Ardını oxu...
Son günlər Bakı metrosunda qatarların gecikməsi ilə bağlı problemlər artıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunu sərnişin çoxluğu ilə izah edir. Onun sözlərinə görə, hər vaqon 300-dən çox sərnişin tutumuna malikdir. Sərnişin sayı isə günbəgün artmaqdadır.

“Bakı Metropoliteni” öz tutumundan daha artıq sərnişin qəbul edir: “Bunun da belə olmasının səbəbi mövcud infrastrukturdan başlayır. Bakı şəhəri böyüyür və inkişaf edir. Bu da bir sıra təzadlara zəmin yaradır. Dünya praktikasına nəzər salsaq, metropolitendə sərnişin daşıyan xətlər müstəqil hərəkət edə bilir. Onun öz elektrik deposu və infrastrukturu olmalıdır. Lakin Bakı metrosunda əsas sərnişin daşıyan "qırmızı" və “yaşıl” xətlər “28 May” stansiyasında birləşirlər. Həmçinin “Bakı Metropoliteni”nin 2 xəttinin cəmi bir deposu var. Bu da metropolitenin müvafiq normalarının pozulmasına səbəb olur. Əslində isə hər xəttin 20 km-dən bir öz elektrik deposu olmalıdır. Lakin bizim metropolitendə bu imkanlar yoxdur. Bizim metronun “qırmızı” və “yaşıl” xəttində 34 kilometrdən bir elektrik deposu var. Bu səbəbdən də sərnişin sıxlığı və müəyyən nüanslar olanda, hərəkət qrafiki pozulur".

Yəni anlaşılan odur ki, Bakı metrosunun problemi yerin altında yox, daha çox üstündədir... Yəni yerüstü nəqliyyatın problemidir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsinə çox ciddi ehtiyac var: “Yerüstü nəqliyyatdan daha təhlükəsiz və daha rahat olanı yeraltı nəqliyyatdır. Çünki heç bir yerdə kəsişməsi, işıqfor yoxdur, dayanmır və kiməsə yol vermir. Ümumilikdə metro rahat və təhlükəsiz sərnişindaşıma növüdür. Təəssüf ki, Azərbaycanda metro şəbəkəsi çox zəif qurulub. Keçmiş MDB məkanında SSRİ-nin tərkibində olanda Azərbaycana qarşı bu sahədə ögey münasibət olub. Bakının ərazisi Ermənistanın paytaxtı İrəvandan 12 dəfə böyükdür, əhalisi də çoxdur. Lakin İrəvanda, Kiyevdə və Tiflisdə metrostansiyaların sayı Bakıdan daha çoxdur. Göründüyü kimi, Bakıya qarşı həmişə ögey münasibət olub. Bakıda metro stansiyalarını yalnız o məqsədlə tikiblər ki, fəhlələr neft buruqlarına rahat gedib gəlsinlər və neft çıxarsınlar. Bir sözlə, Bakıda sistemli iş görülməyib. Metro stansiyalarının qurulma şəbəkələrinə nəzər salın: "İçərişəhər" sonuncu xətt olur. Qara Qarayev istiqamətində, 20-ci sahədə, Bayılda xeyli sayda insan yaşayır, amma metro yoxdur. Həmçinin Sumqayıt-Abşeron və Xırdalan istiqamətində metro xətti yoxdur. Buna görə də Bakı şəhəri üçün 60-a yaxın metro stansiyası lazımdır. Bakının Baş planında nəzərdə tutulur ki, 2040-cı ilə qədər bu rəqəm 46-47-yə çatdırılsın. Bundan sonra 20 yeni metro stansiyası tikilsə, çox böyük dəyişiklik olacaq. “Koroğlu nəqliyyat mübadilə məntəqəsi”ndə Bakı Nəqliyyat Agentliyi çox ciddi səhvə yol verdi. Bakı kəndlərindən gələn bütün avtobusları həmin məntəqəyə yığdı. Həmin məntəqəyə eyni anda 10 avtobus daxil olanda və onların hərəsindən 50 nəfər düşəndə, bu, 500 nəfər sərnişin deməkdir. 500 nəfər eyni vaxtda metroya daxil olanda onun bu qədər sərnişini daşımağa gücü çatmır. O zaman “Bakı Metropoliteni” də bu məsələnin onlarla müzakirə edilmədiyini etiraf etdi".

Ekspert bildirir ki, sərnişinlərin çoxluğu və axın etməsinin də müəyyən həll yolları var. Həll yollarından biri odur ki, bəzi avtobusların son dayanacağı “Koroğlu” stansiyası yox, “Qara Qarayev”, “Neftçilər” olsun: “Əvvəl elə idi deyə, "Koroğlu"da o effekt yaşanmırdı. “28 May” stansiyasında da bu hal yaşandı. Çünki "28 May" nəqliyyat mübadilə məntəqəsi artıq işə düşüb və “Koroğlu”da yaşananların eynisi baş verir. Nəticədə bir dəfəyə xeyli sayda sərnişin daşınmasına Bakı metrosunun gücü çatmır. Mən bir ay öncədən bu problemlərin yaşanacağını deyirdim. Çünki həmin ərazi “qaynar nöqtədir”. Buna görə də avtobusların son dayanacağı fərqli-fərqli yerlərdə olmalıdır. Bu məsələlər riyazi hesablama əsasında həll oluna bilər. Xronometraj aparmaq, sorğu keçirmək, gündəlik kameraların nəticələrinə baxmaq lazımdır. İzləmək lazımdır ki, pik və qeyri-pik saatlarda metroya nə qədər adam daxil olur və s. Onun əsasında intervalı elə təyin etmək olar ki, sıxlıq yaşanmasın. Bunları təhlil etmək çətin deyil.

