Ardını oxu...Ardını oxu...


Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
«Xatırladım ki, Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün — 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.
Bildirim ki, Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-ci, ümumidə isə 40-cı olmuşdur. Amma nə olsun. 11 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır. Amma bu siyahıda olanların əksəriyyəti evlə təmin edilmişdir. Cənab Prezident! Sizin 2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma 1-ci Qarabağ Müharibəsində oğullarını itirmiş biz şəhid anaları bunu görmürük.
Bir daha xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik şəhid oğlum Faiq idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə pandemiya dövründə 1 kq un maddi yardımı, nə haradasa sanatoriyaya getmək, nə övladlarımdan hər hansı biri işlə təmin edilməmişdir. Bütün övladlarımın hamısı bu gün də işsizlikdən əziyyət çəkir, kirayədə əziyyət çəkirlər. Maraqlanan bir vicdanlı məmur da yoxdur.
2001-ci ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm. Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu 1 otaqlı fındıq çübuğu çəpərindən və palçıqla hörülmüş daxmadan yola salmışam.( foto əlavə edilir.) Zəngilan və Füzuli istiqamətlərində “Şəkili Faiq” kimi ad çıxarmış əfsanəvi döyüşçü olan şəhid oğluma qarşı Sosial dövlət orqanlarının məsuliyyətsizliyi başa düşülən deyil.
Hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə 28 kv m sahəsi olan təmirsiz, divarları çatlayan həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum 35 yaşlı Həziyə mənzili olmadğından toy edə bilmirdim. Onu da 2021-ci ilin iyunun 19-da əbədi olaraq itirdik. Digər oğullarım Natiq və Namiq Bakıda kirayədə yaşayırlar. Kürəkənlərim Əhməd və Elmir də Abşeron və Binəqədi rayonlarında kirayədə yaşayırlar. Özləri də iş tapa bilmirlər.
Mən 24 dekabr 2019-cu ildə də mənzil məsələsilə bağlı müraciət etdim. ƏƏSMN-dən formal rəsmi cavab aldım ki, 2024-cü ilədək sizi evlə təmin ediləcəksiniz. Sonra isə 2021-ci ildə Şəki İH-dən verilən digər rəsmi cavab məktubunda isə bildirilir.» Siz 2028-ci ilədək mənzillə təmin olunacaqsınız» Sanki bu bürokratlar açıq aşkar demək istəyirlər ki, bizdən evə görə şikayət yazdığına görə 2028-ci ili gözlə, Yəni, mənzil yox son mənzil qismətin olacaq» Bu bürokrat cavabına qarşı bir söz demək istəyirəm. Cənab Prezident Sizin təyin etdiyiniz məmurlar unudurlar ki, Siz şəhid ailələrinin mənzillə təminatının uzağı 2025-ci ildə yekunlaşacağı barədə ictimaiyyətə məlumat vermisiniz. Amma yerli bürokrat məmurlar Prezidentin bu göztərişindən xəbərsizdirlər. Yəni məsuliyyətsizdirlər. Halbuki. Cənab prezident Sizin göstərişinizdən sonra 2020-ci ildə 1500 nəfər, 2021-ci ildə 3000 nəfər, bu il isə yenə 3000 nəfər şəhid və qazi ailəsinin mənzillə təmin olunmuşdur. Son illərin mənzilləri 44 günlük Vətən Müharibəsi şəhidlərinə və qazilərinə verilmişdir. Amma nədənsə sanki biz yenə də yaddan çıxmışıq. Yaxşı deyək ki, yerli məmurlar məsuliyyətsidirlər. Axı iki ay əvvəl ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin xanım şöbə rəisi ilə danışanda o da bildirdi ki, araşdırıb məlumat verəcəyik. Amma hələ də məlumat vermirlər.
Son müraciətimdən sonra Hesablama Palatasının məsul şəxsi Firsəng müəllimin AR Sosial Təminat nazirinin müavini cənab Anar Kərimova mənim qaldırdığım məsləilə bağlı göndərdiyi 15 sentyabr 2020-ci il tarixli məktuba 2 ildir ki, cavab verilmir. Lakin. Şəki İH-dən, ƏƏSM-in Şəki Şöbəsindən, yerli Bələdiyyədən dəstə dəstə əməkdaşlar gəlib indiki 7 nəfər ailəmlə birlikdə yaşadığımız 28 kv.m darısqal təmirsiz evimizə günaşırı gəlib fotosessiya edib getməklə məşğul oldular 2021-ci ilədək. Bu gün oğlumun qanı hesabına vəzifədə oturan rayon və respublika səviyyəsindəki bürokrat məmurlar bu günə kimi müraciətimi yekə qulaqlarının ardına vurur, xəcalət hissi çəkmirlər. Sanki oğlum Faiq bunların rüşvət yığıb evdə haramzada arvad-uşaqlarını bəsləmələri üçün qanını bu torpağa töküb.
Əgər ƏSSMN mənə Sizin tapşırığınız əsasında pulsuz fərdi ev tikmək istəyirsə, kənd xəstəxanasının yanındakı torpaqda tikintiyə başlaya bilər. Və yaxud istəkləri olsa Bakı və ya Sumqayıt şəhərlərində bu təyinat üçün tikilmiş mənzillərdən ailə vəziyyətimi nəzərə alaraq verə bilərlər.
Çoxhörmətli, Prezident. Sizin 3 gün əvvəl, 7 dekabrda verdiyiniz sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.
Yəni, biz 2011-ci ildə ev uçotuna alındığımza görə belə aydın olur ki, bizim kimi növbəyə duranların hamısı ev və ya mənzillə təmin olunmuşdur. O zaman ƏƏSMN-nin rəhbərliyi və Sosial Xidmət Agentliyin rəhbəri mənim 8 nəfərlik ailəmi niyə mənzil və ya fərdi evlə təmin etmir? Niyə ƏƏSMN-nin son 2022-ci il tarixli məktubunda mənə rəsmən bildirlir ki, «Siz növbəlilik əsasında 2028-ci ilədək mənzillə təmin olunacaqsınız.»
Cənab Prezident Doğrudanmı bu rəsmi adamların Sizin Fərman və Sərəncamlarınızdan xəbərləri yoxdur, yoxsa məni ələ salırlar, yoxsa tikilən mənzilləri alver predmetinə çeviriblər? Məsələn, 44 günlük müharibə iştirakçısına ( qazi olmayan adi iştiraçkı) bu ilin sentyabr-oktyabr ayında Bakıda ƏƏSTN-nin SXA tərəfindən 20000 manata üç otaqlı mənzil təşkil edilmişdir. Faktı yoxlayıb aşkar edə bilərsiniz.
Bu, Prezident İlham Əliyevin 7 dekabr 2022-ci ildə imzaladığı sərəncamla «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına edilən dəyişiklikdə əksini tapıb.
Ona görə Cənab Prezident son dəfə xahiş edirəm göstəriş verin qoy mənim mənzil problemimlə ən çox inandığınız və etibar etdiyiniz rəsmi adamlar məşğul olub nəticəni Sizə məruzə etsinlər. Allah amanında».
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…


