Ardını oxu...
“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dediyi “dövlətdən müavinət alan 600 min uşağın olması səbəbindən uşaqpulunun verilməsi gündəmdə deyil” fikirlərini qəbul etmirəm. Biz bunu belə hesab etmirik. Müavinətlərin verildiyi strukturu bilmək istəyirik. 600 min uşağın hansı qrupa aid olmasını bilmək istərdik”.

Teref.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, uşaqpulu ilə bağlı məsələni mübahisələndirmək lazımdır və bunun üzərinə gedilməlidir:

“Nəzərə almaq lazımdır ki, uşaqpulu birbaşa ünvana çatan məbləğdir. 01.01.2021-ci il statistikasına baxsaq ölkədə 1 milyon 228 min pensiyaçı var idisə hazırda onların sayı 1 milyon 118 minə düşüb. Ölüm saylarına baxsaq xoşagəlməz hallarla qarşılaşırıq. Koronavirus və digər xəstəliklərlə bağlı pensiyaçı sayında azalma oldu. Odur ki, pensiya yaşının azaldılması da gündəmdir”. \\Azmedia.az
 
Ardını oxu...
Azərbaycanda “uşaq pulu” veriləcəyi ilə bağlı müzakirələr artıb.
Belə müzakirələrdən biri də İTV-nin efirində aparılıb.
Müakirələrdə çıxış edən ekspertlər bildiriblər ki, “uşaq pulu” əsasən Avropa ölkələrində verilir. Bunun əsas səbəbi isə həmin ölkələrdə insanların sayının artırmağa maraq yaratmaqdır. Xüsusən Qərbi Avropa ölkələrində bu aktual məsələdir.
“Uşaq pulu” uşaqların zəruri ehtiyaclarını ödəmək üçün verilir. “Ünvanlı yardım” isə “uşaq pulu”nu əvəz etmir. Bəzi ölkələrdə bunların hər ikisi verilir.
Bu sahədə yaranmış problemlər və digər aktual məsələlərlə bağlı ətraflı sujetdə tanış ola bilərsiz.

 
 
 
Ardını oxu...
Deputat Vahid Əhmədov minimum əməkhaqqının 500 manata çatdırılmasını təklif edir. O, təklifini qiymətlərin yüksəlməsi ilə izah edib.

Azərbaycanda minimum əməkhaqqının bundan öncə qaldırılması təklifi yay aylarında Türkiyədə minimum əməkhaqqı 5 min 500 lirəyə (502 manat) çatdırılanda da səsləndirilmişdi. Amma onda hökumət və parlamentdən təklifə bir elə də müsbət münasibət olmamışdı. Hazırda Azərbaycanda minimum əməkhaqqı 300 manatdır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin 10 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq inflyasiyasının isə 20 faizə çatdığı açıqlanıb. Hərçənd, bir çox müstəqil iqtisadçılar bunun az qala açıqlanan rəqəmlərdən iki dəfə yüksək olduğunu iddia edirlər.

Amma indi də bu təklifə, hələlik, hakimiyyətdən hər hansı müsbət reaksiya müşahidə edilmir. Növbəti ildə orta aylıq əməkhaqqının artımı cəmi 7.1 faiz səviyyəsində nəzərdə tutulub.
Ətraflı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki, son üç il yarım ərzində Azərbaycanda 4 milyon vətəndaşı əhatə edən üç sosial islahat paketi icra olunub və bunun üçün yalnız dövlət büdcəsindən əlavə 6 milyard manat ayrılıb: "Həmin dövrdə minimum əməkhaqqı 2.3 dəfə, əməkhaqqı fondu 2.2 dəfə artıb, əməkhaqqı fonduna əlavə 8 milyard manat yönəldilib. Median əməkhaqqında 86 faiz, minimum pensiyada 2.2 dəfə, orta aylıq pensiyada 75 faiz artım baş verib".

