Ardını oxu...
Bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir…

Yenixeber.org: 3 gün əvvəl mediada 35 şirkətin rəhbərinin həbsi ilə bağlı məlumat yayıldı. Məlum oldu ki,dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. F.Rəhimov qanunsuz işlərinin çoxunu adı ilk dəfə eşidilən “İnşaat-F” MMC vasitəsilə həyata keçiribmiş.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla ümumilikdə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürüldüyü və bu vəsaitin 62 min manatının həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırıldığı məlum olub.

Bu olayı səbəbsiz xatırlatmadıq… Təəssüf ki, korrupsiyaya, eləcə də dövlət satınalmalarında mənimsəməyə qarşı illərdir ki, aidiyyatı dövlət qurumlarının mübarizəsi hələ də gözlənilən nəticəni vermir. Bu əməliyyatlarda isə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir… Bəzən isə bir gün əvvəl təsis edilən, heç bir bazası, potensialı olmayan şirkətlər qalib elan edilir.

Bu arada Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daha bir tenderi yekunlaşdırıb. 21.11.2024-cü il tarixdə dövlətin bu təşkilatı “Uğur Tikinti”Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.Bu müqavilə ilə AQTA Şamaxı şəhərində inzibati binasının tikintisi qarışılığında“Uğur Tikinti” MMC-nə 1.365.063 manat ödəməli olacaq.

Bölgədəki oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə, tərəflər arasında müqavilə indi bağlansa da, tikinti işləri bir müddət əvvəldən başlayıb(?)

Məlumat üçün bildirək ki, AQTA-nın Dağlıq Şirvan Regional Bölməsinin Şamaxı şəhərində yerləşəcək inzibati binasının layihə-smeta sənədlərini “Creat Company” şirkəti 22 420 manat qarışılığında hazırlayıb. 750 m2 sahəni əhatə edəcək bina iki mərtəbəli olacaq.

Bu əməkdaşlıqda diqqət çəkən faktorlardan birincisi AQTA-nın heç də az olmayan dövlət vəsaitini etbar etdiyi “Uğur Tikinti” MMC ilə bağlıdır. Bu şirkətin nəinki vergi ödəyicisi kimi barəsində heç bir məlumat yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.

Belə olan halda yumşaq desək “Uğur Tikinti”MMC-nin fəaliyyəti ciddi araşdırmaları zəruri edir… Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Qoşqar Təhməzli dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? AQTA-nın bu şirkəti “gündüz şam işığında” tapması hansı maraqlardan qaynaqlanır? Və s.

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)

Yazının girişində qeyd etdiyimiz kimi, bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir…

***

Biz Yenixeber.org olaraq bu və digər faktlarla bağlı AQTA-dan müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, AQTA-nın sədri cənab Qoşqar Təhməzliyə 7 sualdan ibarət online sorğu ünvanladıq… 9 gün əvvəl göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik. Baxmayaraq ki, qurum rəsmiləri tezliklə cavab verəcəklərini bildirdilər.

Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Səlahiyyət sahibləri də medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu bilməlidirlər.Həm də onu bilmələri yaxşı olar ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb…(Yenixeber.org)

Mövzunun davamı olacaq.
 
Ardını oxu...
Çinin "Beijing Nubway S&T Co” LTD şirkətinin şikayəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Azcosmetics” MMC barəsində araşdırılma başlanıb...

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Beijing Nubway S&T Co” LTD-nin Azerbaycan Respublikasında qanuni təmsilçisi və nümayəndəsi, həmçinin “Az Estetik Group” MMC-nin direktoru Qasımov Rəşad Surxay oğlunun şikayəti əsasında “Azcosmetics” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozuntusuna dair araşdırma başlanıb.
Ardını oxu...
(Şəkildə: solda-Rəşad Qasımov, sağda-Kənan Zeynalov)

Şikayətin əsasını “Azcosmetics” MMC tərəfindən sözügedən şirkətə məxsus əmtəə nişanından müvafiq lisenziya və ya icazə alınmadan ölkə ərazisində istifadə edilməsi halı təşkil edir.

Belə ki, “Azcosmetics “MMC-nin rəhbəri Kənan Zeynalov “DİOLASHEER İCE” əmtəə nişanını istehsalçı və nişanın beynəlxalq səviyyədə sahibi " Beijing Nubway S&T Co., LTD şirkətinin məlumatı və razılığı olmadan ondan xəbərsiz Azərbaycan Respublikasında Əqli Mülkiyyət Agentliyində qeydiyyata aldırmışdır. Bunu aşkar edən " Beijing Nubway S&T Co., LTD şirkəti “DİOLASHEER İCE” əmtəə nişanının AZCOSMETİCS şirkəti tərəfindən qeydiyyatının etibarsız sayılaraq ləğv edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına şikayət etmişdir.

Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 23 fevral 2024-cü il tarixli qərarı ilə “Azcosmetics “MMC-yə verilmiş “DİOLASHEER İCE” əmtəə nişanı qeydiyyata alındığı gündən etibarsız hesab edilmişdir. AZCOSMETİCS şirkəti bu qərardan məhkəməyə şikayət etməmiş və nəticə ilə razılaşmışdır. Görünən odur ki, şirkət bunun heç bir fayda verməyəcəyini və perspektivsiz olduğunu başa düşmüş və məhkəmədə utandırıcı vəziyyətə düşmək istəməmişdir.
Ardını oxu...
Beləliklə, “DİOLASHEER İCE” əmtəə nişanı ölkəmizdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş müvafiq Şəhadətnaməyə əsasən nişanın əsl sahibi olan Çinin " Beijing Nubway S&T Co., LTD. (ünvan: Room 307, 3rd Floor, No. 5 Building, Mauhwa Induistry Park, No. 1 Caida 3rd Street, Nancai Town, Shunyi District, Beijing) şirkətinin adına qeydiyyata alınmışdır. Həmin şirkət lazer və epilyasiya avadanlıqlarının istehsalı və satışı ilə məşğuldur. Bir daha qeyd olunur ki, Azərbaycan Respublikasında şirkətin əqli mülkiyyət və digər biznes maraqlarını Qasımov Rəşad Surxay oğlu təmsil edir.

Lakin hal-hazırda “Azcosmetics” MMC-yə məxsus azcosmetics.az saytına daxil olduqda görünür ki, “Azcosmetics” MMC Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarına əhəmiyyət vermədən “DİOLASHEER İCE” əmtəə nişanından açıq-aşkar qanunsuz istifadə edərək nişanın əkls olunduğu cihazları reklam etməyə davam edir.

Onuda qeyd edək ki, “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” AR Qanununun 26-cı maddəsinə görə əmtəə nişanının reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır.
Ardını oxu...
“Haqsız rəqabət haqqında” AR Qanununun 4-cü maddəsinə əsasən eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətini təqlidi hesab olunur.

Həmin qanununun 11-ci maddəsinə görə Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər.

Həmin qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə - iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir.

Dövlət Xidmətinin araşdırmanın nəicəsi barədə əlavə məlumat veriləcəkdir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

(Ardı var)

TEZADLAR.az
 
Ardını oxu...
Özünüməşğulluq proqramı çərçivəsində 21 baş xırdabuynuzlu heyvan alan Laçın rayonu, Katos kənd sakini Əbdül Nurqələm oğlu Abdullayev son günlər parlamentdə qalmaqallara səbəb olan problemdən birbaşa əziyyət çəkdiyini bildirib.
"Özünüməşğulluq proqramı çərçivəsində mənə verilən heyvanlar səhəri gün xəstələndi. İki gün keçmədi ki, onlardan ikisi tələf oldu. Baytarlıq İdarəsindən gəlib heyvanları yardılar, ekspertiza apardılar. Məlum oldu ki, heyvanların ağciyəri xəstə imiş. Mənə dövlətin pulu ilə xəstə heyvanlar alıb verdilər. Ona görə də, mən digər heyvanları da geri qaytardım" - Əbdül Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında deyib.

"Özünüməşğulluqla bağlı verdikləri heyvanlar tələf oldu"
Həmsöhbətimiz deyir ki, heyvanlar ona verilərkən xəstə olub. Amma bu, baytarlıq sənədlərində öz əksini tapmayıb.
"Mən, Abdullayev Əbdül Nurqələm oğlu, hazırda Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayıram. Həyat yoldaşım Abdullayeva Tünzalə Fizuli qızı iki ilə yaxındır mal-qara almaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Bu ilin avqust ayının 29-da bizə zəng edərək bildirdilər ki, Şəki rayonunun mal bazarından heyvanlarınızı götürə bilərsiz. Biz heyvanları onlardan təhvil aldıq. Səhəri gün heyvanların 21-i də xəstələndi, iki baş heyvan tələf oldu. Sosial şəbəkə vasitəsi ilə cənab Prezidentə və Kənd Təsəsrrüfatı Nazirliyinə müraciət etdim. Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi gəldi, heyvanlara baxış keçirdi, heyvanların xəstə olduğunu təsdiqlədi. Dövlət Məşğulluq Agentliyinin işçiləri gəlib verdikləri heyvanları apardılar. Bizə isə bildirdilər ki, sizə sağlam heyvan verəcəyik. Bir neçə müddətdən sonra zəng etdilər ki, sizə sağlam heyvan gətirmişik. Bu dəfəki heyvanlar da qoca və xəstə idi. Biz bu heyvanlardan imtina etdik. Mən uzun illər kənd təsərrüfatı ilə, maldarlıqla, qoyunçuluqla məşğul olmuşam. Heyvanların sağlam olub-olmadığını üzünə baxanda bilirəm. Özünüməşğulluq üçün harda xəstə və qoca heyvan varsa, bizə onu təklif edirlər. Biz də bununla razılaşmırıq" - şikayətçi bildirib.

Vətəndaş niyə təkrar aktivlərdən imtina edib?
Ə.Abdullayev bildirib ki, özünüməşğulluq üçün təlimin son günü onun həyat yoldaşına heyvanların alınması ilə bağlı yüksək məbləğə imza atdırıblar. Amma bugünə qədər o sənəd ailəyə təqdim olunmayıb, gizlədilir.
Dövlət Məşğulluq Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda Şəki rayonu, Çələbixan qəsəbəsi sakini Abdullayeva Tünzalə Fizuli qızının müraciətinin araşdırıldığı bildirildi.
"Vətəndaş özünüməşğulluq proqramı iştirakçısıdır. 29.08.2024-cü il tarixdə "qoyunçuluq təsərrüfatı" zərfi üzrə aktivlərlə təmin olunub. 12.09.2024-cü il tarixində vətəndaş Məşğulluq Agentliyinin yerli filialına müraciət edərək heyvanlardan birinin tələf olduğunu bildirib və digər heyvanların da dəyişdirilməsini tələb edib. Tünzalə Abdullayevanın müraciəti əsasında sənədləri aidiyyəti üzrə baxılması üçün göndərilib. Vətəndaş bir neçə dəfə, sonuncu dəfə isə 04.10.2024-cü il tarixdə yeni aktivlərlə təmin olunmaq üçün paylanış prosesinə dəvət edilib. Tünzalə Abdullayeva hər dəfə heyvanları götürməkdən imtina edib. Vətəndaş növbəti aktiv paylama prosesinə dəvət ediləcək", qurumdan bildirilib.
O da qeyd edilib ki, Tünzalə Abdullayevaya üç dəfə fərqli vaxtlarda aktiv aparılıb. Amma o, aktivləri götürməkdən imtina edib.

