəbərim olmayıb. Belə ki, ümumi ad altında mənə məlum olmayan, lazımsız və əhəmiyyətsiz proqramları noutbuka yükləyərək, onların pulunu məndən tələb edirlər. “Kontakt Home” məhsulun sifarişi zamanı qeyd edilən proqramları alıcıya məlumat vermədən yükləyir, səhv və yanlış məlumat verərək, vətəndaşların etibarından sui-istifadə edir”.
Şikayətçi iki ədəd qulaqlığın pulunu faizlə birlikdə tam şəkildə ödəyib, qalan məhsullar isə qaytarılıb. Buna baxmayaraq, sistemdə onun adına 380 manat borc yazılıb:
“Məhsul keyfiyyətsiz olduğu və qaytarıldığı üçün müqaviləyə xitam verilməli və adıma hər hansı bir borc qalmalı deyil. Ancaq “Kontakt Home”un Nərimanov filialı "xidmət haqqı" adı altında üzərimə əsassız və qanunsuz olaraq əlavə xərclər qoymağa çalışır".
N.S əlavə edib ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsə də, hələlik heç bir nəticə əldə olunmayıb.
“Kontakt Home”dan şikayətlər bununla bitmir. Daha bir şikayətçi Natiq Muradovun sözlərinə görə, mağazadan aldığı 240 manatlıq məhsul üçün 20 gün gecikməyə görə ona 100 manatdan artıq faiz hesablanıb:
““Kontakt Home”dan bir məhsul alırsan, 2-3 gün gecikdirsən, sələmdən artıq faiz gəlir. İnsaf yoxdur, qan içirlər. 240 manat ödənişə, 20 günə 100 neçə manat faiz gəldi. Günə 4,80 manat faiz yazarlar? Heç kimə məsləhət görmürəm ki, bu mağazadan məhsul alsın. Ödəyirəm, haram xoşları olsun. Heç xeyir işlərinə xərcləməsinlər”, - deyə o, sosial şəbəkədə bildirib.

N.Muradovun sözlərinə görə, "Kontakt Home"un faiz dərəcəsi dövlətin müəyyən etdiyi maksimum həddən 10 dəfə yüksəkdir:
“Müştərinin gecikdirməsi və şirkətin faiz yazması başa düşüləndir, lakin bu qədər yüksək məbləğdə faiz qanunvericiliyə ziddir”.
Digər vətəndaşlar da mağazadan aldıqları məhsullarla bağlı oxşar problemlərlə üzləşdiklərini bildiriblər. Bir müştəri 290 manata aldığı telefon üçün ümumilikdə 920 manat ödədiyini, başqa bir vətəndaş isə 340 manatlıq telefonun ona 700 manata başa gəldiyini qeyd edib. Hətta bir müştəri sadəcə e-mail ünvanını qeydiyyatdan keçirmək üçün ondan 49 manat “xidmət haqqı” tutulduğunu iddia edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Bakupost.az -a açıqlamasında “Kontakt Home”un müştəri hüquqlarını pozan şirkətlər arasında 1-ci yeri tutduğunu bildirib:

“Sanki texniki cihazlar satan firmalar, başda “Kontakt Home” olmaqla, istehlakçıları aldatmaq üçün yarışa giriblər. “Kontakt Home” trenddə, birinci yerdədir. Ondan sonra “Baku Electronics”, “Optima” və s. gəlir. Neçə ildir ki, “Kontakt Home” birinciliyi əldən vermir. Buradan gələn şikayətlərin palitrası çox əcaib və müxtəlifdir. Hər gün 2-3 şikayət qəbul edirəm. Məsələn, “Kontakt Home” elan verir ki, kim “Şeş-qoşa” oynasa və udsa, ona təmənnasız bal verəcəyik. (Bu, iki il əvvəl verilmiş ərizədir) Vətəndaş oynayır, uduzur, gedib bir fen alır. Fen xarab çıxır. Qaytarmaq və ya dəyişmək istəyir, amma deyirlər, “yox, sən “Şeş-qoşa” oynamısan”.
İkinci nümunə, vətəndaş soyuducu alıb. Soyuducu səs edir. Qaytarır, akt alır ki, məhsulu qaytarmışam. Amma bir aydan sonra məhkəmə qərarı gəlir ki, sən borclusan. Vətəndaş nə qədər çalışsa da, məhkəmə qərarından yaxasını qurtara bilmir. “Kontakt Home” isə tələb edir, halbuki mal qaytarılıb".
Eyyub Hüseynovun sözlərinə görə, “Kontakt Home” tərəfindən “Qızıl Zəmanət” kimi təqdim edilən əlavə xidmətlərin hüquqi əsası yoxdur:
""Qızıl zəmanət” deyilən bir anlayışı da “Kontakt Home” icad edib. 300-400 manata bu “zəmanət”i satırlar, guya qızıl zəmanət verirlər. Halbuki bu, qanunsuz, heç bir əsası olmayan zəmanətdir".
E.Hüseynov bildirib ki, uzun illərdir şirkətin rəhbərliyi ilə görüşmək istəsə də, bu, mümkün olmayıb:
"Bu illər ərzində mən “Kontakt Home”un rəhbərliyi ilə görüşə bilməmişəm. Bir dəfə də mümkün olmayıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinə də demişəm ki, bunları bir yerə toplayın, mənə 3 dəqiqəlik vaxt verin ki, deyim, bunlar nə iş görürlər. Dövlət orqanı bunu etmir. 28 il ərzində cəmi bir dəfə Fərhad Əliyev nazir olanda biznes qurumlarının yığıncağında mənim çıxışıma imkan yaradılıb. İstehlakçı hüquqlarını qorumaq təəssüf ki, hökumət üçün öncül məsələ deyil. Bu ilin yanvarında cənab Prezidentin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında Dövlət Agentliyinə çevrildi. Lakin oradakı köhnə komandadan yenə də heç nə gözləmirik. Çünki yanvardan bəri göndərilən şikayətlərə demək olar ki, heç bir reaksiya yoxdur. Bu, anormal haldır. "Kontakt Home"un öhdəsindən gəlmək lazımdır. Bu şirkət bütün vasitələrlə insanları soyur. Xarab malları, yararsız məhsulları insanlara sırıyır və bunu “kredit məsələləri” ilə edirlər. Ona görə də isteklahçılara deyirəm ki, əgər malı qaytara və ya dəyişə bilsəniz, mütləq kredit müqaviləsinin də ləğvinə nail olun. Şirin dilə aldanmayın. Onlar aqressiv reklam kampaniyaları aparırlar, istehlakçıları cəlb edirlər və “pulunu ver mənə, itil cəhənnəmə” prinsipi ilə işləyirlər. Hökumət buna son qoymalıdır. “Kontakt Home”la ciddi məşğul olunmalıdır".
Şikayətlərlə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinə sorğu ünvanladıq. Mağazadan Bakupost.az-a bildirildi ki, müştəri hüquqlarının qorunması və mövcud qanunvericilikdən yayınmamağa xüsusi diqqət yetirilir:
“Öncəliklə bildirmək istəyirik ki, müəyyən məhsullar (məsələn, noutbuk) üçün əlavə proqram təminatı bütün rəsmi riteyl şəbəkələrində ödənişli xidmətdir. Müştərimiz N.S-ya məhsul alışı zamanı əməkdaşlarımız tərəfindən bu məqam bildirilib və razılığı əldə edilib. Eyni zamanda, sözügedən məqam müqavilədə də öz əksini tapıb. Müştərilərimizin məlumatlarının konfidensiallığının qorunması səbəbindən müqavilə və şifahi razılıq səslərini ictimaiyyətə təqdim etmək imkanımız məhduddur.
Təəssüf hissi ilə bildirmək istərdik ki, müştərimizin bildirdiyi iddialar əsassızdır. Müştərimiz ilə proqram təminatının ödənişli əsaslarla olması həm yazılı, həm də şifahi olaraq razılaşdırılıb.
Müştərimiz Muradov Natiq kredit şərtlərimizdən yararlanaraq məhsul alıb. Məhsul alışı zamanı müştəriyə aylıq ödəniləcək məbləğ, gecikmə halları barədə ətraflı məlumat verilib. Əlavə olaraq, müştəriyə təqdim edilən müqavilənin 2.6-cı bəndində şərtlərin pozulması halında cərimənin hansı qaydada tətbiq olunacağı göstərilib. Gecikmə faizi isə mövcud qanunvericiliyin ümumi tələblərini nəzərə alaraq daxili qaydalar əsasında hesablanır. Bu halda da, müştəri son aprel ayı üzrə ödənişini natamam həyata keçirdiyi üçün aylıq məbləğin üzərinə əlavə məbləğ hesablanmağa davam edib".
Lalə Novruz,
BakuPost
Redaksiyadan: Göründüyü kimi, müştəri N.S noutbuk alarkən, ona proqramların yüklənməsi üçün xidmət haqqı ödəməli olduğu haqda nə yazılı, nə də şifahi heç bir məlumat verilmədiyini bildirir, şirkət isə əksini iddia edir. İkincisi, noutbuka ofis proqramlarının yüklənməsi doğrudanmı 380 manata başa gəlir? Maraqlıdır, proqram təminatı ilə məşğul olan kompüter şirkətləri də proqramları yükləməyə görə məhsulun 30-50 faizi qədər pul tələb edirlərmi? Üçüncüsü, "Kontakt Home"un açıqlamasındakı "Gecikmə faizi mövcud qanunvericiliyin ümumi tələblərini nəzərə alaraq daxili qaydalar əsasında hesablanır" fikri də kifayət qədər qaranlıq və mübahisəlidir? Bu daxili qaydalar nələrdən ibarətdir? Müştərilərə əvvəlcədən bu qaydalar izah olunurmu? Yoxsa bu da bir fırıldaqçılıq fəndidir? Araşdırmalarımız davam edir.
 