İqtisadçı Rəşad Həsənov isə Azadlıq Radiosuna bildirib ki, rəqəm müzakirə olunandır: "Amma əsas məsələ başqadır. Dövlət büdcəsi ilə bağlı Hesablama Palatanın rəyindən elə bir qənaət formalaşır ki, hökumət 2023-cü ildə antiinflyasiya tədbirləri kimi, əsasən, məhz əhalinin xərcləmələrinin cilovlanması və tələbin məhdudlaşdırılmasını görür. Bu yanaşma isə o qədər də düzgün deyil".

Ekspertin fikrincə, burada hökumətin funksiyası qızıl balansın tapılması olmalıdır. O hesab edir ki, 2023-cü il büdcəsində ümumi həcmi dəyişməməklə əsas ağırlıq sosial xərclərə verilməli idi: "Təəssüf ki, bu, baş tutmadı. Ən azından bu günə qədər əldə olunan sənədlərdə bu məqam tam əks etdirilməyib. Əməkhaqqı fondunda 5 faiz artım nəzərdə tutulub ki, bu da daha çox məhz təhsil və səhiyyə sektorunda özünü göstərəcək. 650 milyonun 470 milyonu təhsil sektoruna yönəldiləcək. Bu da böyük ehtimalla 2022-ci ilin sentyabrından başlanan sertifikasiya ilə bağlıdır".

İqtisadçı qeyd edir ki, hökumətin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60-65 faizinə çatdırılmalı idi: "Əgər hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 830 manat kimi göstərilirsə, bu o deməkdir ki, minimum əməkhaqqı təxminən 550 manat olmalıdır".

R.Həsənovun sözlərinə görə, metodologiya özü dəyişməlidir: "Bu, düzgün yanaşma deyil ki, hansısa sərəncamla, büdcəyə baxılmaqla minimum əməkhaqqı ilə bağlı qərarlar qəbul edilir. Bu, kifayət qədər böyük sosial qrupun maaşlarıdır. Belə olduğu təqdirdə daha yaxşı olar ki, mütərəqqi təcrübələr gətirilsin. Yəni həmkarlar ittifaqları, hökumət və biznesin birgə əməkdaşlığı formatında ildə ən azından iki dəfə minimum əməkhaqqının səviyyəsinin müəyyənləşdirilməsi ilə bağlı bir rəqəm ortaya çıxarılmalıdır".
 
 
 
Ardını oxu...
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Elşən Əliyev ifadə verib.

O bildirib ki, müəllim işləyir, 15 saylı cəzaçəkmə müəssisəsində məhkumlara dərs deyir. Onun sözlərinə görə, bundan əvvəl "Şahbulaq" MMC-yə direktor təyin olunub.

Şahid deyib ki, şəhid ailələrinə evlərin tikilməsi üçün müqavilə bağlayıb. Bildirib ki, müqavilə bağlanandan sonra orada işdən çıxıb, evlərin tikintisində iştirak etməyib.

Şahidin sözlərinə görə, MMC-nin təsisçisi Şahin Hüseynovun təklifi ilə MMC-yə gəlib, orada işlədiyi müddətdə heç bir ödəniş almayıb, MMC-də heç bir maliyyə işinə qarışmayıb.

İstintaq sənədlərinə görə, MMC-də 12350 manat çatışmazlıq yaranıb. Şahid bu çatışmazlıqdan xəbəri olmayıb.

Digər şahid İbrahim İsmayılov deyib ki, əmisi Teyyub İsmayılovun rəhbərlik etdiyi "Araz İnşaat" MMC-də işləyib. Onun sözlərinə görə, şəhid ailələri üçün 23 evin tikintisinin aparılması üçün tenderdə qalib olublar. Qeyd edib ki, hər evə görə nazirliyin tikilməkdə olan obyektlər idarəsinin rəisi Natiq Əzizova 3 min manat olmaqla, ümumilikdə 69 min manat veriblər.

