“Açıq Cəmiyyət Fondları” təşkilatı və ya "Corc Soros" Fondunun İrəvan ofisi Ermənistanda fəaliyyətini dayandırır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Past” erməni qəzeti yazıb.
“İlkin məhdud məlumatlara görə, əslində "Soros" Fondunda format dəyişiklikləri baş verir və bu seqment daha çox regional inteqrasiyanın yeni taktikaları ilə hərəkət etməyə çalışacaq, həmçinin maliyyənin azalmasına baxmayaraq regionlarda daha çox işləyəcək. Əldə etdiyimiz məlumata görə, Ermənistanda fəaliyyət göstərən Qərbdən maliyyələşən ictimai təşkilatlar və qərbyönlü siyasi qüvvələrin nümayəndələri bütün bunlardan ciddi narahatdır, çünki bir çoxları maliyyədən məhrum ola bilər. Necə deyərlər, pul daha "hamıya çatmayacaq". "Mənbəmiz bildirib ki, ötən gün İrəvandan ABŞ-a “məsələnin həlli” ümidi ilə mini-nümayəndə heyəti gedib", - deyə nəşr qeyd edib.
Qəzetin yazdığına görə, onlar Ermənistanda hökm sürən əhval-ruhiyyəni təqdim etməyə çalışacaqlar: “Qeyd edəcəklər ki, indiyədək cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsinin kök salması üçün xeyli çalışıblar və Qərbin təbliğat tezislərini yayıblar, 2018-ci ildə hakimiyyət dəyişikliyinə töhfə veriblər və indi faktiki olaraq "oyundan kənarda" qala bilərlər. Onlar Ermənistanın ABŞ-dakı səfirindən Dövlət Departamentinin hər hansı bir nümayəndəsi ilə heç olmasa bir görüş təşkil etməyi xahiş ediblər".
Bəllidir ki, rəhbəri amerikalı yəhudi milyarder Corc Soros olan "Soros" Fondunun postsovet məkanında əsas hədəflərindən biri “rəngli inqilablar”la bağlı olub. Doğrudanmı Qərb, özəlliklə ABŞ hələ də Rusiyanın qucağından düşə bilməyən və riskli “iki stul” siyasəti aparan “sorosçu” Paşinyan komandasından və onun tərəfdarlarında artıq əlini üzüb? Bu qərar Ermənistana, bölgəyə, Rusiya ilə münasibətlərə nə vəd edir?
Çingiz Qənizadə: “Qərbdə əminlik yaranıb ki, bu ölkə Rusiyanın forpostu olaraq qalacaq”
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, "Soros" Fondu kimi tanınan Açıq Cəmiyyət İnstitutu fondlarının İrəvanda ofislərinin bağlanması dünyadakı böhranlı vəziyyət, maliyyə sıxıntısı, eyni zamanda Ermənistanın hazırkı mövqeyi ilə bağlıdır: “Məhz "Soros" Fondunun maliyyə yardımı vasitəsilə Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəlib. Ümumiyyətlə, bu fondun əsas fəaliyyəti keçmiş postsovet məkanında "rəngli" inqilabların həyata keçirilməsi, hakimiyyət dəyişikliyinə nail olmaqdır. Necə ki, bunu Ermənistandan öncə Gürcüstanda, Ukraynada həyata keçirə bilmişdi. Fondun Ermənistanda fəaliyyətinin dayandırılması və Ermənistanın qeyri-hökumət təşkilatlarına maliyyə yardımlarının azaldılması və ya dayandırılması Ermənistanın QHT-ləri ilə yanaşı, Nikol Paşinyan hökumətini də narahat edir. Sual yaranır ki, Ermənistanda "Soros" Fondunun ofisinin bağlanması Soros xətti ilə hakimiyyətə gəlib Rusiyanın qucağından düşə bilməyən Ermənistan hakimiyyətini cəzalandırmaq mahiyyəti daşıyırmı? Mənə belə gəlir ki, biz siyasi baxımdan daha çox bu məsələnin üzərində durmalıyıq. Çünki Nikol Paşinyan hakimiyyətə gələrkən ABŞ-a Ermənistanı Rusiyadan qoparacağına söz verib. İlk vaxtlarda o, bu sözünü yerinə yetirmək istiqamətində ard-arda addımlar atırdı. Rusiyaya bağlı olan Qarabağ klanının sıxışdırılması, rəhbərlərinə cinayət işi açılması, Robert Köçəryanın həbs edilməsi məhz ABŞ qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinin tərkib hissəsi idi.
Lakin sonradan, xüsüsilə 2020-ci ildəki 44 günlük müharibədən sonra Nikol Paşinyan bu vədini yerinə yetirə bilmədi. Paşinyan Ermənistanı Rusiyadan qopara bilmədi və ikili oyunlar oynamağa başladı. Artıq ABŞ-da, o cümlədən "Soros" Fondunda əminlik yaranıb ki, Nikol Paşinyan onlarla oyun oynayır. Ona görə də Paşinyana dəstəyin bir hissəsini kəsməklə onu cəzalandırmağa başlayıblar. İndi Ermənistan hökumətinin rəsmiləri ABŞ Dövlət Departamentinə yalvarırlar ki, "Soros" Fondunun və digər ABŞ fondlarının Ermənistanda fəaliyyətinin davam etdirilməsinə nail olsunlar. Ancaq məncə, Qərb üçün Nikol Paşinyanın onları aldatdığı aydınlaşıb. Qərbdə əminlik yaranır ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu ölkə Rusiyanın forpostu olaraq qalacaq. Ona görə də Ermənistana ayrılan maliyyə get-gedə azaldılacaq. Artıq bu istiqamətdə addımlar atılmağa başlanıb. Bu isə iqtisadi vəziyyəti onsuz da ağır olan Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq. Bu vəziyyətdən isə udan Rusiya olacaq".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”