Ardını oxu...
Bu ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsindən dövlət borcu üçün 1 milyard 270,3 milyon manatın ödənilməsi təmin edilib. Bu vəsaitin 1 milyard 100,2 milyon manatı (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 250,2 milyon manat) xarici dövlət borcları üçün ödənilib.
Qeyd edək ki, 2024-cü il 1 iyul tarixinə xarici dövlət borcu 5 milyard 367,5 milyon dollar (9 milyard 125 milyon manat) olub. Daxili dövlət borcu isə 1 iyul tarixinə 16 milyard 571,9 milyon manat təşkil edib.
Rəqəmlərdən də göründüyü kimi, 1 iyul tarixinə Azərbaycan dövlətinin ümumi borcu 25 milyard 696,6 milyon manat olub. 1 iyul tarixində Azərbaycan əhalisinin 10 milyon 197,1 min nəfər olduğunu nəzərə alsaq, bu, hər bir Azərbaycan vətəndaşının 2 520 manat borcu var deməkdir.
 
Ardını oxu...
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 30 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% çoxdur. Hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 8,8% artaraq 520,9 milyon manat olub.

Maraqlıdır, iaşə obyektlərinə təlabatın artmasına səbəb nədir? Əhalinin gəlirləri azalıbsa, iaşə obyeklərinə axın edən kimlərdir?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya açıqlamasında deyib ki, iaşə obyektlərindən istifadə edənlərin yalnız az bir hissəsi adi şəxslərdir:

“Ölkəmizdə əhalinin böyük hissəsi adi, qalan az bir hissəsi vəzifəli şəxslərdir. O baxımdan hesablanma aparıldıqda görürük ki, əhalinin böyük hissəsi kafe və restoranlarlada çoxlu pul xərcləyir. Lakin reallıqda adi şəxslərin aylıq məvacibi ona ayda bir necə dəfə iaşə obyektlərindən istifadə etməyə imkan vermir”. O bildirib ki, iaşə obyektlərindən istifadə edən turistlərin sayında artım var: “Ölkəmizə yaxın bir neçə ildə turist axını artıb. Gələn turistlər də əsasən ticarət və iaşə obyektlərindən istifadə edir. Bu səbəbdən iaşə obyektlərində artım müşahidə olunur. Eyni zamanda, ölkəmizə gələn xaricilər, xüsusilə də ərəb turistlərə daha məsrəfli xidmətlər göstərilir. Bu səbəbdən restoranların gəlirlərində artım qeydə alınıb”.
 
Ardını oxu...
Dünya Bankının Direktorlar Şurası oktyabrın sonunda Azərbaycanla 2025-2029-cu illər üçün nəzərdə tutulmuş yeni tərəfdaşlıq strategiyasını təsdiq etməyi planlaşdırır.

Bu barədə Axar.az-a Bankın Bakı ofisindən məlumat verilib.

“Bankın Cənubi Qafqaz üzrə direktoru Rolanda Praysın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya bugünkü səfəri çərçivəsində bu çərçivə sənədi ilə bağlı məsləhətləşmələr davam etdirilib”, - Bankdan bildirilib.

2015-ci ildə təsdiq edilmiş əvvəlki tərəfdaşlıq strategiyası Azərbaycanın qarşısında duran ciddi çağırışlar nəzərə alınmaqla hazırlanmışdı. O, yeni artım modelinə keçid zamanı dövlət maliyyə idarəçiliyi və iqtisadiyyatın şaxələndirilməsi sahəsində daha yaxşı göstəricilərə nail olmaq üçün ölkənin dəstəklənməsinə, eləcə də ölkənin xarici şoklara qarşı dayanıqlığının gücləndirilməsinə fokuslanmışdı.

Amma 2020-ci ildən etibarən dünya COVID-19 pandemiyasının yaratdığı yeni iqtisadi təlatümlə üzləşib. Karbohidrogenlərə qlobal tələbatın azalması neftin qiymətinin kəskin aşağı düşməsinə səbəb olub və bu, neft sektorundan ciddi şəkildə asılı olaraq qalan Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərib.

Bu çətinliklərə baxmayaraq, Azərbaycan dəyişikliklər etməyə əzmini nümayiş etdirir. Ölkə “yaşıl” iqtisadiyyata keçid və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına iddialı məqsədlər qoyur.

