“20-30 ildir müəllim işləyən müəllimlərin imtahanına niyə ehtiyac görülür? Təkmilləşməsinə, peşə yeniliklərindən yararlanması, maaş artımı üçün olduğu iddia edilir, lakin illik seminar və kurslarla da bunu etmək olardı”.
DİA.AZ xəbər verir ki, bu sözlər sosioloq Lalə Mehralıya aiddir. Müəllimlərin sertifikasiya imtahanına cəlb olunmasını tənqid edən sosioloqun fikrincə, 30 ildir şagird hazırlayan, özü məktəb olan müəllimi kimlər, niyə, nə üçün imtahana çəkməlidir? Nazirlik universitetlərin verdiyi təhsilə güvənmir demək, verdiyi diplomun sertifikasiya təsdiqini gözləyir:
“Müəllimlər sertifikasiya ərəfəsində başını itirir. Məcburən məktəbdəki dərslərini atırlar bir kənara, imtahana hazırlaşırlar. Əgər müəllimləri imtahan edəcəksə, o zaman müvafiq nazirlik bunun üçün imkan və şərait yaratmalıdır müəllimə. Pullu kurs yerinə dövlət kursları, imtahana salınacaq mövzu siyahısı, vahid kurikulum-metodika vəsaiti və sınaq imtahanları təqdim etməlidir. Ekspertlər fənlər üzrə imtahanlar, orada istifadə olunacaq testlərin mahiyyətini izah etməlidir. Müəllim, məktəb şagirdi qəbul imtahanına hazırlaşdığı kimi imtahana hazırlaşmamalıdır, o öz imtahanını zamanında verib, illərdir müəllimlik edərək biliyini də sübut edib, əməkhaqqı da bu illərinə görə hesablanmalı, gənc həmkarından daha yüksək məvacib almalıdır. İşə qəbul mərhələsində gənc kadrlar onsuz da MİQ imtahanına girir, biliyinin sayəsində iş yeri qazanır. 50-60 yaşındakı müəllimin biliyini yoxlamaqda məqsəd nədir?!”.
L.Mehralının sözlərinə görə, sertifikasiyaya heç bir ali məktəbdə öyrədilməyən materialların salınması da çox absurddur. Repetitor köməyi ilə sertifikasiyaya hazırlaşan müəllimlər bu material barədə məlumatlı olur, bəs repetitorsuz hazırlaşan müəllimlər? Sertifikasiya aparılırsa, o zaman bütün təhsil işçiləri – müvafiq nazirlik də daxil imtahandan keçsin: “Müəllimə heç bir təlim, treninq təşkil etmədən sertifikasiyaya göndərmək doğru deyil. Hər gün bir sistem tətbiq edilən təhsilimiz oyuncaq olmamalıdır. Baloniya, kurikulum sistemləri tətbiq edilirsə, məktəblərdə bu sistemlərin tətbiqi üçün müvafiq şərait yaradılmalıdır.
Sertifikasiyada 50-dən çox bal yığan müəllimlər, əlbəttə, alqışlanmalıdır. Lakin 30-40 bal yığan müəllimlərə qarşı olan stiqma da yığışdırılmalıdır. Müəllim də insandır, imtahan ərəfəsində həyəcanlana, texnoloji bacarıqlarının az olması səbəbindən kompüterləşdirilmiş imtahana adaptasiya ola bilməyə də bilər. Azərbaycan təhsili tək 50 baldan yuxarı toplayan müəllimlərin nəticəsi üzərində qurulmayıb. Şagirdi öyrətmək, yaxşı pedaqoq olmaq bala görə müəyyən edilmir, edilməməlidir. Siz o müəllimin sinifdəki performansının, universitetə qəbul olan şagirdlərinin sayını öyrənin”.