Ali Dia hekayəsi futbol dünyasında ən böyük və ən məzəli fırıldaqlardan biri kimi yaddaşlarda qalıb. Təsəvvür edin: 1996-cı il, İngiltərə Premyer Liqası, tribunalar azarkeşlərlə dolu, futbol menecerləri isə ulduz futbolçuları göydən yerə endirməyə çalışır. Elə həmin dövrdə, Ali Dia adlı biri bütün bu sistemin üstündən keçərək, futbol tarixində bənzəri olmayan bir fırıldaqçılıqla hər kəsi aldadır.
Hekayə belə başlayır: Ali Dia adlı gənc tez bir zamanda varlanmağın və məşhur olmağın yollarını axtarır. Qərara gəlir ki, özünü futbolçu kimi təqdim etsin, hansısa kluba transfer olub, müqavilə imzalasın. Beləliklə, bir hiylə düşünür. Amma təbii ki, təkcə hiylə yetərli olmazdı, bunun üçün bir də köməkçi lazım idi. Dostu bu işdə ona yardım edir və özünü məşhur balon dor qalibi Corc Veah kimi təqdim edir. Veahın adından danışan bu dost, İngiltərə Premyer Liqa təmsilçilərindən “Sauthempton”un meneceri Qrem Sunnesə zəng vurur. Telefonda, “Corc Veah" öz əmisioğlunun – yəni Ali Dianın PSJ-də möhtəşəm çıxışlar etdiyini və Seneqal milli komandasının ulduz oyunçusu olduğunu deyir. Belədə Sunnesə jest etdiyini deyən saxta Veah, “qohumunu” Premyer Liqaya göndərmək istədiyini bildirir.
Dövrünün məşhur mütəxəssislərindən olan Sunnes, bu fürsəti qaçırmaq istəməyərək, Ali Dianı komandaya dəvət edir. Komandanın toplanışında iştirak edən seneqallının məşqdəki hərəkətləri qəribə görünür və sınaq müddəti kimi onunla 1 aylıq müqavilə imzalanır.Hətta bir neçə məşqdən sonra Ali Dia Premyer Liqanın bir oyununda şans qazanır. “Sauthempton” üçün oynadığı ilk və son oyun... Dia, “Lids Yunayted”ə qarşı oynanılan oyunda 32-ci dəqiqədə komanda yoldaşı Metyu Le Tizierin zədələnməsi səbəbilə oyuna daxil olur.
Sanki futbolun qaydalarını unudubmuş kimi oynayan Ali Dia ona gələn hər topu demək olar ki, itirir. Bu zaman oyunçular və azarkeşlər nə baş verdiyini anlamaqda çətinlik çəkir.
"Futbolçu"nun meydanda etdiyi gülməli hərəkətlərdən sonra baş məşqçi Sunnes, sonradan oyuna girməsinə baxmayaraq artıq dözə bilmir və onu meydandan çıxarmağa məcbur olur. Ali Dia, Premyer Liqa tarixinin ən qısa müddətli – 53 dəqiqəlik karyerasını başa vurur və dərhal “Sauthempton”dan göndərilir.
“Sauthempton” meneceri Qrem Sunnes sonradan aldadıldığını başa düşür və bu futbol dünyasında əfsanəyə çevrilir, Ali Dia isə bir gecədə futbol tarixinin ən gülməli və ağıllı qəhrəmanına çevrilir.
Qrem Sunnes, Ali Dia haqqında danışarkən, onun meydançadakı çıxışını belə təsvir etmişdi:
"O, sanki buzun üstündə qaçırdı. Meydanda nə edəcəyini bilmirdi. Qətiyyən Premyer Liqada futbol oynamamalı idi. Mənə bir yalan danışıldı və bu yalana inandım. Onunla bağlı heç bir məlumatım yox idi, amma məşqlərdə onu gördükdə düşündüm ki, bəlkə də bir şans vermək olar. Amma yanıldığımı çox tez başa düşdüm..."
Beləliklə, 1996-cı ildə, İngiltərə Premyer Liqasının sıx rəqabətli dünyasında, bir nəfər qısa müddətlik də olsa, parıltılı ulduzların arasına girməyi bacardı. Amma bu, nə böyük bacarıqla, nə sürətlə, nə də möhtəşəm zərbələr ilə oldu. Sadəcə ağıllı bir fırıldaqla baş verdi. Ali Dianın 53 dəqiqəlik Premyer Liqa karyerası, futbol tarixinin ən böyük və ən maraqlı fırıldaqçılıqlarından biri olaraq yadda qaldı. Bu hekayə, futbol dünyasında hələ də gülüş və heyranlıqla xatırlanır, bəlkə də hamımıza bir dərs verir: Bəzən yalanlar da meydanda öz yerini tapa bilər, amma heç vaxt uzun müddət davam gətirməz.
apasport.az