2040-cı ilə qədər 20 stansiyanın tikiləcəyini fantastik göstərici kimi qəbul edirəm. Ola bilsin ki, qonşu ölkələrin təcrübəsindən istifadə etsin. Məsələn, orada il ərzində 3 stansiya istifadəyə verilir. Bizdə də 16 il ərzində 20 stansiya tikəcəklərsə, deməli, il ərzində 2-3 stansiya istifadəyə veriləcək. Bizdə isə çox pis təcrübə var. Bir stansiyanı ən tez 3 ilə təhvil verirlər. 8 Noyabr stansiyası 10 ilə başa gəldi. Halbuki razılaşmada Ceyhun Səlimov küçəsinin bağlanması üçün 3 illik icazə alınmışdı. Nəticədə Tiflis prospekti çökürdü. Yalnız stansiya açılandan sonra yolun yükü azaldı. Hazırda bir neçə stansiyanın tikintisi müəyyən səbəblərə görə dayanıb".

Xatırladaq ki, dekabrın 4-ü axşam saatlarında Bakı metrosunda nasazlıq yaranıb. Belə ki, “yaşıl xətt” üzrə “Əhmədli”-"Dərnəgül" marşrutu ilə hərəkət edən qatar “28 May” stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən “28 May” stansiyasında sərnişinlər düşürülüb. Sıxlığın tənzimlənməsi bir saat davam edib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, qatardakı texniki nasazlıqla bağlı komissiyanın xüsusi araşdırma iclası olacaq: “Metropolitendə bir qayda olaraq istənilən hadisə texniki qaydada araşdırılır. "28 May"da baş verən hadisə ilə bağlı təkcə texniki nasazlıq deyil, həmin vaxt işçi heyətin operativ reaksiyasına, öz vəzifə təlimatına uyğun işləri vaxtında yerinə yetirməsinə, maşinistin doğru qərar verib-vermədiyinə, həmin vəziyyəti operativ qiymətləndirmə sürətinə kompleks baxılır. İlkin olaraq işçi personalının rejimi araşdırılıb. "28 May" sərnişinlərin ən sıx olduğu stansiyalardan biridir və hadisə pik vaxtda baş verib. Maşinist həmin vaxt doğru qərar verib. Sadəcə olaraq, sərnişinlərin vaqonlardan düşürülməsi uzun vaxt aparıb.

Qatardakı nasazlıqla bağlı deyim ki, həm köhnə, həm də yeni nəsil qatarlarımızda müasir sistemlər quraşdırılır. Bu sistemlər bəzi nasazlıqları öncədən xəbər verir. Dünən də maşinist ötürücüdən bu məlumatları alıb və təlimat qaydalarına uyğun olaraq sərnişinləri dərhal düşürüb. Hazırda ötürücüdə baş vermiş yanlış göstərmə araşdırılır. Əsas problem odur ki, “28 May” stansiyası “yaşıl” və “qırmızı” xətlərin kəsişərək birləşdiyi stansiya olduğundan bu hadisə nəticəsində “Dərnəgül” və “İçərişəhər” istiqamətində əsaslı yubanmalar olub. Bakı şəhərinin Baş planına uyğun olaraq xətlər mütləq ayrılmalı, yeni stansiyalar inşa olunmalıdır. Xüsusən Nərimanov elektrik deposundan başqa Dərnəgül elektrik deposu da inşa olunmalıdır ki, Dərnəgüldən Əhmədli stansiyasına qədər olan sahədə problemlər yaranmasın".
 
Ardını oxu...
Kəlbəcər rayonu, 70 saylı orta məktəbin müəllimləri - Hüseynov Gəncəli Hüseyn oğlu, Salmanov Xanoğlan Şahməmməd oğlu və Əhməd Məmmədov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Biz, Kəlbəcər rayon müəllimləri Hüseynov Gəncəli Hüseyn oğlu, Salmanov Xanoğlan Şahməmməd oğlu və Əhməd Məmmədov yazaraq bildiririk ki, müraciət etmədiyimiz qurum qalmayıb, amma işimizlə dərindən maraqlanan qurum yoxdur.

Qeyd edək ki, Kəlbəcər rayon Təhsil idarəsində özbaşınalıq, dərəbəylik və rüşvətxorluq baş alıb gedir. Məsələ ilə bağlı Elm və Təhsil nazirinə, nazirliyin Şərqi Zəngəzur Regional İdarəsinə, Baş prokurorluğa dəfələrlə müraciət etsək də, şikayətimizə baxan yoxdur. Kəlbəcər rayon Təhsil sektorunun müdiri Namiq Rəcəbov ixtisasca müəllim deyil, məktəbşünaslıqdan xəbəri yoxdur. Təhsil sektoru məsləhətçi tərəfindən idarə olunur. Məsləhətçilər və metodistlər müdirin savadsızlığından istifadə edərək, şəxsi mənafeləri naminə ciddi qanunsuzluqlar edirlər.

Ən dəhşətlisi odur ki, müdir Namiq Rəcəbov ifrat dərəcədə içki aludəçisidir. Biz işlədiyimiz Kəlbəcər rayon, 70 saylı məktəbin ağzı bağlıdır, sübut üçün çəkilişlərimiz var.