Deputat haqlıdır, yoxsa nazir?
Məlumat üçün bildirək ki, bu günlərdə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara bəzi hallarda xəstə heyvanların verildiyini bildirib. Amma deputatın fikri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən sərt qarşılanıb. Nazir bildirib ki, bu məsələ ilə bağlı araşdırılmamış fikir bildirilməsin.
"Özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən hər bir aktiv vətəndaş tərəfindən şəxsən qəbul edilərkən videoçəkiliş aparılır və proqrama qəbul edilən həmin şəxsin elektron kabinetinə yerləşdirilir. Vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur. Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli Qida Təhlükəsizliyi Agentliyinin, baytarlıq sertifikatları, yoxlama, sağlamlıq arayışları orda olur. Əgər bunlar avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları orda olur" - Sahil Babayev bildirib.
Sosial şəbəkələrdə isə özünüməşğulluq üçün verilən heyvanların cansız olduğunu, vətəndaşa verildikdən qısa müddət sonra tələf olduğuna dair çoxsaylı şikayət və görüntülər əks olunub.

Ən çox problem kənd təsərrüfatı ilə bağlı verilən aktivlərdədir
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, özünüməşğulluq proqramında aktivlərin verilməsi ilə bağlı əsas problem kənd təsərrüfatındadır:
"Kənd təsərrüfatında özünüməşğulluq üçün təqdim olunan aktivlər ciddi narazılıqlar yaradır. Ona görə də kənd təsərrüfatı ilə bağlı aktivlərin verilməsində olan problemlər aradan qaldırılmalıdır".
Cəfərli də təsdiqləyib ki, ailələrə iri və xırdabuynuzlu mal-qaranın verilməsində problemlər var. Ona görə də, dövlət proqramı vasitəsilə vətəndaşlara təqdim olunan heyvanların verimliliyi yoxlanılmalıdır. Bu heyvanların alındıqdan sonra yerli mühitə uyğunlaşması, sonradan yaranan problemlər öyrənilməlidir. Bunun üçün isə vətəndaşlarla birbaşa əlaqə yaratmaq lazımdır:
"Əldə olunan nəticəni müzakirə etməkdənsə, bu nəticəni yaradan səbəblər öyrənilib aradan qaldırılmalıdır. Nəticələr nə qədər müzakirə olunsa da, bunu yaradan amillər aradan qalxmasa, müzakirə heç bir effekt verməyəcək. Özünüməşğulluq proqramını həyata keçirən qurum heyvanların alınması zamanı yol verilən çatışmazlıqları aradan qaldırmalıdır".
Heyvanları alan şirkət və xərclənən pullar sirr saxlanılır
Özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı ilə bağlı aktivlərin hansı şirkət tərəfindən alındığı, bu məqsədlə indiyədək nə qədər vəsait xərcləndiyi, bir xırda və iribuynuzlu heyvanın alınması ilə bağlı Dövlət Məşğulluq Xidmətinə ünvanladığımız suallar isə cavabsız qaldı. Qurumun Mətbuat Xidməti suallarımıza cavab vermədi. Bu isə heyvanların alınmasının hansı şirkət tərəfindən həyata keçirildiyi, eləcə də xərclənən pullarla bağlı şübhələri artırır.
Dövlət Məşğulluq Agentliyindən yalnız onu bildirdilər ki, aktivlərin alınması üçün qanunvericiliyə uyğun tender keçirilir və qalib şirkətlə müqavilə bağlanır. Tenderin harada, nə vaxt keçirildiyi, qalibin (yaxud, qaliblərin) kim olduğu isə ictimaiyyət üçün sirr kimi saxlanılır.
 

     

Ardını oxu...
"Azərbaycan təhsilində sürpriz sayılacaq, təəccüb doğuracaq bir nəsnə yoxdur və gözlənilmir də”, deyilir... Amma, bugünlərdə redaksiyamıza ötürülən məlumatlardan belə məlum olur ki, təhsilimizdə hələ də, təəccüb doğuracaq faktlar yox deyil. Başqa sözlə, hələ də, təhsilimizdəki səlahiyyət sahibləri “yeniliklər”ə imza atmaqda israrlıdırlar...

Məsələn, iki məktəbin bir direktorunun ola biləcəyi heç “yuxuya da, gələ bilməz”. Sən demə bəzən “yuxuya, gələ bilməyənlər” günümüzün reallığı ola bilir. Eyni ilə Cəlilabad rayon Alar kənd 1 və 3 saylı Tam Orta Məktəblərin bir şəxsin – İlahə Dadaşovanın “kurasiyasında” olduğu kimi.