Ardını oxu...
Kəlbəcər rayonunun Zar kəndində 547 fərdi yaşayış evi, sosial obyektlər, mühəhdis kommunikasiyaları, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işləri həyata keçiriləcək.

Qaynarinfo xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi "Amazone" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 120 628 652,59 manatdır.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Amazone" şirkəti yalnız Məcburi Köçkünləri Sosial İnkişaf Fondunun keçirdiyi tenderlərin qalibi seçilib.

Bəs, Fondun iri məbləğli tenderlərinin qalibni seçilən bu şirkət kinindir?

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Amazone" şirkəti 4 oktyabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Şükürov Əbülfət Tapdıq oğludur. 2017-ci ilədək şirkətin qanuni təmsilçisi Məmmədov Anar İlyaz oğlu olub. Anar Məmmədov Milli Məclisin VI və VII çağırış deputatıdır.

Mediada yer alan bəzi iddialara görə, "Amazone" şirkətinin təsisçisi də Anar Məmmədovdur. Bu iddianın deputat tərəfindən təkzib edilməsi faktına rast gəlinmir.
 

Ardını oxu...
Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, "Sumqayıt” şadlıq evinin yanında qarağac ağaclarının kəsilməsində adı hallanan Rzayev Telman Bəylər oğlu yeni obyekt tikdirib.

Qlobal.az xəbər verir ki, obyekt Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Böyük Qafqaz küçəsinin kəsişməsində yerləşir.

Obyektin ümumi sahəsi 448 kvadratmetrdir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi o zaman ağac kəsdiyinə görə Rzayev Telman Bəylər oğlunu İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən, qanunu pozmuş Rzayev Telman Bəylər oğlu 8 min 400 manat cərimələmişdi.

 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
2
Reklamınızı SmartBee ilə effektiv edin.
 

Ardını oxu...
Xəbər verildiyi kimi, 26 aprel 2025-ci il tarixində Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, 20 və 21-ci binaların qarşısında məhəllə sakinləri üçün yeni istirahət guşəsi istifadəyə verilib. Layihə Milli Məclisin deputatı Tahir Mirkişilinin təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Qartal” Tikinti Şirkətinin dəstəyi ilə həyata keçirilib.
Açılış mərasimində Milli Məclisin deputatı Tahir Mirkişili, “Qartal” Tikinti Şirkətinin rəhbəri Şahin Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar və sakinlər iştirak ediblər.

32gun.az xatırladır verir ki, Ş.Məmmədov mətbuata yaxından tanışdır.

Belə ki, o şəhidin dəfn mərasimi zamanı bir gülüşü ilə gündəm olmuşdu, onun bu hərəkəti sosial şəbəkədə reaksiyalara səbəb olmuşdu.
Həmin görüntünü təqdim edirik:

 
Ardını oxu...
Məzahir Pənahovun oğlu xaricdəki digər məmur övladlarından nə ilə seçilir?