Region müdiri Fuad Bədəlov Namiq Rəcəbovun sanki zirehli geyimidir. Bütün ərizə və şikayətlər onun üstünə göndərilir. O da şikayətçilərdən xəbərsiz ərizələri bağlayır. Çünki məktəblərdən götürülən qazanca ortaqdır.

Namiq Rəcəbov ən yaxın qohumlarını məktəb direktoru təyin etdirir. Onların vasitəsilə əl altdan pullar yığılır. Beləliklə, təhsil adı altında külli miqdarda talançılıq edir. Kim Namiq Rəcəbovla “görüşməsə”, həmin müəllimlər yüksək bal toplasa da, onlara 2-3 saat dərs verilir. Müəllim var, ona cəmi 1 saat dərs verib.

Dəhşətdir, bu adam kimə söykənibsə, heç nəyi vecinə almır. Üzr istəyirik, həm də əxlaqsızlıqla məşğuldur. İyul ayında belə iş üstündə iş otağında döydülər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatları Birliyi ammofos gübresinin satınalınması üzrə bir mənbədən satınalma yolu ilə keçirdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 181.760 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 04.12.2024 -cü il tarixdə dərc edilib.

Qeyd edək ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatları Birliyi “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda. Göründüyü kimi Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AQROKİMYA” (VÖEN: 7300045761) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.11.2000-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 9938.80 manat olan MMC-nin hüquqi ünvanının, TOVUZ RAYONU, DÖNÜK QIRIQLI, qanuni təmsilçisi kimi isə Məmmədov Rəhman Məmməd oğlu qeyd olunub.

Bəs Məmmədov Rəhman Məmməd oğlu kimdir? Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun oğlu.

Vergi Xidmətinin reyestr məlumatlarına edilmiş dəyişiklikdə “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məmmədov Məmməd Cahangir oğlu tərəfindən təsis edildiyi göstərilir. MMC-yə ayrı ayrı vaxtlarda Xəlilov Eldar Cabbaroviç də rəhbərlik edib.

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Məmmədov Məmməd Cahangir oğlu 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Apardığımız daha ətraflı araşdırmada o da məlum oldu ki, “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyəti son illər Kənd Təsərrüfatı Nazirliyinə tabeli “Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC ilə bir mənbədən satınalma yolu ilə 413.000 manat məbləğində 05.11.2024-cü ildə, 480.390 manat məbləğində 12.10.2023-cü ildə iki satınalma müqaviləsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.09.2021-ci ildə 940.600 manat məbləğində satınalma müqavilələri bağlamışdır.

Göründüyü kimi “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri yüzminlərlə manat olan tenderlərin qalibi olub. Maraqlıdır ki, “AQROKİMYA” MMC Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdiyi satınalmalarda bir mənbədən satınalma yolu ilə qalib gəlib. Bu isə “AQROKİMYA” MMC -nin təsisşisi olan Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Kənd Təsərrüfatı Nazirliyindəki şəxsi əlaqələri ilə bağlı ola bilər.

Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz bayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Tovuzun kəndlərində sadə vətəndaşlara aid pay torpaqlarına verilən suda problem yaradir ki, kənd sakinləri bezib əllərində olan torpaqları bu adama satsınlar. Bu üsulla yüzlərlə hektar torpaq, kənd sakinlərinən alıb öz adamlarının adına kecirib. Göründüyü kimi Məmməd Məmmədov Tovuzda qazandıqları azmış kimi, milyonları həm də belə qazanır.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevdir.
Aktualinfo.org
 
Ardını oxu...
Bu günlərdə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının, təmirə dayandığı üçün, müvəqqəti olaraq Bilgəhə köçürüldüyü haqda məlumat verildi. Əlbəttə, vətəndaşların daha çox müraciət etdiyi dövlət xəstəxanalarının yüksək səviyyədə təmir olunması arzuolunan haldır. Lakin təəssüflə qeyd etməliyik ki, dövlət büdcəsindən bu məqsədlə ayrılan təmir xərcləri bəzi hallarda vətəndaşların cibindən çıxarılır. Söhbət ondan gedir ki, bu kimi xəstəxanalar təmir olunduqdan sonra “daha yüksək” xidmət adı altında “xidmət haqqı” və rüşvətin qiyməti dəfələrlə artırılır.

Çox güman ki, haqqında bəhs etdiyimiz Respublika Kliniki Xəstəxanasında da təmirdən sonra analoji vəziyyətlə qarşılaşacağıq. Çünki bu xəstəxanada pasiyentlərin “soyulması” halları yeni deyil.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bugünlərdə yaxın qohumumun xəstəliyi ilə əlaqədar tez-tez Respublika Kliniki Xəstəxanasına getməli, demək olar ki, hər gün ona baş çəkməli oldum. Çox təəssüflə qeyd edirəm ki, bu xəstəxanaya getdiyim təxminən bir həftə ərzində demək olar, hər gün insanlara açıq-aşkar zülm edildiyinin canlı şahidiyəm. Belə ki, dövlət büdcəsindən maliyyələşən bu xəstəxanada istər müalicə, istər də əməliyyat olunan insanlar, eləcə də onların yaxınları açıq-aşkar “soyulur”, hər addımbaşı külli miqdarda rüşvət verməyə məcbur edilirlər.

