![]() |
![]() ![]() ![]() |
|
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün gözlənildiyi kimi İstanbulda danışıqlar aparılacaq məkana deyil, Türkiyənin paytaxtı Ankaraya enib. Bu seçimin səbəbi Ukrayna liderinin Rusiya tərəfindən danışıqlara göndərilən nümayəndə heyətini “adekvat və ciddi tərəfdaş” hesab etməməsidir.
Zelenski enər-enməz verdiyi bəyanatda bildirib ki, Rusiya nümayəndə heyəti “butaforik səviyyədədir” və heyətə rəhbərlik edən Vladimir Medinski Ukrayna üçün danışıqlar masasında oturmaq baxımından yetərli fiqur deyil.
Prezident qeyd edib ki, Rusiya ilə mümkün danışıqlarda Ukraynanın iştirak edib-etməyəcəyi barədə yekun qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüşdən sonra veriləcək. “Biz düşünəcəyik ki, nə edək, hansı addımları ataq – Ərdoğanla görüşdən sonra. Biz anlamalıyıq ki, Rusiya nümayəndə heyətinin hansı mandatı var, onlar nəyisə qərar verməyə qadirdirlərmi? Hamıya məlumdur ki, Rusiyada qərarları kim qəbul edir”, – deyə Zelenski əlavə edib.
Ukrayna lideri bu açıqlaması ilə bir daha Moskvanın göndərdiyi nümayəndə heyətini açıq şəkildə nüfuzsuzlaşdırıb və Putin administrasiyasına yönəlik sərt tənqid səsləndirib. Zelenskinin sözlərinə görə, Türkiyədə Ukraynanı yüksək səviyyəli nazirlər və dövlət rəsmiləri təmsil edir və onlar yalnız ədalətli sülhə gətirə biləcək qərarları qəbul etməyə səlahiyyətlidirlər.
Zelenski eyni zamanda bildirib ki, yaxın günlərdə ABŞ ilə də yüksək səviyyəli görüşlərin keçirilməsi mümkündür.
Qeyd edək ki, İstanbulda Rusiya ilə Ukrayna arasında yeni danışıqlar raundu planlaşdırılsa da, Ukrayna tərəfi nümayəndə heyətinin səviyyəsini yetərli saymadığı üçün rəsmi görüşlərin baş tutması hələlik sual altındadır.
Musavat.com
Musavat.com