Ardını oxu...
İyul ayında dünya ərzaq məhsullarının qiymətləri cüzi azalıb. Çünki taxıl indeksinin azalması ət, bitki yağları və şəkərin qiymətlərindəki artımla qismən kompensasiya edilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən tərtib edilən dünya ərzaq qiymətləri indeksi iyunda yenidən işlənmiş 121-ci səviyyəsindən iyul ayında 120,8-ə düşüb.
İyun ayı ərzaq qiymətləri indeksi daha əvvəl 120,6 olaraq açıqlanmışdı.
Beləliklə, qlobal ərzaq qiymətləri son 5 ayda ilk dəfə ucuzlaşıb.
Ardını oxu...
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı illərdir ki, bir neçə dövlət proqramı icra olunub. Bu günə qədər regionların əsas inkişaf strategiyasında paytaxtla region arasında qeyri-bərabər inkişafın minimuma endirilməsi, əhalinin rayonlardan iri şəhərlərə köçünün - daxili miqrasiyanın azaldılması, regioanlarda yeni iş yerlərinin açılması, peşəkar xidmət sferasının formalaşdırlması istiqamətində işlər görülüb. Torpaq sahiblərinə güzəştli supsidiyalar da verilib.
Ancaq buna baxmayaraq, ildən-ilə kənd təsərürfatında geriləmə müşahidə olunur. İnsanlar torpaqdan uzaqlaşıb yalnız bir istiqamətə - Bakıya axışır. Bölgələrdə iş, biznes qurub az-çox uğur qazanan, dolanışığı yaxşı olan insanlar da Bakıya üz tuturlar. Paytaxtdan mənzil alır, işlərini, biznesini şəhərdə davam etdirməyə maraq göstərir. Nəticədə də bölgələrimiz boşalır.

Göyçay sakini Rəsul Həsənov deyir ki, iki ilə yaxındır paytaxta yaşayır. Göyçaydan Bakıya gəlməsinin səbəbi işsizlikdir:
“Göyçayda şəxsi evim, həyət-bacam var. Amma iş, qazanc olmadığı üçün dolana bilmədim və Bakıya gəldim. Burada taksi fəaliyyəti ilə məşğul oluram. Qardaşım da mənimlə bərabər gəliba. O da işsiz idi. İndi kuryer işləyir. Rayon yerində 400-500 manat qazancla normal dolanmaq olar. Çünki, ev var, kirayə pulu ödəmirsən. Amma bu, yetərli deyil. Digər ehtiyaclarını ödəmək üçün qazanc, pul lazımdır. Əgər rayonda işim, qazancım olsa, burda nə işim var? Xeyli müddət rayonda əkin, bağ-bostan işi ilə məşğul olmuşam. Təsərrüfatımda yetişdirdiyim məhsulları satmaq üçün Bakıya gətirə bilmirdim, yerində də o qədər ucuz qiymətə götürürdülər ki, heç əziyyətinə dəymirdi. Ziyana düşdüm və o işi dayandırdım” .