DogruXeber.az: - Hüquq müdafiəçisi Novella Cəfəroğlu MSK sədri Məzahir Pənahovun “çox tərbiyəsiz oğul böyütdüyünü” deyib. Bunu ona görə deyib ki, Pənahovun ABŞ-də yaşayan oğlu öz arvadını döyüb, o da Bakıya qayıdaraq, boşanma üçün məhkəməyə müraciət edib. Buna adi ailə-məişət hadisəsi kimi baxanlar var və Azərbaycan reallığında belə hallara tez-tez rast gəlinir. Lakin söhbət Azərbaycanda seçkilərin etibar edildiyi ən yüksək qurumun başçısının oğlundan gedərkən, məsələ bir qədər fərqli görkəm alır və belə görünür ki, Azərbaycanda “nümunəvi seçki keçirən” Pənahov öz evində nümunəvi övlad böyüdə bilməyib...

Əlbəttə, haramçılıqla, saxtakarlıqla, talançılıqla, rüşvətlə “dolanan” ailələrdə tərbiyəli övlad ərsəyə gətirmək çətin işdir və görünür, Məzahir Pənahovda da bu, bir çox iri məmurlarda olduğu kimi, alınmayıb. Onun oğlu isə bir növ Azərbaycanda öyrəşdiyi cəzasızlıq mühitini özü ilə birgə ABŞ-yə daşıyıb...

Ardını oxu...

Ancaq məsələnin məişət, tərbiyə, ailədaxili münasibətlər və s. tərəfini bir kənara qoysaq, maraqlı olan həm də kütləvi olaraq Azərbaycan məmurlarının öz ailə üzvlərini, yaxınlarını, övladlarını illərdir xaricə ötürməsi, orada milyonlarla dəyəri olan mülklər alması, bizneslər qurması və bütün bunlara adi hal, sanki “belə də olmalıdır” kimi baxılmasıdır. Bu hadisədən bəlli oldu ki, Pənahovun oğlu ABŞ-də azı 2 milyon dollar dəyəri olan villada yaşayır.

Bəs, Rusiyaya alma satan azərbaycanlı fermerdən satdığı malın puluna dair qəpiyinədək hesabat istəyən, halal pulunu ölkəyə qaytarıb gətirmədiyi üçün onu həbs edən, kiçik və orta sahibkarı addımbaşı vergilərlə, cərimələrlə “boğazını üzməyə” hazır olan, sıravi vətəndaşı xırda qanun pozuntusuna görə “divara dirəyən” müvafiq hakimiyyət orqanları məzahirlərin, hacıbalaların, ziyaların, eldarların, yaqubların və digər sabiq və indiki iri məmurların bu ölkədən talayıb xaricə qaçırdıqları milyonları, yüzmilyonları, milyardları, onların həmin pulla lyuks həyat sürən övladlarını niyə görmür?

Allah Şükür Paşazadədən Yaqub Eyyubova, Hacıbala Abutalıbovdan Elman Rüstəmova, Eldar Mahmudovdan Elmar Məmmədyarova, Ziya Məmmədovdan İsmət Abbasova, Əli Həsənova, Oktay Şirəliyevə qədər və saydıqca bitməyən digərlərinin övladları Azərbaycandan oğurlanan milyonları, milyardları ilə birgə xaricdədirlər. Nəinki bunlar, üstəlik icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin, bir sözlə, məmur elitasının böyük hissəsinin bir gözü, bəlkə də hər iki gözü xaricdə, Qərbdədir.

Ardını oxu...

O da maraqlıdır ki, bu məmur övladlarının çoxu Məzahir Pənahovun oğlundan nə tərbiyəsinə, nə yaşam tərzinə, nə də digər “fərasətlərinə” görə nə artıqdır, nə də əskik. Sadəcə, səsləri Pənahovun oğlu qədər çıxmayıb. Demək olar böyük əksəriyyəti də uğurlu iş adamı, biznesmen ola bilməyiblər və həmişəki kimi, dədələrinin xarici bank hesablarındakı və Azərbaycandan göndərdiyi pullarla yaşayırlar.

Məsələn, son məlum hadisədən belə aydın olur ki, ABŞ-nin Los-Anceles şəhərində Hollivud ulduzlarının yaşadığı ərazidə 2 milyon dollardan artıq dəyəri olan lüks villada yaşayan Məzahir Pənahovun oğlunun bank hesabı mütəmadi olaraq atasının Azərbaycandan göndərdiyi pulla doldurulur ki, oğlu “qürbətdə korluq çəkməsin”. Ötən illər ərzində Hesablama Palatası Məzahir Pənahovun 25 ildir(!) sədrlik etdiyi MSK-da dəfələrlə böyük maliyyə çatışmazlıqları aşkarlayıb, amma heç bir tədbir görülməyib. İndi də bu pulların bir hissəsinin hara getdiyi məlum olur...