Cəlilabadlı oxucularımızın Yenixeber.org-a verdikləri məlumata görə, İlahə Dadaşova əvvəllər Alar kənd 3 saylı Tam Orta Məktəbin direktoru olub. Bu gün də bu məktəbdə işinə davam edən həyat yoldaşı Abışov Hikmət Kamil oğlunu da, məhz həmən dövürdə texniki işçi kimi işlə təmin edib. Kartof ticarəti ilə məşğul olan Hikmət Abışovu məktəbdə görmək isə hər adama nəsib olmur...

Vakansiya verilib-verilməməsini bilməsək də, Alar kənd 3 saylı Tam Orta Məktəbdə direktor postu hələ ki, sahibini gözləyir. İlahə xanımın rəsmi olaraq, Alar kənd 1 saylı Tam Orta Məktəbdə direktor olmasına baxmayaraq, həm də de-fakto Alar kənd 3 saylı Tam Orta Məktəbə də rəhbərlik etdiyi məlumatlar sırasındadır. Hər iki məktəb bir mənbədən, bir qaydada, bir maraq çərçivəsində idarə edilir...

“Bir qayda” demişkən, məlumatda direktorun idarəetmə qaydalarından da, bəhs edilir... Bu qaydalarda Cəlilabad Rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalovun da adı “qırmızı xətlərlə” yer alır. Bu “qırmızı xətlər”də hansısa texniki işçilərin, məktəbdə “gözə dəyməyən” müəllimlərin izləri olduğunu biz iddia etmirik. Ola biləcək “Aylıq hesabat”ların da bu məktəblərdə tədrisin inkişafına hesablandığına əmin olmaq istəyirik...Həm də bilmək lazımdır və maraqlı olar ki, texniki və pedaqoji heyətin işə davamiyyətində məlum qayda və qanunlara nə dərəcədə riayət edilir? Bəs dərs bölgüsündə necə, hansı prinsip və maraqlar üstün tutulur? Və s.

Cavabını gözləyən suallar bununla bitmir... Biz bu və digər suallara cavab almaq istəyi ilə həm hörmətli İlahə xanımla, həm də cənab Zeynalovla telefon əlaqəsi yaratdıq. Təəssüf ki, hər iki tərəf suallarımıza cavab verməyi uyğun bilmədilər. Müxtəlif, aidiyyatı olmayan “cavablar”la suallarımızdan yayındılar...

İlkin Zeynalov isə bir az da qabağa gedərək, mobil telefonuna zəng etməyimizin qanunsuz olduğunu bildirdi(?) Sən demə bir media məsubunun bir məsul şəxsin mobil telefonuna zəng etməsi də hansısa qanunla tənzimlənirmiş...

Qarşıdakı günlərdə aidiyyatı qurumlara sorğu göndərməklə geniş yazı hazırlamağa çalışacağıq.

Yenixeber.org
 
 

 


Ardını oxu...
Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, “Dördyol-1” qəsəbəsi, ev 1231 ünvanında yaşayan keçmiş məcburi köçkün Sadıqova Mətanət Əli qızı Moderator.az redaksiyasından Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı şikayət ərizəsinin ictimailəşdirilməsini xahiş edib.

Hüquqlarının pozulduğunu iddia edən vətəndaşın xahişini nəzərə alaraq onun şikayət ərizəsini nəzərinizə çatdırırıq:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, mən, Sadıqova Mətanət Əli qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin müdiriyəm. İxtisasca ginekoloqam.

Nəbiyev Canəli Xanəli oğlu Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru vəzifəsinə təyin olunduğu gündən mənim öz vəzifələrimi yerinə yetirməyimə, yəni, əhalimizə effektiv tibbi xidmət göstərməyimə süni şəkildə əngəllər yaradaraq qərəzli şəkildə maneçilik törədir. Belə ki, bizim şöbəmiz uzun illərdir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsindəki binada yerləşmiş və həmin binada əhalimizin sağlamlığının qeydinə qalınması üçün hər cür şəraitimiz olmuşdur. Hazırda isə yeni direktor tərəfindən bizim şöbəmiz məcburi qaydada Quzanlı qəsəbəsindən 10 km məsafədə yerləşən Xındırıstan kəndinə köçürülmüşdür. Yeni köçürüldüyümüz yerdə isə əyləşməyə stulumuz və tibbi avadanlıqlarımız beləŞ yoxdur. Bizə müraciət edən xəstələr isə şəraitsizlikdən və onlara göstərilən tibbi xidmətlərdən narazı qalırlar. Qeyd edilən halların baş verməsinə, yəni əhaliyə normal tibbi xidmət göstərə bilməməyimizə səbəb isə birbaşa Nəbiyev Canəli Xanəli oğlunun qanunsuz əməlləridir.

Uzun illər məcburi köçkün həyatı yaşayan, iztirablar keçirən, əzab- əziyyət çəkmiş xəstələrə, həkimlərə belə ögey münasibət bəsləmək bütövlükdə əhalimizə hörmətsizlikdir.

Hörmətli Prezidentimiz cənab İlham Əliyev həmişə deyir ki, "Biz xalqa xidmət göstərməliyik". Ağdam rayonu səhiyyə sisteminə yeni təyin olunmuş direktor Nəbiyev Canəli Xanəli oğlu isə nəinki Ağdam əhalisinə tibbi xidmət göstərmək istəyir, əhalimizi rayondan didərgin salır.

