Ardını oxu...
ABŞ post-Putin dövrünə hazırlıq görür
Rusiya müxalifətinin lideri, saxta ittihamlarla 19 illik həbs cəzasına məhkum edilmiş Aleksey Navalnının “Qütb canavarı” cəzaçəkmə müəssisəsində qətlinə Qərbin sərt reaksiya verəcəyi ilə bağlı ehtimal gerçəkləşməyə başlayıb. Fevralın 23-də ABŞ Rusiyaya qarşı ən ağır sanksiya tətbiq edib.


Qeyd etmək lazımdır ki, hələ üç il əvvəl Aleksey Navalnı həbs edilərkən prezident Cozef Bayden bəyan etmişdi ki, Navalnı həbsxanada ölsə, bu, Rusiya üçün dağıdıcı hadisə olacaq.

ABŞ-ın fevralın 23-də Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bu prosesin başlandığını söyləmək olar. Çünki ilk dəfə olaraq, ABŞ Rusiyanın məlumat (data) emalı mərkəzlərini və onların provayderlərini hədəf alıb. O mərkəz və provayderləri ki, onlar Qərb şirkətlərindən avadanlıq və proqram təminatı lisenziyaları alıblar. Sanksiya ilə data emalı mərkəzlərinin və onların provayderlərinin texnologiya və sərmayə qaynaqlarına çıxışı bağlanıb. Bu isə müasir iqtisadiyyatın beyini hesab olunan data emalı mərkəzlərinin və onların provayderlərinin tədricən çökməsinə səbəb olacaq. Data emalı mərkəzlərinin çöküşü isə iqtisadiyyatın daha sürətlə dağılmasını qaçılmaz edəcək.

Rusiya Bankının (Mərkəzi Bank) milli ödəniş sistemi olan “Mir” kartlarının operatoru olan Milli Ödəniş Kartı Sisteminə qarşı tətbiq olunan bu sanksiyanı Rusiyanın SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) ödəniş sistemindən təcrid edilməsindən sonra ən güclü qadağa hesab etmək olar. Rusiya hakimiyyəti “Mir” kartlarının qəbul edildiyi ölkələrin sayını artırmaq üçün çox güclü iş aparırdı. Bunun üçün bir sıra siyasi və iqtisadi güzəştlərə gedirdi. İndi isə ABŞ “Mir” kartlarına qarşı qadağa tətbiq edib. Bu isə o deməkdir ki, İran və Şimali Koreya kimi təcrid olunmuş ölkələr istisna olmaqla, digər ölkələrin maliyyə sistemləri “Mir” kartlarından istifadənin qarşısını alacaqlar. Əks halda, “Mir” kartlarını qəbul edən ölkələrin özü sanksiyaya məruz qalacaq. Çin və Türkiyə banklarının Rusiyadan ödənişləri qəbul etməkdən imtinası göstərir ki, heç kim özünü Rusiyaya görə qurban vermək istəmir. ABŞ son sanksiya ilə “Mir” kartları ilə yanaşı, Rusiyanın səkkiz bankına da sanksiya tətbiq edib. Sanksiyaya məruz qalan banklar arasında Avangard, Beynəlxalq Maliyyə Klubu, Rostfinans, Çelindbank, Modulbank, Databank, Dəniz Bank və Sürətlibank daxildir. Bu banklar ABŞ-da müxbir hesabları və dollar əməliyyatları aparmaq imkanı olmayan ən sərt sanksiya siyahısına daxil daxil ediliblər. Batareya istehsalçıları, logistika firmaları, eləcə də təyyarə və helikopterin təmirini həyata keçirən şirkətlərə tətbiq olunan sanksiyalar da Rusiya üçün çox ağır fəsadlar doğuracaq. Rusiyanın mülki aviasiyasının çox ağır vəziyyətdə olduğunu da nəzərə alsaq, təyyarə və helikopterin təmirini həyata keçirən şirkətlərə tətbiq olunan qadağaların nələrə səbəb olacağını ehtimal etmək olar. Bu qadağalar Rusiyanın mülki aviasiyasının tamamilə məhvinə səbəb olacaq.

Rusiya sənayesinin əsas strukturlarından olan metal istehsalçıları, o cümlədən Rusiyanın ən böyük xüsusi polad istehsalçısı olan Meçel Qrupuna qarşı tətbiq edilən sanksiya Rusiyada metallurgiyanın çökməsini qaçılmaz edəcək. Bundan başqa, sanksiyalar enerji daşıyıcılarının hasilatından, satışından gəlir əldə etməyə yönəlmiş fəaliyyətlərlə məşğul olan, eləcə də sanksiyalardan yayınmağa kömək edən hüquqi və fiziki şəxslərə qarşı yönəlib.

