Ardını oxu...
Azərbaycan prezidenti İlham Əliyev Bakıda görüşduyu Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarın “tək millət üç dövlət” ifadəsinə dəstək verib. Bu ifadənin çəkisi böyükdür, Kuzey Kıbrıs Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır. Keçmiş illərdə də iki dövlət arasında oxşar təşəbbüslər olub, ancaq rəsmi Bakı Qarabağdakı separatizmə görə Kıbrıs istiqamətində addımlar ata bilməyib. Azərbaycan separatizmdən qurtulduğuna görə Kıbrısla əməkdaşlığı genişləndirmək imkanına malikdir. Ersin Tatarın Azərbaycana iki günlük səfərinin gündəmin əsas mövzularından biri olmasıyla yanaşı İlham Əliyevlə görüşüb geniş fikir mübadiləsinin aparması da tarixi hadisədir. Əlbəttə, İlham Əliyevin ölkə kənarındakı müxtəlif tədbirlərdə Ersin Tatarla ayaqüstü söhbətləri olub, ancaq KKTC Cumhurbaşqanının Azərbaycana dəvət olunmasının əhəmiyyəti daha böyükdür. Bunun ardı gələcək. Ersin Tatar İlham Əliyevi Kuzey Kıbrısa dəvət edib. Azərbaycan prezidentinin Kuzey Kıbrısa gerçəkləşdirəcəyi səfər də tarixi hadisəyə çevriləcək.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
"Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qarabağda vəziyyətlə bağlı 12 oktyabr 2023-cü il tarixli qətnaməsini və tövsiyəsini qətiyyətlə rədd edir və şiddətlə qınayır. Bu qurum Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığını göstərir".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin AŞPA-nin Qarabağda vəziyyətlə bağlı qəbul etdiyi qətnamə və tövsiyələr barədə şərhində deyilir.

Xarici İşlər Nazirliyi bildirir ki, AŞPA “Ermənistana məxsus separatçı rejim və ərazisindəki qeyri-qanuni erməni silahlı qüvvələri tərəfindən” təhlükəsizliyinə və ərazi bütövlüyünə əsas təhdidin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirləri alqışlamaq əvəzinə, “əsassız şayiələrə və müəyyən dövlətlərin bölgədə Azərbaycanı ləkələyən məkrli siyasətinə əsaslanan” yanaşma nümayiş etdirməkdə davam edir.

“Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamə və tövsiyələr Avropa Şurasının beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə zidd olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir.

Terrorçuluğa qarşı 24 saatlıq lokal mübarizə tədbirlərinə aparan hadisələrin təhrif olunmuş şəkildə təqdim edilməsi, habelə regiona səfər edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müsbət qiymətləndirməsinə və Azərbaycanın yerli əhaliyə qarşı hər hansı zorakılıq tətbiq etmədiyini təsdiqləməsinə baxmayaraq, bu, Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycana qarşı uzunmüddətli qərəzin göstəricisidir.

Bundan əlavə, son on ayda Laçın yolundan hərəkətlə bağlı Avropa Şurası Parlament Assambleyasının əsassız iddiaları və Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı iddialarını yekdilliklə rədd edən Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarına məhəl qoyulmaması ilə yanaşı, məhkəmənin qərarlarının yanlış şərh edilməsi qəbuledilməzdir”, nazirlik qeyd edir.

Xarici Içlər Nazirliyi həmçinin bildirir ki, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə, 44 günlük müharibədən sonra həlak olanların sayını 333-ə çatdıran mina təhlükəsinə, əvvəllər işğal altında olan Azərbaycan ərazilərində qeydə alınan dağıntıların miqyasına aydınlıq gətirilməməsi də dərin narahatlıq doğurur.

“30 ilə yaxın müddətdə azərbaycanlı məcburi köçkünlərin və Ermənistandan zorla qovulmuş etnik azərbaycanlı qaçqınların insan hüquqlarının pozulmasına göz yumulmaqla yanaşı, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin könüllü surətdə yerdəyişməsilə bağlı böhtan və hədsizlik nümayiş etdirən arqumentlər bu qurumun insan hüquqları ilə bağlı öhdəliklərinin açıq şəkildə pozuntusudur

Avropa Şurası Parlament Assambleyası etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən müdafiə etməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və ləyaqətlə geri qayıtmaları ilə bağlı müraciətlərə məhəl qoyulmur,” nazirlik bildirir.

