Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiyanın strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi regiondur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər.
1990-cı illərdən - Sovetlər İttifaqının süqutundan sonra 5 türk dövləti müstəqillik əldə etdi. Bu da bu kimi səbəblərdən biri-birindən onillərlə ayrı salınmış türk dünyasında bir canlanma əmələ gətirdi.
Azərbaycan Mərkəzi Asiya, o cümlədən bütün türkdilli dövlətlərlə yaxından münasibət qurur. Müstəqillik əldə etdikdən sonra bu işdə olduqca fəallıq göstərən Azərbaycan hərtərəfli əlaqələri gücləndirməyə başladı. Hazırda Azərbaycan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri edib. Həmin müddət Qazaxstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının ümumilikdə Azərbaycana 15 rəsmi səfəri olub.
Rəsmi Bakının Türk dünyasının birliyinin möhkəmlənməsində göstərdiyi səylər Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən bəyənilir və yüksək qiymətləndirilir.
Avqust ayının 9-da Qazaxstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak etmişdir. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
Azərbaycan Prezidenti görüşdə çıxış edərək bildirmişdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Azərbaycan Prezidenti Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına Mərkəzi Asiya ölkələrinin dəstəyinin qardaşlıq münasibətlərimizdən irəli gəldiyini bildirmişdir.
Ermənistan Azərbaycanın 20 faizdən artıq ərazisini vəhşicəsinə işğal etmiş və 30 il işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məntəqələrimizi məhv etmişdir. Bir çox yaşayış məntəqələrimiz, demək olar ki, yerlə yeksan edilib, yer üzündən silinib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti, ordumuzun yüksək səviyyədə hazırlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı və bütün Azərbaycan xalqının "Dəmir yumruq" ətrafında birləşməsi nəticəsində xalqımız haqqı bərpa edərək, öz gücü ilə öz doğma torpaqlarını düşməndən təmizlədi.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı tikinti-bərpa işləri aparılır. Artıq keşmiş məcburi köçkünlər böyük sevinc hissi ilə öz dədə-baba yurdlarına qayıdırlar.
Bu tikinti bərpa işlərində qardaş ölkələr də yaxından iştirak edir. Hər biri dost Azərbaycana öz töhfəsini verməyə çalışır. Belə ki, ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Eyni zamanda bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil q9müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.”
Azərbaycan bir çox sahələrdə olduğu kimi bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır.
Dövlət başçımız çıxışında Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən birinin də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın olduğunu qeyd edib: “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.”
Çox sevindirici haldır ki, Qazaxstan, Qırğızıstan və Özbəkistan tərəfindən önəmli layihələrdən olan investisiya layihələri çox fəallıqla həyata keçirilir. Artıq Azərbaycan-Qırğızıstan, Azərbaycan-Qazaxstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPESA-nı qeyd etmək istərdim Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPESA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından həmiyyət kəsb edir.”
Azərbaycan indiyə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Bu il isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 Azərbaycanda keçiriləcək. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı iki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir.
Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.”

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü
 
 

 


Dünyapress TV

Xəbər lenti