Eyni zamanda, Vaşinqton Rusiya hakimiyyətinin bir qrup təmsilçisinə qarşı da qadağalar tətbiq edib. Onların arasında Putinin siyasi varisi olacağı gözlənilən Tula vilayətinin qubernatoru Aleksey Dyumin adının da olması göstərir ki, Vaşinqton post-Putin dövrünə hazırlıq görür. Dyuminlə yanaşı, “Vaqner” Özəl Hərbi Şirkətinin yeni rəhbəri Andrey Trosşev, Qara dəniz donanmasının komandirinin müavini Arkadi Romanov, Rusiya-Belarus İttifaqının dövlət katibi Dmitri Mezentsev və Rusiyanın Minskdəki səfiri Boris Qrızlov, Federal Penitensiar Xidmətin direktorunun birinci müavini Valeri Boyarinev, Aleksey Navalnının öldüyü cəzaçəkmə müəssisəsinin rəisi Vadim Kalinin, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov, Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Natalya Komarova, Penza vilayətinin qubernatoru Oleq Melniçenko və Ryazan vilayətinin qubernatoru Pavel Malkov daxildir.

ABŞ-la yanaşı, Avropa İttifaqı, Böyük Britaniya və Avstraliya da Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Bu sanksiyaların Rusiya iqtisadiyyatının daha sürətlə dağılmasına səbəb olacağı şübhə doğurmasa da, ən əsası bu qadağaların son olmayacağıdır. Əksinə, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bəyan edib ki, bu hələ başlanğıcdır: “ABŞ hakimiyyəti Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini davam etdirəcək”.

Con Kirbi bundan sonra Rusiyaya qarşı hansı məhdudlaşdırıcı tədbirlərin tətbiq ediləcəyinə aydınlıq gətirməsə də, yeni qadağaların daha sərt olacağı şübhəsizdir. Nəzərə almaq lazımdır ki, Qərb ölkələrində qərarlar, xüsusilə də sanksiyalar bir qayda olaraq uzun müzakirələrdən sonra qəbul olunur. Həmin sanksiyaların tətbiqinə nəzarət mexanizmləri olmadan onlar tətbiq edilmir. Buna görə də ehtimal etmək olar ki, Bayden administrasiyası müvafiq strukturlarla müzakirələr aparır və daha ağır sanksiyalar tətbiq edəcək.

Bu ehtimalı doğuran başqa məqamlar da var. ABŞ Ədliyyə Nazirliyi VTB-nin rəhbəri Andrey Kostini sanksiyaları pozmaqda və çirkli pulların yuyulmasında ittiham edib. Ədliyyə Nazirliyinin rəsmisi Kostinin sanksiyaları pozmasına görə iki nəfərin saxlanıldığını bildirirlər. Vadim Volfson və Qannon Bond adlı şəxslər Kostinə məxsus 12 milyon dollarlıq əmlakın sanksiyalardan yayındırılmasında rusiyalı iş adamına kömək etməkdə ittiham olunurlar. Qeyd edək ki, Kostinin rəhbərlik etdiyi VTB Putinin şəxsi bankı hesab olunur. Bankın rəhbəri Andrey Kostin hələ 2018-ci ildən ABŞ-ın sanksiyaları altındadır. Kostin separatçı DXR və LXR-in “müstəqilliyi” Rusiya tərəfindən tanıdıqdan sonra sanksiyalara məruz qalıb.