Özü də yuxarıda adını çəkdiyimiz və çəkmədiyimiz bu adamların demək olar hamısı oturub-durub rəsmi çıxışlarında Qərbi, Avropanı, Amerikanı pisləyənlər, onları başıpozuqluqda, ailə dəyərlərini, əxlaqı məhv etməkdə, pozğunluqda ittiham edənlərdir. Bir tərəfdən “Almaniya dağılır” deyib, digər yandan öz övladlarını Qərbə lyuks həyat sürməyə göndərənlərdir.

Bir sözlə, öz əməlləri ilə Azərbaycanda xalqın övladlarının gününü qara edənlər Qərbdə öz övladlarını ağ günə çıxarmaqla məşğuldurlar. Məzahir Pənahovun oğlu ilə bağlı olan və digər bu kimi hadisələr sabah yaddan çıxıb gedəcək, lakin belələrinin Azərbaycanı talayıb xaricə daşıması isə deyəsən, qaldıqca qalacaq...//AzPolitika.info
Ardını oxu...
Kubinka"da "Vialon" tikinti şirkətinin apardığı söküntü işlərinin qarşısı alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakıda Nəsimi rayonu, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, B.Məcidov və A.Qurbanov küçələrinin kəsişməsində “Vialon” şirkətinə ayrılmış əraziyə idarə tərəfindən bu günədək bir neçə dəfə yerində baxış keçirilib.
Aparılan yoxlamalar zamanı sözügedən ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparıldığı müəyyən edilib və bu hallar aidiyyəti qurumlarla birgə dayandırılıb.
"Lakin oxşar qanun pozuntusu təkrarlandığı üçün mayın 7-də əraziyə yenidən baxış keçirilib və vətəndaşlarla razılaşdırılmadan, mövcud qanunvericiliyin tələblərinə zidd şəkildə işlərin yenidən davam etdirildiyi aşkar olunub. Bununla əlaqədar olaraq Baş İdarə tərəfindən “Vialon” şirkətinə rəsmi xəbərdarlıq edilib, həmçinin aidiyyəti dövlət qurumları, Nəsimi rayon İcra Hakimiyyəti məlumatlandırmaqla qanunsuz işlərin qarşısı alınıb".
Qeyd edək ki, bu gün mediada “Kubinka”da “Vialon” MMC sakinlərlə razılaşmadan söküntü işləri aparması ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, Əlibəy Hüseynzadə və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən binanın sakinləri bildiriblər ki, şirkətin işçiləri söküntü zamanı təhlükəli vəziyyət yaradıb. Vətəndaşların sözlərinə görə, şirkətin söküntü üçün icazəsi olmayıb.
 
Ardını oxu...
‘’Azərbaycanda son illər təhsil bazarında fəaliyyət göstərən hazırlıq kurslarının və tədris mərkəzlərinin sayında nəzərəçarpacaq artım qeydə alınıb. Bu artım bir tərəfdən cəmiyyətin təhsilə olan tələbatının göstəricisidirsə, digər tərəfdən hüquqi tənzimləmə və keyfiyyət təminatı baxımından ciddi problemlərin də xəbərçisidir’’.

Bu sözləri Ajans.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, qeyri-dövlət təhsil sektorunda hüquqi çərçivənin tətbiqi praktikada ciddi şəkildə pozulur:

‘’ Bu da vətəndaşların, xüsusilə də abituriyent və valideynlərin aldanması hallarının artmasına gətirib çıxarır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30-cu maddəsinə əsasən, qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyəti lisenziya əsasında həyata keçirilməlidir. Eyni zamanda, 31-ci maddəyə görə, lisenziya olmadan fəaliyyət göstərən təhsil müəssisələri qanunsuz sayılır və onların fəaliyyəti dayandırılmalıdır. Ancaq hazırda ölkədə fəaliyyət göstərən minlərlə tədris kursu və hazırlıq mərkəzinin əksəriyyəti ya ümumiyyətlə lisenziyasız fəaliyyət göstərir, ya da “fərdi müəllim” adı altında hüquqi məsuliyyətdən yayınıb fəaliyyətlərini davam etdirirlər.

