![]() |
![]() ![]() ![]() |
|
Azərbaycanın Qırğızıstandakı (2012-2021) sabiq səfiri, yazıçı, diplomat, dövlət xadimi Hidayət Orucov “Yeni Müsavat” da dərc olunmuş, bir müsahibə ilə əlaqədar onun söz haqqının tanınmasını istəyib. Söhbət ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovun müsahibəsindən gedir. Beləcə, Hidayət Orucovla söhbətimizin ikinci hissəsini təqdim edirik:
- Yəqin ki, bu işlər yalnız ədəbiyyatı, mədəniyyəti əhatə etməyib, eləmi?
- Xeyr. Qəndilovun intervüsündə son mədəniyyət günləri xatırlanır. Xarici ölkələrdən olan həmkarlarım hər tədbirdən sonra heyranlıqla, təbəssümlə məndən soruşurdular: “Cənab səfir, növbəti tədbirimiz haçandır?” Əvvəla, orada demək olar ki, hər ay Azərbaycanın mədəniyyət günləri idi. Amma böyük mədəniyyət günlərinə böyük hazırlıq gedirdi. Orada da yalnız konsert proqramı yox, rəqs və ilaxır yox, bunlarla yanaşı, teatr tamaşaları, filmlərimizin nümayişi, Azərbaycan ədəbiyyatı günləri, kitablarımızın sərgisi planlaşdırılırdı. Yəni 10 günün içərisində yazıçılar dəvət olunsunlar, orada görüşlər keçirilsin və ilaxır. Özü də yalnız Bişkekdə yox. Biz nəzərdə tuturduq ki, bu tədbirlər 2021-ci ildə keçirilsin. Amma çox təəssüf ki, COVİD imkan vermədi və biz bunu təxirə salmalı olduq. Eyni zamanda səfir müsahibədə ad çəkir... Cənab Prezidentin təşəbbüsü ilə orada humanitar yardım kimi Azərbaycanın park və bir orta məktəb tikintisi planlaşdırılırdı. Cənab Prezidentin göstərişi ilə o işlər çox aktiv başladı, smetalar tutuldu, vəsaitin bir hissəsi ayrıldı və qısa müddətdə orada çox qızğın işlər getdi. İstər parkın, istər məktəbin çox böyük hissəsi hazır oldu. Ancaq sonra COVİD Qırğızıstanda hər şeyi iflic etdiyindən işlər müvəqqəti dayandırıldı. Biz tikintinin 2021-ci ildə başa çatdırılmasını planlaşdırırdıq. İstəyirdik ki, cənab Prezidentin oraya səfəri zamanı bu tikintilərin açılışında iştirak eləsin. İndi mən çox məmnunam ki, məktəb də hazırdır, park da xeyli vaxtdır hazırdır. Cənab Prezident də onların açılışında iştirak etdi. O məktəbin təməlqoyma mərasimində mer iştirak və çıxış elədi. Amma parkın təməlqoyma mərasimində Prezident Jeenbekov özü gəldi, iştirak və çıxış elədi. Əlbəttə, hər iki təməlqoyma mərasimində səfir də nitq söylədi.
- Sonrakı illərdə Prezidentlə yenidən görüşmək imkanınız oldumu?
- Cənab Prezidentin ora iki səfəri oldu. Mən təxminən bir il işləyəndən sonra Prezidentin Bişkekə səfəri oldu. Orada MDB-nin tədbirində iştirak edirdi. Məni ayrılıqda qəbul elədi, müfəssəl söhbətimiz oldu, ona məruzələr etdim. O, mənə dedi ki, mən sizin işinizdən razıyam. Çünki Prezident orada məndən qabaqkı vəziyyəti məndən yaxşı bilirdi. İkinci səfəri İssık - Kulda oldu. Orada da beynəlxalq tədbir idi. Prezidentlər görüşdülər. Əlbəttə, Azərbaycan nümayəndə heyətinə keçmiş xarici işlər naziri də, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri də qatılmışdılar. Jeenbekov Azərbaycanın səfiri haqqında xoş sözlər dedi. Bildirdi ki, bizim ictimaiyyət də, siyasəçilər də, yəni hökumət də, səfirlər də ona çox hörmət edir və həqiqətən çox səmərəli işləyir, çox işlər görür. Bizim Prezident dedi ki, o, Azərbaycanda böyük sahələrə rəhbərlik edirdi, buna görə mən onu bura göndərdim. İkinci dəfə isə Jeenbekov Bakıya gəlmişdi. Dövlət iqamətgahında görüş idi. Yenə iki prezidentin görüşü oldu. Məndən söhbət düşəndə Jeenbekov mənə üzünü tutub, bir az da obrazlı şəkildə dedi: “O, bizdə bütün səfirlərin komandiridir”. (Gülür) Bizim Prezident də dedi ki, o, Heydər Əlirza oğlunun məktəbini keçib, Heydər Əlirza oğlu ona hörmət edirdi. Əlbəttə, orada İssik - Kuldakı görüşdə olan rəsmi şəxslər də iştirak edirdilər. Yalnız bunlar deyil. Bizim fəaliyyətimiz dövründə iqtisadi baxımdan da çox addımlar atıldı, Azərbaycanın iri şirkətləri Qırğızıstanda böyük layihələrin icrasına başladılar və sairə çox işlər oldu. Sonra səfirliyin maddi-texniki bazası yaradıldı.