ABŞ Ədliyyə Nazirliyinin sanksiyalardan yayınmağa cəhd hallarına qarşı mübarizəni sərtləşdirməsi qadağaların dağıdıcı gücünü artır. Bütün bunlar aydın şəkildə göstərir ki, Rusiyanın gələcəyi ilə bağlı fikirlər qərarlara çevrilib və Moskvanın ondan xilas olmaq imkanı yoxdur.
Xaqani Cəfərli
pressklub
Ardını oxu...
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında jurnalistlərə deyib ki, əvvəlcə Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaq lazımdır ki, sonrakı mərhələdə buna Rusiya, İran və Ermənistan qoşulsunlar. Numan Kurtuluş bunu deyərkən ötən həftə Ankarada görüşdüyü Gürcüstanın xarici işlər nazirin sözlərinə istinad edib:
“Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaqdır”.
Gürcü nazirin bu sözləri mənə maraqlı gəldi. Birincisi, Gürcüstan hakimiyyəti 3+3 platformasında məhz ona görə iştirak etmir ki, orada Cənubi Osetiya və Abxaziyanı işğal edən Rusiya var. İkincisi, Gürcüstanın Türkiyə və Azərbaycanla arzuladığı üçlü ittifaqı gücləndirmək üçün Bakı və Ankara üçün həssas olan Ermənistanın silahlandırılması mövzusunda diqqətli olmalıdır. Fransa Ermənistana növbəti hərbi texnikanı Gürcüstan üzərindən çatdırmağa çalışacaq. Əgər Gürcüstan bu dəfə də ərazisini Fransa hərbi texnikasının Ermənistana çatdırılması üçün şərait yaradarsa, bu Gürcüstan-Azərbaycan münasibətlərində yeni suallar yaradacaq. Azərbaycan və Türkiyə ilə üçlü ittifaqın gücləndirilməsini arzulayaran ölkə ərazisinin Ermənistanın silahlanmasında istifadəsinə razılaşmamalıdır.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron yalnız Azərbaycanla münasibətləri korlamayıb, qonşusu və tərəfdaşı İtaliyaya qarşı da yekəxana siyasət aparır. Makron İtaliyanın sağ mühafizəkar hökumət başçısı Corciya Melonini bəyənmir, onunla müxtəlif mövzularda ixtilaf yaradıb.
Makron beynəlxalq tədbirlərdə Meloni ilə üz-üzə gəlməməyə çalışır. Bu dəfə də belə olub.
Makron “böyük yeddilərin” Ukrayna ilə bağlı Kiyevdən idarə olunan videokonfransında iştirakdan imtina edib. Səbəb konfransa Corcia Meloninin sədrlik etməsidir. Makron toplantıya qatılmamasını daxili işlərin çoxluğu ilə izah etsə də, buna inanan azdır.
Ekspertlər Makronun son hərəkətini “böyük yeddilər”dəki tərəfdaşlarına hörmətsizlik kimi qiymətləndiriblər. Tərəfdaşlarına hörmət etməyən lider Fransaya uzaq olan Cənubi Qafqazla bağlı normal siyasət yürüdərmi?
Makronun balansı tam pozaraq Cənubi Qafqaz siyasətini tam Ermənistan üzərində formalaşdırmasının ən böyük zərəri İrəvana dəyəcək.
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
Avropa Birliyi (Aİ) Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Brüssel Rusiya ilə yanaşı, bu ölkə ilə bu və ya digər formada əməkdaşlıq edən şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq etməyi qərarlaşdırıb. Bu sırada ilk dəfə Çinin hüquqi və fiziki şəxslər var.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, AB son ana qədər Rusiya ilə əməkdaşlığa görə Çini cəzalandırmaqdan çəkinirdi:

“Ancaq Brüssel siyasətini dəyişdirib. Brüsseldə hesab edirlər ki, Rusiya və Kremlin strateji tərəfdaşları əleyinə qəti addımlar atılmasa, Ukrayna məğlub ola bilər. Brüssel Rusiya-Çin əməkdaşlığını hədəfə alıb. Sanksiya siyahısında Çinin 7 şirkəti var. Bu say gələcəkdə arta da bilər. Bu şirkətlər Rusiya ilə sıx əməkdaşlıq edirlər. AB rəsmilərindən biri “The Guardian”a Kremlin AB-nin iqtisadi-ticari sanksiyalarından qurtulması üçün boşluqlardan istifadə etməyə çalışdığını deyib.

Brüssel Rusiyaya sanksiyalardan yan keçməyə imkan verən bütün boşluqların qarşısını almağa qərar verib. Boşluqlardan biri də Rusiyanın müxtəlif ölkələrin şirkətləri vasitəsilə Avropa ölkələri ticarət mübadiləsi aparmasıdır. Rusiyanın keyfiyyətli məhsullara və texnologiyalara ehtiyacı var.

ABŞ və Böyük Britaniya Brüsselin qərarını dəstəkləyib. AB Pekini Rusiya ilə əməkdaşlıqla bağlı bir neçə dəfə xəbərdar edib. Məsələn, ötən ilin dekabrında Çin lideri Si Cinpinlə görüşən AB rəhbəri Şarl Mişel bir qrup Çin şirkətinin Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini bildirmişdi. Görünür, Mişel ümid edirdi ki, Pekin bu xəbərdarlığı nəzərə alaraq Çin şirkətlərinin Rusiya ilə müəmmalı əməkdaşlıqdan çəkindirəcək. Bu baş vermədiyinə görə, Brüssel qəti addımlar atmağa məcbur qalıb”.

Təhlildə vurğulanır ki. Pekin Brüsselin qərarını sərt tənqid edib:

“Pekin AB-nin Çin şirkətlərinə qarşı sanksiyalarını “beynəlxalq hüquqa zidd” adlandırıb. Çin Xarici İşlər Nazirliyi şirkətlərinin maraqlarını qoruyacaqlarını açıqlayıb. Buna baxmayaraq, Çinin Avropa şirkətlərinə qarşı adekvat addımlar atacağı barədə qərarı yoxdur. Pekin üçün Brüsselə münasibətləri gərginləşdirmək zərərlidir. 2022-ci ildə Çinlə AB arasında ticarət mübadiləsinin həcmi 1.6 trilyon dollar təşkil edib. Bu, Çinin Rusiya ilə ticarət mübadiləsindən 8 dəfə çoxdur”.
 
Ardını oxu...
Rusiya sərhədçilərini Ermənistan ərazisindən çıxartmaq mümkün olacaqmı?

Ermənistandakı ictimai-siyasi strukturlar getdikcə daha tez-tez Rusiya sərhədçilərinin ölkəni tərk etməsinin zəruriliyi ilə bağlı məsələ qaldırmağa başlayıblar. Xüsusilə də, İrəvandakı Zvartnots hava limanında və Meqridəki sərhəd-keçid məntəqəsində Rusiya FTX-nın sərhədçilərinin olmasının yolverilməzliyi məsələsi qaldırılır.


Bu, ilk növbədə onunla izah olunur ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri Ermənistanın Sərhəd Elektron İdarəetmə Sisteminə daxil ola bilirlər və ermənilər bunu qanunsuz hesab edirlər. Bu sistemdə Ermənistan Respublikası vətəndaşlarının və Ermənistanın dövlət sərhədini keçən digər şəxslərin şəxsi məlumatları saxlanılır.

“Ermənistanın məlumatlandırılmış vətəndaşları İttifaqı” adlı ictimai təşkilat bununla bağlı iddia edir ki, Rusiya Federasiyası FTX-sı Sərhəd Elektron İdarəetmə Sisteminə girişdən istifadə edərək Ermənistan ərazisində adam oğurluğu təşkil edib (burada səfərbərlikdən qaçaraq Ermənistana sığınan Rusiya vətəndaşının sərhədçilər tərəfindən həbs edilərək Rusiyaya qaytarması qalmaqalına toxunulur – red.) və FTX-nın bu sistemə giriş imkanı qaldıqca Ermənistan ərazisində heç bir şəxs Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərindən sığorta olunmayıb.

Söhbət xarici dövlətin yüz minlərlə erməninin şəxsi məlumatlarına qanunsuz giriş əldə etməsindən getdiyinə görə, “Ermənistanın məlumatlandırılmış vətəndaşları İttifaqı” Ermənistan hakimiyyətini Rusiya Federasiyasının FTX-sı sərhəd qoşunlarının ölkənin Sərhəd Elektron İdarəetmə Sisteminə girişini “bağlamağa” çağırıb.

Təbii ki, təklif çoxdan yetişib. Rusiya hərbçilərinin Ermənistanın müxtəlif ərazilərində geniş şəkildə təmsil olunması bu dövlətin suverenliyinin bütövlüyü ilə bağlı böyük suallar yaradır.

Məsələn, “Respublika” partiyasının sədri Aram Sarkisyan Ermənistan mətbuatına müsahibəsində bəyan edib ki, “Ermənistan hakimiyyətinin atmalı olduğu ilk addım KTMT-dən çıxmaqdır. İkinci addım Ermənistanın MDB adlı mənasız strukturu tərk etməsidir. Bundan sonra Rusiya özü deyəcək ki, sərhəd qoşunlarını Ermənistandan çıxarır. Söhbət Türkiyə və İranla sərhəddə dayanan sərhədçilərdən gedir.

Mən, Zvartnots hava limanında və şərti Ermənistan-Azərbaycan sərhədində dayanan rus sərhədçilərinin Ermənistanın başına dirənmiş silah olması fikri ilə razıyam”.

Ancaq problem başqadır: rəsmi İrəvan praktikada öz ərazisində rus sərhədçilərinin fəaliyyətinə qarşı hər hansı qadağa qoya bilərmi? Bunun üçün alətlər varmı? Ermənistan hakimiyyəti bunun üçün konkret olaraq nə etməlidir? Bəs Moskva bu cür aktivliyə necə reaksiya verəcək? O cavab addımı olaraq nə edə bilər?

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze baş verənlərlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O hesab edir ki, Ermənistanın mülki və ekspert icmasının Rusiya Federasiyası FTX-sı sərhəd qoşunlarının sərhəd mühafizəsi məsələsini qaldıran hissəsinin aktivliyi təbii və başa düşüləndir.

“O başqa məsələdir ki, bu fəaliyyət hökumət tərəfindən nə qədər real addımlara çevrilə bilər. Bu daha çətindir, – politoloq deyir. – Nə qədər ki, Rusiya Federasiyasının Cənubi Qafqazda qalması üçün resursları var, FTX qoşunları Ermənistan sərhədlərindən heç yerə getməyəcək”.

Üstəlik, o hesab edir ki, Rusiya sərhədçilərini əhatə dairəsi hətta genişlənə və Ermənistan-Azərbaycan sərhədinə də keçə bilər. “Rusiya Federasiyasının belə resursları var və yaxın gələcəkdə bu resurslar qalacaq. Ritorikanın əhəmiyyəti yoxdur. İrəvan eyni vaxtda iki lövhədə – Rusiya və Qərb lövhəsində oynayacaq. Bu da həm Qərb, həm də Moskvanı qane edir. Ən azından hələlik”, – Vasadze əmindir.

Rauf Orucov
Ardını oxu...
“Azərbaycanın şərtləri qəbul olunmalı, eyni zamanda, işğal altndakı səkkiz kəndimiz də azad edilməlidir”.

Bu fikirləri Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistana göndərdiyi yeni təkliflər zərfinə İrəvanın mümkün cavabını şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hər iki ölkənin razılaşdığı şərtlər də daxil olmaqla, ərazi bütövlüyünün tanınması çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləs imzalana bilər:

“Lakin Ermənistan yeni bəhanələr taparaq danışıqlar prosesini uzatmaqla oyun oynayır. Ancaq bu yanaşma yalnız İrəvanın özü üçün problemlər yaradacaq. Çünki prezident İlham Əliyev dəfələrlə “biz sülh müqaviləsi olmadan da yaşaya bilərik, çünki əsas problemimiz həll olunub, Qarabağ işğaldan qurtarılıb, suverenliyimiz bərpa edilib”, – deyə bildirib.

Sərhədlər hələ müəyyənləşmədiyi üçün strateji yüksəkliklər nəzarətimizdədir. Həmçinin Ermənistan kommunikasiya xətlərini açmaq istəmirsə, bizim buna da alternativlərimiz var. Ermənistan prosesi uzatmaqla yalnız özünə təhlükə yaradır.

Ermənistanın baş naziri Nikol Paşinyan bəlkə də vəziyyəti dərk etdiyi üçün Konstitusiyaya dəyişiklik etmək istəsə də, konkret addım atmır. Sanki Vətən müharibəsinin nəticələrini artıq unudub qalib tərəfə şərt diqtə etməyə çalışır. Azərbaycanın şərtləri qəbul olunmalı, eyni zamanda, işğal altndakı səkkiz kəndimiz də azad edilməlidir”.
 
Ardını oxu...
Avdeyevkanın itirilməsində kim günahkardır və Ukraynanı bundan sonra nə gözləyə bilər?

Rus işğalçıları Avdeyevkadakı “Muzey” mövqeyində (Zenitdə) əsir götürülmüş altı ukraynalı əsgəri güllələyiblər. Bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsi məlumat yayıb.

Həmin məlumata görə, uzun müddət bu mövqeyi tərk etmək qərarı verilməyib - fevralın 13-dək sursat və su ehtiyatı tükənməyə başlayıb: “O zaman bir neçə əsgərin yaralandığı mövqeyi azad etmək üçün uğursuz cəhd olub”.

Bildiyiniz kimi, ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Konqresi fəaliyyətsizlikdə ittiham edib. Onun sözlərinə görə, məhz bu, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevkadan çıxarılmasına səbəb olub. Ağ Ev rəhbəri vurğulayıb ki, Konqresin hərəkətsizliyi rus qoşunlarının cəbhədə ilk nəzərəçarpacaq uğurlarına səbəb olub.

Konqresin hərəkətsizliyi səbəbindən tədarük azalıb və bu səbəbdən ukraynalı əsgərlər döyüş sursatlarını rasionla təmin etmək məcburiyyətində qalıblar. Sonra Ukrayna ordusu Avdeyevkadan geri çəkilməyə məcbur olub.

Ancaq bu, həqiqətin yalnız bir hissəsidir. Təbii ki, baş verənlərə görə günahın çoxu şəxsən Ukrayna Prezidenti Zelenskinin üzərinə düşür.

Qlobal olandan başlayaq. İstənilən ölkənin siyasi rəhbərliyinin vəzifəsi əvvəlcədən daha güclü olan düşmənlə müharibənin qarşısını almaqdır. Nə desək də, Rusiya işğalının Ukraynaya genişmiqyaslı müdaxiləsi Pyotr Poroşenkonun deyil, Volodimir Zelenskinin prezidentliyi dövründə baş verib.

Rusiya lideri Vladimir Putin bu yaxınlarda Pavel Zarubinə müsahibəsində deyib: “Təəssüf edə biləcəyimiz yeganə şey odur ki, biz layiqli insanlarla iş apardığımıza inanaraq, aktiv fəaliyyətimizə əvvəllər başlamamışıq”.

Əslində, bu, Ukraynanın Rusiya Federasiyası ilə böyük müharibəyə daha yaxşı hazırlaşması üçün o vaxtkı Almaniya kansleri Angela Merkelin fəal dəstəyi ilə Pyotr Poroşenkonun vaxt udmasının etirafı idi. Ukraynada baş verənlər, onun rəhbərliyində özünü siyasi təcrübəsi olmayan, lakin çox açıq prioritetləri olan bir adam gəldikdən sonra, Putin bunu görərək hərəkətə başladı.

Yada salmaq kifayətdir ki, 2022-ci ilin fevralında, Rusiyanın genişmiqyaslı işğalına başlamazdan bir müddət əvvəl, “RBC-Ukrayna”ya verdiyi müsahibədə Zelenski Ukrayna ordusunun sayını artıra bilməyəcəyini, çünki o zaman infrastruktur layihələrindən imtina etməli olacağını demişdi. Nəticədə Ukrayna Rusiyanın tammiqyaslı işğalı ilə silah və hərbi texnika baxımından son dərəcə aztəminatlı, müdafiə strukturlarının tikintisinin getmədiyi bir şəraitdə üzləşdi. Bütün bunlar Ukraynaya çoxlu sayda hərbçinin həyatı və ərazi itkisi bahasına başa gəldi və bu, şübhəsiz ki, Amerika tərəfinin günahı deyil.

O, Ukraynanın digər müttəfiqləri kimi, Rusiya ilə böyük müharibənin qaçılmazlığı barədə yüksək səslə xəbərdarlıq etmişdi. Lakin Zelenski və bütün ətrafı daha sonra bir sıra bəyanatlar verdilər ki, narahat olmağa əsas yoxdur, rus qoşunlarının işğalı olmayacaq və xarici qüvvələrin qorxu salmasına ehtiyac yoxdur. Hər kəsin yadındadır ki, bütün bunlardan nə çıxdı...

Bu iki il ərzində Ukrayna Müdafiə Nazirliyindəki korrupsiyanın şok miqyası da hər kəsin yadındadır. Lakin sonradan sübuta yetirilən bu faktları təkzib edən Ukraynanın keçmiş müdafiə naziri Reznikov heç vaxt məsuliyyətə cəlb olunmayıb. Üstəlik, Ali Radada onu alqışlarla qarşılayıblar. Bunda da ABŞ və Ukraynanın digər müttəfiqlərinin günahı yoxdur.

Avdeyevkaya da toxunacağam. Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş komandanı Valeri Zalujnı şəhərdən geri çəkilmək istəyirdi, lakin Zelenski bunun əleyhinə olub və şəxsən ora gəlib. Bu barədə “Bild” yazıb. Ukrayna Prezidenti Avdeyevkadan selfi çəkdirməyə üstünlük verib.

Onun şəkil çəkdirdiyi yerdə indi Rusiya bayrağı dalğalanır. Ukrayna tərəfi Avdeyevkadan "qazan"a düşmək təhlükəsi olmadan tədricən geri çəkilmək üçün çox qiymətli vaxt itirdi.

Nəticədə şəhər tərk edilməli oldular. Lakin ağır itkilərlə. Yaralılar tərk edildi və ruslar tərəfindən güllələndi. Bəli, indi Zelenski və onun ətrafı, eləcə də Ukrayna Prezident Administrasiyası adından yazan hərbi ekspertlər, jurnalistlər və blogerlər hadisəyə qəhrəmanlıq xarakteri verməyə çalışırlar, amma arxivlər yanmır və onları oxuduqdan sonra hər şeyi xatırlaya bilərsiniz.

Bəli, Zelenski hər zaman öz reytinqinə həddən artıq önəm verib, hərbçilərin arqumentlərini başa düşmədən və hətta başa düşmək istəyi olmadan sırf siyasi qərarlar qəbul edib. Məhz bu səbəblərə görə, əsas rolu “Xalqın qulluqçusu” partiyasından olan Ali Radanın deputatı Maryana Bezuqlayanın oynadığı, uzun və çirkin nüfuzdan salma kampaniyasından sonra Zalujnı işdən çıxarıldı. Üstəlik, bir çox müavinləri ilə yanaşı - rus işğalçıları üzərində qələbə təcrübəsi olan hərbi generallar da daxil olmaqla.

Bu, Zelenskiyə reytinq uğrunda mübarizədə kömək etdimi? Yox! Ukraynalılar ən çox Valeri Zalujnıya güvənirlər. Bunu fevralın 15-də Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) dərc etdiyi sorğunun nəticələri sübut edir. Belə ki, respondentlərin 94%-i Zalujnıya güvəndiyini, 5%-i inanmadığını bildirib (ötən ilin dekabrında bu rəqəmlər 92% və 5%) olub.

Reytinqdə ikinci yerdə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovdur. Ukraynalıların 66%-i ona güvənir, 19%-i ona güvənmir (dekabrda - 60% və 20%).

Siyahıda yalnız üçüncü yeri Zelenski tutur. Ukraynalıların 64%-i Ukrayna Prezidentinə inanır, 35%-i ona inanmır (dekabrda – 77% və 22%). Beləliklə, Zelenskiyə inam səviyyəsi 13 faiz azalıb.