Bankın Azərbaycanla yeni tərəfdaşlıq strategiyası bu məqsədləri dəstəkləmək üçün hazırlanıb. Artıq iki əsas layihə müəyyənləşdirilib. Bunlardan birincisi Azərbaycanın məşğulluğa dəstək proqramının genişləndirilməsidir: Dünya Bankı iş yerlərinin yaradılmasını təşviq etmək və işçi qüvvəsinin bacarıqlarını artırmaq məqsədi daşıyan bu proqrama 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyə ayırmağı planlaşdırır. İkinci layihə isə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini (AZURE) nəzərdə tutur. Bu layihə çərçivəsində Bank, ilkin hesablamalara görə, külək və günəş enerjisinin inkişafı vasitəsilə “yaşıl” iqtisadiyyata keçidə can atan Azərbaycana dəstək olmaq üçün 250 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

Yeni strategiyanın əhatə edəcəyi digər perspektivli əməkdaşlıq sahələrinin müzakirələri hələ də davam edir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bu günə kimi Azərbaycanda Bankın kredit vəsaitləri hesabına ümumi məbləği 4,4 milyard ABŞ dolları olan 54 layihə həyata keçirilib.
 
 
 
Ardını oxu...
Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.

Rusiyanın TASS informasiya agentliyi "Azərbaycan BRİKS-ə üzv olmaq arzusunu açıqlayıb" başlıqlı məqalə dərc edib. Mənbə xəbər verir ki, bu barədə VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova BRİKS ölkələrinin X Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib.

Qırğızıstanın "For.kg" nəşri "Turan Birliyi dünyada yeni geosiyasi gücün yaranmasının müjdəçisi olacaq" başlıqlı məqalə dərc edib.

Bildirilib ki, dünya xəritəsində hərbi-iqtisadi "Turan" kimi yeni birliyin formalaşması sabitlik yaratmağa qadir olan yeni geosiyasi gücün meydana çıxmasından xəbər verəcək və türklərə dünya oyunçuları qarşısında təhdidlərə və tarazlığa birgə müqavimət göstərməyə imkan verəcək.

Məqalədə o da qeyd olunub ki, ola bilsin ki, ittifaq yarandıqdan və türk ölkələrinin iqtisadi potensialı inkişaf edəndən 10-15 il sonra Turan pul vahidi dövriyyəyə buraxılsın. Turan pul vahidinin olması türkdilli dövlətlərə dünya valyutalarının təsirini azaltmağa, ticari-iqtisadi əlaqələri gücləndirməyə imkan verəcək.

Hindistanın "The Hindu" nəşri "Ermənistan və Azərbaycan ABŞ-nin vasitəçiliyi ilə sülh danışıqları aparacaq" başlıqlı məqalə dərc edib. Məqalədə bildirilib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iyulun 10-da Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə danışıqların növbəti raundu üçün görüşüblər.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında sülhə mane olan əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır.

Ətraflı videoda:

 

