Avrointeqrasiyanın "seçkili" qurbanları - NƏ BAŞ VERİR?
Dünən Tiflisdə çoxminli nümayiş keçirildi. Axırda da mitinq oldu. Aksiyanın adı və əsas şüarı belə idi: "Gürcüstan Avropa İttifaqını seçir".
Müxalifətin bu seçkiqabağı mitinqində prezident Salome Zurabişvili çıxış elədi. Zurabişvili Ukraynaya və Moldovaya salam göndərdi və dəstəyini ifadə etdi.

Ümumiyyətlə, Avropa İttifaqı daha öndə olmaqla Qərb dairələrinin fəal dəstəklədiyi bu aksiya təkcə Gürcüstanda seçkiqabağı təbliğat-təşviqat kampaniyasının bir hadisəsi deyildi. Məqsəd həm də Moldovada Avropa İttifaqına üzvlük barədə sualla keçirilən referenduma dəstək vermək idi. Eyni zamanda Qərbpərəst siyasət yeridən prezident Mayya Sandunun yenidən seçilməsinə. Çünki Moldovadan gözlənilən birdən-birə iki qələbənin Gürcüstandakı "Avromüxalifət"ə elektoral marağı və dəstəyi artıracağı düşünülürdü.

Amma gözləntilər tam doğrulmadı. Gürcü Prezidentin müxalif mitinqindən gələn verbal dəstək Moldova üçün çox nəyi dəyişmədi; Mayya Sandu ikinci tura qaldı. Referendum isə cəmiyyəti tən ortadan böldü. Moldova hakimiyyəti və Gürcüstan müxalifəti bu referenduma tam sevinə bilmədi. Çünki Moldova seçiciləri Avropa İttifaqına üzvlüyün lehinə çox cüzi üstünlüklə səs verdi.

Doğrudur, "Avroprezident" Sandu üçün hələ də hər şey itirilmiş sayılmır; onun ikinci turda seçilmə şansı daha çox görünür, nəinki Rusiyapərəst namizəd Aleksandr Stayonoqlonun. Referenduma gəlincə, hətta bu dəfə Qərpərəstlər istədiyini almasaydı belə, Konstitusiyaya görə, altı aydan sonra yenidən referendum keçirilə bilər. O zamana ölkə yaza çıxır və "iqlim üstünlüyü" Avrosiyasətin tərəfinə keçir (anakitiklər hesab edir ki, referendumun payızda keçirilməsi moldovanların rəyinə təsir edib və seçicilərin bir hissəsi "Rusiya qazının və Putinin lehinə səs verib"). Doğrudur, Sandu istədiyini çox cüzi üstünlüklə də olsa, referendumdan keçirə bildi. Ancaq bununla belə indiki mərhələdə Moldova cəmiyyətində Qərbpərəst siyasətin sosial bazası hiss olunacaq qədər zəifləyib. Həm də bu referendum, əslində, ciddi bir nəticəyə hesablanmamışdı, çünki indiki mərhələdə deyil, üzvlük danışıqlarının son mərhələsində keçirilməli idi. Məlumdur ki, bu referendum Konstitusion hüquqi prosedur kimi görünsə də, mahiyyətcə, prezident Sandunun elektoral dəstəyini artırmağa hesablanmış siyasi fənd idi. Bununla belə nə Moldovanı Avropa İttifaqına yaxınlaşdıra bildi, nə Sandunu ilk turdan prezident edə bildi. Referendum da, seçkilər də göstərdi ki, həm Mayya Sandunun, həm də Moldovanın Aİ üzvlüyü tərəfdarlarının sayı xeyli azalıb və növbəti seçkilərə qədər siyasi konyuktura Rusiyanın Ukraynada mümkün irəliləyişi fonunda xeyli, bəlkə də əsaslı dəyişə bilər. Yeni seçkilərdə Sandunu Rusiyameylli və ya "balanslı" siyasətçi əvəz etsə, Moldova yenidən referenduma gedə bilər. Hətta Avrointeqrasiya kursu dönməz xarakter alsa belə, Moldovanın Avropa İttifaqına tezliklə qoşulma şansı onsuz da real görünmür.

Doğrudur, Moldova üzvlüklə bağlı danışıqlar mərhələsinə keçib. Amma ölkənin Dnestryanı kimi separatizm problemi var. Üstəlik bu referendumda Qaqauziya muxtariyyəti bütünlüklə Avropa İttifaqına üzvlüyün əleyhinə səs verib. Deməli, Moldova Aİ-yə qəbul edilsə belə, bu iki regionunu Rusiyaya buraxıb getməli olacaq. Eynisini Qərb Gürcüstana da təklif edir: Abxaziyadan və Tsxinvali regionundan (Cənubi Osetiyadan) əl çəkib Avropa ailəsinə qoşulmaq. Ancaq Gürcüstanda hakimiyyət, Moldovada müxalifət buna razı deyil. Perspektivdə Ukraynaya da eyni şərtlər qoyulacaq (elə indi də belə siqnallar var). "Rusiyanın işğal etdiyi Rusiyaya qalsın, Ukraynadan yerdə qalanı isə Avropa İttifaqına qəbul edərik" deyə bir "həll" formulu formalaşıb.

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa liderləri bir yerə toplaşıb, döyüşləri davam etdirmək üçün Ukraynaya dəstək planı qəbul edirlər (50 milyard dollar yeni yardım ayırmağa razılaşırlar), eyni zamanda da kansler Şolts prezident Putinlə danışmağın yolunu axtarır, müharibəni durdurmaq üçün Türkiyədən kömək istəyir. Üstəlik Avropa İttifaqının Ukraynaya yardımını Macarıstan, hətta ola bilsin, Slovakiya da bloklayacaq kimi görünürlər. Avropada Ukrayna müharibəsinin tərəfdarları getdikcə azalır.

Avrointeqrasiyaya postsovet canatımları da asan qələbə vəd etmir. Gürcüstan prezidenti Tiflisdəki mitinqdə Moldova və Ukrayna ilə həmrəylik nümayiş etdirdi, amma həmin vaxt moldovanların tən yarısı seçki qutularına Avrointeqrasiyanın əleyhinə bülleten atırdı, Ukrayna əsgərləri isə Donetsk və Xarkovda rus qoşunlarının qarşısından geri çəkilməkdəydi. Proseslər heç də Avropa istəklilərinin istədiyi kimi getmir.

Baxın, Qərb liderləri tez-tez: "Ukraynanın energetika sisteminə ciddi zərər dəyib, ölkəni çətin qış gözləyir" deyirlər. Ancaq ölkəni "çətin qış" təhlükəsindən və dağıdıcı müharibənin caynağından xilas etmək üçün heç bir real iş görmürlər. Əksinə, "sonuncu ukraynalı əsgərə qədər" müharibəni davam etdirirlər.

Bütün bunlar postsovet cəmiyyətlərində Avrointeqrasiya perspektivinə şübhələri artırır. Moldova seçicilərinin rəyinə Ukraynanın indiki mənzərəsi də təsir etdi: Qərb yanlısı prezidentin reytinqi düşdü və bu seçkidə xanım Sandu ikinci tura qaldı. Referendumda isə, medianın yazdığı kimi, az qala "Putin" qalib gəldi. Bu, əlbəttə ki, Tiflisdəki hakimiyyəti də haqlı çıxardı və görünür, Gürcüstan seçkilərinə də təsirsiz ötüşməyəcək. Gürcü hakimiyyətinin əsas prioriteti ölkənin ərazi bütövlüyünü təmin etməkdir, sonra Avropa İttifaqı barədə düşünmək olar. Çünki Gürcüstanı indiki vəziyyətində onsuz da Avropa İttifaqına qəbul etməyəcəklər. Danışıqlarla, monitoriqlərlə, diplomatiya "turizmi" ilə başını qatıb yola verəcəklər, amma qəbul etməyə tələsməyəcəklər. Çünki Brüsseldəki Avroməmurlara əlavə problemlər lazım deyil. Ona görə deyirlər: "Abxaziyanı, Osetiyanı buraxın, özünüz gəlin". Gürcüstan hakimiyyəti isə buna razı deyil. Heç Serbiya Kosovonu buraxıb getmək istəmədi, Gürcüstan necə getsin?!

Yeri gəlmişkən, oxşar təklif Azərbaycana da edilmişdi: "Qarabağı Ermənistana buraxın, gözümüz üstündə yeriniz var". Amma Azərbaycan buna getmədi. İlham Əliyev onu Avropa paytaxtlarında "qəhrəman" kimi qarşılayıb, ayaq üstə əl çalsınlar deyə Qarabağı Ermənistana buraxmağı qəbul etmədi. Bu təklifi nəinki rədd etdi, əksinə Qarabağı və Şərqi Zəngəzuru döyüşüb geri aldı.

Odur ki, Azərbaycanın Avrointeqrasiyaya dair mövqeyi seçkisiz də, referendumsuz da məlumdur: rəsmi Bakı Avropa İttifaqına üzvlüyə can atmır. Çünki Prezidentin də dediyi kimi, Azərbaycanı orda heç kim gözləmir. Həm də belə bir ritorik sual var: "Türkiyə kimi bir gücü əhalisinin əksəriyyəti müsəlmandır deyə, yarım əsr qapı arxasında gözlədənlər Azərbaycanı qəbul edəcəklər?!"

Haqsız sual da deyil.

Bahəddin Həzi, Bizimyol.info
 
 
 

Dünyapress TV

Xəbər lenti