Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığının detallarından biri də Naxçıvanla bağlı idi. Belə ki, liderlər müzakirə zamanı Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Naxçıvana yol açıldıqdan sonra onun statusu dəyişə bilərmi? Bu məsələnin hüquqi əsası necədir?
Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Naxçıvanın statusu ilə bağlı xeyli müddətdir müzakirələr gedir.
Ətraflı videoda:
“Hətta konstitusiya dəyişikliyi ilə bağlı keçirilməsi gözlənilən referendumda Naxçıvan barədə də bəzi yeniliklərin olacağı proqnozlaşdırılır. Amma inanmıram ki, Naxçıvanın muxtar statusu ləğv olunsun. Sadəcə, Azərbaycanın mərkəzi hakimiyyətindən asılılığının artırılması, bəzi səlahiyyətlərin azaldılması və s. ola bilər.
Naxçıvana yolun açılması böyük mənada heç nəyi dəyişmir. Çünki bura hələ də ölkənin əsas ərazilərinə birləşmiş hesab olunmur. Belə ki, arada olan torpaq Ermənistan ərazisidir. Deməli, muxtariyyəti aradan götürmək ərazinin idarə olunmasında ciddi problemlər yarada bilər. Digər tərəfdən Naxçıvan Muxtar Respublikası Moskva və Qars müqaviləsi şərtlərinə əsasən yaradılıb və bu, Naxçıvan Konstitusiyasının preambulasında da qeyd edilib”.
Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə Naxçıvanın muxtar statusunu ləğv etmək maraqlarımıza uyğun deyil:
“Çünki gələcəkdə hətta sülh müqaviləsi bağlansa da, Ermənistan Naxçıvan üçün təhdid olaraq qalacaq. Hazırkı status Naxçıvanı beynəlxalq səviyyədə qorumağa əlavə hüquqi əsaslar verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi açılacağı halda Naxçıvan iqtisadi maraqlar cəhətdən beynəlxalq səviyyədə diqqət mərkəzində olacaq və regionda azad iqtisadi zona kimi fəaliyyət göstərə biləcək. Bunun üçün muxtar status daha vacib və cəlbedicidir. Amma respublikanın statusunda dəyişikliklər edilə bilər.
90-cı illərdə Naxçıvanın muxtar statusu indikindən qat-qat məhdud idi. Sonradan referendumla artırıldı. Yenidən statusu azalda bilərlər. Məsələn, Naxçıvan Ali Məclisi ləğv oluna, yaxud əsas səlahiyyətlər Bakı tərəfindən müəyyən olunacaq icra orqanlarına verilə bilər”.