Xarici İşlər Nazirliyinin sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən “Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır.”

Eyni zamanda, naazirlik bildirir ki, Avropa Şurasının mexanizmlərindən “Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər” tamamilə əks nəticə verir.

“Bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz”, şərhdə deyilir.

Oktyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə qeyd olunur ki, demək olar ki, bütün erməni əhalinin bölgədən kütləvi şəkildə çıxması "etnik təmizləməyə bərabər ola biləcək ittihamlara və əsaslı şübhələrə" səbəb olub. Avropa Şurası Parlament Assambleyası Azərbaycan hakimiyyətini "bunun belə olmadığını sübut etmək üçün səylərini əsirgəməməyə" çağırıb.

“Azərbaycan öz öhdəliklərini yerinə yetirməsə, Assambleyanın "Azərbaycan öz nizamnamə öhdəliklərini ciddi şəkildə pozduğuna görə Nazirlər Komitəsi və Parlament Assambleyasının birgə prosedurunu başlatmağa çağırmaqdan və 2024-cü il sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisələndirməkdən başqa alternativi qalmayacaq", qətnamədə deyilir.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gedən sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Ermənistan hökuməti baş verənləri Azərbaycanın “etnik təmizləmə” siyasəti aparması ilə əsaslandırıb. Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Son günlər Qarabağ bölgəsinə iki dəfə səfər edən BMT missiyası yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb. BMT missiyası hesab edir ki, Qarabağda 50 nəfərdən 1000 nəfərədək erməni əsilli sakin qalıb.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, bəyanatda qeyd edilir.

Bununla yanaşı son günlərdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycan və Ermənistanda səfərdə olub, regiondakı durumu müzakirə edib.

“Oktyabrın 9-da Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır”, ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində bildirib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-sabitlik toxumu səpməyə davam edir.

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır”, o qeyd edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller oktyabrın 10-da ənənəvi brifinqdə Lavrovun bəyanatına cavabda deyib ki, ABŞ-ın Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsidir.

Miller əlavə edib ki, ABŞ həmçinin Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə maraqlıdır.

Bununla yanaşı, oktyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Ermənistan suverenlik, bərabərlik və qarşılıqlılıq əsasında Azərbaycan və Türkiyə ilə regional kommunikasiyaları açmağa hazırdır.
 
Ardını oxu...
Oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qətnamə qəbul edilib.
​Bu barədə Bakupost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, inkişaf hüququ Qoşulmama Hərəkatı üçün xüsusi əhəmiyyət kəsb edən və hərəkatın gündəliyində önəmli yer tutan əsas mövzulardandır.
Qeyd olunub ki, ölkəmiz Hərəkata sədrliyi dövründə inkişaf hüququnun təşviq edilməsi və hüquqi bazasının gücləndirilməsi istiqamətində çoxsaylı addımlar atmış, inkişaf etməkdə olan ölkələrin mövqeyi və maraqlarının beynəlxalq müstəvidə irəlilədilməsində aktiv və nəticəyönümlü fəaliyyətlər aparıb.
Qoşulmama Hərəkatına üzv dövlətlərin dövlət və hökumət başçılarının 18-ci Bakı Zirvə Toplantısı (25-26 oktyabr 2019) və Hərəkatın Əlaqələndirici Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasının (5-6 iyul 2023) yekun sənədlərində inkişaf hüququnun təşviqi məsələsinə xüsusi vurğu edilib.
"Şurada qəbul edilmiş bu qətnamə inkişaf hüququ üzrə özündə hüquqi öhdəlikləri ehtiva edən beynəlxalq sənədin ilk dəfə olaraq BMT Baş Assambelyasına təqdim edilməsinə yol açır.
​Azərbaycan bundan sonra da BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli beynəlxalq formatlarda insan hüquqlarının ayrılmaz hissəsi olan inkişaf hüququnun təşviqi və irəlilədilməsində aktiv fəaliyyətini davam etdirəcək", - deyə məlumatda vurğulanıb.
 
Ardını oxu...
Oktyabrın 12-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub.

Rusiya Prezidentinin rəsmi internet saytının məlumatına görə, Prezident Vladimir Putin bildirib ki, görüşdə müzakirə olunacaq "bir nömrəli məsələ" Qarabağ ətrafındakı vəziyyətdir.

“Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksi, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq,” Prezident Putin qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, danışmağa mövzular çoxdur.

“Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik”, o qeyd edib.

Azərbaycan Prezident Administrasiyasının məlumatında deyilir ki, görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.

Qırğızıstanda keçirilən MDB sammitinə Ermənistan baş naziri Nikol Paşinyan qatılmayıb.

Ermənistan və Rusiya arasında münasibətlər ötən həftələrdə Azərbaycan rus sülhməramlıların yerləşdiyi Qarabağda hərbi əməliyyat keçirdikdən sonra bir qədər də soyuqlaşıb.

Əliyev Putinlə görüşməzdən öncə Qərbin Qafqaz siyasətini tənqid edərək İspaniyanın Qranada çəhərində keçirilən sammitdə iştirak etməkdən boyun qaçırmışdı.
Avropa İttifaqı bu ay Əliyev və Paşinyan arasında danışıqlara ev sahibliyi etməyi planlaşdırır.

 
Ardını oxu...
Ermənistan NATO-nun üzvü olmadığından bu hərbi-siyasi alyans erməni dövləti üçün Rusiya ilə birbaşa savaşa qətiyyən həvəs göstərməz... Yəni, hazırda rəsmi İrəvan məhz ermənipərəst rus politoloqun "Ermənistan sadəcə, mövcud olmaya bilər" iddiasını reallığa çevirəcək davranışlarla faktiki olaraq, geopolitik intihar yolu tutub...

MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı bu dəfə Qırğızıstanda keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev də bu zirvə toplantısında iştirak etmək üçün Bişkekə səfərə gedib. Və Azərbaycan liderinin səfər öncəsi açıqlamaları isə böyük maraq doğurur.

Məsələ ondadır ki, əvvəlcə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ardınca isə baş nazir Nikol Paşinyan MDB-nin budəfəki toplantısına qatılmaqdan imtina ediblər. Rəsmi İrəvan bu addımı atarkən, müxtəlif bəhanələr irəli sürüb. Və son nəticədə MDB sammiti Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın iştirakı olmadan keçirilir.

Prezident İlham Əliyev isə rəsmi İrəvanın bu davranışına “Ermənistan sülh istəyirmi" sualı ilə reaksiya verib. Azərbaycan lideri hesab edir ki, bu sualın cavabı Ermənistan baş naziri Nikol Paşinyanın davranışlarından məlum olur: "Əgər, Ermənistan sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur. Orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir. Amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış...”

Azərbaycan Prezidenti İlham Əliyevin bu açıqlaması Paşinyan hakimiyyətinin regional sülh prosesi ilə bağlı tutduğu manipulyativ mövqeyə sarsıdıcı zərbə xarakteri daşıyır. Çünki Azərbaycan lideri çox dəqiq məntiqi yanaşmayla, faktiki olaraq, müxtəlif bəhanələr icad edib, zirvə toplantısından yayınan erməni baş nazirin ifşasına nail olub. Və rəsmi İrəvan indi istənilən halda, bu ifşanın təsirindən yayınmaq üçün yeni bəhanələr axtarmaq məcburiyyətində qalacaq.

Məsələ ondadır ki, MDB Dövlət Başçıları Şurasının zirvə toplantısından öncə Kreml Bişkekdə Azərbaycan, Rusiya və Ermənistan arasında həm xarici işlər nazirləri, həm də ölkə liderləri səviyyəsində üçtərəfli görüşün ola biləcəyini bəyan etmişdi. Ancaq rəsmi İrəvanın qeyri-adekvat davranışları Kremlin yeni üçtərəfli görüş planını pozdu. Və bu, artıq korlanmış Rusiya-Ermənistan münasibətlərinin predmeti ola biləcək məsələdir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın MDB Dövlət Başçıları Şurasının zirvə toplantısından yayınması əslində, onun digər iştirakçılarından heç kimi qətiyyən məyus etməyib. Əksinə, sammitdə MDB ölkələrinin ortaq problemlərinin müzakirəsi üçün bütün hazırlıqlar sona çatdırılıb. Rusiya prezidenti Vladimir Putin sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirməyi planlaşdırdığını şəxsən bəyan edib. Və Kremldən verilən açıqlamaların məzmunu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Halbuki, eyni fikirləri Rusiya-Ermənistan münasibətlərində yaranmış ziddiyyətli situasiyaya da aid etmək qətiyyən mümkün deyil. İndi Rusiyada Ermənistanın ən qatı tərəfdarları belə, rəsmi İrəvanı açıq mətnlə hədəfə almaqla, münasibətlərin maksimum həddə qədər korlandığını biruzə verirlər. Hətta İrəvan konyakının həvəskarı, politoloq Yevgeni Satanovski Ermənistanı birbaşa hədələməkdən özünü saxlaya bilməyib: "Ermənistan sadəcə olaraq, dövlət kimi mövcud olmaya bilər".

