Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığının detallarından biri də Naxçıvanla bağlı idi. Belə ki, liderlər müzakirə zamanı Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Naxçıvana yol açıldıqdan sonra onun statusu dəyişə bilərmi? Bu məsələnin hüquqi əsası necədir?

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Naxçıvanın statusu ilə bağlı xeyli müddətdir müzakirələr gedir.

Ətraflı videoda:

“Hətta konstitusiya dəyişikliyi ilə bağlı keçirilməsi gözlənilən referendumda Naxçıvan barədə də bəzi yeniliklərin olacağı proqnozlaşdırılır. Amma inanmıram ki, Naxçıvanın muxtar statusu ləğv olunsun. Sadəcə, Azərbaycanın mərkəzi hakimiyyətindən asılılığının artırılması, bəzi səlahiyyətlərin azaldılması və s. ola bilər.

Naxçıvana yolun açılması böyük mənada heç nəyi dəyişmir. Çünki bura hələ də ölkənin əsas ərazilərinə birləşmiş hesab olunmur. Belə ki, arada olan torpaq Ermənistan ərazisidir. Deməli, muxtariyyəti aradan götürmək ərazinin idarə olunmasında ciddi problemlər yarada bilər. Digər tərəfdən Naxçıvan Muxtar Respublikası Moskva və Qars müqaviləsi şərtlərinə əsasən yaradılıb və bu, Naxçıvan Konstitusiyasının preambulasında da qeyd edilib”.

Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə Naxçıvanın muxtar statusunu ləğv etmək maraqlarımıza uyğun deyil:

“Çünki gələcəkdə hətta sülh müqaviləsi bağlansa da, Ermənistan Naxçıvan üçün təhdid olaraq qalacaq. Hazırkı status Naxçıvanı beynəlxalq səviyyədə qorumağa əlavə hüquqi əsaslar verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi açılacağı halda Naxçıvan iqtisadi maraqlar cəhətdən beynəlxalq səviyyədə diqqət mərkəzində olacaq və regionda azad iqtisadi zona kimi fəaliyyət göstərə biləcək. Bunun üçün muxtar status daha vacib və cəlbedicidir. Amma respublikanın statusunda dəyişikliklər edilə bilər.

90-cı illərdə Naxçıvanın muxtar statusu indikindən qat-qat məhdud idi. Sonradan referendumla artırıldı. Yenidən statusu azalda bilərlər. Məsələn, Naxçıvan Ali Məclisi ləğv oluna, yaxud əsas səlahiyyətlər Bakı tərəfindən müəyyən olunacaq icra orqanlarına verilə bilər”.
 
Ardını oxu...
Ermənistan tərəfi iddia edir ki, Azərbaycan hücum edəcək. Sual yaranır, əgər Azərbaycan tərəfi hücum edəcəksə, atəşkəsi niyə Ermənistan tərəfi pozur? Öncə buna cavab tapmaq lazımdır.
Bununla bağlı müxtəlif iddialar ortaya atmaq olar. Ancaq hansının gerçək olub-olmayacağını isə zaman göstərəcək. Ümumiyyətlə, Zəngəzur istiqamətində müharibənin olacağı Qərb institutları tərəfindən uzun zamandır ki, irəli sürülür. Hətta konkret olaraq Kəlbəcər-Naxçıvan istiqaməti göstərilir. Niyə Zəngilan istiqaməti yox? Çünki İranla sərhəddir və rəsmi Tehranın necə davranacağını əvvəldən demək mümkün deyil. Məsafənin qısalığı da Naxçıvan-Kəlbəcər istiqamətini işarə edir. Atəşkəsin pozulma yerləri də məhz bu istiqamətdir. Gələk variantlara.
İlk ağla gələn variant Ermənistan tərəfinin kəşfiyyat xarakterli addımlarıdır. Belə ki, qarşı tərəf həmin istiqamətdə atəşkəsi pozaraq, kvadrokopterlər qaldırıb, Azərbaycan tərəfinin “nəbzini yoxlayırlar”. Ən əsası isə hazırlığın hansı səviyyədə olmasına aydınlıq gətirirlər. Ermənistan tərəfi artıq bilir ki, onların havalandırdığı kvadrokopterlərin, PUA-ların işi asan olmayacaq. Çünki Azərbaycan tərəfinin Hava Hücumundan Müdafiə bölmələri bütün sərhəd boyu hava məkanına nəzarət edə bilir. Bəzən bizim üçün ən adi gələn atəşkəsin pozulması halları belə qarşı tərəf üçün böyük informasiyalar ola bilir. Ona görə də, atəşkəsin pozulması hallarına o qədər də sıradan bir şey kimi baxmaq olmaz. Atəşkəsin pozulması həm də hazırlıq deməkdir. Misal üçün 44 günlük müharibədən əvvəl atəşkəsin pozulması halları ən minimum həddə çatmışdı. O mərhələyə qədər tərəflər hər şeyi müəyyən etmişdi. Ona görə də, atəşkəsin pozulması tərəflər üçün heç nə vəd etmirdi. Bundan əlavə, atəşkəsin pozulması gərginlik deməkdir. Regionda gərginliyin qalmasını istəyən güclər də bunda maraqlıdır. Hesab edirəm ki, Ermənistan tərəfi ona verilən bu tapşırığı canla-başla yerinə yetirir.
Müharibələr, toqquşmalar üçün səbəblər, bəhanələr lazımdır. Anti-terror əməliyyatından sonra hər iki dövlət öz sərhədlərinə çıxıb. Bu o deməkdir ki, indiki məqamda baş tutacaq hərbi əməliyyatlar zamanı tərəflərdən biri digərinin ərazisinə daxil olacaq. Açığı yalnız mövqe döyüşlərinin keçiriləcəyi inandırıcı deyil. 44 günlük müharibədən sonra dəfələrlə yazmışam ki, Azərbaycan və Ermənistan ərazisində yenidən toqquşma olacağı təqdirdə, bu dəfə münaqişə ocağı Ermənistan ərazisində olacaq. Hələ də bu fikrimdə qalmaqdayam. Ancaq bu münaqişənin olması üçün bəhanə, səbəb tapmaq şərtdir.
Ermənistanın silahlandırılmasını Azərbaycan mediası və ekspertləri hər gün tirajlayır. Ancaq bu silahlanmanın Azərbaycana təhdid yaradacağı ilə bağlı Azərbaycan tərəfi beynəlxalq qurumlar şikayətlər etməlidir. Ermənistan tərəfi müdafiə qabiliyyətinin artırılması üçün silahlandığını dilə gətirə bilər. Ancaq Azərbaycan tərəfinin də borcudur ki, bu silahlanmanın ona təhlükə yaratdığını sübut etsin. Yəni, Biləcəridən o yana keçmək lazımdır. Bizim informasiya savaşçılarımız uğur kimi Ermənistan mediasında onlara istinad edilməyi görürlər. Ermənistan informasiya maşını isə bundan geninə boluna istifadə edərək dünya mediasına çıxardır.
Ermənistan ordusunun bunkerlər, dərinləşdirlmiş, möhkəmləndirilmiş müdafiə xətti qurmağını yazıram, bəziləri dronlarla onları dağıdacağımızı deyir. Müharibə, toqquşma adı gələndə hərbi ekspertlər bir çoxu öncə dron adı çəkir. Bu müharibədən bixəbərlikdən başqa heç nə deyil. Sual yaranır, Hadrutdan sonra Şuşa istiqamətində dron istifadə olundu? Yox! Niyə? Çünki müharibə düzəndən dağa qalxdı və duman, bulud dronların hərəkətlərini iflic etdi. Başqa bir sual. Anti-terror əməliyyatı zamanı drondan istifadə olundu? Bunun da cavabı eynidir. Dronlar havaya qaldırıldı, ancaq əraziyə girə bilmədilər. Çünki hava dumanlı, buludlu, yağışlı idi. Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycan sərhədi başdan başa dağlıq ərazilərlə əhatə olunub. Ona görə də, hansısa toqquşma baş verərsə, hava şəraitinə uyğun olaraq drondan istifadə etmək olar. Belə olan təqdirdə güc düşür piyadalara.
Bufer zona yaratmaq olar? Mümkün variantdır. Ancaq bufer zona gərginliyi azaldan amil ola bilməz. Yalnız sərhədin təhlükəsizliyini qoruya bilər. Dəhlizin açılması üçün ən uyğun variant Ermənistan Azərbaycana səbəb verəcəyi təqdirdə, sürətli hücum, qısa zamanda qarşıdakı bölmələrin dağıdılması, yol qovşaqlarının tutulması və kapitulyasiyadır. Bununla da ordu yenidən öz yerinə qayıdır və proses yekunlaşır. İşğal faktoru da olmur. Hesab edirəm ki, bunu Ermənistan tərəfi də nəzərə alıb və ona görə də sərhəd istiqamətində mövqeləri möhkəmləndirmək üçün maksimum səy göstərir.
Ümumiyyətlə, ermənilərlə azərbaycanlılar arasındakı münaqişələrin xarakteristikasına baxdıqda, danışaraq anlaşıldığı görülməyib. İndiki prosesin də danışaraq, həll ediləcəyi inandırıcı deyil.
Səxavət Məmməd
TEREF
 
