Ardını oxu...
Hesablama Palatası yerli istehsalın bazası olan damazlıq heyvandarlığın lazımi səviyyədə inkişaf etdirilməməsini ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amil hesab edir.

Palatadan bildirilib ki, satış qiymətləri idxal qiymətləri ilə müqayisədə daha əlverişli olan yerli istehsal heyvan toxumlarının müvafiq standartlar üzrə kənar (müstəqil) sertifikatlaşdırılması mexanizminin tətbiq edilməməsi yerli toxumun keyfiyyətinə əminlik yaratmamaqla müvafiq fermer təsərrüfatlarının yerli istehsallı heyvan toxumuna üstünlük verməməsini və həmin toxumların idxal olunmasını şərtləndirir.

Eləcə də yerli heyvan toxumunun və yerli toxumdan alınan damazlıq heyvanların və heyvandarlıq məhsullarının ixracı perspektivlərini məhdudlaşdırır.

Ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsinin (14,6-15,8 faizinin) süni mayalanmaya cəlb edildiyi, süni mayalanma ilə doğulan buzovların sayının ölkədəki mayalana bilən müvafiq heyvanlara nisbətinin hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8-ə bərabər olduğu və doğulan buzovların təxminən 50,0 faizinin erkək olmaqla qısamüddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə getdiyi şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb olunur ki, bu da mövcud süni mayalanma işinin (mexanizminin) bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas verir.

Heyvandarlığın təbii (ənənəvi) yem bazasının (örüş sahələrinin) azalması ilə yanaşı yonca əkini sahələrinin becərilməsi üçün verilən əkin subsidiyasının da davamlı olaraq azalması bu sahəni təşviq etməyərək ot istehsalını azaltmaqla heyvandarlıq təsərrüfatlarının yem xərclərinin artmasına səbəb olur, nəticə etibarı ilə yem bazasının məhdudluğu şəraitində damazlıq heyvanların dəyəri üzrə maliyyələşdirilmiş güzəştlərin və süni mayalanma yolu ilə doğulmuş buzovlara görə verilən subsidiyaların səmərəliliyi və nəticəliliyi mənfi təsirlərə məruz qalır.

2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən, 5 illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4 faiz artıb.

Ət halında idxal isə müəyyən intervallarda olmaqla kəskin fərqlənməyib, ölkə əhalisinin sayının 200,0 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalıb, ölkədə iri və xırdabuynuzlu heyvanların sayının 11,7 faiz azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3 faiz artıb ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərir.

Maraqlıdır, yuxarıda sadalanan səbəblər necə aradan qaldırıla bilər?

Məsələ ilə bağlı "Cebheinfo.az"-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Hesablama Palatasının heyvanların mayalanması, seleksiyalaşdırılaraq məhsuldar cinslərin alınması istiqamətində qaldırdığı problem Azərbaycanda reallıqdır:

"Fermerlər əsasən yerli cinslərə daha çox üstünlük verirlər. Yerli cinslər isə yüksək məhsuldarlığa malik deyil. Məhz yerli cinslərlə xarici cinslərin hibridləşdirilməsi nəticəsində yerli şəraitə uyğun cinslər almaq olar. Həmçinin ölkəmizə yüksək məhsuldarlıqlı cins heyvanlar da gətirilə bilər.

Bu zaman idxal məsələsindən şəffaflıq qorunmalıdır. Bunun üçün Azərbaycan Dövlət Aqrar Universiteti, digər elmi işlərlə məşğul olan kənd təsərrüfatı birlikləri və qurumları var.

Bu gün hökumətin öz nəzdində yaratdığı fermer təsərrüfatlarının sayı 100-dən çoxdur. O təsərrüfatlarda kənd təsərrüfatı üzrə elmi işlərlə məşğul olan qurumlarla fermerlər arasında əlaqələr yaradılmalıdır. Fermerlər bu əlaqələrə sövq edilməlidir.

