Rusiya prezidenti Vladamir Putinin Azərbaycana dövlət səfərinə müxtəlif cür yanaşmalar oldu. Tənqid, tərif, qərəz, nə desən, vardı.
Ümumiyyətlə, 20 Yanvar faciəsi, Azərbaycanın parçalanması və başqa faciələri əsas gətirərək, Putinin Bakı səfərinə qiymət vermək mümkün deyil. Yəni, bunları əllərində bayraq edənlərin “ipi ilə quyuya enmək olmaz”ı anlamış olduq. Azərbaycanın parçalanması məsələsinə cavab verməsəm, olmaz. Rusiya və İran Azərbaycanı parçalamayıb. Rusiya-İran müharibə nəticəsində ruslar İran ərazisini işğal edib və öz ərazisinə qatıb. Hadisəyə baxış çox önəmlidir, bayatılardan baxırsa, yoxsa tarixdən…
Putinin Bakı səfəri gözlənilən idi. Ən azı Kreml bu barədə təxminən 1 ay öncə məlumat vermişdi. Yəni, “qəfil niyə gəldi?” sualı yersizdir. Özünü türkçü kimi qələmə verənlərdən fərqli olaraq Türkiyə mediası “Putin niyə Ankaraya yox, Bakıya getdi?” sualı üstündə baş sındırır.
Regiondakı vəziyyətə nəzər salsaq, Putinin Azərbaycan səfərini anlamaq mümkündür. Ermənistan siyasi və hərbi baxımdan Rusiyadan qopub. Gürcüstanın taleyinə isə payızda aydınlıq gələcək. Rusiyanın Cənubi Qafqaz siyasətində Azərbaycan önəmli yer tutur. Rusiya da, ABŞ də bilir ki, Azərbaycanla uzlaşmadan, razılaşmadan Cənubi Qafqaza tam nəzarət etmək mümkün deyil. Mən də yaza bilərdim ki, Azərbaycana təsir, təzyiq, nəzarət etmədən mümkün deyil. Bunu yazmamağımın səbəbi çox sadədir. Birincisi, bu ifadələr kiçiltmədir, ikincisi və ən əsası isə Putinlə Əliyevin görüşündə Moskva bəyannaməsinə sədaqət ön plana çıxarıldığının şahidi olduq. Ona görə də, Putin birinci növbədə Azərbaycanla münasibətləri yaxşı tutaraq, Cənubi Qafqazı özü üçün sığortalamış olur.
Azərbaycanla Rusiyanın yaxınlaşmasının müxtəlif səbəbləri var. Anti-terror əməliyyatından öncə dəfələrlə yazırdım ki, Rusiya ilə uzlaşmadan nəticə əldə etmək mümkün deyil. Ümumiyyətlə, Qərbdə də, İranda, Türkiyədə də bilirlər ki, Cənubi Qafqaz Rusiyanın təsir dairəsidir. Atılan addımları da bunu nəzərə alaraq atırlar. Etiraf etmək lazımdır ki, region dövlətlərindən əvvəl bu regionda marağı olan, hansısa addım atmaq istəyən dövlətlər “Rusiya nə edər, Rusiya necə davranar”ı düşünüb sonra addım atırlar. Yalnız Azərbaycanda “asarıq-kəsərik”lə hərəkət edirlər.
Putinin səfərinə qədər Rusiya tərəfi Zəngəzur dəhlizi ilə bağlı susqunluq içərisində idi. Elə səfər günü Lavrov Ermənistanın komunikasiyalarla bağlı götürdüyü öhdəliyi sabotaj edir açıqlaması gəldi. Əslində, bu səfər həm də Rusiyanın Zəngəzur dəhlizində qərarlı olduğunu göstərmiş oldu. Səfərdən dərhal sonra Ermənistan mediasında Sarkisyanın Moskvaya səfər etməsi və yenidən hakimiyyətə gəlmək üçün addımlar atması yazıldı. Düzdür, Sarkisyan cəbhəsi bunu təkzib etdi, ancaq Ermənistanda siyasi mübarizənin qızışacağı gözləniləndir.
Ermənistanın silahlandırılması, müdafiə qabiliyyətinin artırılması həm də siyasi mübarizənin tərkib hissəsidir. 44 günlük müharibədə məğlub olmasına baxmayaraq, Paşinyan seçkilərə getdi və qazandı. Müharibənin Azərbaycan ərazisində getməsi, Ermənistanın məğlubiyyətinin Rusiyanın ayağına yazılması erməniləri Qərbin adamı sayılan Paşinyana səs verməyə sövq etdi. İddia olunduğu kimi, Zəngəzur istiqamətində müharibə baş verərsə və Ermənistan tərəfi ağır məğlubiyyətə düçar olarsa, eyni şey təkrarlana bilər? Qətiyyən! Ona görə də, Ermənistanın müdafiə qabiliyyətinin artırılması yönündə addımlar atılır.
Qərb də Gürcüstanı itirəcəyinin fərqindədir. Əgər belə olmasaydı, Ermənistan yerinə Gürcüstanı daha çox gücləndirərdi. Özü də Gürcüstanla bağlı əllərində alibi də var – Abxaziya və Şimali Osetiya.
Ümumiyyətlə, Azərbaycan sübut edib ki, Rusiya ilə fərqli də davranmaq olar və nəticə əldə etmək mümkündür. Ona görə də, bir çox dövlətlər bu xətti izləməkdədir. Azərbaycan böyük oynamaq məcburiyyətindədir. Əgər suverenliklə kifayətlənilsə, bu müstəqilliyin itirilməsi bahasına başa gələ bilər. Azərbaycan böyük oynayır. Misal üçün Ukraynada BP ilə ortaq layihə, Yaxın Şərqdə müharibənin getdiyi ərazilərdə aşkar olunan qaz yataqları və SOCAR-ın oradan pay alması kimi. Böyük oyun böyük rəqiblər deməkdir. Türkiyə üzərindən gələn dalğa da bununla bağlıdır. Bütün bunları nəzərə aldıqda Azərbaycan üzərinə yönələn psixolji və informasiya müharibəsini anlamaq olar.
Səxavət Məmməd
TEREF