Şahid qeyd edib ki, Şamaxı rayonunda yarımçıq evlərin bərpası üçün MMC-yə 345 min manat köçürülüb: "Həmin məbləğ görülən işə görə az oldu. Buna görə də pulu geri qaytardıq. Pulu Fuad Əlizadəyə (DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri - red.) veriblər. Onlar özləri yarımçıq evlərin bərpa etdilər".

Daha sonra ifadə verən şahid Elçin Əliyev deyib ki, Dövlət Əmək Müfəttişliyinin regional mərkəzinin Ucar rayon şöbəsinin rəisi olub.

Onun sözlərinə görə, ərazi üzrə 120-130 müəssisədə yoxlama keçiriblər. O bildirib ki, Dövlət Əmək Müfəttişliyinin rəis müavini Anar Quliyevə il ərzində 800 manat qəzet pulu verib: "Həmin pulu da öz şəxsi hesabımdan verirdim. Anar müəllimin özünə pulu birbaşa verməmişəm. Zəng edib ki, sürücüm regiona gələcək, pulu onunla göndər. Mən də pulu sürücü ilə göndərmişəm. Həmin pulu nəşriyyatda qəzetlərə çatdırıb".

Ətraflı
Şahid ifadəsində əlavə edib ki, müəssisələrdə apardıqları yoxlamalar zamanı heç kimdən rüşvət almayıb.

Digər şahid, 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olmuş Cəfər Əliyev deyib ki, müəssisəslərdə yoxlamalar baş idarə tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyinin Xidmət sektorunun müdiri Emil Allahverdiyev onların işinə müdaxilə edib: "İri müəssisəsləri Emin Allahverdiyevin özü yoxlayıb. Yoxlamalarla bağlı müəssisələrin siyahısını biz təqdim edirdik. Onlar isə təsdiqləyirdilər. İri müəssisələri özləri yoxlayırdılar. Eşitdiyimə görə iri müəssisələrdən Emil Allahverdiyevin özü nəsə alıb".

Bu zaman onun istintaqa verdiyi ifadəsi elan olunub. Həmin ifadəyə görə, Nizami rayonunda iri müəssisələri yoxlamağa Emil Allahverdiyev özü gedib, yoxlamaların müsbət həll olunması üçün 20 min manat alıb.

Şahid qismində ifadə verən Elçin Mahmudov deyib ki, vaxtilə Qusar rayon polis şöbəsinin cinayət axtarış şöbəsinin rəisi işləyib. Onun sözlərinə görə, Səfail Mirzəyevi həmin dövrdə tanıyıb. O deyib ki, təqaüdə çıxandan sonra Səfail Mirzəyevin təsis etdiyi "Bina" MMC-də işləyib, buna görə aylıq 500 manat əməkhaqqı alıb.

Şahid deyib ki, şəhid ailələri üçün Qusar rayonunda iki ev tikiblər, hər evin tikintisinə görə tikilməkdə olan obyektlərin rəisi Natiq Əzizova 3 min manat veriblər. Prokuror isə şahidi şəhid ailələrinə tikilməsi üçün dövlət büdcəsindən ayrılan pulu mənimsəməkdə ittiham edib.

Şahid isə deyib ki, şəhid ailələri üçün ayrılan vəsaiti mənimsəyənlərin cəzasını Allah verəcək: "Bu, vicdansızlıqdır".

Növbəti proses noyabrın 21-nə təyin olunub.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
 

Ardını oxu...
“Milli Məclisin üzvləri həssas təbəqədən olan uşaqlara uşaqpulunun verilməsi ilə bağlı məsələni qaldırdı. Mən bu barədə dəfələrlə açıqlama vermişəm. Bir daha bildirirəm ki, bu gün həssas kateqoriyadan olan 600 min uşaq dövlətdən müavinət alır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

“Həmin vəsaitləri həm ünvanlı sosial yardım alan ailələrin övladları, həm sağlamlıq imkanları məhdud olan uşaqlar alır, həm də beş və daha çox övladı olan ailələr alır. Dövlətin və hökumətin yanaşması ondan ibarətdir ki, həssas kateqoriyadan olan uşaqlara dəstək verməliyik".
Ardını oxu...
"Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı qanun niyə qəbul edilmir?"