Bu arada ABŞ Prezidenti Co Bayden Konqress Kiyevə yeni yardımın ayrılmasını təsdiq edənə qədər, Avdeyevkadan sonra Ukrayna Silahlı Qüvvələrinin daha da geri çəkilməsi və Ukraynanın digər şəhərlərinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə amerikalı lider jurnalistlərə açıqlamasında deyib. Bəli, ABŞ-ın köməyinin olmaması Ukrayna ordusunun məğlubiyyətlərinin çox mühüm səbəbidir. Amma tək o deyil, sonda ABŞ rəhbərliyi Ukraynanın deyil, Amerikanın vətəndaşları qarşısında cavabdehdir.

Bəli, dünya fövqəldövləti statusu ABŞ-ın müttəfiqlərinə yardımını nəzərdə tutur. Amma Ukrayna da Rusiya ilə müharibəyə daha diqqətlə hazırlaşmalı idi. O, daha effektiv hərbi-sənaye kompleksi yarada bilərdi. Müharibə zamanı Ukraynada korrupsiya olmamalıdır, amma var. Ukrayna rəhbərliyi tərəfindən siyasi arena ilə teatr səhnəsinin iki fərqli şey olduğunu başa düşməməsi faktı da mövcuddur.

Odur ki, Münhen Təhlükəsizlik Konfransı zamanı Ukrayna Prezidentinin ifasında “zarafat” səslənib. Aparıcı Zelenskiyə sual verib: “İndi ABŞ-da Ukraynaya yardım haqda qanunların qəbuluna mane olan respublikaçılara nəsə demək istərdinizmi?”.

Və Zelenski zarafata üstünlük verib: “Bizi televiziyada göstərirlər? Onda mən heç nə deməyəcəyəm”.

Tamamilə açıq-aydın görünür ki, bu, onun Ukrayna idiomatik ifadələrindən istifadə edərək tərcümə olunmayan söz oyununa keçmək istəmədiyinə işarə idi. Belə zarafat “95-ci Kvartalın” çıxışları zamanı yaxşı gedə bilərdi. Amma ABŞ-ın hərbi və maliyyə yardımından kritik asılı olan bir ölkənin rəhbərinin ağzından çıxması məqsədəuyğun deyil. İndi isə təsəvvür edək ki, ABŞ Prezidenti Donald Tramp olur...

Müəllif: Əkbər Həsənov
ayna.az
 
Ardını oxu...
Vladimir Fesenko: “Navalnının ölümü Rusiya müxalifətinin bir hissəsinin rejimə qarşı zorakı mübarizəyə qalxması üçün siqnal ola bilər”

“Rusiya müxalifətinin lideri Aleksey Navalnı cəzaçəkmə koloniyasında ölüb. Navalnı ətrafında baş vermiş əvvəlki hadisələri nəzərə alsaq, hesab edirəm ki, bu, Rusiya müxalifəti və Qərb üçün Putin rejimi ilə danışıqların mümkün olmadığına dair son siqnaldır”. Bu sözləri Ukrayna “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vladimir Fesenko yazısında qeyd edib.

Analirik deyib ki, Kreml rejimi hər mənada cinayətkardır: “Rusiya rejiminin cinayətkar olduğu Ukraynaya qarşı genişmiqyaslı təcavüzkar müharibənin başlaması ilə bir daha aydın oldu. Çoxları bunu hələ 2014-cü ildə başa düşürdü. Ancaq Rusiya Prezidenti ilə razılığın əldə olunacağına ümid edənlər də var idi. Lakin 2022-ci il fevralın 24-dən sonra məlum oldu ki, bu rejimlə danışıqlar aparmaq mümkün deyil. Navalnının ölümü göstərir ki, Putin dayanmır və düşmən hesab etdiyi hər kəsi öldürəcək. Ona görə də Qərb də anlamalıdır ki, Hitler kimi bir adamla danışmağa dəyməz”.

“Navalnının ölümünün Rusiyada hansısa etiraz dalğasına, partlayışa səbəb olacağını düşünmürəm. Müxtəlif formalarda etiraz cəhdləri mümkündür. Ancaq bu, yalnız cəhdlər ola bilər. Nəzərə alsaq ki, faktiki olaraq bütün fəal müxalifət ya Rusiya Federasiyasından sıxışdırılıb çıxarılıb, ya da həbsxanadadır. Bu gün Rusiyada etiraz hərəkatının təşkilini öz üzərinə götürə biləcək siyasətçi yoxdur”, - Fesenko əlavə edib.

Politoloq qeyd edib ki, etirazların başlaması üçün belə bir təşəbbüslə çıxış edən, təşkilatlanmıç insanlar lazımdır: “Navalnı bu təşkilatçılardan biri idi. İndi Rusiya Federasiyasında belə insanlar varmı? Açığını deyim ki, bilmirəm. Bəlkə də bir müddətdən sonra ortaya çıxacaqlar. Çünki potensial olaraq, Navalnının ölümü prosesin başlamasına təkan verə bilər. Yəni ki, Navalnının ölümü Rusiya müxalifətinin bir hissəsinin rejimə qarşı zorakı mübarizəyə qalxması üçün siqnal ola bilər. Çünki başqa mübarizə üsulları qalmayıb. Amma mən hələ də bu məsələdə skeptikəm. İndiki vəziyyətdə Rusiya cəmiyyəti demək olar ki, radikal mübarizəyə hazır deyil”.

“Rusiyaya və ya Putinə qarşı mümkün yeni fövqəladə sanksiyalar da ola bilər. Putin artıq demək olar ki, təcrid olunub. Ancaq Navalnının ölümü göstərir ki, Putinlə yeni mübarizə strategiyası və taktikası qurmalıdır”, - analitik fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla
ayna.az
Ardını oxu...
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə görüş Almaniya kansleri Olaf Şolstun istəyi ilə baş tutub. Hər iki tərəf ev sahibinə “yox” deməmək üçün görüşə razılaşıblar. Ancaq əvvəlcədən də aydın idi ki, mümkün görüşdə irəliləyiş əldə olunmayacaq. Çünki tərəflərin baxışlarındakı fərqlər ortadan qaldırılmayıb. Buna baxmayaraq, Münxen görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderlərinin hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirməsi və yenidən yaxın zamanda görüşmək tapşırığı verməsi ortamın yumşaldılmasına xidmət etməlidir. Liderlər eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq da veriblər.
Almaniyanın vasitəçilik təşəbbüsünə gəldikdə, bunun daimi xarakter daşıyacağını söyləmək çətindir. Əlbəttə, Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır. Ancaq Berlin vasitəçilik təşəbbüsündə Brüsseli əvəz etməyəcək. Digər tərəfdən baş verənlərin fonunda Azərbaycanın vasitəçilərə inamı və ehtiyacı yoxdur. Sadəcə, kansler Olaf Şolts Münxen Təhlükəsizlik Konfransının imkanlarından istifadə edərək İlham Əliyevlə Nikol Paşinyanı görüşdürüb. Şoltsun vasitəçiliyini davam etdirməsi üçün xüsusi planı yoxdur. Şolts görüşü təşkil etməklə özünün və ölkəsinin Avropada rolunu və Fransadan geri qalmaq istəmədiyini göstərməyə çalışıb. Onun sosial hesabında yazdığı “hər iki tərəfin zorakılıq olmadan qalan məsələləri həll etməyə razı olması yaxşıdır” cümləsi də Şoltsun xanəsinə yazıla bilər. Ancaq Ermənistan yenə sərhəddə təxribata əl atarsa artıqlamasıyla cavabını alacaq və Şolts bunun qarşısını ala bilməyəcək.
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
Əliyevlə Paşinyan Münhün Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şolzun iştirakı ilə görüşüb, daha sonra ikitərəfli formatda müzakirə aparıblar.
- Azərbaycanın iştirak etmədiyi Qranada görüşündən sonra Avropada ilk olan bu görüş Bakı üçün Fransanın olmaması baxımından əhəmiyyətlidir: İrəvanın maraqlarını müdafiə edən Paris prosesdən bir qədər də uzaqlaşır;
- Bu görüş Avropaya uzun müddət sonra ilk təması qurmaqla vasitəçiliyini yenidən aktuallaşdırmaq imkanı verir, ən azından, irəliyə doğru addım hesab oluna bilər;
Təmasın Münhendə - Şolzun iştirakı ilə baş tutması Almaniyanın da önə çıxması şəraitini yaradır. Berlinin Parislə müqayisədə daha balansı mövqeyini nəzərə alsaq, bu da müəyyən irəliləyişdir.
Lakin Münhen görüşünün bütün razılaşmalara rəğmən, tərəflərin uzlaşmasında rol oynayacağı ehtimalı hələ də azdır.
Birincisi, sərhəd və kommunikasiya məsələsində mövcud olan ciddi fikir ayrılığı son dövrlər daha da dərinləşib:
İkincisi, üçüncü tərəflərin iştirakı prosesə müdaxiləsi fonunda uzlaşmanı çətinləşdirir;
Bu kontekstdə Bakı və İrəvanın Xarici İşlər nazirliklərinə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə verdiyi təlimatın necə işləyəcəyi əsasdır. Xarici işlər nazirləri müzakirələri üçüncü ölkələrdə, yoxsa sərhəddə aparacaq? Bu, prosesin inkişafına yön verəcək amildir.
Asif Nerimanli
TEREF
 

Dünyapress TV

Xəbər lenti