Ən maraqlısı isə odur ki, bu xəstəxanada rüşvət vermədən nəinki xəstələrlə görüşmək mümkündür, hətta onlara ərzaq, geyim əşyaları belə, göndərmək pulludur. Xüsusilə də hansısa səbəbdən qeyri-görüş saatlarında xəstə yaxınına baş çəkməli olsan, səni onunla görüşdürmək bir yana, hətta ona gətirdiyin əşyaları, yeməyi belə, ünvanına çatdırmağa imkan vermirlər. Yaxud da həmin əşyalar vaxtında deyil, saatlar sonra xəstəyə çatdırılır. Yox, özün şəxsən aparıb vermək istəyirsənsə, mütləq ya mühafizəçiyə, ya da tibb bacısına 10 manat ödəniş etməlisən. Əgər vətəndaş öz xəstə yaxını ilə “növbədənkənar” görüşmək istəsə, bunun üçün mütləq əlavə 10 manat da ödəməlidir. Bu halda, ərzaq və digər əşyaların xəstəyə çatdırılması üçün də əlavə 5 manat tələb olunur.

Çox təəssüflə qeyd edirik ki, Respublika Kliniki Xəstəxanasında bu cür “rüşvəttoplama əməliyyatı” kimsədən çəkinmədən, hər kəsin gözü önündə, üstəlik də nəzarət kamerasının düz qarşısında aparılır. Hətta nağd pulu olmayan vətəndaşlar mühafizəçinin, yaxud tibb bacısının bank kartına köçürmə edə də bilirlər.

Əlbəttə, bu xərclər yalnız gün ərzində 1 dəfə daxil olmaq üçündür. Yəni gün ərzində ikinci dəfə içəri keçmək istəyərkən, daha 10 manat vermək məcburiyyətindəsən. Maddi imkanı, yaxud içəridə tanışı olmayanlar, heç bir halda öz yaxınları ilə görüşə bilməzlər.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, günün müəyyən vaxtlarında xəstələrlə görüş saatı müəyyən olunsa da, bu, formal xarakter daşıyır. Çünki, fakiktiki olaraq 10 manat ödəniş etmədən içəri keçmək heç bir halda mümkün olmur.

Təbii ki, daha böyük biabırçılıq içəridə baş verir. Burada hətta sığorta ilə əməliyyat olunan vətəndaşlar belə, həkimə, tibb bacılarına, sanitar xidmətin əməkdaşına gündəlik pul ödəmək məcburiyyətindədir. Əks halda nə həkim, nə də tibb bacısı vaxtı- vaxtında xidmət göstərmir, iynə-dərmanlar belə vaxtında verilmir.

Dediklərimizin sübutu üçün burada baş verən bir faktı da dəyərli oxucuların diqqətinə çatdıraq. Xəstə yaxınımıza baş çəkən zaman onunla qonşu palatada müalicə alan bir şəxsin gecələr qışqırdığı haqqında məlumat əldə etdim. Aydın oldu ki, biçaqlandığı üçün xəstəxanaya müraciət bu şəxs ağır psixoloji sarsıntı keçirdiyindən, orada hər gün səs-küy salırmış. Halbuki, bu kimi xəstələrə vaxtı-vaxtında ağrıkəsici vurulmalıdır. Lakin onunla birgə olan anasının həkimlərə, tibb bacılarına pul vermək imkanı olmadığından, övladına ağrıkəsici vurulmurmuş. Anası həkimdən oğluna ağrıkəsici vurulmasını xahiş etdikdə, “bizdə iynələr sayla verilir, başqasının iynəsini sənin oğluna vura bilmərəm”, - deyə imtina edilib. Sonradan qadın pul verdiyi üçün xəstəyə yardım olunub və iynə ilə sakitləşdirilib.

Onu da qeyd edək ki, baş həkim zaman-zaman xəstələrə gəlib baş çəkdiyi zaman onlara həkim və tibb bacılarına rüşvət verdikləri haqqında heç yerdə heç nə deməmələri ilə bağlı xahiş edirmiş. Bütün bunlar isə onu deməyə əsas verir ki, Respublika Kliniki Xəstəxanasında aşağıdan yuxarıya hər kəs burada mövcud olan “rüşvət pramidası”nın içərisindədir. Bu sxem elə qurulub ki, hətta icbari sığorta ilə xəstəxanaya müraciət edən pasiyentlər belə, gündəlik verəcəyi rüşvəti öncədən ayırıb kənara qoymalıdırlar. Əks halda heç bir tibbi xidmətdən söhbət gedə bilməz.

Göründüyü kimi, Respublika Kliniki Xəstəxanasının təmirə dayanması bir tərəfdən yaxşı hal olsa da, digər tərəfdən burada rüşvətin “taskı”sının qalxmayacağına kimsə zəmanət verə bilməz. Odur ki, vətəndaşlara layiqli tibbi xidmət göstərmək üçün bərbəzəkli xəstəxanalar tikmək əvəzinə, mövcüd olan potensialdan daha səmərəli faydalanmaq, ən əsası isə pasiyentlərə insan kimi yanaşmaq lazımdır. Bu olmayacağı təqdirdə, xəstəxanaların təmirinə, yenilərinin tikintisinə milyonlarla manat ayırmaq mənasızdır.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
 