Ardını oxu...
Kəmalə Sultan 6 yaşında ikən yol qəzası keçirib və hazırda əlil arabası ilə hərəkət edə bilir. İndi onun 33 yaşı var.

Kəmalə deyir ki, ixtisasca filoloq olsa da, iş tapmaqda həmişə çətinlik çəkib. İşi çətinləşdirən həm də əlillərin rahat hərəkəti üçün infrastrukturun olmamasıdır:

“Karantindən əvvəl, 3-cü kursda oxuyanda işləmək üçün bir tədris mərkəzinə müraciət etdim. Bu kurs məktəbə hazırlıq kursu idi. Məndən imtahan da götürdülər və qəbul oldum. Ancaq mərkəzin binasında əlillərin sərbəst hərəkəti üçün infrastruktur olmadığına görə, orada işləyə bilmədim. Daha sonra bu yöndə başqa işlərə və həmin iş yerlərindəki infrastruktura baxırdım. Harda sərbəst hərəkət üçün yetərli şərait yaradılmışdısa, orada məndən təcrübə istəyirdilər. Daha sonra başa düşdüm ki, bu iş alınmayacaq. Bundan başqa, məktəblərə baxdım. Gördüm ki, burada nəyinki əlliliyi olan müəllimlər üçün, heç şagirdlər üçün də lazımi infrastruktur yoxdur” – deyə o əlavə edib.

Kəmalə Sultan deyir ki, iş yerlərində əlillər üçün nəzərdə tutulan kvotalar artırılsa, iş tapmaq da asan olar.

"Qarabağ əlilləri və veteranları" cəmiyyəti İctimai birliyinin və " Autizm " İctimai birliyinin idarə heyyətinin uzvü. Qarabağ müharibəsi əlili və Əlil uşağ valideyni, ikinci qrup əlil Əhməd Rəhmanov deyir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində yoxlanış apara bilmir. Onlar bunu belə əsaslandırırlar ki, prezidentin qərarı var və gedib yerlərdə yoxlanış aparmaq olmaz:

“Hansısa bir əlliliyi olan şəxs gəlir bir müssəsisəyə işə düzəlməyə, müəssisə rəhbərliyi də düşünür ki, mən bunu işə götürsəm, burada onun üçün iş şəraiti yaratmalıyam. Bu da ona maraqlı olmadığına görə, əlili başından edir ki, mən sənə iş vermirəm. Belə olan vəziyyətdə hara müraciət etmək olar- Dövlət Əmək Müfəttişliyi Xidmətinə. Müfəttişlik də yerindən çıxa bilmir. Əgər əlili işlə təmin etmək istəyiriksə, biz bu qanuni mexanizmi işə salmalıyıq” – Ə. Rəhmanov deyir.

Əhməd Rəhmanov vuğulayır ki, əyani yoxlanışlar olmadığı üçün hansısa müraciətlərlə bağlı nəticə də olmur.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi ilə görüşdə də bu məsələni qaldırdığını deyir:

“Mən Sahil Babayevin müavini Anar Əliyevin qəbulunda olmuşam. Bir neçə əlillə birlikdə bu sadaladığım məsələləri orada da qaldırmışıq. Dedim ki, sizin Dövlət Əmək Müfəttişliyi Xidməti niyə gedib yoxlamalar aparmır, müəssisələri cərimələmir. Dedi ki, biz onu edə bilmərik, etsək, müəssisə müflisləşər, adamlar işsiz qalar. Dedim, onda qatili tutmayaq, buraxaq ki, tutsaq, evdə anası-bacısı ac qalacaq? Bütün bu məsələlərdə dövlətin nəzarəti olmalıdır”.

ƏƏSMN-in nəzdində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi soruğumuza cavab olaraq bildirib ki, onlar həm peşə hazırlığı kursları, həm də digər məşğulluq tədbirlərini icra edərkən əlilliyi olan şəxslərə üstünlük verirlər.

Cavabda qeyd olunub ki, Dövlət Məşğulluq Agentliyi 2022-ci ilin 9 ayı ərzində əlilliyi olan 3355 nəfəri peşə hazırlığına cəlb edib. Cari dövr ərzində onlardan 35 nəfəri kvota üzrə işlə təmin edilib.

“2022-ci ilin 11 ayı ərzində 176 işəgötürən üzrə həssas kateqoriyadan 984 nəfərə, onlardan 503 əlilliyi olan şəxs olmaqla kvota iş yeri təyin edilib. Həmin təyinata əsasən 137 işəgötürən üzrə 413 əlilliyi olan şəxs işlə təmin edilib. Agentlik olaraq sosial tərəfdaşlarımızla birgə bu kateqoriyadan olan vətəndaşların cəmiyyətə adaptasiyası, onların peşə hazırlığı, məşğulluqlarının təmini, əmək bazarının aparıcı qüvvələrinə çevrilməsi istiqamətində hər zaman diqqət göstərilib. Bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir” – deyə cavabda qeyd olunub.

Prezident İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Gələcəyə Baxış – 2020” İnkişaf Konsepsiyasında dövlətin üzərinə götürdüyü öhdəliklər arasında qeyd olunurdu ki, əlil şəxslərin cəmiyyətdən təcrid olunmasının qarşısının alınması və sosial infrastrukturdan maneəsiz istifadəsi üçün müvafiq layihələr hazırlanacaq və həyata keçiriləcək. Bundan başqa, həmin şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, onlar üçün məşğulluq imkanlarının artırılması məqsədi ilə sosial və peşə reabilitasiya müəssisələrinin sayı artırılacaq.

Sosial Müdafiə Nazirliyinin sözçüsü Fazil Talıbov AbzasMedia-ya açıqlamasında bildirib ki, nazirliyin müəssisələrdə monitorinq aparmaq səlahiyyəti olsa da, cərimə etmək səlahiyyəti yoxdur. Biz müxtəlif vaxtlarda monitorinqlər edib, əlaqədar dövlət qurumlarına tövsiyyələr veririk.
 //AbzasMedia//
Ardını oxu...
“2023-cü ildə dövlət büdcəsindən 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir”.
Teref.az yazır ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, pensiyalarda artım gələn aydan reallaşacaq:

“Belə ki, vahid indeksasiya sisteminə keçid bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.
Bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artıb.
Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq.
Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2022-ci ildə orta aylıq əmək haqqı 15 faiz artarsa, o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq.
Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək.
Qeyd edək ki, xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 300 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği yeni ildən 316.7 manat (300+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq”.
Əmək haqqı məbləğinə gəldikdə isə, Vüqar Bayramov bildirib ki, gələn il orta aylıq maaşın 898 manat olacağı proqnozlaşdırılır.
“Qeyd edək ki, gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması nəzərdə tutulur. Bütövlükdə isə, dövlət sektorunda əmək haqqı artımları ölkə prezidentinin sərəncamları ilə reallaşır. 2022-ci ildə əksər sektorlarda maaş artımları reallaşdı. 2023-cü ildə də sosial müdafiə tədbirlərinin güclənəcəyi gözlənilir”, – deyə deputat qeyd edib.
 
