“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
“Atamın 100 illik yubileyinin keçirilməməsi xalq üçün, tamaşaçı üçün, ailə üçün çox acınacaqlı bir hadisədir. Hələ də bu suala cavab axtarıram. Əslində bu sualı mən Mədəniyyət Nazirliyinə vermək istəyirdim. Bunun üçün 2024-cü ilin yanvar ayından nazirin qəbuluna yazılmışam. Bu günə qədər də məni qəbul etməyiblər. Məhz bu mövzuya görə Mədəniyyət Naziri ilə görüşmək istəyirdim. Nazirə bu sualı vermək istəyirdim ki, nə səbəbə Məlik Dadaşovun 100 illik yubileyi keçirilməyib? Niyə atamın yaşadığı Xəqani küçəsində indiyə qədər memorial lövhəsi yoxdur? Atam uzun illər o ünvanda yaşayıb. Bu suallara cavab tapmaq üçün qəbula yazılmışdım”

Bunu Moderator.az-a özəl açıqlamasında görkəmli sənətkar Məlik Dadaşovun qızı Gülnarə Dadaşova deyib. O daha sonra əlavə edib:

“Mən özüm də məyus olmuşam. Məlik müəllim Azərbaycan mədəniyyəti üçün o qədər işlər görüb, fərqli-fərqli rollar yaradıb ki.. Onun 100 illik yubileyi keçirilmirsə, hansı ev, xatirə muzeyindən söhbət gedə bilər? Təbii ki, muzey haqda heç söhbət belə getmir. Əlbəttə ki, istərdik. Mənim maddi olaraq gücüm çatsaydı muzey də yaradardım, yubiley də keçirərdim. Amma ayıbdır! Vallah ayıbdır! Övladlar, ailə durub öz adına yubiley keçirsin, muzey açsın! Bu nə deməkdir? Bununla aidiyyatı orqanlar, nazirlik məşğul olmalıdır, ailə yox” deyə sənətkarın qızı bildirib.

Gülnarə Dadaşova deyir ki, uzun illərdir müsahibə verməkdən imtina edir:

“25-26 ildir mən müsahibə verirdim, eyni sözləri təkrar edirdim. İndi də müsahibə verəndə eyni sözlər təkrar olunacaq. Bunun mənasını görmürəm. Bu insana, bu korifey sənətkara, Azərbaycan mədəniyyətinin tarixini yazan insana hörmət olunmursa, nədən danışa bilərik? Mən sadəcə susa bilərəm. Çünki mənim gücüm çatmır. Qəbul olunmayandan sonra başa düşdüm ki, mənim gücüm çatmır. Jurnalistlərdən xahiş edirəm ki, məndən müsahibə götürməkdənsə, bu mövzunu işıqlandırsınlar ki, Məlik Dadaşovun 100 illik yubileyi niyə keçirilməyib? Bu suala jurnalistlər cavab tapsalar mənə də deyərlər. Mən bu sualın cavabını bilmirəm” deyə o bildirib.
Sənətkarın qızı atasına qarşı bu qərəzli və laqeyd münasibətin səbəbini də bilir:

“İnsan istedadlı olanda onu təbii ki, sevmirlər. Söhbət fitri istedaddan gedir. İnsan düzgün danışanda da onu sevmirlər. Bu insan həm istedadlı olub, həm də düzünü deyən olub. Ona görə də atamı sevməyiblər. Özü də sözü üzə deyib” deyə o bildirib.

Gülnarə xanım bildirib ki, aktrisa olmaq istəyinə atası mane olub:

“Mən aktrisa olmaq istəyirdim. Arzum Rusiyanın Moskva şəhərindəki kinematoqrafiya institutuna daxil olmaq idi. Atam icazə vermədi. Mən də Pedaqoji universitetə daxil oldum, oranı bitirdim. Amma aktrisa olmaq mənim ən böyük arzum idi. Təəssüflər olsun ki, arzum ürəyimdə qaldı” deyə sənətkarın qızı bildirib.
 

Dünyapress TV

Xəbər lenti