“Pandemiyanın” müəllifləri Trampı 2020-də prezident seçilməyə imkan vermədilər – o zaman bu prosesi qlobal olaraq cinayətkarcasına idarə edənlərin səhvlərini deyənləri “sol-liboş-yarı-kommunist” tayfa dünya üzrə linç edirdi. (şəxsən mən bu haqda 2020-ci illərdə dəfələrlə yazdım - bir qrup daim təhqirlə cavab verdi).
Sonra “pandemiya” cinayətləri yavaş-yavaş üzə çıxmağa başladı, 2022-də qlobal dalğa yaranmalı idi, bu məsələdə əli olanlar təşvişə düşdülər. Elmi araşdırmalar, bəzi ciddi siyasətçilərin bəyanatları oldu – deməli dünyada gündəmi dəyişmək, bütün diqqəti cəlb etmək üçün böyük fəlakətə ehtiyac yarandı. “Qlobalistlərin” adamı olan Putin Ukraynaya qarşı təcavüzə, müharibəyə başladı, dünyanın başını qatdılar, dünyanın başını yalançı, mənasız mövzularla qatan “qlobalistlər” arzularına çatmaq üçün xaos, ölüm səpməyə başladılar. Silah tacirləri, yalançı gündən müəllifləri önə çıxdı, “pandemiya” zamanı insanlıq əlehinə olan davranışlar unuduldu.
Bu qlobal “mafiyaya” qarşı olan Respublikaçılar partiyasının böyük bir hissəsi və onların sözcüsü Tramp önə çıxdı. Avropada milli qüvvələr, sağ-mərkəzçi siyasi cərəyanlar ciddi nüfuz və səs qazanmağa başladılar. Bu zaman dünyada fikir yönləndirməklə məşğul olan “mainstream” media (CNN, BBC, Euronews və s.) qorxu toxumu səpməyə, sağ-mərkəzi, onların təmsilçilərini, Trampı “düşmən”, “təhlükə” kimi təqdim etməyə başladılar. Çünki, doğrudan da, 40-50 ilik “psevdo-liberal-yarı-kommunist” ideya yayanlara onlar təhlükə yaratmış oldular.
Bir neçə ay öncə Robert Fitsoya qarşı, bu gecə Trampa qarşı sui-qəsd cəhdi həm də o “mainstream” medianın isterikasının, beyinləri yumaq cəhdinin nəticəsidir.
Dünya “sağ”lamlaşmalıdır, başqa yol yoxdur, bu qədər xaos, ölüm-itim, müharibə, qan-qada bəsdir, yetər artıq, ABŞ-da Respublikaçılar, o cümlədən Tramp bu yöndə nəsə edə bilər, bunu “qlobalistlər” bilir və həzm edə bilmirlər.
Əgər noyabra qədər Trampı qoruya bilsələr, o artıq prezidentdir, indidən təbrik etmək olar – bundan sonra dünyanın gündəmi də dəyişəcək, yalançı problemlər, “iqlim dəyişikliyi” adlı miflər tarixə qovuşacaq. Dünyanın ciddi ekoloji problemləri var, onlar həll edilməli, insan təbiəti qorumalı, su hövzələri mühafizə edilməlidir, amma bunun “iqlim dəyişikliyi” ilə əlaqəsi yoxdur. Dünyada yüzlərlə dəfə iqlim dəyişib, bu insan faktoruna bağlı deyil, ola da bilməz – onlarla dəfə qlobal “buz dövrü”, onlarla dəfə “qlobal istiləşmə” olub ki, o zaman dünyada insan övladı yaşamırdı. Məsələn, Saxara səhrasının yerində yüzmimlərlə il öncə tropik meşələr, çaylar, göllər olub, sonra səhraya çevrilib, bunu da insan övladımı edib?!
Düşünürəm və ümid edirəm ki, insanlıq əsl problemlərə köklənərək onların həlli üçün çalışacaq, dünya “sağ”alacaq, bunun bizim ölkəmizə də təsirləri olacaq, indidən çox aşağı neft qiymətlərinə hazırlaşmalıyıq, bizim ölkəmizə də “sırıdıqları” öhdəlik və gündəmdən canımızı qurtarıb məmləkətin ciddi iqtisadi, sosial problemləri ilə məşğul olmalıyıq, iqtisadi böhranın qapımızı döydüyünü anlamalı, önləmlər almalıyıq, zaman çox azdır...
Natig Jafarli
TEREF
 
Ardını oxu...
“Bank Avrasiya” ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 1 milyon 54 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 2 milyon 273 min manat xalis mənfəət ilə bağlamışdı, Bu da o deməkdir ki, “Bank Avrasiya”nın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 218 min manat və ya 2,1 dəfə azalıb.
Bu mövzuda marja.az araşdırıb ki, 2024-cü ilin ilk 6 ayı ərzində “Bank Avrasiya”nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 699 min manat və ya 7,6% azalaraq 8 milyon 449 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 min manat azalaraq 5 milyon 348 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox azaldığı üçün Bankın əməliyyat mənfəəti 676 min manat düşərək 3 milyon 102 min manata geriləyib (2023-cü ilin ilk 6 ayında 3 milyon 778 min manat).
Həmçinin, ilk 6 ayda Bank əməliyyat mənfəətindən 2 milyon 72 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırıb. 2023-cü ilin eyni dövründə “Bank Avrasiya” əməliyyat mənfəətindən 1 milyon 505 min manat ehtiyata ayırmışdı.
Qeyd edək ki, bankın Müşahidə Şurasının sədri Fuad Aslanovdur. İdarə Heyətinin sədri isə Rüfət Kərimovdur.
Mətbuatda dərc edilən məlumatlara görə, “Bank Avrasiya” ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlıya məxsusdur.
 
Ardını oxu...
Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olan Aİ-95 markalı benzininin 1 litrinin qiyməti 40 qəpik ucuzlaşır. Başqa sözlə, sabahdan artıq sürücülər Aİ-95 yanacağını 2 manata deyil, 1.60 qəpiyə alacaqlar. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.

Bu barədə SOCAR-dan bildirilib.

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, xüsusilə istehsal ili 10 ildən aşağı olan avtomobillərin əksəri premium yanacaq tələb edir. Ancaq sırf qiymətlər baha olduğundan sürücülərin bəziləri bu tələbi yerinə yetirmirdilər. Yəni avtomobili Aİ-95 oktanlı benzinlə deyil, Aİ-92 benzinlə sürürdülər. İndi usta tövsiyə edir ki, qiymətlərin ucuzlaşması fonunda avtomobillərə zavod tələbinə uyğun benzin tökülsün.

Sahil Ağabəylinin sözlərinə görə, sırf aşağı oktanlı benzin töküldüyü üçün zavod tələbi premium yanacaq olan avtomobillərdə ciddi fəsadlar müşahidə edilirdi. Bu da bəzən sürücüləri küllü-miqdarda maddi zərərlə üz-üzə qoyurdu.

Xatırladaq ki, SOCAR-ın bir neçə gün əvvəl yaydığı məlumatda qeyd edilirdi ki, emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.

Ətraflı videomaterialda:

 
 
 
Ardını oxu...
Eldəniz Cəfərov bildirib ki, artıq elektromobil avtomobillərin satışı ənənəvi avtomobillərin satış bazarına öz təsirini göstərməyə başlayıb.
Yanacağın qiymətinin artmasından sonra elektromobil avtomobillərin cəlbediciliyi daha da artıb. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində elektromobil avtomobillərin stimullaşdırılması ilə bağlı tədbirdə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Ekspert deyib ki, son vaxtlar elektromobil avtomobillərə və hidbid avtomobillərinə maraq artıb. Yanacağın qiymətinin 10-20 qəpik bahalaşması əhalinin maddi vəziyyətinə təsir göstərdiyindən, onlar iqtisadi cəhətdən qənaətcil avtomobillərə üstünlük verməyə başlayırlar. Çünki, yanacağın qiymətinin artması daimi avtomobil sürən insanların iqtisadi vəziyyətinə təsir etməyə başlayıb.
Yanacaq bahalaşandan elektromobillərə maraq artıb
"Əvvəllər alternativ avtomobillər olmadığından insanlar yanacağın qiyməti bahalaşsa da, ənənəvi avtomobilləri sürməyə davam edirdilər. Hazırda elektromobillərin olması onlara seçim etməyə imkan verir. İnsanlar qənaətcil olsun deyə, elektromobil və hibrid avtomobil almağa başlayıblar. Bu tendensiya günü-gündən sürətlənir. Belə davam edərsə, elektromobillər bazarda hökmran mövqe tutaraq ənənəvi avtomobilləri üstələyəcək. Artıq elektromobillərin satışı ənənəvi avtomobillərin satış bazarına öz təsirini göstərməyə başlayıb"- Cəfərov söyləyib.
Enerjidoldurma məntəqələrinin azlığı problem yaradır
Həmsöhbətimiz deyir ki, elektromobil avtomobillərin alışının stimullaşdırılması üçün infrastrukturun qurulmasının sürətləndirilməsi şərtdir. Elektromobillərə maraq artsa da, bu avtomobillər üçün enerjidoldurma məntəqələrinin sayının azlığı insanları onları almaqdan çəkindirir:
"İki il bundan əvvələdək ölkədə elektromobillər üçün enerjidoldurma məntəqələrinin sayı 40-dan çox deyildi. Bunların da əksəriyyəti özəl idi. Amma dövlət qurumlarının verdiyi məlumata görə, artıq "Azərişıq"ın təşkil etdiyi enerjidoldurma məntəqələrinin sayı 100-ü keçib. Onların böyük əksəriyyəti Bakı və Abşerondadır. Bölgələrdə isə ancaq iri şəhərlərdə enerjidoldurma məntəqələri fəaliyyət göstərir. Amma bu, 10 milyonluq əhali üçün çox az rəqəmdir. Yenə də Bakıdan rayona insanlar elektromobillə gedə bilməyəcəklər. Bu, həm də enerjidoldurma məntəqələrində uzun növbələrin yaranmasına səbəb olacaq".
Sahibkarlar da bu sahəyə yatırım etmir