Heyvandarlıqla məşğul olan təsərrüfatlara elmi fəaliyyətlə məşğul olan seleksiyaçılar əlaqəsi qurulmalıdır. Fermerin ağlına gəlmir ki, kənd təsərrüfatı alimi ilə əlaqə qursa, bəhrələnə bilər. Bu nöqteyi-nəzərdən fermerlər də maarifləndirilməlidir".

O bildirib ki, bu gün heyvandarlığın əsas problemi örüş və yem problemidir:

"Örüş sahələri az olduğuna görə heyvanlar qapalı şəraitdə saxlanılır. Qapalı şəraitdə çox sayda heyvan saxlamaq çətin məsələdir. Xatırladım ki, 2015-ci illərədək ölkədə ət problemi az idi, çünki örüşlərin sayı çox idi. Elə fermer vardı ki, 100 baş iribuynuzlu 1000-2000 xırdabuynuzlu heyvan saxlayırdı”.
 
Ardını oxu...
Neft qiymətlərinin sürətlə aşağı düşdüyünü görəndə kədərlənməmək olmur. Çünki ölkə iqtisadiyyatı daha çox bu sərvətdən asılıdır. Neft pulları olmasa, iqtisadiyyat ayaqda dayana bilmir. Qeyri-neft sektoru da hər hansı şəkildə bu məhsuldan asılı vəziyyətdədir. Ümumiyyətlə, ölkə bununla nəfəs alır. Nə qədər çətin olsa da, etiraf etmək lazımdır.
Bizimyol.info xəbər verir ki, “Brent” markalı neft dünya bazarında həftə ərzində hətta 70 dollardan da ucuz təklif olunub. “Azeri light”ın bareli yazı hazırlanan dəqiqələrdə 72 dollara çatmırdı. Mütəxəssislərin proqnozları nikbinliyə əsas vermir. Deyirlər ki, ilin sonuna qədər daha yüksək qiymət gözləməyə dəyməz.

Büdcədə neftin qiyməti 75 dollardan qeyd olunub. Bu, vəziyyəti bir az da ağırlaşdırır. Gözləntilərdən də aşağı gəlirlərdən söhbət gedəcək. Görün indi iqtisadiyyatı necə çətin il gözləyir.

Hasilat o qədər sürətlə azalır ki, düşünməyə də aman vermir. Azərbaycan 13 il əvvəl 51 milyon tona qədər neft hasil edirdi. Keçən il hasilat 30 milyon tona qədər düşmüşdü. Bu ilin sonunda göstəricinin daha az olacağı ehtimal edilir. Çox güman ki, hasilat 29 milyon tona çatmayacaq.

“Azəri-Çıraq-Günəşli” yatağı daha əvvəlki məhsuldarlığı göstərə bilmir. Buradan indiyə qədər 600 milyon tondan çox neft çıxarılıb. Amma hər yatağın da bir dövrü olur. “Azəri-Çıraq-Günəşli” xeyli “qocalıb”.

Düzdür, nikbin danışan mütəxəssislər də var. Deyirlər ki, blokda yeni hasilat platformasının istifadəyə verilməsi ehtimalı qalır. Lakin bunlar bir az nisyə söhbətlərdir. Faktiki “Azəri-Çıraq-Günəşli”nin neft hasilatındakı payı sürətlə azalır. Başqa yataqların gələcəkdəki istismarı ilə bağlı proqnozlar da nikbinliyə hesablanmış dayaqsız arqumentdən başqa bir şey deyil.

Qısası, iqtisadiyyatın gələcəyi qaranlıq görünür. Neftsiz necə yaşayacağıq? Ölkə hansı iqtisadi istiqamətə güvənərək ayaqda qalacaq? Çətin suallardır. Qaz hasilatı ümid versə də, indiyə qədər böyük layihələrə xərclənən pullar yalnız neft sayəsində ortada dolaşa bilərdi. Qaz hasilatı belə perspektiv vəd etmir. Hər şey çox dumanlı görünür.
 
