Ardını oxu...
Sıxışdırılan İvanişvili, sərt cavab verən hakimiyyət və... – Prezident müxaliflərin tərəfində

Sabah, sentyabrın 25-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Gürcüstan Xalqının Aktını yekun düzəlişlər üçün müzakirəyə təqdim edəcək. Bundan sonra qanun layihəsi Senatda səsverməyə çıxarılacaq. Sözügedən sənəd Gürcüstanda “Demokratiya və Qanunun aliliyinə dəstək” kimi də tanınır. Akt may ayında senatorlar Janne Şahn, Cim Riş, Ben Kardin və Pite Riçetsin təşəbbüsü ilə hazırlanıb.

Gürcüstan Xalqının Aktı Gürcüstanın müstəqillik əldə etdiyi vaxtdan bəri ABŞ-Gürcüstan münasibətlərinə diqqəti çəkir və son hadisələrin bu münasibətlərin davamlılığını və ruhunu necə sarsıtdığı vurğulanır.

Sənəd özündə Gürcüstan hakimiyyətinin son hərəkətlərinə və siyasətinə cavab olaraq bir sıra tədbirləri, o cümlədən yüksək vəzifəli Gürcüstan rəsmilərinə qarşı sanksiyaların genişləndirilməsini, xarici yardımların nəzərdən keçirilməsini və mövcud ikitərəfli münasibətlərin yenidən qiymətləndirilməsini ehtiva edir.

Akt Gürcüstan-Amerika münasibətlərindəki böhran və Baş nazir İrakli Kobaxidzenin ABŞ-a, BMT Baş Assambleyasına səfəri fonunda müzakirə olunacaq.

Qanun layihəsi ABŞ dövlət katibinə qanunun qüvvəyə minməsindən sonra 60 gündən gec olmayaraq və USAID-in administratoru və digər müvafiq federal agentliklərlə razılaşdırılaraq, Birləşmiş Ştatlar Hökumətinin göstərdiyi hər hansı yardımı təsvir edən hesabatı Konqresin müvafiq komitələrinə demokratiyanı inkişaf etdirmək və qanunun aliliyini gücləndirmək məqsədi daşımayan Gürcüstan hakimiyyətinə təqdim etməyi tapşırır. Həmçinin hər bir layihənin və ona ayrılan maliyyənin ətraflı icmalını təqdim edir.

Qanun layihəsində deyilir ki, iki ölkə arasında ikitərəfli əməkdaşlıq üçün əsas alət olan ABŞ-Gürcüstan Strateji Dialoqu da dayandırılmalıdır. Eyni zamanda, ABŞ-ın yardımlarını davam etdirməli olduğu sahələr sadalanıb. Bunlara Gürcüstan hakimiyyətinin öz suverenliyini və ərazi bütövlüyünü Rusiyanın gələcək təcavüzündən və təsirindən qorumaq imkanlarını dəstəkləyən müdafiə sektoru, medianın müstəqilliyi və vətəndaş cəmiyyətinin inkişafı daxildir.

Parlament seçkilərinə bir neçə həftə qalmış rəsmi Tiflis ilə Qərb tərəfdaşları arasında münasibətlər kritik həddə çatıb. Aİ və ABŞ Gürcüstan hakimiyyətini demokratiyadan geri çəkilməkdə və dezinformasiyalı aqressiv ritorikada ittiham edir. Aİ Gürcüstanın Aİ-yə üzvlüyünü dayandırıb və digər tədbirlərlə yanaşı, vizasız gediş-gəlişin ləğvini də nəzərdən keçirdiyini təsdiqləyib. ABŞ isə öz növbəsində konkret şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq edir.

“Amerikanın Səsi” ABŞ-ın Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar paketi hazırladığını bildirib. Sanksiyaların gürcü milyarderin rus oliqarxları ilə əməkdaşlığa və Rusiya Federasiyasının maraqlarına uyğun fəaliyyətinə cavab olacaqları iddia edilir.

Gürcüstanın müxalif televiziya kanalları da öz növbəsində xəbər verirlər ki, rəsmi Tiflis səfiri ABŞ-dan geri çağıra bilər - bu, diplomatik münasibətlərin kəsilməsi demək deyil, diplomatiyada qeyri-dost demarşlar kateqoriyasına düşür.

Gürcüstan hökuməti Brüssel və Vaşinqtonun “oliqarxik təsir altında” və “qlobal müharibə tərəfinin” təsiri altında olduğunu iddia etməklə cavab verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda jurnalistlərlə söhbətində Gürcüstana qarşı beynəlxalq sui-qəsd barədə danışarkən deyib ki, “radikal müxalifətin himayədarları gürcü xalqını bir səbəbdən cəzalandırmaq istəyirlər: gürcü xalqı “Gürcü arzusu”nu qətiyyətlə dəstəkləyir və radikal müxalifəti, kollektiv “Milli Hərəkatı” rədd edir”.

Baş nazirin sözlərinə görə, həmin qüvvələr “Gürcü arzusu”nun lideri Bidzina İvanişvili vasitəsilə gürcü xalqına qarşı sanksiyalar tətbiq etməklə onları cəzalandırmağa çalışırlar: “Bilirsiniz ki, İvanişvili artıq de-fakto sanksiyalar altındadır; onun Avropada dondurulmuş 2 milyard dolları var. Amma indi şantaj başqa formada davam edir, formal sanksiyalarla hədələr eşidirik. Amma bu insanlar heç bir halda öz məqsədlərinə çata bilməyəcəklər. Onların məqsədinin nə olduğunu hamımız bilirik - onlar İvanişvilini Gürcüstanın milli maraqlarına zidd addım atmağa məcbur etmək istəyirlər. Bu şantaj uğurlu olmayacaq”.

Bu arada, Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə deyib ki, “Gürcüstan hökumətinin rusiyayönlü oriyentasiyası hər gün daha aydın görünür” və bu, ölkəni inadla daxili qarşıdurmaya və beynəlxalq təcridə aparır: ““Gürcü arzusu”nun səsvermə yolu ilə seçkilərdə qalib gəlməyə ümidi yoxdur və cəmiyyəti qarşıdurmaya sürükləməyə çalışır ki, daha sonra güc tətbiqini qanuniləşdirsin”.

Prezident qeyd edib ki, hakim partiyanın seçki kampaniyası müsbət vədlər əvəzinə “qorxu, təhdid və qisas vədlərindən ibarətdir”.

“Onlar bilirlər ki, daha səsvermə yolu ilə seçkiləri qazana bilməyəcəklər. Ona görə də bizə deyirlər ki, kənardan kimsə inqilab, çevriliş istəyir, biz də (müxalifət də) bunu istəyir. Bu, bizi gücdən istifadənin - ümid edirəm ki, istifadə etməyəcəklər - onların gözündə qanuni olacağı yerə aparacaq mövzudur”, - Zurabişvili vurğulayıb.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi mövcud hüquqi rejim çərçivəsində, qüvvədə olan qaydalara uyğun davranış sərgiləməsi sadəcə bir seçim deyil, bu onun üzərinə düşdüyü öhdəlikdir. Əgər o mövcud hüquqi nizamın hər hansı qaydasını pozursa və qeyri-qanuni vəziyyət yaradırsa deməli üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və yaratdığı vəziyyət nəticəsində vurduğu zərərin qarşılqlığını ödəməlidir. Təzminat məsələsi tarix boyu dövlətlərarası münasibətlərdə daha çox ticarət müstəvisində özünü büruzə vermişdir. Tarixdə çoxlu hallar var ki, bir dövlət digər dövlətin ərazisində onun tacirlərinə dəyən zərərin qarşılığını tələb etmiş, hətta hərbi yürüş, daha müasir dövrlərdə isə daxil işlərə müdaxilə üçün ondan bəhanə kimi istifadə etmişdir. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi. Ermənistanın işğalına son qoyulması işğal edilmiş və vaxtilə bir milyon azərbaycanlının yaşadığı suveren Azərbaycan ərazilərində törədilmiş dağıntıların həcmini üzə çıxardı və cəmiyyətdə böyük sarsıntı yaratdı. Şəhər və kəndlərdə bütün tikililər, evlər, xəstəxanalar, məscidlər, mədəniyyət abidələri hətta qəbirlər yerlə-yeksan edilmişdir. Belə hallara məhz orta əsrlərdə, cəngəllik qanunlarının hökm sürüdüyü vaxtlarda rast gəlinirdi. Halbuki, beynəlxalq hüquq faktiki olaraq işğalçı dövlətin nəzarəti altında yerləşən ərazilərin işğal rejimi altında olduğunu və işğal etmiş dövlətin orada baş verənlərə görə məsuliyyət daşıdığını vurğulayır, eyni zamanda, mülkiyyətin, mədəni irsin, tarixi abidələrin, xəstəxanaların və sairə dağıdılmasını qadağan edir. Ermənistanın maddi və mənəvi abidələri, ətraf mühiti, təbiəti qorumaq öhdəliyi vardı, lakin Ermənistan onları qorumaq üçün hər hansı addım atmışdırmı? Sual, əlbəttə, ritorikdir, çünki dağıntıların həcmi onu göstərir ki, Ermənistan dövləti məqsədyönlü şəkildə azərbaycanlıların bütün tarixi və mədəni izini silmək üçün bu dağıdıcı fəaliyyəti planlı şəkildə həyata keçirmişdir. Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Hər iki dövlət arasında sülh və barışıq ilk növbədə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Əgər mənəvi ziyan Ermənistanın təcavüz və işğalçılıq siyasətinə görə Azərbaycan xalqından üzr istəməsini və ərazi iddialarından hüquqi və siyasi müstəvidə birdəfəlik imtinasını ehtiva edirsə, maddi ziyan fərdi və ictimai zərərin kompensasiyasını nəzərdə tutur.

Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycana dəyən ziyanın ödənilməsi haqqında sülh meqaviləsinin indiki mətnində hansısa müddəa yoxdur:

“Amma sülh müqaviləsinin şərtlərində təzminat məsələsinin olmaması doğru deyil. Biz Ermənistanın ən müasir faşist dövlət olduğundan danışırıq. Çünki Ermənistün cırtdan dövlətdir, amma iddiaların özündən dəfələrlə böyükdür. Eyni zamanda Türkiyə və Azərbaycana ərazi iddiası ortaya qoyur. Ermənistan 30 il ərzində Azərbaycanın torpaqlarını işğal altında saxlayıb. Burada cinayət faktoru mövcuddur. Əgər cinayət varsa, mütləq cəzası olmalıdır. Bəlkə də Azərbaycan sülh müqaviləsinin təşviq olunması üçün təzminat məsələsini sonrakı mərhələyə saxlamaq istəyir. Amam sülh müqaviləsi imzalandıqdan sonra sözügedən prosesi icra etmək mümkün olmayacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan öz haqqı olan təzminatla bağlı məsələləri beynəlxalq məhkəmələrə danışadıqca və sülh müqaviləsində iddia olaraq irəli sürmədikcə Ermənistan bütün beynəlxalq məhkəmələrdə rəsmi Bakıya qarşı iddialarla çıxış edəcək. Çünki hər cəhətdən bununla bağlı hazırlıqları müşahidə edirik. Bir tərəfdən beynəlxalq hüququn Azərbaycan tərəfindən pozulması ilə bağlı qarayaxmaların şahidi oluruq, digər tərəfdən isə Qarabağdan öz xoşları ilə gedən ermənilərin Qarabağa qayıtması ilə bağlı məsələ gündəmdədir. Əgər Azərbaycana qarşı belə iddialar varsa və Ermənistan hökümət səviyyəsində bunlara şərait yaradırsa, niyə Azərbaycan təzminat məsələsini ortaya qoymamalıdır?”.

Ekspert bildirib ki, seperatçı quldur dəstənin rəhbərlərinin Bakıda həbsxanada yatması Ermənistan tərəfindən bütün cəzanın ödənilməsi demək deyil:
“Ermənistan tərəfindən hökümət səviyyəsində Azərbaycana qarşı soyqırım törədilib. Həmçinin Azərbaycanın bütün yurd-yuvası, istehsal müəssələri, kənd təsərüfatı və mədəniyyət abidələri Ermənistan tərəfindən darmadağın edilib. Bu gün Qarabağda müasir yenidənqurma işləri aparılır. Amma bunun keçmiş qarabağlılara mənəvi və psixoloji anlamda nə aidiyyatı var. Çünki həmin şəxslərin xatirələri keçmiş Qarabağla bağlıydı. Ermənilərin törətdikləri ən böyük cinayət budur. Ermənistan isə dövlət olaraq bədəlləri qarşılamaq əvəzinə üstə çıxmağa çalışır. 30 il işğalı həyata keçirən sanki Azərbaycandır formasında bizdən məsuliyyət tələb edirlər. Ermənistan tərəfindən təzminatın istənilməməsi sülhə gətirib çıxarmır və cəzasızlıq mühuti formalaşdırır. Ermənistana maliyyə, siyasi və hərbi təhlükəsizlik baxımından yardım göstərilir”.
 
 
 
Ardını oxu...
Göyçaylı fermerlər və kəndlilər çoxsaylı problemlərlə üz-üzə olduqlarını deyirlər. Payızlıq əkinləri onların gözləntilərini doğrultmayıb.

Min bir əziyyət və xərc hesabına salınan pomidor istixanalarında məhsuldarlıq zəifdir. Ötən il tamamilə aldadılan kəndlilər bu il ziyandadırlar.

Kəndlilər deyirlər ki, bir ədədi 32-35 qəpiyə başa gələn pomidor şitillərinin xərci 2 manatı keçir. Satış qiyməti aşağı olduğundan qazanc da sərf etmir.

Həvəslə 8 istixanaya 31 min manat xərc çəkən Mırtı kənd sakini Zahir Musayev hətta çəkdiyi xərci götürə bilməyəcəyindən narahatdır:

“Qoyduğum xərci yığsam, sevinərəm. “Runner” sortunu hibrid toxum olaraq satdılar. İçində başqa növ götürülmə toxum çıxdı. 17 min şitildən 40 tondan çox məhsul gözlədiyim halda heç 25 ton toplaya bilməyəcəm. Hər ağac 2 kiloqram məhsul verməli idi, o, belə yoxdur. Əsas problemi hava şəraitində deyil, toxumlarda görürəm. Bütün salxımlar yaxşı deyilsə, problem havada deyil, toxumdadır. Digər tərəfdən yaşıl qurd, qırmızı hörümçək, pörtləmə kimi xəstəliklər, ziyanvericilər artıb. Vurulan dərmanlar da effekt vermir. Çətin ki, ayın sonuna məhsul qala”.

“Xaricdən toxum gətirmək də kəndli üçün müşküldür”

İstixana əkini ilə tanınan Qaraxıdır, Yalman, Ləkçıplaq kəndində payızlıq əkinə ən çox maraq olsa da, keyfiyyətli toxum iki ildir ki, kəndlilər üçün əlçatmazdır. Üstəlik, ilbəil artan xərclərin və bahalanan məhsulların fonunda bir sıra kəndlilər ziyana düşüb əkini dayandırırlar.

Kəndli Natiq İsmayılov da xaricdən toxum gətirməyin problem olduğunu deyir:

“Payızlıq əkin riskdir. May əkinindən həvəslənib 7 min payızlıq istixana saldım. Məhsuldarlıq zəifdir. Şirkətlər deyir ki, xaricdən gətirilən hibrid toxumları əkib sizə 80-90 qəpiyə satsaq, alan deyilsiniz. O qiymətə şitil alsaq, xərci ən az 3 manat edəcək. 32-35 qəpiyi ödəyə bilməyən onu necə ödəyəcək? Xaricdən toxum gətirmək də kəndli üçün müşküldür. Şəxsən Polşadan 5 min toxum gətirə bilmədim. İcazə vermədilər, əngəl oldular. Gömrük rüsumu, daşınma xərci, qida təhlükəsizliyi kimi süni maneələr var. Ona görə də Bakıdan şirkətdən almağı təklif etdilər”.

“Odur ki, ölkə daxilində müəyyən şirkətlər hibrid toxumlardan laboratoriya şəraitində üçillik toxum götürüb təkrar əkin üçün bizə satırlar. 100 min orijinal toxuma 20-30 min götürülmə toxum qarışdırıb özlərinə biznes qururlar. Aylarla da kəndli bol məhsuldarlıq gözləyir. Min şitil əvvəllər iki ton məhsul verirdirsə, indi yarım ton güclə verir. Əvvəl bir salxımda 6-7 pomidor vardısa, indi ən yaxşı halda 3-4 ədəd olur”, – deyə o, monopolist şirkətlərin keyfiyyətli toxumlara müdaxilə etdiyini vurğulayır.

“Əkin sahələri imkanı olan sahibkar məmurların əlinə keçir”

Kəndlilər deyirlər ki, məqsəd də baha pestisid, gübrə vasitələri və keyfiyyətsiz toxum fonunda əkinin zamanla sahibkar məmurların əlinə keçməsidir.

“Gübrə və pestisidlərdə isə qiymətlər ən azı 3-4 dəfə artıb. Əkin sahələri də imkanı olan sahibkar məmurların əlinə keçir. Toxum, gübrə, pestisid, torpaq, işçi qüvvəsi onlardadır. Bazar da, qiymət də onlar üçün əlverişlidir”, – deyə Natiq İsmayılov qeyd edir.

“Ya kredit götürür, ya heyvan satır, ya da nisyə alırıq”

Kəndlilər bildiriblər ki, payızlıq istixana məhsullarının satış qiyməti isə məhsuldarlığa nisbətdə ürəkaçan deyil. Ayın əvvəlində daxili bazarlarda kiloqramı 2-2.50 qəpiyə olan pomidor indi ən yaxşı halda 1 manata satılır. Çəkilən xərc, işçi qüvvəsi və zəhmət müqabilində kəndli heç bir ay normal dolanışığını təmin edə bilmir.

Onlar deyirlər ki, əkin üçün istifadə edilən baha kənd təsərrüfatı vasitələrinin borcunu ödəməklə kifayətlənməli olurlar. Daxili bazar məhdudluğu və monopolist hökmranlıq kəndliyə normal qiymət diqtəsi hüququnu tanımır. Yazlıq qismən Rusiyaya ixrac olunursa, payızlıq daxili bazar üçündür.

Rusiyaya adətən iri sahibkarlar məhsul istehsal edir. Çünki keyfiyyətli toxum və tez yetişdirmə o bazarın tələbinə uyğundur. Təsadüfi deyil ki, bu ilin yanvar-avqust aylarında 139 milyon 545 min dollar dəyərində 116952 ton pomidor ixrac olunub.

Ötən ilin eyni dövründə isə ixrac 124 milyon 290 min dollar dəyərində 112 064 ton olub. Son iki il müqayisədə ixrac 4.4 faiz artıb. Bu il ümumi ixracın 0.77 faizi, qeyri neft sektoru üzrə isə ixracın təxminən 6.4 faizi pomidorun payına düşür.

Fermer Elnur Cəlalov da daxili bazarda yaranan problemlərdən şikayətçidir:

“6 min şitilə 12 min manat xərcim çıxıb. 4 il öncə kisəsi 18-20 manata olan gübrələrin qiyməti indi 90 manatdır. 4 dəfə artım deməkdir. Yazlıq əkinimi 2.80 qəpikdən 60 qəpiyə qədər satdım. Ancaq payızlıq əkinim üçün 7 ton məhsul planlayıram ki, hələ 2 tonunu yığa bilmişəm. Bu günə olan məzənnə 80-90 qəpikdir. Paytaxt, Gəncə marketlərində 2-3 manat arasındadır. Həmin market və paytaxt bazara çıxışı olan alıcılar sözləşib kəndlərdə bir qiymət qoyurlar. Kəndli də təklif yoxdur deyə ucuz satmaq məcburiyyətində qalır. Kəndlilər üçün bazar əlçatan olmalı, qablaşdırma, satış üçün şərait yaradılmalıdır. Rayon bazarları ilə məhdudlaşma qiymət diqtəsi yaradır. 6-7 ay zülm çəkən kəndli market sahibindən iki dəfə ucuz satır. Alıcılar əziyyət çəkmədən çox qazanırlar“.

“Xarici bazar da əldən çıxıb. Rusiya bazarının tələbləri ağırlaşıb. 10 gündən bir vurulan pestisidlərin bir litri 300 manat tutur. Bir dəfə vursan, 150 manatdır. Hər xəstəliyin öz dərmanı var. 12 min şitilin 2500 manat təkcə pestisid və gübrə xərci var. Digər örtük, ipləmə, şitil, suvarma, yanacaq xərcləri 12 mini ötür. Onu da ya kredit götürür, ya heyvan satır, ya da nisyə alırıq“, – Elnur Cəlalov belə deyir.

“Kəndliyə aqrar təsərrüfat naminə dəstək olunmalıdır, ya da iş yerləri açılmalıdır”

Məhz çətinliklərdən dolayı əkini azaldan və yaxud tərk edən kəndlilərin sayı da artır. İllərdir ki, çörəyi istixanadan çıxan Elməddin İsayev 10 minlik əkinlə bu il də ziyandadır. Xərcini güclə çıxaracağından dolayı əkini azaldacağını, iş tapacağı təqdirdə kəndi tərk edəcəyini deyir:

“Yazlıq əkinin xərcləri çox olur deyə payızlıq əkinə maraq göstərdik. 10 min şitilə 7 min xərcim var. Hələ xərcin yarısını çıxara bilməmişəm. Xərcimi götürsəm, gələn il payızlıq əkini az əkəcəyəm. Sərf etmir, sadəcə can, vaxt, vəsait gedir. Kəndlinin də gəlirinə min yerdən maneə var. Ya kəndliyə aqrar təsərrüfat naminə dəstək olunmalıdır, ya da iş yerləri açılmalıdır ki, tək məsuliyyət, xərc kəndlinin öhdəliyində qalmasın. O da normal yaşamaq istəyir”.

“Kəndli məhsulunu daxili bazarda normal qiymətə satmalıdır”

İqtisadçı ekspert Akif Nəsirli Meydan TV-yə deyir ki, kəndlilər üçün alternativ daxili və xarici bazar olmalıdır:

“Rusiyanın son 2 ildə iqtisadi böhran və müharibədən dolayı tək xarici bazar rolunu itirməsi məhsul istehsalçıları üçün alternativ daxili və xarici bazarın tapılması zərurətini ortaya qoyur. Əslində hökumət bazar tapmalı, seçməli deyil, normal idarəetmə ilə məşğul olmalıdır. Fermerlər özləri dünya bazarlarını öyrənməlidir. Özlərinə bazar tapmağa cəhd etməlidir”.

“Rayonlardakı kənd təsərrüfatı qurumlarının mütəxəssisləri bu işdə kəndlilərə, fermerlərə yardımçı olmalıdır. Əslində bu qurumlar aqrar sahədə öncül əkin və aqrar qulluğu da kəndliyə öyrətməlidir. Bu, onların vəzifəsidir. Kənd təsərrüfatı məhsullarının əsas təyinatı xaricə istehsaldan əvvəlcə daxili tələbatı ödəməkdir. Valyuta gətirməsi də məhsul istehsalçısının işi deyil, kəndli məhsulunu daxili bazarda normal qiymətə satmalıdır”, – deyə iqtisadçı bildirir.

“Alternativ bazarlar qaçılmazdır”

Ekspert deyir ki, yerli istehsalçılar Avropa bazarını keyfiyyətli məsul yetişdirə bilmədikləri üçün itirirlər.

Daxili bazarda isə hökumət mütləq ki, tək bazar anlayışından çıxmalı, azad iqtisadi rəqabət naminə əlavə bazar şəbəkəsi yaratmalıdır:

“Gərək fermerlər Avropa bazar standartlarına uyğun orqanik məhsul istehsal edə ki, bazara da rahat çıxsınlar. Məhsulun tərkibindəki elementlər normada olmalıdır. Bu bazar Rusiya bazarından iki dəfə sərf edər. Həm də təklifin tələbi üstələməsinə səbəb olur. Bu baş verərsə, məhsul istehsalçısı daxili bazarda sıxışdırılmaz, ucuz qiymət diqtəsi ilə üz-üzə qalmaz. Daxili bazarda da qiymət stabil qalar. Hökumət gərəkən addımları atmalıdır, daxili bazar diqtəsini aradan qaldırmalıdır. Meyvəli bazarının tək olması kəndlilərə, yəni məhsul istehsalçılarına çox vəsait xərclənməsinə, aşağı qiymətə satmasına, bazara yer pulu ödəməsi kimi bir sıra problemlərlə üz-üzə qoyur”.

“Bakı və Abşeronda, həmçinin digər iri şəhərlərdə bir neçə yerdə mövsümi bazar yaradılmalıdır, topdansatış yarmarkalar olmalıdır. Bu hökümət üçün çox xərc tələb edən iş deyil. Onda azad bazar şəraitində rəqabət olar. Bir əldən qiymət tələbi olmasın ki, məhsul istehsalçısı istədiyi normal qiymətə məhsulunu sata bilsin. Daxili bazar alverçiləri, dəllallar özləri gedib onlardan alsın. Çünki əksəriyyət kənd məhsulları kənddən paytaxta gələrkən qiymətində çox fərq olur. Yaxşı olar ki, zəhmətkeş alıcısı ilə özü əlaqə yaratsın. Bunun üçün də alternativ bazarlar qaçılmazdır”, – deyə o qeyd edib.

“İnflyasiya ilbəil iqtisadi çətinliklər, xərclər yaradacaq”

Ekspert yanacağın qalxmasını və inflyasiyanın artımını da kəndlilər üçün ciddi problem sayır:

“Yanacaq payızdan etibarən kənd təsərrüfatı üçün nəzərdə tutulan məhsulların maya dəyərində ciddi bahalaşmaya səbəb olur. Gübrə, pestisid və digər vasitələrdə qiymət artımı kəndlini çox çətin vəziyyətə salır. Məhz buna görə payız əkini daha çox xərclə kəndliləri üz-üzə qoydu. Ölkə daxilində həmin məhsulların istehsalı olmalıdır, ya da bir çox sahibkarların həmin məhsulları xaricdən gətirilməsi üçün şərait yaradılmalıdır ki, qiymətlər bu qədər baha olmasın. Hökumətin körüklədiyi inflyasiya ilbəil iqtisadi çətinliklər, xərclər yaradacaq”.

Ardını oxu...
Rusiyanın “Rosatom” şirkəti Özbəkistanla imzaladığı müqavilə əsasında bu ölkədə aşağı güclü atom elektrik stansiyası inşa edəcək. Bu müqavilə Rusiya Prezidenti Vladimir Putinin Özbəkistana son səfər zamanı imzalanıb.
Atom elektrik stansiyasının tikintisini Özbəkistan maliyyələşdirəcək. “Rosatom”un rəhbəri Aleksey Lixaçov tikintiyə vaxt itirmədən başlayacaqlarını bildirib. Rusiya şirkətinin Özbəkistanda tikintini sürətləndirməsinin səbəbi aydındır. “Rosatom” bu tikintini yekunlaşdırıb Daşkəndlə növbəti müqavilə imzalamaq istəyir. Özbəkistanın 2050-ci il üçüb enerji tələbatı indikindən iki dəfə artacaq. Atom elektrik stansiyasının ilk reaktoru 2029-cu ildə işə başlayacaq. Başqa dövlətlərin müvafiq şirkətlərinin də Özbəkistanda atom elektrik stansiyası inşa etməyə marağı var.
“Rosatom” Özbəkistanla yanaşı Qazaxıstanda da atom elektrik stansiyası inşa etmək istəyir. Qazaxıstan dünyanın ən iri uran istehsalçısıdır. 2020-ci ildə ölkə həmin radiaktiv metaldan 19,8 min ton hasil edib ki, bu da qlobal ehtiyatların 41 %-ə yaxınını təşkil edir. Odur ki, Rusiya Qazaxıstanda bazarında da böyük paya malik olmaq istəyir. Qazaxıstan hökuməti atom elektrik stansiyasının elektrik enerjisi çatışmazlığının 20%-ə qədərini ödəyə biləcəyi qənaətindədir. Rusiya Prezidenti Vladimir Putin atom elektrik stansiyasının tikintisi barədə qazax həmkarı Kasım-Jomart Tokayevlə 2019-cü ildə müzakirə aparıb. Şifahi razılıq var, atom elektrik stansiyasının tikiləcəyi məkan da razılaşdırılıb, bu Alma-ata yaxınlığındakı Ülkən qəsəbəsi olmalıdır.
Qazaxıstan Prezidenti ölkədə atom elektrik stansiyasının tikintisi qərarını təkbaşına vermək istəmir. Bu məsuliyyətli qərardır. Ona görə də Tokayev Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi ilə bağlı məsələni ümumxalq referendumuna çıxarıb. Referendum bu ilin 6 oktyabr tarixində keçiriləcək. Seçki məntəqəsinə gələnlərin 50 faizdən bir qədər artığının müsbət qərarına ehtiyac var. Referendumun nəticələrinin müsbət olacağını proqnozlaşdırmaq olar. Qazaxıstanda atom elektrik stansiyasının tikintisinə Fransa, Çin, Cənubi Koreya şirkətləri də maraq göstərir, ancaq tikintinin “Rosatom” şirkətinə həvalə ediləcəyi ehtimalı yüksəkdir.
Beləliklə, Rusiyanın “Rosatom” şirkəti Türkiyədə atom elektrik stansiyasının tikintisini davam etdirməklə yanaşı digər iki türk ölkəsində - Özbəkistan və Qazaxıstanda da atom elektrik stansiyası inşa edəcək. “Rosatom” şirkəti eyni təklifi rəsmi Bakıya da edə bilər. Azərbaycan hələ ki, alternativ enerji istehsalına üstünlük verir və bu istiqamətdə layihələr reallaşdırır. Bununla yanaşı əsas hədəflərdən biri Azərbaycandan Avropaya enerji ixracının artırılmasıdır. “Rosatom” şirkətinin rəhbərləri müxtəlif illərdə Azərbaycan rəsmiləri ilə görüşüblər. Bu görüşlərdə əsasən Azərbaycanda nüvə elmlərinin, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi mövzuları müzakirə olunub. Aydındır ki, bir gün Azərbaycan atom elektrik stansiyasının inşasına maraq göstərərsə, Türkiyə, Özbəkistan və Qazaxıstanda olduğu kimi əsas iddialı şirkət “Rosatom” olacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF
 
Ardını oxu...
"Azərbaycan və Ermənistanla birlikdə biz Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün mühüm bir fürsət əldə etdik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün səfər etdiyi Nyu-Yorkda ABŞ-də fəaliyyət göstərən bəzi analitik mərkəzlərin nümayəndələri türk evində təşkil edilən dəyirmi masada görüşü zamanı deyib.

“Region ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılması, eləcə də sülh və qonşuluq münasibətlərinin qurulması bizim təməl prinsiplərimizdəndir. Ölkəmiz bütün dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünə, eləcə də beynəlxalq hüquqa hörmətini vacib hesab edir. Bu gün müasir dünyanın sadaladığım prinsiplərə olduqca böyük ehtiyacı var”, - o deyib.

Təkcə dövlət rəhbərləri və rəsmiləri deyil, həmçinin bir çox analitiklər də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, regionda kommunikasiya xətlərinin açılmasının Cənubi Qafqazda daimi sülhün və təhlükəsizliyin bərqərar olunmasına töfhə verəcək mühüm amil hesab edirlər.

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, münaqişələrdən yayınmanın ən yaxşı yolu dövlətlərarası əməkdaşlıqdan keçir:

“Dünyada mövcud olan dövlətlər arasında bu və ya digər məsələlər ilə əlaqədar problemlər, bir çox hallarda isə ərazi mübahisələri ilə bağlı münaqişələr var.

Amma bəzi dövlətlər problemlərin və mübahisələrin müharibəyə səbəb olmaması üçün qarşılıqlı təmaslar və əməkdaşlıq yolunu seçirlər. Dövlətlər arasında əməkdaşlığın genişlənməsi münaqişənin alovlanması və müharibənin başlanması ehtimalından yayınmanın ən münasib variantıdır.

Bu baxımdan, Azərbaycanla Ermənistan arasında regional kommunikasiyaların açılması və əməkdaşlığın qurulması regionda sülhün bərqərar olunmasına töfhə verəcək.

Bildirim ki, regionda sülhün taleyi, Azərbaycanla Ermənistan arasında normal münasibətlərin formalaşması tam olaraq rəsmi Bakı ilə İrəvan arasındakı təmaslardan asılı deyil. İstər əməkdaşlıq mexanizmləri, istərsə də kommunikasiyaların açılması bu məsələdə yardımçı xarakteri daşıyacaq.

Əsas məsələ budur ki, hazırda bir sıra güc mərkəzləri Cənubi Qafqaz üzərində geostrateji və geosiyasi mübarizəyə cəlb olunublar. Özünü güc mərkəzi hesab edən ölkələr Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsində maraqlıdır.

Çünki onlar bu münaqişədən regionda öz maraqlarını və mənafeyini təmin etmək üçün bir vasitə kimi istifadə edirlər. Bu da regionda sülhün təminatına imkan vermir.

Yalnız güc mərkəzləri öz iddialarından əl çəkdiyi təqdirdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsinə yol açılacaq.

Buna baxmayaraq, Azərbaycanla Ermənistan arasında təmasların intensivləşməsi münaqişə ehtimalını azaldacaq”.
 
Ardını oxu...
Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hakimiyyəti ələ keçirməyi cəhd edən cinayətkar dəstənin planının üstünü açıb.

İstintaq Komitəsinin məlumatına görə, aktiv əməliyyat tədbirləri zamanı təxminən 30-a yaxın axtarış aparılıb, dindirilmələr nəticəsində yeddi nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyən digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqlarına dair sübutlar toplanıb.

İstintaq orqanları iddia edir ki, şübhəlilər 2024-cü il ərzində Ermənistan vətəndaşlarını, eləcə də Qarabağdan olan erməniləri Rusiyada üç aylıq hərbi təlim keçmək və ağır silahların yeni növlərindən istifadə vərdişlərinə yiyələnmək, Ermənistana qayıtdıqdan sonra isə döyüş növbəsini yerinə yetirmək adı altında ayda təxminən 220 min rubl mükafat müqabilində cinayətkar fəaliyyətə cəlb ediblər. Lakin sonradan məlum olub ki, qruplaşmanın təşkilatçılarının məqsədi hərbi təlim yox, Ermənistanda hakimiyyəti ələ keçirmək olub. Cəlb edilənlərin bəziləri çevrilişdə iştirakdan imtina edərək, Ermənistana qayıdıblar.

“Otuza yaxın axtarış və dindirmədən sonra Ermənistan vətəndaşları S.Q., A.E., A.Q., habelə Dağlıq Qarabağın keçmiş sakinləri A.M və A.S. S., şəxsiyyətləri hələlik istintaq tərəfindən müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olaraq, Ermənistanda hakimiyyəti zorakılıqla ələ keçirmək üçün şərait hazırladıqları barədə məlumat əldə olunub”, - İstintaq Komitəsinin bəyanatında deyilir.

7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4-ü barəsində isə axtarış elan olunub.

Aydındır ki, bu informasiya Ermənistan rəhbərliyinin icazəsi olmadan ictimaiyyətə açıqlana bilməzdi.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Ümumerməni Forumunda çıxışı zamanı bəyan edib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudiyyətinə və suverenliyinə təhdidlər yaradır.

"Ermənistan KTMT-də iştirakını dondurub, çünki bu struktur respublikanın suverenliyinə təhdidlər yaradıb", - Paşinyan bildirib. Ermənistanın baş naziri vurğulayıb ki, Ermənistan KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtəyə” yaxındır.

Amma ən qəribəsi odur ki, o, İrəvanın nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində olmadığını əlavə edib.

Bu, mahiyyət etibarı ilə o deməkdir ki, Ermənistan anti-Rusiya sanksiyalarından yan keçmək üçün Moskvaya kömək etməkdə davam edəcək və bu köməyin tempi daha da artacaq.

Xatırladaq ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası ilə Ermənistan arasında ticarət dövriyyəsinin 14-16 milyard dollara çata biləcəyini bəyan edib. Bu isə iki dəfədən çox artım deməkdir. 2023-cü ildə Ermənistan-Rusiya ticarət dövriyyəsinin 56% artdığını nəzərə alsaq, bu tendensiyanın güclənməkdə davam etdiyi aydındır.

Qəribə ziddiyyət ortaya çıxır. Paşinyan bir tərəfdən Ermənistanda çevriliş hazırlayan Rusiyapərəst qüvvələri həbs edir, KTMT əleyhinə növbəti kəskin bəyanatla çıxış edir, sonra isə çıxış tonunun dəyişmədən Rusiya və Kremlin yaratdığı Aİİ ilə iqtisadi əlaqələri kəsmək fikrində olmadığını bəyan edir. Bundan başqa, o, Kazanda keçiriləcək BRICS sammitinə də gedəcək. Bütün bunlardan sonra Paşinyanın əslində nəyə can atdığını və onun xarici siyasət istiqamətinin nədən ibarət olduğunu anlamaq çox çətindir.

Rusiyalı analitik, Demokratik Seçim siyasi partiyasının həmsədri, “Liberal Missiya” Fondunun (Moskva) idarə heyətinin üzvü Sergey Javoronkov bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Ermənistan (xüsusən də onun hökuməti) iki əks tendensiya ilə üzləşib. “Bir tərəfdən Putinin Ermənistana nifrəti və onu Sarqsyanla Koçaryanın rəhbərlik etdikləri Qarabağ klanını devirdiyinə görə cəzalandırmaq istəyi göz qabağındadır. Koçaryanın həbsdə olduğu müddətdə Putinin iki dəfə onu bayram münasibətilə təbrik etməsi Rusiya diplomatiyasında kifayət qədər qəribə təcrübədir. Bu onun Rusiya prezidentinə nə qədər yaxın olmasının göstəricisidir. Putin məhz buna görə də 2020-ci il müqaviləsini açıq şəkildə pozaraq, münaqişənin yenidən qızışdığı bir vaxtda “sülhməramlılara” heç nə etməməyi əmr etmişdi”, - politoloq qeyd edib.

Digər tərəfdən, o deyir ki, əvvəllər Ermənistan ixracatının təqribən 35%-i Rusiya Federasiyasının payına düşürdüsə, indi təkrar ixracat hesabına bu rəqəm 40%-ə yüksəlib. Bu ixracat əsasən kənd təsərrüfatı mallarıdır ki, Rusiya Federasiyası onu asanlıqla əvəz edə bilər. “Ermənistan bu ixracatı itirmək istəməz. Bundan başqa, aydındır ki, hazırda Cənubi Qafqaz Qərb ölkələri üçün prioritet istiqamət deyil, oradan gələn köməyin artacağına ümid etmək olmaz. Ona görə də, Ermənistan hakimiyyəti üçün bu ixracatı qoruyub saxlamaq vacibdir. Onların bunun üçün təsir rıçaqları var - Ermənistandakı Rusiya bazalarının ləğvi təhlükəsi. Onların praktiki olaraq əhəmiyyəti azdır, lakin Rusiya hakimiyyəti üçün onlar mental baxımdan əhəmiyyətlidir. Və beləliklə, Rusiya ilə “soyuq sülh” vəziyyəti qorunur. Bununla yanaşı, daxili siyasi məsələlərdə Qarabağ münaqişəsindəki məğlubiyyətin məsuliyyətini Rusiya Federasiyasının üzərinə qoymaq vacibdir və bunun əsassız olduğunu da söyləmək olmaz. Strateji baxımdan isə bu administrasiya zamanı Ermənistan tədricən Qərbə doğru istiqamətlənəcək”, - Javoronkov hesab edir.
 
Ardını oxu...
Heç kim çıxıb özünün cavabdeh olduğu sahədəki yarıtmaz, yaramaz fəaliyyəti nəticəsində əhaliyə yaradılan süni problemlərin səbəbi və həlli yolları barədə hesabat, izahat vermək istəmir, özünü buna borclu hesab etmir. Sanki yüksək vəzifəli nazirlər, deputatlar, məmurlar, hətta kiçik ixtiyar sahibləri belə bu ölkənin insanına qarşı saymazlıq, yekəxanalıq, hörmətsizlik yarışına çıxıblar...

Bu nədir - “Formula-1”, bu nədir – beynəlxalq tədbir, festival, bu nədir – yüksək ranqlı qonaq gəlib və sair. Olsun. Azərbaycan dünyada tanınsın, sayılsın, seçilsin. Amma bu ölkənin vətəndaşının da sayılması, seçilməsi lazımdır axı!

Vəzifəli şəxslərin çoxu bunu qəbul etməsə də, bu ölkənin ən böyük sərvəti, onun “sifəti” neft, qaz, kürü və s. yox, onun vətəndaşıdır! Onu “o tədbir, bu tədbir” adı ilə küçələrdə, tıxaclarda süründürəndən, yorandan, əsəb, ürək xəstəsi edəndən, işindən, çörəyindən ayrı salandan sonra bu tədbirlərin nə mənası, nə əhəmiyyəti, nə xeyri qalır?

Hələ beynəlxalq tədbirlər bir yana, yollardakı saqqız kimi uzanan və bitmək bilməyən, çox zaman da lüzumsuz olan təmir işləri də bir yandan tıxaclara səbəb olur. Məsələn, hazırda xeyli müddətdir ki, "8 noyabr" prospektində təmir gedir. Bu səbəbdən avtomobil sahiblərinin çoxu yolunu dəyişərək, Babək prospektinə və digər yollara çıxırlar ki, bir təhər mənzil başına çatsınlar. Bu səbəbdən də digər yollarda və demək olar bütünlükdə şəhərdə böyük tıxaclar yaranır. Əslində, həmin təmir-tikinti işlərini ən azından dərs ili başlayanadək, yayda görüb bitirmək olardı. Ancaq etmədilər və bu, hələ dərdin yarısıdır.

Digər bəla isə işlərin çox ləng aparılmasıdır. Hər gün "8 noyabr" prospekti ilə gələnlər şahiddirlər ki, burada təmir işləri çox ləng, zəif aparılır, ya da günün bəzi saatlarında ümumiyyətlə aparılmır. Məsələn, səhər saatlarında təmir gedən yol boyu cəmi 2-3 texnika və bir neçə fəhlə görmək olar. Ancaq məntiqlə az qala bütün paytaxtda nəqliyyatın iflic olmasına səbəb olan bu yoldakı təmir işləri gecə-gündüz, durmadan aparılmalıdır ki, iş tez bitsin və yollar açılsın. Lakin heç kim buna məhəl qoymur, təmir aparan quruma, şirkətə isə gözün üstə qaşın var deyən yoxdur...

Ümumiyyətlə, Bakının tıxac, yol infrastruktur problemilə bağlı heç bir qurum çıxıb izahat vermək, bunun nə zaman və necə həll olunacağı ilə bağlı nəsə demək istəmir. Heç kim özünü buna borclu saymır – nə AYNA, nə Avtomobil yolları Dövlət Agentliyi, nə də Yol Polisi. Hansı ki, bu, onların hər birinin ayrı-ayrılıqda boynunun borcudur, vəzifəsidir. Onlar bu işə lazım gələrsə, elmi cəhətdən yanaşmalı, nəticə yox, səbəbi müəyyən etməli və çıxıb izahat, hesabat verməli, məsələnin həlli yollarını, müddətini göstərməlidirlər. Ancaq heç birindən səs çıxmır. Çünki əsas vəzifələrini iş görməkdə, bu iş barədə xalqa hesabat verməkdə, insanların həyatını yüngülləşdirməkdə, yox, əksinə, xalqa əziyyət verməkdə, cərimə yazmaqda, rüşvət yığmaqda, büdcə vəsaitini talamaqda və s. görürlər! Məhz onların yarıtmaz və başıpozuq fəaliyyəti nəticəsində Azərbaycan dünyanın heç də ən çox avtomobilləşən ölkələri sırasında yer almadığı halda, ən çox tıxac yaşanan (xüsusilə də Bakıda) ölkələrindən birinə çevrilib.

Bəli, bölgələrimizdə iş yerləri azdır, əhali iş, çörək daliyca pataxta axışır, urbanizasiya artır və sair. Lakin urbanizasiya başqa ölkələrdə, bütün dünyada var. Ancaq normal, sivil, məsuliyyətli, hesabatlı idarəetmə sistemi olan ölkələrin çoxunda bu problemin öhdəsindən böyük ölçüdə gələ bilirlər. Avtomobilləşmə səviyyəsi aşağı olan Azərbaycanda isə vəziyyət günbəgün daha da pisləşir...

Mütəxəssislər tez-tez müqayisə gətirirlər ki, 10 milyon əhalisi olan İsveçdə 6 milyon avtomobil olduğu halda, Bakıdakı kimi tıxaclar yoxdur. Bizdə isə avtomobil sayı qat-qat az olmasına baxmayaraq, Bakının içərisində bir ünvandan digərinə - işinə, evinə, xəstəxanaya və s. gedən vətəndaş saatlarla yollarda, tıxaclarda qalır. Mütəxəssislər onu da vurğulayırlar ki, adambaşına düşən avtomobil sayını nəzərə alsaq, Bakıda tıxac olmalı deyil. Amma var. Tıxac var, lakin bunun izahını verən, gerçək səbəbini və bundan çıxış yollarını, müddətini göstərən dövlət qurumu, orqanı yoxdur!

Məsələnin texniki tərəflərini bilmirik, bunu mütəxəssislər oturmalı, aydınlaşdırmalıdır. Ancaq onu bilirik ki, tıxac və müvafiq qurumların yarıtmaz, yaramaz fəaliyyətindən irəli gələn bütün buna bənzər problemlər yalnız Azərbaycan insanı sayılanda, hesablaşmalı olanlar onunla hesablaşanda həll olunmağa başlayacaq...

Elxan Qüdrətoğlu

“AzPolitika.info”
 
Ardını oxu...
"Qısa zamn ərzində 5 min insan ölə bilərdi. Bunu İsrailin bütün qırmızı xətləri aşması kimi qiymətləndiririk".

Bunu “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah telemüraciəti zamanı bildirib.

Onun sözlərinə görə, İsrail mülki rabitə vasitələrini partlatmaqla Livanın müxtəlif ərazilərində kütləvi qırğın törətməyi planlaşdırııb.

Hizbullah lideri peycer partlayışlarına görə qisas alacaqlarını vəd etsə də, tələsməyəcəklərini vurğulayıb.
 
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın xarici ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. Rusiya ilə ixracatda və idxalatdakı bu artım ondan xəbər verir ki, Kremlə lazım olan bir sıra məhsullar Ermənistan vasitəsilə reeksport olunur. Bu durumda Avropa İttifaqının, eləcə də ABŞ-ın sanksiyalar fəlsəfəsinə uyğun olaraq Ermənistana qadağalar tətbiq olunmalıdır.

Bu sözləri Axar.az-a iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

O, süni şəkildə xarici ticarət dövriyyəsində baş verən kəskin artımların Ermənistanın sanksiyalardan yayındığını deməyə əsas verdiyini diqqətə çatdırıb:

“Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsi çox fərqli dairələrdə - Avronest parlamentlərarası iclasında belə müzakirə olundu, xarici ekspertlər tərəfindən xüsusi təqdimat həyata keçirildi. Amma təəssüf ki, Qərbdə rəsmi dairələr bu məsələyə göz yumurlar. Bu da Qərbdə ermənipərəst mövqeyin və ikili standartların olmasından xəbər verir. Faktiki olaraq Qərbin öz standartları ilə Ermənistana sanksiya tətbiq olunmalıdır, əvəzində isə dəstək müşahidə edirik”.

Millət vəkili bildirib ki, Azərbaycan QHT-lərinin bununla bağlı ABŞ və AB-nin müvafiq qurumlarına ünvanlandığı müraciət tam şəkildə əsaslandırılıb:

“Burada Ukrayna müharibəsi başladıqdan sonra Ermənistan-Rusiya arasındakı ticarət dövriyyəsində baş verən ciddi dəyişikliklər rəqəmlərlə göstərilib. İllər üzrə ticarət dövriyyəsi ilə bağlı rəqəmlər təsdiq edir ki, Ermənistan reeksport vasitəsilə məhz Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa şərait yaradır. Təbii ki, məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə əsaslandırılmış mövqeyin təqdim edilməsi mahiyyətcə vacibdir. Bu konteksdən də ümid edək ki, Qərb dairələri bu müraciətə ciddi yanaşacaq, problemli prosesi qərəzsiz öyrənib, Ermənistana qarşı sanksiyaların tətbiqini həyata keçirəcəklər”.

Millət vəkilinin sözlərinə görə, bu məsələ Azərbaycan rəsmi olaraq həyata keçirəcəyi iş deyil:

“Əslində bunun vətəndaş cəmiyyəti, ekspertlər, eyni zamanda təbii ki, parlament üzvləri tərəfindən gündəmə gətirilməsi daha məqsəduyğundur. Azərbaycan dövlətinin bu istiqamətdə görə biləcəyi iş çox azdır”.
 
Ardını oxu...
Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı- istehlakçı (qaz, su, kanalizasiya enerji, rabitə, telefon və sair digər kommunal xidmətləri üzrə): işlərin icra edilməsi və sair xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən ikitərəfli müqavilə bağlamağa borcludur.
İstehsalçı öz istehsalat və ya digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə, fasiləsiz təmin edilsin. İstehsalçılar- müqavilələr üzrə işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi və sair ilə əlaqədar istehlakçıya - əhaliyə dəyən ziyanın əvəzini də ödəməyə borcludur
Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı- istehlakçılar Müqavilədə bir vacib məqamı yaddan çıxarırlar. Bağlanmış müqavilədə bu müqavilənin tərəfindən biri kimi onların hüquqları olduğu kimi, vəzifə və öhdəlikləri də vardır. Və bu vəzifələrə və ya öhdəliklərə görə onların da məsuliyyətləri vardır.
Praktikada bu müqavilələr adətən istehsalçı tərəfindən - hazırlandığı üçün əksər hallarda da onların məsuliyyəti nəzərdə tutulmur. lakin, hətta müqavilədə yazılmasa belə, bu qurumların, yəni, istehsalçıların belə bir məsuliyyəti vardır.
Praktikada müqavilələrlə əlaqədar istehsalçı tərəfin digər tərəfi, yəni əhalini dəymiş ziyan və ya borclarla əlaqədar məhkəməyə verdiyi hallara çox rast gəlinir, lakin əhalinin ziyan və digər səbəbdən məhkəməyə vermə hallarına demək olar ki, rast gəlinmir.
Azer Quliyev
TEREF
 

Dünyapress TV

Xəbər lenti