Teref.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

"Ölkədə əhalisi bir fondun əlində qalmalı deyil. Bəlkə, əhali onun verdiyi güzəştlərlə qane deyil", - deputat deyib.

Parlamentari, həmçinin şəhid və qazi ailələrinin problemlərini diqqətə çatdırıb.

"Digər tərəfdən şəhid və qazi ailələrinə evlərin verilməsində problemlər var. Bakıda problem həl olunsa da, regionda hələ də qalmaqdadır. Şəhid ailələri evlə təmin olunmur, nazirliyin bununla bağlı təcrübəsi var. Bu məsələyə daha da diqqət artırılmalıdır. Bu gün büdcədə niyə qalıq qalır? Qalığın qalmasının tərəfdarı deyiləm, işlədiyim vaxtda da demişəm. Pulu xərcləməyə veriblər. İndi minumum əmək haqqı 300 manatdır, bunu edin 500 manat, əhali normal dolansın. Artıq pulunuz da var, əhaliyə verilməsinin tərəfdarıyam”, - deyə Vahid Əhmədov təkliflər irəli sürüb.

Qeyd edək ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iştirak edir./Modern.az
 
Ardını oxu...
Gələn ilin büdcə müzakirəsində deputatlar vəsaitlərin azlığından şikayətləndilər: təkliflər səsləndirildi

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə çıxarılıb. İclasda maliyyə naziri Samir Şərifov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Hesablama Palatasının sədr müavini, digər qurumların üzvləri və deputatlar iştirak ediblər.

Komitənin sədri, vitse-spiker Fəzail İbrahimli bildirib ki, Azərbaycan son illər çox böyük uğurlar qazanıb: “Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyaya başqa libasda təqdim edilir. Bir zamanlar haqq səsi eşidilməyən Azərbaycan bu gün dünyanın sayılıb seçilən ölkələrdən birinə çevrilib. Bunların arxasında güclü iqtisadiyyat, maliyyə dayanır. Cənab Prezidentin dediyi kimi, biz qələbəni güclü iqtisadiyyatın nəticəsində qazandıq. Bu gün bizim büdcəmiz günü-gündən artır. Bununla bərabər, dünyada gücümüz də artır”.

Samir Şərifov büdcə ilə bağlı prioritetləri açıqlayıb

Müzakirə zamanı maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanın 2023-cü il və sonrakı 3 il üçün büdcə layihələri Azərbaycanın 2030-cu ilədək olan sosial-iqtisadi inkişaf strategiyasının müəyyən etdiyi tələbləri özündə əks etdirir: “2023-cü il və sonrakı 3 il üçün büdcəsində ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri, azad olunmuş ərazilərə Böyük qayıdışın təmin olunması kimi strateji hədəflər nəzərə alınıb. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi, bir sıra ölkələrdə milli valyutaların ucuzlaşması, dünya bazarındakı volatillik də nəzərdən keçirilib. 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi iqtisadi artımı dəstəkləyən, həssas əhali qrupunun sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldilib. Prezidentimiz ölkəmizin ordu quruculuğunun daim müasirləşdirilməsini, müdafiə qabiliyyətinin yüksəldilməsini prioritet kimi qarşımıza qoyub”.

“Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) dövlət büdcəsindən 49 milyon manat ayrılacaq. Bu addım Azərbaycanın təhsil sahəsinə ayırdığı diqqətdən irəli gəlir. Növbəti ildən səhiyyə xərcləri də cari illə müqayisədə artırılacaq”, - deyə nazir əlavə edib.