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bişkekdə Ermənistanın Kreml əleyhinə atdığı israrlı addımlara diqqəti çəkib. O, bildirib ki, Rusiya Ermənistan vasitəsilə Qafqazda NATO-nun maraqlarını təşviq etmək məqsədi güdən bütün cəhdlərin hamısını qeydə alır. Rusiya xarici işlər nazirinin bu açıqlaması Ermənistana münasibətdə həm hədələmə, həm də sərt xəbərdarlıq mesajının verilməsi anlamını daşıyır.

Ermənistan siyasi dairələrində Rusiyanın bu hədə mesajına necə reaksiya veriləcəyi hələlik məlum deyil. Hər halda, rəsmi İrəvanın narahat olması üçün müəyyən səbəblər mövcuddur. Çünki Rusiya ilə münasibətlərin gəginləşməsi intensiv xarakter daşıyır və olduqca təhlükəli istiqamətlər almaqdadır. Üstəlik, bu gərginləşmə böyük sürətlə geriyə dönüşü olmayacaq hadisələrə yol aça biləcək həddə yaxınlaşır. Və rusiyalı politoloqların baş verənlərə son yanaşma üslubu da bunu təsdiqləyir.

Məsələ ondadır ki, Kremlə yaxınlığı ilə diqqəti çəkən politoloq Sergey Markov Ermənistann Rusiyanın düşməninə çevrilmək üzrə olduğunu dilə gətirib. Onun fikrincə, Rusiya xarici işlər nazirinin rəsmi İrəvanın NATO-nun maraqlarını təmsil etməyə cəhd göstərməsi barədə dedikləri Ermənistanın öz hərbi müttəfiqinə düşmən mövqedə olduğunu təsdiqləyir. Və bu, Kremlin indiyə qədər Ermənistanın yolverilməz davranışlarına göstərdiyi ən sərt reaksiyadır.
Təbii ki, rəsmi İrəvan öz hərbi müttəfiqinə qarşı davranışları ilə Rusiyanı ciddi şəkildə qəzəbləndirib. Kremlin nə vaxt, hansı addımı atacağı hələlik müəmmalı qalsa da, Rusiyanın Ermənistanın hərbi-siyasi xəyanətini cavabsız buraxmayacağı da qətiyyən şübhə doğurmur. Əslində, Ermənistan üçün ən real təhlükə mənbəyi də elə məhz bu məqamdan qaynaqlanır.

Məsələ ondadır ki, rəsmi İrəvan Ermənistanın hərbi müttəfiqi olan Rusiyanın ən qatı düşməninin - yəni NATO-nun maraqlarına xidmət etmək yolunu tutub. Kreml rəsmi İrəvana bu xəyanətin nəticələrini və Ermənistanın hərbi müttəfiq kimi Rusiya qarşısında kobud şəkildə pozulan öhdəliklərini hər an xatırlada bilər. Bu halda, ABŞ və Qərbin, eləcə də, NATO-nun Ermənistanı necə müdafiə edəcəyi ciddi suallar doğurur.

Çünki Ermənistan NATO-nun üzvü deyil. Deməli, NATO ölkələri bu hərbi-siyasi alyansın üzvü olmayan bir dövlət üçün Rusiya ilə birbaşa savaşa qətiyyən həvəs göstərməzlər. Bu isə o deməkdir ki, hazırda Paşinyan hakimiyyəti məhz ermənipərəst rus politoloqun "Ermənistan sadəcə, mövcud olmaya bilər" iddiasını reallığa çevirəcək davranışları ilə faktiki olaraq, geopolitik intihar yolu tutub. Və bu yolun faciəvi sonluğu artıq tədricən görünməyə başlayıb.\\Musavat.com
 
 
 
Ardını oxu...
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlunun oktyabrın 4-də keçirdikləri görüşdən sonra keçirdiyi birgə mətbuat konfransı Kiprdə yeni dövrlə bağlı mühüm ipucları vermək baxımından çox əhəmiyyətli olub.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Prof. Dr. Hüseyn İşıqsal Xarici İşlər Naziri Hakan Fidan ilə ŞKTC Xarici İşlər Naziri Tahsin Ərtoğruloğlu arasında keçirilən görüşdə müzakirə olunan məsələlər və təkliflər barədə yazıb.