Hörmətli Mehriban xanım,

Bizim Ağdam rayonundakı faciəmizin başında erməni işğalçıları durur. Ağdam rayonu 30 il bundan əvvəl işğala məruz qalmasa idi, Canəli həkim 10 nəfər aiddiyyatı olmayan şəxsin qarşısında "qarnını aç və bizə göstər görüm, sən nədən əməliyyat olunmusan" deyə məni məcbur edərək təhqir edə bilməzdi.

Mən belə açıq formada müraciət etdiyimə görə Sizdən üzr istəyirəm, amma məcburam. Ona görə ki, düşdüyüm vəziyyəti ancaq bu formada izah edə bilərəm.

Qeyd etmək istəyirəm ki, Nəbiyev Canəli Xanəli oğlu 10 nəfərdən ibarət tərkibdə iclas keçirtmiş, hansı ki, iclasda iştirak edənlərin çoxu tibb işçiləri deyildir və ən təsirlisi isə odur ki, qarşı cinsin nümayəndələrinin qarşısında məni - Azərbaycan qadınını bədən nahiyyəmi açıb göstərməyə məcbur etmişdir. Təsəvvür edin ki, Canəli həkimin həyat yoldaşı hər hansı bir təşkilatda çalışır və mənə qarşı edilən bu tərbiyyəsizlik onun başına gəlir. Belə ki, baş həkimin həyat yoldaşına on nəfərin içində (əksəriyyət kişi olmaqla) qarnını açması tələb edilir. Bu halda Canəli həkim öz həyat yoldaşının alçaldılmasına görə hansı hissləri keçirərdi?

Bildirmək istəyirəm ki, mən səhhətimlə bağlı əməliyyat keçirmişəm və Nəbiyev Canəli Xanəli oğlu bir çox xəstəxanalara müraciət edərək mənim müalicə məqsədilə xəstəxanaya qəbul edilməməyimi xahiş və tələb etmişdir.

Məsələyə hüquqi aspektdən yanaşsaq, Ağdam rayonu üzrə əhalinin sağlamlığının qorunması sahəsində işin təşkilinə cavabdeh olan vəzifəli şəxsin - direktorun sağlamlığının qorunması və tibbi yardıma ehtiyacı olan şəxsin xəstəxanaya müalicə üçün qəbul edilməməsi ilə bağlı xəstəxanalara yazılı göstəriş verməsi, onun özünün vəzifə səlahiyyətlərini aşmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dəlalət edir. Direktorun məktubu həm də əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifəsinin yerinə yetirilməməsinə yönəlmiş göstərişdir.

Dövlət Tibb Müəsisələrində Tibbi Xidmət Dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Dövlət vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi - sanitariya və tibbi-sosial xidmətlərin yaradılmasına təminat verir. Nəbiyev Canəli Xanəli oğlu isə yazdığı məktubu ilə dövlət tərəfindən vətəndaşa tibbi yardım sahəsində verilən təminatlara qadağa qoyur. Bu qadağanın əsası isə tibbi yardıma ehtiyacı olan şəxsin - mənim, həkim olmaqla Ağdam rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində işləməyimdir. Mənim müalicə müəsisəsinə qəbuluma qoyulan qadağa bilavasitə qulluq mövqeyim ilə bağlıdır.

Direktor məni həmin vəzifədən azad etmək üçün mənə münasibətdə ayrı-seçkilik edərək, müalicə almağım üçün müalicə müəsisəsinə qəbul edilməməyimi tələb edir. Bu isə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühim zərər vurmasıdır.

Sağlamlığın qorunması hüququ, yəni müalicəyə ehtiyacı olan şəxsin müalicə müəsisəsinə qəbul olunmaq müalicə almaq hüququ Konstitusiya ilə müəyyən edilir. Bu hüququ heç kəs məhdudlaşdıra, yəni qadağan edə bilməz. Belə bir səlahiyyət direktora da verilməyib. Onun mənim müalicə müəssisəsinə qəbulumu qadağan etməsi, Konstitusiyada nəzərdə tutulan hüquqlarımın pozulması deməkdir.

Yuxarıda qeyd etdiyim kimi, mənim müalicə müəsisəsinə qəbuluma qoyulan qadağa bilavasitə qulluq mövqeyim ilə bağlıdır. Nəbiyev Canəli Xanəli oğlu məni həmin vəzifədən azad etmək üçün mənə münasibətdə ayrı-seçkilik edərək, müalicə almağım üçün müalicə müəsisəsinə qəbul edlməməyimi tələb edir, o mənim hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozur.

Həmin hərəkətlər isə vəzifəli şəxs kimi Direktor tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə həyata keçirilmişdir. Mənim müalicə müəssisəsinə qəbul olunmamağım hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozmuşdur. Ona görə də direktor- Nəbiyev Canəli Xanəli oğlu cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Bundan əlavə, hesab edirəm ki, Nəbiyev Canəli Xanəli oğlunun hər hansı bir iclasda, yaxud həkim ekspert komissiyasında məni müayinə edəndə, mənim guya cinayət və ya cinayət xarakterli əməllər törətməyimi səsləndirməsi böhtandır və bu isə onu səsləndirən şəxs barəsində cinayət məsuliyyəti yaradır.

Hörmətli Mehriban xanım,

Həkim ekspert komissiyası mənim əmək qabiliyyətliliyimi təxminən 10 nəfərin otaqda olduğu vaxt yoxlayanda direktor Nəbiyev Canəli Xanəli oğlu mənim “əməliyyat olunmağımın yalan olmasını”bildirmiş, məcburən mənim əməliyyat olunan yerimi göstərməyimi tələb etmiş, başqalarının yanında mənə yara yerimi göstərməyə məcbur etmişdir. Bu faktın özü də ləyaqətin alçaldılması, təhqir kimi qəbul edilməlidir.

Ulu öndərimiz, ümummilli lider Heydər Əliyev cənablarının gözəl bir ifadəsi vardır: "dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Bu hikmətli ifadənin hazırkı dövrümüzdə də hüquqi dövlətimizdə icra ediləcəyi ən böyük ümidimdir.

Hörmətli Mehriban xanım,

Həmçinin bilavasitə sizə müraciət etməkdə məqsədim odur ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Nəbiyev Canəli Xanəli oğlu həmin bölgədə çox insanların hüquqlarına təcavüz edir və gələcəkdə də edəcəkdir. Onun bu qanunsuz əməlləri Ağdam sakinlərinin normal tibbi yardım almaq hüquqlarından məhrum edir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, bu məsələnin ciddi şəkildə araşdırılmasını, direktor Nəbiyev Canəli Xanəli oğlu barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə,
Sadıqova Mətanət Əli qızı
"11" noyabr 2024-cü il"
 
Ardını oxu...
Şirvada 13 hektar ərazini zəbt etdirənlərin kimliyi məlum olub. Qalmaqalda aşçının köməkçisi və bacanağı ilə müavinin adı hallanır...

Şirvanın icra başçısı İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimov vəzifə səlahiyyətlərindən dən sui-istifadə edərək “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özəlləşdiriblər.

AzFakt.com-a Şirvandan daxil olan məlumatda bildirilir ki, Şirvan şəhər Gəmi zavodu ətrafında yerləşən 13 hektar strateji torpaq sahəsini başçının köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimovun ələ keçirdiyi iddia edilir. İlk öncə Orxan İbrahimovun ərazini ələ keçirməsi barədə sosial şəbəkədə məlumatlar yayılmasına baxmayaraq, sonradan məlum oldu ki, başçı müavinin bu məəslədə icra başçısının tapşırığı ilə hərəkət edib və bu məsələdə ən aktiv rol alan şəxslərdən biri də başçının köməkçisi və bacanağı Etibar Yolçuyev olub.

Yayılan məlumatlarda zəbt edilən ərazinin Sabirbad rayonundan olan bir qazinin adına sənədləşdirildiyi iddia edilir.

Xatırladaq ki, İlqar Abbasov Suraxanıda icra başçısı olarkən Etibar Yolçuyevi başçının müavini təyin edib. Suraxanıda bütün tikinti və söküntü işləri, o cümlədən bütün gəlirli sahələr başçının bacanağının nəzarətində olub. İlqar Abbasov Şirvana təyinat aldıqdan sonra isə Etibar Yolçuyev müavin vəzifəsindən azad edilib və İlqar Abbasov bu dəfə onu Şirvanda özünə köməkçi təyin edib.
Ardını oxu...
Etibar Yolçuyev

Qeyd edək ki, Şirvanda “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsinin zəbt edilməsinin təfərrüatlarını daha geniş şəkildə oxucularımıza təqdim edəcəyik.
 
 

 


Ardını oxu...
Hələ ötən ilin sentyabrında TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirildi.

Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulması olub.

Amma nə qədər dəyişiklik edilsə də bu qurumda bütün işlər əvvəlki qaydasında gedir. Yeni, bir neçə il olar istismara verilmiş təcili yardım avtomobillərinə hər il yeni ehtiyyat hissələri alınır. Hər il eyni qaydada ehtiyyat hissələrinin alınmasına milyonlarla manat vəsait xərclənir. Səbəbi isə kiçik bir araşdırmada bəlli oldu.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı təcili yardım və “Hyundai Elantra”avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə başlanılan açıq tenderə 28.11.2024-cü ildə yekun vurulub. Müsabiqənin qalibi 105.564,69 manat təklifi ilə “İMPORT SUPPLY COMPANY ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və təchizatıçı ilə satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Sözügedən satınalma üzrə “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 298.716,00 manat müəyyən edilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 06.06.2024 -cü ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi 129.800 manat təklifi ilə “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və 12.11.2024-cü il tarixdə satınalma müqaviləsinin bağlanılması barədə məlumat dərc edilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 297.554 manat müəyyən edilib.

Bundan əlavə “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” ilə “AVTO TEXNİKA DETALİNG” MMC arasında bir satınalma müqaviləsi də 12.11.2024-cü ildə “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə bağlanılıb. Bu tenderdə MMC 168.999,6 manat təklifi ilə qalib seçilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş bu açıq tenderdə isə ehtimal olunan qiyməti 298.792,00 manat müəyyən edilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən yumşaq inventarların, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması üzrə 18.07.2024 -cü ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi 99.957,8 manat təklifi ilə “GİLL MED” Qapalı Cəhmdar Cəmiyyəti seçilib və 12.11.2024-cü il tarixdə satınalma müqaviləsinin bağlanılması barədə məlumat dərc edilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 194.753,00 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilat olaraq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin hər dörd tenderdə müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq MMC-lərin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “AVTO TEXNİKA DETALİNG”, “İMPORT SUPPLY COMPANY ” MMC-ləri ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” burada təkcə qanunları pozmur, həm də dövlətə külli miqdarda ziyan vurur. Belə ki, ehtimal qiymətlərindən aşağı olan malların alınması həmin malların keyfiyyətini şübhə altında qoyur. “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” güya dövlət vəsaitinə qənaət edərək, ucuz ehtiyyat hissələri alır. Əslində isə ucuz alınan ehtiyat hissələri tez sıradan çıxır və yenisinin alınması zərurəti yaranır. Hər il təkrarlanan bu proses isə külli miqdarda dövlət vəsaitinin təyinatından kənarlaşdırılmasına hesablanan bir addımdan başqa bir şey deyil.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalovdur. O, daha əvvəl Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub. Ötən il Mirələm Cəlalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən cərimələməsi ilə də gündəmdə olmuşdu.

Aktualinfo.org
 
Ardını oxu...
Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda daha bir qalmaqal baş verib.

Bu barədə "Təzadlar"a AMEA-dan bildirilib. Belə ki, bu günlərdə "Azərbaycan Respublikasının tarixi" şöbəsinin müdiri Əmrahov Mais İsrafil oğlu ilə şöbənin qadın əməkdaşlarından biri (adını hələki açıqlamırıq) arasında mübahisə o həddə çatıb ki, söyüş və təhqirlər səslənib. Əldə etdiyimiz məlumata görə, bu cür hallar institutda artıq adi hala çevrilib və xüsusilə Kərim Şükürovun direktor təyin olunmasından sonra qadın alimlərə qarşı açıq-aşkar təzyiq mühiti yaranıb. Hansı ki, iki həftə əvvəl də oxşar hadisə baş vermişdi. Media olaraq K.Şükürova elektron sorğu göndərsək də, həmin vaxt cavab verilməmişdi. İndi də elə...

***

Qeyd edək ki, sən demə, insidentin əsas səbəbi şöbə müdirinin yenicə elmlər doktorluğunu müdafiə etmiş, lakin təsdiqini hələ almamış qadın əməkdaşı qısqanması və onun gələcəkdə şöbə müdiri vəzifəsinə iddialı olmasından çəkinməsidir. Bu vəziyyətdə Mais Əmrahovun "gözünün odunu almaq" adlandırılan qeyri-rəsmi basqı siyasətinə əl atdığı bildirilir. Tarix İnstitutunda qadın alimlərə qarşı bu cür mənəvi basqı halları artıq sistematik bir problemə çevrilib.

Qeyd etmək istəyirik ki, qadın əməkdaşın yaşadığı ağır stress və mənəvi travmanı nəzərə alaraq onun adını açıqlamırıq. Lakin bu vəziyyət təkcə fərdi məsələ deyil, bu, institut daxilindəki idarəetmə mühitinin və akademik dəyərlərin ciddi şəkildə pozulduğunu göstərir. Biz, akademik ictimaiyyət və mətbuat nümayəndələri olaraq, AMEA-nın və Tarix İnstitutunun rəhbərliyindən xahiş edirik ki, bu cür hallara son qoyulsun və qadın alimlərə qarşı açıq-aşkar diskriminasiya və təzyiq siyasətinə qarşı ciddi tədbirlər görülsün. Elm və təhsil ocaqları belə neqativ hallara səhnə olmamalıdır!

Direktor Kərim Şükürovun və şöbə müdiri Mais Əmrahovun da mövqeyini dinləməyə hazırıq.

"Təzadlar"

Ardını oxu...
“Bəsti Hacıyevanın əməliyyatdan sağ çıxması sevindirici xəbərdir, amma məsələ bununla bitmir. Hazırda Bəsti xanım reanimasiyada olsa da, bu əməliyyatın kölgəsində gizlənən ciddi faktlar var. Azərbaycan mətbuatında bəzi mənbələr Ülviyyə İlyasovanın bu əməliyyatla bağlı rolunu gizlətmək üçün məlumatlar tirajlayır. Lakin məndə bu məsələyə işıq salacaq faktlar mövcuddur”.

"DogruXeber.az" xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova daha bir qalmaqallı paylaşımı ilə səs-küy yaradıb. O, adına cinayət işi açılan və eltisini öldürməkdə ittiham olunan həkim Ülviyyə İlyasova haqqında yeni iddialar səsləndirib:

“Ülviyyə İlyasovanın əməliyyatdan sonra hadisə yerində necə gizləndiyini əks etdirən sübutlarım var. Hətta onun bacısının telefonundan xəstə yaxınlarına zəng edib, “Məni ələ verməyin, tutulsam xəstənizin xərclərini ödəməyəcəm,” deyə insanları qorxutduğuna dair məlumatlar mövcuddur. Bu arada qeyd etmək lazımdır ki, Bəsti xanım varlı deyil, maliyyə baxımından çətinlik çəkir və Ülviyyənin onun üçün ödəyəcəyi yardıma möhtacdır. Amma hüquq-mühafizə orqanları bu məsələni diqqətlə araşdırmalıdır. Ülviyyənin günahını hansısa saxta “həkim” öz boynuna götürübsə, bunun səbəbləri də açıq şəkildə üzə çıxarılmalıdır. Ülviyyə İlyasovanın fəaliyyətini davam etdirdiyini sübut edən daha bir video paylaşımı da təqdim edəcəyəm. Bu dəfə söhbət azərbaycanlı aktrisa Mila Bekovadan gedir. Həmin videoda görəcəksiniz ki, Ülviyyənin əməlləri Mila xanımı hansı psixoloji, fiziki və mənəvi əzablarla üz-üzə qoyub. Öz gözlərinizlə izləyib nəticə çıxarın.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının addım atması və ədalətin təmin olunması hər birimizin gözləntisidir. Bu hadisələr yalnız fərdi insanlara deyil, bütövlükdə cəmiyyətə zərbə vurur. Biz isə susmamalı, həqiqətləri işıqlandırmalıyıq”./Yenisabah.az/
Ardını oxu...
Dünən mediada övladlarının təhsil aldığı orta məktəbdə istiliyin olmadığından şikayətlənən valideynlərin narazılığı ilə bağlı məlumatlar yayılmışdı. “Sumqayıt şəhəri, Bağlar massivi, Aşağı Mollu kənd tam orta məktəbində övladım təhsil alır. Məktəbdə qızdırıcı radiator olsa da, bu sadəcə görüntü üçündür. Çünki həmin məktəbdə istilik yox səviyyəsindədir. Demək olar ki, siniflərin əksəriyyəti soyuqdur. Koridordakı radioatorların əksəriyyəti işləyir. Bir otaqda iki qızdırıcı varsa birini bağlayırlar ki, o birinə istilik getsin. Bu zaman isə sinif soyuyur. Çünki aparat balacadır”

Bunu açıqlamasında adının çəkilməyini istəməyən şikayətçi valideyn bildirib. Daha bir valideyn isə iddia edib ki, özləri məktəbi peçlə təmin edib:“Uşaqlardan pul yığıb otaqlara qızdırıcı alıblar. Bu təşəbbüs də əslində uşaqlardan, valideynlərdən gəlib. Çünki otaqlar soyuq olur. Məktəblilər tez-tez xəstələnirlər. Hətta soyuq olanda uşaqlar isti üst geyimləri ilə dərsdə otururlar. Qış hələ qarşıdadır. Birazdan vəziyyət daha dözülməz olacaq. Çox istərdik ki, məktəbimiz üçün əlavə istixana tiksinlər” deyə şikayətçi bildirib.

Aktualinfo.org validynlərin bəhs etdikləri, Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsinin əhatə dairəsində olan məktəblərin isidilməsi ətrafında araşdırma aparıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsi Abşeron r.nu ərazisində yerləşən ümumtəhsil orta məktəbləri,uşaq bağçaları və körpələr evinin və Sumqayıt şəhər ərazisində yerləşən uşaq və körpələr evinin binalarının isidilməsinin təmin edilməsi üzrə 15.11.2024-cü ildə bir mənbədən satınalma metodu tətbiq etməklə “MAHMUD” kəndli fermer təsərrüfatı ilə 1.285.564,8 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Abşeron – Xızı Regional Təhsil İdarəsi “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə, satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Abşeron – Xızı Regional Təhsil İdarəsi xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır. Abşeronda və yaxud Sumqayıtda “MAHMUD KFT”-dən başqa analoji işlərlə məşğul olan şirkət yoxdur? Sözügedən fermer təsərrüfatı ilə birbaşa müqavilənin bağlanılmasında təbii ki, maraqlı olan tərəflər var. Çünki sözügedən şirkət Sumqayıt və Abşeron məktəblərinin “isidilməsi” üzrə çoxdan püxtələşib. Bu barədə bir qədər sonra.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAHMUD” kəndli fermer təsərrüfatı (VÖEN: 3100051111 ) 22.05.2001-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, qanuni təmsilçisi kimi isə İsmayılov Orxan Bilal oğlu qeyd olunub.

Reyestr məlumatlarında şirkət F.H.ABBASOVA VƏ E.M.ABBASOVUN TAM ORTAQLI MAHMUD KƏNDLİ FERMER TƏSƏRRÜFATI kimi dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi Abbasov Elbrus Mahmud oğlu olub. O, həm də Abşeron rayonunda fəaliyyət göstərən “İstilik” MMC-nin drektoru olub, 2019-cu ildə dünyasını dəyişib.

Qeyd edək ki, “MAHMUD” kəndli fermer təsərrüfatı daha əvvəllər də Sumqayıtda məktəblərin isidilməsi üzrə keçirilmiş tenderlərin qalibi olub. Hələ 2021-ci ildə Təhsil Nazirliyinin 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzi təhsil müəsisələrinin isidilməsi üzrə 480 000 manat məbləğində satınalma müqaviləsi 19.04.2021-ci il tarixdə “MAHMUD KFT” ilə bağlanmışdır. Sözügedən Mərkəz 22.10.2021-ci ildə isə “MAHMUD KFT” ilə 750.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Apardığımız araşdırmalardan da göründüyü kimi “MAHMUD” Kəndli Fermer Təsərrüfatı Abşeron – Xızı Regional Təhsil İdarəsinin əhatə dairəsində olan məktəblərin isidilməsi üzrə milyonlarla dəyəri olan tenderlərin qalibi olub. Bununla belə övladları Sumqayıt təhsil ocaqlarında oxuyan valideynlər məktəblərin isidilməməsindən şikayətçidirlər. Belə olan halda məktəblərin isidilməsinə ayrılan külli miqdarda dövlət vəsaitləri hara gedir?

Qeyd edək ki, Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadı. O, bu vəzifəyə təhsil nazirinin 29 aprel 2022-ci il tarixli əmri ilə təyin edilib.

Aktualinfo.org
 

Dünyapress TV

Xəbər lenti