Ardını oxu...
Son zamanlar devalvasiya mövzusu yenidən aktuallaşıb. Bəzi saytların yazdığına görə, banklar dollar satışını məhdudlaşdırıb. Bu xəbərlər ictimaiyyətdə narahatlığa səbəb olub. Mövzunu şərh edən iqtisadçı Emin Qədirli deyib ki, valyuta ilə bağlı məhdudiyyət yaranmasa, dolların satışı dayandırılmaz.
Onun sözlərinə görə, hazırda dolların satılmaması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: “Hazırda dolların satışında heç bir problem yoxdur. Valyuta mübadiləsi məntəqələrinə baxsaq görərik ki, insanlar orada rahat şəkildə pul dəyişə bilirlər. Dolların satılmaması üçün bir səbəb də yoxdur. Ola bilər ki, müəyyən dairələr qarışıqlıq yaratmaq istəyirlər. Ölkədə keçiriləcək COP29 və digər tədbirləri görüb, bunu həzm edə bilməyənlər var. Ona görə də bu yollara əl atırlar”.

Ölkədə dollara tələbin artmasının bir neçə səbəbi olduğunu vurğulayan iqtisadçı-ekspert Eldəniz Əmirov isə “Sherg.az”a açıqlamasında deyib ki, bu səbəblərdən biri və birincisi, işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləridir:

“Bu proses kifayət qədər idxal həyata keçirilməsinə ehtiyac yaradır. Görülən quruculuq işlərinin böyük əksəriyyəti idxal hesabına həyata keçirilir və bu da dollara tələbat yaradır”.
Azərbaycanda dolların bahalaşması və devalvasiya olması ehtimalına gəldikdə isə ekspert hazırda dollara olan tələbin devalvasiya üçün heç bir zərurət yaratmadığı qənaətindədir: "Neftin qiyməti, ölkənin valyuta ehtiyatları, mövcud makro-iqtisadi vəziyyət imkan verir ki, devalvasiya olmadan 2024-cü ili uğurla başa vuraq. Lakin mütləq heç nə yoxdur. Birmənalı olaraq devalvasiyanın olub-olmaması ilə bağlı proqnoz vermək doğru olmaz. Sadəcə olaraq 2024-cü ilin sonuna qədər dolların bahalaşması ilə bağlı bir gözləntim yoxdur. Qarşıdakı illərdə isə manatın ucuzlaşması qaçılmazdır.
 
Ardını oxu...
Əhali arasında yoxsulluq riskinin ən çox olduğu ölkə Rumıniyadır.

“Global İndex”in araşdırmasına görə, Rumıniya əhalisinin 32%-i yoxsul ola bilər.

TEREF əhali arasında yoxsulluq riskinin ən çox olduğu ölkələri sizə təqdim edir:

Ardını oxu...
Market vitrinlərini bəzəyən, müxtəlif adlar altında satılan, əhalinin çox zaman keyfiyyətindən narazı qaldığı kərə yağları azalmağa başlayıb. Bu gün marketlərdə əvvəlkilər kimi müxtəlif adlar altında satılan çeşid-çeşid kərə yağlarını görmək mümkün deyil. Alıcılar “almaq istədiyimiz yağ bir gün olanda, bir həftə olmur”, - deyir.

Yaxud da elə yağ markaları var ki, artıq marketlərdə onların satışı, ümumiyyətlə, həyata keçirilmir. Yağ qıtlığı sosial şəbəkələrdə müzakirə olunan mövzulardandır. Bir sözlə, indiyə kimi keyfiyyətindən narazı olduğumuz yağlar hazırda ümumiyyətlə yoxa çıxıb.

Mağazalarda yağ çeşidlərinin azalmasının səbəbləri nələrdir?

Mövzu ilə bağlı TNS-ə danışan Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yağlarla bağlı ciddi yoxlamaları olur. Eyni zamanda, sosial şəbəkələrdə mütəxəssislərin təqdim etdiyi yağ testləri əhalinin yağlarla bağlı məlumatlanmasına təkan verir: “Mütəxəssislər təmiz yağları müəyyən etmək üçün testlər təqim edir. İnsanlar həmin testləri aldıqları yağın üzrərində tətbiq etməklə yağın keyfiyyətini müəyyənləşdirə bilirlər. Bu səbəbdən də vətəndaşlardan yağlarla bağlı ciddi narazılıq, şikayət olur. İnsanlar artıq nə yediklərinin fərqinə varır. Nəticədə qurumlar bunları araşdırır. Ona görə də keyfiyyətsiz yağlara təlabatla yanaşı, ölkəyə yağ idxalı xeyli azalıb.

Məsələnin digər bir səbəbi də var. Bu gün gömrükdə ölkəyə gətirilən yağın keyfiyyəti ilə bağlı ciddi tələblər qoyulur. 2024-cü il yanvarın 1-dən etibarən, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, Azərbaycana məhsul ixrac edən şirkət mütləq ölkə daxilində qeydiyyatdan keçməlidir. Bu qeydiyyatın müəyyən tələbləri var. Tələblərə cavab verməyən şirkətlər qeydiyyatdan keçə, Azərbaycana məhsul ixrac edə bilmirlər. Buna görə də yanvar ayından bəri ölkəyə yağ idxalı kəskin azalıb”.

İqtisadçı prosesi müsbət qiymətləndirir və hesab edib ki, marketlərdə keyfiyyətsiz yağların bol olmasındansa, keyfiyyətli yağların məhdud şəkildə olması daha yaxşıdır.

A. Nəsirlinin sözlərinə görə, əhali yağa olan təlabatını ödəmək üçün alternativ yollar tapır: “Rayonlardan küstar üsulla hazırlanmış yağları almaq imkanı olan vətəndaşlar marketlərdən yağ almaqdan imtina edirlər. Bu vəziyyət həm də yerli istehsalı stimullaşdıracaq. İnsanlar küstar üsulla hazırlanmış yağ axtaracaq. Fermerlər bu təlabatı görüb təsərrüfatlarını genişləndirəcəklər. Biz artıq yerli fermerlərə investisiya qoymağa başlayacağıq. Elə insanlar var ki, illərdir, marketdən yağ alımır. Yerli fermerlərə sifariş edirlər və daha təmiz, ucuz kərə yağı alırlar. Şəxsən mən sonuncu dəfə Beyləqanın kəndlərindən birindən kərə yağının bir kilosunu 15 manata almışam. Bu gün Bakıda oturub rayondan yağ alan yüzlərlə insan var”.

İqtisadçı onu da vurğulayıb ki, yağ bazarında olan boşluğu aradan qaldırmaq üçün bir sıra addımlar atıla bilər: “AQTA-nın tələblərinə uyğun gələn digər şirkətlər idxalı bərpa edə bilər. Belə ki, yağ ixrac edəcək şirkətlər ölkəmizdə qeydiyyatdan keçməli, onların məhsulları tələblərə cavab verməlidir.

Digər tərəfdən, rayonlarda küstar üsullarla hazırlanan yağların bazara, mağazalara çıxa bilməsi üçün təşəbbüs göstərilməlidir ki, onlar da öz istehsalını genişləndirə bilsinlər”.
 
Ardını oxu...
Türk lirəsi ABŞ dolları qarşısında rekord dərəcədə ucuzlaşaraq 34.0075 lirə səviyyəsinə enib.

Bu, Türkiyə valyutası üçün rekord göstəricidir.

Qeyd edilib ki, tarixdə ilk dəfə bir ABŞ dolları üçün məzənnə 34 Türkiyə lirəsindən aşağıdır.
 
Ardını oxu...
Hava şəraitinin məhsuldarlığa mənfi təsir etdiyi qeyd edilir.
UNİAN xəbər verir ki, Ukraynada dietoloqlar tərəfindən tövsiyə edilən qarabaşaq yarmasının qiymətində əhəmiyyətli artım gözlənilir.

Bu il əkin sahələri azaldılıb, hava şəraiti də məhsuldarlığa öz töhfəsini verib.

“2023-cü ilin əvvəlində bu məhsulun yüksək qiymətləri fermerləri 124 min hektarda qarabaşaq əkməyə ruhlandırdı, lakin bu il əkin üçün cəmi 100 min hektar ayrıldı”, – Vinnitsa Aqrar Sənayenin İnkişafı Departamentinin direktoru Oleq Sidorov bildirib.

Eyni zamanda, iyul ayında qarabaşaq yarmasının məhsuldarlığının azalmasına səbəb olan uzun sürən quraqlığı xatırladıb. Onun sözlərinə görə, bütün bu amillər qarabaşaq yarmasının bahalaşmasına səbəb olur.

“Əgər əkinlərdə azalma tendensiyası gələn il də davam edərsə, o zaman qiymətlər 2022-ci ilin sonu – 2023-cü ilin əvvəlində olduğu kimi yenidən üçrəqəmli rəqəmlərə qayıda bilər”, – deyə rəsmi yekunlaşdırıb.

Ukrayna supermarketlərində qarabaşaq yarmasının qiyməti nə qədərdir?
ATB-də ən ucuz qarabaşaq yarmasının kiloqramı endirimlə 25,90 qrivnaya, endirimsiz isə 2 qrivna bahadır – 27,90.
 
 
 

Ardını oxu...
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir.

31 iyul 2024-cü il tarixinə cəmi öhdəliklərin 80.2%-i və ya 34 milyard 381.3 milyon manat təşkil edir.

“Cebheinfo.az” Mərkəzi Banka istinadən xəbər verir ki, depozit portfelinin 60.3%-i (20 milyard 720.3 milyon manat) hüquqi şəxslərin, 39.7%-i (13 milyard 661 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayı ərzində 4.1% və ya 317 milyon manat artaraq ilk dəfə 8 milyard manatlıq həddi keçir.

İqtisadçı ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, bu istiqamətdə ciddi irəliləyiş yoxdur:

“Hər zaman bankların kredit partfelinin 70-80 faizi vətəndaşların banklara yatırdığı əmanətlərin hesabına formalaşıb. Ona görə də Azərbaycanda kreditlərin faizi yüksəkdir. 80 faizdən çox verilən kredit var ki, həmin kreditlərin baza faiz dərəcəsi 9-10 faizdir. Bank bunu qəbul edib ki, 9-10 faiz arası vətəndaşa depozit hesabına ödəniş etsin.

Bankın kredit vermək üçün ümumi xərclərini nəzərə alsaq, vətəndaşdan alınan depozitin bir neçə faizini təşkil etmir. Yəni kredit vermək üçün müəyyən xərclər var ki, o da maksimum 6 faizlə başa gəlir. Amma fiziki şəxslərə verilən kredit 15 faizdən başlayaraq 24 faizə qədər yüksəlir. Bu rəqəm depozitlə müqaysədə olduqca yüksəkdir”.

Ekspert bildirib ki, vətəndaşlardan alınan əmanətlərin faizi yüksəldilməyib:

“Əhalinin banklara güvəni elə də yüksək deyil. Belə ki, bankların reytinqinə baxsaq görərik ki, çox aşağıdır. Vətəndaşlarda banklara qarşı inamsızlıq var. Açıqlanan statistik rəqəmləri yenidən araşdırmaq lazımdır. Əğər açıqlanan rəqəmlər doğrudursa, vətəndaşların başqa seçimi olmadığını söyləmək olar”.

Onun fikrincə, ölkəmizdə depozitə pul yatırmaq səmərəli deyil:

“Bankların əmənətçilərə ödədikləri rəqəm çox kiçikdir. Bəzən 1-2 faiz artır, azalır, sabitlik nisbətən qorunur. Lakin əsas məsələ odur ki, bu gün kommersiya bankları verdikləri kreditləri əmanətlər hesabına verdiyindən, kredit paketinin baza faizi 9-10 faizə qalxır. Bu baxımdan da Azərbaycanda depozitə pul qoymaq səmərəsiz sayılır. Bizdə əmanətlər hələ də cəlbedici deyil. Təsəvvür edin ki, banka 1000 min manat pul yatırır, ilin sonunda 50-100 manat arası ödəniş əldə edirsiniz. Başqa seçim də olmadığından, vətəndaşlar təhlükəsizlik baxımından əmənətlərini banklarda saxlamalı olurlar”.
 
Ardını oxu...
Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər (Vergi Məcəlləsinin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Qanunvericiliyin bu tələbini “vergiler.az”a vergi eksperti İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 158.1-ci maddəsinin tələbinə əsasən, vergi ödəyicisi ƏDV qeydiyyatından çıxa bilər, amma burada müəyyən hallar və məhdudiyyətlər var. İlk növbədə, ƏDV qeydiyyatından çıxmaq üçün vergi ödəyicisi vergiyə cəlb olunan əməliyyatlarını dayandırmalıdır. Yəni, vergi ödəyicisi ƏDV ödəyicisi kimi uçota alınıbsa, deməli fəaliyyəti nəticəsində yaranan dövriyyələr də ƏDV-yə cəlb olunacaq. Əgər o, fəaliyyətini müvəqqəti dayandırırsa, artıq bu, fəaliyyəti tam dayandırmaq sayılmır və qeydiyyatın ləğv olunması bu hala şamil olunmur. Deməli, vergi ödəyicisi fəaliyyətini tam dayandırmalıdır ki, vergiyə cəlb olunan əməliyyatları da dayandırsın. Odur ki, ƏDV ödəyicisi vergi ödəyicisi kimi ləğv olunan zaman əməliyyatlar dayandırılmış sayılır və bu zaman qeydiyyatdan çıxmaq üçün ərizə təqdim olunmalıdır.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Misal 1: Müəssisə qərara alıb ki, 01 iyul 2012-ci ildən fəaliyyətini 4 il müddətinə dayandırsın və bununla bağlı vergi orqanına ərizə təqdim edib. Həmçinin, ƏDV ödəyicisi kimi qeydiyyatın ləğvi ilə bağlı ərizə də təqdim edib. Vergi orqanı ərizəni qəbul etməyib. Faktiki olaraq müəssisədə əməliyyatlar dayanıb. Əvvəla, fəaliyyətin dayandırılması müvəqqətidir. İkincisi, vergi orqanı dəqiq bilmir ki, ərizə yazıb fəaliyyətini müvəqqəti dayandırdığını bəyan edən firmanın faktiki fəaliyyəti varmı? Ona görə də bu, qeydiyyatın ləğv olunması üçün əməliyyatların dayandırılması sayılmır. Bu halda firma fəaliyyətinin dayandırılması üçün ərizəni təqdim etməsinə baxmayaraq, ƏDV ödəyicisi kimi uçotda qalacaq.

Misal 2: MMC-nin təsisçiləri 01 avqust 2017-ci ildən müəsssisənin ləğv olunması ilə bağlı qərar qəbul edib, müvafıq sənədləşmələr həyata keçirib və qəzetdə elan verib. Vergi orqanlarının qeydiyyat idarəsində MMC ləğv prosesi aparılan müəssisə kimi qeydiyyata alınaraq bildiriş təqdim olunub. Bu zaman artıq MMC 158.1-ci maddəni əsas götürərək ƏDV qeydiyyatının ləğv olunması barədə ərizə təqdim etməlidir. Ərizədə ləğv tarixi 01 avqust 2017-ci il göstərilməlidir.

Ətraflı
Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən ƏDV qeydiyyatı o halda ləğv edilə bilər ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmasın. Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan az olduğu halda vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. Bu halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) göndərməlidir.

Misal 3: 2022-ci ilin mart ayında vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata alınıb. Həmin ilin may ayından 2023-cü ilin may ayınadək onun vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 90.000 manat təşkil edib. 2023-cü ilin may ayının 15-də həmin vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyatının ləğv edilməsinə dair ərizə ilə vergi orqanına müraciət edib. Onun ƏDV məqsədləri üçün qeydiyyatının ləğv olunması elə həmin gündən qüvvəyə minir.

Qeyd edək ki, şərti misalda göstərdiyimiz hal Vergi Məcəlləsinin 158.1-ci maddəsində göstərilən hallara şamil edilmir. Məsələn, ƏDV məqsədləri üçün son qeydiyyatı 01 sentyabr 2022-ci il tarixində qüvvəyə minmiş müəssisə 01 may 2023-cü il tarixindən etibarən ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı tam dayandırırsa (məsələn, hüquqi şəxs olaraq ləğv olunursa), bu halda vergi ödəyicisi qeyd olunan bir il müddəti gözləmədən ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün (bizim misalda 01 may 2023-cü il) qüvvəyə minir.

Vergi Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV-nin ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.
 
Ardını oxu...
Rusiyanın bir sıra sənaye sahələrinin - avtomobil, tikinti və məişət texnikası istehsalçılarının nümayəndələri məhsul istehsalında geniş istifadə olunan xammal çatışmazlığı probleminin həll edilməsi xahişi ilə ölkənin sənaye naziri Anton Əlixanova müraciət ediblər.

Musavat.com xəbər verir ki, 20-dən çox şirkətin (TechnoNIKOL, Beko, Veratek, RusTA, Veraxim və s.) imzaladığı məktuba dair məlumatı RBC yayıb.

Bildirilir ki, söhbət daxili bazarda artan qıtlığı müşahidə olunan polimetilen fenil izosiyanatlardan (MDI; məsələn, poliuretan köpüklərinin, mastiklərin, özünü bərpa edən döşəmələrin, boruların, soyuducuların və avtomobil hissələrinin istehsalında istifadə olunur) gedir. Onların əldə olunması bu il iyunun sonunda Avropa İttifaqının 14-cü sanksiyalar paketinin tətbiqindən sonra mümkünsüz hala gəlib. Məktubda deyilir ki, hazırda Rusiyada MDI sənaye həcmində istehsal olunmur.

Avropadan, ABŞ-dan və Yaponiyadan məhsulların əsas tədarükçüləri (bu idxalın ümumi daxili istehlakda payı, hətta Ukraynada müharibə başladıqdan sonra da orta hesabla 60 faizdən çox olub) daşımaları dayandırıblar, Çin tədarükçüləri isə yerli tələbatı ödəyə bilmir, həmçinin təklifin həcmini azaldır, bəzən bank ödənişlərinin aparılması ilə bağlı problemlər səbəbindən onları tamamilə dayandırırlar.

Müraciət müəllifləri qeyd edirlər ki, bu yaxınlarda Çinin ən böyük tədarükçüsü "Wanhua Chemical Group" Rusiya və Belarusa xammal tədarükü üçün sifarişlərin qəbulunu tamamilə dayandırdığını elan edib.

Bu qərar sənaye üçün şok olub, çünki bazar iştirakçılarının məhdud ehtiyatı və MDI-nin məhdud saxlama müddəti nəzərə alınmaqla, növbəti bir neçə ay ərzində bu vəziyyətin davam etməsi mövcud istehsal müəssisələrinin bağlanması və iflas riski ilə nəticələnəcək.

Bundan əlavə, Səudiyyə Ərəbistanından olan tədarükçülər (nümunə kimi "Sadara Chemical" şirkəti göstərilir) Rusiyaya xammal tədarükünün mümkünlüyünü hələ təsdiq etməyiblər.
 
Ardını oxu...
Reuters xəbər verir ki,Çin neft emalı zavodları yanacaq istehsalından daha az mənfəət əldə etdiyinə görə daha az satın aldı.
Rusiya xam nefti keçən ay Hindistanın ümumi idxalının 44 faizini təşkil edərək rekord həddə çatıb. Bu iyun ayı ilə müqayisədə 4,2%, 1 il əvvəllə müqayisədə 12% çox deməkdir. Söhbət təxminən gündəlik 2,07 milyon barreldən gedir. Bu, Rusiyadan iyulda gündəlik 1,76 milyon barel neft idxal edən Çindən daha artıqdır.
 

Ardını oxu...
25 sentyabr 2024-cü il tarixində “Bakı Yod” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Dia-az.İnfo Şirkətin bildirişinə istinadən xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Bakı Yod” ASC-nin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatın və son ləğv balansının təsdiq edilməsi;

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər;

İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10, “Bakı Kondisioneri” ASC-nin inzibati binası

Həmçinin 24 sentyabr 2024-cü il tarixində də “Azərelektroişıq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcək.

İclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Azərelektroişıq” ASC-nin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatın və son ləğv balansının təsdiq edilməsi;

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər;

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10, “Bakı Kondisioneri” ASC-nin inzibati binası.

Dünyapress TV

Xəbər lenti