Nazir: “Tələbə kreditləri üçün 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”

Nazir bildirib ki, gələn il dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir: "2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur".

S.Şərifov qeyd edib ki, tələbə kreditinin verilməsi üçün növbəti il üçün dövlət büdcəsindən 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

"Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsidə digər tədbirlər üçün 414 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 17,1 milyon manat və ya 4,3 faiz çoxdur", - nazir bildirib.

Komitə sədri: “Onkoloji xəstəliklərin müalicəsi də təəssüflər olsun ki, İcbari Tibbi Sığorta ilə əhatə olunmayıb”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, tibbi sığorta üzrə xidmətlər zərfinin artırılması ilə bağlı təkliflər var: "Orqan köçürmələri, protezləşmənin artırılması, ürək və damar əməliyyatlarının artırılıması ilə bağlı aiddiyatı orqanlara təkliflər verilib və onlardan cavab gözlənilir".

“Azərbaycanda bir çox insanın ölümünə səbəb olan xəstəliklərin müalicəsi İcbari Tibbi Sığorta zərfinə aid deyil. Onkoloji xəstəliklərin müalicəsi də təəssüflər olsun ki, İcbari Tibbi Sığorta ilə əhatə olunmayıb”. Bu sözləri isə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, autizm xəstəliklərinin müalicəsi də İcbari Tibbi Sığorta ilə əhatə edilməlidir.

"Bəzi xəstəliklər İcbari Tibbi Sığortaya aid edilib, bu çox yaxşı haldır. Amma hələ də elə xəstəliklər var ki, bunların daxil edilməsi vacibdir. Bir çox patalogiyalar üzrə xəstəliklər İcbari Tibbi Sığortanın xidmətlər zərfinə aid edilməlidir. Bunun üçün büdcədən vəsait ayrılması yaxşı olar”, - deyə Əmiraslanov vurğulayıb.

“Burada təhsil alanlar üçün əlverişli şərait yaradılmayıb”

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə bildirib ki, tələbələrin ilk gündən elmi-tədqiqat işlərinə cəlb edilməsi məsələsi hələ də problemli olaraq qalır: “Biz keyfiyyətli elmi tədqiqatlar istəyiriksə, bununla bağlı maliyyə ayrılmalıdır. Magisrtlarımızın xaricdə tədqiqat keçməsi üçün külli miqdarda maliyyə ayrılır. Amma burada təhsil alanlar üçün əlverişli şərait yaradılmayıb”.

“Tədqiqat aparılması üçün müasir laboratoriyalar hələ də yoxdur. Büdcədən ayrılan vəsaitlərin düzgün istifadə edilməsinə diqqət yetirilməlidir. Dövlət proqramlarının düzgün yerinə yetirilməsi üçün nəzarət lazımdır. Dövlət proqramlarının nəticələri araşdırılmalıdır, çünki proqram bitəndə görürük ki, maliyyə ayrılan sahədə hələ də problem həll olunmayıb", - deyə komitə sədri vurğulayıb.

Deputat: “Vəsaitlərin nəticəsi tələb olunmadığına görə, Mədəniyyət Nazirliyində gündə bir əməliyyat keçirilir, bir müavin tutulur”

Deputat Sabir rüstəmxanlı mədəniyyət sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənib: “Bu sahəyə büdcədən ayrılan pul artırılmalıdır. Nəzərə almaq lazımdır ki, təkcə xalqlar vuruşmur, onların tarixi, mədəniyyəti də vuruşur. Milli Kitabxanaya ayrılan vəsait azaldılıb. Bunun səbəbi nədir?! Mədəniyyət sahəsi dövlətdə ikinci sahə kimi qiymətləndirilməli və buna uyğun vəsait artırılmalıdır. Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin nəticəyönümlülüyü araşdırılmalıdır. Verilən vəsaitlərin nəticəsi tələb olunmadığına görə, Mədəniyyət Nazirliyində gündə bir əməliyyat keçirilir, bir müavin tutulur”.

Millət vəkilindən etiraz: “Əgər belədirsə, onda bu rayonları da ləğv edək”

S.Rüstəmxanlı uşaqpulu məsələsindən və kənd təsərrüfatı sahəsindəki problemlərdən də danışıb: “Rusiyada doğulan hər uşağa görə nə qədər vəsait verilir... Mənə maraqlıdır, biz niyə vermirik. Məgər buna bizim gücümüz yoxdur? Özləri deyir ailə planlaması edin, amma doğulan 1-2 uşağa da dövlət dəstək göstərmir”.

“Kənd təsərrüfatı ilə bağlı subsidiya hər il artırılır, amma bunların nəticəsini görmürük. Ortada nəticə yoxdur. Başqa bir məsələ odur ki, rayonların idarələri birləşdirilir. Başa düşmürəm, üç-dörd rayonun idarələrinin birləşdirilməsindən dövlət nə qazanır? Gedirsən dağlıq bir rayonda təkcə icra başçısı oturur, amma digər qurumlar yoxdur, idarələr hərəsi bir yerdədir. Əgər belədirsə, onda bu rayonları da ləğv edək”, - deputat etirazını bildirib.

“O sahələrdə əməkhaqları çox aşağıdır, stimullaşdırıcı tədbirlər yoxdur”

“Mədəniyyət sahəsində bir çox dövlət proqramlarının icrası bitib. Amma biz proqramlar bitdikdən sonra görürük ki, bəzi məsələlər öz həllini tapmayıb”, - deyən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib ki, büdcədə dövlət proqramlarının nəticəyönümlülüyünə diqqət artırılmalıdır: “Mədəniyyətin bir çox sahələri var ki, o sahələrdə əməkhaqları çox aşağıdır, stimullaşdırıcı tədbirlər yoxdur. Ona görə bu sahələrə gedən adamların sayı azdır. Güzəştli ipotekadan yararlanan gənclər sırasına mədəniyyət sahəsinin bir sıra yerlərində çalışan gənclərin də daxil edilməsini təklif edirəm”.

“Bir çox bölgələrimizdə tarix və mədəniyyət abidələrimizin restavrasiya və bərpası gecikir. Zaman itkisi onların bərpasında çox ciddi problemlər yaradır. Büdcədən buna vəsait ayrılması mümkün deyilsə, özəl şirkətlərin, iş adamlarının bu sahəyə cəlb edilməsi üçün addımlar atılsın”, - Paşayeva qeyd edib.

Komitə sədri bildirib ki, aztəminatlı insanlar qida məhsullarının qiymətlərindəki artımdan narazıdırlar: “Dərman məhsullarının qiyməti çox yüksəkdir, uşaq bezləri və yeməklərinin qiymətlərinin aşağı salınması istiqamətində təkliflər səsləndirilir. Bunlara baxılmalıdır. Həmçinin onkoloji xəstəliklər, autizm, süni mayalanmanın da icbari tibbi sığorta ilə əhatə olunmasını təklif edirəm”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin komitələrində müzakirəsi davam edir. Komitələrdə müzakirə bitdikdən sonra layihə Milli Məclisin plenar iclasında geniş müzakirəyə çıxarılacaq.

Müəllif: Anar Bayramoğlu
 
 
 
Ardını oxu...
Regiondan Bakıya köçən vətəndaş: “Bölgələrdə müəllim vəzifəsinə o qədər də dəyər verilmir. Amma burada daha çox dəyər verirlər. Məvacib məsələsində elə dönüşlər olmalıdır ki, insanlar puldan ötrü Bakıya gəlməsinlər, elə öz bölgələrində işləyə bilsinlər”.

Son günlərdə paytaxt küçələrindəki tıxaclar və ictimai nəqliyyatda müşahidə edilən insan sıxlığı Bakıda yaşayan insanların sayını yenidən gündəmə gətirib. Rəsmi statistikaya görə, hazırda Bakıda 2 milyon 303 mindən çox insan yaşayır. Amma bəzi ekspertlər reallıqda bu rəqəmin dəfələrlə çox olduğu qənaətindədir.

Daha ətraflı aşağıdakı videoda:

Ardını oxu...
“Məktəbdə baş verən hadisələr cəmiyyətdə baş verən hadisələrin təkrarıdır”.

Bunu son vaxtlar orta məktəblərdə baş verən döyülmə, bıçaqlanma və digər neqativ hadisələrə münasibət bildirərkən tanınmış yazıçı Seyran Səxavət Yenicag.az-a açıqlamasında deyib.

Yazıçı bu cür hadisələrin baş verməsində mobil telefonları, eləcə də telekanallarda nümayiş olunan zor, şiddət aşılayan, oğru dünyasından bəhs edən serial və filmlərin də təsirini qeyd edib.

Bunun böyük bir bəla olduğunu deyən yazar bunun qarşısının alınması üçün çıxış yollarını göstərib:

“Bu, doğrudan da böyük bəladır, özü də artıq neçə vaxtdır ki, kök sala-sala gedir. Bu barədə günlərlə, aylarda danışmaq olar. Belə bir deyim var ki, uşaqlar ailədə valideynlərini təkrar edir. Bu, sübut olunmuş kəlmədir. Məktəb də cəmiyyətin övladıdır. Cəmiyyətdə nə olursa, məktəb də onu öz qabiliyyəti və həssaslığı səviyyəsində təkrarlamaqla məşğuldur. Əgər xırdalasaq, bu məsələdə serialların da böyük rolu var, eləcə də mobil telefonların. Uşaqlar gecə-gündüz telefona baxır. Heç bilmirik orada nəyə baxır, nə edirlər.

Dediyim kimi, ailə necədirsə, məktəb də, uşaqlar da onu təkrar edir. Biz ancaq məktəbdə bu işləri ləğv etməyə çalışsaq da, heç nəyə nail ola bilməyəcəyik. Bunu hamı birdəfəlik dərk etməlidir. Belə hadisələrin qarşısını almaq üçün mənbəyini tapmalı, boğmalı və məhv etməli, məktəblərə axıb gəlməsinə mane olmalıyıq. Başqa çarə yoxdur. Uşaq evdə müxtəlif filmlərə baxa-baxa, telefonda cürbəcür videoları izləyə-izləyə məktəbə yollanır. Evlə məktəb arasındakı yolda nələr görür, nələr eşidir. Sonra gəlir məktəbə. Məktəbdə də təhsilimiz sıfırdan da aşağı səviyyədədir. Bu, indi belə deyil, çox uzun illərdir. İndiyə qədər verdiyim 6 mindən çox müsahibənin bəlkə 5 minində heç olmasa, bir cümlə də olsun bunu demişəm. Yəni bu məsələ doğrudan da bizi narahat edirsə və inanmaq istəyirəm ki, narahat edir, bunun kökünü, mənbəyini tapmalıyıq.

Bir daha deyirəm, məktəbdə baş verən hadisələr cəmiyyətdə baş verən hadisələrin təkrarıdır. Bu yolda mübarizə aparan hər bir kəsə uğurlar arzulayıram. Bunun qarşısını almaq bir insan və vətəndaş olaraq hər birimizin borcudur. Bu gün qonşunun uşağına ziyan dəyirsə, ya uzaq olsun, ölümlə nəticələnirsə, həmin hadisə sabah bizim də qapımızı döyəcək. Ən azı ona görə tərpənməliyik. Bu, böyük bir bəladır və Allah bu bəladan saxlasın. Biz də yerdə bu bəlaya qarşı döyüşək”.
 
 
 

Dünyapress TV

Xəbər lenti