![]() |
![]() ![]() ![]() |
|
“Bu gün hər bir azərbaycanlı bayrağımızın Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır”
Şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağa “Böyük Qayıdış” prosesi son bir həftədə daha da sürətlənib. Əvvəlcə ötən həftə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 28 ailə - 110 nəfər köçürülüb. Ağdamla bağlı növbəti hədəf şəhərin mərkəzinə qısa müddətdə sakinlərin yerləşdirilməsidir.
“İşğaldan azad olunmuş Ağdam şəhərinə bu ilin oktyabr-noyabr aylarında ilk köçün həyata keçirilməsi planlaşdırılır”.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, yaxın vaxtlarda rayonun Xıdırlı və Kəngərli kəndlərinə də ilk köç olacaq: “Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilib. Bundan başqa, bütün qeyri-yaşayış obyektlərinin də tikintisi başa çatıb. Tamamlanma işləri görülüb. Tezliklə o kəndlərin sakinlərini qəbul etməyə hazırıq. Ağdam şəhərində isə 5 məhəllənin inşası nəzərdə tutulub. Onlardan birinin tikintisinə başlanılıb. Şəhərə oktyabr-noyabr aylarında ilk köç planlaşdırılır. Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq. 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri, muğam mərkəzi inşa olunacaq. İmarət Kompleksi hazırdır, Cümə məscidi restavrasiya olunub. İşğal və Zəfər muzeyləri inşa ediləcək. 2026-cı ilin sonuna qədər yaşayış üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub”.
Qarabağa “Böyük Qayıdış”ın növbəti ünvanı Ağdərə rayonunun Suqovuşan kəndi olub. Ümumilikdə kəndə köçürülmək üçün 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Aprelin 7-də isə, kəndə 53 ailə - 185 nəfər köçürülüb.
Bu arada qeyd edək ki, ötən həftə aprel döyüşlərinin 9 ili tamam oldu. Həmin döyüşlərdən sonra Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Məhz həmin qələbəmiz “Böyük Qayıdış” prosesinin əsasını qoymuşdu.
Hafiz Hacıyev
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də belə düşünür: “9 il öncəki aprel döyüşlərindəki qələbə sayəsində "Böyük Qayıdış" prosesinə start verildi. Bu tarixi zəfərimizin başlanğıcı oldu. Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış qələbə Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və ardınca 1 günlük antiterror əməliyyatı ilə yarım qalan işlər tamamlandı. Silahlı Qüvvələrimiz tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmaqla yeni zəfər salnaməsi yaratdı. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu Qələbə son 200 illik tariximizin ən böyük Zəfəridir. Zəfər paradındakı çıxışında şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev ordumuzun tarixi Zəfərini yüksək qiymətləndirərək dedi: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Bu gün hər bir azərbaycanlı 9 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin”.
CAVANŞİR