 
 
Ardını oxu...
Maraqlı ölkədə yaşayırıq, sağ olsunlar, hər gün bir neçə analoqu olmayan xəbər çıxır, darıxmırıq.
Dünyanın hər yerində Həmkarlar Təşkilatı hökumətlərin “düşməni” olur, yəni, işçi hüquqlarına görə hökumətlərlə “savaşır”, bəzən tətil elan edir, danışıqlar aparır, əməkçilərin gözləntilərini qarşılayır.
Azərbaycanda 1,5 mln. rəsmi üzvü olan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), 1993-cü ildən bu qurumun sədri olan Səttar Möhbalıyev var. Səttar müəllim Milli Məclis seçkilərində yenidən namizəd olub, deputat fəaliyyətini davam etdirmək istəyir, deyir ki, vaxtı çatmır, istefa verib gedir.
Səttar müəllim Əli Həsənovula yaxın qohumdur, yəni, bizdə Həmkarlarla hökumət “düşmən” deyil, yaxın qohum idilər.
Səttar müəllim yerinə Sahib Məmmədov adlı şəxs gətirildi – o, hökumətin içindən gəldi, İqtisadiyyat Nazirinin müavini idi. Yəni, bu dəfə Həmkarlar hökumətlə “qohum” olmadı, birdəfəlik hökuməti başa çıxartdı. Məntiqlə indi Sahib müəllim işçi-əməkçi hüquqlarını hökumət qarşısında qorumalı, məsələn, Mikayıl müəllimin, öz keçmiş rəhbərinin (çox güman, son təyinatında da rolu olan şəxsdir), nazirinin qarşısına çıxıb, “siz niyə işçi hüquqlarını pozursuz”, deməlidir. Deyər-deyər, məncə deyər, deməz ki?! İnanmırsız?!
Natig Cəfərli
TEEF
 
Ardını oxu...
Kamala Harris və Donald Tramp arasındakı siyasi rəqabət ABŞ-nin gələcək siyasi mənzərəsinə ciddi şəkildə təsir edə bilər. Bu qarşıdurma iki fərqli siyasi yanaşmanı təmsil edir və müxtəlif sosial, iqtisadi və siyasi məsələləri əhatə edir. Analiz edərkən hər iki namizədin siyasətini, güclü və zəif tərəflərini, həmçinin seçki mühiti və seçici davranışını daha dərindən nəzərdən keçirmək faydalı olacaqdır.

Kamala Harris hazırkı ABŞ vitse-prezidenti olaraq, sosial bərabərlik və iqtisadi ədalət məsələlərini ön planda tutur. Harris-in siyasət proqramı, sosial ədalət, iqlim dəyişikliyi, sağlamlıq xidmətləri və iqtisadi bərabərlik kimi sahələrdə geniş islahatları əhatə edir.

Harrisin sosial ədalətə yönəlmiş yanaşması, xüsusilə irqçilik, gender bərabərliyi və sosial təsirlərlə mübarizəni vurğulayır. Bu yanaşma azlıqlar və sosial ədalət tərəfdarları arasında geniş bir dəstək qazanır. Sağlamlıq xidmətləri və iqlim dəyişikliyi məsələləri də Harrisin platformasında ön plandadır, bu da onu müasir problemlərə həllər təqdim edən bir lider kimi təqdim edir.

Bununla yanaşı, Harrisin proqramları geniş və kompleks olduğundan onların həyata keçirilməsi çətinliklərlə qarşılaşa bilər. Sosial və iqtisadi islahatlar bəzən mübahisələrə səbəb olur və bəzi seçici qruplarının narazılığına səbəb ola bilər. Demokratik partiya daxilində fərqli qanadların mövcudluğu Harrisin siyasi mövqeyini və seçki strategiyasını təsir edə bilər. Bu, onun seçki kampaniyasını çətinləşdirə bilər, çünki partiya daxilindəki müxtəlif fikirlər və yanaşmalar arasında balans saxlamaq tələb olunur.

Donald Tramp isə respublikaçı partiyanın lideri olaraq konservativ sosial və iqtisadi dəyərləri vurğulayır. Trampın platforması iqtisadi inkişafı, sərhəd təhlükəsizliyini və mühafizəkar sosial siyasətləri ön plana çıxarır. Onun populist yanaşması, xüsusilə orta sinif seçicilərini və sosial mühafizəkarları cəlb edir, çünki Tramp iqtisadiyyatın canlandırılması və sərhəd təhlükəsizliyini gücləndirmək məsələlərini prioritet edir.

Trampın media ilə münasibətləri də genişdir və bu, onun mesajlarının geniş auditoriyaya çatdırılmasına kömək edir. Onun qeyri-ənənəvi yanaşmaları və provokativ ritorikası seçici bazasında güclü bir dəstək yaratmışdır. Bu, onun siyasi platformasının və seçki kampaniyasının önəmli bir hissəsidir.

Trampın idarəetmə dövründə ortaya çıxan mübahisələr və tənqidlər, seçici bazasında qeyri-müəyyənlik yarada bilər. Trampın sərt siyasət yanaşmaları və bəzi mübahisəli qərarları bəzi seçici qruplarını uzaqlaşdırmış ola bilər. Beləliklə, Trampın daha geniş seçici bazasını qazanmaq üçün daha yumşaq yanaşmalara və dəyişikliklərə ehtiyac duyulacaqdır.

Kamala Harris və Donald Trump arasındakı rəqabət seçki mühitindəki dinamiklər və seçici davranışları ilə də əlaqəlidir. Seçici davranışları siyasi kampaniyaların yönünü, seçki mövzularını və nəticələri təsir edən əhəmiyyətli faktordur.

İlk növbədə, ABŞ iqtisadiyyatı və sosial şərtlər seçicilərin mövqeyini müəyyən etməkdə mühüm rol oynayır. İqtisadi böyümə, işsizlik səviyyəsi, inflyasiya və sosial problemlər, seçicilərin kimə dəstək verəcəyini təsir edə bilər. Kamala Harrisin iqtisadi bərabərlik və sosial ədalət məsələlərinə fokuslanması, sosial və iqtisadi şərtlərlə uyğunlaşaraq müsbət təsir yarada bilər. Eyni zamanda, Donald Trampın iqtisadi inkişaf və sərhəd təhlükəsizliyini vurğulaması, iqtisadi və sosial problemlərə qarşı mübarizəyə diqqət yetirərək seçicilərin dəstəyini qazana bilər.

İkinci növbədə, mediayla münasibətlər və sosial şəbəkələr seçki mühitini və kampaniya strategiyalarını formalaşdıran vacib amillərdəndir. Kamala Harris sosial şəbəkələrdə sosial ədalət və bərabərlik mövzularını təşviq edərək seçicilərlə əlaqə qurur. Donald Tramp isə media və sosial şəbəkələrdə geniş iştirak edir və bu, onun populist yanaşmasını və mesajlarını daha geniş auditoriyaya çatdırmaqda kömək edir.

Son olaraq qeyd edilməlidir ki, demokratlar və respublikaçılar arasındakı daxili dinamiklər də seçkilərin nəticələrinə təsir göstərə bilər. Demokratik partiya daxilindəki müxtəlif qanadlar və mübahisələr Kamala Harrisin seçki kampaniyasını çətinləşdirə bilər. Respublikaçı partiyada isə Trampın liderliyi və populist yanaşmaları partiya daxilindəki mübahisələrə baxmayaraq geniş dəstək qazanmağa kömək edir.

Beləliklə, demək olar ki, Kamala Harris və Donald Tramp arasındakı rəqabət ABŞ siyasətinin gələcəyini əhəmiyyətli dərəcədə təsir edə bilər. Harrisin sosial ədalət və iqtisadi bərabərlik məsələlərinə fokuslanması, seçici bazasında müsbət reaksiyalara səbəb ola bilər, lakin həyata keçirmə çətinlikləri də yarada bilər. Trampın konservativ dəyərlər və populist yanaşmaları isə seçici bazasında güclü dəstək qazanmağa kömək edir, amma mübahisələr və sərt siyasət yanaşmaları da seçici qruplarını uzaqlaşdıra bilər.

Seçici davranışları, iqtisadi və sosial şərtlər, mediayla münasibətlər və partiya içi dinamiklər, bu rəqabətin necə inkişaf edəcəyini və seçki nəticələrinin nə olacağını müəyyən edəcək əsas amillərdir. Bu baxımdan seçkilərin nəticəsi ABŞ-nin gələcək siyasi kursunu müəyyən edəcək və ölkənin ictimai həyatında əhəmiyyətli dəyişikliklərə yol açacaqdır.

Əli Hüseynov
 
Ardını oxu...
Rusiya ilə Pavel Durov arasında niyə problem yaşanıb? Çünki Rusiya totalitar ölkədir və Teleqramda senzura tətbiq etməyə çalışırdı. Məsələn, 2011-ci ilin dekabrında FTX Pavel Durova Teleqramda beş icmanın fəaliyyətinin dayandırılmasını və iki görüşün qarşısını almağı təklif edib. Durov bundan imtina etdi. Bundan sonra o, Sankt-Peterburq Prokurorluğuna izahat vermək üçün çağırıldı. 2013-ci ildə isə Kiyevdə Avromeydan başladı. Eyni adlı qrupun Teleqramda fəaliyyətini izləmək üçün FTX məxfi materiallara giriş tələb etdi. Pavel Durov təzyiqlərə baş əysəydi, Teleqram ciddi itkilərlə üzləşəcəkdi. O, bunu etmədi…

Globalinfo.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli Teleqramın sahibi Pavel Durovun Paris hava limanında həsb edilməsinə münasibət bildirərkən qeyd edib.

Onun fikrincə, Rusiyanın Teleqramı təqib etməsi məntiqlidir:

“Ancaq özünü demokratiyanın keşikçisi elan etmiş Fransanın Teleqrama qarşı hücuma keçməsi xeyli suallar yaradır. Azərbaycanın bu həbsdə adının hallanması (beynəlxalq media Durovun Fransaya məhz Azərbaycandan gedərkən həbs olunduğunu xüsusi vurğulayır – red.), əlbəttə, təsadüfi deyil. Fransanın xüsusi xidmət orqanlarının Pavel Durovu Azərbaycana casusluq etməkdə ittiham etməsi də gözləniləndir.

Bu arada onu da qeyd edim ki, cənab Durov həm də Rusiya vətəndaşıdır. Ona görə də Rusiyanın rəsmi orqanları bu həbslə bağlı proseslərə müvafiq olaraq müdaxilə etmək imkanına malikdir.

Pavel Valeryeviç Durov 10 oktyabr 1984-cü ildə Sankt-Peterburqda anadan olub. Onun atası rus, anası isə ukraynalıdır. Teleqram messencerin həmtəsisçisi və baş icraçı direktoru (CEO) olan Durov Fransa və Birləşmiş Ərəb Əmirliklərində sahibkar kimi fəaliyyət göstərir.

Durov 2023-cü ildə 11,5 milyard dollar sərvəti ilə “Forbes”in milyarderlər siyahısına daxil edilib. Onun sərvəti əsasən Teleqrama sahib olması ilə bağlıdır. Hazırda Durov “Forbes”ə görə 15,5 milyard dollar sərvəti ilə dünyanın 120-ci ən varlı adamıdır. 2022-ci ildə o, “Forbes” tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin ən zəngin mühaciri kimi tanınıb. 2023-cü ilin fevralında “Arabian Business” onu Dubayın ən nüfuzlu sahibkarı adlandırıb.

O, 2006-cı ildə Rusiyada məşhur olan “Vkontakte.ru” şəbəkəsini yaratdı. 2008-ci ildə 10 milyon istifadəçisi vardı. Elə həmin il o, rəqib “Odnoklassnik”i arxada qoydu…

Məşhur “Politico.eu” saytı yazır ki, onun həbsi Fransa Gömrük Departamentinə daxil olan Fırıldaqçılarla Mübarizə İdarəsinin müstəntiqləri tərəfindən həyata keçirilib. Son məlumatlara görə, o, Fransanın səlahiyyətli şəxsləri ilə əməkdaşlıqdan imtina etməkdə günahlandırılır.

Fransaya məxsus TF1 və BFM xəbər verir ki, Durovun bazar günü məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Bu olayda Azərbaycan üçün ən önəmli məqam ondan ibarətdir ki, Fransa Pavel Durovdan Azərbaycana qarşı ifadə ala bilərmi? Düşünmürəm, çünki Pavel Durov həyatı boyu dəfələrlə bu kimi təzyiqlərlə üzləşib. Bu qədər beynəlxalq nüfuzu və maliyyə imkanları olan birisini nəyəsə məcbur etmək o qədər də asan iş deyil…

Məncə, hazırda Azərbaycan olaraq bizi o düşündürməlidir ki, Pavel Durov məsələsindən Fransaya qarşı necə istifadə edə bilərik? Heç şübhəsiz ki, bu situasiyadan yararlanmaq lazımdır.

Pavel Durovun həbsi bir daha onu deməyə əsas verir ki, heç Qərbdə də azad jurnalistləri sevmirlər. Ömrü həbsxanalarda keçən “Vikiliks”in təsisçisi Culian Pol Assanc ABŞ-ın qəzəbindən hələ də qurtula bilmir…

Cənab Durov amerikalı jurnalist Taker Karlsona müsahibəsində belə demişdi: “Mən kimdənsə əmr almaqdansa, azad olmağı üstün tuturam”. Azadlığı üstün tutanları isə hətta Qərbdə də həbs edirlər…”
 
Ardını oxu...
“Sertifikasiyadan kəsilənlərin əksəriyyəti orta ixtisas müəllimləridir. Onlar kollecdə dörd il müddətində zəif oxuyublar. Üstəlik öz üzərlərində işləməyiblər. Gündəlik dərsi sinifdə şagirdə plansız keçməkləri onların imtahandan lazımi balı toplaya bilməməsinə səbəb olub”

Xarici dil müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək və ən aşağı olan rayon və şəhərlərin adlarının acıqlanması bu sahədə mövcud problem və nöqsanlara diqqət çəkməyə əsas yaradıb. Sertifikatlaşdırmada ən yüksək nəticə göstərən bölgələr siyahısında Sumqayıt, Zəngilan, Mingəçevir, Bakı, Abşeron, Qazax, Qəbələ, Xaçmaz və s. kimi şəhər və rayonların adları yer alıb. Zəif nəticə göstərən bölgələr sırasında isə Yevlax, Lənkəran, Goranboy, Cəlilabad, Astara, Tərtər və s. adlarına rast gəlmək olur.
Problemin səbəbini elə bölgələrdə yaşayan fənn müəllimlərindən öyrənməyə çalışdıq.

Ənənəvi metoddan uzaqlaşmamağın problemi

Astara şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Babək Rzayevin fikrincə, hər bir müəllimin nəticəsi onun özündən asılıdır: “Bizim zonada nəticələrin aşağı olmasının səbəbi daha çox kollec müəllimlərinin təhsili ilə əlaqədardır. Sertifikasiyadan kəsilənlərin əksəriyyəti orta ixtisas müəllimləridir. Onlar kollecdə dörd il müddətində zəif oxuyublar. Üstəlik öz üzərlərində işləməyiblər. Gündəlik dərsi sinifdə şagirdə plansız keçməkləri onların imtahandan lazımi balı toplaya bilməməsinə səbəb olub”. B.Rzayev qeyd edir ki, müəllimlərin əksəriyyəti əsasən mətnlərə görə kəsilib: “Bu faktı cənab nazir də qeyd etdi. Biz daha çox şagirdlərə qrammatika öyrədirdik. Arıq buraxılış imtahanının forması da dəyişib: indi oxuma, yazma, dinləmə mətnləri var. Müəllimlərin əksəriyyətinin səhvi də mətn üzrə işlə bağlı olub. İngilis dilində bu kimi leksikoloji problemlərimiz var”.

B.Rzayevin sözlərinə görə, xarici dil müəllimləri üçün həm nazirlik, həm də ölkəmizdəki xarici səfirliklərin dəstəyi ilə müəyyən proqramlar və treninqlər təşkil olunur. Gənc Xarici Dil Müəllimləri Birliyi də (GXDMB) tədris ili ərzində müəllimlər üçün bir neçə onlayn və oflayn təlimlər təşkil edir: “Hesab edirəm ki, bu cür təlimləri daha da genişləndirmək lazımdır. Müəllimlər ənənəvi metodlardan kənara çıxmırlar. Amma ənənəvi metodlarla müasir təlim metodları paralel işləməlidir. Həmçinin müəllim öz üzərində işləməli, müasir texnologiyalarla çalışmağı bacarmalı, dünyada baş verən yeniliklərdən xəbərdar olmalıdır. Müasir tədris metodları da buna hesablanıb. Xüsusən, xarici dil müəllimləri bir yerdə dayanmamalı, proqramlara qoşulmalıdırlar. Əgər müəllim yalnız bir dərs planı hazırlayıb gündəlik dərsə daxil olursa, müasir metodla və şagirdlə ayaqlaşa bilməz. Müəllim başqa ölkələrin təcrübələrini də mənimsəməlidir”.

Nəticələrin zəifliyi tələblərin aşağı olması ilə bağlıdır

Xaçmaz rayonu, Çarxı kənd orta məktəbin alman dili müəllimi Tavat İsgəndərova tədris etdiyi dilin bir çox regionlarda ikinci xarici dil kimi keçildiyini bildirir: “Bu da müəllimlərin öz üzərlərində işləməməsinə gətirib çıxarır. Müəllim daim öyrənməlidir ki, şagirdlərinə də yeniliklər haqqında məlumat versin”. T.İsgəndərovanın fikrincə, regionlarda nəticələrin zəif olması tələblərin aşağı olması ilə bağlıdır: “10 ildir alman dilini ikinci xarici dil kimi tədris edirəm. Bunun da təsiri böyükdür. Tələb yoxdursa, müəllimlər də öz üzərlərində az çalışırlar. Xüsusən, ikinci xarici dil kimi şagirdlər bu dil üzrə imtahan vermədikləri üçün valideynləri də maraq göstərmir. Onlarda elə bir düşüncə var ki, ingilis dili həmişə öndədir. Ona görə uşaqlarını o istiqamətə yönəldirlər. Amma uşaqlarla işlədikcə onlarda maraq yaranır”.

Kənd məktəblərində təminat zəif olduğu üçün

T.İsgəndərova hesab edir ki, alman dili üzrə sertifikasiyada şəhər məktəblərində nəticələr daha yaxşı ola bilər: “Müəllimlərin zəif nəticə qazanmasına dərs otaqlarında dilin tədrisi ilə bağlı lazımi avadanlıqların olmaması da təsir edir. Çünki kurikulum üçün maddi-texniki bazanın olması əsas şərtdir. Kənd məktəblərində bu təminat zəif olduğu üçün, məsələn, linqafonların olmaması, kompüterlərlə tam təmin olunmama da rol oynayır. Həmçinin, alman dili həftədə bir dəfə tədris olunur. İkinci dil olduğu üçün uşaqları olimpiadalara da göndərə bilmirik. Buna baxmayaraq, gənc müəllimlər öz üzərlərində daim işləyir, əllərindəki resurslarla uşaqlara dili sevdirməyə çalışırlar. Yaşlı nəsil üçün çətinlik texnologiyaları öyrənmək bacarıqları ilə bağlı ola bilər. Şagird yeniliklər istəyir. Müəllimlər də bu tələbatları gördükcə özlərini inkişaf etdirməyə çalışmalı, daim təlimlərə qatılmalı, yenilikləri öyrənməlidirlər”.

Bəzi müəllimlər təlimlərdə iştirak etmədilər

“Müəllim əgər imtahana gedirsə, öz üzərində çalışmalı idi”, - deyə bəzi rayonların sertifikasiyada zəif nəticə göstərməsinə münasibətini bildirən Qazax rayonu Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin fransız dili müəllimi Gülnur Əliyeva hesab edir ki, “mən bir şeyi bilirəm” düşünüb dayanmaq lazım deyil: “Bir şeyi nə qədər mükəmməl bilsək də, öz üzərimizdə çalışıb onu daha da təkmilləşdirməliyik. Biliyindən və təcrübəsindən asılı olmayaraq, hər bir müəllim daim öz üzərində çalışmalıdır. Müəllim öyrədərək özü də öyrənir. Bəzi müəllimlərdə isə arxayınlıq yarandı. Onlar elə bildilər imtahan asan olacaq və öz üzərlərində çalışmadılar”. G.Əliyeva deyir ki, üzvü olduğu GXDMB mütəmadi olaraq xarici dil müəllimləri üçün təlimlər keçirir: “Çox müəllim təlimlərə qoşuldu, sual-cavablarda iştirak etdi, bilmədikləri ilə maraqlandı. Bəzi müəllimlər isə təlimlərdə iştirak etmədilər. Sonra onların sertifikasiyada aşağı nəticə göstərdiklərini eşitdim. Təlimlərə qatılan, öz üzərlərində çalışan müəllimlər ən azı keçid balını topladılar. İstəyən müəllim təlimlərə qoşulub özünü inkişaf etdirə, yenilikləri öyrənə bilər”. G.Əliyeva hesab edir ki, müasir dövrün müəllimi yeni metodları mütləq öyrənməlidir. Belə ki, kurikulumda yetərincə üsullar var: “Ənənəvi üsullardan uzaqlaşıb həmin metodlardan istifadə etmək lazımdır. Bu metodlar kifayət qədər maraqlıdır: həm əylənirik, həm öyrənirik. Həm şagird, həm də müəllim öyrənir, Bəzən dərsin nə vaxt keçdiyini bilmirik. Əlbəttə, ənənəvi üsullarla dərs keçən müəllimlər də var. Müasir müəllim dövrün çağırışlarına uyğun dərsini qurmağı bacarmalıdır”.

Təranə Məhərrəmova
kaspi.az
 
 
 
Ardını oxu...
Rusiya prezidenti Vladamir Putinin Azərbaycana dövlət səfərinə müxtəlif cür yanaşmalar oldu. Tənqid, tərif, qərəz, nə desən, vardı.
Ümumiyyətlə, 20 Yanvar faciəsi, Azərbaycanın parçalanması və başqa faciələri əsas gətirərək, Putinin Bakı səfərinə qiymət vermək mümkün deyil. Yəni, bunları əllərində bayraq edənlərin “ipi ilə quyuya enmək olmaz”ı anlamış olduq. Azərbaycanın parçalanması məsələsinə cavab verməsəm, olmaz. Rusiya və İran Azərbaycanı parçalamayıb. Rusiya-İran müharibə nəticəsində ruslar İran ərazisini işğal edib və öz ərazisinə qatıb. Hadisəyə baxış çox önəmlidir, bayatılardan baxırsa, yoxsa tarixdən…
Putinin Bakı səfəri gözlənilən idi. Ən azı Kreml bu barədə təxminən 1 ay öncə məlumat vermişdi. Yəni, “qəfil niyə gəldi?” sualı yersizdir. Özünü türkçü kimi qələmə verənlərdən fərqli olaraq Türkiyə mediası “Putin niyə Ankaraya yox, Bakıya getdi?” sualı üstündə baş sındırır.
Regiondakı vəziyyətə nəzər salsaq, Putinin Azərbaycan səfərini anlamaq mümkündür. Ermənistan siyasi və hərbi baxımdan Rusiyadan qopub. Gürcüstanın taleyinə isə payızda aydınlıq gələcək. Rusiyanın Cənubi Qafqaz siyasətində Azərbaycan önəmli yer tutur. Rusiya da, ABŞ də bilir ki, Azərbaycanla uzlaşmadan, razılaşmadan Cənubi Qafqaza tam nəzarət etmək mümkün deyil. Mən də yaza bilərdim ki, Azərbaycana təsir, təzyiq, nəzarət etmədən mümkün deyil. Bunu yazmamağımın səbəbi çox sadədir. Birincisi, bu ifadələr kiçiltmədir, ikincisi və ən əsası isə Putinlə Əliyevin görüşündə Moskva bəyannaməsinə sədaqət ön plana çıxarıldığının şahidi olduq. Ona görə də, Putin birinci növbədə Azərbaycanla münasibətləri yaxşı tutaraq, Cənubi Qafqazı özü üçün sığortalamış olur.
Azərbaycanla Rusiyanın yaxınlaşmasının müxtəlif səbəbləri var. Anti-terror əməliyyatından öncə dəfələrlə yazırdım ki, Rusiya ilə uzlaşmadan nəticə əldə etmək mümkün deyil. Ümumiyyətlə, Qərbdə də, İranda, Türkiyədə də bilirlər ki, Cənubi Qafqaz Rusiyanın təsir dairəsidir. Atılan addımları da bunu nəzərə alaraq atırlar. Etiraf etmək lazımdır ki, region dövlətlərindən əvvəl bu regionda marağı olan, hansısa addım atmaq istəyən dövlətlər “Rusiya nə edər, Rusiya necə davranar”ı düşünüb sonra addım atırlar. Yalnız Azərbaycanda “asarıq-kəsərik”lə hərəkət edirlər.
Putinin səfərinə qədər Rusiya tərəfi Zəngəzur dəhlizi ilə bağlı susqunluq içərisində idi. Elə səfər günü Lavrov Ermənistanın komunikasiyalarla bağlı götürdüyü öhdəliyi sabotaj edir açıqlaması gəldi. Əslində, bu səfər həm də Rusiyanın Zəngəzur dəhlizində qərarlı olduğunu göstərmiş oldu. Səfərdən dərhal sonra Ermənistan mediasında Sarkisyanın Moskvaya səfər etməsi və yenidən hakimiyyətə gəlmək üçün addımlar atması yazıldı. Düzdür, Sarkisyan cəbhəsi bunu təkzib etdi, ancaq Ermənistanda siyasi mübarizənin qızışacağı gözləniləndir.
Ermənistanın silahlandırılması, müdafiə qabiliyyətinin artırılması həm də siyasi mübarizənin tərkib hissəsidir. 44 günlük müharibədə məğlub olmasına baxmayaraq, Paşinyan seçkilərə getdi və qazandı. Müharibənin Azərbaycan ərazisində getməsi, Ermənistanın məğlubiyyətinin Rusiyanın ayağına yazılması erməniləri Qərbin adamı sayılan Paşinyana səs verməyə sövq etdi. İddia olunduğu kimi, Zəngəzur istiqamətində müharibə baş verərsə və Ermənistan tərəfi ağır məğlubiyyətə düçar olarsa, eyni şey təkrarlana bilər? Qətiyyən! Ona görə də, Ermənistanın müdafiə qabiliyyətinin artırılması yönündə addımlar atılır.
Qərb də Gürcüstanı itirəcəyinin fərqindədir. Əgər belə olmasaydı, Ermənistan yerinə Gürcüstanı daha çox gücləndirərdi. Özü də Gürcüstanla bağlı əllərində alibi də var – Abxaziya və Şimali Osetiya.
Ümumiyyətlə, Azərbaycan sübut edib ki, Rusiya ilə fərqli də davranmaq olar və nəticə əldə etmək mümkündür. Ona görə də, bir çox dövlətlər bu xətti izləməkdədir. Azərbaycan böyük oynamaq məcburiyyətindədir. Əgər suverenliklə kifayətlənilsə, bu müstəqilliyin itirilməsi bahasına başa gələ bilər. Azərbaycan böyük oynayır. Misal üçün Ukraynada BP ilə ortaq layihə, Yaxın Şərqdə müharibənin getdiyi ərazilərdə aşkar olunan qaz yataqları və SOCAR-ın oradan pay alması kimi. Böyük oyun böyük rəqiblər deməkdir. Türkiyə üzərindən gələn dalğa da bununla bağlıdır. Bütün bunları nəzərə aldıqda Azərbaycan üzərinə yönələn psixolji və informasiya müharibəsini anlamaq olar.
Səxavət Məmməd
TEREF
 
 
 
Ardını oxu...
Sosial şəbəkələrin Ukrayna seqmentində, xüsusən də “Facebook” sosial şəbəkəsində əsl anti-Azərbaycan isteriya yayılır. “Səbəb” Rusiya Prezidenti Vladimir Putinin Bakıya rəsmi səfəri və SOCAR ilə “Qazprom” arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilməsidir. Sosial şəbəkələrdə Azərbaycan əleyhinə yazılanlardan bir neçə misal çəkəcəm.

Strateji Araşdırmalar Mərkəzinin İdarə Heyətinin rəhbəri, politoloq Pavlo Jovrinenko: “Bəli, bu qucaqlaşmalar SOCAR-a səfərlərimə mane oldu”.

“1+1 Production”ın keçmiş redaktoru, “Youtube”dakı “Svobodnıy” kanalının təsisçisi və aparıcısı Vladislav Sidorenko: “SOCAR bu xəyanət xoşlayır. Amma, yeri gəlmişkən, bir şey olarsa, mən hər şeyi bəyənirəm, SOCAR-ı boykot edirəm və Ukraynada bağlanmasına çağırıram”.

Ukraynanın 8-ci çağırış xalq deputatı İqor Lapin isə tamamilə nalayiq ifadələrə keçib: "Əlvida, g...lər. Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsi olan Azərbaycanın SOCAR şirkəti də terrorun sponsorları siyahısına qoşulub”.

Ukraynalı yarış sürücüsü və teleaparıcı Aleksey Moçanov da kənarda qalmayıb: “Bu gün dövlətə məxsus olan Azərbaycan şirkəti adamyeyənlə ortaq biznesə girib, gəlir əldə edəndən sonra mən ürəkdən inanıram ki, bu kompleksə gələn hər bir ağlı başında olan ukraynalı mənim 180.000 izləyicim arasında olmayacaq. Real dostlarım SOCAR-ın boykot və qapadılma tərəfdarları olmalıdır. Başqa seçim yoxdur”.

“Facebook”da bu tip yazıların siyahısı təəssüf ki, çox uzundur. İnsanda belə bir təəssürat yaranır ki, bütün bu qarayaxma kampaniyası “SOCAR Energy Ukraine”-nin Ukrayna bazarındakı rəqibləri tərəfindən sifariş edilib və ödənilib. Rəqiblərin izini axtarsaq, asanlıqla tapılar. Burada qeyd edim ki, böyük günah “SOCAR Energy Ukraine”-nin rəhbəri Elçin Məmmədovun da üzərinə düşür. “SOCAR Energy Ukraine” şirkətinin analitik şöbəsi və mətbuat xidməti sosial şəbəkələrdə qarayaxma kampaniyasına hazır deyildi.

Təəssüf ki, Ukraynada işlədiyi bütün illər ərzində E.Məmmədov heç vaxt Ukraynanın yanacaqdoldurma məntəqələri arasında vergi ödəyicilərinin lideri olan şirkətə qarşı hücumlara cavab verə biləcək aparıcı ukraynalı jurnalist və bloqçular qrupu yaratmayıb. Bəli, məhz “SOCAR Energy Ukraine” şirkəti 2024-cü ilin birinci rübü ərzində yanacaq satışından ən çox vergi ödəyib və Ukraynada işçilərə maaş ödənilməsi baxımından ikinci yeri tutub.

Təbii ki, sosial şəbəkələrdə anti-Azərbaycan və anti-SOCAR dalğasını yayanlar bu barədə susurlar. Onlar həmçinin Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra ilk aylarda humanitar prinsipləri rəhbər tutaraq, “SOCAR Energy Ukraine” yanacaqdoldurma məntəqələrinin təcili tibbi yardım maşınlarını və Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə məxsus maşınları pulsuz yanacaqla təmin etməsi barədə də susurlar. Bununla belə, onların susması başadüşüləndir. “SOCAR Energy Ukraine”nin baş verən hər şeyə adekvat və operativ reaksiya verə bilməməsi diqqəti cəlb edir.

Amma burada problem ondan ibarətdir ki, məsələ Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin boykot edilməsi ilə bağlı ictimai çağırışlarla məhdudlaşmır. Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin ünvanına da kütləvi şəkildə təhqirlər dərc olunur. Azərbaycanın Ukraynadakı səfirliyi ilə bitişik yerləşən Kiyevdəki eyniadlı parkında Heydər Əliyevin abidəsinin sökülməsi təklifləri var. Nəhayət, sosial şəbəkələrdə azərbaycanlılara qarşı təhqirlər də var. Yəni irqçi və ksenofob çağırışlar da yayılıb.

Bəli, bu səslənənlər rəsmi Kiyev nümayəndələrinin, hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatların mövqeyi deyildi. Bəli, Azərbaycana dəstək verən postlar da var idi. Məsələn, politoloq Taras Zaqorodnıy öz “Facebook” səhifəsində yazıb ki, Azərbaycana qarşı iddiaların mahiyyətini başa düşmür: “Əliyev Ukraynanın deyil, Azərbaycanın Prezidentidir. O, 20 ildir ki, hazırlaşdı və öz ölkəsinin Rusiyanın köməyi ilə Ermənistan tərəfindən işğal edilən ərazisini təmizlədi. Ermənistan 90-cı illərin əvvəllərində Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi”.

Zaqorodnıy xatırladıb ki, Azərbaycan irimiqyaslı işğalın əvvəlindən Ukraynaya sistemli və davamlı olaraq humanitar yardımla yardım edib: “Hər kəsin nədənsə nifrət etməyə qərar verdiyi SOCAR şirkətinin yanacağı da daxil olmaqla, onda gəlin bizə F-16 təqdim edən və eyni zamanda Avropada Rusiya kapitalı üçün “yumşaq dəniz” olan Hollandiyaya nifrət edək, Rusiya hərbi gəmilərinin Qara dənizə girişini əngəlləyən, lakin Rusiya ilə ticarət edən Türkiyəyə də nifrət edək. Bu gəmilərlə Odessanın işğalı real idi. Gəlin, bizə kömək etməklə yanaşı, Rusiya ilə dostluq edən Çinlə ticarət əlaqələrinə görə ABŞ-ı da “qara siyahı”ya salaq”.

Təəssüf ki, belə ayıq və obyektiv nəşrlərin sayı sosial şəbəkələrdə açıq-aşkar Azərbaycan əleyhinə yazılan yazıların sayından qat-qat azdır. Ölkəmizi ləkələyənlər Azərbaycanın Ukraynaya on milyonlarla dollarlıq humanitar yardım göndərdiyini “unudurlar”. Onlar Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edən azərbaycanlıları da “unudurlar”. Onlar həmçinin Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında Azərbaycanın strateji tərəfdaş kimi göstərildiyini, ölkəmizin Ukraynanın ərazi bütövlüyünü suverenliyini dəstəklədiyini həmişə və aydın şəkildə bəyan etdiyini də “unudurlar”.

Onlar Rusiyanın hərbi bazasının Azərbaycanın deyil, Ermənistanın ərazisində olduğunu “görmürlər”. Unudurlar ki, Ermənistanın Türkiyə və İranla sərhədini azərbaycanlı yox, rus sərhədçiləri qoruyur. Onlar “görmürlər” ki, Rusiya ilə kiçik Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb – bir milyard yarımdan 7,3 milyard dollara yüksəlib, Rusiya-Azərbaycan ticarət dövriyyəsi isə 4,3 milyard dollardır.

Və son bir detal. Rusiya Prezidentinin Bakıya səfəri zamanı bir dənə də olsun anti-Ukrayna bəyanatı səslənmədi. Halbuki, Ötən il sentyabrın əvvəlində Ukraynanın birinci xanımı Olena Zelenskayanın iştirakı ilə Birinci Xanımlar və Cənabların III Sammitinə dəvət olunan Anna Akopyan Azərbaycan əleyhinə bir sıra yalan bəyanatlar səsləndirib. Ortaya çıxan mənzərə budur. Çox gözəl deyil. Və bu, açıq şəkildə Rusiya işğalçıları ilə ədalətli, çətin müharibədə Ukraynaya rəğbət bəsləyən ölkəmizin vətəndaşlarının sayının artmasına kömək etmir.

Müəllif: Əkbər Həsənov
ayna.az
 
Ardını oxu...
“Azərbaycan və Türkiyə münasibətlərinin “pozulması” kimi təqdim olunan məsələlər mövqe döyüşünün tərkib hissədir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Rusiya-Azərbaycan münasibətləri, Ermənistanla şimal qonşumuz arasındakı və rəsmi Bakının atmalı olduğu addımları dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiya Azərbaycan vasitəsi ilə Ermənistana basqı edir.

“Qarabağ problemi tam həll olunub ifadəsini işlədirik. Ancaq eyni zamanda, həllini gözləyən xeyli məsələlər var. 10 noyabr bəyanatında Rusiyanın da imzası var. Rusiya Qafqazda iddialı görünür. Bunu açıq da bəyan edirlər. Bu məsələdə Azərbaycandan da istifadə etmək istəyirlər”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bölgədə Qərbin və Türkiyənin təsir dairəsi ilə Rusiyanın təsir dairəsi arasında bir mübarizə var. Son zamanlar Türkiyə ilə Azərbaycan arasında münasibətlərin “pozulmasına” cəhdlər təsadüfi deyil. Bu, “mövqe döyüşü”nun tərkib hissəsidir. Rusiya bu məsələdə dominatlıq edir.

Rusiya Ermənistanı açıq şəkildə ittiham edir ki, üçtərəfli bəyanatı sabotaj edir. Rusiya məsələni yenidən gündəmə gətirdi. Rusiya Zəngəzur dəhlizində təmsil olunmaq istəyir və bunun üçün də Qafqazla bağlı iddialı davranır”, – deyə o vurğulayıb.

Z.Məmmədli vurğulayıb ki, Putinin Bakı səfəri də bir çox suallar doğurdu:

“Azərbaycan və Rusiya münasibətlərinin yaxşı olmasını istəyərik. Ancaq Rusiya köhnə ambissiyalarla yaşayan dövlətdir. Bu baxımdan, Zəngəzur dəhlizi məsələsini gündəmə gətirir və Azərbaycan vasitəsi ilə Ermənistana basqı edir. Rusiyanın Azərbaycanı müttəfiq hesab etməsinin fəsadları ola bilər. Rusiya ilə münasibətləri taraz saxlamaq vacibdir. Ancaq hər şeyə də hazır olmalıyıq”.

Səxavət Məmməd
 

   
Ardını oxu...
Rusiya Cənubi Qafqazda yenidən fəallaşmağa çalışır. Prezident Vladimir Putinin son Bakı səfəri bu baxımdan, diqqəti çəkməyə başlayıb. Belə ki, Kreml sahibinin bu səfəri regional proseslərə Rusiyanın yanaşma tərzini nisbətən aydınlaşdırmış oldu. Rusiyanın yeni Cənubi Qafqaz prioritetləri artıq böyük ölçüdə dəqiqləşildirmək üzrədir. Və bu, Ermənistan üçün də kifayət qədər ciddi problemlər yarada biləcək geopolitik dəyişiklikdir.

Məsələ ondadır ki, Kreml uzun müddət rəsmi İrəvana açıq və dolayısı mesajlar verdi, xəbərdarlıqlar etdi. Rusiya siyasi dairələri Ermənistana hərbi müttəfiqlik öhdəliklərinə sadiq qalmağın vacib olduğunu xatırlatmağa çalışdı. Üstəlik, Paşinyan hakimiyyətinin Rusiyaya hərbi-siyasi xəyanət mövqeyinin Ermənistana baha başa gələ biləcəyinə eyham vurdu. Və bu, Kremlin Rusiya tərəfindən süni şəkildə yaradılmış Ermənistanı belə asanlıqla Qərbin istifadəsinə buraxmaq niyyətindən uzaq olduğunu birmənalı şəkildə təsdiqləyirdi.

Ancaq Paşinyan hakimiyyəti Kremldən göndərilən xəbərdarlıq mesajlarına demək olar ki, əhəmiyyət vermədi. Əksinə, rəsmi İrəvan Qərbdən gələn təlimatları icra edərək, Ermənistanın Rusiya ilə hərbi-siyasi müttəfiqlik münasibətlərini tamamilə korlamaq istiqamətində addımlar atmağa üstünlük verdi. Son vaxtlar Ermənistanda ABŞ-ın qeyri-leqal hərbi bazanın yaradılmasına imkan verən Paşinyan hakimiyyəti Rusiya ilə münasibətlərdə ümumiyyətlə, bütün "qırmızı cizgiləri" aşmış oldu. Və rəsmi İrəvan tərəfindən elə bir situasiya yaradıldı ki, bundan sonra Rusiya və Ermənistan arasında uçurulan körpülərin nə vaxtsa, bərpa olunmasının mümkünlüyünü iddia etmək də çətinləşdi.

Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistan üçün ABŞ, Avropa Birliyi və Fransanın xeyrinə prinsipial seçim edib. Deməli, Kremlin bundan sonra Ermənistanın Rusiya orbitinə geri dönüşünə ümid bəsləməsi geopolitik sadəlövhlük və böyük səhv olardı. Ona görə də, indi Kreml də Cənubi Qafqazda Rusiyanın maraqlarına ən uyğun optimal seçimi etmək məcburiyyətində qalıb. Və Rusiya siyasi dairələri bu seçimin konkret istiqamətləri barədə indi daha açıq mətnlə mesajlar verməyə başlayıblar.

Məsələ ondadır ki, Kremlə yaxın analitik-təhlil mərkəzləri Cənubi Qafqazda Rusiyanın yalnız Azərbaycana güvənə biləcəyini birmənalı şəkildə vurğulayırlar. Onların qənaətinə görə, Azərbaycan bu regionda indi Rusiyanın ən etibarlı strateji tərəfdaşıdır. Bu baxımdan, yaxın gələcəkdə Kreml Cənubi Qafqazda Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, iqtisadi-ticari əməkdaşlığa və strateji geoiqtisadi layihələrin reallaşdırılmasına xüsusi diqqət ayırmaq niyyətindədir. Və bu, regionda Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha fərqli, həm önəmli mərhələyə keçirilmək üzrə olduğunu göstərir.

Maraqlıdır ki, Kremlə yaxın olması ilə diqqəti çəkən rus politoloq Sergey Markov da açıq mətnlə vurğulayıb ki, prezident Vladimir Putinin Azərbaycana rəsmi səfəri Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqinin dəyişməsi ilə bağlı tarixi hadisə oldu. Yəni, rus politoloq Azərbaycanın da Rusiyanın müttəfiqləri sırasına qatıldığını demir. Əksinə, regional müttəfiqin dəyişdiyini vurğulayır və Azərbaycanın Cənubi Qafqazda yeni müttəfiq olduğunu qabardır. Və bu, o deməkdir ki, Kremldə artıq Ermənistanı Rusiyanın müttəfiqi hesab etməkdən birmənalı şəkildə vaz keçiblər.

Rus politoloq son 30 ildə Cənubi Qafqazda məhz Ermənistanın Rusiyanın müttəfiqi olduğunu xatırladıb. Ancaq onun fikrincə, rəsmi İrəvanın ermənipərəst və antiazərbaycan qüvvələrə çevrilmiş Qərbə, o cümlədən də ABŞ, Avropa Birliyi və Fransaya sığınmaq qərarı verməsi ilə bu müttəfiqliq münasibətləri artıq iflasa uğrayıb: "Halbuki, bunun əksinə olaraq, Rusiya və Azərbaycan münasibətləri son üç ildə daha da inkişaf edib. Bu baxımdan, prezident Vladimir Putinin Bakıya son rəsmi səfəri Rusiyanın regionda əsas müttəfiqinin dəyişdiyini göstərdi. Regionda yeni strateji müttəfiqin məhz Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan olduğu birmənalı şəkildə təsdiqləndi..."

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Ermənistana yönəlik ittihamlar da ön plana çıxmağa başlayıb. Belə ki, prezident Vladimir Putin əvvəlcə Bakıda Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb. Kreml sahibi bildirib ki, Rusiya ən qısa zamanda yekun sülh sazişinin imzalanması məqsədilə həm vasitəçiliyə, həm də danışıqlar üçün platforma təqdim etməyə də hazırdır. Və Kreml bununla üstüörtülü şəkildə mesaj verir ki, regional sülhdə tamamilə maraqlıdır, üstəlik, bunu Ermənistanın sığındığı Qərb deyil, məhz Rusiya təmin edə bilər.

Belə anlaşılır ki, Kreml rəsmi İrəvana Rusiyanın himayəsindən kənarda sülhə və təhlükəsizliyə nail ola bilməyəcəyini anlatmağa çalışır. Rusiya siyasi dairələri xəbərdarlıq edirlər ki, Ermənistan Qərbə yaxınlaşdıqca, təhlükəsizlik problemləri daha böhranlı xarakter alacaq. Rusiya Rusiya XİN bəyan edib ki, rəsmi İrəvanın KTMT ilə qarşılıqlı fəaliyyətdən uzaqlaşması Ermənistanın milli təhlükəsizliyini zəiflədir. Rusiya xarici siyasət idarəsindən bildirilib ki, Ermənistanın sabitliyinə qarant kimi KTMT və Rusiyanın alternativi yoxdur. Və bu, o deməkdir ki, Kreml rəsmi İrəvana dolayısı ilə Qərbə olan ümidlərin reallıqdan uzaq olduğunu anlatmağa çalışır.

Rusiyanın əsas hərbi-strateji müttəfiqi Belarusun prezidenti Aleksandr Lukaşenko isə Ermənistanı gözləyən ciddi təhlükələri daha açıq mətnlə ifadə edib: "Ermənistan bizdən başqa kimə lazımdır? Heç kimə... Elə isə iqtisadiyyatını inkişaf etdirib, öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron..? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq".

Göründüyü kimi, Paşinyan hakimiyyətinə Ermənistanın hansı fəlakətlərə doğru sürükləməkdə olduğunu açıq şəkildə izah edirlər. Halbuki, rəsmi İrəvan Qərbin siyasi nəzarəti altında olduğundan Kremldən gələn ardıcıl xəbərdarlıq mesajlarına əhəmiyyət verəcəyi hələlik qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla Ermənistanda Belarus prezidenti Aleksandr Lukaşenkonun proqnozu doğrulduqdan sonra Rusiyaya xəyanətin nəticələrini anlamağa başlayacaqlar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
 
 
 

Dünyapress TV

Xəbər lenti