Ardını oxu...
İyulda Niderlandda (Hollandiya) qazın qiyməti orta Avropa qiymətindən iki dəfə çox olub və hər kubmetr üçün 2,76 avro təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Enerji statistikasını dərc edən energievergelijk.nl saytı məlumat yayıb.

Bildirilib ki, iyun ayı ilə müqayisədə 22% çoxdur.

Qazın qiyməti üzrə əvvəlki rekord sahibi İsveç olub, onun vətəndaşları qazın hər kubmetrinə 2,31 avro ödəyiblər.

Niderlandın iqtisadiyyatı qazdan çox asılıdır, ona görə də ölkədə qazın qiymətinin artması dərhal bütün qiymət etiketlərində əks olunur. Belə ki, iyul ayında Niderland mağazalarında ərzaq qiymətləri 18,5% artıb.

Qaz qıtlığı və yanacağın həddən artıq baha olması səbəbindən Niderland sakinləri odun yığmağa, kamin və soba quraşdırmağa başlayırlar .

Avropada enerji böhranı anti-Rusiya sanksiyaları ilə bağlı Rusiyadan qaz tədarükünün azalması səbəbindən yaranıb. Bu məhdudiyyətlər Avropaya Rusiyadan qat-qat çox ziyan vurur: regionun iqtisadiyyatı inflyasiyada görünməmiş artım, qaz və elektrik enerjisinin bahalaşması ilə üzləşir.
 
Ardını oxu...
Yunanıstan avqustun 20-də Avropa Birliyinin xarici maliyyə nəzarəti mexanizmindən çıxacaq.

Bu barədə Yunanıstanın maliyyə naziri Xristos Saykuras məlumat verib.

“12 ildən sonra... ölkəmiz üçün çətin fəsil başa çatmaq üzrədir. Yunanıstan Avropa standartlarına qayıdır, o, artıq avrozonada istisna olmayacaq”, - deyə nazir bildirib.

Yunanıstana xarici maliyyə nəzarəti mexanizmi 2010-cu ildə kəskin maliyyə böhranı səbəbilə tətbiq edilib.

Avropa İttifaqının nəzarətindən çıxmaq Afina tərəfindən vəd edilmiş siyasi öhdəliklərin və islahatların əksəriyyətinin həyata keçirilməsindən sonra mümkün olub. Bu qərar Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis və iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni tərəfindən məktubla təsdiqlənib.

Yunanıstanın maliyyə nazirinin sözlərinə görə, bu tədbir ölkəyə iqtisadi siyasətin həyata keçirilməsində daha çox sərbəstlik verəcək. Həmçinin ölkəni investisiya dərəcəli statusa yaxınlaşdıracaq.
 
Ardını oxu...
Ukraynanın xarici kreditorları ölkədə defoltun qarşısını almaq üçün 20 milyard dollarlıq xarici borcun ödənişini təxirə salıblar.

Bu barədə Publika.az "Reuters"ə istinadla xəbər verir.

Məlumata görə, xarici kreditorlar Ukraynanın tələbinə cavab verib və iki il müddətinə təxminən 20 milyard dollarlıq beynəlxalq istiqrazlar üzrə ödənişləri dondurublar.

Atəşkəs əlaməti olmadan, fevralın 24-dən - Rusiya işğalının başlamasından təxminən altı ay sonra, istiqraz sahibləri Ukraynanın 13 suveren istiqrazı üzrə faiz və kapital ödənişlərini təxirə salmağa razılaşıblar.

Xatırladaq ki, daha əvvəl hökumət xarici borcların ödənilməsinin iki il gecikdirilməsi ilə bağlı qərar qəbul edib.

Bəzi Qərb hökumətləri də istiqraz sahiblərindən Kiyevin borc ödənişlərinin iki il müddətinə təxirə salınması tələbi ilə razılaşmağı xahiş ediblər.
 
 
 

Ardını oxu...
Azərbaycanda unun qiymətinin bahalaşması haqqında xəbərlər yayılır. Qərb bölgəsində çörək istehsalçılarından biri Pressklub.az-ın əməkdaşına bildirib ki, bəzi günlərdə qıtlıq və bahalıq problemi yaşayıblar, amma hazırda unu köhnə qiymətlə (38.5 manat) alırlar.

Bəzi KİV-lərdə və telekanallarda da payız aylarında unun qiymətinin bahalaşacağı haqqında reportajlar verilir, səbəb kimi dünya bazarında bu strateji məhsulun əvvəlki illərlə müqayisədə kifayət qədər artdığı göstərilir.

Bu cür xəbərlə nə qədər əsaslıdır, real vəziyyət necədir, Azərbaycan istehlakçıları üzümüzə gələn aylarda çörəyin və un məhsullarının növbəti dəfə artacağı ilə üzləşə bilərlərmi?

İqtisadçı Elbrus Cəfərli Pressklub.az-a şərhində mediada bu cür informasiyaların yayılmasından təəssüf edir, əlavə edir ki, belə kampaniyaların real iqtisadi şəraitlə əlaqəsi yoxdur:

“Ortaya muzdlu iqtisadçı-ekspertlər çıxarıblar, arqument kimi də Ukraynadakı vəziyyəti göstərirlər. “Ukrayna taxılı dənizlə çıxara bilmədiyindən quru yol ilə daşıyır, bu isə əlavə xərclər yaradır” və s.

Birincisi, Ukraynanın taxılını Türkiyə daşıyır, özü də quru yol ilə yox, dəniz yolu ilə;

İkincisi, Türkiyə Ukraynadan taxılı dünya bazar qiymətlərindən aşağı qiymətə almaq barədə razılaşma imzalayıb;

Üçüncüsü, Azərbaycan Ukraynadan, ümumiyyətlə, buğda almır;

Dördüncüsü, cari ildə ölkə üzrə 3 milyon tondan artıq taxıl yığılıb, kifayət qədər un ehtiyatları var”.

E.Cəfərli xatırladır ki, 2 ay əvvəl 2022-ci ilin dövlət büdcəsi dəyişdi və ərzaq təhlükəsizliyi üçün əlavə 193 milyon manat ayrılıb. Onun sözlərinə görə, həmin vəsait məhz elə çörəyin bahalaşmasının qarşısını almaq məqsədilə “əlavə xərclər” üçün nəzərdə tutulmalıdır. Çünki ərzaq deyəndə, ilk növbədə, çörəkdən söhbət gedir.

Ekspert vurğulayır ki, 1 ay əvvəl “idxal inflyasiyasının” xaç atası sayılan Gömrük Komitəsinin rəhbərliyi də dəyişib, bu hesabla, indi idxal mallarının, yəni unun bahalaşması üçün süni əsaslar olmamalıdır.

“Dövlətin aidiyyatı rəsmi qurumları niyə susurlar? Kim haqq verib ki, televiziyalar rəsmi izahat olmadan belə sabotajla məşğul olsun”, – iqtisadçı sual edir.

İqtisadçı Elədniz Əmirov isə məsələyə, dünya və Azərbaycan olmaqla, iki istiqamətdən baxmağı təklif edir:

“Rusiya müharibəyə başlayan kimi BMT həyəcan təbili çalırdı ki, hamı acından qırılacaq, dünya batacaq. Daha dəqiqi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO dünya ərzaq ehtiyatları barədə elə proqnozlar verirdi ki, adam dəhşətə gəlirdi. Bu, ciddi yanlışlıq idi. İqtisadiyyat qorxulu proqnozları sevmir. İqtisadi sistem immun sistemi kimidir. Qorxu bu sistemi dağıdır. Tələbi kəskin artırır və nəticədə qiymətlər daha çox qalxır. Qiymət qalxdıqca qorxu daha güclənir. Beləcə, qiymət qorxunu, qorxu da qiyməti yüksəldir. Bunun nəticəsi olaraq, əvvəl Rusiya taxıl satmaycağını, Qazaxıstan az-az satacağını bəyan etdi. Daha sonra taxıl nəhənglərindən olan Hindistan bildirdi ki, o da taxılını hələ ki satmır. Çin isə “mən 1 milyard acı necə doyduracam” deyib, ən baha qiymətdən kim satdısa, taxıl almağa başladı. Beləcə, bazarlarda ciddi təklif artıqlığı yaratdılar və qiymət yüksəldi. Amma sonra dünya gördü ki, BMT daha çox hay-küyçüdür, bir az sakitləşdilər”.

İqtisadçı daha sonra rəqəmlər təqdim edir: “BMT-nin hay-küyü ilə 1 ton ərzaq buğdasının qiyməti 1 mayda artıq 403 dollara qalxmışdı. Amma sonra hər ay qiymətlər endi – iyunda 380 dollar, iyulda 334 dollar və 1 avqustda 328 dollara düşdü. Bu, yuxarıda dediyimin statistik təsdiqidir.

İndi BMT-nın FAO-su özü elan edir ki, iyul ayında ərzaq qiymətləri indeksi 8,6% azalıb. Belə ki, iyunda 154,3 olan göstərici iyulda 140,9-a enib”.

E.Əmirovun sözlərinə görə, daha 2 hadisə böhranı yumşaldan amil kimi çıxış edir: “Ukrayna taxılının qardaş Türkiyə sayəsində ixraca istiqamətlənməsi və ABŞ Maliyyə Nazirliyinin Rusiyaya tətbiq edilən sanksiyaların yumşaldıldığını açıqlaması – Rusiyadan gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulmuş sanksiyaların aradan qaldırılması dünyanı böhran mövzusunda nisbi rahatladan faktorlar olacaq”.

Daha sonra Azərbaycandakı real vəziyyətə diqqət çəkən iqtisadçı bildirir ki, ölkənin taxıl ehtiyacı 3.6 mln. ton, ümumi idxal asılılığı 40-42%-dir. Amma ərzaq buğdasının 75%-i idxaldan asılıdır:

“Ötən il 572 min hektardan 1,887 mln. ton buğda istehsal etmişik. Arpa isə 374 min ha-dan 1,147 mln. ton yığılıb. Göründüyü kimi, ümumi 1 milyon hektara çatmır. Amma bu il 1 mln. 9 min hektar əkilib və təxminən 6:4 nisbətində buğda və arpa əkilib.

İşğaldan azad edilmiş ərazilərimizdə 50 min hektar taxıl əkilib. Minalardan tam təmizlənmə aparılarsa, bu potensial 200 min hektara bərabərdir”.

Ekspert daha sonra hökumətin çörəyin qiymətinin artmaması, buğdanın qiymətlərini nəzarətdə saxlaması üçün atdığı addımlara diqqət çəkir:

“Əkilmiş hər hektar taxıl əkin sahəsi üçün fermerlərə subsidiya verilir. Bu il bu subsidiya məbləği artırılaraq, hər hektara 210 manat müəyyən edilib. 2023-ci ildən başlayaraq, yeni subsidiya növü müəyyən edilib. Bu, məhsul subsidiyasıdır. Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulurdusa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq. Bu məsələ ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Prezidentin qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tələblərlə müəyyən edilib.

Amma bu, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya aid edilir. Gələn ildən başlayacaq bu məhsul subsidiyasının 5 il verilməsi nəzərdə tutulur”.

Eldəniz Əmirov Dövlət Ehtiyatlar Agentliyinin hər il qiymət artımlarına uyğun olaraq, fermerlərdən aldığı buğdanın qiymətini qaldırdığını xatırladır: “2019-cu ildə 300 manata, 2020-ci ildə 380 manata, 2021-ci ildə 500 manata alırdısa, bu il bir ton buğda üçün fermerlərə 580 manat ödəyəcəyi bildirilib. Bu da ötən illə müqayisədə 16% artım deməkdir. Beləliklə, Azərbaycanda son istehlak məhsulu olan çörəyin qiymətinin qalxmaması üçün bir sıra tədbirlər görülüb və görülməkdədir. Yuxarıda qeyd etdiyim mövcud duruma və gözləntilərə əsasən, qarşıdakı aylarda çörəyin qiymətinin qalxması ilə yayılan xəbərləri ciddi hesab etmirəm. Amma onu da mütləq qeyd etmək lazımdır ki, bu tədbirlər daim dəyişən və vaxtaşırı yeni təhdidlər doğan dünyada tam təhlükəsizliyə nail olmaq üçün yetərli deyil. Yəni, gələcəkdə daha sərt təhdidlərdən ölkənin ərzaq təhkükəsizliyini sığortalamaq gücündə deyil. Buna görə də ölkə başçısı da vaxtaşırı bu məsələdə hələ görülməli işlərin çox olduğunu, ən əsas da idxaldan asılılığın ciddi azaldılmalı olduğunu vurğulayır”.
 //pressklub.az//
Ardını oxu...
İstanbuldakı koordinasiya mərkəzi Ukraynanın Çernomorsk limanından 2 gəminin avqustun 9-da çıxmasına icazə verib.

Lent.az-ın xəbərinə görə, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2 gəmi humanitar dəhlizlə 70 000 ton ərzaq daşıyacaq. Gəmilərin biri Cənubi Koreyaya 64 000 ton qarğıdalı aparacaq. Digər gəmi isə 5 300 ton günəbaxan yağı ilə İstanbula yola düşəcək.
 
Ardını oxu...
“Azərbaycanda artıq uzun müddədir ki, ölkəyə daxil olan valyuta ölkədən xaric olan valyutanın həcmindən xeyli dərəcədə çoxdur. Bu, həm xarici ticarətdə, həm də bütövlükdə cari əməliyyatlarda belədir”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib. ​
Ekspert bildirib ki, Azərbaycana valyutanın daxil olması xarici ticarət və neftlə bağlıdır: "Bu göstəricilər üzrə artan valyuta daxilolmalarının şahidi oluruq. Təbii ki, bu da milli valyutamızın möhkəmliyinə şərait yaradır. Azərbaycanda valyuta məzənnələrinə dövlət nəzarət edir. Ona görə də son nəticədə qərar aidiyyatı dövlət qurumlarının yanaşmasından asılı olacaq. Hazırda milli valyutamızın dəyərdən düşməsinə heç bir iqtisadi əsas yoxdur. Ölkədə devalvasiyanın baş verməsi üçün heç bir fundamental səbəb görmürəm”.

İqtisadçı əlavə edib ki, ölkədə devalvasiyanın baş verməsi ciddi iqtisadi problemlərə səbəb ola bilər: “Ona görə də düşünürəm ki, bu, baş verməməlidir. Azərbaycanın daxili bazarının, investisiya mühitinin qorunması nöqteyi-nəzərdən devalvasiya arzuolunan deyil”.
 

Ardını oxu...
Vahid Məhərrəmli: “Kənd Təsərrüfatı Nazirliyinin rəhbər vəzifələrində demək olar bir nəfər də peşəkar aqronom yoxdur. Nazirliyin gətirdikləri kadrların da sahə üzrə peşəkarlığı yoxdur”

Dünəndən başlayaraq sentyabrda Azərbaycanda taxıl və unun bahalaşacağı ilə bağlı məlumatlar yayılır. Bu məlumatların ekspertlərin iqtisadi analizləri nəticəsində olması isə problemin heç də dedi0qodu səviyyəsində olmadığını göstərir. Ekspertlərin fikrincə yerli istehsal tələbatı tam təmin etmədiyindən gələcək aylar üçün qiymət fərqi gözəçarpan olacaq

Bilirik ki, müharibə və geosiyasi qarşıdurmalar ucbatından dünyada ərzaq qıtlığı qlobal problemə çevrilməkdədir. Azərbaycan isə böyük ölçüdə ərzaq məhsullarının idxalından asılıdır. Ərzaq idxalında idxaldan asılığın ortadan qaldırılmasıi üçün Azərbaycanın daxili imkanları hansı səviyyədədir və bu problemin həlli üçün hansı problemlər var? Eyni zamanda KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Mövzunu PİA.az-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli ilə müzakirə edib.

Artıq qida təhlükəsizliyimizin çoxdan idxaldan asılı vəziyyətdə düşdüyünü vurğulayan ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu aslılıq azalmır, əksinə, get-gedə böyüyür. Statistikaya görə isə bu ilin ilk 6 ayının keçən illə müqayisəsində ölkəyə 140 milyon dollar dəyərindən çox ərzaq məhsullarının idxal olunub. Bu isə özü-özlüyündə aslılığın ardığının göstəricisidir:

“Azərbaycanın ərzaq məhsullarına olan tələbatını ödəmək üçün bütün resursları var. Belə ki, Azərbaycanın torpaq, su, əmək, maliyyə resursları var, kifayət qədər də texnika alınıb. Məhsulu yarımfabrikat və fabrikat hala keçirmək üçün də aqrar sənayemizin müəyyən potensialı var, amma bu potensialda artırılmalıdır.

Maliyyə resurslarının kifayət qədər olması, ona əsas verir ki, biz ən keyfiyyətli istehsal vasitələrini ya daxildə istehsal edə, ya da xaricdən idxal edə bilərik. Yəni ərzaq məhsullarının istehsalı üçün nə lazımdırsa, Azərbaycanda hamısı var. Hətta biz mineral gübrə də istehsal edirik və bu sahədə istehsalı genişləndirə də bilirik.

Amma Azərbaycanda elmi potensial, kadr hazırlığı, o sahə üzrə ixtisaslaşmış institutlar yoxdur. Bu sahədə olan resurslarımız isə ya doğru istifadə olunmur, ya da başlı-başına buraxılıb. Yəni problemlər birbaşa idarəetmədən - Kənd Təsərrüfatı Nazirliyinin yarıtmaz fəaliyyətindən qaynaqlanır.

Bir sıra problemlər var ki, o problemlər ortadan qaldırılsa, kənd təsərrüfatı və aqrar sahədə inkişaf gözləgörüləsi səviyyədə olar. Bu işlərin həlli isə hökumətin peşəkarlığından, daha doğrusu KTN-nin problemə yanaşmasından və bu sahələri dirçəltməyə olan marağından asılıdır. Bir misal deyim. Bu il Şəkinin Qoxmuq kəndində 60-a yaxın təsərrüfatda taxıl, tütün və tərəvəz sahələri susuz qaldı. Səbəb bilirsinizmi nədir? Gülməli olsa da, həm də ağlamalıdır. Deməli, iki il əvvəl Qoxmuq-Babaratma yoluna asfalt çəkilişi zamanı kəndə su ötürən boru çıxarılıb və inşaat işləri aparılan zaman yerinə qoyulmayıb. Təsəvvür edin, 2 il kənd əhalisi əkinlə məşğul olsa da, əkinləri susuzluqdan məhv olub və həmin vaxtlarda su yolun digər hisəsi ilə boş-boşuna axıb gedib və nəticədə əkin sahələri 2 ildir ki, suvarılmır.

Bunlar təbii ki, əsas və qlobal problem deyil. Amma bu istər KTN-nin, istər “Melorasiya və Su Təsərrüfatı” ASC-nin, icra hakimiyyətlərinin problemə necə yanaşdıqlarını ortaya qoyur. Əslində burda heç bir yanaşma da yoxdur. Bu sadəcə onu göstərir ki, yerlərdə kəndli və fermerlərin problemlərini bu qurumlar heç veclərinə də almırlar. Onlar üçün maraqlı olan başqa sahələrdir. Misal üçün aşağı faizlə kredit almaq və həmin krediti aidiyyatı olmayan sahələrə sərf etmək kimi...

Mən əvvəldən demişəm ki, KTN-nin indiki rəhbərliyi işi bacarmır. Çünki kənd təsərrüfatı və aqrar sahə kağız üzərindəki layihələrlə inkişaf etmir. O layihələri həm də reallaşdırmaq lazımdır və bunu da peşəkar mütəxəssislər edə bilər. Əgər siz Nazirliyin şöbələrində çalışan “innovatorlara” növbəli əkin ya da su resurslarından səmərəli istifadə, becərmə və s. sahələr üzrə suallar versəniz, bu adamlar heç bir şey bilməyəcəklər. Çünki orda çalışanların böyük əksəriyyəti kənd təsərrüfatı və aqrar sahə üzrə təhsil almayıblar. Onlar sadəcə startap layihələri üzrə mütəxəssisdirlər və startap layihələri ilə kənd təsərrüfatı inkişaf eləməz. Çünki kənd təsərrüfatı çoxşaxəli və mürəkkəb sahədir. Ağır əl əməyi tələb edən sahədir.

Adicə bir sahəni deyim. Bu “mütəxəssislər” nəinki mövcud su resurslarından səmərəli istifadəni təşkil edə bilmir, əksinə, suni problemlər yaratmaqla çox ciddi su itkisinə yol açırlar. Başqa sahələrdə də eyni vəziyyətdir. Sonra da deyirlər ki, yağış yağmadı, quraqlıq səbəbindən məhsul məhv oldu. Necə yəni yağış yağmadı? Axı Azərbaycanda əkin sahələrinin 70%-dən çoxu suvarılan sahələrdir. Digər tərəfdən siz, misal üçün pambığı suvarılmayan sahəyə necə əkə bilərsiniz? Əkirsinizsə, deməli ki, sizi məhsul maraqlandırmır, sizi hektar üzrə hesabat vermək maraqlandırır. Yəni sovet höküməti dövründə belə yanaşma yox idi. Çünki onda , əkirdinsə, məhsul verməliydin. İndi isə məhsulun hesabanı belə kimsə aparmır. Çünki hər şey yalnız korrupsiyaya və büdcə vəsaitlərinin talanlna hesablanır.

Kənd Təsərrüfatı Nazirliyinin sahənin inkişafı ilə bağlı təməl prinsiplərə dayanan inkişaf proqramı yoxdur. Mən nazirliyin hazırladığı sənədlərin hamısı ilə tanışam. Onların dövlət proqramlarının hansı dərəcədə sadə olduğunu faktlarla sübuta yetirmişəm. Bir daha qeyd edirəm ki, bu layihələr startap layihələridir.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbər vəzifələrində demək olar bir nəfər də peşəkar aqronaom yoxdur. Nazirliyin gətirdikləri mütəxəssis kadrların da sahə üzrə peşəkarlığı yoxdur. Buna görə də onların hazırladıqları dövlət proqramları çox sadədir.

Dövlət proqramı yalnız söz yığımından ibarət olmalı deyil. Sahədə mövcud olan problemlər ortaya çıxarılmalı və problemlərin həlli istiqamətində konkret tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər də sonra həyata keçirilməlidir. Amma bunlar öz “sadə proqramlarını” da həyata keçirmirlər. Çünki həmin “proqramları” korrupsiya obyekti olaraq görürlər.

Hesab edirəm ki, qanunvericilikdə də çatışmamazlıqlar çoxdur. Hətta bir sıra ciddi qanunun təcili qəbuluna ehtiyac var. Bu qanunlar heç dilə belə gətirilmir. Buna görə də düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyinin apardığı siyasət sıfırdır. Onlar işi bilmir, bacarmır. Bu səbəbdən də biz get-gedə idxaldan asılı vəziyyətə düşürük.

Əslində biz çoxdan qida təhlükəsizliyi üzrə idxaldan asılı vəziyyətə düşmüşük. İndiki KTN rəhbərliyinin də vəzifəsi bu asılılığ aradan qaldırmaq, heç olmasa azaltmaq idi. Statistikaya görə isə bu ilin ilk 6 ayının keçən illə müqayisəsində ölkəyə 140 milyon dollar dəyərindən çox ərzaq məhsullarının idxal olunub. Bu isə özü-özlüyündə aslılığın ardığının göstəricisidir. Yəni asılıq durmadan artıq. Düşünürəm ki, ilin axırına qədər ölkəyə idxal olunan ərzaq məhsullarının dəyəri 2 milyardı ötəcək.

Məsələ təkcə pomidor yetişdirib, Rusiyaya 1 manata, daxili bazara isə 3 manata satmaq deyil. KTN öz fəaliyyətini daxili bazarın ehtiyacını ödəməyə yönəltməlidir. Ölkənin ərzaq təhlükəsizliyini təmin etməlidir.

Bəs bunlar nəylə məşğul olurlar? Statistikada qeyri-neft sektorunda ixracı artırmaq üçün Rusiyaya daha çox pomidor yollamağa çalışırlar.

Bu şəkildə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək olar? Təbii ki, olmaz. Ona görə də ilk növbədə iqtisadiyyata, ən əsası kənd təsərrüfatına olan yanaşma dəyişməlidir. Bu yanaşma dövlətin, xalqın maraqlarını ifadə etməlidir. İndiki yanaşma isə ancaq nazirlərin özünü qoruma instinktindən doğan maraqlarına xidmət edir.

Azərbaycan iqtisadiyyatının əsas problemi də budur. Biz statistika üçün deyil, real sektor üçün çalışmalıyıq. Bütün bunlar olarsa, təbii ki, Azərbaycan çox asanlıqla öz qida təhlükəsizliyini təmin edə bilər. Bunun üçün yuxarıda qeyd etdiyim kimi, bizim bütün resurs və imkanımız var”.
Ardını oxu...
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsı cari təmir işləri üçün mal-materialların, dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı müsabiqə yolu ilə keçirdiyi Açıq Tenderə yekun vurması və “ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 154 976.48 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 05.08.2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Qeyd edək ki, Respublika Klinik Xəstəxanası böyük bir səhiyyə ocağıdır və dəftərxana və təsərrüfat mallarının satın alınmasına 154 976.48 manat dövlət vəsaitinin ayrılmasında təəccüblü heç nə yoxdu. Təəccüblü olan odur ki, sözügedən mallar xəstəxananın hər şöbəsində müdirlərin topladığı rüşvət hesabına alınır. Bəs onda ayrılan bu dövlət vəsaiti hara gedir? Əvvəlcə gəlin Respublika Klinik Xəstəxanası satınalma müqaviləsi bağladığı “ALPHA MEDICAL AND CONSTRUCTION” MMC-nin fəaliyyətinə diqqət yetirək.

Qeyd edək ki, Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Tender Komissiyası cari təmir işləri üçün mal-materialların, dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı dövlət satınalmalarının vahid internet portalında iddiaçılara heç bir dəvət elan vermədən həyata keçirimişdir. Amma tenderin şərtlər toplusundan belə məlum olur ki, müsabiqəyə 04.07.2022-ci il tarixində başlanılıb, zərflərin açılış tarixi isə 04.08.2022-ci ilə tarixə müəyyən edilib. İndi gəlin görək tenderin qalibi olan MMC nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.07.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ŞƏFAYƏT MEHDİYEV, ev 142, m. 0, qanuni təmsilçisi kimi isə Məmmədov Müslüm Mürsəl oğlu qeyd olunub.

MMC-nin qanuni təmsilçisi Müslüm Məmmədovun kimliyi barədə açıq mənbələrdən yalnız bu məlumat çıxdı. 57 saylı Kürdəmir seçki dairəsindən mandat qazanan Məmmədov Müslüm Mürsəl oğlu (Bitərəf) (62,4 faiz) Belçika Krallığında Azərbaycan Kommunikasiya ofisinin rəhbəri vəzifəsində çalışıb.”ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhz deputat Müslüm Məmmədova məxsus olub,olmaması ətrafında araşdırmalarımızı davam etdirəcik. Qayıdaq Respublika Klinik Xəstəxanasının Tender Komissiyasının yol verdiyi qanunsuzluqlara.

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da görsəndiyi kimi, Respublika Klinik Xəstəxanası tender müsabiqəsinə dəvətdən 10 gün sonra dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, son dövrlər tenderlərin keçirilməsi zamanı bu tip qanun pozuntularına yol verilməsinə tez-tez rast gəlinir. Adət malgötürənlər, yəni sifarçilər bu qanunun kotirovka sorğularında keçərli olmadığını iddia edirlər. Amma göründüyü kimi Respublika Klinik Xəstəxanasının Tender Komissiyası kotirovkada deyil, birbaşa Açıq Tenderdə müsabiqəyə başlanıldıqdan 10 gün sonra dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlamağa üstünlük verib. Bəs qanunun tələbləri? Axı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Respublika Klinik Xəstəxanasında Tender Komissiyasının üzvləri məgər bunları görməyib?

Respublika Klinik Xəstəxanasının satınalma şöbəsinin müdiri Mirsalam Səmədov isə bi göstərilənləri qəbul etmir. Telefon danışığı zamanı Mirsalam müəllim sualımıza sualla cavab verdi ki, “qanunda mənə göstərin ki, təzə yaradılan şirkət tenderdə iştirak edə bilməz.” Biz Mirsalam müəllimə tenderin şərtlər toplusundan qanunun bu tələbini xatırlatdıq: Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasını diqqətə çatdırdıq. Yəni bu o deməkdir ki, tenderdə iştirak etmək üçün ən azı bir il fəaliyət olmalıdır. Bundan sonra satınalma şöbəsinin müdiri Mirsalam Səmədov müqavilənin hələ bağlanılmadığını,Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən cavab gözlədiklərini qeyd etdi. MMC-nin qanuni təmsilçisi Müslüm Məmmədovu isə tanımadığını bildirdi.

Belə olan halda Respublika Klinik Xəstəxanasının Tender Komissiyası “ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin tenderdə iştirakına nə üçün yol verib? Digər tərəfdən, heç bir göstəriciləri qanunun tələblərinə uyğun gəlməyən MMC necə qalib gəlib? Çox güman ki, bu elə Müslüm Məmmədovun işidir. Çünki, bu kimi qanunsuzluğu kənar bir adam etsə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəti yol verməz. Amma arxada Müslüm Məmmədov kimi bir deputat durarsa, təbii ki, olar.

Qeyd edək ki, bu Mirqasımov adına Respublika Klinik Xəstəxanasının tender prosedurlarında yol verdiyi ilk qanun pozuntusu deyil. Məsələn, mətbəə məhsullarının satınalınması üzrə 10.05.2022 başlanılmış kotirovka sorğusu müsabiqəsinin qalibi 15.02.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış “LOCAL SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18.07.2022-ci il tarixdə 25 858 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Göründüyü kimi, burada da cəmi iki ay əvvəl dövlət qeydiyyatına alınmış MMC üstünlük verilib.
Aktualinfo.org
 
Ardını oxu...
“Ukrayna münaqişəsi səbəbiylə Avropa İttifaqı ölkələri iqtisadi tənəzzüllə üzləşəcək”.

Bu barədə Finlandiyanın Prezidenti Sauli Niinistö “Maaseudun Tulevaisuus” nəşrinə müsahibəsində deyib.

“Finlandiya və digər Avropa İttifaqı ölkələrinin vətəndaşları iqtisadiyyatın ildən-ilə artmayacağına öyrəşməli olacaqlar. Bu, Avropanın birliyinə mənfi təsir göstərə bilər, çünki inkişaf birdən-birə dayanır, çağırışların sayı artır”, – deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, bu baxımdan, Finlandiyanın NATO-ya daxil olma prosesinə baxmayaraq, təhlükəsizlik sahəsində özünü qoruması, əhalinin ərzaqla təmin olunması məsələsində müstəqilliyi əsas vəzifələrə çevrilir.

O əlavə edib ki, Rusiya ilə Qərb arasında, xüsusən də Rusiya ilə Finlandiya arasında münasibətlər Ukraynadakı vəziyyətin inkişafından asılı olacaq.
 
 
 
Ardını oxu...
“Onların lüks həyat şəraitlərinə baxdıqda aşkar görünür ki, bunu əldə etmək üçün illik dövriyyələri daha çox olmalıdır. Müğənnilərin ödədikləri vergilər həyat şərtləri ilə uyğunlaşmır. Onlar gəlirlərini yalnız hansısa restoran tələb etdikdə məcburi qaydada rəsmiləşdirirlər, o da cüzi miqdarda”.

Türk mətbuatında sənət adamlarının vergi ödəyicisi kimi siyahısı mütəmadi olaraq təqdim olunur. Hətta hər il “ilin vergi rekordçusu” müəyyən edilir. Bu ada sahib olmaq türkiyəli müğənnilər üçün fəxrdir. Bizdə isə vəziyyət fərqlidir. Müğənnilər vergi ödəməkdə maraqlı deyillər. “Səsimin çörəyini qazanıram”, “gəlirim azdır” bəhanələrinə sığınan sənət adamlarının sayı yox, hesabı yox. Düzdür, son vaxtlar iqtisadiyyatın “ağardılması”, vergi mədəniyyətinin formalaşması ilə bağlı ciddi addımlar atılıb. Bunu vergi daxilolmalarının artmasında görə bilirik. Bəs müğənnilərlə bağlı vəziyyət necədir? Xalqdan qazanan bu adamlar xalq üçün sərf olunan vergidən niyə yayınırlar? Ödədikləri vergi, həqiqətən, qazanclarına görədirmi?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

“Ödədikləri vergi həyat şərtləri ilə uyğunlaşmır”

Vergi mütəxəssisi Anar Bayramov “Kaspi”yə açıqlamasında bildirdi ki, artıq müğənnilərin əksəriyyəti vergi ödəyicisidir: “Hazırda müğənnilərin iştirak etdiyi tədbirlər, restoranlar xərclərini təsdiq etmək üçün ödəməni rəsmi edirlər. Bəzi restoranlar vergi ödəyicisi kimi uçotda durub qanunvericilikdə nəzərdə tutulmuş formada elektron qaimələrin yazılmasını tələb edirlər müğənnilərdən. Düzdür, bu, bütün əməliyyatlara şamil olunmur. Təəssüf ki, müğənnilərin hamısı bütün əməliyyatları rəsmiləşdirmir, dövriyyəni qanuni şəkildə əks etdirmirlər. Çünki onların lüks həyat şəraitlərinə baxdıqda aşkar görünür ki, bunu əldə etmək üçün illik dövriyyələri daha çox olmalıdır. Müğənnilərin ödədikləri vergilər həyat şərtləri ilə uyğunlaşmır. Onlar gəlirlərini yalnız hansısa restoran tələb etdikdə, məcburi qaydada rəsmiləşdirirlər, o da cüzi miqdarda”.

“Bu qonorarlar vergiyə cəlb olunmur”

Mütəxəssis vurğulayır ki, prestijli, xalq arasında məşhur olan müğənnilər qeydiyyata alınır, yeni müğənnilərin əksəriyyəti isə ümumiyyətlə vergi ödəmirlər: “Burada əsas məsələ daha yüksək gəlirlər əldə edən müğənnilərin vergiyə cəlb olunmasıdır. Müğənnilərin fəaliyyətləri təkcə ölkə daxilində deyil. Ölkə sərhədlərindən kənarda da el şənliklərinə qoşulurlar. Oradan əldə etdikləri qonorarlar birmənalı şəkildə vergiyə cəlb olunmur. Çünki iştirak etdiyi məclislərə hər hansı bir şəxsin dəvəti ilə gedirlər. Həmin şəxsə də maraqlı deyil ki, azərbaycanlı müğənnilərdən sənəd tələb etsinlər. Bizim müğənnilər ən yaxşı halda Azərbaycan hüdudları daxilində qazandıqlarının müəyyən hissəsindən vergi ödəyirlər”.

“Ən yaxşı halda dövriyyənin 2 faizini təqdim edirlər”

Mütəxəssis iddia edir ki, müğənnilər göstərdikləri gəlirlərin yalnız 2 faizini vergi kimi ödəyirlər: “Araşdırmalarımızdan sonra üzə çıxır ki, həmin müğənnilər ancaq 2 faizlik dərəcə ilə sadələşdirilmiş vergi ödəyirlər. Yaxud da 75 faiz güzəştdən istifadə etməklə, 20 faiz dərəcəsi ilə gəlir vergisi ödəyicisi olurlar. Amma onların illik dövriyyələri, mütləqdir ki, 200 000 manatdan yuxarıdır. İnandırıcı deyil ki, hər hansı bir müğənni əlavə dəyər vergisi kimi uçota alınsın və öz dövriyyəsindən 18 faiz vergi ödəsin. Onlar ən yaxşı halda dövriyyənin 2 faizini təqdim edirlər”.

İctimaiyyətin qınağı yoxdursa...

İqtisadçı Rauf Qarayev deyir ki, Azərbaycanda vergi mədəniyyətinin formalaşması istənilən səviyyədə deyil. Türkiyə ilə müqayisədə ölkədə vergi rüsumlarının yığılması və xərclənməsi ilə bağlı açıqlama səthi xarakter daşıyır: “Ərəb xilafəti dövründən bizdə xüms, zəkat və sair vergi növləri var idi. Əslində, bu, vergi mədəniyyətini də özündə əks etdirir. Baxmayaraq ki, bizdə dini baxımdan formalaşan vergi mədəniyyəti könüllülük prinsipi daşıyır. Kimsə bunu verməyəndə ictimai qınaq obyektinə çevrilir. Təəssüf ki, bu yanaşma qanunvericiliklə bağlı məqamlara sirayət etməyib. Yəni vergi verməyən şəxs ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilmir. Amma Avropada bu mədəniyyət formalaşdığı üçün orada bir çox vətəndaş vergi ödəməyi özlərinə borc bilir”.

“Bir-iki ağız” oxuyub gedəcək

Mütəxəssis vurğulayır ki, Avropada əmək haqları, pensiya təminatı, sosial müdafiə, ölkənin iqtisadi baxımdan inkişafı vergi prinsipi üzərində qurulub. Bizdə isə belə deyil: “Neft sektoru büdcəni formalaşdıran amildir. Bu baxımdan da, əhalidə fikir formalaşıb ki, əgər neftdən pul gəlirsə, o halda vergi ödəməyə ehtiyac yoxdur. Belə düşüncə müğənnilərə də aiddir. Müğənnilər özləri açıqlayır ki, toyda 1 saat oxumaq üçün 15 min manat alırlar. Vergi məsələsini soruşduqda, deyir, ödəmirəm, çünki köməkçilərim var, qazancım onların xərclərinə gedir. Yaxud toya yoxlama gələndə qeyd edir ki, dostunun toyuna gəlib, gəliri yoxdur, “bir-iki ağız” oxuyub gedəcək. Bu günə qədər eşitməmişəm ki, hansısa müğənni vergi borcuna görə həbs olunub və ya böyük məbləğdə cərimə edilib”.

“Nə şadlıq sarayı bunu edəcək, nə də toy sahibi”

Mütəxəssisin sözlərinə görə, müğənni şadlıq sarayı ilə müqavilə bağlamır, toy yiyəsi ilə razılaşıb gəlir: “Nə şadlıq sarayı bunu edəcək, nə də toy sahibi. Çünki belə halda onlar da vergi ödəyicisi siyahısına düşəcəklər. Bütün proseslər bir-birinə zəncirvari bağlıdır. Türkiyədə müğənni fəxr edir ki, vergi ödəyirəm, ölkəmə xeyir verirəm. Hətta sənətə yeni başlayanlar da bu addımları ilə nümunə olurlar. Azərbaycanda vergi qanunvericiliyi sərtdir, amma yayınmalar daha çoxdur. Demək, sərtlik işə yaramır. Bu məsələdə vətənə, xalqa sevgi olmalıdır. Bizdə vergi təbliğatının əsas göstəricisi müğənnilər olmalıdır, çünki onlar xalqdan qazanırlar. Amma qazandıqlarından xalqa qaytarmaq istədiklərini görmürük”.

“Bu, yaxın zamanda mümkün deyil”

Vergi mütəxəssisi Anar Bayramov deyir ki, hazırda bu sahəyə vergi orqanları tərəfindən nəzarət olunur: “Vergi orqanı xarici ölkədəki fəaliyyəti təsbit edə bilmir. Maksimum dərəcədə nəyə imkanı çatırsa, o səviyyədə də nəzarət olunur. Bütün dünyada müğənnilər yüksək gəlirlərdən vergi ödəyirlər və bunu rəsmi bəyan edirlər. Amma Azərbaycan gənc ölkədir, düşünürəm ki, vergi nəzarəti tədbirlərinin rıçaqları artırıldıqca, onların da dövriyyələrində şəffaflaşma gedər, xərclərini düzgün şəkildə bəyan etməklə vergilərini ödəyərlər. Lakin bu, yaxın zamanda mümkün deyil”.
 

Dünyapress TV

Xəbər lenti