“Mənim ilk üç ilimdə gördüyüm işlərin heç olmasa, üçdə birini görsün, ondan sonra “durğunluqdan”, “yenidənqurmadan” danışmağa fakt axtarsın” |
- Sizin dövrünüzdə?
- Bəli, mənim dövrümdə. Özü də professional, ən yüksək səviyyədə. Bişkekin ən prestij yerində, o yerdə ki orada ABŞ-ın, Çinin, digər böyük ölkələrin səfirlikləri yerləşirdi, orada Azərbaycan səfirliyinə çox gözəl bina alındı. Səfirliyin normal işi, həmçinin konsulluğumuzun fəaliyyəti üçün ideal şərait yaradıldl.
- Əvvəl harada yerləşirdiniz?
- Əvvəl kirayədə idik, oraya şəhərin “qaraçılar məhəlləsi” deyirdilər. Orada, ümumiyyətlə, başqa bir səfirlik yox idi. Amma yeni ünvanda böyük dövlətlərin çoxunun səfirliyi, səfirlərin bir çoxunun iqamətgahları vardı.
- Səfir Lətif Qəndilov hazırda həmin ünvanda çalışır, eləmi?
- Əlbəttə, orada oturur.
- Hidayət müəllim, elə isə bu yerdə soruşum, bu qədər görülən işləri sadaladınız. Həmçinin səfirliyin binasının alınması sizin dövrünüzdə olub. Elə isə nədən xələfiniz bu qədər işləri görməzdən gəlib? Bəlkə şəxsi münasibətlərinizdə problemlər olub?
- Mən səfir təyin olunana qədər 20 il dövlət müşaviri, sonra komitə sədri işləmişəm. Nə problem ola bilərdi? Qırğızıstana təyin olunanda müraciət etdi, görüşdük. Məsləhət istədi. Səmimi münasibət bildirdim. İşə başlayandan az sonra Bişkekdən mənə telefon açdı, təşəkkür etdi. Lətif Qəndilovla mənim nə problemim ola bilərdi? Ondan sonra biz görüşməmişik. O ərəfədə mənim ona həmişə normal münasibətim olub. Amma ora gedəndən sonra mən anladım ki, onun problemi başqadır. Mən bəzi məsələləri açmaq istəyirəm. Amma o, çox haqsız, qərəzli, məkrli... Elə şeylər deyir ki... Məsələn, deyir bu gedənə qədər orada durğunluq olub. Guya bu gedib, orada Qorbaçovsayağı “yenidənqurma” aparıb. Birinci, diplomat gərək səmimi, obyektiv ola. Mənə belə gəlir ki, hələ səfiri demirəm, adi diplomat da o dərəcədə qərəzli, məkrli ola bilməz. Azı, mən beləsini görməmişəm. Mən ora gedəndə diaspor çox pərakəndə, dağılmış bir vəziyyətdə idi, problemləri də çox idi. Hətta diasporda ayrı-ayrı kiçik qruplar var idi, onlar Azərbaycana qarşı idilər. Mən gedəndən sonra onlar hamısı təşkilatlandı, birləşdi, artıq onlar fəxr edirdilər, deyirdilər ki, siz bura gələnə qədər bizə burada ayrı cür baxırdılar. Başqa cür çıxmasın, mən orada gecə-gündüz işlədim. Həmçinin mənimlə bir yerdə işləyən azsaylı kollektiv də - diplomatların da sayı az idi - bütün səylərini sərf edirdilər, çox səmərəli işləyirdilər. İndi Qəndilovun dedikləri təkcə mənə qarşı deyil, həm də o əməkdaşlara hörmətsizlikdir.
- Azərbaycan və Qırğızıstan XİN rəhbərlərinin sizin fəaliyyətinizə münasibəti necə olub?
