Ardını oxu...
Mərkəz rəhbəri: “PKK-nın içində fərqli qüvvələr heç də tərksilah olunmaq marağında deyillər”

Analitik: “Ərdoğanın BRİKS sammitinə qatıldığı vaxt terror aktının törədilməsi Türkiyəyə xəbərdarlıq məqsədi daşıya bilər”

Ötən gün Türkiyənin paytaxtı Ankarada terror aktı həyata keçirib. Paytaxtın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub. Hadisə yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib. Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.

Yerlikaya qeyd edib ki, terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Rəsmi məlumatda qeyd olunub ki, TUSAŞ-a hücum həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib. Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

Ankara Baş Prokurorluğu paytaxtın Qahramankazan rayonunda TUSAŞ müdafiə müəssisəsində törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Qeyd edək ki, TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal edilir. Burada Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır. Türkiyə Silahlı Qüvvələri TUSAŞ məhsullarından antiterror əməliyyatları zamanı istifadə edir.

Analitiklər bildirirlər ki, Ankarada baş verən terror Türkiyəyə bir mesajdır. Bununla yanaşı, terror aktının PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi şübhələri azdır. Amma terrorun başqa bir təşkilat tərəfindən törədilməsi ehtimalı da öz aktuallığını qoruyur.

Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da AYNA-ya bildirib ki, terror aktını böyük ehtimalla PKK törədib: “Maraqlıdır ki, bundan bir gün əvvəl Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı qrup tolantısındakı çıxışında PKK lideri Abullah Öcalanın əfvinə işarə edən nitq söyləmişdi. Türkiyə hakimiyyəti PKK-çıların tərksilah olunması qarşılığında 25 il həbsdə yatan terrorçu başçı 75 yaşlı Abdullah Öcalanın sərbəst buraxılmasını istisna etmir. Ancaq bugünkü terror aksiyasi məsələnin bu qədər sadə həll olunmayacağını göstərir. PKK-nın içində fərqli qüvvələr heç də tərksilah olunmaq marağında deyillər”.

“PKK-nın Qəndil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Abdullah Öcalanın “silahı yerə qoyun” əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: “Abdullah Öcalan Türkiyə hökumətinin girovluğu altındadır”. Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu PKK-nın həmin razılığa uyğun olaraq tərksilaha əməl edəcəyi anlamına gəlməyəcək”, - deyə Şahinoğlu vurğulayıb.

“Türkiyədə son terror hadisəsini xarici qüvvələrlə əlaqələndirənlər də var və bu zaman Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın BRİKS toplantısında iştirak etmək məqsəsilə Kazan şəhərinə səfərinə işarə ediblər. Ankarada terror hadisəsi baş verərkən türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşırdı. Yəni Türkiyədəki bəzi siyasi və ekspert dairələrinin fikrincə, Qərbdə - yəni ABŞ-da Türkiyənin BRİKS-ə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkiatına üzvlük istəyindən narahatlıq keçən qüvvələr var və bu qüvvələr PKK-çılar son terror aksiyasi vasitəsilə Ərdoğana xəbərdarlıq mesajı göndəriblər”, - deyə Mərkəz rəhbəri fikrini tamamlayıb.

Analitik Asif Nərimanlı isə hesab edir ki, törədilən terror aktının iki məsələ ilə bağlantısı görünür: “Birincisi, Baxçalının məlum Öcalan açıqlaması və Türkiyənin "kürd açılımı" siyasətində yeni mərhələni başlatmaq planıdır. Öcalan-DEM üzərindən edilən bu həmlə PKK-nın Qəndil və siyasi qanadında parçalanmaya da yol açacaq. Görünür, kənarda qalmaq riski ilə üzləşən qruplar bu terror aktı ilə Türkiyənin həmləsini effektsiz etməyə çalışır, bu məsələdə PKK kartından istifadə edən ölkələr də maraqlıdır”.

“İkincisi, Türkiyənin Qərb qarşısında ciddi alternativ olmaq imkanları güclənən BRİKS-ə - "Qlobal Cənub"a yaxınlaşmasıdır. Ərdoğanın BRİKS sammitinə qatıldığı vaxt Ankarada terror aktının törədilməsi Türkiyəyə xəbərdarlıq məqsədi daşıya bilər”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Son günlər Bakı şəhəri nəqliyyatında yaranan problemlər, tıxac, ictimai nəqliyyatdakı sıxlıq və digər məsələlər cəmiyyətdə müzakirə olunmaqdadır.
TEREF ölkə.az -a istinadla xəbər verir ki, sosial şəbəkələrdə də bu məsələ ətrafında müxtəlif fikirlər səsləndirilir. Bu istiqamətdə müxtəlif şikayətlər var.
Şikayətçilərin çoxu şəhərdəki tıxacdan, ictimai nəqliyyatdakı sıxlıqdan və metronun fəaliyyətindən narazıdır. Yollardakı infrastrukturdan daş ikayətlənənlər az deyil.
Nəqliyyat üzrə ekspertlər də məsələnin ciddiliyini günə gətirirlər. Nəqliyyat üzrə ekspert Elməddin Muradlı BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakı nəqliyyatında problemlər çoxdur. Onun sözlərinə görə, yol təsərrüfatından tutmuş, ictimai nəqliyyata qədər problemlər var.
"Həlli istiqamətində çox işlər görülür. Amma nəticədə vəziyyət daha da pisləşir. Ümumilikdə Bakının yol təsərrüfatını qoruya bilmədik.
Vaxtında normal yol şəbəkəsi qurulmadı. Yeni metro stansiyaları tikilsə belə, mövcud metro stansiyaları yenilənmədi. Ümumilikdə metro inkişaf etmədi.
Bakı Nəqliyyat Agentliyinin dövründə avtobusların inkişafı qəflətən dayandı. Yeni gətirilən avtobuslar bərbad vəziyyətə salındı", - deyə Elməddin Muradlı bildirib.
Ekspert deyir ki, 2040-cı ilə qədər Bakının Baş Planına uyğun hərəkət etsələr bəlkə müəyyən bir dəyişikliklər olacaq.
"Baş planı ilə paralel Nəqliyyatın Əlaqələndirmə Şurası ilə birlikdə müəyyən işlər görülüb. Lakin proses sürətli getmir.
Avtobusların sayı 100-ə qədər artıb, ilin sonuna qədər 500-ə qədər artacaq. TƏzə avtobuslar gəldikcə köhnələr istismardan çıxarılmalıdır. Bu dəqiqə 1000-ə yaxın istismara yararsız avtobus var.
Cəmi 2100 avtobusumuz var, onunda minə yaxını yararsızdır. Bölgələrlə, Bakı ətrafı qəsəbələrlə əlaqələri normal bərpa edə bilməmişik.
İnsanlar şəhərdən kənara çıxmağa çalışır, amma şəhərlə əlaqə ictimai nəqliyyat üzərindən qurulmur.
Yəni şəhərdən kənarda ev alan ailəsi üçün maşın da alır. Hətta bir ailə bir neçə üzvü üçün avtomobil alır və şəhərə gəlib-gedəndə şəxsi maşınlardan istifadə edir. İnsanlara çeşidli, normal ictimai nəqliyyat vermək lazımdır.
Tramvayla bağlı neçə illərdir danışılır, lakin hələlik ortada bir iş yoxdur".
Mütəxəssis deyir ki, Bakı metrosu ilə də bağlı vəziyyət ürəkaçan deyil:
"Bakı metrosunun yeni stansiyaları çox az tempdə artır. Bakının yaşayış səviyyəsini nəzərə alsaq, indiyə qədər metronun 60-a yaxın stansiyası olmalıydı. Cəmi 27 stansiyanın ümidinə qalmışıq. MDB məkanında ən zəif inkişaf edən Bakı metrosudur. Metroda illər uzunu ancaq geriləmə olub".
Elməddin Muradlı son olaraq məsələnin həllini köklü və dayanıqlı addımlar atmaqda görür.
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb:
"Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir".
AYNA-dan verilən açıqlamada o da bildirilib ki, Bakıda 31 küçə və prospektdə 89 km xüsusi hərəkət zolağı təşkil edilib:
"Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 900 mindən çox sərnişin daşınır. Zolaqlar sayəsində avtobuslar son təyinat nəqtəsində 10-15 dəqiqə daha tez çatır.
Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır.
Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır".
Paytaxtda fəaliyyət göstərən sərnişin avtobuslarının yenilənməsi ilə bağlı qurum tərəfindən işlərin görüldüyü vurğulanıb:
"Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb.
2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb.
Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160 yeni elektrik avtobusunun da alınaraq sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.
Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir".
AYNA paytaxt küçələrində salınan avtobus zolaqları ilə bağlı məsələyə belə aydınlıq gətirib:
"Avtobus zolaqları salınarkən, əvvəlcədən təhlillər aparılır, infrastruktur müəyyən kriterialar əsasında təşkil edilir.
Bəzən yolboyu obyektlər və müəssisələrin yerləşməsi səbəbindən müəyyən dəyişikliklərin edilməsinə zəruriət yaranır. Bu zaman hər bir məsələyə həssas yanaşılır.
Bakıda mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir. Layihələndirmə zamanı prioritetləşdirmə piyadalar, velosipedçilər və ictimai nəqliyyat ardıcıllığı ilə müəyyən olunur".
 
Ardını oxu...
Qərbdən Azərbaycana qarşı “səlib yürüşü”nə bənzər hücumlar intensivləşib. COP29 tədbiri ərəfəsi başlanan bu hücumların məqsədi və arxasındakı qüvvələri görmək çətin deyil. Məqsəd beynəlxalq diqqətin Azərbaycana yönəldiyi vaxt rəsmi Bakıya qarşı qondarma ittihamlarla təzyiq etməkdir. Bu prosesdə antiazərbaycan qüvvələr ciddi aktivlik sərgiləyir, eyni zamanda, erməni diasporu/lobbisi fəal şəkildə iştirak edir. Əslində regiondakı maraqlarını təmin etməyə çalışan qüvvələr və ölkələrlə erməni diasporu/lobbisi eyni çatının alında eyni hədəfə doğru hərəkət edirlər. Avropa Parlamentinin son müzakirələri də bu prosesin tərkib hissəsidir.

COP29 fonunda müzakirəyə çıxarılan məsələlər əsasən erməni maraqlarının müdafiə edilməsinə həsr olunub. Eyni zamanda, Azərbaycana qarşı “demokratiya”, “insan haqları” adı ilə pərdələdikləri klassik ittihamlar səsləndirilir. Avropanın iş yerləri və sosial hüquqlar üzrə komissarı Nikolas Şmitin əsassız ittihamların yer aldığı bəyanatı bu kontekstdə xüsusilə diqqət çəkir. Çünki Şmitin səsləndirdiyi bəyanatda Azərbaycanla bağlı irəli sürülən iddialar Qərb ölkələrinin gündəlik reallıqlarıdır və belə görünür ki, avropalı siyasətçilər gündəlik həyatlarında rastlaşdıqları faktları “Azərbaycanda baş verir” adı ilə hazırladıqları hesabatlara daxil edirlər. Bununla həm öz ölkələrində baş verən biabırçılıqları gizlədir, həm də Azərbaycanla bağlı reallıqları araşdırmaq zəhmətinə girməmiş olurlar. Qərb ölkələrində baş verənlərə nəzər yetirdikdə bunu daha aydın görmək mümkündür.

ABŞ: rasizmin “çiçəklənməsi”

Birləşmiş Ştatlarda irqi ayrı-seçkilik, isanların rənginə, dininə, hətta siyasi mövqeyinə görə qətlə yetirilməsi gündəlik həyatı tərkib hissəsidir. Bununla yanaşı, sosial bərabərsizlik də adi hal alıb. Çikaqo Universiteti və Notr-Dam Universitetinin araşdırmalarına görə, ABŞ-da yoxsulluq səviyyəsi 11,7 faizə qədər artıb. Bu, 2020-ci ilin statistikasıdır, son 4 ildə vəziyyət psiləşməyə doğru “inkişaf edib”. Gəlirlərin ədalətli bölüşdürülməməsi, sosial bərabərsizlik isə bu ölkə üçün o qədər də təəccüblü deyil. ABŞ əhalisinin 1 faizinin xalis gəliri aşağı təbəqənin gəlirlərindən 20 dəfəyə qədər çoxdur. Pew Araşdırma Mərkəzinin sorğularına görə, amerikalıların 61 faizi ölkədə həddindən artıq iqtisadi bərabərsizliyin olduğuna inanır.

Sosial bərabərsizlik xüsusilə etnik və irqi azlıqlar arasında özünü göstərir. Çikaqo Universiteti və Notr-Dam Universitetinin araşdırmalarına görə, ABŞ-da yoxsulluq həddi son illərdə qaradərililər arasında 3,1 faiz artıb. Misal üçün, afroamerikalıların 33,5 faizi səhmlərə sahibdirsə, ağdərililərin 61 faizinin səhmləri var. Bununla yanaşı, irqi və etnik kimliyə görə qətllərin sayı daha da çoxalıb.

Nüfuzku “Southern Poverty Law Center” təşkilatının araşdırmalarına görə, ABŞ-da 900-dən çox ekstremist qrup fəaliyyət göstərir. Bura “Ku Klux Klan”, “neonasistlər”, “skindhelər”, “ağ supremasist ideologiyası”na malik olanlar, anti-miqrantlar daxildir. Ölkədə qurbanların 60 faizindən çox afroamerikalılar və asiyalı amerikalılardır. Bunu Federal Tədqiqatlar Bürosu da təsdiq edir. ABŞ həm də “polis dövləti” olaraq tanınır. “Vaşinqton Post” yazır ki, ildə mindən çox insan polis tərəfidən qətlə yetirilib. Ən çox polis zorakılığına məruz qalanlar isə afroamerikalılardır. Ferqüsson, Baltimov, Minneapolis hadisələri bunun bariz nümunələridir.

ABŞ-da 2 milyondan çox insan hələ də seçki hüququndan məhrumdur, yeganə səbəb isə onların qaradərili olmasıdır. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir. İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir. Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır. Lakin məktəbdən çıxarılanlar arasında qaradərili şagirdlər əksəriyyət təşkil edir. Hətta heyvanlara münasibətin qaradərilələrə münasibətdən daha üstün olduğuna dair fikirlər var. Texas ştatında vətəndaş hüquqları layihəsinin rəhbəri Cim Herinqton bildirir ki, “Austin məntəqəsində iki itin güllələnməsi hadisəsi bu məntəqədə iki qaradərilinin güllələnməsi hadisəsindən daha çox araşdırılıb və daha çox diqqət mərkəzində olub”.

Fransa: “beşiyində boğulan” demokratiya

Fransa hər nə qədər özünü “demokratiyanın beşiyi” adlandırsa da, Avropada demokratiya və insan haqlarının ən çox tapdandığı ölkədir. Bunu həm miqrantlara, həm müsəlmanlara, həm də sosial etirazçılara qarşı münasibətdə görmək olur.

“Sənədsiz Şəxslərə Yardım Assosiasiyası” təşkilatının hesabatına görə, Paris hava limanlarında hər il 10 minə yaxın insan saxlanılır və təcridxanalara yerləşdirilir. Kameralar həddindən artıq doludur və heç bir gigiyena tələblərinə əməl edilmir, hətta insan ləyaqətinin alçaldılması halları adiləşib. Miqrant ailələrin birləşməsi, yaxud təməl yaşamaq haqları da pozulur. Qəzalı evlərdə, yaxud müvəqqəti olaraq qohumlarının yanında yaşayan miqrant uşaqların 80 faizi təhsil almaq hüququndan məhrum edilir.

“Təhlükəsizlik” adı altında insan həyatına müdaxilə Fransa hüquq-mühafizə orqanlarının bir nömrəli iş prinsipinə çevrilib. Fransa hakimiyyəti terrorizmlə mübarizədə kəşfiyyat xidmətlərinin səlahiyyətini və texnoloji imkanlarını qanunsuz şəkildə genişləndirir. Kəşfiyyat Məlumatlarının Toplanması Texnologiyalarına Nəzarət üzrə Milli Komissiyanın hesabatına görə, Fransada 20 mindən çox insan hər il kəşfiyyat xidmətlərinin nəzarəti altına düşür, onlardan 9 minə yaxını ciddi əsas olmadan terrorçuluqda şübhəli bilinir. 2015-ci ildən etibarən hazırlanmasına start verilən qəbul edilən “Fransanın dövlət təhlükəsizliyinə təhlükə yaradanlar” siyahısı isə siyasi müxalifətin və jurnalistlərin təqibinə “hüquqi don” geyindirmək məqsədi daşıyır. Çünki siyahıya təkcə potensial və ya faktiki terrorçular, yaxud ictimai asayişi pozanlar yox, həm də jurnalist və ictimai fəallar da daxildir. Əsas maraqlı məqam odur ki, məlumat bazasında terrorçuluqda şübhəli bilinənlərin dosyeləri tez-tez dəyişsə də, siyasi fəallar və jurnalistlərin dosyeləri həmişəlik qalır.

Fransada etiraz aksiyalarının zorakılıqla dağıdılması adi hala çevrilib. Məşhur “sarı jiletlilər” hərəkatının etirazları zamanı nümayişçilərə 14 mindən çox rezin güllə atılıb, 2,5 minə yaxın insan polis tərəfindən yaralanıb, 12 mindən çox insan isə saxlanılıb. Saxlanılanlardan 2 min nəfərə ittiham hökmü çıxarılıb, bunların 40 faizi həbs cəzası idi.

Nümayişlər zamanı jurnalistlərə qarşı da zorakılıq və aqressiv hərəkətlər kütləvi hal alıb. Avropa Şurasının mətbuat azadlığına dair hesabatlarında bu faktlar öz əksini tapır. Fransa söz azadlığının pozulması və jurnalistlərə qarşı zorakılığa görə Avropa İttifaqına üzv ölkələrin ilk onluğunda yer alır. Misal üçün, 2019-cu ildə 200-dən çox jurnalist müxtəlif diskriminasiya xarakterli hallarla üzləşib, o cümlədən, qolların və qabırğaların sınması, üz nahiyəsinin zədələnməsi kimi fiziki xəsarətlər alıb, həmçinin, polis məmurları, jandarmlar və hakimlər tərəfindən hədə-qorxu gəlinib.

Fransa antisemitizmin və İslamafobiyanın da “beşiyinə” çevrilib. Yəhudilərə məxsus məzarların (2019-cu ildə 96 məzar) təhqir edilməsi, sinaqoqların dağılması və təhqir edilməsi hallar adiləşib. Eyni münasibət müsəlmanlara qarşı da sərgilənir. “İslamafobiyaya qarşı cəmiyyət” QHT-nin məlumatına görə, müsəlman qadınlar daha çox təcavüzün hədəfinə çevrilib, eyni zamanda, qəbiristanlıqların, mədəniyyət evlərinin, məscidlərin və Qurani-Kərimin təhqir edilməsi halları getdikcə artır.

Neokolonizm siyasətini davam etdirən Fransa eyni vəhşiliyi həm neo-müstəmləkə siyasəti yürütdüyü ölkələrə, həm də öz xalqına qarşı törədir.

İnsanlığın öldüyü Avropa

Bütün bunlar – insan haqları və demokratik prinsiplərin pozulması, jurnalist və siyasi fəalların təqib edilməsi, antisemitizm, İslamafobiya və s. – Avropanın hər bir ölkəsində gündəlik həyatın tərkib hissəsinə çevrilib. Azərbaycanı ittiham edən Nikolas Şmitin ölkəsində - Lüksenburqda insanlar etnik kimliyinə və dərisinin rənginə görə daha çox ittiham altına düşür, məhkəmə qarşısına çıxarılıb. Qaradərililər həm ictimaiyyət arasında, həm də dövlət idarələrində müxtəlif təzyiqlərə məruz qalır, iş tapmaq problemi ilə üzləşirlər.

Avropa İttifaqının Təməl Haqlar Agentliyinin (FRA) bu il açıqladığı hesabat isə ümumavropadakı acınacaqlı vəziyyətin real mənzərəsini göz önünə sərir. Təkcə Avropa ölkələrinin quru və dəniz sərhədlərində miqrantlara qarşı törətdikləri, onların batmaq, yaxud digər təhlükələrdən xilas edilməsi ilə bağlı heç bir addımın atılmaması bu coğrafiyada insanlığın, hümanizmin yox olduğunu göstərir. Şmit kimi avropalı siyasətçilər isə öz evlərində baş verənləri səssiz qalaraq, Azərbaycanı mövcud olmayan, uydurulmuş iddialarla ittiham edir. Bu detal təsdiq edir ki, Azərbaycana qarşı qəbul edilən qərarlar, səslənən iddialar və bəyanatlar reallığa yox, siyasi maraqlara əsaslanır.

Axar.az
 
Ardını oxu...
Gürcüstanda seçki ərəfəsi gərginlik gözlənildiyindən də gərgin keçir. İstər hakimiyyət, istərsə də hökumət bütün gücünü səfərbər edib. Avropa xətti ilə Rusiya xətti arasında ciddi qarşıdurma var və bunun seçki günü və ondan sonrakı günlərdə daha da gərginləşəcəyini indidən demək olar.
Gürcüstanda kim qalib gələcək, kim uduzacaq, bunu qoyaq bir kənara. Baş verənlər regionumuza necə təsir edəcək? Heç şübhəsiz ki, Qərb institutları ilə yanaşı, region dövlətləri də Gürcüstandakı prosesləri yaxından incələyir və nəticələri hesablayır. Qərb ölkələrinin Gürcüstanla bağlı bəyanatları, bəzi qərarlarının iki səbəbi ola bilər. Birincisi, vizasız Avropanı görənləri daha da qıcıqlandırıb, mübarizəyə həvəsləndirmək.
İkincisi isə Qərb institutları düşünür ki, qalib gəlmək mümkün olmayacaq. Hər iki halda zərər görən Gürcüstan olacaq. Belə ki, Qərb uduzacağı təqdirdə, Gürcüstanı sıxışdırmaq üçün əlindən gələni edəcək. Rusiya uduzacağı təqdirdə isə Gürcüstan hərbi təhdid qarşısında qala bilər. Ən unikal variant kimi koalisiya kimi görünsə də, vəziyyət elə bir həddə gəlib ki, bunun olacağı gözlənilən deyil. Ancaq mümkün variantdır.
Azərbaycan üçün Gürcüstandakı seçkilərin nəticələri çox önəmlidir. Azərbaycanın tutduğu siyasi xəttə baxaq. Təkcə müqavilələr kifayət edir ki, Azərbaycanın siyasi yönünü göstərsin. Rusiya və Çinlə strateji tərəfdaşlıq bəyannamələri Azərbaycanın mövqeyini ortaya qoyur. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi iki dövlətin bir-biri ilə yaxınlığını ortaya qoysa da, siyasi çalarları azdır. Xüsusilə Çinlə imzalanan Bəyannamədə konkret siyasi mövqe nümayişi var – Tayvan Çindir!
Azərbaycanın Qərbə meydan oxuyurmuş kimi səsləndirdiyi bəyanatlara nəzərə alsaq, Qərbin Gürcüstanda qalib gəlməsi, Qərbin həm də Azərbaycan sərhədinə dayanması kimi də qiymətləndirilməlidir. Ona görə də, Azərbaycanın Gürcüstandakı seçkiləri diqqətlə izləməsi anlaşılandır. Ümumiyyətlə, Cənubi Qafqaz ölkələrin üçü də eyni xətti tutmadıqca regionda konflikt əskik olmayacaq. Təkcə Gürcüstanın Avropa İttifaqına, Ermənistan NATO-ya, Azərbaycan Rusiyaya yaxın olması regionda müharibə səbəbi ola bilər. Proseslərə bir qədər kənardan baxan tərəf isə Ermənistandır. Ermənistanın bu cür baxışı, əslində, pusquda durmaq anlamı daşıyır. Ermənistan nəticəyə görə hərəkət edəcək və sabah Ermənistanla Rusiyanın yaxınlaşması bizə təəccüblü gəlməməlidir.
Sual yarana bilər ki, Ermənistan bunu necə bacarır? Çox sadə cavabı var. Ermənistan səbrlə toxuyaraq, hörərək müəyyən həddə gəlib çatır. Azərbaycan isə hədəfə tez çatmaq üçün bütün imkanlardan istifadə edir. Yaranan ilk problemdə isə vəziyyət 180 dərəcə dəyişə bilir. Bir pilləni bərpa etmək asandır, ancaq sıfırı pik həddə çatdırmaq isə son dərəcə qəliz məsələdir. Hər sahədə öncə infrastruktur, türkiyəlilər demiş “alt yapı” çox önəmlidir.
Uşaq futbolu yoxdur, milli komandadan nəticə gözləyirik, ölkədə ən ciddi məsələləri belə lağlağıya qoyuruq, çəkilən filmlərin hamısı lağlağıdır, biz müharibə filmləri gözləyirik, olimpiya oyunlarında bir dəfə nəticə qazanana o qədər pul, para, mükafat veririk ki, eyni nəticəni təkrar edən idmançı tapa bilmirik, əvəzində hamısını kriminal aləmdə görürük. Buna o qədər misallar çəkə bilərik. Körpülər, yeraltı keçidlər tikiləndə tənqidləri düşmən dəyirmanına su tökmək kimi qiymətləndiririk, ancaq yağışdan sonra yeraltı keçidə dalğıc salmalı oluruq. Say, say bitməz.
Azərbaycana qarşı təhdidlər var? Nə qədər desək. Sabotajlar var? İstəmədiyimiz qədər. Misal üçün milli mənəvi dəyərlər ön plana çəkilir, Qərb dəyərlərinin yad olduğu deyilir, səhərisi gün biri çıxıb rahatlıqla “qızım ailə qurmazdan əvvəl başqa biri ilə yaşasa, ona pis baxmaram” açıqlaması verir. Dövlətin qarşısında bir nömrəli məsələ hərbi gücün artırılması olduğu bəyan edilir, ordunu didik-didik edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir əməkdaşı rahatlıqla pensiyada olan bir polkovnikə “sizin pensiyanız çoxdur, dövlətin onu verməyə gücü çatmır” deyə bilir, pensiyalar hər ayın kefinə düşən günü verilə bilir. Sabotajın buynuzu, qulağı olur?
Regionda gərginlik artıqca təhdidlərin miqyasının daha da genişlənəcəyinin şahidi olacağıq.
Səxavət Məmməd
TEREF
 
 
 
Ardını oxu...
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının qrup toplantısındakı bugünkü çıxışı sensasiya xarakterlidir. Terrorçu PKK təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, o Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” cümləsini səsləndirdi. Baxçalı çıxışında onu da söylədi ki, Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, təşkilatın ləğv edildiyini hayqırsın. Bunu milliyətçilərin liderinin dilindən eşitmək təəccüblüdür, çünki türk milliyətçiləri illər uzunu PKK ilə danışıqların və razılaşmaların əleyhinə olublar.
Fikrimcə, bu Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın planıdır. Baxçalı Əradoğanın ortağıdır. Ərdoğan milliyətçi ortağının mövqeyini bilmədən Öcalanı sərbəst buraxaraq PKK-nın tərksilah olunması prosesinə başlamazdı. Ona görə də Ərdoğan əvvəlcə Baxçalının mövqeyini öyrənib, razılaşma əldə etdikdən sonra bu mövzuda birinci onun danışmasını istəyib. Baxçalı Ərdoğanın işini asanlaşdırıb. Bəs Ərdoğan indi niyə PKK məsələsini tərksilah yolu ilə həll etmək istəyir? Türkiyə ordusu son illərdə PKK-ya dağıdıcı zərbələr vurub. Buna baxmayaraq, PKK Türkiyəyə qonşu olan dövlətlərdə varlığını qoruyur və bu terrorçulardan müxtəlif dövlətlər öz məqsədləri üçün Türkiyəyə qarşı istifadə edirlər. Ərdoğan bir dəfə “kürd açılımı” ilə problemi həll etməyə çalışdı, kürdlərə müxtəlif hüquqlar verildi, ancaq PKK silahı yerə qoymaq əvəzinə yenidən terrora başladı. Bu dəfə də belə olsa yenə alınmaya bilər. Öcalan terrorçu tərəfdarlarına “silahları yerə qoyun” çağırış edərsə, əfv məsələsi gündəmə gələ bilər. Ancaq Öcalanın terrorçular arasında bu çağırışını eşidənlər olacağı kimi, terrora davam etmək istəyənlər də ola bilər. Bütün hallarda Türkiyənin terror problemindən qurtulmasına ehtiyac var, yaxın günlərdə qardaş dövlətdə maraqlı proseslərin şahidi olacağıq.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Dünən Tiflisdə çoxminli nümayiş keçirildi. Axırda da mitinq oldu. Aksiyanın adı və əsas şüarı belə idi: "Gürcüstan Avropa İttifaqını seçir".
Müxalifətin bu seçkiqabağı mitinqində prezident Salome Zurabişvili çıxış elədi. Zurabişvili Ukraynaya və Moldovaya salam göndərdi və dəstəyini ifadə etdi.

Ümumiyyətlə, Avropa İttifaqı daha öndə olmaqla Qərb dairələrinin fəal dəstəklədiyi bu aksiya təkcə Gürcüstanda seçkiqabağı təbliğat-təşviqat kampaniyasının bir hadisəsi deyildi. Məqsəd həm də Moldovada Avropa İttifaqına üzvlük barədə sualla keçirilən referenduma dəstək vermək idi. Eyni zamanda Qərbpərəst siyasət yeridən prezident Mayya Sandunun yenidən seçilməsinə. Çünki Moldovadan gözlənilən birdən-birə iki qələbənin Gürcüstandakı "Avromüxalifət"ə elektoral marağı və dəstəyi artıracağı düşünülürdü.

Amma gözləntilər tam doğrulmadı. Gürcü Prezidentin müxalif mitinqindən gələn verbal dəstək Moldova üçün çox nəyi dəyişmədi; Mayya Sandu ikinci tura qaldı. Referendum isə cəmiyyəti tən ortadan böldü. Moldova hakimiyyəti və Gürcüstan müxalifəti bu referenduma tam sevinə bilmədi. Çünki Moldova seçiciləri Avropa İttifaqına üzvlüyün lehinə çox cüzi üstünlüklə səs verdi.

Doğrudur, "Avroprezident" Sandu üçün hələ də hər şey itirilmiş sayılmır; onun ikinci turda seçilmə şansı daha çox görünür, nəinki Rusiyapərəst namizəd Aleksandr Stayonoqlonun. Referenduma gəlincə, hətta bu dəfə Qərpərəstlər istədiyini almasaydı belə, Konstitusiyaya görə, altı aydan sonra yenidən referendum keçirilə bilər. O zamana ölkə yaza çıxır və "iqlim üstünlüyü" Avrosiyasətin tərəfinə keçir (anakitiklər hesab edir ki, referendumun payızda keçirilməsi moldovanların rəyinə təsir edib və seçicilərin bir hissəsi "Rusiya qazının və Putinin lehinə səs verib"). Doğrudur, Sandu istədiyini çox cüzi üstünlüklə də olsa, referendumdan keçirə bildi. Ancaq bununla belə indiki mərhələdə Moldova cəmiyyətində Qərbpərəst siyasətin sosial bazası hiss olunacaq qədər zəifləyib. Həm də bu referendum, əslində, ciddi bir nəticəyə hesablanmamışdı, çünki indiki mərhələdə deyil, üzvlük danışıqlarının son mərhələsində keçirilməli idi. Məlumdur ki, bu referendum Konstitusion hüquqi prosedur kimi görünsə də, mahiyyətcə, prezident Sandunun elektoral dəstəyini artırmağa hesablanmış siyasi fənd idi. Bununla belə nə Moldovanı Avropa İttifaqına yaxınlaşdıra bildi, nə Sandunu ilk turdan prezident edə bildi. Referendum da, seçkilər də göstərdi ki, həm Mayya Sandunun, həm də Moldovanın Aİ üzvlüyü tərəfdarlarının sayı xeyli azalıb və növbəti seçkilərə qədər siyasi konyuktura Rusiyanın Ukraynada mümkün irəliləyişi fonunda xeyli, bəlkə də əsaslı dəyişə bilər. Yeni seçkilərdə Sandunu Rusiyameylli və ya "balanslı" siyasətçi əvəz etsə, Moldova yenidən referenduma gedə bilər. Hətta Avrointeqrasiya kursu dönməz xarakter alsa belə, Moldovanın Avropa İttifaqına tezliklə qoşulma şansı onsuz da real görünmür.

Doğrudur, Moldova üzvlüklə bağlı danışıqlar mərhələsinə keçib. Amma ölkənin Dnestryanı kimi separatizm problemi var. Üstəlik bu referendumda Qaqauziya muxtariyyəti bütünlüklə Avropa İttifaqına üzvlüyün əleyhinə səs verib. Deməli, Moldova Aİ-yə qəbul edilsə belə, bu iki regionunu Rusiyaya buraxıb getməli olacaq. Eynisini Qərb Gürcüstana da təklif edir: Abxaziyadan və Tsxinvali regionundan (Cənubi Osetiyadan) əl çəkib Avropa ailəsinə qoşulmaq. Ancaq Gürcüstanda hakimiyyət, Moldovada müxalifət buna razı deyil. Perspektivdə Ukraynaya da eyni şərtlər qoyulacaq (elə indi də belə siqnallar var). "Rusiyanın işğal etdiyi Rusiyaya qalsın, Ukraynadan yerdə qalanı isə Avropa İttifaqına qəbul edərik" deyə bir "həll" formulu formalaşıb.

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa liderləri bir yerə toplaşıb, döyüşləri davam etdirmək üçün Ukraynaya dəstək planı qəbul edirlər (50 milyard dollar yeni yardım ayırmağa razılaşırlar), eyni zamanda da kansler Şolts prezident Putinlə danışmağın yolunu axtarır, müharibəni durdurmaq üçün Türkiyədən kömək istəyir. Üstəlik Avropa İttifaqının Ukraynaya yardımını Macarıstan, hətta ola bilsin, Slovakiya da bloklayacaq kimi görünürlər. Avropada Ukrayna müharibəsinin tərəfdarları getdikcə azalır.

Avrointeqrasiyaya postsovet canatımları da asan qələbə vəd etmir. Gürcüstan prezidenti Tiflisdəki mitinqdə Moldova və Ukrayna ilə həmrəylik nümayiş etdirdi, amma həmin vaxt moldovanların tən yarısı seçki qutularına Avrointeqrasiyanın əleyhinə bülleten atırdı, Ukrayna əsgərləri isə Donetsk və Xarkovda rus qoşunlarının qarşısından geri çəkilməkdəydi. Proseslər heç də Avropa istəklilərinin istədiyi kimi getmir.

Baxın, Qərb liderləri tez-tez: "Ukraynanın energetika sisteminə ciddi zərər dəyib, ölkəni çətin qış gözləyir" deyirlər. Ancaq ölkəni "çətin qış" təhlükəsindən və dağıdıcı müharibənin caynağından xilas etmək üçün heç bir real iş görmürlər. Əksinə, "sonuncu ukraynalı əsgərə qədər" müharibəni davam etdirirlər.

Bütün bunlar postsovet cəmiyyətlərində Avrointeqrasiya perspektivinə şübhələri artırır. Moldova seçicilərinin rəyinə Ukraynanın indiki mənzərəsi də təsir etdi: Qərb yanlısı prezidentin reytinqi düşdü və bu seçkidə xanım Sandu ikinci tura qaldı. Referendumda isə, medianın yazdığı kimi, az qala "Putin" qalib gəldi. Bu, əlbəttə ki, Tiflisdəki hakimiyyəti də haqlı çıxardı və görünür, Gürcüstan seçkilərinə də təsirsiz ötüşməyəcək. Gürcü hakimiyyətinin əsas prioriteti ölkənin ərazi bütövlüyünü təmin etməkdir, sonra Avropa İttifaqı barədə düşünmək olar. Çünki Gürcüstanı indiki vəziyyətində onsuz da Avropa İttifaqına qəbul etməyəcəklər. Danışıqlarla, monitoriqlərlə, diplomatiya "turizmi" ilə başını qatıb yola verəcəklər, amma qəbul etməyə tələsməyəcəklər. Çünki Brüsseldəki Avroməmurlara əlavə problemlər lazım deyil. Ona görə deyirlər: "Abxaziyanı, Osetiyanı buraxın, özünüz gəlin". Gürcüstan hakimiyyəti isə buna razı deyil. Heç Serbiya Kosovonu buraxıb getmək istəmədi, Gürcüstan necə getsin?!

Yeri gəlmişkən, oxşar təklif Azərbaycana da edilmişdi: "Qarabağı Ermənistana buraxın, gözümüz üstündə yeriniz var". Amma Azərbaycan buna getmədi. İlham Əliyev onu Avropa paytaxtlarında "qəhrəman" kimi qarşılayıb, ayaq üstə əl çalsınlar deyə Qarabağı Ermənistana buraxmağı qəbul etmədi. Bu təklifi nəinki rədd etdi, əksinə Qarabağı və Şərqi Zəngəzuru döyüşüb geri aldı.

Odur ki, Azərbaycanın Avrointeqrasiyaya dair mövqeyi seçkisiz də, referendumsuz da məlumdur: rəsmi Bakı Avropa İttifaqına üzvlüyə can atmır. Çünki Prezidentin də dediyi kimi, Azərbaycanı orda heç kim gözləmir. Həm də belə bir ritorik sual var: "Türkiyə kimi bir gücü əhalisinin əksəriyyəti müsəlmandır deyə, yarım əsr qapı arxasında gözlədənlər Azərbaycanı qəbul edəcəklər?!"

Haqsız sual da deyil.

Bahəddin Həzi, Bizimyol.info
 
 
 
Ardını oxu...
Bu mövzu bir azdan mətbuatı, sosial şəbəkələri, xeyir-şər məclislərini başına götürəcək. Nəyi olmasa da, biz bu cür şeyləri, içində pul söhbəti olan mətləbləri çox sevirik.

Pulun ən çox dövr elədiyi məkanlardan biri kazinodur. O da yəqindir ki, bu mövzu aktuallaşıb ajiotaj doğuranda cəmiyyətdə ikitirəlik yaranacaq. Bir tərəf deyəcək, lazımlı şeydir, iqtisadiyyata töhfədir, ən azı şövq oyunlarını sevənlərimiz pullarını xaricə daşımayacaq.

O biri tərəf də deyəcək ki, bu harınlıqdır, qudurğanlıqdır, pozğunluqdur, mənfur kapitalizmin qalığıdır, insanları faciəvi duruma itələməkdir və sair.

Əslində milli qumarbazların öz pullarını aparıb xaricdə uduzması (biz yumşaq deyək – xərcləməsi) məsələsi gerçəkdir. Pullu oğlanlar bundan ötrü təyyarəyə oturub Las-Veqasa getmirlər, elə burdan-bura, Batumidə, Kıprısda yaxşı kazinolar var, gedib orada xərcləyirlər.

İkinci tirənin kazinoların insanlara faciə bəxş etmələrinə dair gətirdikləri arqument isə o qədər də tutarlı deyil. Ayda 5-10 min pul uduzmaqla milyonçularımızın pulu qurtaran deyil, heç veclərinə də olmayacaq. Kasıbların isə kazinoda nə işləri var, qaxılsınlar otursunlar evlərində, gərək 5-10 manatlarını aparıb kazinoda uduzalarmı. Toyların “ciyəraxmaşı” mərhələsində oynadılar, bəsdir.

Olan orta təbəqənin təmsilçilərinə ola bilər, onlarda başlarını başlara qoşmaq şakəri var - daha bahalı geyimlər geymək, daha bahalı maşın sürmək, daha lüks həyat yaşamaq kimi. Elə olamda da görürsən, evdəki hesab bazardakıyla düz gəlmir.

Bayaqdan kazinoda pul uduzmaqdan bəhs edirik, amma deyilənə görə, kazinoda pul udanlar da olur. Onlara dair dəqiq statistika yoxdur, amma bəzilərini hamı tanıyır. O şanslı insanlar kazino sahibləridir, heç uduzduqları olmur, həmişə udurlar.

Yeri gəlmişkən, Las-Veqas neçə onilliklərdir sırf qumar puluyla dolanır, özü də pis dolanmır, varlı şəhərdir.

Bu günlərdə sabiq deputat Rüfət Quliyev də deyib ki, kazinolar xarici vətəndaşlar üçün açılmalıdır. Yəni kazinoları açaq, əyləncə sevən əcnəbilər gəlib pullarını, tutaq ki, Xəzərin sahilində, yəni Emin Ağalarovun “SeaBreeze” adlanan şəhərciyində xərcləsinlər.

Amma sabiq deputat nahaq ayrı-seçkilik edir, yerli vətəndaşların da kazinoda əylənmək, qumar oynamaq hüququ var. Bizim pulumuz pul deyil? Bəs biz hara gedək? Əksinə, öz xeyrimizi vətənə verməliyik. Yeni şüar da belə ola bilər: “Hamı burda oynasın, xeyir vətənə qalsın”. (Düzdür, bunun qafiyəsi düz gəlmir, amma cəhənnəmə gəlsin, pul olan yerdə qafiyə nəyə lazımdır, qoy qafiyə dərdini Baləli çəksin). Ona görə də hazırda hamımız intizarla gözləyitik.

O vaxt idman yarışlarının nəticələrinə mərc qoyulan totalizatorlar açılanda da ölkədə vay-nöfsə qopmuşdu, elə çıxırdı ki, camaat maaşını alan kimi cumacaq futbol mərci qoşulan kontorlara. Düzdür, onların müştərisi indi də az deyil, amma daha maşınını, evini satıb totalizatora qoyan yoxdur. Eləcə, kontorlar rentabelli işləyir, namxuda, tfu-tfu. Bizdə hamı futbol bilicisidir axı, oyunların hesabını öncədən təxmin edirlər, axırda isə çoxu uduzur. Azdan-çoxdan udanlar da var. Onlar ağıllı şəkildə oynayırlar, heç vaxt qızışmırlar, 3 dəfə udur, üç dəfə uduzurlar. Bir ayın sonunda haqq-hesab edəndə məlum olur ki, tutalım, 101 manat udub, 102 manat da uduzublar. Əvəzində o qədər matça maraqla baxıblar – 1 manata.

Yuxarıda Las-Veqasdan danışdıq, Makao yaddan çıxdı. Makao Çində yerləşir, xüsusi inzibati rayondur. Şərqin qumarxana paytaxtıdır, ümumi daxili məhsulunun həcmi 82,8 milyard dollardır, adam başına 121 min dollar düşür (dünyada 1-ci yer). Nəyin hesabına? Kazinoların.

Pandemiyadan qabaq Makaoya 39,4 milyon turist gəlib - Çindən 27,92 milyon, Honq-Konqdan 7,35 milyon, Tayvandan 1,06 milyon, Cənubi Koreyadan 743 min, Filippindən 423 min, Yaponiyadan 296 min... Malayziya, ABŞ, İndoneziya, Tayland, Hindistan, Sinqapur, Avstraliya, Kanada, Böyük Britaniya da kənarda qalmayıb, hərəyə 50-250 min arasında turist göndəriblər Makaoya.

Yəni kazino ziyanlı iş deyil. Dad-həzər o biri ...xanalardan. Təki Taylandı məşhur edən biznes növü buralara gəlməsin, kazinoya dözmək olar.

P.S. Kazino mövzusunda dara-bara salmağın xeyri yoxdur, plan varsa, açılacaq.

P.P.S. Biz gərək “kazino” yox, Anadolu türkləri kimi “qazino” deyək, qoy sözün kökü “qaz” olsun: birincisi, ora gedənlər adətən qazlı adamlar olurlar, ikincisi, orada onları qaz kimi yolurlar.

Samir SARI
 
Ardını oxu...
"Rusiya Prezidenti Vladimir Putin noyabr ayında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirində iştirak etməməklə doğru qərar verib. Görünür, Kreml sahibi Bakıda tədbirin işinə zərər vurmaq istəməyib".
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Putin Bakıdakı tədbirə qatılsaydı, Azərbaycan paytaxtındakı tədbirə qatılmağı planlaşdıran bir çox ölkənin lideri, rəsmisi və diplomatı toplantıda iştirakdan imtina edəcəkdi:
"Bununla tədbir gözlənilən effekti verməyəcəkdi. Məsələ burasındadır ki, Ukraynaya qarşı işğalçı müharibəyə görə, Qərb ölkələrinin liderləri nəinki Putinlə əl verib görüşmək, onunla bir masada oturmaq istəmirlər. Putin bütün bunları doğru hesabladığına görə, Bakıdakı tədbirə baş nazirini göndərəcək. Rusiya Prezidenti avqustun əvvəlində Bakıda olub, Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə edib. Azərbaycan Prezidenti bir neçə gün əvvəl Müstəqil Dövlətlər Birliyi çərçivəsində Moskvada ikinci dəfə Putinlə görüşüb. Üçüncü görüş bu ay BRİKS toplantısı çərçivəsində Kazanda olacaq. Putin düşünüb ki, bu onun üçün yetərlidir".
 
Ardını oxu...
“Vergiləri yığdıqları kimi, bu cür borcları da səmərəli şəkildə yığa bilərlər”

Öz övladlarımıza təkcə sevgi və qayğı deyil, həm də maddi dəstək göstərməyə borcluyuq. Çoxları üçün təəssüf ki, bu, norma deyil. Ailə dağılandan sonra övladı ilə yaşamayan valideyn onun saxlanması üçün müəyyən məbləğ ödəməlidir. Keçmiş həyat yoldaşları ödənişlərin məbləği və onların qaydası barədə sülh yolu ilə razılaşa bilərlər və ya bu, məhkəmə tərəfindən müəyyən edilir.

Amma qəsdən borcunu ödəməyənlər getdikcə daha çox olur və bununla bağlı nə ediləcəyi bəlli deyil. Ya istəmədikləri üçün və ya edə bilmədiklərinə görə uşağa aliment ödəmirlər. Birincilər bu və ya digər səbəbdən pulla ayrılmağa hazır deyillər - bəzilərinin uşaqlara yazığı gəlir, bəziləri keçmiş arvadından qisas alır, digərləri isə zəhmətlə qazandıqları pulların məhz uşaqların ehtiyacları üçün istifadə edilməyəcəyinə inanırlar. Başqalarında isə sadəcə olaraq imkan yoxdur: onlar qeyri-sabit qazanc hesabına yaşayırlar, minimum əmək haqqı alırlar və ya tamamilə işsizdirlər.

Və onlardan nə almaq olar? Ölkədə alimentin minimum məbləği 235 manat, minimum əmək haqqı isə 345 manatdır. Qalan 110 manata doğrudan da kimsə tam bir ay yaşaya bilərmi? Digər tərəfdən, böyüklərin maddi problemlərinə görə uşaqlar heç bir şəkildə əziyyət çəkməməlidirlər.

Bu ilin birinci yarısında Azərbaycanda 7606 nəfər aliment öhdəliklərini yerinə yetirmədiyinə görə müvafiq dövlət orqanlarından qaçıb. Yerli mətbuatın yaydığı məlumata görə, dövlət orqanları aliment ödəməkdən yayınanların 3174 nəfərini və ya 42%-ni aşkarlaya bilib. 4432 nəfərin axtarışları davam edir. Bu cür öhdəlikləri ödəməkdən yayınanların sayı heyranedicidir: 2020-ci ildə 9187 nəfər, 2021-ci ildə 10197 nəfər, 2022-ci ildə 10578 nəfər, 2023-cü ildə 11217 nəfər.

Amma heç də hamı ödəniş etməməklə bağlı dövlət qurumlarına müraciət etmir və əslində, boşandıqdan sonra bu və ya digər səbəbdən övladlarının saxlanmasında iştirak etməyənlər daha çoxdur. Bu vəziyyətdə uşağa qayğı tamamilə yalnız bir valideynin çiyninə düşür, o, əslində tək valideynə çevrilir.

Bir neçə il əvvəl müvafiq xarici təcrübədən istifadə etməklə Azərbaycanda Aliment Fondunun yaradılması təklifi irəli sürülüb. Daha doğrusu, 2011-ci ildən bu barədə söhbətlər gedir, lakin 2020-ci ildən intensivləşib. Bununla belə, işlər daha da irəli getmədi. Fondun mahiyyəti ondan ibarətdir ki, dövlət borclunun əvəzinə uşağa görə pul ödəyir, sonra isə onu axtarır və ona görə xərclənən vəsaitin qaytarılmasını tələb edir.

Bu günlərdə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin müdiri Aytən Muradova bildirib ki, Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktual olaraq qalır. Düzdür, konkret addımlar barədə heç nə məlum deyil.

Vəziyyəti AYNA-ya şərh edən Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalovun sözlərinə, alimentin uzun müddət tutulmaması Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrini pozur: “Xüsusilə, 34-cü maddədə ailənin dövlətin himayəsində olması və uşaqlığın qanunla qorunması təmin edilir. Bu maddədə təkvalideynli ailələr haqqında heç bir qeyd-şərt, qəyyumluq və uşaqların müdafiəsinin təmin edilməsi üçün hər hansı ilkin şərt yoxdur. Maddə, həmçinin valideynlərin bərabərhüquqluluğu, o cümlədən uşaqlara qulluq etmək, onları böyütmək vəzifəsi baxımından bəyan edilir”.

“Yəni həm dövlətin, həm də valideynlərin ailə və uşaqlar qarşısında borcu var. Belə ki, ailəni tərk etmiş valideyn ona həvalə edilmiş vəzifələri vicdanla yerinə yetirmək, dövlət isə təkvalideynli ailələrə və uşaqların rifahına qayğı göstərmək öhdəliyini öz üzərinə götürüb. Dövlətin bu vəzifəsi məhdud deyil və “aliment təminatçısına” uşaqların saxlanması üçün müəyyən məbləğ ödəmək öhdəliyi qoyan məhkəmə qərarı ilə bitmir”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert qeyd edib ki, hüquq və azadlıqların məhkəmə təminatı (Konstitusiyanın 60-cı maddəsi) qəbul edilmiş qərarların ağlabatan müddətdə icra edilməsini nəzərdə tutur: “Əks halda ədalətli məhkəmə araşdırması hüququ pozulmuş sayılır. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında dəfələrlə öz əksini tapıb. Bunun günahkarı təkcə “aliment ödəyicisi” deyil, məhkəmə qərarının icrası və cinayət törətmiş şəxslərin axtarışı ilə məşğul olan aidiyyəti strukturların təmsil olunduğu dövlətdir”.

“Konstitusiyanın 68-ci maddəsinə əsasən, “hər kəsin dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin hərəkətsizliyi nəticəsində dəymiş zərərin dövlət tərəfindən ödənilməsini tələb etmək hüququ vardır”. Bu borcun ölçüsü, təbii ki, ödənilməmiş alimentin məbləği ilə qiymətləndirilməlidir. Ona görə də Aliment Fondunun yaradılması təklifi dövlətin vətəndaşların ailələri qarşısında borcunu yerinə yetirməsinin bir forması kimi qiymətləndirilə bilər”, - deyə AİHM rəhbəri vurğulayıb.

Eyni zamanda, Zeynalov əlavə edib ki, bu, "aliment təminatçısının" hərəkətlərini iki valideyn arasında şəxsiyyətlərarası münaqişə kateqoriyasından dövlətə borc sahəsinə keçirəcək: “Dövlət isə vergidən yayınanların timsalında gördüyümüz kimi, bu cür borcları daha həvəslə və səmərəli şəkildə necə yığacağını bilir. Hesab edirəm ki, yeni parlamentin bu məsələni müzakirə etməsi faydalı olardı”.

Müəllif: Elya Belskaya
 

Ardını oxu...
İrəvandan Bakıya qarşı “Azərbaycan Ermənistana qarşı hərbi planlar qurur” iddiaları intensivləşib. Ararat Mirzoyan bu iddianı Varşava forumunda beynəlxalq ictimaiyyətə təqdim etdi, ardınca erməni rəsmiləri və mediası aktiv şəkildə gündəmə gətirdi. Son olaraq, Paşinyanın partiyasında sədr müavini olan Vaaqn Aleksanyan “Azərbaycanın Ermənistana hücum üçün zəmin hazırladığı” iddiası ilə çıxış edib.

COP29 ərəfəsində sülh müqaviləsinin imzalanmasına təkid edən rəsmi İrəvanın paralel şəkildə “Bakı hücum edəcək” iddialarını tirajlaması siyasi və hərbi məqsədlərin tərkib hissəsidir.

Siyasi hədəf: sülh müqaviləsi layihəsini yarımçıq imzalamağa çalışan İrəvan Bakının “bütün bəndlərin razılaşdırıldığı müqavilə” yanaşmasını “sülhə qarşı olmaq” kimi göstərməyə çalışır və “Ermənistana hücum edəcək” iddiaları ilə Azərbaycanı ittiham altına salmaq, diqqəti Bakının sazişlə bağlı mövqeyindən yayındırmaq istəyir;

Hərbi hədəf: Ermənistan bu iddialarını “isbatlamaq” və “hücum edən tərəf” kimi Bakıya qarşı beynəlxalq təzyiqi gücləndirmək məqsədilə kiçik çaplı da olsa, sərhəddə təxribatlara əl ata bilər və bunu məhz COP29 tədbiri zamanı (yaxud tədbir ərəfəsində) edəcəyi ehtimalı ön plandadır;

COP29 zamanı mümkün təxribatlarla qarşıdurma yaratmaq İrəvana iki istiqamətdə sərfəlidir:

- Azərbaycanı “hücum edən tərəf” kimi göstərməklə beynəlxalq iqlim tədbirində sülh sazişinin imzalanması çağırışı edən oyunçuları Bakıya təzyiq siyasətinə sövq etmək;

- Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünü zədələmək, Bakının imicini və əldə edə biləcəyi dividentləri sıradan çıxarmaq.

Mümkün təxribatlarda COP-un Bakıda keçirilməsinə etiraz edən və hazırda tədbir üzərindən Azərbaycana qarşı kampaniya aparan qüvvələr-ölkələr də maraqlı tərəfdir.

Asif Nərimanlı - Dia-az.Media
 

Dünyapress TV

Xəbər lenti