 
Ardını oxu...
İmişli şəhərində avtomobil yollarını yenə də “Orion-E” şirkəti təmir edəcək.
Qaynarinfo-nun məlumatına görə, hər il İmişli Rayon İcra Hakimiyyətinin yol təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilən “Orion-E” şirkətini bu dəfə də əvəzləyən olmayıb. Yolların təmirinə 582 399,03 manat xərclənəcək.
Yeri gəlmişkən, İmişli Rayon İcra Hakimiyyətinin cari ilin oktyabr ayında şəhid ailələrinin yaşadığı və şəhidlərin adı verilmiş küçələrdə yolların əsaslı təmiri ilə bağlı tender keçirib. Bu tenderin qalibi “Orion-E” şirkəti seçilib. Şirkətin qiymət təklifi 491 469,71 manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Orion-E” MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 730 030 AZN olan şirkətin hüquqi ünvanı İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Bu sirli şirkət 2023-cü ildə İmişli Rayon İcra Hakimiyyətinin yol təmiri ilə bağlı 583 971,97 manatlıq, 2022-ci ildə 1 149 853, 74 manatlıq tenderlərinin qalibi olub.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdir. O, icra başçısı vəzifəsinə 21 may 2020-ci il tarixdə təyin edilib. Həmin ilin may ayının 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Əməliyyat nəticəsində Elçin Rzayevin sələfi Vilyam Hacıyev həbs edilib.
 
Ardını oxu...
Bir atalar sözündə deyilir ki, müftə pendir tələdə olur. Bu müdrik kəlam Qərbin qrant və yardım siyasətini tam mənası ilə ifadə edir. ABŞ və Avropa İttifaqının ölkələri özündən asılı vəziyyətə salmaq və onlara təzyiq mexanizmləri formalaşdırmaq üçün bu məsələni daim işlək vəziyyətdə saxlayır.

Müxtəlif fondlar vasitəsi ilə həyata keçirilən bu siyasət Azərbaycanda da özünün "bəhrəsini” verib. Qrant dəllalları illərdir xaricdən gələn milyonlarla dollar (avro) vəsaiti mənimsəməklə məşğuldurlar. Azərbaycanda bunun qarşısının alınması, qanunsuz pul axınının neytrallaşdırılması üçün ciddi işlər görülür. Qanunlar sərtləşdirilir, qadağalar qüvvəyə minir və s.

Təkcə vətəndaş cəmiyyəti institutları deyil, həm də dövlət orqanlarının xarici ölkələr və təşkilatlardan qrantlar alması heç kimə sirr deyil. Bu qrantlar hara xərclənir, necə istifadə olunur?

Qrantverənlərlə qrantalanlar arasında sövdələşmə olması və qrantın bölünərək mənimsənilməsi zamanı ciddi maxinasiyalara yol verilir.

Azərbaycanda xaricdən ən böyük qrant və yardım alan strukturlardan biri Qaçqın və Məcburi Koçkünlərlə iş üzrə Dövlət Komitəsidir. Bu qurumun yardım ənənəsinin olması 1990-cı illərə gedib çıxır. Həmin illərdə erməni ekstremistlərinin əli ilə dədə-baba torpaqlarından zorla çıxarılan milyondan artıq qaçqın və məcburi köçkünün problemlərini həll etmək üçün yardıma ehtiyac yaranmışdı. Bu cür humanitar böhranlar zamanı xarici xüsusi xidmət orqanları fəaliyyətə keçir. Belə dəhşətli böhran onlara münbit şərait yaradır. Müxtəlif adlarla missiyalarına başlayırlar. Eləcə də xarici ölkələrin müxtəlif strukturları da bu şəraitdən məharətlə istifadə edir. Nəticədə həm sadə vətəndaşların hissləri istismar edilir, onları ələbaxımlı edirlər, həm də yardım, qrant verdikləri təşkilatların üzərində təsir imkanları artır. Bu isə dövlətin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Amma indi qaçqın faktiki yoxdur, öz torpaqlarından didərgin düşmüş insanlar doğma yurdlarına dönürlər. Digər tərəfdən dövlət də bu təbəqədən olan insanların ehtiyaclarını qarşılayır. Odur ki indi "Qaçqınkom”un qranta, yardıma daha ehtiyacı yoxdur.

Buna baxmayaraq, bu qurum hələ də xarici təşkilatlarla, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə çoxsaylı yardım, qrant proqramları reallaşdırmağa davam edir.

Aydındır ki, BMT nin özünün vəsaiti yoxdur və yardımlar müxtəlif donorların hesabına alınır və yönəldilir. Hazırda da dünyada iki böyük belə struktur var: ABŞ ın USAİD təşkilatı və Avropa İttifaqı. Bu strukturların ayırdığı vəsaitlərin də son məqsədinin nə olduğunu izah etməyə ehtiyac yoxdur.

"Qaçqınkom”da ya bunu başa düşmürlər, ya da bu qurumun rəhbərliyində təmsil olunmuş şəxslərin burada xüsusi marağı var. Məsələn, "Qaçqınkom”un şöbə müdiri Sənan Hüseynovun və yaxınlarının bir neçə QHT-si var və bu qurumlar müntəzəm qaydada xaricdən böyük məbləğdə qrantlar alırlar. Vəsaitlər hara gedir, nəyə xərclənir, yəqin S.Hüseynovun özü yaxşı bilər.

Bu strukturda çalışan digər İlham adlı şəxsin və onun həyat yoldaşının da müntəzəm qaydada qrant, yardım aldığı iddia olunur.

Bu vəsaitlər hara gedir, hansı məqsədlərə xərclənir? Əvvəlki dövrdə olduğu kimi kəskin qaçqın problemi olmadığı halda "Qaçqınkom”un qrant və yardım əməkdaşlığı niyə günü-gündən şişir? Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və digər vəzifəli şəxslərinin bunda nə marağı var?

