Ardını oxu...
Sabah NATO-nun baş katibi Stoltenberq Azərbaycana səfərə gələcək. Bu səfər proqram çərçivəsində onun hər üç Cənubi Qafqaz ölkəsinə getməsi nəzərdə tutulur. Ukraynada gedən müharibədə Rusiya ilə münaqişə vəziyyətində olan NATO rəhbərinin indiki vaxtda Cənubi Qafqaza səfəri önəmli bir hadisə kimi diqqəti cəlb edir. Çünki son vaxtlar Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda gərgin geosiyasi mübarizə gedir və indi də bu kəskin rəqabət anında Qərb hərbi blokunun rəhbəri region ölkələri ilə təhlükəsizlik sahəsində müzakirələr aparmaq üçün təşrif buyurur. Aydındır ki, onun təmsil etdiyi hərbi blok üçün əsas təhlükə və təhdid mənbəyi Rusiya hesab olunur və bu baxımdan əsas müzakirələrin də Rusiyanın Qafqazda yaratdığı təhlükələrin önlənməsi istiqamətində olacağı heç bir şubhə digurmur.
Azərbaycana gəldikdə isə NATO- nun proksi savaş apardığı Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi rolunda çıxış edən Bakı digər iki qonşusundan fərqli olaraq Qərbin regionda möhkəmlənməsinə isti baxmır. Bu baxımdan onun bu səfəri, xüsusi ilə də Bakıda aparacağı müzakirələr Moskva üçün də çox maraqlıdır.
Azərbaycan NATO münasibətlərinin əsası 1994-cü ilin mayında SNT proqramı üzrə Çərçivə Sazişinin imzalanması ilə qoyulub və sonrakı mərhələdə SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (2004) adlı layihələr üzrə əməkdaşlıq həyata keçirilib.i
Azərbaycanın 2004-cü ildən başlayaraq 2019-cu ilə qədər Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) çərçivəsində bu hərbi blokla əməkdaşlıq edib. Ancaq Rusiyanın Ukraynaya təcavüzü nəticəsində NATO ilə yaranmış qarışıdurma vəziyyətindən sonra Azərbaycanın da bu hərbi blokla münasibətlərində durğunluq yaranıb, rəsmi səviyyədə anti -Qərb ritorikası güclənib.
Baş katib Stoltenberqin sabahkı səfəri zamanı çox güman ki, Azərbaycanla NATO arasında səngimiş əməkdaşlığı yenidən gücləndirmək məsələsi müzakirə olunacaq və Cənubi Qafqaz regionunun təhlükəsizliyi ilə bağlı məsləhətləsmələr aparılacaq. Gözlənilir ki, İki tərəfli görüşlərdə xüsusilə ilə Bakı və İrəvan arasında sülh danışıqlarının vacibliyi vurğulanacaq, Rusiyanın Azərbaycan vasitəsilə ilə Qərbə üz tutan Ermənistanı təhdid etməsi məsələsinin qəbuledilməzliyi diqqətə çatdırılacaq.
Bu səfər həm də onu göstərir ki , Qərb Rusiya təhlükəsi qarşısında Cənubi Qafqazla bağlı öz hərbi planlarını və yanaşmasını region ölkələri ilə müzakirə etməklə, getdikcə kəskinləşən və yeni təhlükəsizlik riskləri daşıyan geosiyasi savaşın bütün istiqamətlərinə hazırlaşmağı vacib sayır. Ona görə də Azərbaycan hakimiyyətinin indiki həssas mərhələdə bu məsələlərə münasibətdə atacağı addımlar ,verəcəyi reaksiyalar həm də Qərb və Rusiya arasında geostrateji seçim etməyi tələb edir. Xüsusilə ilə də Türkiyənin NATO üzvü olması və Qərbin dəstəyi ilə Rusiyanın Cənubi Qafqazdakı yerinə iddia etməsi Azərbaycanın Moskva ilə münasibətlərinə yenidən baxmasını zəruri edir. Bu məsələdə qeyri müəyənlik qəbuledilməz sayılır və kəskin qütbləsmə fonunda balanslı siyasət artıq heç bir tərəfi qane etmir. Böyük ehtimalla Stoltenberq Azərbaycan hakimiyyətinə məhz bu istiqamətdə təkliflərini təqdim edəcək və regionun təhlükəsizliyi ilə bağlı NATO -nun ön gördüyü əməkdaşlıq və yanaşmaların qəbul edilməsinin zəruriliyini bildirəcək.
Fuad Gahramanli
TEREF
 

Ardını oxu...
 

 

Bu, yaxşı söhbət olmadı. Xirtdəyə qədər zibilin içində olan sektorlar jurnalistikaya, jurnalizmə və jurnalistə dil uzatmamalıdırlar.

Heç kəs jurnalisti uşaq kimi danlaya, ona “qarşına kağız qoyub imla yazdıracam” deyə, hikkəli tonda danışa bilməz. Danışar, cavabını beşqat artqlaması ilə alar.

Buna cürət edənlər keçmişdə də olub. Onların bəziləri sonra məhkəmələrində jurnalistlər tərəfə boylanıb “ümidim sizədir, ifadələrimi düzgün yazın” deyiblər.

İndi jurnalistləri xalqa “cümlə xəyanətlərə bais iblis” donunda göstərmək istəyənlərin dilinə bir söz düşüb: “Sensasiya dalınca qaçırsınız”. Müasir dövrdə jurnalistin hansısa sensasiyanın dalınca və ya böyrüncə, qabağınca qaçmasına ehtiyac yoxdur. Sensasiya özü smartfon ekranlarından jurnalistlərin qabağına qaçır, noutbukuna süzülür, sosial şəbəkələr sensasiya ilə doludur, yazıb çatdırmaq olmur.

Bir çoxlarına elə gəlir ki, jurnalistləri susdurmaqla onların rəhbərlik etdikləri sektordakı iyrəncliklər, eybəcərliklər, neqativ hallar ört-basdır olunacaq, bunlar da asudə şəkildə xalqı, dövlət büdcəsini soyacaqlar. Elə şey yoxdur. Bundan ötrü bütün medianı sovet dövründəki kimi bir strukturdan idarə etmək, Şimali Koreya və Türkmənistandakı kimi İnternetə girişi bağlamaq lazımdır.

Talançı məmurlar istəyir ki, adları mənfi planda çəkilmədən qohumbazlıq, yerlibazlıq etsinlər, biznes strukturları yaratsınlar, komfortlu villalarrda ərəb şeyxləri kimi yaşasınlar, ailə üzvlərinə, digər əzizlərinə lüks avtomobillər bağışlasınlar, bank hesablarında (və ya evdəki seyflərində) milyonları olsun və heç kəs onlara bir söz deməsin, yazmasın. “Yüz yeyənim olsun, bir deyənim olmasın” məsələsi...

Əsas umacaq budur ki, jurnalistlər tənqid yazmasınlar, zəhlə tökməsinlər, can incitməsinlər. Özlərini ölkədə heç bir problem yoxmuş kimi aparsınlar.

Elm və Təhsil Nazirliyinin ərsəyə gətirdiyi videodan da elə çıxır ki, məktəblər güllük-gülüstanlıqdır, problem-filan yoxdur, yeganə problem odur ki, jurnalistlər gəlib ortalığı qarışdırırlar.

Bir təhsil sferası deyil, hamı din qulaq istəyir. Buna imkan verməyənlər olanda isə anındaca düşmən kəsilirlər, əllərinə fürsət düşən kimi “jurnalistlər elə, jurnalistlər belə” monoloqları söyləyirlər.

Sanki ölkədəki problemlər ona görə mövcuddur ki, jurnalistlər var, media olmasa, problem də olmayacaqmış. Əslində isə jurnalistlər o problemlərin mövcudluğunu hər kəsə göstərənlər və ya göstərmək istəyənlərdir. Hələ onlar da bir çox problemlərin alt və üst qatlarını tam təfərrüatı ilə göstərə bilmirlər. Çünki alt qata düşmək, maxinasiyaları nüvəsinə qədər xırdalamaq imkanları yoxdur, üst qatda isə özünü tənqiddən sığortalamaq istəyən məmur zümrəsi var.

Son illərdə jurnalistikanın dişsizləşməsi artıq belə bir duruma gətirib çıxarıb ki, bəziləri özlərini toxunulmaz hiss edir və jurnalistlərə diş qıcayırlar.

Təəssüf ki, cəmiyyətin jurnalistlərdən daha sərt tənqidi materiallar uman hissəsi də onlara qoşulub, oturub-durub jurnaistləri yamanlayırlar.

Olanımız budur. Əlimizdən bu qədər, bir yerə qədər tənqid yazmaq gəlir. Bu da olmasa, təhdid kimi çıxmasın, gününüzü görəcəksiniz.

Bir neçə faktı yada salaq, 4-5 il əvvəl evakuatorlar hər gün yüzlərlə sürücünün avtomobilini müxtəlif yerlərdən daşıyır, 20 manat cərimə, 20 manat daşıma haqqı alırdılar. Hər gün yüzlərlə insanın gücü yalnız cərimə meydançalarının ofisində çığırtı-bağırtı salmağa çatırdı. İş o yerdəydi ki, xəstəxanalara xəstə, yaralı əzizini gətirənlər çıxıb görürdülər ki, maşınları saxladıqları yerlərdə yoxdur. Şıdırğı soyğun gedirdi. Jurnalistlər bu problemi hərtərəfli işıqlandırandan sonra yuxarılarda qərar qəbul edildi və “evakuator terroru” sona çatdı.

Məktəblərdə kütləvi şəkildə pul yığılması (fond pulu, təmir pulu, şüşə pulu, süpürgə pulu, bayram pulu, ekskursiya pulu və sair və ilaxır – 41 adda xərac) tüğyan edən vaxtlar vardı, jurnalistlər yazdılar, ictimailəşdirdilər, ondan sonra bu məsələ bir qədər düzənə girdi. Yoxsa valideynlər özlərini həbsxanaya sovqat aparmağa məcbur olan dustaq əzizləri kimi hiss edirdilər.

Erkən nikahların, azyaşlı qızların ərə verilməsinin qarşısını jurnalistlərin hay-küyü, ajiotaj qoparması alır. Yoxsa bu ölkədə 8-ci sinifdə oxuyan qızları məktəbdən çıxarıb ərə vermək istəyən minlərlə valideyn, “15 yaşlı gəlin” almaq istəyən on minlərlə pedofil var.

Medianın qarşısını aldığı çox yaramazlıqlar var bu ölkədə. Eləcə də jurnalistlərin gücünün çatmadığı şeylər...

Sözügedən videoda bir replika da var: “Bu vaxtacan görməmişəm ki, bir icra başçısından, yaxud hansısa başqa bir məmurdan müsahibə götürəsiniz”. İfadəyə baxın! Jurnalistin üzərinə qabaran “müəllimə” demir ki, İH başçısını və ya başqa məmuru “tənqid edəsiniz”, müsahibə götürməkdən danışır. Çünki onun (eləcə də videonu hazırlayanların) “məmur və tənqid” kəlmələrini eyni cümlədə işlətməyə cürəti yoxdur.

O, “indi burada bir video çəkəcəksiniz...” deyə jurnalisti qınayır, həmin epizodda isə videonu şagird özü çəkir və bir azdan məhz o, həmin videonu orda-burda paylaşacaq. Problem budur. Necə ki, 2-3 həftə öncə bir 11-ci sinif şagirdi qız özündən iki sinif aşağıda oxuyan qızın başına yumurta çırpmış alnına “Q...BƏ” yazmışdı və bütün bu olayı da məhz şagirdlər lentə almışdı. Jurnalistlər yox, məhz şagirdlər. Bundan danışaq. (Yeri gəlmişkən, deyəsən, o, xuliqan qız da arxalı çıxdı, məsələ yat-yut edildi, təhqir olunan qızın göz yaşları yerdə qaldı).

Jurnalistika sektorunda daxili senzura güclənib, yaradıcılıq çərçivələri bir az daralıb deyə bəziləri düşünür ki, jurnalistikanı tamamilə boğmaq, ölkəni jurnalistikanın olmadığı ölkələrə döndərmək mümkün olacaq. Əbəs düşüncədir. Elə olmayacaq. Yuxarıda dediyimiz kimi, İnternet deyilən şey var, portallar, saytlar, qəzetlər yazmasa da, cümlə qurmağı bacaranlar sosial şəbəkələrdəki səhiflərində mütləq iyrəncliklərdən, eybəcərliklərdən, neqativ hallardan, süni yaradılmış problemlərdən yazacaqlar, çəkib göstərəcəklər.

Yeganə çıxış yolu İnterneti bağlamaqdır. Bunu edən ölkələr var. Onlar İnternetin dadını əvvəlcədən xalqa hiss etdirməyiblər deyə belə edə bilirlər. İnternetin dadını bilən ölkələrdə isə onu qapatmaq mümkün deyil.

Ardını oxu...Xalid KAZIMLI
Ardını oxu...
Ekspert: “Ermənistan 2008-ci ildən buna çalışır və haqlıdır, amma...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ölkələrin səfirləri ilə görüşündə Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasının vacibliyinə toxunub.

Türkiyənin TRT telekanalının verdiyi məlumata görə, Ərdoğan Qafqazda sabitliyin qorunmasının Türkiyə üçün prioritet olduğunu bildirib. O, vurğulayıb ki, Türkiyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə regionda yeni dövrün başlanmasını istəyir.

Amma İrəvandan olan politoloq Armen Ayvazyanın NEWS.am-a açıqlamasında dediyi sözlər bu bəyanatla kəskin ziddiyyət təşkil edir. O, açıq şəkildə iddia edib ki, guya Azərbaycanın məqsədi Ermənistanı məhv etməkdir. Onun fikrincə, Bakı ya “Dağlıq Qarabağda olduğu kimi ermənilərin tamamilə qovulması, ya da erməni xalqının eyniyyətini, eləcə də Azərbaycan və Türkiyəyə qarşı siyasətini dəyişəcək Ermənistan hakimiyyəti üzərində tam nəzarətin qurulmasını istəyir”.

“Özlərinin uydurduqları anklavları alandan sonra (əgər bu baş verərsə) azərbaycanlılar başqa şey istəyəcəklər və bunun sonu olmayacaq. Ermənistan hakimiyyəti Türkiyənin tələblərinə tabe olur. Bu gün biz artıq erməni soyqırımının tanınması ilə bağlı sözlər eşitmirik, Azərbaycanın ermənilərə qarşı törətdiyi soyqırımı ilə bağlı heç bir bəyanat yoxdur”, – o əlavə edib.

Ayvazyan qeyd edib ki, Ermənistan hakimiyyəti hansısa sülh gündəmi haqqında danışmağa davam edir, amma əvvəlki Ermənistan hakimiyyəti kimi səhvən şəkildə Türkiyə və Azərbaycan amilini bölüşür. “Bu yanaşmanı bizə Rusiya və Qərb aşılamağa çalışır, iddia edirlər ki, guya Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verə bilər”, – ekspert vurğulayıb.

Beləliklə, yenə də həftələrlə və hətta aylarla gündəmdən düşməyən eyni həyəcanlı sual – ermənilər Azərbaycanın Ermənistana hücumunun qaçılmaz olması ilə bağlı qorxularında haqlıdırlarmı? Yoxsa prezidentlər Əliyev və Ərdoğanın Bakının İrəvanla tez bir zamanda sülh sazişi imzalamaq istəyi ilə bağlı bəyanatları doğrudur?

Şərqi Avropa ölkələri üzrə tanınmış rusiyalı ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa) fikirlərini Pressklub.az-la bölüşüb.

Ona sözlərinə görə, ermənilərin danışıqlar praktikasında və nəzəriyyəsində Azərbaycan və Türkiyəni ayırmaq cəhdi şüurlu, əsaslı və praqmatik mövqedir. “Əslində İrəvan 2008-ci ildən, bəlkə də ondan əvvəl bunu etməyə çalışır. Çünki mövqelərdə müəyyən fərqlər tapmaq, Ankara və Bakı ilə ayrı-ayrılıqda oynamaq cəhdi kifayət qədər perspektivli addım olardı. Sözsüz ki, Ankara müəyyən dərəcədə buna getsəydi. Amma Türkiyə 2008-ci ilin təcrübəsindən dərs alıb və əlbəttə ki, bu istiqamətdə bütün addımlarını Bakı ilə əlaqələndirir. Məncə, İrəvan cəhdlərini davam etdirsə də, burada boşluq tapmaq kifayət qədər çətindir”, – jurnalist hesab edir.

Ermənistana hücum və ya məhv edilməsi ilə bağlı qorxulara gəlincə, o, əslində buna inanmır. “Hesab edirəm ki, Azərbaycan öz problemlərini həll edib. İndi o, status-kvonu möhkəmlətməlidir. Çox uzun tarix ərzində ilk dəfədir ki, status-kvonun olmasında Ermənistan deyil, Azərbaycan maraqlıdır. Türkiyə bu məsələdə ona dəstək olur. Lakin İrəvan bir sıra daxili siyasi səbəblərdən Bakının tələbləri ilə hələ razılaşa bilmir. Bakı isə əslində danışıqlar zamanı nəinki getdikcə daha çox şey tələb edir, o, daima gündəmi genişləndirir. Bu da İrəvanın vəziyyətini çətinləşdirir. Deməzdim ki, Bakı İrəvana təhdid və ya təzyiqi artırır. Amma Ermənistanın müdafiəsini dartıb uzatmaq üçün tələblər siyahısını genişləndirir. İrəvan isə bu məsələdə vaxt itirərək, danışıqlardakı mövqeyini xeyli çətinləşdirir”.

Rauf Orucov
Ardını oxu...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda 60 min taksi var, çoxdur, 20 min bəs edir, sayı azaltmaq fikrindəyik.
Hökumət rəqabətli mühit istəmir, rəqabəti təhlükə sayır, taksi xidməti azsaylı sahələrdəndir ki, rəqabət yüksəkdir, son 10-15 ildə, bəlkə də yeganə sahədir ki, qiymətlər ucuzlaşıb, vətəndaşın seçim imkanı yaranıb. Deməli bundan narahatdılar, növbəti dəfə işıq gələn yeri qapatmağı düşünürlər.
Hökuməti niyə 60 min taksi narahat etməlidir ki?! Əgər məsələ tıxacdırsa, Bakıda 900 minə yaxın avtomobil var, bunun cəmi 60 mini taksidirsə, nədən bu məsələyə kökləniblər?! Əslində hökumət özünə sual verməlidir ki, ictimai nəqliyyat normal işləsəydi, taksiyə tələb artmazdı, papağını qabağına qoyub düşünməlidir ki, camaat kefindən taksi sürmür, iş-güc yoxdur, iş tapa bilmirlər deyə taksi sürməyə yönəlirlər.
Yaxşı, indi 40 min sürücünü işsiz qoyub nə qazanacaqlar?! Narazılığın yüksəlməsini?! Niyə?! Özlərinə düşməndilər?! Zatən quru sərhədləri bağlı saxlamaqla millətin narazılığını yüksəldiblər, nədən daha da artmasını istəyirlər?!
Mən yoruldum bunlarda məntiq axtarmaqdan, bunlar məntiqsizlikdən yorulmadılar.
Natiq Cəfərli
TEREF
 
Ardını oxu...
Qədim tarixi olan, hələ islamdan əvvəlki dövrə təsadüf edən Novruz
bayramı Azərbaycanla yanaşı bütün Şərqdə geniş qeyd olunur. Novruz
təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi
dəyəri hesab edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz
bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram
süfrələri açmalıdırlar.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Novruz bayramı
haqqında belə deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır.
Hər bir insanın, ailənin bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət,
mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini
nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx
birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları
bir-birinə dost edibdir".
Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bu qədim bayramı böyük ruh
yüksəkliyi ilə qeyd edir. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini
tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının
torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi.
Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi
tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir
dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə,
Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də
olacaqdır”.
Bu gün Ulu Öndərin ruhu şaddır. Onun arzuları həyata keçdi. Ötən ilki
lokal antiterror tədbirlərindən sonra isə işğal altındakı qalan torpaqlar da
azad edildi. Bu il artıq Novruz ölkəmizin bütün ərazisində, o cümlədən ötən
il azad edilən Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə də qeyd ediləcəkdir.
Novruz bayramının əhəmiyyəti nəzərə alınaraq 23 fevral 2010-cu ildə
BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i
"Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il
tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci
sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da
Novruz bayramı nominasiyasına qoşulub. Ölkəmizin mədəniyyət tarixində
mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı
gərgin fəaliyyəti nəticəsində baş verib.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz
fəlsəfəsi təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır. “Papaq
atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”,
“yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur
adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini
özündə ehtiva edir. Novruz ənənələri incəsənətimizə də sirayət etmişdir.
Belə ki, xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış,
filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov,
Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar.
Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan
filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq
müğənnilərin, pəhləvanların, kəndirbazların iştirakı ilə şənliklər keçirilən
kütləvi bayramdır. Həqiqətən də Azərbaycana bu bayram çox yaraşır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
TEREF
 
 
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan son mətbuat konfransında Azərbaycanın tələb etdiyi 4 kəndlə bağlı o qədər qarışıq və bir-birinə zidd açıqlamalar verib ki, həm Azərbaycanda, həm də Ermənistanda müzakirə edilən sual eynidir: Nikol Paşinyan 4 kəndi Azərbaycana qaytarmağa hazır olduğuna eyham vurub, yoxsa əksinə?
Bu sualın cavabını yaxın günlərdə biləcəyik..
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanla sərhədlərin delimitasiyası barədə yeni məlumat açıqlayıb.
Paşinyan delimitasiyanın Tavuş bölgəsindən başlayacağını istisna etmədiyini deyib.
O, mövqeyini bildirərkən “delimitasiya prosesi çətin olan” ərazilər konteksti fonunda Tavuş vilayətinin adını çəkib.
Bu açıqlama ilə Azərbaycan tərəfi də razıdırsa, onda sərhədlərin müəyyənləşdirilməsi mövzusunun Tavuş vilayəti ilə sərhədləri bölüşən Qazax, Tovuz və Gədəbəy ərazilərini əhatə edəcəyi gözləniləndir. İstisna etmək olmaz ki, Bakının İrəvanla texniki xarakterli razılığı mümkündür. Amma problem daha dərindir.
Paşinyan qeyd edir ki, delimitasiyanı bütövlükdə aparmaq, sonra konkret hərəkətlərə və ya ara variantlara keçməklə əlaqədar fikirlər var.
Ümumi kontekstdə, onsuz da, delimitasiya prosesi mürəkkəb və ağrılıdır. Paşinyanın açıqlamasının isə həll yolu olacağı sual altındadır, çünki Azərbaycanın delimitasiya tələbləri ilə Ermənistanınkı fərqlidir.
Baş nazir delimitasiyanı daha çox Ermənistanı regional təcriddən çıxaracaq kommunikasiya yolları kimi təqdim edir.
Paşinyandan iqtibas: “Yaxın gələcəkdə kommunikasiyalarımızın harada olduğunu öyrənməliyik. Ermənistandakı bütün kommunikasiyaların onun ərazisindən keçdiyinə əmin olmalıyıq ki, bizim bu sahədə problemimiz olmasın”.
Bakı isə delimitasiyanın şərtini fərqli qoyur: ilk növbədə Qazaxın yeddi kəndinin, Naxçıvandakı Kərki kəndinin mərhələli qaytarılmasını önə sürür.
Əgər Paşinyan delimitasiya prosesi çərçivəsində Azərbaycanın tələblərindən kənara çıxmaq meylini nümayiş etdirəcəksə, onda məsələ daha da qəlizləşəcək.
Çünki Ermənistanda belə mövqe var ki, ona məxsus kəndlərdən Azərbaycanın nəzarətində olanlar var. Hərçənd, bu yanaşmanın özü qeyri-müəyyəndir.
Üstəlik, Azərbaycan qarşılıqlı ərazi mübadiləsi variantını heç bir halda masaya qoyan deyil, ona görə ki, Bakı ümumiyyətlə İrəvanın qeyd etdiyi bölgələri mübahisəli predmet qismində görmür.
Buna görə də Paşinyanın delimitasiya kontekstində ərazilərin dəyişdirilməsi prinsipi Azərbaycan üçün həll variantı sayıla bilməz.
İrəvan sərhədlərin müəyyənləşdirilməsi üçün SSRİ hərbi xəritələrindən istifadədə israrlıdır.
Azərbaycan Prezidenti İlham Əliyev isə yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Zəngəzurun, İrəvanın Ermənistana verilməsini xatırladaraq həmin xəritə təklifini rədd etdiyini açıqlamışdı.
Sitat: “Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər, qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”.
Prezidentin bu mövqeyi təkcə sərhədin bir neçə istiqaməti yox, ümumilikdə Ermənistanla sərhəd boyunca uzanan ərazilərə şamil edilə bilər.
NƏTİCƏ:
Paşinyanın açıqlamalarına Azərbaycan tərəfinin texniki cavabı müsbət ola bilər, o mənada ki, delimitasiyanın prinsipcə baş nazirin dediyi ərazilərdən başlaması problemli məsələ deyil.
Problem olan odur ki, delimitasiya üzrə siyasi və tarixi yanaşmalar fərqli məntiqlərə söykənir. Ona görə də sərhədlərin necə müəyyən edilib, prosesin yekunlaşdırılması hələ də mürəkkəb mövzu olaraq qalmaqdadır.
Üstəgəl, Azərbaycan Ermənistanın işğalı altında qalan ərazilərini heç bir halda İrəvanın nəzarətində olan kommunikasiya yolu kimi nəzərdən keçirmir.
Aqşin Kərimov,
Siyasi təhlilçi
TEREF
 