Ardını oxu...
Azərbaycanda marketlərdə toyuq ətinin qiymətlərində minimum 70 qəpik bahalaşma müşahidə olunur.

Məhz bahalaşmanın səbəbi kimi ölkəyə yem qatqı və əlavələrinin gətirilməsində böyük problemin olmasıdır.

Ekspertlərin fikrincə, istənilən halda qış aylarında toyuq məhsullarına tələbat artır. Bildirək ki, toyuq ətinin bahalaşması yumurtanın qiymətinə də təsir edəcək.

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bahalaşmanın səbəbi ölkəyə yem qatqı və əlavələrinin gətirilməsində böyük problemin olmasıdır:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yem qatqı və əlavələrinin Azərbaycana gətirilməsinə əngəl törətdiyi üçün, toyuq əti bahalaşıb.

Belə ki, əvvəllər 32-35 gün arasında kəsilən toyuqlar, hazırda 40 günə kəsilir. Bu gün pərakəndə satışda toyuq ətinin bahalaşmasının əsas səbəbi budur. Toyuq ətinə təlabatı artdığı bir dövrdə istehsalın gecikməsi qiymətlərin artması ilə nəticələnir. Yem qatqı və əlavələrini ölkəyə buraxmadıqları üçün toyuqların bəslənməsində ciddi çətinliklər yaranıb”.

Onun sözlərinə görə, bir neçə dəfə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə görüş təklif etsələr də, indiyədək görüş baş tutmayıb:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu məsələdə bərabərçilik prinsipini pozur. Bildirir ki, Avropa və Rusiyadan qeydiyyat lazım deyil, qatqı və əlavələri gəitirə bilərsən, Türkiyə və Çindən gətirən zaman qeydiyyat lazımdır. Qida qatqı və əlavələrinin böyük əksəriyyətini Çin istehsal edir. Sadəcə Avropa Çindən alır, digər maddələri qatıb baha qiymətə bizə satır”.

Assosiasiyanın sədri əlavə edib ki, kiçik yerli toyuq əti istehsalçılarında 5-10 günlük, iri istehsalçılarda təxminən 2 aylıq ehtiyat qalıb:

“Əgər yem qatqı və əlavələrinin ölkəyə gətirilməsinə icazə verilməsə, yerli quş əti istehsalçıları böyük zərər ilə üzləşə bilərlər. Nəticədə daxili bazarda qıtlıq ola bilər. Buda quş ətinin təkrar qiymətinin artmasına imkan yarada bilər”.

Mürvət Həsənli əlavə edib ki, bir müddət sonra bazarda yumurta qıtlığı yarana və qiymətləri arta bilər:

“Qış mövsümündə kənd yumurtası nisbətən az olur. Buna səbəb kənd toyuqlarının az yumurtlamasıdır. Belə olan halda broyler toyuqları ilə müqayisədə kənd yumurtası nisbətən baha qiymətə təklif edilir. Lakin üzü yaya doğru yenidən kənd yumurtası ucuzlaşır”.
 
Ardını oxu...
"Azərbaycan və "TikTok" kontent monetizasiyasından əldə edilən gəlirlərin vergiyə cəlb olunması ilə bağlı danışıqlar son mərhələdədir".
"Report" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.
"TikTok" istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm bir hissəsini təşkil edir.
"Son illərdə Azərbaycan milli biznesin rəqabət qabiliyyətini artırmağa və onu yeni səviyyəyə çıxarmağa aktiv şəkildə çalışır, sahibkarlara dəstək olmaq üçün zəruri alət və infrastrukturu təmin edir. Dövlət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bu məqsədlərə yalnız kiçik və orta müəssisələrin dəstəklənməsi deyil, eyni zamanda effektiv rəqəmsal ekosistemin yaradılması da daxildir. Bu sistemdə məlumatların emalı mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır", - deyə o qeyd edib.