Ekspert deyir ki, mütləq şəkildə bu sahəyə biznes maraqları yaranmalıdır: Çünki, enerjidoldurma məntələri üçün cihazlar rüsumlardan azad edilib. Amma bununla belə biznes qurumları elə də maraq göstərmir. Çox güman ki, enerjinin dövlətdən alınıb vətəndaşa satılmasında problemlər var. Bununla bağlı qanunvericilikdə güzəştlər nəzərdə tutulmalı, konkret tariflər müəyyən edilməlidir. Yanacaqdoldurma məntəqələrində məcburi şəkildə enerjidoldurma məntəqələrinin quraşdırılması tələbi qoyulmalıdır.
Servislər Çindən nizamsız gətirilən avtomobilləri qəbul etmir
O, vurğulayıb ki, elektromobil avtomobillər üçün servislərin olmaması da problemdir. Hazırda ölkəmizdə elektromobillər üçün olan servislər Çindən nizamsız gətirilən, Amerika və digər bazarlar üçün istehsal olunan, Avropa bazarı üçün nəzərdə tutulmayan elektromobillərin təmirini öz üzərinə götürmür. Halbuki artıq ölkəyə idxal olunan elektromobillər üçün dövlət standartı müəyyən edilib:
"Gömrükdə həmin avtomobillərin standarta uyğun olub-olmadığı müəyyən ediləcək. Bu da o deməkdir ki, gələn ildən ölkəmizə nizamsız qaydada, Avropa bazarı üçün olmayan avtomobillər idxal oluna bilməyəcək".
Avtomobil bazarında qiymətlər arta bilərmi?
Ekspert avtomobil bazarında qiymət dəyişikliyi ilə bağlı da proqnoz verib. Bildirib ki, taksi avtomobilləri ilə bağlı il və rəng tələbinin qoyulması avtomobil bazarında ağ və qırmızı rəngli, eləcə də istehsal ili 8-15 ildən çox olmayan avtomobillərin qiymətini bahalaşdırıb. Son günlər yayılan manatın ucuzlaşacağı ilə bağlı xəbərlər də avtomobil bazarı üçün yaxşı heç nə vəd etmir:
"Əgər manat ucuzlaşarsa, avtomobil bazarı tamamilə çökəcək. Çünki, son devalvasiya avtomobil parkının köhnəlməsinə səbəb oldu. Dollar bahalaşandan sonra yeni avtomobillərin qiyməti iki dəfə bahalaşdı. 19 min manata olan avtomobillər 34 min manata qalxdı. Nəticədə insanlar ikinci əl, köhnə avtomobillərin idxalına üstünlük verdi. Bunun nəticəsidir ki, ölkəmizdə avtomobil parkı köhnə avtomobillərlə dolmağa başladı".
Cəfərovun sözlərinə görə, indi köhnə avtomobillərin ölkəmizdən çıxarılması ciddi problemdir:
"Devalvasiyadan sonra insanlar xaricdən ikinci əl, istismar müddəti başa çatmış avtomobilləri alıb ölkəmizə gətirməyə başladılar. İndi isə bu, bizim özümüzə problem yaradıb. Bizim o avtomobilləri ölkədən necə çıxaracağımızla bağlı suallar yaranıb. Çünki, utilizasiya da məcburi xarakter daşımır".
Məlumat üçün bildirək ki, ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3 102 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə, 2021-ci illə müqayisədə isə 36,2 dəfə və 19,4 dəfə çoxdur.
Zülfiyyə Quliyeva
 
Ardını oxu...
"Azərsun Holdinq” MMC (Azersun Holdinq) 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

Holdinq ötən ili 58,3 milyon manat xalis mənfəət əldə edib və bu da 2022-ci ilə nisbətən 3,8 dəfə çoxdur.

Holdinqin gəlirləri 2022-ci ilə nisbətən 0,7% və ya 14,5 milyon manat azalaraq 2023-cü ildə 1,81 mlrd. manat təşkil edib. 2022-ci ildə gəlirlər 1,825 mlrd. manata bərabər olub. Satışın maya dəyəri isə 1,35 mlrd. manat olub.

Satış maya dəyəri çıxıldıqdan sonra "Azərsun”un məcmu mənfəəti 463,2 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 1,89 milyon manat azdır.

MMC-nin mənfəət vergisindən əvvəlki mənfəəti isə 2022-ci ilə nisbətən 2 dəfə artaraq 86,9 milyon manata yüksəlib.

Xalis mənfəəti kifayət qədər yüksək olsa da ötən holdinq kiçilib. Belə ki, "Azərsun”un cəmi aktivləri 1 mlrd. 163,4 milyon manatdan 1 mlrd. 71,6 milyon manata enib. Başqa sözlə, holdinqin aktivləri ötən il 91,8 milyon manat azalıb.

MMC-nin cəmi öhdəlikləri 746,6 milyon manatdan 433,8 milyon manata enib, cəmi kapitalı isə 416,7 milyon manatdan 637,7 milyon manata yüksəlib.

Qlobal.az
 
 
 
Ardını oxu...
Uşaqların maraq göstərdiyi oyuncaqlardan biri də plastilinlərdr. Uşaqların bu cür məhsullardan müxtəlif fiqurlar düzəltməsi onların zehnini inkişaf etdirir. Plastilinlər həm də rəngbərəng olduğu üçün kiçik yaşlı uşaqları da cəlb edir. Hazırda ölkə bazarlarında hər qiymətə plastilin satılır. Təbii ki, baha qiymətə satılanlar daha keyfiyyətlidir. Lakin ucuz plastilinlə baha arasında həm qiymət, həm də keyfiyyətcə çox fərq var. Ucuz plastilinlərin rəngi uşaqların dərisinə çıxır ki, bu da onların dərisində müəyyən qaşınma, qızarmalara səbəb olur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, hazırda buna nəzarət edən yoxdur:

“Uzun illər Azərbaycanda Nazirlər Kabinetinin 343 saylı qərarı mövcud idi. Bu, məcburi sertifikatlaşdırılan mallar siyahısı idi. 100-dən çox məhsul ora daxil idi, o cümlədən, uşaq oyuncaqları.. Yəni bunlar ölkənin əmtəə bazarına girmədən öncə yoxlanılırdı, təhlükəsizliyi təmin olunurdu və ondan sonra satışa çıxarılırdı. Lakin 2019-cu ildən bu qərar ləğv olunub. Hazırda bu sahəyə heç kim nəzarət etmir. Kim necə gəldi, nə gəldi gətirib satır”.

O, valideynləri uşaq üçün məhsul seçərkən diqqətli olmağa çağırıb:

“Rəngi çıxan istənilən əşya zərərlidir. Çünki rəngin tərkibində ağır metallardan istifadə olunur. Bu da uşaqların sağlamlığında mənfi izlərini qoyur. Ona görə də istehlakçılar belə malları almaqdan uzaq olsunlar. Əgər uşaq oyuncağı alan zaman ordan pis qoxu gəldiyini hiss etsələr, o dükandan uzaqlaşsınlar. Oyuncağın qopan hissəsi varsa, bunu da almasınlar. Ağ tənzifi yaş edib sürtsünlər, əgər məhsulun rəngi çıxrsa, almaqdan imtina eləsinlər. Ölkədə istehlakçı siyasəti pis vəziyyətdədir. Bu da istehlakçıların həyatında mənfi izlərini qoyur”.
 
Ardını oxu...
Tarif Şurasının Aİ-92 markalı benzinin və dizelin qiymətini artırmasından sonra ictimai nəqliyyatda və metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qaldırılsa da, xidmətin keyfiyyətində heç nə dəyişməyib. İctimai nəqliyyatda gediş haqqı artırılandan demək olar ki, hər gün sosial platformada bu məzmunlu şikayətlərə rast gəlirik.
Gediş haqqı artıb, avtobuslar isə dəyişməyib
Naibə Qurbanova adlı Bakı sakini sosial şəbəkə hesabında narazılıq edərək bildirib ki, gediş haqqı 15 qəpik olandan bu günədək sınıq-salxaq avtobusda gedir.
"Gediş haqqı 15 qəpik olanda da mən sınıq, köhnə 165 saylı avtobusda gedirdim, indi 50 qəpikdir, səhər yenə bununla işə gəldim. Bəs yüksəldilən xidmət hanı?" - deyə sərnişin haqlı iradını bildirib.
Digər sərnişin Solmaz Şabanova isə ictimai nəqliyyatda gediş haqqı 20 qəpik olandan köhnə, sərnişindaşıma üçün yararsız 142 saylı avtobusda gedib-gəldiyindən şikayətlənib.
Əhmədli sakini Ülkər Abdullayeva isə deyir ki, 20 ildən çoxdur hər gün istifadə etdiyi 62 nömrəli avtobuslarda qiymətlər qalxsa da, heç nə dəyişməyib: "Yenə köhnə, sınıq-salxaq, kondisionersiz avtobuslarda gedirik. Yaxşı ki, 62 intensiv işləyən marşrutdur, yoxsa onun içində istidən ölmək olar"
Sərnişinlər sıxlıq, havasızlıq,uzun intervallardan şikayətlənir...
Sərnişinlər avtobusların əvvəlki kimi uzun intervallarla hərəkət etdiyini, avtobuslarda sıxlıq olduğunu, əksər avtobuslarda sərinləndirici qurğunun yenə işləmədiyini, bir sözlə, gediş haqqının artırılmasının xidmətin keyfiyyətinə heç bir təsir göstərmədiyini deyirlər.
Metroda da vəziyyət demək olar ki, eynidir. Sərnişinlər əksər qatarlarda kondisionerin olmamasından, sıxlıqdan, havasızlıqdan şikayətlənirlər.
"10 qəpik artımla xidmət keyfiyyəti yüksəlməyəcək"
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gediş haqqının artırılmasının üzərindən cəmi 8 gün keçib. Belə qısa müddətdə ictimai nəqliyyatda fundamental dəyişiklikləri gözləmək səhv yanaşmadır.
"Həmçinin 10 qəpik artım daşıyıcı şirkətlərə xidmətin keyfiyyəti ilə bağlı dəyişiklik etməyə divident verməyəcək. Yeni elektriklə işləyən avtobusun qiyməti 600 min manatdır. Daşıyıcı şirkətlər 10 qəpik gediş haqqı artımı ilə belə bahalı avtobusları ala bilməyəcəklər. Ona görə də, xidmətin keyfiyyətində ciddi dəyişiklik gözləmək düzgün deyil. İctimai nəqliyyatda xidmətin keyfiyyətinin yüksəldilməsinə dövlət də maraqlı olmalıdır. Bu işdə sahibkarlara dəstək verməlidir" - Elməddin Muradlı bildirib.

Ekspert deyib ki, ötəndəfəki gediş haqqı artımından sonra da xidmətin keyfiyyətində cüzi dəyişiklik olub. Nasaz avtobuslar təmir edilərək xəttə buraxılıb. Amma bunlar kiçik dəyişikliklərdir, fundamental dəyişikliklər hələ ki, baş verməyib.
160 yeni elektrik avtobusu alınacaq - AYNA-dan vəd
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə mobilliyin transformasiyası proqramı həyata keçirilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb:
"Hazırda Bakıda 23 küçə və prospektdə uzunluğu 66,3 km olan xüsusi avtobus zolaqları təşkil edilib. Bu il daha 30-a yaxın küçə və prospekti əhatə edən 40 kilometrdən çox uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək".
AYNA qeyd edib ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır:
"Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır".
Qurumun qeydinə görə, əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsi yaradılır:
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində artıq davamlı mikromobillik zolağı hazırdır. Zolaqlar Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb. Mövcud olan işıqfor dirəklərində velosiped bölmələri yaradılır".
AYNA 30 məntəqədə velosipedlərin parklaması üçün dəmir konstruksiyaların quraşdırıldığını da bildirib: "Hazırda mikromobillik zolağının təşkili 8 Noyabr prospekti və Bakı Ağ Şəhər Bulvarında aparılır. İşlər yekunlaşandan sonra bu zolaqlar Bulvarda artıq mövcud olan yollarla əlaqələndiriləcək".
Metroda sıxlıq və havasızlıq aradan qalxacaq?
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, tarifin tənzimlənməsi ilə bağlı məsələ iki aspektdən qiymətləndirilir. Birincisi, cari vəziyyətin qiymətləndirilməsi, ikincisi isə perspektivə nəzərən.
Metropoliten səlahiyyətlisi deyir ki, hazırda metroda heç nəyin dəyişmədiyini iddia etmək olmaz. Çünki, Bakı Metropolitenində sərnişinlərin görə bilmədiyi, amma sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasına təsir edən tədbirlər həyata keçirilir. Sadəcə bu yeniliklərin çoxu əyani olaraq görünmür. Məsələn, havasızlıq və sıxlığın qiymətləndirilməsi aparılır.
"Metroda havasızlıq olmasın deyə, ventilyatorların iş qrafiki dəyişib, yeni ventilyatorların alınmasının sürəti artırılıb. Bu il təbii havalandırmanın tənzimlənməsi üçün 6 təbii havalandırma qurğusu alınıb. Bu həmin stansiyalarda hava axınının tənzimlənməsinə səbəb olacaq. Təbii ki, bütün stansiyalarda bunu birdən-birə etmək olmayacaq. Amma bu tədricən mərhələli şəkildə ediləcək" - həmsöhbətimiz deyib.
B.Məmmədov onu da qeyd edib ki, metroda sıxlığın azalması üçün metro stansiyalarının sayı artırılmalıdır:
"Amma burada da ən mühüm məqam xətlərin ayrılması layihəsidir. Yaşıl və qırmızı xətt bir-birindən ayrılmalıdır ki, hər iki xətt üzrə müstəqil hərəkət təşkil olunsun. Əks halda vaqonların sayını nə qədər artırsaq da birbaşa təsiri olmayacaq. Hazırda da metroda vaqon sayı kifayət qədərdir".
Metropoliten sözçüsü bildirib ki, metroda havasızlığın qarşısını almaq üçün yeni nəsil qatarların alınması vacibdir. Bu isə istismar müddətini başa vuran vaqonların əvəzinə alınmalıdır.

"Bağlanmış müqaviləyə əsasən üç il ərizində Bakı Metropoliteninə 65 yeni vaqon gətiriləcək. Onlardan 35-i yaxın bir il ərzində Bakı Metropolitenində xətlərə buraxılacaq. Hal-hazırda 23 yeni qatar varsa, 7 qatar da yaxın bir il ərzində xətlərə buraxılacaq. Bu isə sərnişindaşımada keyfiyyəti artıracaq" - B.Məmmədov vəd edir.
Bunlardan əlavə o, Bakı Metropoliteinində sərnişindaşımanın keyfiyyətinə müsbət təsir edən bir sıra işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, Bakı Metropoliteninə vaqonların təkərlərinin yonulması üçün müasir rəqəmsal texnologiyalara əsaslanan dəzgah alınacaq. Hazırda bunun üçün xüsusi sex inşa olunur:
"Təkərin yolulmasının ilk baxışdan sərnişinə aidiyyatı olmasa da, xətdə olan vaqonların saz vəziyyətdə olması üçün bu xüsusi əhəmiyyət kəsb edir. Təkəryonma dəzgahının quraşdırılması ilə indiyədək bir vaqonun təkərinin yonulması üç günə başa gəlirdisə, bu vaxt bir neçə saata enəcək. Hazırda vaqonun daxil olduğu qatar tərkibi, yəni 5 vaqon nasazlıq olduqda üç gün xətdə işləmir. Bu da yeni avadanlığın alınması ilə aradan qaldırılacaq. Həmçinin sərnişinə bəlli olmayan, vaqonların təmiri prosesinin avtomatlaşdırılması da xidmət keyfiyyətinə müsbət təsir göstərəcək. Vaxt itkisinin qarşısı alınaraq depoya daxil olan qatarın problemləri operativ aradan qaldırılacaq".
Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə ictimai nəqliyyatda gediş haqqı 2 qəpik idi. Bu qiymət 1995-ci ildən 3 qəpik, 1996-cı ildən 5 qəpik olub. İctimai nəqliyyatda uzun müddət qüvvədə olan qiymət məhz 5 qəpik təşkil edib.
Gediş haqqı - 5 qəpikdən 50 qəpiyə
Hökumət 1996-cı ildən 2009-cu ilə qədər ictimai nəqliyyatda qiymətləri dəyişməyib. 1996-cı ildə Azərbaycan iqtisadiyyatı böhrandan çıxdı və uzun müddət ölkədə aşağı inflyasiya müşahidə edilib. İctimai nəqiyyatda gediş haqlarının uzun müddət aşağı olmasına 2009-cu ildə son verilib və qiymətlər 5 qəpikdən 3 dəfə artırılaraq 15 qəpiyə qaldırılıb. Bu qiymət iki il qalıb və 2011-ci ildən 20 qəpik müəyyənləşdirilib.
Əhali ictimai nəqliyyatda iyirmi qəpiklə ödənişi 7 ildən çox həyata keçirib. Bu qiymətə 2018-ci ildə yenidən baxılıb və gedişhaqqı 30 qəpik təyin olunub. Gedişhaqqı bir daha 2023-cü ildə artırılaraq 40 qəpik, 2024-cü ildə isə daha 10 qəpik artırılaraq 50 qəpik müəyyən edilib.
 

Dünyapress TV

Xəbər lenti