Ardını oxu...
Çin, Rusiya və İran Oman körfəzində birgə hərbi təliminə başlayıb. Məlumata görə, “Dəniz təhlükəsizlik kəməri 2024” adlanan təlimin iştirakçıları təyin olunmuş yerüstü hədəflərə atəş açmaq məharətlərini sınayırlar.

2018-ci ildən başlayaraq hər il keçirilən birgə təlimlərin bu dəfə qeyri-ənənəvi iştirakçısı da var: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH). SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin gəmiləri 6 ildə ilk dəfədir ki, birgə təlimlərdə iştirak edir və əməliyyatlar aparır.

Ovqat.com-un məlumatına görə, Azərbaycan da təlimlərdə müşahidəçi qismində iştirak edir. Bizdən başqa Pakistan, Qazaxıstan, Oman, Hindistan və Cənubi Afrikanın hərbi dəniz qüvvələrinin də müşahidəçi qismində qatıldığı təlimlərə ümumilikdə 20-dən çox gəmi, və döyüş katerləri cəlb olunub. Təlimin əsas məqsədinin dəniz təsərrüfat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi üzrə təcrübə keçmək olduğu bildirilir. Gəmilər birgə manevrlər keçirəcək və yerüstü və hava hədəflərinə atəş açacaq, həmçinin dəniz quldurları tərəfindən tutulan gəminin azad olunması elementlərini məşq edəcəklər.

Əlbəttə, bütün bunlar rəsmi məlumatlardır. Rəsmi məlumatlar bəzən əsl həqiqətləri gizlətmək üçün yayılır. Həqiqətlər isə başqa mətləblərdən xəbər verir. Belə ki, Rusiya ötən il birgə təlimlərə dünyanın ilk hipersəs raket silahlarının daşıyıcısı olan “Qorşkov” freqatı ilə qatılmışdı. Hipersəs raket daşıyıcılarının hərbi təlimlərdə iştirakı onu göstərir ki, tədbirin başlıca şərti hədəfi dəniz quldurları deyil. Prinsipcə, SEPAH-ın təlimlərdə iştirakı da bu mülahizəni gücləndirir. Belə ki, 6 il ərzində yalnız indi təlimlərə qoşulan SEPAH İranın əsas hərbi qüdrəti sayılır və ölkəsi tərəfindən xaricdəki bütün hərbi əməliyyatları o aparır. Bu isə o deməkdir ki, təlim iştirakçıları ortaq xarici düşmənlərinə qarşı birgə apara biləcəkləri mübarizəni məşq edir və ya güc nümayişi keçirirlər. Həm Çinin, həm İranın, həm də Rusiyanın əsas düşməni, sözsüz ki, ABŞ və onun hərbi müttəfiqlərinin toplandığı NATO alyansıdır. Deməli, məntiqlə, Şərqin 3 nəhənginin göz dağı verib çəkindirməyə çalışdığı güc də elə Avro-Atlantika Alyansıdır.

Təlimlərin Oman körfəzində keçirilməsi Şərq müttəfiqlərinin qoruma çətiri altına almaq istədikləri ölkənin İran olduğunu göstərir. Zira bu 3 ölkədən yalnız İran həmin körfəzdə yerləşir. Əslində isə ABŞ-ın son zamanlar atdıqları addımlara nəzərə salanda onun İrandan çox, Çinə qarşı səfərbər olunduğunu görə bilərik. Bilirsiniz ki, bu yaxınlarda Dövlət Departamentində mühüm kadr islahatları aparan Vaşinqton Avropa və Rusiya məsələləri üzrə ixtisaslaşmış Viktoriya Nulandı dövlət katibinin müavini vəzifəsindən uşaqlaşdırmış, onun yerinə Sakit və Hind Okeanı üzrə strateji layihələrin müəllifi Kurt Kempbelli gətirmişdi. Üstəlik, bu kadr dəyişiklikləri Ukrayna savaşına hərbi dəstəyin kəsilməsi fonunda baş vermişdi. Mütəxəssislər bu iki hadisə arasında üzvi əlaqələr qurur və ABŞ-ın Avropa sahəsindən uzaqlaşıb, Çin və Şərqi Asiya məsələlərinə yönəldiyi nəticəsini çıxarmışdılar.

İnsafən, bu nəticəyə gələnlər haqsız deyildilər və əslində ABŞ-ın xarici siyasətində strategiya dəyişikliyi yeni baş verməyib. Vaşinqton hələ 2013-cü ildə Çin lideri Si Cinpin Qazaxıstana səfəri zamanı “Bir Yol, Bir Kəmər” projesini dilə gətirdiyi gündən Uşaq Şərqdə güclü bir rəqibinin ortaya çıxdığını düşünmüş və onun yüksəlişinin qarşısını almağa çalışmışdı. Üzərindən 4 il keçəndən sonra ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında (2017) Çin "uzunmüddətli strateji düşmən" kimi təsvir edilir və onun Avropada yüksəlişinin strateji təsirləri barədə narahatlıq ifadə olunurdu. Məhz bu səbəbdən də həm Tramp, həm də Bayden administrasiyaları ABŞ-ın Çinlə bağlı siyasətinə Avropanın da dəstəyini gücləndirmək, Çinin böyüməsi nəticəsində yaranan iqtisadi, siyasi və strateji problemlərin həlli üçün transatlantik əməkdaşlığı genişləndirmək planı üzərində işləmişlər. Bir sözlə, ABŞ Çinlə təkbaşına mübarizə aparmaqla da qalmamış, digər müttəfiqlərini də bu mübarizəyə cəlb etməyə səy göstərmişdi.

ABŞ tərəfindən Çin təhlükəsinin NATO külislərinə daşınması ilk dəfə 2019-cu ildə Londonda keçirilən sammitdə baş vermişdi. ABŞ və İngiltərənin tələbi ilə NATO sammitində müzakirəyə çıxarılan Çin mövzusuna müttəfiqlərin münasibəti birmənalı olmamışdı. Şimali Atlantika İttifaqının dövlət və hökumət başçıları "Pekinin artan təsiri və beynəlxalq siyasətinin bir ittifaq olaraq birlikdə həll etməli olduqları imkanlar və problemlər yaratdığını" müzakirə etməyə başladıqdan sonra Çin Alyansın rəsmi hədəflərindən birinə çevrilsə də, o zamandan bəri bu məsələ Avropa ilə ABŞ liderlərinin üzərində çətin anlaşdıqları mövzu halına gəlmişdir. Bəzi NATO müttəfiqləri Pekin ilə siyasi və iqtisadi əməkdaşlığın kəsilə biləcəyindən çəkinərək Çin problemini sorğulamağa başlamışlar. Onlar Şimali Atlantika İttifaqının əsas məsuliyyət sahəsinə - Avroatlantik təhlükəsizliyə diqqət yetirməsini, coğrafi və funksional vəzifələrini genişləndirməkdən çəkinməsini və xüsusilə Şərqi Avropa üçün prioritetlərin müəyyənləşdirilməsinin vacibliyini nəzərə alınmasını israr etmişlər.

2019-cu il London bəyanatını daha sonra "NATO 2030" strategiyası izlədi. “NATO-2030” layihəsi alyansın baş katibinin Şimali Atlantika İttifaqının gələcək istiqamətini dərindən nəzərdən keçirmək üçün başlatdığı bir məsləhətləşmə projesi idi və müstəqil mütəxəssislər qrupu tərəfindən hazırlanan bir hesabat xarakteri daşıyırdı. Məhz bu səbəbdən də Avropalı müttəfiqlər həmin sənədi sərt tənqid etmir, necə olsa qeyri-rəsmi mövqe olduğunu düşünürdülər. Halbuki ABŞ-ın məqsədi öz yeni strateji hədəfini tədricən müttəfiqlərinə həzm etdirmək idi və bu cür yarı-rəsmi hesabatlarla buna nail olurdu.

“NATO-2030” layihəsi alyansın rəsmi strategiyası olmadığından onun müəlliflərinə Çin də daxil olmaqla geniş mövzularda daha sərbəst fikir bildirmək imkanı vermişdir. Layihədə müttəfiqlərə "Rusiya və Çinin yaratdığı eyni vaxtda geosiyasi və ideoloji problemlər" barədə xüsusi xəbərdarlıq edilir və NATO "Şimali Atlantika İttifaqının həqiqətən qlobal çağırışlar dövründə təşkil olunduğu platforma kimi qalmasına" çağırılırdı. Sanki bununla ABŞ öz müttəfiqlərinə deyirdi ki, əgər masada Çin məsələsi olmayacaqsa, mən Avropanı rus təhlükəsinə qarşı təkbaşına buracağam, 2022-ci ildə Ukrayna savaşını çıxarmaqla və onu Avropanın qucağına ataraq geri çəkilməklə eyham vurduğunu reallaşdırdı da. Baxmayaraq ki, Ukrayna savaşından bir il əvvəl 2021-ci il Brüssel sammitində NATO liderləri faktiki olaraq ABŞ-ın tələblərinə boyun əymiş və rəsmi bəyanatın iki səhifəsini Çinə həsr etmişdilər. "Çinin bəyan edilmiş məqsədləri və iddialı davranışı beynəlxalq qaydalara əsaslanan nizam və Şimali Atlantika İttifaqının təhlükəsizliyi ilə bağlı sahələr baxımından sistemli problemlər yaradır", - deyə vurğulanan bəyanatda Pekin nüvə arsenalını genişləndirməməyə, Rusiya ilə hərbi əməkdaşlığı kəsməyə çağırılır, iki ölkənin mülki və hərbi potensialını birləşdirmə strategiyası tənqid olunur, kosmosda, kiberməkanda birgə fəaliyyətdə, dezinformasiyaların qəsdən yayılması kimi bir sıra əməllərdə ittiham olunurdu. Bəyanatda Çinlə açıq dialoqun qorunmasının vacibliyi də vurğulanaraq, ona bir növ “yaşıl muncuq” göstərilirdi.

2022-ci il Madrid sammitində müttəfiqlər tərəfindən qəbul edilən yeni strateji konsepsiyada Çinin fəaliyyətinin NATO-nun əsas dəyərlərinə və maraqlarına necə meydan oxuduğunun ətraflı təhlil edilir, onun strateji asılılıqlar yaratmaq üçün iqtisadi rıçaqlardan istifadəyə baş vurması pislənilirdi. Çin və Rusiyanın NATO dəyərlərinə və maraqlarına xələl gətirən beynəlxalq qaydalara əsaslanan nizamı pozmaqda bir-birini dəstəkləməsindən və Alyansı parçalama səylərindən qorunmağın" vacibliyindən bəhs olunurdu.

2023-cü il Vilnüs sammitində isə NATO liderləri Madrid prinsiplərini təsdiqləyir və Çini "Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibəni pisləməyə, onun hərbi fəaliyyətini dəstəkləməkdən imtina etməyə, bu müharibənin günahkarlarının Ukrayna və NATO olduğuna dair uydurma hekayələri şişirtməyi dayandırmağa və NATO Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl etməyə" çağırırdılar.

Bir sözlə, 2017-ci ildən etibarən ABŞ və onun NATO müttəfiqlərinin əsas hədəfi Rusiya qədər, bəlkə də ondan çox Çin idi və bu, alyansın rəsmi sənədlərində də öz əksini tapmışdır. Görünür, məhz bu səbəbdən kiçik düşmən olan Rusiyanı Avropa müttəfiqlərinin və Ukraynanın ixtiyarına buraxan ABŞ özü “böyük şeytan”a – Çinə qarşı mübarizəyə girməyə hazırlaşır. Onun bu coğrafiyada yeni müttəfiqləri də az deyil: Yaponiya, Cənubi Koreya, Avstraliya, Tayvan, Filippinlər və s. kimi Çin yüksəlişindən çəkinən bir sıra Sakit-Hind okeanı ölkələri. ABŞ Hindistanı və Pakistanı da öz cərgəsinə qoşmağa ümid edir. Görünür, bu səbəbdən də Rusiya, Çin və İran ABŞ-ın yeni strategiyasına birgə hərbi təlim keçirərək cavab vermək istəyir.

Sual oluna bilər: Çin və İran ABŞ-ın Sakit və Hind Okeanı strategiyasının hədəflədiyi coğrafiyada yer alır, bəs başı onsuz da Ukraynada böyük cəngələ girən Rusiya niyə onlara qoşulub?

Məsələ burasındadır ki, ABŞ və Sakit okean müttəfiqlərinin əsas hədəflərindən biri də Rusiya ola bilər. Söhbət təbii ki, hazırda Rusiyanın əlində olan Kuril və Saxalin adalarına haqq iddia edən Yaponiyanın da bu ittifaqında yer almasından gedir.

Heydər Oğuz,

Ovqat.com
 
Ardını oxu...
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərinin ikinci günündə dövlət başçısı İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Liderlər martın 12-də Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər. Prezident İlham Əliyev deyib ki, yaradıcılıq mərkəzi həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihənin Azərbaycan xalqının qəlbini riqqətə gətirdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə - öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar: "Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda sevinc hissləri bir-birinə qarışmışdı". Tokayev də qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxır: “Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”. Daha sonra prezidentlər Şuşa şəhərinə səfər ediblər. Liderlər Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib. Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Prezidentlər Saatlı məscidində, Bülbülün ev muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” hotelində olublar. Xatırladaq ki, səfərin ilk günündə Bakıda Azərbaycan-Qazaxıstan Dövlətlərarası Şuranın ilk iclası keçirilib və iki ölkə arasında çoxsaylı mühüm sənədlər imzalanıb. Ekspertlərin sözlərinə görə, Astana-Bakı strateji müttəfiqliyinin əldə edilməsi Türk Dövlətləri Təşkilatının inkişafı baxımından əhəmiyyətlidir. Çünki təşkilata üzv ölkələrin fərqli bloklarda təmsil olunması TDT çətiri altında strateji-hərbi müstəvidə kollektiv müqavilələrə ehtiyatlı yanaşmaya səbəb olur. Bu baxımdan, TDT daxilində ikitərəfli müqavilələrin imzalanması və bunun təşkilatın birliyi üçün istifadə edilməsi daha real variantdır, Şuşa bəyannaməsi təcrübəsi də var. Həmçinin dövlət başçıları Çinin Sian terminalından Abşeron stansiyasına konteyner qatarının gəlişini izləməklə bu marşrutun işlək və effektiv olduğunu nümayiş etdirdilər. Bir-birinə bağlı olan bu məqamlardan birində axsama olarsa, digərlərində də problem yarana bilər, buna görə Qazaxıstanla münasibətlər kompleks xarakter daşıyır. Tokayevin səfəri Nazarbayevdən sonra Qazaxıstanla münasibətlərdə risk ehtimalının yüksək olmadığını da göstərdi.

Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, Azərbaycan-Qazaxıstan münasibətləri ən yüksək səviyyədədir və ikitərəfli ticarət mübadiləsi yarım milyard dolları aşıb. Analitikin sözlərinə görə, hədəf yaxın illərdə bu rəqəmin 1 milyard dollara çatdırılmasıdır:
"Təbii ki, iki ölkə arasında mühüm siyasi məsələlər də gündəmdədir. Azərbaycanla Qazaxıstanın münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır. Bu da hər iki ölkəyə əsas verir ki, daha bir çox məsələ ətrafında fikir mübadiləsi aparılsın. Konkret olaraq regional təhlükəsizliklə bağlı mövqeyimizi ortaya qoyaq. Ortaq planlarımız var. Xəzəryanı ölkələrin, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təhlükəsizlik məsələsi çox vacib məqamlardandır. Trans-Xəzər ticarət marşrutu son illərdə öz vacibliyini daha da təsdiqləyib. Sözügedən nəqliyyat dəhlizi üzərindən malların nəqlinin artırılması tərəflərə imkanlar yaradır ki, onlara yol-nəqliyyat infrastrukturasını təkmil hala gətirsinlər, yeni standartlara uyğunlaşdırsınlar. Ticarət limanlarının da iş əmsalı artırılır. Azərbaycan və Qazaxıstan yeni nəqliyyat vasitələrinin regiona gətirilməsi və istehsalı ilə məşğul olurlar. Bu, nəticə etibarı ilə Trans-Xəzər Dəhlizin rolunu qlobal miqyasda daha da artıracaq".

İ.Vəlizadə qeyd edib ki, Qazaxıstan prezidentinin Qarabağda səfərdə olması, açılışlarda iştirak etməsi də əhəmiyyətlidir:
"Qazaxıstan Prezidenti K.C.Tokayev Qarabağa, işğaldan azad edilmiş bölgələrə səfərlər edir. Bu da Qazaxıstan xalqının Azərbaycan xalqına, mədəni irsimizin dirçəlməsinə verdiyi dəyər və töhfədir. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Tokayevin səfəri Azərbaycan-Qazaxıstan dostluğunu, qardaşlığını bir daha təsdiqləyəcək".