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu gün ölkə əhalisinin çox hissəsi Bakıda çəmləşib. Çünki iqtisadi fürsətlər, pul qazanmaq imkanları Bakıdadır. Paytaxtda karyera qurmaq imkanları bölgələrə nisbətən daha rahatdır. Ona görə də hamı Bakıya üz tutur:
“Regionların sosial-iqtisadi inkişafı ölkənin mono-iqtisadi sabitliyinin təmin edilməsində, işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amil hesab olunur. Ona görə də regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün əsas məsələ idarəetmə forması ilə bağlı problemlərin aradan qaldırılmasıdır".
Onun sözlərinə görə, yeni idarəetmə formalarının tətbiq edilməsinə ehtiyac var:
"Həm də regionlarda inzibati ərazi vahidləri də dəyişdirilməlidir. Bundan əlavə, sahibkarlar üçün ən effektiv güzəşt mexanizmləri olan kredit siyasəti yumşaldılmalıdır. Sahibkarların bazarda mövqelərinin güclənməsini əngəlləyən əsas nüans kredit faizlərinin yüksək olmasıdır. Bu sahədə müəyyən güzəştlər edilməlidir. Əhalinin rayonlardan iri şəhərlərə köçünün qarşısının alınması üçün regionlarda yeni iş yerlərinin açılması istiqamətində daha mühüm addımlar atılmalıdır. Şəhərləşmə prosesinin davamlı və daha effektli olması üçün başqa regional mərkəzlərin yaradılmasına və inkişaf etdirilməsinə, Gəncə, Şəki, Lənkəran kimi şəhərlərin regional cazibə mərkəzlərinə çevrilməsinə ehtiyac var. Bu baş verərsə, kənd təsərrüfatında olan problemlərin həlli də mümkün olar. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin ən azı yaxın 120 kilometrdə bazarı olmalıdır. Yəni, bu qədər məsafədə bazarı varsa, kənd təsərrüfatı ilə məşğul olmaq ona daha rahatdır və daha ucuz başa gəlir. Azərbaycanda isə vəziyyət elədir ki, hətta Qazaxda yaşayan və kənd təsərrüfatı ilə məşğul olan şəxs də məhsulunu məhz Bakıya gətirməyi düşünür. Bu isə təqribən 500 kilometrdir. Bu problem həllini tapmalıdır, regional cazibə mərkəzləri yaradılsa, yəqin ki, kənd təsərrüfatı ilə məşğul olanların sayı daha çox olar”.
Ekspertin fikrincə, xırda pay torpaqlarını paylamaqdansa, iri fermer təsərrüfatlarının yaranmasına dəstək vermək daha əlverişli olardı:
“Digər bir məsələ ondan ibarətdir ki, bizdə torpaqların özəlləşdirilməsi zamanı çox səhv bir yanaşma tətbiq edilərək, insanlara kiçik pay torpaqları verildi. Əslində kiçik pay torpaqları kənd təsərrüfatından qazanc məqsədilə istifadə üçün yararlı bir model deyil. Çünki, torpaq nə qədər kiçik olarsa, fermerin qazancı bir o qədər az olur və kənd təsərrüfatı ilə məşğul olmaq üçün stimul qalmır. Daha iri fermer təsərrüfatları yaradılmalı idi ki, bu digər sahələrin inkişafına da dəstək olsun. Aqrar-sənaye komplekslərinin yaradılması da gündəmə gələrdi. Təəssüf ki, bu, baş vermədi və kiçik pay torpaqlarına sahib olan fermerlər çox zaman orada çəkdikləri əziyyətin və xərcin qarşılığını görmədikləri üçün həmin torpaqlardan istifadə etmirlər. Ona görə də, torpaqlar və həyətyanı sahələr boş qalır”.
Natiq Cəfərli qeyd edib ki, fermerlərin məhsullarını bazara çıxarmaq üçün də imkanlar yoxdur. Onlara uzaq məsafə qət edərək məhsullarını bazara çıxarmaq sərf eləmir:
"Yol xərcləri artır. Yolda onlar nəqliyyat işçilərinin, icra hakimiyyətinin maneəsi ilə qarşılaşırlar. Kiçik bir fermer təsərrüfatına nəzarət edəcək onlarla dövlət qurumu var. Bu da fermerin işini çətinləşdirir. Gömrükdə yaşanan problemlər fermerlərin məhsullarını xarici bazarlara çıxarmasına da əngəl törədir. Bu problemin bir neçə səbəbi var və kompleks şəkildə həll olunmalıdır. Regionlarda fermerlərin bazara rahat çıxışının təmin edilməsinə dəstək göstərilməsinə böyük ehtiyac var”.