Tanınmış İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, Professor Elşad Məmmədov “Sherg.az”a bildirib ki, gəlir vergisinin təsnifatına nəzər saldıqda bir çox hallarda reqressiv yanaşmalara rast gəlirik:

“Daha çox gəlir əldə edənlər, daha çox vergi ödəməlidir. Çünki bu iqtisadiyyatın aksiyomudur. Lakin təəssüflər olsun ki, bir sıra hallarda əksinin şahidi oluruq. Sosial şəbəkələrdən, xüsusən də “Tik Tok” üzərindən gəlir əldə edənlərdə də vergi ödəmirlər. Lakin onların fəaliyyətinin mahiyyəti, əldə etdiyi resursların həcmi proaqressiv şkala üzrə vergiyə cəlb olunmağını zəruri edir. Ona görə də bu istiqamətdə müvafiq addımların atılması vacibdir. Əsasən vergi sistemi, fiskal siyasət iqtisadiyyatda formalaşan gəlirlərə uyğun olmalıdır. Yəni gəlirlər çoxalırsa, vergidə çox ödənilməlidir. Eyni zamanda gəlirlərin strukturu, mahiyyəti təhlil olunmalıdır. Əlavə dəyər daha çox əmək tutumlu sahələrdə formalaşırsa, orada müvafiq güzəştlər və stimullaşdırıcı tədbirlər də ola bilər. Əgər əlavə dəyər sosial şəbəkələr, maliyyə bazarları və böyük əmək tutumlu sferalara aid deyilsə, vergi və fiskal yükünün də həcminin artırılması məqsədə uyğundur”.

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, 345 manat alan şəxslər də vergi verir:

“Gəlir əldə edən hər bir şəxs vergi ödəməlidir. Bu həmin şəxsin arzu və istəyindən asılı deyil. Vergi Məcəlləsində kimlərə güzəştlərin tətbiq edildiyi göstərilir. Gəlir əldə edən, qazancı və əmlakı olan şəxslərin hər biri vergi verməlidir. Bu qanunda var. Əgər hökumət müəyyən etsə ki, filankəs bu qədər “Tik Tok” dan pul qazanıb ancaq vergi ödəməyib həmin şəxsi cərimələyə də bilər. Sadəcə bunu sübut edə bilmirlər. Lakin araşdırma gedir. Qayda tapıldıqdan sonra tətbiq ediləcək. “Tik Tok”da meymunluq edərəkrahat pul qazananlar vergi verməlidir”.
 
Ardını oxu...
Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 35-ci hissəsi ləğv edilərək, dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi xidməti dövlət tənzimlənməsindən çıxarılaraq sərbəst şəkildə müəyyənləşdiriləcəkdir.
 
Ardını oxu...
Mərkəzi Bankın bir müddət əvvəl açıqladığı məlumata görə, əhalinin əmanətləri 2024-cü ilin iyun ayı ilə müqayisədə iyulda 217 milyon 400 min manat az olub.

Ümumilikdə bir ay ərzində kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlər 1 milyard 263,3 milyon manat azalıb. Mərkəzi Bank isə bildirib ki, əmanətlərin azalması "Naxçıvanbank"ın lisenziyasının ləğv olunması ilə bağlıdır. Rəsmi məlumata görə, bu bankda hələ 2023-cü ilin sonunda cəmi 63 milyon 418 min manat depozit olub. Lakin kredit təşkilatlarındakı sözügedən azalma bundan dəfələrlə çoxdur.

Əhalinin banklardakı əmanətləri niyə azalıb? Bunun hansı səbəbləri ola bilər?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, açıqlanan bu rəqəmlər elə də böyük azalmanı göstərmir:

"Əmanətlərin azalması qısa müddətli dövrdə azalmadır. İl ərzində həmişə artma və ya azalma olur. Məsələn, ötən ilin nəticələrində bu rəqəmlərdə artma müşahidə edilirdi, baxmayaraq ki, aylara görə azalmalar da var idi".

Azalmaların səbəbləri haqqında da danışan ekspert qeyd edib ki, bu səbəblər müxtəlifdir:

"Mövsümlə əlaqəli ola bilər, yay fəslidir. Kimsə harasa istirahətə gedir, hansısa ödənişi üçün pulunu çıxarır və s. Bir sözlə, bu bankdakı olan pulların qarşılığında elə də böyük azalmanı göstərən rəqəmlər deyil. Ona görə də ciddi təhlükə görmürəm. Əgər bu tendensiya bir neçə ay davam etsə, artıq hansısa tədbir görmək olar".
 
Ardını oxu...
Azərbaycanın ətlə təminatında idxaldan asılılıq artır. Bunu rəsmi rəqəmlər də təsdiqləyir. Məsələn, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 faiz), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 faiz) çoxdur.

Hazırda ət idxal etdiyimiz əsas ölkələr Rusiya, Gürcüstan və Qazaxıstandır. Ekspertlər ət idxalının artmasını müxtəlif səbəblərlə izah edirlər. Mütəxəssislərin fikrincə, son illər ölkəmizdə örüş sahələrinin azalması, yem komponentlərinin bahalaşması heyvandarlığın inkişafına mənfi təsir göstərib. Həm iri, həm də xırdabuynuzlu heyvanların saxlanılmasına çəkilən xərclərin 2-3 dəfəyə qədər artması bu sahə ilə məşğul olan sahibkarları profillərini dəyişmək məcburiyyətində qoyub. Bəs görəsən, Azərbaycanın ətlə təminatda idxaldan asılılığın artması risk yaradırmı?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Adambaşına illik 42 kiloqram ət

Rəsmi statistikaya görə, ölkəmizdə adambaşına düşən illik ət və ət məhsulları 42 kiloqrama yaxındır. Hesablamalara əsasən, bunun 16 kiloqramı mal ətinin payına düşür. Bundan əlavə, qoyun və keçi əti istehlakı adambaşına 9 kiloqram, quş əti isə 15,4 kiloqram təşkil edir. Bu da dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aşağı göstərici sayılır. Belə ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələrindən ət istehlakına görə, təxminən 40 faiz geri qalır. Adambaşına düşən illik ətin 75-80 faizinin yerli istehsal hesabına qarşılandığı bildirilir.

Yeri gəlmişkən, son illər heyvandarlığa marağın azalması iri və xırdabuynuzlu heyvanların baş sayının azalmasına da səbəb olub. 2024-cü ilin ilk 6 ayında Azərbaycanda inək və camışların, qoyun və keçilərin sayında azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1,6 faiz, onlardan inək və camışların sayı 1,1 faiz, qoyun və keçilərin sayı 2,6 faiz azalıb. Azərbaycanda quşların sayında da azalma olub. İlin ilk 6 ayında ölkədə 12 milyona yaxın quş olub, bu, ötən illə müqayisədə 0.5 faiz azdır.


Otlaq sahələri azalıb

İqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, heyvandarlığın inkişafı Azərbaycan üçün prioritet sahələrdəndir.

Onun sözlərinə görə, 2010-cu ildən etibarən bu sahədə xaricdən asılılığın azaldılması əsas hədəf kimi qoyulub:

"İndiyədək bu istiqamətdə azalmaya nail ola bilməmişiksə, deməli, risklər mövcuddur. Əslində 2010-cu ildən dövlət damazlıq heyvanların ölkəyə gətirilməsinə və intensiv təsərrüfatların yaradılmasına xüsusi vəsait ayırıb. Böyük intensiv təsərrüfatlara iri həcmli kreditlər verilib. Yəni, dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu məsələdə əsas problem örüş və otlaq sahələri ilə bağlıdır. Demək olar ki, mövcud infrastruktur yox olmaq həddindədir. Torpaq sahələrinin bitki örtüyünün yaxşılaşdırılması istiqamətində heç bir iş aparılmır. Bütün bunlar əsasən, xırdabuynuzlu heyvanların saxlanılmasında ciddi çətinliklər yaradır. Fermerlər məcburi olaraq yarıyemləmə üsulundan istifadə edirlər. Bu da onların xərcini artırır".

Ekspertin sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə yeni örüş sahələri açılıb. Həmin ərazilərdən effektiv istifadə olunarsa, heyvandarlığın inkişafında müsbət dönüş əldə oluna bilər. Mövcud imkanlar hesabına ət idxalını 50-60 faiz azaltmaq mümkündür.

2018-ci ildən bəri ət istehsalı ilbəil azalır

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, Azərbaycanda 2018-ci ildən bəri ət istehsalı ilbəil azalır:

"Son üç ildə bu sahədə antirekord qeydə alınıb. Adətən yay aylarında bir qayda olaraq ətə tələbat azaldığına görə qiymətlər aşağı düşürdü. Çox təəssüf ki, 2023-cü ilin yayından bu ənənə pozuldu. Ət yay aylarında da bahalaşır. Bu il də analoji vəziyyətdir".

A.Nəsirlinin sözlərinə görə, kənd yerlərində örüş yeri olmadığından heyvanlar ancaq tövlələrdə bəslənilir:

"Bu da məhsulun maya dəyərini artırır. Təbii ki, əksər kənd adamları da rəqabətə tab gətirə bilmədilər, heyvanlarını dəyər-dəyməzinə satdılar. Nəticədə istehsal ciddi şəkildə azaldı. Ona görə də əhalinin qırmızı ətə olan ehtiyacı bu gün daha çox idxal hesabına ödənilir. Yəqin ki, ət idxalı artacaq. Bir müddət sonra idxal ətlərini kütləvi şəkildə görəcəyik. Hətta vəziyyət bu şəkildə davam edərsə, 90-cı illərdə olduğu kimi dondurulmuş ətlərə möhtac qala bilərik".

İstehsalın stimullaşdırılmasına ehtiyac var

A.Nəsirli hesab edir ki, ət idxalını azaltmaq üçün yerli istehsalı stimullaşdırmaq lazımdır:

"Hər bir kənd üçün örüş yerləri yaradılmalıdır. Rentabelsiz sahələrə diqqət azaldılmalıdır. İşğaldan azad olunmuş ərazilərin imkanlarından da istifadə edilməlidir. Bildiyimiz kimi, tarixən Laçın, Kəlbəcər yaylaqları heyvandarlıq üçün əlverişli ərazilər olub. Ən azından ilin 3-4 ayını insanlar öz heyvanlarını yaylaqlarda açıq örüşlərdə bəsləyirdi. Həmin örüş sahələri yenidən dövriyyəyə qaytarılsa, əminəm ki, yerli istehsal artacaq".

Turizm sektorunun canlanması ətə olan tələbatı artırıb

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov isə hesab edir ki, ölkəyə idxal olunan ətin həcminin artması istehsalın azalması ilə bağlı deyil. Onun fikrincə, bu məsələyə turizm sektorunun canlanması da təsir göstərib:

"Əslində bizdə kifayət qədər istehsal var. Sadəcə, son illər ölkəmizdə ətə olan tələbat artıb. Ət idxalının artmasında turizm sektorunun canlanmasının da xüsusi rolu var".

Ekspert bildirib ki, Azərbaycan ət idxalını artırmaqla yanaşı, ixracı da artırıb:

"Bu gün Ərəb ölkələrinə, Dubaya ət ixrac edirik. Məsələn, Hacıqabulda bir təsərrüfat var ki, onun steyk üçün istehsal etdiyi ət ərəb ölkələrinə ixrac edilir".
 
Ardını oxu...
Bu ilin ilk 7 ayında Türkiyə Rusiyadan müxtəlif çeşidli 25,8 milyard dollarlıq mal idxal edib.525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azdır.

Başqa sözlə, 2023-cü ildə bu rəqəm 28,38 milyard dollar təşkil etmişdi.

Azalmaya baxmayaraq, Türkiyə yenə də ən çox Rusiya malı idxal etməkdədir. İkinci yerdə isə 25,4 milyardla Çin qərarlaşıb.

Yeri gəlmişkən, sözügedən dövrdə Türkiyənin özü ən çox Almaniyaya məhsul ixrac edib – 11.9 milyard dollar. Böyük Britaniya 1,6 milyard dollarla ikinci, ABŞ isə 1,4 milyard dollarla üçüncü yerdədir.

Qeyd edək ki, Türkiyə yanvar-iyul aylarında ümumilikdə 198,6 milyard dollarlıq məhsul idxal edib ki, bu ötən ilki dövrlə müqayisədə 8,3 faiz azdır. İxraca gəlincə, burada 4,1 faiz artım (148.7 milyard) müşahidə edilir..

Analoq.az
 
Ardını oxu...
Mağazalarda kərə yağının qiyməti artıb.

Bu barədə Musavat.com-a Bakı sakinlərindən daxil olan məlumatda bildirilir.

“Hər zaman 17-18 manata aldığımız yağın axşam 24 manata satıldığını gördük. Mağazadan yağ almamış çıxdım”, - deyə Akif Əliyev adlı paytaxt sakini bildirib.

Kərə yağının qiymətinin artması nə ilə bağlıdır?

Musavat.com-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bəzi məqamlara aydınlıq gətirib:

“Kərə yağının qiymətinin artması ondan asılıdır ki, biz idxalçı ölkəyik. Demək olar ki, kərə yağı istehsal etmirik. Mağazalarda olan Azərbaycan markaları adı altında satılan kərə yağının da qablaşdırılması ölkədə baş verir. Bizim şirkətlər tonlarla yağı xaricdən alırlar, sonra 250 qramlıq, 1 kiloluq qablarda qablaşdırıb satışa çıxarırlar, guya yerli məhsul olur. Halbuki onun içindəki yerli məhsul deyil. Biz idxaldan asılıyıq, yerli məhsulumuz yoxdur. İkinci məsələ isə logistika bahalaşmasıdır. Dizel yanacağının qiyməti 25 faiz artdığına görə bütün məhsulların qiymətinə təsir edib. Məhsulların daşınması, ölkəyə gətirilməsi. Çünki soyuduculardan ibarət avtomobillərlə gətirilir, dizel yanacağı ilə həyata keçirilir. Depolardan yağın paylanması da dizel yanacağı ilə həyata keçirilir. Üçüncü məsələ, digər sahələrdə də qiymət artımı olursa, yağ gətirən şirkətlər də onlara baxıb qiyməti artırırlar”.

Ekspert əlavə edib ki, bu, süni qiymət artımı deyil:

“Azərbaycanda rəqabətli mühit çox zəifdir. Sövdələşmiş qiymətlərlə bazara çıxan topdansatış şirkətlər var. Pərakəndə satış mağazaları onminlərlədir. Bizdə nədənsə Antiinhisar qurumu pərakəndə satış mağazalarında yoxlama aparır, bu, qeyri-qanunidir, orada inhisarçılıq elementləri ola bilməz. Topdansatış, iri şirkətləri isə heç kim yoxlamır. Onlara gözüm üstündə qaşım var deyən yoxdur. Qiymətlər orada formalaşır. O iri şirkətlər bazara diktə edə bilirlər”.
 
Ardını oxu...
"Azpetrol Ltd" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

Bu maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə 19.09.2024-cü il tarixində Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında baxılacaq.

Qeyd edək ki, "Azpetrol LTD"nin baş direktoru Ceyhun Məmmədovdur.
 

Dünyapress TV

Xəbər lenti