Ardını oxu...
Keçmişdə İran Parlametində yaradılmış Türk Fraksiyasının başqanı olmuş Məsud Pezeşkianın keçən iyun ayında prezident seçkilərində namizdəliyinin təsdiqlənməsi ilə İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan türklər arasında artan siyasi fəallıq Pezeşkianın prezident olmasından sonra da davam edir.

Siyasi fəal İlqar Ulusoy Amerikanın Səsi ilə söhbətində Məsud Pezeşkian dönəmində türklərə İranın siyasət gündəminə ciddi təsir etmək üçün fürsət yarandığını vurğulayır.

İlqar Ulusoy prezident seçkilərində Pezeşkianın namizədliyinin təsdiqlənməsini müəyyən siyasi tənliklərin nəticəsi kimi dəyərləndirsə də, onun türklərin səsi ilə prezident seçilməsini Azərbaycan Milli Hərəkatının bir uğuru hesab edir.

“İllərdir İranın siyasi paradiqması sağ-sol və ya islahatçı-mühafizəkar üzərində qurulurdu və bütün analizlər bu çərçivədə olurdu. Son zamanlarda bərəndaz (rejim dəyişikliyi tərəfdarları) və ya xaricdəki müxalifət də bu siyasi analizlərdə yer alır. Amma diqqətlə baxdığımızda İranın siyasət sahəsinin qabığının altında hər zaman bir türklük və ya Azərbaycan-mərkəz ziddiyyəti də var idi. Saydığım o üç tərəf rasist sistemdən qazandıqları üçün heç bir zaman türklüyün üzə çıxmasını və siyasi paradiqmanın bir tərəfi olmasını istəmirdilər. Çünki Azərbaycanın konstruktiv gücü ortaya gəlsə türklərin və bütün bölgə xalqlarının daha demokratik və rifahda yaşamasına yol açacağını bilirlər,” İlqar Ulusoy ifadə edir.
Siyasi fəal hesab edir ki, fərqli siyasi cərəyanlar türkləri siyasi gündəmdən çıxarmaq məqsədilə onların rolunu inkar etməyə çalışırlar.

“İranın siyasi paradiqmasını şəkilləndirən qruplar fərqli yollarla türklərin siyasi fəallığını önləməyə çalışır. Bu doğrultuda islahatçılar və mühafizəkarlar türklərin seçkilərdəki zəfərini sahibləməyə çalışırlar. İslahatçılar Cavad Zərifin rolunu şişirdərək sanki Pezeşkianı Zərif prezident edib və kabineti də o qurur, o yönləndirir kimi göstərməyə çalışırlar. Mühafizəkarlar da Pezeşkianın Xameneyi və hakimiyyətin bir planı olduğunu irəli sürərək onu sahublənirlər. Xaricdəki müxaliflər də Pezeşkianın danışıqlarını və işlərini aşağılayaraq Azərbaycanın bu zəfərini dəyərsizləşdirməyə çalışır. Hər üç qrupun da ortaq hədəfi türkləri ümidsizləşdirərək siyasətin gündəmindən çıxarıb və rasist sistemin olduğu kimi davam etməsini təmin etməkdir”, o bildirib.
İlqar Ulusoy deyib ki, İran Azərbaycanında siyasi fəallıq artmağa davam etdiyi təqdirdə İranda ciddi dəyişikliklərə yol açıla bilər.

“Bu proseslər burayadək dərin təsir buraxıb və mən düşünürəm ki, belə davam edərsə İranın geosiyasi dəyişikliyinə yol açacaqdır. Bunun üçün bu məşəlin sönməməsi lazımdır. Burada milli fəalların üzərinə önəmli vəzifə düşür. Fəallar o üç qrupun propaqanda oyununa gəlməməli, öz uğur və zəfərlərinə sahib çıxmalı və öz modern və demokratik söyləmlərini İranın siyasi paradiqmasının ön planına çıxarmağa çalışmalıdırlar.”

Siyasi fəal Pezeşkianın prezident olduqdan sonra bəzi açıqlamalar və addımlarına diqqət çəkərək deyir ki, “mən Pezeşkianın tutduğu mövqelərlə qabığı qırmağa çalışdığını görürəm. Bu rahat bir iş deyil və yavaş-yavaş irəliləyəcəkdir. Pezeşkianın addımları nəzərə çox kiçik görünsə də bunlar böyük dəyişiklərin başlanğıc addımlarıdır. Bunlar o qabığın çatladığının səsidir. O qabıq qırılıb və Azərbaycanın diskursu gündəmə gəlsə, bu söyləm İranın siyasi paradıqmasının bir tərəfi olsa, türklər üçün və bölgədəki digər xalqlar üçün açılım imkanı olacaq. Xülasə, Pezeşkianın hər bir kəlmə türkcə danışması, Azərbaycanla əlaqədar hər bir mövqeyi bizim üçün önəmlidir və Güney Azərbaycan Milli Hərəkatını bir addım irəli götürəcəkdir.”
Məsud Pezeşkian prezident olduqdan sonra İran Azərbaycanı, eləcə də Tehran və Kərəc kimi şəhərlərdə yaşayan bəzi ziyalılar və türk fəallar bəyanatlar yayıb və görüşlər keçirərək, İranın siyasi gündəminə təsir etməyə çalışırlar.

İlqar Ulusoy əlavə edir ki, “alt səviyyələrdə də cəhdlərin olması lazımdır. Bunu da görürük. Məsələn türk aydınlar və Güney Azərbaycanın milli fəallarının mərkəz siyasəti təmsil edən qruplar və şəxslər ilə, o cümlədən Cavad Zərif ilə görüşmələrini mən Azərbaycan söyləminin gündəmə gəlməsi yönündə cəhdlər olaraq görürəm. Bu fəaliyyətlərin çox dəyərli olduğunu düşünürəm.”
 

Ardını oxu...
  

Vaxtaşırı qabaran patriotizm-kosmopolitizm mübahisələri artıq çox adamı təngə gətirib, amma bu xüsusda polemikaların sonu görünmür. Bu günlərdə Vikipediyadan şəhidlərə dair məqalələrin silinməsi bu ixtilafı bir az da dərinləşdirib.

Biz hələ də nəyin yaxşı, nəyin pis olduğunu, vətənpərvərliyin hara qədər normal və zərərli, kosmopolitizmin hara qədər qəbuledilən və ziyanlı olduğunu bilmirik.

Bu anlayışların şəffaf sərhədlərinin delimitasiyası haqda təsəvvürlər zəifdir.

O üzdəndir ki, özünü mövcud iqtidarın əleyhdarı sayan bir sıra adamlar bəzən sırf xalqımızın, dövlətimizin ziyanına olan iddialar, ittihamlar irəli sürür, düşmənlər tərəfindən skrin-şot edilib qovluğa (fayla) yığılan paylaşımlar yayırlar.

Məsələn, onlardan birinin skrin-şotu aşağıdakı kimidir. Bunu edən şəxsin adı da bəllidir, soyadı da, hansı sahədə fəaliyyət göstəridiyi də.

Ardını oxu...

Bəs onu bu cür paylaşımlar etməyə nə vadar edib? Əlahəzrət həqiqətmi? Bağlı olduğu məkrli mərkəzlərdən aldığı tapşırıqmı? Onlara yarınmaq ehtirasımı?

Bu səpkidə başqa suallar da ola bilər, amma burası tam yəqindir ki, adamın öz xalqının qəhrəman, xilaskar ordu birləşməsini ittiham etməsi həqiqət carçılığından irəli gəlmir.

Elə olsaydı, o, ermənilərin son 36 ildə başımıza gətirdiyi, fəryadımızı ərşə qaldıran onlarca faciəvi hadisələrdən, qətliamlardan bəhs edərdi – Xocalı soyqırımından tutmuş ta Meşəli qırğınına qədər, Ağdaban, Başlıbel, Qaradağlı, Kərkicahan qətliamlarına qədər. Erməmi əsirlərə qarşı düzgün olmayan rəftardan bəhs edənlər yüzlərlə, hətta minlərlə əsirimizin güllələnməsindən, işgəncə ilə öldürülməsindən kəlmə kəsmirlər. Füzulinin Seyidəhmədli kəndindən ta Edilliyə, Şuşaya, Kəlbəcərə qədər hər yerdə toplu məzarlıqlar çıxır – hamısı da öldürülmüş əsirlərimizin məzarlarıdır.

Amma bu və digər “sülhpərvər” şəxslər üçün önəmli olan neçə-neçə gənc hərbçimizi alnından vuran snayper Anuş Apetyanın taleyidir. O, Anuşun faciəsini 1-ci Qarabağ müharibəsində 30 mindən çox övladını iriən xalqımızın faciəsinin fövqünə qoyur.

2-ci Qarabağ müharibəsində bir neçə dəfə Gəncənin, iki dəfə Bərdənin, dəfələrlə Tərtərəin, bir dəfə isə Beyləqanın erməni hərbçilər tərəfindən raket zərbələri ilə vurulması nəticəsində yüzdən artıq dinc sakin (qoca, qadın, uşaq) itirmişik, 44 günlük müharibə zamanı və ondan sonra davam edən lokal əməliyyatlarda ölən ermənilər üçün ağlaşanlar öz mülki insanlarımız üçün bir cümləllik paylaşım etməyiblər.

Sanki onlar yalnız ermənilərin itkilərinin hesabını aparır və yalnız onlara kədərlənə bilirlər. Bu, manqurtluq deyil, manqurtluğun bəlli bəraəti var. Onların bu mövqedə olması itirilmiş şüurun, qurumuş beyinin yanlış düşüncələrindən irəli gəlmir. Tam əksinə, bu adamlar bilirlər ki, şəxsi mənfəətləri, xeyirləri bundadır, belə danışsalar, öz ölkələrinin ordusuna qara yaxsalar, generallarını “hərbi cani” elan etsələr, xaricdəki siyasi, hərbi, kəşfiyyat dairələrində yerləri möhkəm, qrantları iriməbləğli olar.

Bu xüsusda bütün kartlar açılıb, daha heç kim “demokratiya”, “haqq-ədalət”, “insan haqları” kimi cazibədar şüarların arxasına gizlənə bilməz.

Axırıncı dəfə bir çoxlarının iç üzü Macarıstandan ölkəmizə ekstradisiya edilən zabit Ramil Səfərovun təyyarədə əfv edilməsi hadisəsi zamanı açıldı. Məhz o zaman xarici dairələrdən “hücum” komandası alanlar böyük bir səfərbərliklə Ramilin, onu Azərbaycana göndərənlərin və gətirənlərin üzərinə hücuma keçdilər.

Ermənilər yalan olmuşdu, bizimkilər gerçək. Xaricdən maliyyələşən media qurumlarında və sosial şəbəkələrin Azərbaycan seqmentində tozanaq ərşə qalxmışdı.

Başqa vaxt siyasi motivlərlə həbsdə yatanlara, törətdiyi əmələ uyğun olmayan şəkildə ağır cəza alanlara azadlıq tələb edən “haqq-ədalət carçıları” ömrünün ən yaxşı 9 ilini həbsxanada keçirmiş Ramilin azadlığa buraxılmasını qılıncla qarşılayırdılar və erməni lobbisinin ağır cəza kəsdirdiyi Ramilin türmədə günə-gün, yəni ömürlük yatmasını istəyirdilər. Çünki onların bağlı olduqları mərkəzdən verilən direktiv beləydi.

Əkrəm Əylisinin “Daş yuxular” romanı ilə bağlı yaranan qalmaqal zamanı da elə oldu. Bəziləri hələ də romanda elə bir antimilli xətt olmadığını, əksinə, bəşəri dəyərlərə, sülhpərvərliyə önəm verildiyi barədə iddialar irəli sürürlər.

Ardını oxu...

Ancaq bütün bu müdafiə arqumentlərini darmadağın edən bir fakt var. O da bundan ibarətdir ki, ermənilər Əkrəm Əylislinin “Daş yuxuları”nı dünyanın 50-dən artıq ölkəsində erməni və yerli dillərə tərcümə edərək kitab şəklində nəşr ediblər və hələ onu yaymaqda davam edir, bu kitabı əldə tutarqa edərək, “Azərbaycan xalqının ermənilərə qarşı vəhşilik törətdiyini öz ədiblərinin etirafı” kimi xalqımıza qarşı təbliğat aparırlar. Nümunə üçün o kitablardan bir neçəsinin üz qabığını burada paylaşırıq.

Ardını oxu...

Başqa sözlə, şovinist ermənilər və onlara havadarlıq edənlər ölkəmizdə formalaşdırdıqları mərkəzlərin əliylə insanlarımızı trollayaraq, linç edərək vətənpərvərlik hissindən uzaq tutmağa çalışırlar və buna qismən nail olublar. Onlar yalançı “sülhpərvərlik” pərdəsi arxasında daldalanır, vətənpərvərliyə qarşı çıxırlar. Bu iki məfhum nədən bir-birinə antonim olmalıdır? Nəgər vətənpərvər olaraq da sülhpərvər olmaq mümkün deyil?

Yeni nəsildən olan, Avropaya gedib-gəlmiş, oradakı müxtəlif dairələrlə əlaqə yaratmış gənclərin düşüncəsinə görə, patriotizm çox qəbahət bir şeydir, gerilikdir, normal insan kosmopolit olmalıdır, xalqlar arasında fərq qoymamalıdır və s. Amma baxaq, görək, öz xalqını bəyənməyən, yeri gəldi-gəlmədi, onu aşağılayan bu şəxslər erməni xalqı haqqında güldən ağır bir söz deyə bilərlərmi? Deyə bilməzlər. Onların yalnız öz xalqını pisləmək azadlıqları var. Əks təqdirdə qrantları kəsilər.

Vikipediyada şəhidlərə dair məqalələrin silinməsi qalmaqalının altından 44 günlük müharibədə “novarçı” olaraq Azərbaycanı müharibəni dərhal dayandırmağa çağıranların çıxması çox da təəccüblü deyil. Həmin dalğa, həmin koordinat.

Son illərdə vətənpərvərlik bayrağının vaxtilə bu kimi məsələlərə barmaqarası baxan iqtidar düşərgəsinin, bu düşərgəyə mənsub olan fəalların əlinə keçməsi heç kəsə haqq vermir ki, hakimiyyətə müxalifliyi vətənpərvərlik hərəkatının üzərinə proyeksiya eləsin. Kim iqtidara müxalifdirsə, olsun, onun sosial-iqtisadi, mədəni siyasətini, idarəçiliyini tənqid edirsə, etsin, amma dövlət maşınının torpaqları işğaldan azad etməsini, ölkənin təhlükəsizliyini, bütövlüyünü qorumasını “vurmaq”, artıq hökumətə yox, millətə, dövlətə müxaliflikdir.

 

Ardını oxu...Xalid KAZIMLI
Ardını oxu...
"Formula 1" kifayət qədər populyar idman növüdür, dünyada bu yarışın təqribən 500 milyon TV auditoriyası var. Futbol, basketbol, xokkey, tennisdən sonra “Forumula 1” yarışı auditoriyasına görə 5-ci yerdə dayanır. “Formula 1” yarışları keçirən ölkə turizim baxımından dünyaya açılırsa qazanc da əldə edir. Həm də Bakı şəhər içində Formula yarışı təşkil edən 2-ci şəhərdir, bu anlamda turizmin reklamı üçün gözəl imkanlar yaradır.
Amma:
- Quru sərhədləri az qala 5 il məntiqsiz olaraq qapalı saxlayıb turizmi inkişaf etdirmək olmur,
- Kiçik-orta sahibkarlığı vergi dərəcələri, gömrük tarifləri, icra strukturlarının davranışları ilə əzərək turizmi inkişaf etdirmək mümkün deyil,
- Dövlət investisiyaları hesabına 5 ulduzlu otellər tikib sonra onların ziyanla işlədiklərini bəyan etməklə turizm inkişaf etmir,
- Rəqbətsizliyə görə qiymətləri kəllə-çarxa qaldırmaqla turizm cəlb etmək olmur,
- 2-3 ulduzlu otelləri, hostelləri olmayan, və ya çox az olan ölkədə turizm inkişaf etmir,
- Yan istehsal sahələri olmayan, turizmdə istifadə edilən bütün hər şeyin xaricdən gətirildiyi ölkədə turizmdən danışmaq yersizdir.
Siyahını uzada da bilərəm, amma vəziyyət budur, əslində “Formula-1” yarışlarına ev sahibliyi edən ölkə-şəhər sakinləri sevinirlər, düşünürlər ki, həm yarışları izləyə bilərlər, həm də onminlərlə turistdən pul qazanacaqlar. Bizdə isə hər “Formula-1” yarışları camaatın kəskin narazılığını yaradır, publik olmasa da, evdə-mətbəxdə deyinməklə, tıxaclar, əsəb gərginliyi ilə keçir...
Natig Jafarli
TEREF
 
Ardını oxu...
“The Washington Post”: “İvanişvilinin dedikləri Putinin “rəngli inqilablar”la bağlı paranoyak xəbərdarlıqları ilə səsləşir”

Rusiya Xarici Kəşfiyyat Xidməti: “ABŞ Gürcüstanda keçiriləcək parlament seçkilərinə “Gürcü arzusu” əleyhinə müdaxilə etməyi planlaşdırır”

Amerikanın nüfuzlu “The Washington Post” qəzeti Gürcüstanla bağlı məqalə dərc edib və ABŞ-ı Gürcüstanda demokratiyanı qorumaq üçün daha fəal hərəkət etməyə çağırıb. Qəzetin yazdığına görə, Gürcüstanla bağlı son xəbərlər həyəcanvericidir, çünki “avtoritar və Rusiyayönlü hakim “Gürcü arzusu” oktyabrın 26-da keçiriləcək parlament seçkilərində çoxluğu qazanacağı təqdirdə bütün müxalifət partiyalarını qadağan etməklə hədələyir”.

“Bu, Gürcüstanda demokratiyaya son çağırış ola bilər. ABŞ onu xilas etmək üçün daha çox şey edə bilər”, - nəşr yazıb.

Məqalədə həmçinin vurğulanıb ki, digər keçmiş sovet respublikaları ilə müqayisədə Gürcüstan xüsusilə vacibdir, çünki onun əhalisi ““Gürcü arzusu”nun Rusiyanın tərəfində olmasına baxmayaraq Avropa ilə birliyə və demokratik gələcəyə sadiq qalır”.

“Washington Post” Gürcüstan Prezidenti Salome Zurabişvilinin seçkilərdə gürcü xalqının “Rusiyaya köləlik və ya Avropa ilə əməkdaşlıq” arasında seçim qarşısında qalacağına dair bəyanatını da xatırladıb.

Gürcüstanda qəbul edilən “Rusiya qanunu”na (Xarici təsir agentləri haqqında qanun - red) gəlincə, Amerika nəşri qeyd edir ki, repressiv rejimlərə malik olan digər ölkələrdə də vətəndaş cəmiyyətini ləkələmək və onun maliyyələşməsinə mane olmaq üçün analoji qanunlardan istifadə olunub.

“Avropa İttifaqı və ABŞ bəyan edib ki, bu qanun Gürcüstanın gələcək NATO və Avropa İttifaqına üzvlüyünə ciddi maneədir. “Gürcü arzusu”nun və onun Rusiya tərəfdarlarının qanunu dəstəkləməsinin səbəblərindən biri də şübhəsiz ki, budur”, - deyə qeyd olunub.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze son çıxışında hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının konstitusiya çoxluğunu qazanacağı təqdirdə, əsas müxalifət partiyalarını və koalisiyalarını qadağan edəcəyi ilə hədələyib.

“Gürcü arzusu”nun arxasında duran milyarder və keçmiş Baş nazir Bidzina İvanişvili deyir ki, müxalifət Gürcüstana nəzarəti ələ keçirmək üçün qlobal sui-qəsdin üzüdür. Bu, Putinin Qərbdən ilhamlanan “rəngli inqilablar”la bağlı paranoyak xəbərdarlıqları ilə səsləşir. Baş nazirin son açıqlamaları göstərir ki, “Gürcü arzusu” müxalifəti məhv etməyə hazırlaşır. Cənab Kobaxidze bunun necə baş verəcəyini təfərrüatlı açıqlamayıb, lakin hakim partiyanın həbsdə olan sabiq Prezident Mixail Saakaşvilinin qurucusu olduğu müxalifət partiyasının 2008-ci il müharibəsində Rusiyanı cinayətkar şəkildə təhrik etdiyini deyəcəyinə eyham vurub. Bu absurddur: Rusiya Gürcüstanı işğal edib və hələ də onun ərazisinin 20%-ni işğal altında saxlayır”, - məqalədə qeyd olunub.

“The Washington Post” yazır ki, ABŞ seçkilərə qədər olan vaxtdan istifadə etməli və səslərin ədalətli hesablanması ilə Gürcüstanda azad seçkilərin keçirilməsini müdafiə etməlidir. Nəşr onu da yazır ki, “Gürcüstan vətəndaşları ABŞ Prezidenti Co Bayden və Konqresdən Gürcüstanda birpartiyalı idarəçiliyə dözməyəcəklərini eşitməlidirlər” və qeyd edir ki, əks halda bu perspektivli ölkədə “demokratiya məhv ola bilər”.

Rusiya Xarici Kəşfiyyat Xidməti isə bəyan edib ki, ABŞ Gürcüstanda keçiriləcək parlament seçkilərinə “Gürcü arzusu” əleyhinə “müdaxilə” etməyi planlaşdırır və bu məqsədlə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (ATƏT/DTİHB) istifadə edir. Bu barədə Rusiyanın TASS agentliyi Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətindən alınmış sənədə istinadən məlumat yayıb. Rusiya Xarici Kəşfiyyat Xidməti qeyd edib ki, DTİHB nəhayət “Amerika hakimiyyətinin vicdansız oyunlarının ruporuna” çevrilib və əlavə edib ki, “indiki vəziyyətdə Rusiyanın dağıdıcı qüvvələri bir növ zəiflətmək üçün ATƏT-in maliyyəsini azaltmaq qərarı haqlı görünür”.

Rusiyanın bu ittihamları “The Washington Post” kimi media qurumlarının zaman-zaman “Gürcü arzusu” və Gürcüstan haqqında dərc etdiyi məqalələrə eyni vaxtda səsləndirilir. Rusiya avqust ayında da ABŞ-a qarşı oxşar ittihamlarla çıxış edib. Rusiya kəşfiyyatının ABŞ-ın oktyabr seçkilərindən sonra “Tbilisi Maydanı” planlaşdırması ilə bağlı əvvəlki bəyanatlarından sonra Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkin avqustun 27-də Rusiyanın məqsədinin Gürcüstanda “rəngli inqilab”ın qarşısını almaq olduğunu bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın ABŞ-ın Gürcüstanda “rəngli inqilab” planlaşdırması ilə bağlı ittihamlarını qəti şəkildə rədd edib və bunun əvəzində ABŞ-ın Gürcüstanın inkişafına və Rusiyanın təcavüzünə qarşı mübarizəsinə dəstəyini vurğulayıb.

Rusiya Xarici Kəşfiyyat Xidməti isə bildirir ki, “ABŞ Dövlət Departamenti Vaşinqtonun bəyənmədiyi, hazırda hakim olan “Gürcü arzusu”nun qələbəsinin qarşısını almaq üçün bu il oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə yeni müdaxilə alətindən istifadə etmək niyyətindədir. Kəşfiyyat iddia edir ki, “amerikalılar Gürcüstan istiqamətində ATƏT/DTİHB rəhbərliyi ilə “əməkdaşlıq” haqqında razılığa gəliblər”.

Rusiya Xarici Kəşfiyyat Xidməti bildirir ki, “ATƏT DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaətinə gələn aralıq hesabatı dərc etməsi nəzərdə tutulur”.

Bu kontekstdə Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ı “qərbyönlü Gürcüstan müxalifətini ölkədə hakimiyyəti zorla ələ keçirmək məqsədi ilə kütləvi etiraz aksiyaları keçirmək üçün” bəhanə verməkdə ittiham edir. Rusiya kəşfiyyatı həmçinin bildirir ki, ATƏT/DTİHB-nin “belə saxtakarlıqda iştirak etməsi təəssüf doğurur”.

“Biz xüsusilə Büronun səsvermədən çox əvvəl onu “qeyri-demokratik” kimi tanımağa apriori hazır olduğunu qeyd edirik”, Rusiya Xarici Kəşfiyyat Xidməti bəyan edib.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Rusiyanın Sankt-Peterburq şəhərində 11-12 sentyabr tarixlərində BRİCS-ə üzv və təşkilata tərəfdaş ölkələrin Təhlükəsizlik Şurasının katiblərinin görüşü keçirilib. Toplantıda üzv ölkələrin terrora və transmilli cinayətkarlığıa qarşı birgə mübarizə üsulları müzakirə olunub. Toplantıda üzv və tərəfdaş ölkələr qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparıblar.
BRİCS-in zirvə toplantısı oktyabr ayında Rusiyanın Kazan şəhərində keçiriləcək. Təşkilata üzv olmaq istəyən dövlətlərin sayı artıb. Türkiyə və Azərbaycan da təşkilata üzv olmaq istəyirlər. Türkiyə xarici və təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır. Çin və Hindistandan başlayan nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycanın da BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatına marağı anlaşılandır.
Sankt-Peterburqdakı toplantı çərçivəsində ikitərəfli görüşlər də keçirib. Çinin xarici işlər naziri Vanq Yi Hindistanın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Dovalla görüşüb. Müzakirələr zamanı iki ölkə arasında sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması, həmçinin ikitərəfli münasibətlərdə normallaşmanın davamı vacibliyi vurğulanıb. Tərəflər mübahisəli məsələlərin həlli üçün səylərini artıracaqlarını vəd ediblər. Hindistan və Çin Xarici İşlər Nazirlikləri nəzdində Məsləhətləşmə və Koordinasiya üçün İş Mexanizmi vasitəsilə gərginliyi azatlmağa çalışacaqlar.
Çin-Hindistan münasibətlərinin normallaşması Asiya bölgəsi üçün də vacibdir. Çünki iki ölkə arasında münasibətlər gərginləşəndə, sərhəddə toqquşmalar olanda, bu bölgə ölkələrinin xarici və təhlükəsizlik siyasətinə də mənfi təsir edir. Digər tərəfdən Çin və Hindistan BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olduqlarından münasibətləri normallaşdırmağa çalışmalıdırlar. Bu Rusiyanın da maraqlarına cavab verir. Əks halda üzv dövlətlər arasında gərginlik BRCİS və Şanxay Əməkdaşlıq Təşkilatını içəridən zəiflədə bilər. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan təmsilçiləri ilə ayrılıqda görüşüb. Putin Pekinlə Dehli arasında dialoqun genişlənməsində şəxsən maraqlıdır.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF
 
Ardını oxu...
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin əksər hissəsinin razılaşdırılması müsbət hal olsa da razılaşdırılmayan məqamlar ciddi əhəmiyyət kəsb edir”.
Bunu Bizimyol.info xəbər portalına açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. Siyasi şərhçi bildirib ki, razılaşdırılmayan əsas məqamlar konstitusiyada dəyişiklik və Zəngəzur dəhlizi ilə bağlı olan detallardır ki, bu da vacib əhəmiyyət daşıyır: “Ermənistan Azərbaycana qarşı əks-arqumentlə çıxış edir. Guya Azərbaycan konstitusiyasında da Ermənistana qarşı ərazi iddiaları var. Bu absurd iddia olmaqla yanaşı, Ermənistanın konstitusiya dəyişikliyinin sülh müqaviləsi şərtlərindən çıxarılma istəyi ilə bağlıdır. Ermənistan bunu sonrakı mərhələyə saxlamağı təklif edir. Amma belə olacağı halda da, sülh müqaviləsində, yaxud çərçivə sazişində mütləq Ermənistanın konstitusiya dəyişikliyinə gedəcəyi qeyd olunmalıdır”.

Əli Zülfüqaroğlu əlavə edib ki, həm konstitusiya dəyişikliyi, həm də Zəngəzur dəhlizi ilə bağlı ABŞ Ermənistana təzyiq edir: “Birləşmiş Ştatlar seçki ərəfəsindədir. Erməni lobbisi burada çox güclüdür və seçki zamanı daha da aktivləşirlər. İstədikləri, yaxud anlaşdıqları namizədə maliyyə yardımı edir, eyni zamanda səsvermədə aktiv iştirak edirlər. Bu məsələdə Amerika Erməniləri Milli Komitəsi mərkəz rolunu oynayır. Erməni lobbisinin varlığı “Böyük Ermənistan” ideologiyasına bağlıdır və uzun illər bu istiqamətdə fəaliyyət göstəriblər. Ermənistan konstitusiyasında da erməni kilsəsi və lobbisinə Ermənisdtan dövlətinin idarə olunmasında müstəsna hüquqlar verilir. Ona görə də, erməni lobbisi Birləşmiş Ştatlar hökumətindən Ermənistana təzyiq edilməsini istəyə bilər ki, İrəvan Azərbaycanın bu tələbini yerinə yetirməsin. Amma Azərbaycan bu tələbində israrlıdır və bu sülhün dayanıqlı olması üçün əsas şərtdir. Bu baxımdan razılaşdırılmayan bu şərt ciddi əhəmiyyət daşıyır”.

Əli Zülfüqaroğlu həmçinin əlavə edib ki, Zəngəzur dəhlizi məsələsində ABŞ başda olmaqla bir sıra ölkələrin maraqları toqquşur: “Rusiya, Türkiyə, Çin, Britaniya və s. ölkələr dəhlizin açılmasında maraqlıdır. Azərbaycan gözləmə mövqeyində idi ki, bu dövlətlər Ermənistana təzyiqlərini artırsınlar. Amma bu baş vermədiyi təqdirdə Azərbaycan uğurlu diplomatik gediş edərək, dəhlizin açılmasını sülh sazişindən sonraya saxlanması ehtimalı ilə bağlı açıqlama verdi. Bu da təbii ki, dəhlizə nəzarətdə maraqlı olan ölkələri hərəkətə keçirdi. Xüsusilə, Rusiya aktivləşməyə başladı. Buna adekvat olaraq da İran və Qərb narahat olmağa başladı. Azərbaycanın bu gedişi dəhlizin açılmasını şərtləndirən əsas amillərdən biridir. İran nə qədər narahat olsa da, bölgəyə əsas təsir imkanları Rusiyanın əlindədir və Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvan uzun müddət təzyiqlərə davam gətirə bilməz. Çünki İrandan fərqli olaraq Rusiya iqtisadi və təhlükəsizlik faktoru baxımından Ermənistan üçün daha vacib ölkədir. Biz, bir müddət Ermənistanın dirənəcəyini müşahidə edəcəyik. Xüsusilə, konstitusiya dəyişikliyi məsələsində Ermənistanın mövqeyi problematikdir. Bu da Birləşmiş Ştatlardakı seçkiyə qədər özünü daha çox biruzə verəcək”.
 
Ardını oxu...
Bütün ölkələrin Zəngəzur dəhlizi ilə bağlı müsbət və mənfi təşəbbüsləri gələcək risklərə hesablanıb. Əsas məqsədlərdən biri gələcəkdə Ermənistanın Azərbaycandan iqtisadi asılılığının qarşısını almaqdır.
İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi daha da aqressivləşib və region ölkələrinin “inkişaf konsepsiyası”nın əsas perspektivlərindən biri kimi meydana çıxan dəhlizin açılması təşəbbüsünün İranı hansı əsaslı səbəblərdən narahat etməsi isə müəmmalı olaraq qalır. Rəsmi Tehran dəhlizin açılamamasında niyə israrlıdır və nə üçün təhdid dilində danışır?
2024-cü ilin payız ayları Gürcüstan kimi Ermənistan üçün də həlledici mərhələ olacaq. Bundan sonra regionda baş verən hadisələr İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində hansısa dəyişikliyə səbəb ola bilər.
Tehran hesab edir ki, proseslər Ermənistan-İran arasında ticarət əlaqələrinin minimum endirilməsi ilə nəticələnə bilər. İran isə iqtisadi baxımdan və mümkün qədər Ermənistanı özündən asılı vəziyyətdə saxlamağı prioritet amil kimi qarşısına qoyub. 2022-ci ilin statistikasına əsasən, İran-Ermənistan arasında ticarət dövriyyəsi 700 milyon dollara yaxın olub. Növbəti 10 il ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin 3 milyard dollar çatdırılması nəzərdə tutulub. Zəngəzur dəhlizinin açılması Rusiyanın Ermənistan üzərindəki mövcudluğunu da möhkəmləndirmiş olacaq. Maraqlıdır, ABŞ-ın Ermənistanda güclənməsini istəməyən İran əsas alternaiv tarixə - Rusiyanın mövqeyinə, dolayısı ilə Ermənistanda güclənməsinə də sərt mövqe nümayiş etdirir. İran üçüncü və “müharibəsiz əl” kimi Ermənistana daxil olur.
Zəngəzur dəhlizinin açılması məsələsi Rusiya-İran arasındakı münasibətləri “gərginlik dalğası”na qoşub, hətta İranın rəsmi şəxsləri Rusiyanı küstar diplomatik tərzdə hədələyir. Moskva-Tehran arasındakı “Fars krizi”ni xatırladan İran Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya “sərt cavab” verəcəklərini bəyan edir.
İrana nə lazımdır: Arazın şimalındakı, yoxsa cənubundakı dəhliz?
İkinci Qarabağ Müharibəsindən dərhal sonra Azərbaycan qərb əraziləri ilə Naxçıvanın birləşdirilməsi məsələsinin gündəmə gəlməsinə ilk neqativ reaksiya verən məhz İran idi. Tehran Moskvanı Azərbaycanı dəstəklədiyinə və ölkənin qərb ərazilərini Naxçıvanla birləşdirmək ideyasının yaranmasındakı təşəbbüslərinə görə ittiham edir. İranın bu ittihamları Türkiyəyə qarşı da yönəlib. Amma Zəngəzur dəhlizinin açılması Azərbaycandan daha çox regiona lazımdır.
Sual olunur, öz ərazisindən alternativ Zəngəzur dəhlizinin keçməsinə razılıq verən İran Ermənistan ərazisində dəhlizin açılmasına qarşı çıxır? İran rəsmiləri “Ermənistan ərazi suverenliyi bizim üçün qırmızı xətdir” bəyanatında nə qədər səmimidir? Məgər iqtisadi layihə Ermənistanın ərazi suverenliyini pozur? Axı dəhlizin bütün region ölkələri üçün, eləcə də Ermənistan üçün ciddi gəlir mənbəyinə çevriləcəyi proqnoz edilir.
Əsas məqsəd gələcəkdə Ermənistanın iqtisadi baxımdan Azərbaycandan asılılığını qarşısını almaqdır.
İran geosiyasi dəyişiklikləri mümkünsüz sayır, hətta dəhlizin açılması hesabına Ermənistanın nəqliyyat blokadasından xilas olmasını qəbul etmir.
Bununla yanaşı, İran daha bir narahatlığını önə çəkir - “Dəhlizin təhlükəsizliyinə Rusiya nəzarət edə bilməz və bu nəzarəti Ermənistan həyata keçirməlidir...”.
Bu gün Rusiya-Türkiyə-Azərbaycan birliyi statistik və kövrək notlar istisna olmaqla, öz əhəmiyyətini saxlayır.
İran Cənubi Qafqazın taleyinin həll olunacağı günü gözləyir. Hazırda Rusiya və ABŞ Cənubi Qafqazda da döyüşür. Bu amil İranın strateji planları ilə bağlı qərar verməkdə ciddi çətinliklər yaradır.
Zəngəzur dəhlizinin açılması məsələsinin Ermənistan-Azərbaycan arasındakı sülh danışıqları layihəsində çıxarılması daha çox ABŞ-ın mövqeyi kimi səciyyləşdirilir.
Məlumdur ki, ABŞ-ın Cənubi Qafqaz ölkələri içərisində ən böyük səfirliyi Ermənistan yerləşir, səfirliyin təxminən 3-4 min arası əməkdaşı var. Ermənistanın vasitəçiliyi ilə Rusiyaya qarşı Tehran-Vaşinqton arasında konsolidə olunmuş “cəbhə”nin yaraldığı da istisna oluna bilməz. İranın Ermənistana daxil olmasına ABŞ mane olmur, eləcə də ABŞ-ın Ermənistanda güclənməsi İranı narahat etsə də, bu yöndə heç bir sərt mövqe nümayiş etdirməyib. İndiki məqamda ABŞ və İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də üst-üstə düşür.
Regionun nəhəng gücləri Rusiya və Türkiyə ilə əks qütbdə dayanan İran üçün başqa yol varmı? Ağır sanksiyaların məngənəsində sıxılan İran region ölkələrinin birliyindən və bu birliyin formalaşdırdığı layihələrin reallaşmasından imtina edə bilməz.
Sülh müqaviləsi layihəsindən çıxarılan və sonrakı mərhələdə həlli nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasının iki mərhələli şəkildə həllini tapacağı şübhə doğurmur.
Birincisi, bu məsələ Ermənistanla Azərbaycan arasında razılaşdırılmalıdır. Belə olacağı təqdirdə İran bu prosesə necə mane olacaq?
İkincisi, dəhlizin açılması ilə bağlı qərar verən maksimal tribuna “3+3” ölkələri olmalıdır. Region üçün də ən təhlükəsiz variant budur. Yəni, İran dəhlizin açılması ilə günbəgün aqressivləşən mövqeyi bu formatın zəifləməsinə xidmət edir. Qərblə əks və düşmən qütblərində dayanan İranın regional birlikdən də imtina etməsi əsl faciə ola bilər.
Dəhlizin açılması ilə bağlı İranın əsas narazılığı Ermənstanla quru sərhədlərinin itirilməsi məsələsidirsə, o zaman bu məsələni niyə dilə gətirmir?
Bütün bunlarla yanaşı, regionda yeni konflikt ittifaqları formalaşır -
Rusiya və Azərbaycan Qərblə açıq savaşdadır, xüsusilə Fransa Rusiya-Azərbaycan arasındakı strateji müttəfiqliyə qarşıdır. Qarşılıqlı ittihamlar isə davam edir.
Digər tərəfdən də klassik və tarixi İran-Fransa birliyi Ermənistan üzərindən Rusiya və Azərbaycana qarşı hərəkətdədir.
İranın Fransa və Ermənistanla strateji münasibətləri var. Ermənistan və Fransanın Azərbaycanla münasibətləri istiləşməyənə qədər İranın aqressiyası da davam edə bilər.
Zəngəzur dəhlizinin açılacağı isə qətidir, bu, mütləq baş tutacaq. İranın kosmetik səbəbləri prosesin qarşısını almaq iqtidarında olduğu real görünmür. Zəngəzur dəhlizi ilə bağlı İran və ABŞ-ın siyasətində oxşar cizgilər olsa da, tezliklə İran öz mövqeyindən daşınacaq.
Samir Feyruzov
TEREF
 
Ardını oxu...
ABŞ Prezidenti postuna iddialı olan namizədlərin gərgin debatı: namizədlər bir-birlərini nələrdə ittiham etdilər?

Sentyabrın 10-da axşam ABŞ-da builki prezident seçkisi kampaniyasının ikinci debatı baş tutub. Bu dəfə keçmiş Prezident, Respublikaçılar Partiyasının namizədi Donald Tramp hazırkı vitse-prezident və Demokratlar Partiyasından namizəd olaraq Co Baydeni əvəz edən Kamala Harrislə üz-üzə gəlib. Debat rəqiblərin reytinqləri arasında minimal fərqə görə xüsusi maraq kəsb etdi: son sorğularda fərq cəmi 1-2 faiz idi. (lenta.ru) Tramp-Harris debatı Pensilvaniya ştatının Filadelfiya şəhərində baş tutub. Pensilvaniya elə bir ştatdır ki, burada qələbə namizədlərin hər biri üçün vacibdir. Maraqlıdır ki, Pensilvaniya qubernatoru, demokrat Coşua Şapiro Kamala Harrisin komandasında mümkün vitse-prezidentliyə namizədlərdən biri hesab olunurdu ki, bu da daha çox ştat sakinini Demokratlar Partiyasının tərəfinə çəkə bilər. Bununla belə, Pensilvaniya seçkilərinin nəticəsi indi daha gözlənilməz görünür.

Debatı Trampın əvvəllər “ən çirkli”, “ən pis” və “saxta” adlandırdığı ABC kanalı təşkil edib. Lakin buna baxmayaraq, əvvəlcədən namizədlər kanalın debatında iştirak etməyə razılıq veriblər. Debatda Donald Tramp və Co Bayden arasında iyunun 27-də baş tutmuş debatdakı kimi, eyni qaydalarla keçirilib. Studiyada heç bir açılış bəyanatı və tamaşaçı yox idi. İştirakçılara hazırlanmış mətnləri özləri ilə aparmaq və komandalarının üzvləri ilə ünsiyyət qurmaq qadağan edilib. Yanlarında ancaq qələm, bloknot və bir şüşə su vardı.

Namizədin mikrofonu yalnız çıxışı zamanı işə salınıb. Kamala Harrisin komandası fasilələrin Trampı ona qarşı istifadə oluna biləcək “qeyri-müəyyən ifadələr” etməyə təşviq edə biləcəyinə ümid edərək bu qaydanı ləğv etməyə çalışıb. Bununla belə, Harris faktiki debat məkanının planını təqlid edən xüsusi yaradılmış studiyada Trampın dublyoru ilə debatı məşq etməli olub.

Rəqiblər debat başlamazdan əvvəl əl sıxsalar da, çıxışlarının çoxunu qarşılıqlı ittihamlarla keçiriblər. Kamala Harris rəqibini “vətəndaş müharibəsindən bəri demokratiyaya ən ciddi hücumda” və “orta təbəqənin ehtiyaclarına biganə” qalmaqda ittiham edib.

“Siz onun ehtiyaclarınız, arzularınız haqqında danışdığını eşitməyəcəksiniz. Əgər onun iqtisadi planına baxsanız, hər şey ən varlı insanlar üçün vergi güzəştləri ilə bağlıdır”, – Harris deyib. Hazırkı vitse-prezident həmçinin amerikalıları Trampın bütün ölkədə aborta qadağa qoyacağı ilə qorxutmağa çalışıb və rəqibini Çinə çiplərin tədarükünə kömək etməkdə ittiham edib. Harrisin sözlərinə görə, o, ABŞ-ı Çinə satıb. Demokratların namizədi keçmiş Prezidentə qarşı cinayət işlərinə xüsusi diqqət yetirib.

Ayrı-ayrılıqda vitse-prezident Trampa hörmət edilmədiyini vurğulamağa çalışıb. Onun sözlərinə görə, dünya liderlərinin Ağ Evin əvvəlki sakinini ələ saldığını görüb və ABŞ hərbi rəhbərliyinin nümayəndələri şəxsən ona deyiblər ki, hərbçilər Trampı “rüsvayçılıq” hesab edirlər.

Ümumiyyətlə, Harris Co Bayden administrasiyasının üzləşdiyi müasir ABŞ problemlərinə görə məsuliyyəti Trampın üzərinə atmağa çalışıb: miqrasiya böhranı, ticarət müharibələri və xarici siyasət inkişafı. Harris hesab edir ki, hazırkı Prezident və komandası yalnız sələflərindən qalan “xarabalığı qururlar”. Tramp ona debatı tərk etməyi, paytaxta getməyi və Prezident Baydenlə sərhədi bağlamaq üçün qanunun qəbulu üzərində işləməyi xahiş edərək cavab verib.

Artıq debatın əvvəlində Tramp Bayden administrasiyası və vitse-prezident Harrisin şəxsən "ABŞ-ı ağılsız siyasətlərlə məhv etdiyini" vurğulayıb: “Çünki onlar öz ölkələrinə nifrət edirlər”. Tramp həmçinin Harrisi özünə qarşı hücuma görə günahlandırıb. Respublikaçıların namizədinin fikrincə, ona qarşı davamlı ittihamlar olmasaydı, hücum baş verməzdi.

“Hər kəs Harrisin marksist olduğunu bilir. O ABŞ Prezidenti olarsa, ölkəmizin uğur şansı olmayacaq. Venesuelaya çevriləcəyik!”, Tramp vurğulayıb.

Tramp rəqibini iqtisadiyyat sahəsində “boş gəmi” adlandıraraq, onun aktual problemlərin həlli üçün yeni heç nə təklif etmədiyini və sadəcə Baydenin strategiyasını davam etdirəcəyini açıqlayıb. Sabiq Prezident ekspert rəyinə istinad edərək öz iqtisadi planını "parlaq" adlandırıb. İqtisadi problemlərlə bağlı siyasətçi Latın Amerikasından ABŞ vətəndaşlarının işlərini əlindən alan miqrantları xatırladıb: “Şəhərləri ələ keçirirlər. Binaları ələ keçirirlər. Onlar qəddar davranırlar. Və onlar üçün sərhədləri açan Harris və Bayden olub”.

Bundan əlavə, Tramp demokratları abort məsələsində “həddindən artıq liberal” olmaqda ittiham edib. Onun sözlərinə görə, onlar ölkədə doğuşdan sonra aborta icazə verən qanunun tətbiqinin tərəfdarıdırlar: “Başqa sözlə, biz uşağı edam edirik”.

ABŞ-ın keçmiş Prezidenti Bayden və Harrisin xarici siyasətini tənqid etməyə xüsusi diqqət yetirib. Tramp ABŞ-ın hazırkı hakimiyyətini İranı cilovlaya bilməməkdə və İranın dəstəklədiyi HƏMAS hərəkatının İsrailə hücumuna, Qəzza zolağında yeni müharibəyə səbəb olan Tehrana qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları ləğv etməkdə ittiham edib.

Eyni zamanda, namizədlər debatda vaxtlarının çoxunu Ukrayna müharibəsinə həsr ediblər. Debat zamanı Tramp Ukraynadakı münaqişənin 24 saat ərzində həllinin mümkünlüyü fikrini bir daha təkrar edərək, həm Vladimir Putinin, həm də Volodimir Zelenskinin ona hörmət etdiyini vurğulayıb. "Biri ilə danışacağam, digəri ilə danışacağam, onları bir araya gətirəcəyəm", deyən respublikaçı namizəd öz planını qısaca təsvir edərək, hərbi əməliyyatlara son qoymağın ABŞ-ın maraqlarına uyğun olduğunu və "lazımsız olaraq əziyyət çəkən milyonlarla insanın həyatını xilas edəcəyini" vurğulayıb.

Tramp deyib ki, Bayden administrasiyasının hərəkətləri Rusiya və digər ölkələri yeni dünya müharibəsi astanasına gətirib: “Bilirsiniz, onun - Putinin başqalarında olmayan bir şeyi var. Onun nüvə silahı var. Ola bilər ki, Putin bundan təhdid kimi istifadə edir. Lakin o ABŞ-ı təhdid etməyib”.

Prezidentliyinə namizəd Ukraynada silahlı münaqişənin hazırlanmasında iştirak etdiyi üçün Harrisi birbaşa ittiham edib: “Bayden administrasiyası Harrisi Zelenski və Putinlə danışıqlara göndərdi. Və üç gündən sonra müharibə başladı. Məncə, Harris Baydendən daha pisdir”.

Bundan əlavə, Trampın sözlərinə görə, Baydenin ailəsi Çindən, Ukraynadan və hətta Moskvanın keçmiş meri Yuri Lujkovun dul arvadı Yelena Baturinadan da vəsait alıb: “Ona görə də ABŞ-ın xarici siyasəti daim Baydenin donorlarının ehtiyaclarına uyğunlaşdırılıb”.

Harris də öz növbəsində Trampın Ukrayna ilə bağlı bəyanatlarını tənqid edərək, onu sadəcə olaraq Vladimir Putinlə dostluğuna görə ukraynalıları tərk etmək istəməkdə ittiham edib: "Mən inanıram ki, Donald Trampın bu müharibənin 24 saat ərzində bitəcəyini deməsinin səbəbi sadəcə olaraq, ondan imtina etməsidir".

Harrisin sözlərinə görə, Ukraynaya dəstək ABŞ-ın strateji maraqlarına uyğundur. Əgər ölkəyə onun rəqibi rəhbərlik etsəydi, “Putin indi Kiyevdə oturardı”. Harris müharibə başlamazdan bir müddət əvvəl Zelenski ilə görüşdüyünü və daha sonra Ukraynaya dəstək üçün danışıqlar aparmaq üçün Polşa və Rumıniyaya getdiyini təsdiqləyib.

Donald Tramp Ukraynadakı münaqişənin daha çox Bayden administrasiyasının Rusiya Prezidenti Vladimir Putini anlamaması və onunla necə danışacağını bilməməsi ilə bağlı fikir bildirib: "Bayden iki il ərzində Putinə bir dəfə də olsun zəng etməyib, heç kimlə danışmayıb". Respublikaçı siyasətçi Putinin Qərblə konstruktiv danışıqlar ümidi ilə 2021-ci ilin sonunda Rusiyanın qərb sərhədlərinə qoşun toplamağa başladığı tezisini təkrarlayıb.

Debat zamanı Tramp 9 dəfə Rusiyanın, 8 dəfə Putinin, 6 dəfə isə Ukraynanın adını çəkib. Harris isə bu məsələdə daha təvazökar olub: beş dəfə Ukraynanın, dörd dəfə Putinin və iki dəfə Rusiyanın adını çəkib.

Harrisin tərəfdarları debatdan ruhlanıblar. Onun kampaniya meneceri Cen O'Malley Dillon açıq şəkildə vitse-prezidentin "qalib gəldiyini" bəyan edib. Demokratik kampaniya müşaviri Brayan Fallon da Harrisi “nikbin” kimi xarakterizə edib, “dürüst və güclü” adlandırıb. Trampı isə “pis və zəif” hesab edib.

Pensilvaniya qubernatoru, demokrat Coşua Şapiro da onlarla razılaşıb. O, Trampı “tamamilə cəfəngiyyat danışan qeyri-sabit adam” adlandırıb. Harris isə onun fikrincə, “liderlik nümayiş etdirib”.

Bundan əlavə, amerikalı müğənni Teylor Svift debatdan dərhal sonra demokratları dəstəklədiyini açıqlayıb: "2024-cü il prezident seçkilərində Kamala Harris və Tim Valsa səs verəcəyəm”.

Respublikaçılar Partiyası debat təşkilatçılarını tənqid edib. Məsələn, respublikaçı senator Marko Rubio qeyd edib ki, aparıcılar demokrat namizədə inflyasiya və digər mübahisəli təkliflərlə bağlı təzyiq göstərməyiblər.

Eyni zamanda, Donald Tramp özünü qalib hesab edərək, həm rəqibinə, həm də iki moderatora qarşı mübarizə aparmalı olduğunu vurğulayıb: "Düşünürəm ki, bu, indiyə qədər keçirdiyim ən yaxşı debat idi. Xüsusən də bu, üçə qarşı bir nəfərin döyüşü olduğu üçün”.

Vitse-prezidentliyə namizədlər Respublikaçı J.D.Vens və Demokrat Tim Vals üçün debatlar oktyabrın 1-nə planlaşdırılıb. Onların Nyu-Yorkda baş tutması planlaşdırılıb və CBS kanalında keçiriləcək.

Əvvəllər prezidentliyə namizədlər yeni debatlar üçün razılığa gəlməyiblər. Ona görə də dünənki duelin noyabrın 5-nə təyin edilmiş seçkilər öncəsi sonuncu duel ola bilər. Eyni zamanda, debatdan sonra Demokratlar Partiyası Trampla növbəti debata qatılmağa hazır olduğunu açıqlayıb. “Əyləncəli idi. Gəlin bunu oktyabrda yenidən edək”, - Harris kampaniyasının müşaviri Brayan Fallon bildirib. Tramp həmçinin debatın təkrarlanmasına razı olduğunu deyib, amma “ədalətli platformada” keçirilməsi şərti ilə.

Müəllif: Turan Abdulla
ayna.az
 
 
 
Ardını oxu...
Prezident Volodimir Zelenski Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyinin artırılması məqsədilə sentyabrın 6-da ABŞ-ın Almaniyadakı “Ramştayn” aviabazasında Ukraynanın müdafiəsi məsələləri ilə bağlı Təmas qrupunun iclasında iki əsas istəyini səsləndirib. Zelenski Qərb ölkələrinin Ukraynaya daha çox hərbi texnika göndərməsini və ölkəsinə verilən raket qurğularından Rusiyanın içərilərinə doğru zərbələr endirilməsinə icazə verilməsini istəyib. Başqa ABŞ olmaqla Ukraynaya göndərilən hərbi texnikanın həcmini artıracaqlarını vəd ediblər. Ancaq ikinci məsələylə bağlı ABŞ-ın müdafiə naziri Lloyd Ostin Zelenskiyə müsbət cavab verməyib.
Zelenski Almaniyadan sonra İtaliyaya səfər edərək bu ölkənin baş naziri Corciya Meloni ilə görüşüb. İtaliyanın baş naziri sentyabrın 7-də Beynəlxalq Çernobbio Forumunda çəçivəsində Volodimir Zelenski ilə görüşündə Çin və ya Hindistanın Rusiya-Ukrayna münaqişəsinin həllində rol oynaya biləcəyini söyləyib. “Çin və Hindistanın bu münaqişənin həllində rolu ola bilər” deyən Meloni eyni zamanda Ukraynayı tək buraxmayacaqlarının vədini verib. Meloni forumdakı çıxışında “beynəlxalq hüququn qaydaları ləğv edilərsə, böhranlar və xaos çoxalacaq” fikrini səsləndirib.
Çin və ya Hindistanın vatisəçi ola biləcəyi fikrini Rusiya Prezidenti Vladimir Putin də səsləndirib. Putin bu ölkələrin münaqişə ilə bağlı bütün məsələləri səmimi şəkildə həll etməyə çalışdığını bildirib. Kreml sahibinin bu bəyanatı Hindistanın baş naziri Narendra Modinin Rusiya və Ukraynaya səfərindən sonrakı dövrə təsadüf edib. Göründüyü kimi, Meloninin simasında bir qrup Qərb liderinin müharibəyə son qoymaq üçün Çin və ya Hindistanın vasitəçi ola biləcəyi fikrinə şərikdirlər. Ancaq hazırki şərtlər daxilində müharibənin dayandırılacağı və ya atəşkəs elan edəcəyi ehtimalı azdır. Volodimir Zelenski Ukrayna xalqının müharibə istəmədiyini, ancaq işğalla barışmayacağını bird aha Qərb liderlərinin diqqətinə çatdırıb. Vladimir Putin də sülh danışıqlarına hazır olduğunu, ancaq “reallıqların” nəzərə alınmasını istəyib. Putinin Krımın ilhaqı və Ukraynanın şərqinin işğalını nəzərdə tutan “reallığını” isə Kiyevə heç zaman qəbul etməyəcək.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF
 
 
 
Ardını oxu...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar.
Baş nazir Nikol Paşinyan avqustun 31-də sülh sazişinin 17 bəndindən 14-nün razılaşdırıldığını bildirmişdi. Rəqəmlərdə fərqlilik var.
Bəndin biri hara gedib? Ya Paşinyan özündən bir bənd artırıb, ya da onun naziri sazişdən bir bəndi çıxıb.
Real rəqəmi Azərbaycan Xarici İşlər Nazirliyi açıqlaya bilər.
Hər halda razılaşdırılmayan əsas bənd Konstitusiya dəyişikliyi ilə bağlıdır.
Elxan Şahinoğlu
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti