“Azərbaycanda artıq uzun müddədir ki, ölkəyə daxil olan valyuta ölkədən xaric olan valyutanın həcmindən xeyli dərəcədə çoxdur. Bu, həm xarici ticarətdə, həm də bütövlükdə cari əməliyyatlarda belədir”. Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib. Ekspert bildirib ki, Azərbaycana valyutanın daxil olması xarici ticarət və neftlə bağlıdır: "Bu göstəricilər üzrə artan valyuta daxilolmalarının şahidi oluruq. Təbii ki, bu da milli valyutamızın möhkəmliyinə şərait yaradır. Azərbaycanda valyuta məzənnələrinə dövlət nəzarət edir. Ona görə də son nəticədə qərar aidiyyatı dövlət qurumlarının yanaşmasından asılı olacaq. Hazırda milli valyutamızın dəyərdən düşməsinə heç bir iqtisadi əsas yoxdur. Ölkədə devalvasiyanın baş verməsi üçün heç bir fundamental səbəb görmürəm”.
İqtisadçı əlavə edib ki, ölkədə devalvasiyanın baş verməsi ciddi iqtisadi problemlərə səbəb ola bilər: “Ona görə də düşünürəm ki, bu, baş verməməlidir. Azərbaycanın daxili bazarının, investisiya mühitinin qorunması nöqteyi-nəzərdən devalvasiya arzuolunan deyil”.