Ukraynalı boksçu Oleksandr Usik ötən gecə ingiltərəli Tayson Fyurini məğlub edərək, ağır çəkidə mütləq dünya boks çempionu oldu. O, əvvəl qazandığı WBA Super, IBF, WBO, IBO və The Ring versialarda dünya çempionu kəmərlərinə WBC dünya çempionu adınnı əlavə etdi.
Çempion titulu uğrunda döyüş Ər-Riyad şəhərində, 19.05.24-də keçirilib.
Aleksandrın boyu 190 sm, çəkisi 100 kqdır, Tayson Fyurinin parametrləri 206 sm, 120 kqdır. Yəni çəkidə və bəlkə də qollarının uzunluğunda Usik rəqibinə uduzur. Amma hər şey çəkiylə, maddiyytala ölçülmür, gözlənilən kimi olmur.
Məsələn, 1988 təvəllüdlü Tayson vaxtından 3 ay tez doğulub və çəkisi cəmi 450 qram olub. Altıaylıq, zəif körpənin öləcəyini gözləyirdilər, amma atası uşağın yaşayacağına və döyüşçü olacağına inanırdı, ona görə də adını məşhur çempionun şərəfinə Tayson qoydu. Tayson ölmədi, böyüdü, gücləndi və çempion oldu...
Şərq, o cümlədən əlbəyaxa döyüş fəlsəfəsində belə bir paradoksal fikir - deyim var, əvvəllər də yazmışam, bir də deyim. Güclü özündən zəifləri məğlub edir, daha güclünün əlində ölür. Zəif özündən güclüləri məğlub edir və onun gücü ölçüyəgəlməz.
Təbii ki, bu fikri "zəif özündən güclüləri həmişə məğlub edir" kimi anlamağa dəyməz. Amma doğrudan da zəiflərin gücü bəzən ölçüyə gəlmir və bunu təsdiqləyən misallar yetərincədir.
Elə o fəlsəfə kitabında yazılıb ki, bütün döyüş növləri, o cümlədən qılınc, nizə, xəncər, şeşpər, toppuz döyüşləri, habelə cu-do, aykido, karate və b. döyüşlərinin eyni qanunauyğunluq və qanunları var.
Bu deyimi həm tərəflərin gücü çox fərqli olan Rusia-Ukrayna müharibəsinə, həm də Azərbaycanda gedən demokratik mübarizə, demokratik düşərgə və jurnalistlərinin apardığı ideoloji müharibə və söz savaşına da aid edirəm.
Bizə zor edərək beynimizə yeritməyə çalışırlar ki, zor və pul dünyada ən böyük gücdür, hər şeyi pul həll edir, korrupsia bütün dünyada var, sevgi-məhəbbət yoxdur, seks var, kişiylə qadın arasında ancaq əmtəə-pul tədavülü var, ədalət isə nəinki Azərbaycanda, dünyada da yoxdur, ancaq axirətdə görəcəksiniz ədaləti, oğurluq puldan 5-3%-ni nəzir verib, məscid tikib, yəni Allaha rüşvət verib axirət qazanmaq olar və b. belə səfsətə şeylər.
Çox adam buna inanıb ya da özünü inanmış kimi göstərib və ağıllı-ağıllı danışaraq, bu murdar "fəlsəfə"nin və ideologiyanı müddəalarıyla yaşayır. Adam buna, nəqədər zəngin olsa da həyat demək olarmı?
Mən inanmıram və heç kimdə məni inandıra bilməz ki, pul və zor, nəqədər böyük olur-oldun, Quranda yazılanı təkzib edə bilər. Sovet hökuməti boyda və gücdə hökumət Quranla, İncillə bacara bilmədi,dağıldı. 70 ilə dağıldı, amma dağıldı ki?..
Çingiz Sultansoy
TEREF