Politoloq Əlisahib Hüseynov da "Sherg.az"a bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində sənədlərin imzalanması iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olacaq. Onun sözlərinə görə, bunu Azərbaycan-Qazaxıstan münasibətlərinin ən yeni mərhələsinin təməli kimi də qiymətləndirmək olar:
"Rəsmi Bakı münasibətlərimizin dərinləşdirilməsində maraqlıdır. Azərbaycan üçün Qazaxıstan qardaş ölkə olmaqla yanaşı, həm də strateji tərəfdaşdır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə, xüsusən də Qazaxıstan ilə münasibətlərə mühüm əhəmiyyət verir. Bunu Prezident İlham Əliyevin son illərdə Mərkəzi Asiya ölkələrinə işgüzar və rəsmi dövlət səfərlərinin intensivləşməsindən də görmək mümkündür.
Eləcə də region dövlətlərinin başçılarının da Azərbaycana qarşılıqlı səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx əməkdaşlıq və müttəfiqlik münasibətləri qurduğu region ölkələri arasında Qazaxıstan aparıcı mövqe tutur. Bu da təbiidir. Bizi ilk növbədə dərin tarixi əlaqələr, soy, dil və din birliyi birləşdirir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.
Eyni zamanda ölkələrimiz arasında dərin siyasi əlaqələr mövcuddur. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan da, Qazaxıstan da TDT-nın qurucuları sırasında yer alır. Və istər Bakı, istərsə də Astana Türk birliyinin getdikcə daha güclü siyasi, iqtisadi və hərbi gücə, qlobal aktora çevrilməsində maraqlıdır. Bu mənada Qazaxıstan da Azərbaycan və Türkiyə ilə birlikdə TDT çərçivəsində inteqrasiya proseslərinin güclənməsinə ciddi töhfə verir".

Ekspert vurğulayıb ki, Qazaxıstanla Azərbaycan həm də qlobal layihələrin icrası sahəsində ciddi iş birliyinə malikdir:
"Çin və Avropanı birləşdirən Transxəzər (Orta) Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Avropa Birliyi ölkələrinə qədər nəhəng bir coğrafiyada yük daşımalarının artırılmasına böyük töhfə verəcək ki, bu prosesdə də Azərbaycan və Qazaxıstan “açar ölkə”lər rolunu oynayacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Transxəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Azərbaycan və Qazaxıstanın sıx dostluq və müttəfiqlik münasibətlərinə malik olması Şərqi Asiya ilə Avropa arasında qlobal əməkdaşlıq üçün yol açır. Başqa sözlə desək, Azərbaycan və Qazaxıstan regionları, qitələri birləşdirən nəhəng transkontinental layihələrin təşəbbüskarı kimi çıxış edir. Ölkələrimizin yaxşı mənada iddialı olmaları, böyük hədəflərə köklənmələri həqiqətən də təqdirəlayiqdir. Qazaxıstan və Azərbaycan birlikdə böyük uğurlara imza atacaq. Ölkələrimiz arasında münasibətlərin yeni 
Ardını oxu...
"AAAF Park-ın ya pulu qurtarıb, ya da bina tikməyə yer qalmayıb. Əks halda tikib satdığı binaların zirzəmilərinin kütləvi şəkildə satışına başlamazdı". Dia-az.info bildirir ki, bunu öz gileyində ifadə edən ictimai fəal Rüstəm Qaraxanlı daha sonra əlavə edib: "Son ayların tendensiyası budur: sakinlər axşam işdən evə gəlib görürlər ki, zirzəmi nədir, az qala bina həyətinin yarısı qazılıb. Mühafizə xidmətini çağırırlar, deyir indi bilmişəm. Komendanta zəng edirlər, səsi əsə-əsə deyir ki, mənlik deyil, rəhbərlik satıb. Yaxşı satıb, xeyir işlərə xərcləsin, amma nə üçün satıb? Bu zirzəmilərdə hansı obyekt fəaliyyət göstərəcək? Sakinlər məlumatlandırılıbmı? Küçə tərəfdən satılıbsa, yenə xeyirli olsun, ancaq zirzəmidə işləyəcək obyektin qapısının binanın həyətinə açılması nə qədər düzgündür? Binanın sakinləri harada otursunlar? Uşaqlar harada oynasınlar? Avtomobillər harada park edilsin?"
Dia-az.info bildirir ki, "Bu suallara cavab verən yoxdur" deyə etiraz edən Qaraxanlı daha sonra əlavə edib: "Təqribən 1 il əvvəl mənzilə sahib olduğum binanın altında fəaliyyət göstərən sexdə gecə saat 3-də yanğın baş verib, çünki usta və dostları keflənib açarlarını itiriblər, biri yanğından boğulub zəhərlənib, ağzından köpük gəlir, uzanıb qalıb küçədə. Sakinlər yanğınsöndürəni, polisi və təcili tibbi yardımı çağırıblar. Sən demə sexdə qaz balonları varmış. Yanğınsöndürənlər deyiblər ki, bunlar partlasaydı, bütün bina göyə uçacaqdı. Həmin sex ertəsi günü fəaliyyətini bərpa etdi, indinin özündə də işləyir. Sabah qapısı sakinlərin asudə vaxtlarını keçirdikləri həyətə açılacaq yeni obyektə hansı fəaliyyət göstəriləcək? Orada elektrik qapanması və ya qaz sızıntısı olacaqsa, kim cavab verəcək?
Təbii ki, bütün bunları yazmağımın heç bir xeyiri yoxdur, çünki tək AAAF Park deyil, hər yerdə belədir. Mənasız sözlər, cavabsız suallar, tədbirsiz şikayətlər. Biri də bu. Əsas odur aylıq mənzil pulu yığırlar, onu gecikdirməyəsən. Gecikdirdinsə, elə bil ki, sakinlərin həyatını təhlükə altına saldın, AAAF işçiləri pulsuz qaldı..."

Dünyapress TV

Xəbər lenti