Ardını oxu...
  

Mərkəzi Aran Reqional Təhsil İdarəsinin Ucar rayon Təhsil sektorunun müdiri Rahib Burcəliyev cəzalandırılıb.

Musavat.com unikal.az-a istinadən xəbər verir ki, sektor müdirinə Təhsil İdarəsi tərəfindən şiddətli töhmət verilib.

Bundan başqa, Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulova da eyni cəza verilib.

Buna səbəb bir müddət öncə məktəbdə 9-cu sinif şagirdinin sinif yoldaşını bıçaqlaması olub.

Ardını oxu...

 
 
 
Ardını oxu...
“3 il ərzində bir neçə dəfə müsahibələrimdə, paylaşımlarımda Fuad Nağıyevin etdikləri ilə mübarizə aparırdım, sadəcə, ad çəkmirdim. Amma Dövlət Turizm Agentliyi deyiləndə onun sədri, müavini, oradakı funksionerlər nəzərdə tutulurdu”.

Bu sözləri Globalinfo.az-a Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin məhz vəzifədən azad olunmasından sonra onunla bağlı danışmasına aydınlıq gətirərkən deyib.

O, bəzi məsələlərin hər zaman gizli qalacağını bildirib:

“Bəlkə də, deyilməyən sözlər bir neçə ilə açıqlana, ya açıqlanmaya. Çünki bunlar 3 ildə Azərbaycan mətbəxini dünyada elə çökdürdülər ki, bundan sonra onu yerinə qaytarmaq üçün bizə 30 il lazımdır. Ermənistana elə rövnəq verdilər ki, ermənilər artıq Dünya Kulinariya təşkilatlarına getməyə başladılar, yarışa qatılıb, medal əldə etdilər. Mart ayında işdən çıxdım, artıq dekabrda Ermənistanın rəsmi saytına bizim 250 xörəyimiz yerləşdirildi. Onlar bunu dünyaya çıxardılar. Ötən il 31 oktyabrda Nikol Paşinyan çıxışı zamanı böyük proyektlərindən danışdı. Çünki qarşılarında daha işləri müdafiə edən qurum yox idi”.

T.Əmiraslanov qurumda külli miqdarda yeyintinin olduğunu qeyd edib:

“Baxın, bir il ərzindən büdcədən 2.9 milyon manat pul siliblər. 200 kv metrlik yerdə 17 adam əyləşir, ora isə 400 kv metrlik evin pulunu yazıblar. Guya təmir ediblər və s. Təsəvvür edin, balaca bir yer üçün 2 restoranın mətbəx avadanlığının pulunu siliblər. Ofisdə mətbəx avadanlığı nə gəzir?! Tahir Əmiraslanovu ordan uzaqlaşdırmaq həm rahat pul yemək üçün idi, həm də digər məsələlər var. Bunların 1 ildə Axərbaycan mətbəxi üçün “xərclədikləri” 2.9 milyon pul Milli Kulinariya Mərkəzinin 15 illik büdcəsinin puludur”.

Tahir Əmiraslanov ona qarşı olan münasibətə toxunub:

“Mən elə pozisiyada idim ki, mənimlə büdcənin talanması mümkün deyildi. Bu məsələdə kimə xeyir oldu? Ermənilərə! Deməli, burda onların əli var. Ermənilərin bizim təbliğat mexanizmimizi dağıtmaq planı onların (Dövlət Turizm Agentliyi -red.) əli ilə baş verdi. Agentlik yaranan gündən festivalların keçirilməsi qadağan edildi, təbliğatın qarşısı alındı. Məni 2 ayda işə götürüb, işdən çıxardılar. Bir çox tədbirlərə də buraxılmırdım. Hətta ordan çıxdıqdan sonra mənimlə düşmənçilik etdilər və bu günə qədər də bu, davam edir. Düşünün, 4 milyon pulu yeyiblər, kitab çap etdirməyə 17 min manat tapılmadı. Başladılar təzyiq etməyə”.
 
 
 
Ardını oxu...
Şabrandakı oxucularımızdan biri bu rayonun keçmiş deputatı Tahir Süleymanovun oğlu (Əslində isə oğulluğa götürdüyü nəvəsi-red.) olan hazırkı deputatı Mahir Süleymanlı ilə bağlı maraqlı bir video göndərib. Videoda deputatın Şabranda evi yanmış bir imkansız, yazıq ailəyə bir maşın “kubik” göndərməsi və sonra da gəlib “vəziyyətlə yerindəcə tanış olması” əks olunub. Görüntülər “Tik-tok” şəbəkəsində paylaşılıb və görünən odur ki, deputatın razılığı və “xeyir-duası” ilə...

Azərbaycanda “sağ əlin verdiyini sol əl bilməməlidir” deyimi, əlbəttə ki, çoxdan gündəmdən və hörmətdən düşüb. Lakin sözügedən deputat bu videodakı hərəkətləri ilə bu deyimin olan-qalan hörmətini də yerlə bir edib...

Bu video M.Süleymanlının az qala şabranlılara qarşı “misilsiz” səxavətinin, əliaçıqlığının, təvazökarlığının, sadəliyinin və s. müsbət cəhətlərin təzahürü kimi təqdim olunub, altdan da yəqin ki, deputatın böyür-başına, qohum-əqrabasına və ştatlı-ştatsız məddahlara aid olan saysız-hesabsız minnətdarlıq şərhləri, “bəy tərifləri” yazılıb. Amma azacıq dünyagörüşü, anlayışı olan izləyici dərhal bu görüntülərdə ədabazlıq, yekəxanalıq, özündən razılıq və ən əsası, görməmişlikdən başqa heç nə görmür...

Bir maşın mişar daşı, lap 5-6 yüz manat da pul Mahir Süleymanlının atası, deputatdan çox iş adamı və Şabran və ətraf rayonların “un kralı” kimi tanınan Tahir Süleymanlı üçün, əlbəttə ki, qəpik-quruşdur. Lakin deputat hətta bunu da “operator” gətirib çəkdirməklə və sonradan yaydırmaqla, etdiyi cüzi yaxşılığı tam dəyərdən salmış oldu...
Ardını oxu...
Videodan göründüyü kimi, M.Süleymanlı öz əsabələri ilə bahalı maşından düşür. Sonra, görünür, yanında “palto daşıyan ştatı” üzrə işə götürdüyü şəxs onun paltosunu geyindirir. Daha sonra deputatdan çox türk seriallarındakı “kabadayı” ədası ilə məhləyə girən deputat bu binəva kasıb evinin bünövrəsinin üzərində dayanaraq, “fəlsəfi məzmunlu” çıxış edir və nə qədər məşğul olduğunu, müxtəlif beynəlxalq və ölkə əhəmiyyətli tədbirlərə qatıldığını, ölkəyə yeni qayıtdığını söyləyir. Eşidən elə bilər ki, parlamentin bütün yükü bu gənc millət vəkilinin çiynindədir...

Məlumat üçün deyək ki, M.Süleymanlı Milli Məclisdə Zimbabve(!) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Amma xəritədə Zimbabvenin yerini belə biməyən bəzi şabranlılar, əlbəttə ki, onların hörmətli deputatının hansı xarici ölkədə səfərdə olduğunu, eləcə də hansı digər vacib tədbirlərdə iştirak etdiyini də bilmirlər...

Nə isə, ev sahibi və özü ilə gətirdiyi adamlarla söhbətdən sonra deputat darvazadan çıxanda adamlarından birini yanına çağırıb ona kameranın qarşısında pul uzadır və evi yanan xanıma verməsini tapşırır. Yəni, etdiyi kiçicik yaxşılığı “üzünə-gözünə bulaşdırmağın” son nöqtəsini qoyur. Hətta özünə reklam qazanmaq, ətrafında kütlə toplamaq üçün telefon paylayan hansısa düşük “tiktoker” belə özünü bu cür aparmır...
Ardını oxu...
Bu tragikomik səhnə nədən xəbər verir? Təbii ki, deputat bu eybəcər mənzərəni bilrəkdən yaratmayıb. Elə bilir ki, belə də olmalıdır, çünki olanı budur! Necə var, elədir! Tək kamera qarşısında yox, həyatda da belədir, budur! Problem nədir? Problem təfəkkür, dünyagörüşü səviyyəsi, ictimai, siyasi mədəniyyət problemidir!

İndi bu deputatdan soruşan lazımdır ki, bu çəkiliş kimin üçündür? Əgər Şabran seçiciləri və gələcəkdə onlardan səs qazanmaq üçündürsə, o qədər də uğurlu gediş deyil. Birincisi, bu mənzərə yəqin ki, şabranlıların çoxunun xoşuna gəlməz. Digər yandan Azərbaycan reallığında çox vaxt deputat olmaq üçün seçici səsi qazanmaqdansa, məsələn, YAP siyahısına düşmək kifayət edir. Özü də bunu həmin deputatın həm atası, həm də özü bilməmiş deyil...