Bu məsələlər xüsusi araşdırma predmetidir və aidiyyəti orqanların fəaliyyət sferasıdır.

P.S. Eşitdiyimizə görə, dövlətin müvafiq orqanları artıq bu məsələ ilə maraqlanmağa başlayıblar./globalinfo
 
Ardını oxu...
"Əvvəlki yazılarımda 2024-cü ilin 10 oktyabrında Kamal Abdullayev və onun bacısı oğlu Azad Məmmədovun biznes obyekti olan Azərbaycan Dillər Universitetinin İxtisaslaşdırılmış Müdafiə şurasında Azərbaycan elmində unikal hadisə baş verdiyi – 2024-cü ildə mifik zaman müddətində, daha dəqiq desək, 6 aya dissertasiya yaz(dır)mış və 4 aya 7 məqalə cap etdirmiş Coşqun Dadaşovun “Maykl Murkok yaradıcılığında mifoloji zaman və gerçək dünya” mövzusunda mifik dissertasiyasını müdafiə etdiyi barədə yazmışdım". "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir.
O daha sonra bunları əlavə edib: "Noyabrın 20-də müdafiənin qırxı münasibətilə və M.Murkokun doğum günü ərəfəsində (18 dekabr) Kamal Abdullayev və Coşqun Dadaşovun bu münasibətlə Londonun Vestminister hissəsində – Trafalqar meydanındakı Milli qalereyanın (The National Gallery) arxasında yerləşən, fentezi üslubunda dizayn edilmiş feşenebelli “Çolaqdana” restoranına (“The Lame Calf” Restaurant) dəvət edildiyi barədə də məlumat vermişdim. Lakin həmin ərəfədə Kamal Abdullayev bərk azarladığı üçün səfər baş tutmamışdı. Yaxşı ki, baş tutmamışdı, çünki az sonra Coşqun Dadaşovun ona həsr edilmiş dissertasiyasını “Qoogle translation” programı ilə oxuduqdan sonra M. Murkok çox qəzəblənibmiş. M. Murkoka məlum olub ki, mətni 116 səhifə olan bu dissertasiyanın 16 səhifəsində (s.98-113) Coşqun Dadaşov onun “Melnibonedən olan Elrik”ini (“Elric of Melnibone”, 1972-1994) və K.Abdullanın ideyasını oğurladığı “Sehrbazlar dərəsi” ilə müqayisə edib. Başqa sözlə, bu hissəni özünəvurğunluq azarına düçar olmuş Kamal Abdullayev özünə həsr etdirib. Sən demə, dissertasiyanın elmi yeniliyi də Kamal Abdullayev ilə bağlı imiş: “Azərbaycan ədəbiyyatşünaslıqda (müəllif belə yazır – H.Z) ilk dəfə olaraq, M.Murkok və K.Abdulla yaradıcılığının müqayisəli-tipoloji aspektdə araşdırılması da öz növbəsində dissertasiyanın elmi yeniliyini təşkil edir” (s.9). Dissertasiyada, necə deyərlər, M.Murkok yalan olub, Kamal Abdullayev – gerçək.
M.Murkoka o da məlum olub ki, Coşqun Dadaşovun dissertasiyası Universitetin dissertasiya sexində yazdırılıb. O bildirib ki, bununla bağlı olaraq öz fikirləri və narazılıqlarını Azərbaycanın müvafiq orqanlarına çatdıracaqdır.
“Qulaq” informasiya agentliyinin verdiyi məlumata görə, Kamal Abdullayev bunun eşidəndə çox narahat olub. İndi o, AAK-nin Ekspert şurasının ADU-dan olan və Şuradakı bütün məlumatları ona operativ şəkildə çatdıran xanım üzvü vasitəsilə bu şuraya təsir göstərərək əzizi Coşqun Dadaşovun dissertasiyasının səs çoxluğu ilə qəbul edilməsi üçün dəridən-qabıqdan çıxır. Kamal Abdullayevin narahatlığının bir səbəbi də odur ki, dissertasiyanı yazdırmağa görə “peşkəş etdiyi” vəzifəni başqa birinə verib ondan 100 min manat ala bilərdi. Başqa narahatlıqlar da vardır. O, Coşqun Dadaşovun minimum imtahanlarını verməsi məsələsini saxta yolla, köhnə tarixlə həll etmiş, AAK-nin əsasnaməsinin ziddinə olaraq dissertasiyanı müdafiə olunana qədər ictimaiyyətdən gizlətmiş, kitabxanaya verilməsini təmin etməmiş, başqa iddiaçılar dissertasiyasını müdafiə etmək üçün illərlə növbə gözlədiyi halda, Coşqun Dadaşovu müdafiəyə ümumi növbədən kənar buraxmışdır. Müdafiə prosesində Müdafiə şurasının üzvlərinin Coşqun Dadşova verdiyi suallar da Kamal Abdullayevin tapşırığı ilə qabaqcadan hazırlanıb ona təqdim edilmiş suallar olmuşdur. Bunu müdafiənin video təsvirində aydın görmək olar.
Onu da qeyd edim ki, Coşqun Dadaşov və Kamal Abdullayev dissertasiyanı nə qədər gizli saxlasalar da, qulağına dəyən sədalardan sonra M.Murkok da, mən də onu əldə etmişik. Hazırda mən dissertasiyanın ciddi ekspertizasını aparıram.
Kamal Abdullayev Coşqun Dadaşov üçün yazdırdığı bu dissertasiyanı belə yekunlaşdır(tdır)ır (həm də sitatla: Quliyev, Q. Ədəbiyyatda xaosmos // Azərbaycan jurnalı, – 2019, № 6, s. 160): “Beləliklə, görmək olur ki, Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Şərq sufizmindən, Maykl Murkokun “Melnibonedən olan Elrik” romanı isə Qərb mistikasından gələn Xeyirlə Şərin biri-birini əvəz etməsini, amma eyni zamanda da gerçək dünyada əbədi olaraq bir yerdə yaşamasını göstərir. Hər iki yazıçı Əbədi Döyüşü bir bütöv – “kosmosda xaosun, xaosda kosmosun əlamətləri” ... kimi göstərir” (s.113). Allah, Allah ..! Bununla kifayətlənməyən Kamal Abdullayev özünü “Nəticə”yə də pərçim etdirir: “M.Murkokun “Melnibonedən olan Elrik” və K.Abdullanın “Sehrbazlar dərəsi” romanlarının müqayisəli-tipoloji aspektdə təhlili onu deməyə əsas verir ki, “Sehrbazlar dərəsi” romanında zaman təkrarlanan, dairəvi və empirik zamanlara bölünür, mifoloji zaman sakral, real zaman isə öləri insanın yaşadığı zamanla şərtlənir. Ağ Dərviş empirik zamanda öləri insan həyatı yaşasa da daima təkrarlanan zamanda yenidən doğulur. M.Murkokun Şahzadə Elriki də ölür, amma yenidən dünyaya gəlir, bu gəlişdə keçmiş həyatını təkrarlayır. Döyüşür və bu döyüş əbədi olaraq davam edir, hərdən Xeyir, hərdən isə Şər qalib gəlir. Hər iki yazıçı Xeyirlə Şərin əbədi döyüşünü varlığın bütövlüyünü göstərən bir hal kimi təqdim edir” (s.116).
Son günlər belə bir xəbər də yayılıb ki, M.Murkok Kamal Abdullayevin Nobel mükafatına namizədliyə namizəd olduğunu və Hirş indeksi üzrə ona 454 dəfə istinad edildiyini, ölkənin siyasi rəhbərliyinin “repressiya”sına məruz qaldığını eşidəndən sonra bir qədər yumşalıb və hətta deyib ki, Coşqun Dadaşovla bağlı hələ qəti qərara gələ bilməsə də, Kamal Abdullayevi “dissident” kimi dünyada tanıdacaq və o, yuxularında gördüyü Nobel mükafatını mütləq alacaq.
Burada bir haşiyəyə çıxmaq istərdim. Bir neçə il əvvəl haradasa belə bir məlumat oxumuşdum: Bethovenin fortepiano üçün yazdığı 25 nömrəli lya minor – “Elizaya” əsərinin adı, əslində, “Klaraya” imiş. Bethovenin xətti şox pis olduğundan onu (E – C və z – r hərflərinin yazılışda oxşarlığına görə) “Elizaya” kimi oxuyublar. Düşünürəm ki, bəlkə, M.Murkok da “Nobel” yox, “Nofəl” mükafatı yazmaq istəyib, amma mexaniki olaraq “Nobel” yazıb.
“Qulaq” informasiya agentliyinin həmin məlumatına görə, M.Murkok Kamal Abdullayevin “Bir yay axşamı” hekayəsini xüsusilə sevdiyini bildirib və deyib ki, onun orada təsvir etdiyi əxlaqsızlıq səhnələri bizim Mançester sitinin bəzi ərazilərindəki mənzərəni xatırladır və Azərbaycanda, onun bu hekayəsində olduğu kimi, əxlaqsızlığa norma tək baxacaq kosmopolit gənclərin yetişməsində böyük rol oynayacaqdır.
Qayıdaq Coşqun Dadaşovun dissertasiyasına. Kamal Abdullayev Coşqun Dadaşova yazdırdığı bu dissertasiyanı zorla təsdiq etdirib onu prorektor vəzifəsinə təyin etməyə çalışır. Ona görə də bütün qüvvələrini səfərbər edib. Lakin Kamal Abdullayevin özü kimi birini yetişdirmək istəyi onun ürək funksiyası yerinə yetirən “cəhrə”sində qalacaq. Mən də bu rəzilliyin qarşısını almaq üçün bütün qüvvəmlə çalışacağam..."
 
Ardını oxu...
Bu günlərdə sosial şəbəkələrdə, əsasəndə Tik-Tok üzərindən Gəncə Tibb Kollecində rüşvət qalmaqalları ilə bağlı müxtəlif səs yazıları, məlumatlar yayımlanmaqdadır. İşin ilginc tərəfi isə odur ki, artıq uzun illərdir ki, tibb kolleci ilə bağlı söz-söhbətlər səngimədiyi halda, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova müvafiq əmri ilə GDU nəzdində Gəncə Regional Kollecin direktoru və müavininin aqibətini bir saat içində həll edib. Səbəb?

Bir neçə saat içində əmri geri oxunan kollec rəhbərliyindən öncə uzun illər, yəni yaxın vaxtlara qədər adı gedən kollecin istilik sisteminin yoxluğundan əziyyət çəkən müəllim, tələbə kontingentinin yenicə canı isinmişdi ki, bu isinişməyə bu dəfə məhz agentliyin gənc direktoru “qələm çaldı”. Hələlik hansı səbəbdən olmasa da, görünən odur ki, işləyənlə işləməyənə agentlik münasibətini obyektib vermək istəmir.

Xatırladaq ki, adı gedən kollec ötən yaxın zamanlarda üç kollecin birləşməsi olaraq GDU-nun nəzdində fəaliyyət göstərir: Gəncə Humanitar Kolleci, Gəncə Musiqi Kolleci və Gəncə Texniki Kolleci. 2024-cü tədris ilinə qədər Gəncə Musiqi Və Texniki Kolleclərindən hazırkı tədris ilində ilk olaraq istilik sistemi quraşdırılmış, əvvəlki illərə nisbətən təlim və tərbiyə işləri yenicə axarına düşürdü ki, bu dəfə də hörmətli Ülkər xanım aman vermədi.

Xeyirlisi, nə deyək. Təhsilini Fransa, Niderland kimi ölkələrlə bağlamış bu direktor Avropa standartlarına uygun təhsil sistemi yaradarsa millitaritetimizi unutmaz, inşallah.

O da maraqlıdır ki, sırf müəllim ailəsindən olan kollecin direktoru İlqar Kubişovun işdən kənarlaşması nazirliklər arası ədavət olmasın?

Xatırladaq ki, adı gedən direktor, yəni dosent İlqar Kubişovdən əvvəl uzun müddət kollecin direktoru MM deputatı Əhliman Əmiraslanovun yaxın qohumu Faxrəddin Zeynalov olmuşdur.

Hurriyyet.az
Ardını oxu...
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) Yaşıllaşdırma İdarəsinin yaşıllıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi bu dəfə "Saffira Plus" şirkəti olub.

TEREF bildirir ki, "Qaynarinfo"nun məlumatına görə, şirkət cari ildə Yaşıllaşdırma İdarəsinin artıq 5-ci tenderinin qalibi seçilir. Bu tenderlərin hamısı yaşıllıqların satın alınması ilə bağlı keçirilib.

İdarənin keçirdiyi tenderlərdən üçü cari ilin avqust ayına, biri noyabr ayına, sonuncu isə dekabr ayına təsadüf edir. Sonuncu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 290 870 manatdır.

"Saffira Plus" müəmmalı şirkət kimi tanınır. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 26 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Elə həmin ildən də dövlət satılnalmalrında iştirak etməyə başlayıb və nə sirdirsə yalnız Sumqayıt Şəhər MKTİB-nin Yaşıllaşdırma İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi seçilib.

10 manatlıq nizamnamə kapitalı ilə yaradılan şirkətin hüquqi ünvanı Saatlı rayonu, Əlisoltanlı kəndi, ev 1, mənzil 23-də yeləşir. "Saffira Plus"un qanuni təmsilçisi isə Zeynalova Nurlanə Şahin qızıdır.

Açıq mənbələrdə onun haqqında heç bir məlumat yoxdur. Heç "Saffira Plus" barəsində də hər hansı məlumata rast gəlinmir.

Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, Qaqçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, baş nazirin sabiq müavini Əli Həsənovun qardaşıdır.
 
Ardını oxu...
Göyçay rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Göyçay Azərbaycanda həmişə səliqə səhmanı gözəlliyi ilə seçilən rayon olub. Ancaq Natiq Ağayev rayona icra başçısı təyin edildikdən az sonra bu gözəllikdən təmizlikdən əsər-əlamət qalmadı.Həmişə Göyçaya gələn qonaqlar gülün- çiçəyin, ağacların ətrindən həzz alırdısa indi rayona daxil olanlar zibil iyindən burunların tuturlar.
Natiq Ağayev elə bil Göyçaya və göyçaylılara qənim kəsilib. Rayonda zibillər vaxtlı-vaxtında götürülmədiyi üçün aşıb- daşıb günlərlə qalıb ətrafa dəhşətli xəstəliklər yayır, bütün rayonu üfunət iyi bürüyüb zibilə qərq olub. Sakinlər məcbur olub zibilləri yandırlar ki, buna görə rayon hər gün tüstüyə bürünür.

Natiq Ağayev icra başçısı təyin edildikdən sonra yaxın qohumu olan Cavanşir Qədirovu Göyçay Yaşıllıq İdarəsinə müdir təyin etdi.İndi nəticədə göz qabağındadır. Yaşıl çinarları ilə dillər dastanı olan Göyçayda son 1 ildə yüzdən çox çinar quruduğu üçün kəsilib. Həttda qurumuş çinar ağaclarını dibindən yox başından kəsiblər ki, buda əcaib bir mənzərə yaradıb.

Bir neçə aydır Göyçay şəhərinin küçələrinə tez-tələsik vurulan asfaltlar indidən xarab olub dalğa şəkilinə düşüb. Çünki ilin sonu olduğu üçün ayrılan pulu silib talan etmək üçün bir küçəyə vurulmalı olan asfaltı bir neçə küçəyə vurublar (daha doğrusu yaxıblar).
Göyçay əhalisi Natiq Ağayevdən nə vaxt canlarını qurtaracağını səbirsizliklə gözləyirlər.


Hümbətov Asif Atəş oğlu
Əliyev Bəkir Tahir oğlu
Kamilova Solmaz Lazım qızı
Feyzullayev Dəyanət Sabir oğlu
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

Dünyapress TV

Xəbər lenti