Dövlət Statistika Komitəsinin 2024-cü ilin sonunda yaydığı məlumatlara görə, qeyri-dövlət sektorda təhsil fəaliyyəti ilə məşğul olan subyektlərin yalnız 22%-i rəsmi şəkildə qeydiyyatdan keçmiş və lisenziya almış qurumlardır. Bu o deməkdir ki, hər beş kursdan dördü qeyri-qanuni və qeyri-şəffaf şəraitdə fəaliyyət göstərir. Lisenziyasız fəaliyyət göstərən kurslarda keyfiyyət göstəriciləri adətən çox aşağı olur. Bu cür kurslar nə müəllimlərin ixtisasına, nə tədris proqramlarının uyğunluğuna, nə də təhlükəsizlik və sanitariya normalarına riayət olunmasına zəmanət verir. Eyni zamanda, bu mərkəzlərdə tədris nəticələrinin monitorinqi, qiymətləndirmə mexanizmi və tədris prosesinə dair hesabatlılıq sistemi mövcud deyil. Nəticədə, bu kurslarda iştirak edən vətəndaşlar xidmətin keyfiyyətsizliyindən əziyyət çəksələr belə, heç bir hüquqi müdafiə mexanizminə malik olmurlar. Müqavilə bağlanmır, ödənişlər qəbzsiz qəbul olunur və mübahisə yarandıqda kursun məsuliyyət daşıması mümkün olmur.

Beynəlxalq təcrübə göstərir ki, müasir dövlətlərdə əlavə təhsil və hazırlıq kursları ciddi şəkildə tənzimlənir. Məsələn, Almaniyada bu sahə federal və əyalət qanunları ilə tənzimlənir, hər bir hazırlıq mərkəzi qeydiyyatdan keçməli, illik hesabatlar təqdim etməli, təlim proqramları isə dövlətin müəyyən etdiyi kurikulum çərçivəsində həyata keçirilməlidir. Finlandiyada isə bu cür kurslara icazə verilməzdən əvvəl pedaqoji heyətin kvalifikasiyası və tədris mühiti dövlət qurumları tərəfindən yoxlanılır. Hətta, qonşu Gürcüstanda belə, Təhsil və Elm Nazirliyi tərəfindən qeyri-dövlət təhsil qurumlarına dair vahid reyestr sistemi tətbiq olunur ki, burada vətəndaşlar açıq şəkildə kursun statusunu, müəllim heyətini və proqramını yoxlaya bilirlər’’.

Ekspert vurğulayıb ki, Azərbaycanda bu sahədə monitorinq və ictimai məlumatlandırma mexanizmi tamamilə yetərsizdir:

‘’Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş lisenziyalı kursların vahid reyestri ictimaiyyətə əlçatan deyil, reydlər mütəmadi şəkildə keçirilmir, mediada bu sahəyə dair xəbərdarlıqlar az yayılır. Belə bir şəraitdə kurs sahibləri istədikləri kimi fəaliyyət göstərir, istənilən ad altında fırıldaqçılıq edərək vətəndaşları aldatmaq üçün zəmin tapırlar. Xüsusilə “xaricdə təhsil” adı altında fəaliyyət göstərən bəzi qurumlar məsələn, “Pilgrim Education”, “ABC Təhsil Mərkəzi” və başqaları birbaşa vətəndaşların pullarını mənimsəyir. Nəticədə onlar hüquqi yolla haqlarını tələb edə bilmirlər, çünki ortada nə müqavilə, nə qeydiyyat, nə də lisenziya var. Müsbət cəhət ondan ibarətdir ki, cəmiyyətin təhsilə marağı yüksəkdir. Bu müstəqil təşəbbüslərə geniş imkanlar yaradır. Xüsusilə gənc müəllimlərin özəl sektorda məşğulluğunun artması, innovativ tədris metodlarının inkişafı, fərdi yanaşma imkanları baxımından hazırlıq kurslarının potensialı böyükdür. Amma bu potensial yalnız zamanında tənzimlənərsə, faydalı nəticə verə bilər. Əks halda, vətəndaşların narazılığı artacaq, təhsil sahəsinə olan inam zəifləyəcək və tədrisin keyfiyyəti daha da bərbad vəziyyətə düşəcək.