Bu çəkiliş ümumilkdə ölkə cəmiyyəti, ictimaiyyət üçündürsə, bu da uğursuz gedişdir. Çünki cəmiyyət hər nə qədər öləzisə, biganələşsə də, bu cür rəzil görüntülərə qarşı həssasdır və bu cür “xeyriyyəçilik” normal insanlarda ikrah hisssindən başqa heç nə yarada bilməz...

Nəhayət, bu çəkiliş parlament rəhbərliyi, hətta daha “yuxarılar” üçündürsə, bu da uğursuz, özü də çox uğursuz gedişdir. İnandırıcı deyil ki, o səviyyələrdə bu cür bayağı, yekəxana, ədalı, düşük reklamlı “xeyriyyəçilik” müsbət qarşılansın. Əksinə, bunun mənfi fəsadları, ciddi “başağrısı” da ola bilər...

Bir də bu millət vəkilnin “Tik-Tok” həvəsi bu yaxınlarda Rumıniyada rusiyapərəst prezidentliyə namizədin başına gələnləri xatırlatdı. “Tik-Tok” hesabına populyarlaşan Corceskunu məlum səbəblərdən tutub polisə gətirəndə, icazə alıb “su başına keçmiş”, oradan da İlon Maska mesaj atmışdı ki, məni tutublar, qurtarın. Amma ona “dayısı” Mask da kömək edə bilmədi.

Biz biləni, M.Süleymanlının heç Mask kimi “dayısı” da yoxdur... (azpolitika.info)
 

Ardını oxu...
Heyvan almaq istədi əvvəlcədən verilib deyildi.

Göyçay rayon Ərəbcəbirli kəndində yaşayan Seyfəddin Yusifov 2018-ci ildə maldarlıqla məşğul olmaq üçün özünəməxsusluq proqramı çərçivəsində müraciət edib. 2020-ci ildə Agentliyin nümayəndələri həmin ünvana gələrək video çəkiliş etsələr də vətəndaşa heç bir cavab gəlməyib.

Vətəndaş bildirir ki,ötən il ona sənəd imzalatdırıblar.

Sonradan məlum olub ki, həmin aktda heyvanların verildiyi bildirilib.

Vətəndaşın sözlərinə görə o, yenidən müraciət ünvanlayıb. Nəticəsini öyrənə bilmir.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən "Xəzər Xəbər"ə bildirdilər ki, Yusibov Seyfəddin Əli oğlunun müraciəti araşdırılıb. Onun şəraitinin ilkin monitorinqi üçün Agentliyin əməkdaşları tərəfindən vətəndaşla əlaqə saxlamağa cəhd edilsə də bu mümkün olmayıb. Növbəlilik qaydasına uyğun olaraq fevral ayında Seyfəddin Yusibovun şəraitinə ilkin baxış keçirilib və hazırda qərar mərhələsindədir. İlkin monitorinqin nəticəsinə uyğun olaraq vətəndaş digər mərhələlərə cəlb edilib edilməməsi müəyyən olunacaq.

Yekun aktda verilməyən heyvanlar niyə qeyd olunub sualına isə agentlikdən cavab verilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Ardını oxu...

Səhiyyə Nazirliyi tərəfindən “Laser Beauty Klinika”da yoxlama keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

“Xatırladaq ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

 

Lakin, orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.

Yoxlamanın nəticəsi olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol tərtib edilmiş və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib”, – məlumatda qeyd edilib.


Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də kütləvi ixtisarlar gedəcək.

Bu barədə AFN.az-a MMC-də çalışan insanlar məlumat verib. Bildirilir ki, onlara işçilərin 30 faizinin ixtisar olunacağı deyilib: “Bizə deyirlər, gəlin, ərizə yazın. Biz isə ərizə yazmaq istəmirik, deyirik ki, ixtisara düşməyimiz haqqında rəsmi bildiriş göndərin. Göndərmirlər. Dünən də iclas keçirib bizə dedilər ki, tez olun, ərizələrinizi yazın, sizi gözləyirik. MMC-nin rəisi Etibar Kərimov və müavini bizə deyirlər ki, “Azəravtoyol”un büdcəsində pul yoxdur sizə kompensasiya verməyə, ona görə də bildiriş göndərilmir, öz ərizənizlə çıxmalısız”.

