Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində 3 nəfər yaralanıb.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, mina xəsarəti alan nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü şəxsə (kişi cinsli) isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Yaralananlar Məmmədov Səbuhi Elman oğlu və övladları – M.D.S və M.E.S.
***
Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ANAMA Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində 2025-ci il 6 aprel tarixində mina hadisəsi baş verib.
1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda qeyd olunub.
***
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb.
Bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.
Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Onun sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.