Problemin əsl mənbəyi

Hakan Fidanın sözlərinə görə, son dərəcə məhsuldar keçən görüşdə Kipr türklərinin beynəlxalq aləmdə statusunun necə olacağı və iki ölkə arasında əməkdaşlığın Kıbrıs türklərinin sosial-iqtisadi inkişafı üçün daha institusional hala gətirilməsi müzakirə edilib.

Əslində bu iki məsələnin bir-biri ilə birbaşa əlaqəli olduğunu rahatlıqla deyə bilərik. ŞKTC Xarici İşlər Naziri Tahsin Ərtoğruloğlunun dediyi kimi, Kipr məsələsinin əsas səbəbi qurucu ortağı olduqları 1960-cı ildə Kıbrıs türklərini silah gücü ilə qovduğu Rum tərəfinə hələ də beynəlxalq ictimaiyyət tərəfindən əslində artıq mövcud olmayan "Kipr Respublikası" kimi bir dövlət kimi rəftar edilməsidir. Bu ədalətsiz və qeyri-qanuni rəftar Kiprdəki status-kvonun əsas qoruyucusu və ən böyük himayədarıdır.

İllərdir ədalətsiz təcrid və embarqolar altında qalan Kipr türklərinin siyasi çıxılmaz vəziyyətdən asılı olmayaraq gücləndirilməsi həm adadakı varlıqlarını qalıcı edəcək, həm də ŞKTC Prezident Ersin Tatarın irəli sürdüyü suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan yeni siyasəti gücləndirəcək. Bu baxımdan son vaxtlar iki ölkə arasında əməkdaşlıq, xüsusən də iki ölkə arasında elektrik enerjisinin birləşdirilməsi layihəsinin tamamlanması, Kipr türklərinin Türkiyə Respublikası vətəndaşlarının öz vətənlərində sahib olduqları hüquqlardan yararlana bilməsi ilə daha da artmışdır. Türkiyənin səhiyyə sahəsində və Türkiyədən turizm, texnologiya, təhsil sahələrində investisiyaların artması ilə daha da atıla biləcəyi gözlənilir.

Bundan əlavə, Xarici İşlər Naziri Fidan: “Kıbrıs Türk Dövləti bizim tanıdığımız, adada kiprli türklərin hüquqlarını müdafiə etdiyimiz və onlara bərabər olan qanuni bir quruluşdur. “Türkiyə Cümhuriyyəti olaraq, Kipr Türk Dövlətinin beynəlxalq aləmdə tanınması üçün əlimizdən gələni etməyə davam edəcəyik” bəyanatı bir daha bütün dünyaya göstərdi ki, ŞKTC-nin təbliği artıq Türkiyə Respublikasının dövlət siyasətinə çevrilib. Daha əvvəl dəfələrlə vurğuladığım kimi, Kipr Türkiyə və türk dünyası üçün sadə bir torpaq parçası deyil. Türkiyənin təhlükəsizliyi, qitə şelfi, Eksklüziv İqtisadi Bölgə, hava sahəsinə nəzarət və strateji müdafiə dərinliyi, bir sözlə Mavi Vətəndə hüquq və qanunların müdafiəsi ŞKTC-nin varlığına bağlıdır.

Üstəlik, Xarici İşlər Naziri Tahsin Ərtoğruloğlunun da dediyi kimi, ŞKTC-nin tanınması həm də Kipr türklərinə tətbiq edilən köhnəlmiş, ədalətsiz təcrid və embarqoları aradan qaldırmağın yeganə yoludur. Bu məqamda səlahiyyət, suverenlik və qüdrətini aşaraq Kipr Rum rəhbərliyinə illərdir virtual status verən beynəlxalq ictimaiyyətin üzərinə mühüm vəzifələr düşür. Əgər adada ədalətli və daimi həll hədəflənirsə, buna nail olmağın yolu adadakı faktların rəsmiləşdirilməsi, yəni mövcud iki dövlətin tanınmasıdır.