Bunun qarşısını almaq üçün bir sıra dəyişikliklər zəruridir. Əvvəla, Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə monitorinq sistemi yaratmalı, bu sahədə fəaliyyət göstərən kurslara qarşı cərimə və bağlanma sanksiyalarını tətbiq etməlidir. Lisenziyasız fəaliyyətə görə Cinayət Məcəlləsinin 192-ci maddəsi (qanunsuz sahibkarlıq) və İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə inzibati məsuliyyət və maliyyə sanksiyaları tətbiq olunmalıdır. Bununla yanaşı, kurslar üzrə vahid informasiya bazası yaradılmalı, ictimaiyyət bu sistem üzərindən kursların statusunu yoxlaya bilməlidir.

Əgər bu sahədə hüquqi çərçivə bərpa olunmasa, “tədris xidməti” adı altında aldadılan vətəndaşların sayı artacaq. Xüsusilə də regionlarda fəaliyyət göstərən kurslar tam nəzarətsiz qalacaq. Təhsil bazarında keyfiyyət fərqi artdıqca, təhsildə sosial bərabərlik prinsipi pozulacaq. Buna görə də məsələ təkcə qanun pozuntusu deyil, həm də təhsil siyasətində bərabərlik, şəffaflıq və sosial ədalət prinsipinin qorunması məsələsidir’’.
 
Ardını oxu...
Çindən ölkəmizə avtomobil gətirtmək istəyən 80-ə yaxın vətəndaş dələduzluqla üzləşib.

Bu barədə vətəndaş Fəxrəddin Əliyev baku.ws-in “qaynar xətti”nə şikayətlə müraciət edib.

Bildirilib ki, həmin şəxslər Bakıda “Port Car” adı altında fəaliyyət göstərən Agha MMC vasitəsilə, Çin Xalq Respublikasından ümumilikdə 114 ədəd yeni avtomobil almaq məqsədilə satış müqaviləsi bağlayıb. Lakin deyilən vaxtın üstündən 8 aydan çox vaxt keçməsinə baxmayaraq maşınlar alıcılara təhvil verilməyib:

“Müqaviləyə əsasən, bank köçürmələri vasitəsilə təxminən 1.5 milyon ABŞ dolları Çin şirkətinin hesabına, “Port Car” şirkətinin Bakıdakı nümayəndələrinə isə 230 min ABŞ dollarından artıq nağd şəkildə xidmət haqqı ödənilb. Lakin müqavilədə nəzərdə tutulan müddətin üzərindən 8 aydan çox vaxt keçməsinə baxmayaraq, nə avtomobillər təhvil verilir, nə də ödənişlər geri qaytarılır”.

Şikayətçi onu da iddia edir ki, sözügedən şirkət əvvəllər bir neçə avtomobil satışı həyata keçirib və insanların etibarını qazanıb, daha sonra isə bundan sui-istifadə edib.

Onun sözlərinə görə, hadisə ilə bağlı həm ölkəmizin, həm də Çin Xalq Respublikasının hüquq-mühafizə orqanlarına şikayət olunub.

BAKU.WS-in məlumatına görə, hadisə ilə bağlı ölkəmizdə cinayət işi açılıb, araşdırma aparılır.
Ardını oxu...
Bakı şəhərinin Nərimanov küçələri artıq öz sakinləri üçün bir yaşam məkanı yox, narahatlıq mənbəyinə çevrilib.
Patrulaz.az-ın çəkdiyi kadrlarda və yerində apardığı müşahidələrdə aydın görünür ki, bu küçələr nə şəhər planlamasından, nə qanunlardan, nə də insani normalardan xəbər verir.
Bölgədə yeni tikilmiş obyektlər şəhər strukturunu alt-üst edib, piyada və avtomobillərin hərəkətini iflic vəziyyətinə salıb.
Əsasən də Əşrəf Əliyev 11-15 ünvanı ətrafında müşahidə edilən vəziyyət göstərir ki, yeni obyektlərin inşası küçələrdə piyada və avtomobillərin hərəkətini dözülməz həddə çatdırıb.
“Ice Pub Restaurant”, “Dental Estetika”, “Republic Pub Lounge”, “Harika” salonu kimi obyektlərin səkiləri zəbt etməsi, küçələrdə hərəkəti mümkünsüz hala gətirib. Belə ki, səkilər zəbt olunub, piyadalar yola çıxmaq məcburiyyətində qalır, avtomobillər isə sözün əsl mənasında tıxac içində çırpınır.
Ən acınacaqlı vəziyyət isə “Ciao Pizza” restoranının qarşısında yaşanır. Avtomobillər sanki restorana daxil olmaq istəyirmiş kimi, səkiləri tamamilə zəbt edib. Sanki burası bir restoran deyil, avtomobil sərgisi meydançasıdır.
Sakinlər vaxtilə köhnə binaların sökülərək, daha müasir və rahat yaşayış məkanları ilə əvəz olunacağını eşidəndə ümidlənmişdi. Lakin köhnə binaların yerinə başıpozuq şəkildə ucaldılan obyektlər nəinki vəziyyəti düzəltməyib, əksinə Nərimanov rayonunu özbaşınalıq simvoluna çevirib.
Hazırkı şəraitdə avtomobil sahibləri də çətin vəziyyətə düşüblər. Lakin problemin kökü fərdi sürücülərdə yox, şəhərsalma planlamasındakı boşluqlarda axtarılmalıdır. Bir sözlə, məsuliyyətsizlik və plansızlıq qarşısında, bu hallara haqq qazandırmaq mümkün deyil.
Mövcud vəziyyət göstərir ki, şəhərin mərkəzində sanki nə piyada, nə sürücü, nə də şəhər idarəetməsi anlayışı qalıb. Sürücülər səhv parklanma ilə cərimə olunur, amma cərimələr problemin üstünü örtə bilmir.
Küçələri bu hala salanlardan kimdir cavabdeh?
Bakı beləmi inkişaf edir?
Küçələri beləmi gözəlləşir?
Əgər belədirsə, Bombeyə ehtiyac yoxdur! Nərimanov rayonu yetər!
Bu şəhər kimindir? Xalqın? Yoxsa bir ovuc tikinti maqnatının?
Əgər indi susacağıqsa, sabah bu küçələrdə nə piyada gəzə biləcək, nə də yaşamaq mümkün olacaq!
Ümid edirik ki, aidiyyəti qurumlar Bombeyi xatırladan Nərimanov küçələrindəki sıxlıq və qarışıq vəziyyətlə bağlı tədbir görərlər.

 
 
 
Ardını oxu...
İmişli rayon sakini, H.Cavid 14 ünvanında yaşayan 1- ci qrup əlil Zeynalova Gülarə Xankişi qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, TƏBİB tərəfindən verilməli olan dərmanları ala bilmir:

“Mən, 1-ci qrup əlil Zeynalova Gülarə Xankişi qızı, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, yataq xəstəsiyəm. TƏBİB tərəfindən verilməli olan dərmanları ala bilmirik. Bu vəziyyətlə tək mən qarşılaşmamışam. Xəstələrin hamısı eyni vəziyyyəti yaşayır. 4 manat 50 qəpik olan dərmanlar təklif edilir. Amma qiyməti baha olan, keyfiyyəti də yaxşı olan “Epinexx", "Kalimin 60 H", "İmuran” kimi dərmanları vermirlər.

Keyfiyyətsiz dərmanları qəbul etdikdə halım pisləşir, özümə gəlməkdə çətinlik çəkirəm. Ölməmək üçün istifadə etdiyim dərmanların əvəzediciləri məni, əksinə, ölümə yaxınlaşdırır. Xahiş edirəm işıqlandırın, bəlkə biz xəstələrə yardım edilər".

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əlaqə saxladıq. Qurumdan bildirdilər ki, əlillik dərəcəsi təyin edilən və nevroloji xəstəliklərdən əziyyət çəkən imtiyazlı şəxslərə verilən dərman vasitələrinin təminatında problem müşahidə edilmir: "Belə ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olan imtiyazlı qrupdan olan şəxslərin dərman vasitələri tələbnamə əsasında tibb müəssisəsinə göndərilir və vətəndaşların dərman vasitələrilə təmin edilməsi həyata keçirilir.

Dərman vasitələrinin satın alınması yalnız beynəlxalq adlar əsasında həyata keçirilir. Vətəndaş tərəfindən sözügedən dərman preparatının “Kalimin 60 H” adı altında verilməsini tələb edir. Lakin bildirmək lazımdır ki, tələb edilən dərman vasitəsi “Piridostiqmin bromide” beynəlxalq adı ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Aptek bölməsində var və təminatı həyata keçirilir.

“Epinex” adlı dərman vasitəsi isə qısa müddətdə tibb müəssisəsinə göndəriləcək və vətəndaşların dərmanla təmin edilməsi həyata keçiriləcək.

Qeyd edək ki, “Imuran” preparatının ölkə üzrə dövlət qeydiyyatı olmadığı üçün satın alınması həyata keçirilmir".

Jalə FAMİLQIZI

Dünyapress TV

Xəbər lenti