Şikayətçilər bildiriblər ki, idarədə “aranı qatanlardan” biri də Yeganə adlı baş mühasibdir: “Rəhbərliyin sözünü o çatdırır bizə. O da deyir ki, büdcədə pul olmadığı üçün bildiriş göndərib ixtisara sala bilmirik. Deyirik, heç olmasa, sənədlərimizi elə verin ki, işsizlik müavinəti ala bilək, ondan da imtina edirlər”.

Qeyd edək ki, həmin idarənin kurasiyası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevdədir. 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi isə Etibar Kərimovdur. Şikayətçilər Etibar Kərimovu Əvəz Qocayevin adamı kimi xarakterizə edirlər. Bildirirlər ki, o, sədr müavininin nəvələrinin kirvəsidir.
Məsələ ilə bağlı 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Etibar Kərimov AFN.az-a açıqlamasında bildirdi ki, işçilərə ixtisarla bağlı heş bir söz deyilməyib: "Rəis mənəm, iclası da mən çağırmalıyam. Amma mən elə bir iclas keçirməmişəm. Bizim əksinə, işçiyə ehtiyacımız var, ixtisar söhbəti yoxdur".
Ardını oxu...
Dövlət Turizm Agentliyi (DTA) ətrafında baş verən qalmaqal bu qurumda korrupsia, hüquqpozuntuları barədə məsələləri gündəmə gətirib. Xatırladaq ki, Prezident İlham Əliyev DTA-nın rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verib, habelə qurumun aparat rəhbəri Kənan Qasımov vəzifəsindən uzaqlaşdırılıb.

Fuad Nağıyev istintaqa çağırılıb. Rəsmi məlumatlarda bildirilir ki, Dövlət Turizm Agentliyinin (DTA) vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə bağlıdır.

TEREF xəbər verir ki, "tribunainfo.az" saytı Dövlət Turizm Agentliyinin son bir ildə keçirdiyi tenderləri araşdırıb. Məlum olub ki, Agentlik 2024-cü il ərazində16 milyon 978 min 214 manatı əhatə edən 50 tender keçirib.

DTA ən böyük vəsaiti “Ricon” MMC-yə verib. Ötən il bu şirkətlə dəyəri 4.9 milyon manat olan iki satınalma müqaviləsi bağlanılıb. Həmin vəsait hesabına Agentlik “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılmasını (1.3 milyon manat) və Daşaltı kəndində turizm infrastrukturunun yaradılmasını (3.6 milyon manat) reallaşdırıb.

“Ricon” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan “Ricon” MMC, 29 dekabr 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur. Bu şəxs haqqında açıq mənbələrdə hər hansı məlumat mövcud deyil.Maraqlı məqamlardan biri odur ki, mövcud qanunvericiliyin tələbinə görə, “Ricon” MMCtenderdə iştirak edə bilməz, çünki dövlətə 263 min 918 manat vergi borcu var.Qeyd edək ki, Azərbaycanda vergi borcu olan MMC-lərin səxavətlə “qalib” elan olunması təcrübəsi geniş yayılıb.

Bundan başqa Agentlik ötən il “Vitam” MMC ilə 1 milyon 569 min 814 manat dəyərində 6 satınalma müqaviləsi imzalayıb. DTA bu şirkətdən həm mebel alıb, həm də ona Daşkənd, London, Seul və Moskvada keçirilən sərgilərin stendinin quraşdırılmasını həvalə edib.

Xaricdəki tədbirlərdə stendlərin quraşdırılmasını həmçinin “SMARTEXPO” MMC də həyata keçirib. DTA bu şirkətlə də ötən il 666 min 125 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb. DTA-nın əsas “tərəfdaşlarından” biri də “Admedia.az” MMC-dir. Agentlik bu şirkətə əsasən daxildə keçirilən tədbirləri həvalə edib. Məsələn, Şuşadakı qastranomiyaya aid tədbir və Qarabağın sağlamlıq turizmi tədbirlərini bu şirkət təşkil edib. Ümumilikdə bu şirkətlə toplam dəyəri 674 min 891 min manatlıq 5 tender müqaviləsi imzalanıb.

Turizm Agentliyinin böyük vəsait verdiyi tenderləri sırasında üç başqa şirkətin də adı keçir. Onlardan biri “Baku Holiday” MMC ilə ötən il ərzində iki satınalma müqaviləsi imzalanıb. MMC xaricdə təşkil etdiyi bu tədbirlər üçün Agentlikdən 2.3 milyon manat alıb. Rəsmi qaynaqlarda bu pulun da 2.2 milyon manatı Cənubi Koreyadan Mərəkeşə qədər olan ölkələrdə tədbirlərin keçirilməsinə sərf edildiyi qeyd edilib.

Belə bahalı tədbirlərin təşkilatçılarından biri də “F.S TRAVEL” MMC-dir. Bu şirkət Türkiyə, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Dubay, Bəhreyn, Qətər, Avstriya, Almaniya, İsveçrə, Polşa, Çexiya, Macarıstan, Böyük Britaniya, Latviya, Litva, Estoniya, İsveç, Bolqarıstan, Cənubi Afrika ölkələrində Azərbaycanı “tanıdıb” və bunun üçün Agentlikdən 1 milyon 296 min 157 manat alıb.

Milyonluq tender anlaşmasında “JP CONECO GROUP” MMC-də iştirak edib. Bu şirkət Basqaldakı “Hacı Bədəl” məscidinin bərpasını 410 min 623 manata, “Kiş”Tarix-Memarlıq Qoruğunda tikinti işlərini isə 693 min 560 manata reallaşdırıb.

Dövlət Turizm Agentliyinin ən “maraqlı” iki tenderi də var. Belə ki, dövlət qurumu “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda avtomobil dayanacağının tikintisinə 583 min 416 manat pul xərcləyib. Bu işləri isə “CONSTRUCTION BUSINESS GROUP” MMC-yə tapşırıb

İkinci “maraqlı” tender isə Kulinariya Mərkəzinin əsaslı təmiri və avadanlığın alınması ilə bağlıdır. Təmir işləri “PROMOR” MMC tərəfindən həyata keçirilib və Turizm Agentliyi bu işlərə 638 min 675 manat ayırıb. Mərkəz üçün mətbəx avadanlıqlarının satın alınması isə “RR-2019” MMC-yə həvalə olunub. Bu işlər üçün isə 256 min 632 min manat xərclənib.

AzPolitika.info
 
Ardını oxu...
Türkiyə vətəndaşı uzman fizioterapevt Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, martın 2-i sosial mediada Türkiyə vətəndaşı Musa Kılıçın bakalavriat səviyyəsi üzrə Tbilisi Dövlət Tibb Universitetindən əldə etdiyi diplomun saxta olduğuna dair məlumat paylaşılıb və müvafiq qurum tərəfindən adıkeçən şəxsin kvalifikasiyasının tanınmadığına dair fərziyyə irəli sürülüb.

Xarici kvalifikasiyaların tanınması üzrə məsul qurum olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) qeyd olunan məqamı aydınlaşdırmaq zərurəti yaranıb:

“Qeyd etmək istərdik ki, M.Kılıc “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə əldə etdiyi dövlət nümunəli (həqiqi) ali təhsil sənədi ilə xarici kvalifikasiyasının tanınması üçün TKTA-ya müraciət edib. M.Kılıçın müraciəti üzrə icraat Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılıb. M.Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunmuş, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə etmiş və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub. Sözügedən şəhadətnamədə də qeyd olunduğu kimi akademik tanınma ərizəçiyə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsi (səviyyəsi) üzrə təhsilini davam etdirmək hüququ verir”.
 
Ardını oxu...
Dövlət İmtahan Mərkəzi (DİM) “Enar Taxi” MMC (VÖEN - 1503990801) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
“Enar Taxi” MMC DİM-in sifarişi əsasında imtahanların keçirilməsinə cəlb edilən şəxslərin və imtahan materiallarının Bakı şəhəri ətrafı və şəhərdaxili imtahan binalarına çatdırılması və geri qaytarılması xidmətlərini həyata keçirəcək və qarşılığında 76 min 650 manat alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, taksi xidməti məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də DİM-in satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Onu da bildirək ki, əvvəlki illərdə də DİM-in keçirdiyi analoji tenderlərin qalibi “Enar Taxi” MMC olub. Ötən il açıqlanan məlumatda xidmətin göstəriləcəyi məsafənin ümumi uzunluğunun 55 min 500 km. olduğu bildirilirdi.
Tenderin qalibi olan “Enar Taxi” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Məsud Əlizadə, ev 62-də yerləşən MMC-nin qanuni təmsilçisi Ağacan Abbasov Abbas oğludur.
Qeyd edək ki, “Enar Taxi” MMC ölkənin aparıcı taksi xidmətlərindən bir olan “189 Taxi”yə bağlıdır. “189 Taxi”nin sahibi də Ağacan Abbasovdur. Ağacan Abbasov “Bizim Taksi” MMC və “Call Center” QSC-nin də sahibidir.
 

Dünyapress TV

Xəbər lenti