 
 

Ardını oxu...
İkinci Qarabağ müharibəsi iştirakçısı Zamir Hüseynov əlillik dərəcəsi ala bilmədiyini deyir. “Toplum TV”-yə danışan şikayətçi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ondan əlillik statusuna uyğun diaqnoz üçün rüşvət istənildiyini iddia edib.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş direktor müavini Elnur Mahmudov isə deyir ki, Zamir Hüseynovun əlillik ala bilməməsinin səbəbi ona qoyulan diaqnozun yetərsiz sayılması olub. Diaqnozun qoyulmasında və ya rəy verilməsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasının rolu olmayıb.

Həmçinin TƏBİB-də qəbula getdiyini deyən Zamir Hüseynov iddia edir ki, qəbul şöbəsinin müdürü Kamran Quliyevə özünü yandıracağını da deyib, əməkdaşsa onu intihara təşviq edib.

TƏBİB-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdürü Zamirə Ədilova bu hadisənin yaşandığına ehtimal vermədiyini deyir.

TƏBİB sözçüsü videoqeydlərə baxıb, insidenti araşdıracaqlarını bildirdi.

Toplum TV

 
Ardını oxu...
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ictimai nəqliyyatın üzləşdiyi problemlərdən danışarkən maraqlı məqamlara toxunub.

O bildirib ki, bu gün ölkə ərazisində sərnişindaşıma qiymətləri onun maya dəyərindən iki dəfə azdır:


“Metro və dəmir yolu dövlət tərəfindən subsidiyalaşdırılır. Avtobus fəaliyyəti isə qismən subsidiyalaşdırılır. Avtobus qiymətlərinin eyni saxlanması ilə daşıyıcılarının marağının azalmasını görürük. Bununla bağlı ciddi müzakirələr gedir, optimal bir variant tapılmalıdır.

Ümumiyyətlə, ölkədə əhalinin 36 faizinin nəqliyyata çıxış imkanları məhduddur. Bu bizim avtobus şəbəkəsinin genişləndirilməsini tələb edir. Bunun üçün isə daşıyıcılara bu sahənin rentabelli olmasını təmin etmək vacibdir. Biz anlayırıq ki, məsələlər həssas təbəqəni narahat edir. Lakin dövlət tərəfindən düzgün tənzimlənmə yenə də vətəndaşların marağına xidmət edir. Ümumiyyətlə, ölkə üçün faydalı və dayanıqlı həll modelini seçib tapmalıyıq”.

Nazir müavininin bu açıqlaması daşıyıcı şirkətlər tərəfindən dəstəklənib. Onlar hesab edirlər ki, çox nadir hallarda dövlət rəsmiləri ictimai nəqliyyatın üzləşdiyi çətinlikləri aydın şəkildə cəmiyyətə çatdırır.

“Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov “Avtosfer.az”a bildirib ki, hazırda müntəzəm sərnişindaşımada müasir avtobusla bir sərnişinin daşınmasının maya dəyəri mövcud gediş haqqından xeyli yüksəkdir:

“Bunu aidiyyəti dövlət qurumları da təsdiq edir. Müasir avtobuslarla bir sərnişinin daşınma xərci 85 qəpikdən yüksəkdiir. Həmçinin qeyd edim ki, son aylarda avtobusların ehtiyat hissələri, sürtkü yağları və digər həyatı vacib təchizatların qiyməti 65%-ə qədər artıb. Sürücülər və texniki heyət hazırkı şərtlərlə qalıb işləmək istəmirlər və taksilərə istiqamətlənirlər. Son vaxtlar taksilərin kəskin artması, Bakıda tıxacların miqyasının günbəgün çoxalması da ictimai nəqliyyatdakı mövcud böhranlı vəziyyətlə bağlıdır. Hazırda böhran dərinləşməkdə davam edir, sosial ödənişlərin, yanacaq və digər təchizatlara görə yaranmış borcların ödənilməsində, həmçinin avtobusların alınmasına görə cəlb edilmiş kreditlərin ödənilməsində ciddi problemlər var”.

“Çinar Trans” şirkətinin direktoru İsmayıl Hüseynov bildirib ki, sahibkar olaraq tarifin tənzimlənməsi üçün dövlət tərəfindən müəyyən addımların atılması məqsədilə dəfələrlə aidiyyəti üzrə müraciət ediblər: “Dövlət bu sahəyə müdaxilə etməsə ictimai nəqliyyatın vəziyyəti daha da acınacaqlı olacaq. Dövlət bu sahəyə dəstək olmalıdır. Subsidiya da ayıra bilərlər, gedişinin müəyyən formada artırılmasına da gedilə bilər. Hazırda bizim şirkətin 70 avtobusu texniki nasazlıq ucbatından qarajda qalıb. İmkanlaşdırıb təmir etdirə bilmirik. Bu gün sürtkü yağlarına görə xeyli miqdarda borcumuz var. Ehtiyat hissələri mağazasına borcumuz var. Bəzən ehtiyat hissəsi də tapmaq olmur. Mağazalar gətirmir. Çünki alan yoxdur. Gətirəndə də borca verməli olurlar deyə gətirmirlər”.

Məsələ ilə bağlı “Kral Transport” MMC-nin direktoru Eşqin Quliyevin sözlərinə görə, pandemiyanın təsirilə son illər ağır iqtisadi böhran keçirən ictimai nəqliyyat təchizat materaialları və xidmətlərin bahalaşması ilə daha da çətin duruma düşüb: “Hazırda özəl daşıyıcı şirkətlərin düşdüyü vəziyyət göz önündədir. Təəssüf ki, bizə heç bir dəstək verilmir. Sərnişinlərdən toplanan gediş haqqı xərclərimizi, sosial ödənişləri, sürücülərin məvacibini qarşılamır. Nəticədə sürücülər də avtobus sürməkdən imtina edirlər, əksəriyyəti şəbəkə taksi firmalarına qoşulub taksi idarə edirlər. Bu vəziyyətdə dövlət dəstəyi olmasa, sektorun batacağı qaçılmaz olacaq”.

“General Auto Company” MMC-nin direktor müavini Asif Rüstmov bildirib ki, Bakı şəhərində sərnişindaşıma sahəsi üzrə məsələlər hələ də öz həllini tapmır: “Çünki təklif və tələbat uyğun gəlmir. Pandemiyadan öncə avtobus parkını, istehsalat bazamızı yeniləmək üçün qiymətlər tənzimlənmişdi. Həmin dövrdə avtobusun istismar olunması, ehtiyyat hissələrinin alınması və digər xərclər var indikindən ucuz idi. Pamdemiya dövründən sonra bütün ehtiyat hissələri iki dəfə artıb və digər xərclər də demək olar ki, iki dəfəyə qədər yüksəlib. Buna baxmayaraq, təbii ki, sərnişindaşıma sahəsində öz sahibkarlıq fəaliyyətimizi davam etdiririk. Amma çox gözəl olardı ki, dövlət tərəfindən bu barədə düşünələr. Qiymət tənzimlənsə bizim maddi zərərləri də ödəmək olar, işin keyfiyyəti artar.

Qiymət artımı olsa daha yaxşı olar, nəinki subsidiyalar. Avropa və digər ölkələrlə müqayisədə bizdə gediş haqqı aşağıdır. Həmin ölkələrdə gediş haqqına xüsusi olaraq nəzarət edilir. Bizdə isə gediş haqqı çox aşağıdır və zərəri qaşılamır. Tarif Şurası və ya digər dövlət qurumları qiyməti nəzə alsaydılar ki, qənaətbəxş olardı. Biz də sahibkarlıq fəaliyyətimizi daha da genişləndirərək yeni, müasir standartlara cavab verən elektrobuslar və digər avtobusları istehsalat bazamıza daxil edərdik”.
 

Ardını oxu...
Yeniilqabağı bir sıra bazarlarda, o cümlədən alış-veriş mərkəzlərində və iri marketlərdə müəyyən endirim aksiyalarına rast gəlinir. Vətəndaşlar bu endirim kampaniyalarından yararlanmaq üçün ticarət mərkəzlərinə üz tutur. Yeni ilin simvolu olan şam ağacının süni versiyası müxtəlif ölçülərdə və müxtəlif qiymətlərlə satışa çıxarılıb. Endirim kampaniyalarına start verilmiş olsa da, mahiyyət etibarilə önəmli olan bir çox qida məhsullarında qiymətlər ya sabit qalıb, ya da alıcıların sayı çoxaldığından daha da bahalaşıb.
Məsələn, kənd yumurtasının qiyməti 40-45 qəpikdən başlayır. Bəzi mağazalarda bu qiymət 32-35 qəpik olsa da, həmin məhsullar alıcıların qeyd etdiyinə görə, keyfiyyətli deyil və sırf kənd yumurtası görüntüsü vermək üçün toyuğun nəcisinə batırılır: “Yeşiklə gətirib yığıblar mağazaya, üstünə də qeyd ediblər ki, kənd yumurtasıdır. Mən də kənddə böyümüşəm, hində yumurta necə olur, görmüşəm. Heç kənd yerində toyuq bu yumurtanı yumurtlayan zaman üstü bu qədər çirkab olmur. İndi bura yığılan yumurtaların üzərinə bax, elə bil, toyuq vermək istəmirmiş, zorla dartıb çıxarıblar. İnsanlarımız da safdır, üstü bulaşıqlı yumurta görən kimi, elə zənn edirlər ki, kənd yumurtasıdır. Ancaq dünyanın heç bir yerində belə bir şey yoxdur. Kənd məhsulu olanda nə olar ki? Onu niyə bu vəziyyətdə ərzaq mağazasına buraxırlar? Axı, bu, həm də gigiyenik və sanitariya nöqteyi-nəzərdən yolverilməzdir. Həm də qoxusu bütün mağazanı götürür” – deyə, alıcılardan biri qeyd edib.

Süd məhsullarından olan kəsmiyin qiyməti iki ay öncə 1.75 manat idisə, bu ay həmin qiymət 2 manata qalxıb. Ümumiyyətlə, süd məhsullarında üstünlük ölkədaxili firmalara verilsə də, qiymətlər ucuzlaşmaqdan daha da artır. Başqa ölkələrə ixrac etdiyimiz yerli məhsullarımızın öz bazarlarımızda od qiymətinə olduğunu görmək də ayrı bir dərddir. Alıcılar qeyd edir ki, qida məhsullarının qiyməti yüksək, keyfiyyəti isə aşağıdır: “Əvvəl 40 qəpiyə aldığım tum paketi indi 60 qəpik olub. Gedib 60 qəpik verib alıram, evdə paketi açanda görürəm ki, yarısı havadır. Tum, cipsi kimi çərəz paketlərinə hava vurub baha qiymətə satırlar”.

Ticarət mərkəzlərinə çoxlu sayda süni şam ağacları da gətirilib. Yeni ilin simvollarından sayılan bu “ağac”ın qiyməti isə 20-25 manatdan başlayır. Orta boydan bir qədər balaca olan bu bəzək əşyasının qiyməti şəhərdənkənar bazarlarda – “Sədərək” və “Binə” kimi ticarət mərkəzlərində nisbətən daha ucuzdur. Satıcıların özləri də bunu qeyd edir. Amma onların bu əşyaları yüksək məbləğdə satmalarının əsas səbəbi ödədikləri yüksək məbləğdəki icarəhaqqıdır. Mağazaların icarəhaqqı yüksək olduğundan, bu, istər-istəməz alış-verişə də öz təsirini göstərir.

İri ərzaq mağazalarında isə yenə də hər zamankı kimi “ƏDV” qəbzlərinin verilməməsi problem olaraq qalır. Bəzi mağazalar gah kağız çatışmazlığını, gah da kassa aparatının nasaz olduğunu səbəb gətirərək, qəbzləri verməkdən imtina edirlər. Nə təsadüfdür ki, kağızların bitməsi və aparatda problemin yaranması da elə yeniilqabağı alış-veriş vaxtına düşür...

Ancaq mağazalarda problem nə təkcə məhsullardakı gözyanıldan endirimlərdir, nə çirkaba batmış məhsullar, nə də verilməyən qəbzlər. Paytaxtın hər rayonunda iki-üç aydan bir filial açan iri ərzaq və şirniyyat mağazaları “satıcı” vəzifəsinə işçi axtarır, həmin işçi işə başladıqdan 10-15 gün sonra ona bildirilir ki, mağazada alver zəif gedir və onu həmin mağazalar şəbəkəsinin başqa filialına göndərmək istəyirlər. Nəzərdə tutduqları filial isə paytaxtın o biri ucunda yerləşir. Bu, yeni işə başlamış 10 günlük işçiyə “səninlə işləmək istəmirik” deməyin başqa bir alternativ və daha mədəni formasıdır. Əgər mağazada satış zəif gedirsə, onda nə üçün satıcı vakansiyası üzrə işçi elanları yerləşdirilir? Mağaza rəhbərliyi mağazada satışların zəif getdiyini 10-15 gün ərzində müşahidə edə bilir? Bununla yanaşı, işə götürülən və 10-15 gün istismar edilən işçilərlə əmək müqaviləsi imzalanmır, həmçinin bəzi mağazalar sıravi satıcı işləmək üçün gələn vətəndaşdan hərbi bilet tələb edirlər. Bütün bunlar kənardan müşahidə olunmayan, bəlkə də bir çoxlarımızın xəbərsiz olduğu problemlərdən biridir.
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (NMR) Dövlət Sığorta Xidməti (NDSX) lisenziyası olmadan sığorta xidmətləri həyata keçirib.

Naxçıvan Dövlət Sığorta Xidmətindən bildirilib ki, Xidmət həyat və qeyri-həyat sığorta sinifləri üzrə 5-i icbari, 12-si könüllü olmaqla 17 sinif üzrə aktiv sığorta yığımı həyata keçirir. Bunlardan yalnızı biri həyat sığortası ilə bağlıdır. Qurumdan həmçinin o da qeyd edilib ki, NDSX Muxtar Respublika Ali Məclisinin tapşırığı əsasında sığorta xidmətləri göstərir.

Qeyd edək ki, Xidmətin həyata keçirdiyi sığorta yığım və ödənişlər Azərbaycan Mərkəzi Bankının hesabatlarında indiyə qədər yer almayıb. Muxtar Respublika üzrə yalnız "Naxçıvan Sığorta" şirkətləri üzrə göstəriciləri izləmək mümkündür.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə bildirilib ki, NMR Dövlət Sığorta Xidmətinə sığorta xidməti göstərilməsi üçün lisenziya verilməyib.

"Qanunvericiliyə əsasən, Azərbaycan ərazisində sığorta və təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq lisenziya alınmalıdır. Sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən həyata keçirilir. Mərkəzi Bank verilən, qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan, həmçinin ləğv edilən lisenziyaların reyestrini aparır. Mərkəzi Bankın müvafiq reyestrində Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti adlı qurum mövcud deyil", - deyə AMB-dən əlavə ediblər.

Qeyd edək ki, NDSX Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun 2020-ci ildə imzaladığı Fərmanla yaradılıb.
 
Ardını oxu...
“Pensiya yaşının süni şəkildə artırılıb-azaldılması böyük problemlər yarada bilər. Bizdə ömür uzunluğu dinamikası müsbətdir və pensiya fondunun maliyyə vəziyyəti yaxşıdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pul alsınlar”. DİA.AZ bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazir deyib ki, əvvəllər 12 il işləyən adama 25 faizlə pensiya haqqı tanınırdı. Bu gün normal pensiya almaq üçün 35 il işləməlisən, üstəlik, işləməklə yanaşı pensiya fonduna da pul köçürməlisən. Təklif edirəm ki, bu məsələ ilə bağlı seminar təşkil edək, mövzunu deputatlarla müzakirə edək. Bu, ciddi məsələdir. Gələn il pensiya fondu xərcləri 15 faizdən çox indeksasiya ediləcək”.

İqtisadçı-ekspert Eldəniz Əmirov da “Şərq”ə açıqlamasında bildirib ki, təqaüd yaşının getdikcə artırılması düzgün yanaşma deyil: “Bu məsələ tez-tez ictimai müzakirəyə çıxarılır, narazı fikirlər səslənir. Amma bütün bunlar reallığı dəyişmir. Həqiqətən də, Azərbaycanda pensiya yaşı həddindən artıq yüksəkdir.

2027-ci ilə qədər pensiya yaşının artırılması qanunla təsdiqlənib. Hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 63-dür. Yaş artımı hər 6 aydan bir davam etdiyi üçün də qadınlar üçün də pensiya yaşı 65 olacaq. Azərbaycanda isə orta yaş 72-73 arasıdır. 65 yaşda pensiyaya çıxan insan pensiya kapitalının 12 ildə olan ayların sayına, yəni (144-ə bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il yaşamasını qəbul etmək deməkdir.
Halbuki Azərbaycanda orta yaş hələ 2035-ci ildə 78-ə çatacaq. Ölkə əhalisinin orta yaş həddi 13 il sonra 78-ə çatacaqsa, 65 yaşda təqaüdə çıxan insanın pensiya kapitalının 144-ə bölünməsi düzgün deyil. Öncə bu yanaşmanı dəyişmək lazımdır”.

Millət vəkili Razi Nurullayev isə pensiya yaşının aşağı salınması ilə bağlı parlamentdə ən azı üç dəfə çıxış etdiyini xatırladıb:

“Qəbiristanlıqlarda apardığım monitorinqin nəticəsi onu deməyə əsas verir ki, insanların daha çox hissəsi, 60-70 faizi 65 yaşına çatmadan, yəni pensiya almadan dünyasını dəyişir. Ona görə də pensiya yaşının aşağı salınmasına ehtiyac var. Bunu kontur-arqument kimi bir çox mütəxəssislər, ekspertlər, hətta hökumət nümayəndələri də qeyd etdi”.

Deputatın sözlərinə görə, Azərbaycanı pensiya yaşının ən azı 65, bəzən isə 68-70 yaş olduğu ölkələrlə müqayisə etmək doğru deyil. Çünki həmin ölkələrdə insanların həyat səviyyəsi daha yüksəkdir:

"Onların tibbi xidmətlərə əlçatanlığı daha yaxşıdır. Sosial rifahı gözəldir. Ona görə də onların orta ömürlülük səviyyəsi Azərbaycandan daha yüksəkdir. Məntiqlə bu, doğru ola bilər”.

R.Nurullayevin sözlərinə görə, Azərbaycanda insanların sosial rifahını, yaşayışını bu həddə qaldırsaq, tibbi əlçatanlığı qaldıra bilsək, insan ömrünü 3-4 il uzada bilsək, o zaman bunu əsaslandıra, qəbul edə bilərik. “Amma indiki halda Azərbaycanda dediyimiz şərtlər olmadığına görə biz dünya ilə yarışa girib insanların pensiya yaşı həddini yuxarı qaldırmaqla düzgün addım atmamışıq. Ola bilsin ki, bunu əsaslandıranlar doğru hesablamalar aparmayıblar. Statistikanı düzgün hesablaya bilməyiblər. Onlar Azərbaycan əhalisinin orta yaş həddini düzgün qiymətləndirə bilməyiblər ki, insanlar nə qədər uzunömürlüdür. Statistik məlumatlar da mənim dediyimi təsdiqlədiyinə görə belə çıxır ki, bu artıq həyəcan siqnalıdır. Pensiya yaşının aşağı salınmasına ehtiyac yaranıb”.
Ardını oxu...
DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ünvanladığı müraciətində Cəmilov Cəfər Əhliman oğlu üzləşdiyi haqsızlıqdan və acınacaqlı durumundan bəhs edir. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə qeyd olunur:

"Cənab nazir, artıq ünvanlı sosial yardım üçün etdiyim müraciətlərin sayını itirmişəm. Hər dəfəsində imtina verilib. Sonuncu imtinada yeni bəhanə olaraq göstərilib ki, «AİLƏNİN KİRAYƏDƏ QALMASI BARƏDƏ MƏLUMATIN QEYD EDİLMƏMƏSİ» bəhanə göstərilib.

Qeyd edim ki, iki azyaşlı övladım var. Həyat yoldaşım və özümlə birlikdə dörd nəfərdən ibarət olan ailəmin dolanışığı ağır vəziyyətdədir. Hər ikimizin rəsmi qaydada iş yerimiz yoxdur işsizik. Mən qapılarda fəhləlik edirəm. Oda ayın 15 günü bu işi tapanda sevinirəm. Qısası ayda 120-140 arası pul qazanıram. 0,57 hektar pay torpağım var. Həmin pay torpağında kartoşka soğan və tərəvəzimi əkirəm. Fəhləlikdən qazandığım pul komunallara və quru çörək üçün un alınmasına güc-bəla ilə çatır. Pay torpağımdanda illik kartof-soğanımı götürürəm. Birdə qaynatamın imkanı olanda 60-80 manat arası köməklik edir. Qısası acından ölməsəkdə bu yaşamaq deyil, sürünməkdir. Yaşadığımız evidə qaynatam bizə bağışlayıb. Həmin evin şəkillərini çəkib bu müraciətimə əlavə edəcəm. Əgər buna ev demək olarsa. Əlacəmız yoxdur gəlib bu evdə yaşayırıq. Polu, pataloku və divarları yararsız vəziyyətdədir. Bütün günü peç yansada ev qızmır.. Çünki evin divarlarıpara-paradır. Əlacımız yoxdur. Fikirləşirik ki, nə vaxtsa imkanımız olanda həyətdən ev tikərik

Ünvanlı sosial yardım üçün etdiyim elektron müraciətdən yaşadığımız evin maddi-məişət şəraitinin yoxlanılmasına gələn Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları yaşadığımız evə baxış keçirdikdən sonra valideynlərimin yaşadıqları evə gediblər. Anamdan bizim yaşadığımız yeri soruşublar. Anamda deyib ki, Cəfər ailəsi ilə bizimlə yaşamır, kənddə qaynatası ev bağışlayıb orda yaşayırlar, Nazirliyin əməkdaşlarıda özlərindən yeni bəhanə uydurublar ki, «AİLƏNİN KİRAYƏDƏ QALMASI BARƏDƏ MƏLMATIN QEYD EDİLMƏMƏSİ». Necə ola bilər ki, ailə özünə aid evdə kirayə qalsın?

Əlbətdəki verilmiş bu imtina nazirliyin əməkdaşlarının uydurduğu bəhanədir. Bu ev şəxsi evimizdir. Bu evi bizə qaynatam bağışlayıb. Evin çıxarışı olmasada işıq, qaz sayğacları qaynatamın adınadır. Həmin sayğacların bildirişlərini nazirliyin və ya bu məsələni araşdırmaq istəyən hər bir şəxsə təqdim edə bilərəm.

Cənab nazir mən Ucar rayon Yuxarı Şilyan kənd sakini Cəmilov Cəfər Əhliman oğlu mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz.və ailəmə ünvanlı sosial yardımın təyin olunmasına köməklik edəsiniz".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti