Zəngəzur dəhlizi Ermənistanın iradəsindən kənar hadisədir...
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin əksər hissəsinin razılaşdırılması müsbət hal olsa da razılaşdırılmayan məqamlar ciddi əhəmiyyət kəsb edir”.
Bunu Bizimyol.info xəbər portalına açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. Siyasi şərhçi bildirib ki, razılaşdırılmayan əsas məqamlar konstitusiyada dəyişiklik və Zəngəzur dəhlizi ilə bağlı olan detallardır ki, bu da vacib əhəmiyyət daşıyır: “Ermənistan Azərbaycana qarşı əks-arqumentlə çıxış edir. Guya Azərbaycan konstitusiyasında da Ermənistana qarşı ərazi iddiaları var. Bu absurd iddia olmaqla yanaşı, Ermənistanın konstitusiya dəyişikliyinin sülh müqaviləsi şərtlərindən çıxarılma istəyi ilə bağlıdır. Ermənistan bunu sonrakı mərhələyə saxlamağı təklif edir. Amma belə olacağı halda da, sülh müqaviləsində, yaxud çərçivə sazişində mütləq Ermənistanın konstitusiya dəyişikliyinə gedəcəyi qeyd olunmalıdır”.

Əli Zülfüqaroğlu əlavə edib ki, həm konstitusiya dəyişikliyi, həm də Zəngəzur dəhlizi ilə bağlı ABŞ Ermənistana təzyiq edir: “Birləşmiş Ştatlar seçki ərəfəsindədir. Erməni lobbisi burada çox güclüdür və seçki zamanı daha da aktivləşirlər. İstədikləri, yaxud anlaşdıqları namizədə maliyyə yardımı edir, eyni zamanda səsvermədə aktiv iştirak edirlər. Bu məsələdə Amerika Erməniləri Milli Komitəsi mərkəz rolunu oynayır. Erməni lobbisinin varlığı “Böyük Ermənistan” ideologiyasına bağlıdır və uzun illər bu istiqamətdə fəaliyyət göstəriblər. Ermənistan konstitusiyasında da erməni kilsəsi və lobbisinə Ermənisdtan dövlətinin idarə olunmasında müstəsna hüquqlar verilir. Ona görə də, erməni lobbisi Birləşmiş Ştatlar hökumətindən Ermənistana təzyiq edilməsini istəyə bilər ki, İrəvan Azərbaycanın bu tələbini yerinə yetirməsin. Amma Azərbaycan bu tələbində israrlıdır və bu sülhün dayanıqlı olması üçün əsas şərtdir. Bu baxımdan razılaşdırılmayan bu şərt ciddi əhəmiyyət daşıyır”.

Əli Zülfüqaroğlu həmçinin əlavə edib ki, Zəngəzur dəhlizi məsələsində ABŞ başda olmaqla bir sıra ölkələrin maraqları toqquşur: “Rusiya, Türkiyə, Çin, Britaniya və s. ölkələr dəhlizin açılmasında maraqlıdır. Azərbaycan gözləmə mövqeyində idi ki, bu dövlətlər Ermənistana təzyiqlərini artırsınlar. Amma bu baş vermədiyi təqdirdə Azərbaycan uğurlu diplomatik gediş edərək, dəhlizin açılmasını sülh sazişindən sonraya saxlanması ehtimalı ilə bağlı açıqlama verdi. Bu da təbii ki, dəhlizə nəzarətdə maraqlı olan ölkələri hərəkətə keçirdi. Xüsusilə, Rusiya aktivləşməyə başladı. Buna adekvat olaraq da İran və Qərb narahat olmağa başladı. Azərbaycanın bu gedişi dəhlizin açılmasını şərtləndirən əsas amillərdən biridir. İran nə qədər narahat olsa da, bölgəyə əsas təsir imkanları Rusiyanın əlindədir və Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvan uzun müddət təzyiqlərə davam gətirə bilməz. Çünki İrandan fərqli olaraq Rusiya iqtisadi və təhlükəsizlik faktoru baxımından Ermənistan üçün daha vacib ölkədir. Biz, bir müddət Ermənistanın dirənəcəyini müşahidə edəcəyik. Xüsusilə, konstitusiya dəyişikliyi məsələsində Ermənistanın mövqeyi problematikdir. Bu da Birləşmiş Ştatlardakı seçkiyə qədər özünü daha çox biruzə verəcək”.
 

Dünyapress TV

Xəbər lenti