İnternet əsrində yaşamağımızın üstünlükləri çoxdur. Məsələn, hansısa yaramazın bəd əməllərini ifşa edəndə bu ləkə ömürlük onun alnında qalır.
Amma 15-20 il əvvəl belə deyildi. O vaxt yazılarımız qəzetlərdə dərc olunurdu. Mənim də yaltaq və alçaq adamlarla əvvəldən aram olmayıb. Hansısa yalançı və talançı məmuru tənqid edəndə belə deyirdi: “Pislik özünə qalacaq. Sabah sənin yazdığın qəzetə yumurta büküb mağazaya gələn hansısa uşağın qoltuğuna verib yola salacaqlar. Nə qəzet qalacaq, nə də sənin yazdıqların...”
İndi yazdıqlarımızı kiminsə “qoltuğuna vermək” mümkün deyil. Hansısa bədəməli tənqid edəndə bu, onun yeddi qatından keçir. Aradan həftələr, aylar, illər keçir, amma həmin ləkəni alından silmək olmur. İnternet resursları həmin bədəməlin bəd əməlini nəsildən-nəsilə ötürür. dirnaq modelleri
Boş vaxtlarım olanda keçmişə ekskursiya edirəm. Səfər Əbiyev Müdafiə naziri, Hacıbala Abutalıbov Bakı şəhər icra hakimiyyətinin başçısı, Elmar Vəliyev Gəncənin başçısı, Misir Mərdanov təhsil, Oqtay Şirəliyev səhiyyə naziri olanda yazdığım yazılar indi də qalır. Əgər kimsə internetdə Cahangir Əsgərovun adını yazsa, qarşısına mənim məqaləm çıxacaq: “Cahangir Əsgərov lotudur?!”
İnternetin sayəsində gələcək nəsillər biləcək ki, Cahangir Əsgərov ortadan bir az yuxarı ranqlı məmur olsa da, uzun illər özünü sözün həqiqi mənasında lotu kimi aparıb. Gələcək nəsillər onu da biləcək ki, Hacıbala Abutalıbov Bakının, Misir Mərdanov təhsilin, Oqtay Şirəliyev səhiyyənin anasını ağladıb. Bu adamlar dolayısı ilə bizim, yəni xalqın anasını ağladıblar...
Azərbaycanda atasının yüksək məqamından istifadə edib yolunu azan, sadə insanların ayağının altını qazan xeyli bivec övlad var. Biri dədəsini çərlədib öldürdü, biri atasının vəzifədən getməsinə səbəb oldu, başqa biri isə öz yaramaz əməlləri ilə atasının çiynindəki general ulduzlarını qoparıp ayaqlar altına atdı.
Yəqin söhbətin hansı məşhur generalın “avtoş” oğlundan getdiyini xatırladınız. Sözümü bu adamların qılıncının dalının da, qabağının da kəsdiyi vaxt dediyim üçün təfərrüatlara varmaq istəmirəm. Vəzirov nahaq demirdi ki, Azərbaycan ovuc boyda yerdir. Burada kimin hansı hansı yuvanın quşu olduğunu hamı yaxşı bilir.
Dünəndən bəri sosial şəbəkələr mərhum general Polad Həşimovun oğlu Davud Həşimovun uğurları ilə çalxalanır.
Bildiyiniz kimi, Davud 4 xarici ölkədə yerləşən 7 nüfuzlu universitetə qəbul alıb. O, kompüter mühəndisliyi üzrə təhsil alacaq. Deyir ki, bu, atasının arzusu olub.
Azərbaycanda general övladları daha çox ərköyün həyat tərzi ilə gündəmə gəlirlər. Sanki “avtoşluq” yüksək rütbəli zabitlərin uşaqlarının alnına yazılıb. Amma Davud “avtoş” olmadı, Azərbaycanın fəxri oldu. Çünki o, Polad Həşimovun oğludur. General ulduzlarını isti kabinetlərdə deyil, səngərdə alan mübariz bir generalın övladıdır.