Şərqi Aralıq dənizi məsələsi

İkincisi, Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarından faydalanmaq üçün adada son həlli gözləməyin lazım olmadığını deyən Fidan İsrail və Livan arasında bu yaxınlarda həyata keçirilən razılaşmanı misal çəkib, həmçinin məsələnin həlli yönündə addımlar atmaq olarmı məsələsini gündəmə gətirib.

ŞKTC prezidenti Ersin Tatar 2022-ci ilin iyul ayında Yunan tərəfinə təkcə Kipr adasında deyil, bütün Şərqi Aralıq dənizində balansları müsbət istiqamətdə dəyişəcək tarixi təkliflərini çatdırdı. Bu təkliflər arasında ada ətrafındakı karbohidrogen ehtiyatlarından ümumi istifadə, adanın Türkiyə üzərindən Avropa İttifaqı (AB) ilə əlaqəli sistemə qoşulması, ən əhəmiyyətlisi olan günəş enerjisindən istifadə etməklə bərpa olunan və yaşıl enerjiyə keçid, Kiprin təbii qaynağı, su qaynaqlarının istidadə edilməsi, minaların aradan qaldırılması, nizamsız miqrasiya ilə birlikdə təmizlik və mübarizə daxildir.

Hal-hazırda ikitərəfli texniki komitədə həyata keçirilən işlər; iki tərəfin bərabər olması; Qərarların konsensusla qəbul edilməsi, qəbul edilən qərarların hər iki tərəfin xeyrinə olması, tərəflərdən birinin səlahiyyətini digər tərəfə yaymaması prinsiplərinə əsaslanan bu əməkdaşlıq təklifləri ilə Partiyaların siyasi əməkdaşlığın xaricində qalmasının lazım olduğunu bildirən prezident Tatar, iki partiyanın əlaqə modelinin necə olması lazım olduğunu ortaya qoyaraq gələcəyə istiqamət verdi.

Bu təkliflər arasında ən diqqət çəkəni, şübhəsiz ki, təkcə Türkiyə və Yunanıstan tərəflərinə deyil, həm də bütün sahilyanı dövlətlərin əhalisinə böyük iqtisadi qazanclar verəcək karbohidrogen əməkdaşlığı təklifidir. Başda Türkiyə və Yunanıstan olmaqla, müvafiq maraqlı tərəflər arasında fikir ayrılığına səbəb olan, hətta onları zaman-zaman ciddi qarşıdurmalara sürükləyən bu problemin həlli üçün prezident Tatar bərabərlik əsasında ortaq komitə yaradılmasını təklif edib. Hər iki tərəfin artıq ayrı-ayrı müqavilələr bağladığı şirkətlər bu komitənin işinə daxil edilməlidir. Beləliklə, mövcud mübahisələr bərabərlik əsasında qurulacaq və ümumi razılıqla qərar qəbul ediləcək bir mexanizmlə həll edilə bilər və uzun müddətdir həm bölgədə, həm də iki tərəf arasında böhrana səbəb olan bu məsələ zamanı fürsətə çevrəcək. Birgə bəyanatda açıqlanan bu məsələ ondan ibarətdir ki, bu təklif öz prioritetini itirməyib və yeni dövrdə də tez-tez gündəmdə olacaq.

Nəticədə Hakan Fidan-Tahsin Ərtoğruloğlu görüşü regional problemlərin daim diplomatiya və siyasi kommunikasiya yolu ilə həllini müdafiə edən Türkiyə və ŞKTC-nin səmimiyyətini bir daha göstərdi. Görünən odur ki, Türkiyə gələcəkdə Rum tərəfinin tərəfi ritorikaya əsaslanan siyasətinə və qapalı dairə diplomatiyasına əmələ əsaslanan dinamik siyasəti ilə cavab verəcək. Türk dünyasında müstəqillik qazanan ikinci Türk Dövləti olan və Türk varlığını Şərqi Aralıq dənizindən təcrid etməyə çalışan siyasətlərə meydan oxumaq missiyasını uğurla davam etdirən ŞKTC, Kipr Türk xalqının müstəqillik və suverenliyinin simvoludur. Bu, təkcə Türkiyə və onun varlığı üçün deyil, bütün Türk Dünyası üçün həyati əhəmiyyət kəsb edir. ŞKTC-nin beynəlxalq aləmdə tanınması üçün daxildə və xaricdə gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Tarixinin heç bir dövründə Kipr türklərini tək qoymayan Türkiyə Cümhuriyyəti yeni dövrdə də üzərinə düşən vəzifəni yerinə yetirəcək.

Öz xalqını cəzalandırmaq bahasına Türkiyə tərəfinin israrlı diplomatiya, bərabərlik, ədalət və əməkdaşlıq çağırışlarına qulaq asan barışmaz yunan zehniyyətinin nə vaxta qədər dözəcəyini birlikdə görəcəyik. Bircə dəqiq olan odur ki, Türkiyə tərəfi bundan sonra Yunan tərəfinin siyasi məhbusu olaraq daha 60 il gözləməyəcək və buxovlarını bir-bir qırıb vətən Türkiyə ilə çiyin-çiyinə möhkəm addımlarla yoluna davam edəcək.
 
Ardını oxu...
“Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya gəlişi Qarabağda olan Rusiya hərbi kontingentinin gələcəyini müəyyənləşdirməklə bağlı ola bilər”.

Bu barədə politoloq Elxan Şahinoğlu bildirib. “Rusiya diplomatları son günlərdə açıqlamalarında hərbi kontingentin Azərbaycan ərazisində qalma müddətinin uzadılmasına işarə edirlər. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”, - o əlavə edib.

E.Şahinoğlu xatırladır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son müsahibəsində Rusiya hərbi kontingentinin Qarabağı tərk edəcəyi təqdirdə Ermənistana yox, öz ölkəsinə qayıtmalı olduğu barədə dedikləri təsadüfi deyil: “Paşinyan bunu təsadüfən deməyib. Çünki Kreml Rusiya hərbi kontingentini Qarabağdan Ermənistandakı bazasına yerləşdirmək planını da nəzərdən keçirir. Ermənistanın Baş naziri bu haqda məlumatlıdır. Rusiya hərbi kontigentinin Ermənistandakı bazaya köçürülməsi Qərbə yaxınlaşmaq istəyən Nikol Paşinyanın maraqlarına cavab vermir”.
 
Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüsey Əmir-Abdullahian arasında telefon danışığı olub.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Cənubi Qafqazda mövcud vəziyyət müzakirə edilib. Nazirlər Cənubi Qafqaz üzrə “3+3” Məşvərət Regional Platforması çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını diqqətə çatdırıblar.
Teref.az-ın məlumatına görə, telefon danışığın məğzini “Sherg.az”a açan AĞ Partiya sədrinin müavini politoloq Əhəd Məmmədli qeyd edib ki, "3+3" formatı Regionun 3 lider ölkəsi Türkiyə-İran-Rusiya və Cənubi Qafqazın 3 respublikası Azərbaycan-Gürcüstan-Ermənistan çərçivəsində bölgədəki məsələlərin həllini nəzərdə tutur:

"Bu format Qərbin bölgəyə müdaxiləsinin qarşısını almaq üçün həyata keçirilir. Ümumiyyətlə "3+3" formatı indiki şəraitdə Rusiya-İranla bərabər Azərbaycan və Türkiyənin də maraqlarına cavab verir. Digər tərəfdən Qərbə yönələn Ermənistan bunda maraqlı olmaya bilər. Gürcüstan isə hazırda "şpaqat" vəziyyətindədir. Yəni həm Rusiya ilə, həm də Qərblə münasibətləri korlamaq istəmir. Amma biz öz maraqlarımızı düşünməliyik. Çünki indiki vəziyyətdə, yəni Rusiya və Azərbaycan münasibətlərinin yaxşı olduğu, həmçinin Bakı-Tehran əlaqələrinin müsbətə getdiyi bir dövrdə "3+3" formatı bizim üçün qəbulediləndir".

Analitikin sözlərinə görə, format Fransa və ABŞ-nin regiona müdaxiləsinin önündə sədd ola bilər:

"Ümumiyyətlə Rəsmi Paris və Vaşinqtonun Azərbaycana qarşı tutumu hamıya məlumdur. Hətta Fransa hərbçiləri yenidən Ermənistana gediblər. Bu mənada deyə bilərik ki, Qərb ölkələri Cənubi Qafqazdakı hərbi mövcudluqları konteksində ciddi addımlar atırlar. Bu da Regionun lider ölkələri olan Türkiyə, İran və Rusiyanın maraqlarına cavab vermir. Həmçinin sözügedən hadisə Azərbaycanın siyasətinə də uyğun deyil. Lakin Ermənistanın Qərbə yönəlməsi onun Rusiya və İranla münasibətlərinin korlanmasına gətirib çıxarır ki, bu da Azərbaycanın maraqlarına cavab verir".
 
Ardını oxu...
Qranada (sammiti) bizə iki vacib bəyanat verdi.

Teref.az axar.az-a istinadən bildirir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Ermənistanın “Birinci kanal”ına müsahibəsində deyib.

“Birincisi, Prezident Makron, kansler Şolts, AB Şurası Prezidenti Şarl Mişel və mənim dördtərəfli bəyanatımız, ikincisi isə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə ikitərəfli bəyanatımız oldu. Əslində, bu, misli görünməmiş demək istəmirəm, amma çox mühüm bəyanatdır ki, AB-də Ermənistanla münasibətlərin dərinləşməsi ilə bağlı konsensus var, çünki AB-nin iki sütunu – AB Şurası və Avropa Komissiyası – bu faktı qeydə alıb”, – o bildirib.

Paşinyan vurğulayıb ki, hər iki bəyanat həm AB, həm də Ermənistanın “nöqteyi-nəzərindən” regionumuzda sülhün sütunlarının nədən ibarət olduğunu ortaya qoyur:

“Bu sütunlardan biri Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasıdır – bu haqda çox danışmışıq. İkincisi, sərhədin delimitasiyası prosesi 1991-ci il Almatı Bəyannaməsi əsasında və keçmiş Sovet İttifaqının mövcudluğunun son dövrünün xəritələrinə uyğun aparılmalıdır.

Üçüncü, regional kommunikasiyaların açılması tərəflərin tam suverenliyinin qorunması, yurisdiksiyası, bərabərliyi çərçivəsində baş verməlidir”.

O əlavə edib ki, dördtərəfli bəyanatda “Dağlıq Qarabağ”a qarşı güc tətbiqi də pislənilib, “Dağlıq Qarabağ əhalisi”nin məcburi köçkünlüyü, humanitar vəziyyətin idarə olunması baxımından AB və ABŞ-ın Ermənistanı dəstəkləməyə hazır olduğu qeyd edilib. Həmçinin bildirilib ki, “Dağlıq Qarabağ” ermənilərinin heç bir şərt olmadan “Dağlıq Qarabağ”a qayıtmaq hüququ olmalı, onların hüquqları qorunmalıdır. Həmçinin vurğulanıb ki, AB Ermənistanla münasibətləri Ermənistan istədiyi qədər dərinləşdirməyə hazırdır.

Paşinyan etiraf edib ki, bu bəyanatın hazırda hüquqi statusu yoxdur:

“Bunlar üstünlüklərdir, ancaq başlıca, ən birinci boşluq ondadır ki, bu bəyanat dördtərəflidir, beştərəfli deyil. Yəni Azərbaycanın bu bəyanatda imzasının olmaması bu sənədin əsas çatışmazlığından biridir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Fransanın qeyri-obyektiv mövqeyinə görə Qranada görüşündən imtina etmişdi.
 
 
 
Ardını oxu...
"İstisna edilmir ki, Ermənistan Qərbə yönəldiyi təqdirdə Ukrayna, Suriya və Liviyanın taleyi ilə təhdid edilir".

Bu barədə "Rus dünyası"nın sağçı radikal filosofu və ideoloqu Aleksandr Duqinin "RİA Novosti"də dərc olunan "Postsovet məkanında Rusiyanın səhvləri və onları düzəltmək yolları" adlı geniş məqaləsində bildirilir.

"İstənilən postsovet dövlətinin ərazi bütövlüyü yalnız Rusiya ilə müsbət və ya neytral münasibətlərlə təmin edilə bilər. Demək, Rusiya postsovet ölkələrini "itaətsizlik"ə görə onların ərazilərini ələ keçirməklə cəzalandırır", - politoloq məqaləsində eyham vurub.

"Bu hələ 90-cı illərdən başlayıb: Dnestryanı, Dağlıq Qarabağ (o vaxt Azərbaycanda rusofob qlobalist hökumət var idi), Cənubi Osetiya və Abxaziya", - o, geriya boylanaraq vurğulayıb.(Publika.az)
 

Dünyapress TV

Xəbər lenti