![]() |
![]() ![]() ![]() |
|
Ermənistan parlamentinin sədri Alen Simonyan bir gün əvvəl verdiyi rezonans doğuran bəyanatlarını düzəltməyə cəhd edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli parlamentin iclasında danışıb.
Qeyd edək ki, dünəndən onun “Meğri yolunda heç bir maneə olmamalıdır” sözləri sosial şəbəkələrdə aktiv şəkildə müzakirə olunur.
Bu gün o, sözlərini düzəltmək üçün üç media orqanı seçib. Maraqlıdır ki, bu üç KİV arasında Ermənistanın İctimai Televiziyası olmayıb.
Qeyd edək ki, yerli medianın xəbərinə görə, Alen Simonyan təkcə Meğri ilə bağlı açıqlamasını deyil, həm də dünənki Qarabağ erməniləri ilə bağlı açıqlamalarını da redaktə edib. Xatırladaq ki, Simonyan Qarabağ ermənilərini 44 günlük müharibədə döyüşməməkdə suçlayıb.
Lakin bu gün Ermənistan parlament sədri hamını deyil, konkret adamları, xüsusilə Samvel Şahramanyanı nəzərdə tutduğunu söyləyib.
“Şəhramanyan, bizə de ki, sən öz mühafizəçilərinlə Qarabağdan necə qaça bildin”,-deyə Simonyan bildirib.
Musavat.com
Füzuli rayonunun böyük hissəsinin işğal edilməsi nəticəsində 83 min 544 dinc sakin didərgin salınıb.
Musavat.com xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.
Qeyd olunub ki, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 22 min 635 əmlak üzrə 3,4 milyard manatdan artıq maddi ziyan vurulub.
Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.
Bir neçə aydan sonra illərlə yurd həsrətində olan sakinlər öz el-obalarına qovuşacaqlar.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Bəylik kəndi üzrə nümayəndəsi Ramiz Həsənov bərpa və yenidənqurma işləri barədə danışarkən qeyd edib ki, artıq kənddə son tamamlanma işləri aparılır:
"Evlər fərdi qaydada istilik sistemi, eləcə də mətbəx mebeli ilə təchiz edilib. Fasad, həmçinin daxili bəzək işləri yekunlaşıb. Yaxın vaxtlarda asfalt örtüyünün salınmasına da başlanılacaq".
Kəndin bərpasını həyata keçirən işçilər də işğaldan azad olunmuş torpaqlarımızda çalışmaqdan şərəf hissi duyduqlarını söyləyiblər.
"Qürur hissi keçiririk ki, bir neçə aydan sonra Bəylik kəndinin sakinləri öz evlərinə qayıdacaqlar", - Qabil Quliyev deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Keçmiş məcburi köçkün: “Doğma yurdumdan didərgin düşəndə 35 yaşım var idi”
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur. Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə fləşmoblar keçirilir. Onlar görülən işlərə, Böyük Qayıdışa münasibət bildirir, geri qayıdan əhaliyə mənəvi dəstək ifadə edirlər.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, artıq Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Xankəndidə 30 minə yaxın insan yaşayır.
Dövlət Komitəsi tərəfindən hazırlanmış video-fləşmob qurumun rəsmi saytına yerləşdirilib.
2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir.
“APA-Economics” xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində ümumi uzunluğu 70,8 km olan 45 tunel, ümumi uzunluğu 9581,6 m 447 körpü və ümumi uzunluğu 3871 m olan 16 viaduk inşa edilir.
Məlumata görə, indiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb.
Bir məsələni də unutmayaq ki, nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın üç ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. “Dünya tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb” söyləyən Prezident İlham Əliyevin fikirlərinə söykənərək qeyd edək ki, Böyük qayıdışla bağlı görülən nəhəng işlər qətiyyətli siyasi iradənin və Azərbaycanın artan iqtisadi gücünün göstəricisidir.
“Böyük Qayıdış planı” çərçivəsində son olaraq, yenidən qurulan Xocalı rayonunun Ballıca kəndinə respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 22 ailə - 94 nəfər köçürülüb. Kəndə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Xatırladaq ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə dörd köç karvanı olub. Kənddə 90 ailə ( 467 nəfər) məskunlaşıb.
“Doğma yurdumdan didərgin düşəndə 35 yaşım var idi. İndi 68 yaşımdayam. Ömrümün otuz ildən çoxu köçkünlükdə Vətən həsrəti ilə keçdi. Çox sevinirəm ki, uzun illərdən sonra olsa da, bu gün öz torpağıma qayıdıram”.
Bu sözləri Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Südabə Cavadova deyib.
“Atalarımız "Yaman günün ömrü az olar", demişlər. Şükürlər olsun ki, Qarabağımız azad edildi, pis günlərimiz arxada qaldı. Artıq Qarabağın şad günləri başlayıb. Bundan sonra ailəmlə, övladlarımla öz yurdumuzda yaşayacağıq", - deyə Xocalı sakini bildirib.
Onu da qeyd edək ki, “Böyük Qayıdış planı” çərçivəsində artıq azad edilmiş Qarabağımızda körpələr dünyaya göz açır. Belə ki, işğaldan azad edilən Xocalıda ilk körpə səsi eşidilib. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, əməkdar jurnalist Afət Telmanqızı məlumat verib: “Xocalının ilk körpəsi dünyaya gəldi. İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.
Xocalı sakini, 1996-cı il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır. Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA-da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballıca kəndinə köçüblər".
Yazını hazırladı: Cavanşir ABBASLI