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyir ki, regionların sosial-iqtisadi inkişafını bir neçə istiqamətə bölmək olar. Burada başlıca məsələ paytaxt və regionlar arasında qeyri-bərabər inkişafı aşağı salmaqdır. İkinci məsələ regionlarda yeni iş yerlərinin açılmasını təşkil etmək və buna nail olmaq, digər məsələ isə region əhalisinin paytaxta kütləvi köçünün qarşısını almaq və onların regionlarda işləyib qalmasına marağı artırmaqdır:
“Regionlarda mövcud olan təbii, insan və iqtisadi resuslardan səmərəli istifadə etməklə daxili məhsulu artırmaq lazımdır. Sahibkarlar üçün bu gün müasir iqtisadiyyatda ən effektiv güzəşt mexanizmləri kredit siyasətinin yumşaldılması və şaxələndirilməsidir. Bu gün sahibkarın bazarda mövqeyinin güclənməsini əngəlləyən əsas amil kredit faizlərinin yüksək olmasıdır. Bununla yanaşı, sahibkarlardan böyük girov bazası tələb olunur. Onların da əksəriyyəti girov bazasına malik deyil. Kredit və maliyyə resurslarına çıxışın asanlaşdırılması regional inkişafı təmin edir ki, bu da bütövlükdə ölkənin iqtisadi inkişafına zəmin yaradır. Vergi güzəştləri var, müəyyən ixracyönümlü rüsumlarla da bağlı güzəştlər mövcuddur. Dövlət qurumlarının da sayı kifayət qədər çoxdur. Amma kredit resurslarına çıxış olduqca məhduddır. Bu sahədə islahatlara ehtiyac var”.

İqtisadçı ekspert Rəşad Həsənovun dediyinə görə, iqtisadiyyatın regionlara doğru şaxələndirilməməsi insanların Bakıya üz tutmasına gətirib çıxarır:
“Ölkədə qeyri-neft iqtisadiyyatının zəif inkişafı, zəif şaxələndirilməsi təbii ki, özünü regionlarda daha kəskin şəkildə göstərir. Bu gün kənd təsərrüfatı, xüsusilə də regionun iqtisadiyyatının modelləşdirilməsinə ehtiyac var. Həmçinin hər bir region üçün prioritet, iqtisadi üstünlüyü olan fəaliyyət sahələri üzrə çıxarılmalıdır”.
Sevinc,
BakuPost
 
Ardını oxu...
Elman Rüstəmov təkcə “Premium Bank” vasitəsilə deyil, həm də “Deka-Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 5 mln manat məbləğində pul çıxardıb. Heç bir gəliri olmayan iki şəxsin adına və məlumatsız digər vətəndaşın əmlakını qanunsuz girov qoymaqla. Yəni Mərkəzi Bank bir əmlakı girov götürməklə (???) iki bankın hərəsinə 2,5 mln manat kredit verib, onlar da öz növbəsində iki fiziki şəxsə həmin məbləğləri “istehlak” krediti kimi veriblər. İndi də başda Mərkəzi Bank olmaqla 3 bank həmin əmlaka göz dikib.

Tribunainfo.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov yazıb. O bildirib ki, işə Yasamal rayon məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova baxır:

“Banklardan kredit dosyesini tələb edirəm ki, gətir görək bu krediti necə vermisən, gətirmir, qorxur. Hakimə vəsatət verirəm ki, dosyeni bankdan tələb etsin, təmin etmir. İndi əmlakı ondan xəbərsiz girov qoyulmuş və mənimsənilməsi təhlükəsi olan vətəndaş haqqını necə tələb etsin? Ay bank, qanuni kredit vermisənsə, niyə sənədləri gizlədirsən? Ay hakim, kredit üzrə işə sənədləri görmədən necə baxıb qərar verəcəksən?. Ara yerdə də heç nədən məlumatı olmayan, heç bir sənədə imza atmamış vətəndaşın əmlakı əlindən gedir. Azərbaycana kim pul qoyar belə şeyləri biləndən sonra?”.


Ardını oxu...
Azərbaycanda bir sıra ərzaq məhsullarının qiyməti bahalaşmaqda davam edir. Bunlardan biri də uşaqlar üçün satılar süni qidalardır. Musavat.com müxbirinin apteklərdə və marketlərdə apardığı araşdırmalar göstərir ki, körpələrini ana südü ilə deyil, süni yeməklərlə qidalandıran valideynlər əməlli-başlı əlavə pul xərcləməlidirlər. Araşdırdıq ki, nisbətən aşağı keyfiyyətdə olan süni qidalar 10- 15 manatdan başlayır. Yox əgər uşağınıza keçi südü ilə hazırlanan qidalar, həmçinin tərkibi daha zəngin məhsullar vermək istəyirsinizsə, onda 60- 90-100 manatınızdan keçməlisiniz. Necə deyərlər, yüksək keyfiyyət ucuz başa gəlmir.

Maraqlıdır, bəs müasir xanımlarımız körpələrini ana südü, yoxsa süni qidalarla doyuzdurmağı seçir? Ümumiyyətlə, satışda olan süni yeməklərin artan qiyməti onların ciblərinə uyğun gəlirmi, keyfiyyətindən razıdırlarmı?

Bununla əlaqədar paytaxtda xanımlar arasında sorğu keçirdik. Bəlli oldu ki, əksər azərbaycanlı qadınlar ana südündən istifadəyə üstünlük verirlər. Ancaq qiymətlərin artımı onları da narahat edir.

“Gərək 3000 manat maaş alasan ki, körpəni 6 ay ərzində keyfiyyətli süni qida ilə bəsləyə biləsən. Biz kasıb adamlarıq. O qədər pul hardandır. Həm də süni qidalar ana südünün yerini vermir. Keyfiyyət o deyil. Uşaqlara aid hər şey bahadır. Bezindən tutmuş, geyiminə kimi böyük məbləğdə pul tələb edir. Qidaların belə qiymətdə olması isə heç sərfəli deyil”, -deyə gənc analardan biri bizimlə söhbətində bildirdi.

Tanınmış həkim, , tibb üzrə elmlər doktoru Adil Qeybulla deyir ki, süni qidalar ilə ana südünü müqayisə etmək olmaz. Ana südünün tərkibində antitellər, immunoqlobinlər var. Bu da uşağın immun sisteminə xeyli kömək edir.

“Ana südünü heç nə əvəz edə bilməz. Amma çox təəssüflər olsun ki, müasir analar süni qidalara daha çox üstünlük verirlər.

Müasir dövrdə anaların əksəriyyətinin südü çox az olur. Əlavə olaraq, uşaq qidalarına ehtiyac yaranır. Onlara tələbat artdıqca da qiymətləri qalxır. Bahalıq həmçinin Rusiya-Ukrayna müharibəsinə görə də yaranıb. Avropanın özündə də vəziyyət belədir”.

Professor körpələrə keçi südünün verilməsinin tərəfdarı olmadığını bildirib.

“Ananın südü yoxdursa, uşaq qidasına keçmək olar. Almaniyanın, İngiltərənin, Avropanın aparıcı ölkələrinin istehsalı olan qidalar beynəlxalq standartlarla cavab verir, həm də texniki şərtlərlə düzgün istehsal olunur. Onların tərkibində olan qida əlavələri tam təhlükəsiz inqridientlərdən hazırlanmış olur. Keyfiyyətlərinə zəmanət yetərincədir. Amma bunu üçüncü ölkələr haqqında demək olmaz”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, süni qidaların qiymətində artımının əsas səbəbi onların xaricdən gətirilməsidir.

Sitat: “Xaricdən gətirildiyinə görə, vergi, gömrük rüsumları əlavə olunur. Yaxşı olardı ki, bunun üçün dövlət qurumları müvafiq addımlar atsınlar. Süni qidalar vergi və gömrük rüsumlarından azad olunsun. Uşaqlar üçün süni qidaların hazırlanması o qədər də mürəkkəb texnologiya tələb etmir. Onları Azərbaycanda da isteshal etmək olar. Biznes subyektlərinə bununla bağlı xüsusi kreditlər və təşviq sənədləri verilə bilər. Əks təqdirdə qiymətlərin artımı davam edəcək. Azərbaycanda qiymətlərin bahalaşması zamanı düşünürlər ki, dövlət buna təsir göstərməlidir. Bizdə bazar iqtisadiyyatıdır, sərbəst qanunlardır, bazarlar özü-özünü tənzimləyir. Dövlət yalnız qanunverici rolda çıxış edir. Birbaşa müdaxilə etmək imkanı yoxdur”.
 
Ardını oxu...
Yeni tədris ilinin başlamasına 1 ay yarım qalsa da, özəl məktəblərdə şagird qəbulu prosesi başlayıb. Bəzi valideynlər özəl məktəblərdə təhsil və tədris səviyyəsinin dövlət məktəblərinə nisbətən daha yüksək olduğunu düşünür və buna görə özəl məktəblərə üstünlük verirlər.

Ölkəmizdə kifayət qədər özəl məktəblər var. Bu təhsil müəssisələrində tədris dilinə, məktəbin yerləşdiyi əraziyə, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə qiymətlər dəyişir.

Modern.az özəl məktəblərdəki təhsil haqları ilə maraqlanıb.

Erudit liseyində bütün siniflər üçün illik təhsil haqqı 6000 manatdır. Keçən il bu məktəbdə təhsil haqqı 5000 manat olub.

Avropa Azərbaycan Məktəbində illik təhsil haqqı 10400 – 15500 manat arasında dəyişəcək.

Hədəf liseyinin Bakı filialında illik təhsil haqqı 5000-9000 manat, Abşeron filialında isə 4000-7500 manat arasındadır.

"Sabis Sun" Beynəlxalq Məktəbdə illik təhsil haqqı 11850-15000 manat arasındadır.

Zirvə liseyindən bildirilib ki, yeni tədris ilində illik təhsil haqları 2900-8670 manat arasında dəyişəcək.

Müasir İnnovasiyalar Liseyində isə 5000-8500 manat, illik təhsil haqqı olacaq.

"Landau School"da 3800-12900 manat arasında olan təhsil haqqı ötən il 5800-10000 manat arasında idi.

"ADA School"da da təhsil haqları artırılıb. Bu il təhsil haqqı 8000-11000 manat olacaq. Ötən il bu rəqəm 8000 manat idi.

XXl Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində illik təhsil haqqı 7700 – 14300 manat olacaq.

Bakı Atatürk Liseyinin Nərimanov filialında 4500 manat, 28 May filialında 2500 manat təhsil haqqı nəzərdə tutulub.

Bakı Oxford Məktəbində isə bu il qiymətlər 16800-17500 manat arasında olacaq.

Azərbaycan Beynəlxalq məktəbində 3 yaşlı uşaqlar üçün 11883 manat, 4 yaşlı uşaqlar üçün 18683 manat, 5 yaşdan yuxarı uşaqlar üçün 43673 manat olacaq. (Qiymətlər dollarla nəzərdə tutulub və Azərbaycan manatına dəyişdirilib)

Britaniya məktəbində isə illik təhsil haqqı siniflərə görə 12000-14000 manat arasında olacaq.

Qeyd edək ki, digər özəl məktəblər nəzərdə tutulan müddət ərzində sorğumuza cavab verməyib.
 

“Azərbaycan Beynəlxalq Bankı”nın müştəriləri bankın göstərdiyi xidmətlərdən narazıdır.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı bank müştərisi Heydər Rəsulzadə yazıb.

“Ayın əvvəlinə ABB Yasamal filialıma yaxınlaşıb TAMKART-a olan borcum haqqında narazılığımı dilə gətirdim. Filialın 7-ci masasında əyləşən oğlan dedi ki, bu aylıq 170 Azn borcunuz sistemdə görünür, onu ödəyin. 2 dəfə dəqiqləşdirmək üçün soruşdum ki, 170 mamatı ödəyirəm və bu ayləq borcum bağlanır, hə? Təsdiqlədi ki, bəli.

Bankdan çıxıb 170 manatı ödədim. Bu gün bankdan zəng ediblər ki, 23 manat gecikmədə olam borcunuz var. Vəziyyəti ozah edirəm, amma dəyişən bir şey yoxdur. Adımda artıq gecikmə var. Mənim indi burada günahım nədir axı??”, deyə şikayətçi bildirib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
 
   
Ardını oxu...
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 956:2024 “Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri).

Texniki şərtlər” yeni dövlət standartını qəbul edib. Yeni dövlət standartı ölkə ərazisində quşçuluq sahəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması, məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilib.

Sözügedən dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 24) müzakirəyə çıxarılıb və İnstitut onu qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu, qiymətlərə təsir göstərməyəcək:

“Biz özümüz bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu ilə məsləhətləşmələr, qarşılıqlı müzakirələr aparmışdıq. Yəni bu standartlaşmanın qəbul edilməsi həm də bizim müzakirə apardığımız məsələlərdən biri idi. Bu standartın qəbul edilməsi keyfiyyətin daha da yaxşılaşdırılmasına yönəlib.

Lakin qiymətlərə hər hansısa bir təsiri olmayacaq. İstər bahalşma, istər ucuzlaşma gözlənilmir. Əgər yem qiymətləri dəyişərsə və bahalaşarsa, bu zaman ətin də məhsulu bahalaşacaq. Yəni qiymət dəyişimi yem qiymətinin dəyişimi ilə əlaqədardır. Bu, ətin keyfiyyətinin yaxşılaşdırılması üçün atılmış addımdır, qiymət dəyişimi üçün yox”.
 
 
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 637 milyon manata çatıb. Məlumatlara görə, adı çəkilən qurumun hazırda bir neçə binasının olmasına baxmayaraq, əlavə xərclə dəbdəbəli bina tikintisi və bu istiqamətdə xarici şirkətlərin işə cəlb olunması cəmiyyətdə birmənalı qarşılanmır.
Bir bina üçün bu qədər vəsaitin xərclənməsini necə şərh etmək olar?
Xarici ölkələrdə də dövlət banklarının binalarına yarım milyard manat və ya dollar pul ayrılırmı? Ölkədə ictimai nəqliyyatın, benzinin, internetin, ərzağın qiymətinin kosmik raket kimi qalxdığı bir vaxtda Azərbaycanın Mərkəzi Bankı niyə belə "bədxərclik" etsin?
Ən nəhayət, bu "dəyirman"ın suyu haradandır?
İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

"Bu tikinti məsələsi Elman Rüstəmovun Mərkəzi Banka sədrlik etdiyi dönəmdən başlayıb. Öncəliklə, ilk sual budur ki, Mərkəzi Bank binanı nə edir? Hazırda iki binası var: Rəşid Behbudov küçəsində və Bülbül prospektində. Keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının binası da hal-hazırda onlardadır. İndi bu binaları təhvil verib, bir banaya köçəcək. O boyda binanı axı, nə edir? Bu qədər xərc çəkilməsinə nə ehtiyac var idi? Normal cəmiyyətlərdə belə tikintilər aparıldıqda, cəmiyyətə bu haqda açıqlama verilir və bütün xərclər göstərilir. Niyə bu qədər xərc çıxıb?

Biz hamımız bilirik ki, Azərbaycanda tikinti işləri nə cür aparılır: yeyirlər, dağıdırlar. Belə deyilsə, biz burda heç kəsi ittiham etmirik. Açıqlama versinlər, ora ödənən bütün xərclərin bizə - ictimaiyyətə smetasını versinlər. Görək, ora nə qədər vəsait və nə səbəb gedib? Niyə belədir? Bunu demirlərsə, onda bizdə tam əsaslı şübhə yaranır ki, o pulları dağıdırlar. Bu qədər pul hara gedir? O bina qızıldandır, bəyəm? Aydın məsələdir...

Təəssüf ki, bu məsələlərdə Azərbaycanda heç nə dəyişmir. Dövlət satınalmalarında, tikintidə və sair sahələrdə korrupsiya böyükdür"- deyə, iqtisadçı-hüquqşünas qeyd edib.
Ardını oxu...
Dünya Bankının İcraçı Direktorlar Şurası bu gün hazırda icra olunan Azərbaycanda Məşğulluğa Dəstək Layihəsini (AMDL) genişləndirmək üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib.

Bu barədə Dünya Bankından bildirilib. Qeyd olunub ki, layihənin məqsədi məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təşviq etməkdir.

Son üç il ərzində 5 mindən çoxu qadın olmaqla 15 min benefisiar öz bizneslərinə başlamaq üçün alət dəstləri alıb. Benefisiarların qiymətləndirilməsinə əsasən, AMDL iştirakçılarının 70%-dən çoxu layihə tərəfindən təmin edilmiş aktivləri aldıqdan sonra azı 24 aydır bizneslərini davam etdirir. Bu uğura əsaslanaraq, bu gün təsdiqlənmiş maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirəcək və daha çox insana xidmət etmək və AMDL çərçivəsində biznesin davamlılığını təşviq etmək üçün başqa mexanizmləri hazırlayacaq və sınaqdan keçirəcək.

“Azərbaycan həssas qruplar üçün əmək bazarının nəticələrini yaxşılaşdırmaq üçün səylər göstərir. Bununla belə, bacarıq uyğunsuzluğu, yüksək qeyri-formallıq və qadınlar arasında yüksək işsizlik kimi problemlər hələ də qalmaqdadır”, – Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Şteffi Ştallmeister bildirib. “Bu layihə ölkədə daha inklüziv, özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı təmin etmək üçün bu problemlərin həllinə kömək edir”.

Əlavə maliyyələşdirmə iqtisadi fəaliyyətin şaxələndirilməsini və şoklara qarşı dayanıqlılığı təşviq etmək üçün istehsal və xidmətlər kimi yeni sektorları əhatə etməklə Azərbaycanın Özünüməşğulluq Proqramına dəstəyini davam etdirəcək. Bundan başqa, bu maliyyələşdirmə benefisiarlara öz bizneslərini genişləndirmək üçün nağd vəsaitlərdən istifadə etməyə imkan verən təkmilləşdirilmiş nağd qrantlar mexanizmini sınaqdan keçirməyə kömək edəcək.

AMDL üçün əlavə maliyyələşdirmə həm də Azərbaycan Dövlət Məşğulluq Agentliyinin iş axtaranlar üçün xidmət və proqramlarının çeşidini genişləndirmək imkanı yaradacaq. Bu yeni dəstək vasitəsilə Agentlik iş yerində təlim, əmək haqqı subsidiyaları, şagirdlik proqramı, peşə hazırlığının inkişafı və seçilmiş peşələr üzrə sertifikatlaşdırma xərclərinin kompensasiya edilməsi kimi əlavə aktiv əmək bazarı tədbirlərini həyata keçirəcək. Bu proqramların işaxtaranların, o cümlədən qadınların və digər həssas əhali qruplarının məşğulluğunu stimullaşdıracağı, onların istehsal və xidmət sahələrində işləmək imkanlarını artıracağı gözlənilir.

Layihəni hazırlayan Dünya Bankı komandasının rəhbəri Mirey Ovadiya bildirib ki, “Bu yeni maliyyələşdirmə ilə biz bacarıqların inkişafı və işaxtaranlar və işəgötürənlər üçün stimulların dəstəklənməsi üçün aktiv əmək bazarı tədbirlərinin həyat qabiliyyətini yoxlayacağıq. Bu yanaşma ilə Azərbaycan gələcək üçün daha məhsuldar və davamlı iş yerləri yarada bilər”.

AMDL-in insan kapitalı potensialının artırılması, habelə məşğulluq xidmətlərinin effektivliyinin gücləndirilməsi, bacarıqların inkişaf etdirilməsi və inklüzivlik kimi Azərbaycanın əsas inkişaf prioritetlərinin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir. Bundan əlavə, layihə həm də Dünya Bankı Qrupunun Azərbaycan Hökuməti ilə hazırda müzakirə olunan Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsində (2025-29-cu illər) vurğulanan daha məhsuldar və inklüziv iş yerlərinin təşviqi məqsədinə uyğundur.
 
Ardını oxu...
Dövlət İmtahan Mərkəzi (DİM) dünən satınalma üzrə bağladığı müqaviləyə əsasən 107 min 970 manatlıq plastik qutu alacaq. Bu barədə e-tender.az saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, plastik qutuların alınması üçün satınalma müqaviləsi “GLOBAL DƏFTA OFİSİ” MMMC ilə bağlanılıb.

Maraqlıdır, DİM bu qədər plastik qutunu nə üçün alır? Bu qutuların təyinatı nədir?
 

Dünyapress TV

Xəbər lenti