- Hər iki nazirlikdə səfirin, səfirliyin fəaliyyətindən razılıqlarını həmişə bildiriblər. Və eyni zamanda Qırğızıstanın prezidentləri də. Məsələn, Sooronbay Jeenbekov mənim oradakı fəaliyyətimi çox yüksək dəyərləndirirdi. Böyük tədbirlərdə - orada diplomatik korpus ayrı oturur - yəni ölkə səviyyəli tədbirlərdə o, salona daxil olanda 40-dan artıq səfirin içərisində yalnız Azərbaycanın səfiri ilə şəxsən salamlaşırdı, görüşürdü. Və yeni prezident Sadır Japarov təzə seçiləndə, ölkə səviyyəli tədbir keçirdi. Yenə diplomatik korpus adından mənə söz verdilər, diplomatik korpus adından mən danışdım. Və mənim bir ifadəm özünün də çox xoşuna gəldi, sonra mənə deyirdi və ümumiyyətlə, bu haqda Bişkek, Qırğızıstan danışırdı, hər yerə yayılmışdı. Mən dedim, atalar üçəcən deyib. Yəni Akayev, Atambayev vaxtından tez, inqilabi dəyişikliklər nəticəsində getdilər. Sonra Sooronbay Jeenbekov da getdi. Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm. Mən oraya gedəndən sonra mətbuatla çox iş görüldü. Kanallar Azərbaycanı verirdilər, Azərbaycan həqiqətlərini yayırdılar, Qarabağın, ümumiyyətlə, torpaqlarımızın işğal altında olmasından bəhs edən verilişlər verirdilər. Əlbəttə, sonra səfirliyin fəaliyyətini, Azərbaycanın orada gördüyü işləri verirdilər. 44 günlük Vətən müharibəsi başlayan ilk gün Prezident Japarov Macarıstanda səfərdə idi. Oradan bəyanat verdi ki, bu, Azərbaycanın haqq işidir. Qələbəmizdən, zəfərimizdən sonra Azərbaycanın səfirini, məni ayrıca qəbul elədi. Neçə kameranın qarşısında cənab Prezidenti, Azərbaycan xalqını təbrik elədi. Çox gərəkli münasibət bildirdi və ürəkdən bütün qırğız xalqı, bütün Qırğızıstanın adından təbriklərini çatdırdı və bu, bütün dünyaya yayıldı. Dünyanın heç bir ölkəsində - bizim 90-a yaxın ölkədə səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz var - prezident möhtəşəm Zəfərimizlə bağlı ölkəmizin səfirini qəbul etmədi. Onun Azərbaycana, mənə münasibəti belə idi.
- Maddi-texniki baza barədə də qeydləriniz oldu...
- Məsələn, ora gedəndə səfirlikdə cəmi iki maşın var idi. Bir səfirin maşını işlək, bir də çox köhnə idi. Mən səfirlikdən ayrılanda orada 7-8 maşın var idi. Hamısı da demək olar ki, təzə işlək maşınlar idi. Bunun özü də kollektivin işləməsi üçün böyük imkan idi. Və çox böyük danışıqlar aparılandan sonra mən cənab Prezidentə məruzə elədim. Tarixdə ilk dəfə olaraq AZAL-ın Bakı-Bişkek reysi açıldı, həftədə 2 dəfə. Bunu o vaxt tarixi hadisə sayırdılar. Qırğızıstanın xarici işlər naziri o vaxt mənə dedi ki, birbaşa aviareysin açılması sizin dövrünüzdə baş verdi, sizin adınızla bağlı olacaq.
Öncəki dövlət mükafatlarımı demirəm, yalnız səfirlik fəaliyyətim dövründə möhtərəm Prezidentimizin mənim fəaliyyətimə verdiyi yüksək qiyməti Qəndilova xatırlatmaq istəyirəm: 2014-cü ildə ölkəmizin ictimai həyatında fəal iştirakıma görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə, 2019-cu ildə diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətimə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, səfirlik missiyam başa çatdıqdan sonra möhtərəm Prezidentimizin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023 )” yubiley medalı ilə təltif olunmuşam. Sonuncu mükafatı hörmətli nazir Ceyhun Bayramov məni təklikdə qəbul edərək təqdim etmişdi. Lətif Qəndilovun qərəzi aşıb-daşanda heç olmasa hər iki dövlətin başçılarının yüksək mükafatlarına hörmət etməli idi. Üç ildən çoxdur orada səfirdir, mənim ilk üç ilimdə gördüyüm işlərin heç olmasa, üçdə birini görsün, ondan sonra “durğunluqdan”, “yenidənqurmadan” danışmağa fakt axtarsın. Mən hələ qeyri-dövlət qurumlarının münasibətini demirəm. Həmin dövrdə Çingiz Aytmatov Akademiyasının həqiqi üzvü seçildim, TÜRKSOY-un ali mükafatı - “Onur”a və sair mükafatlara layiq görüldüm.
- Səhv etmirəmsə, səlahiyyətiniz başa çatanda da qırğız prezidentlə görüşünüz olmuşdu, eləmi?
- Bəli. Missiyam başa çatanda Sadır Japarov məni qəbul etdi, dönə-dönə təşəkkür elədi. Mənim orada gördüyüm işlərdən danışdı və əlbəttə, onun tövsiyəsi ilə mənə baş nazirin imzası ilə Qırğızıstan Nazirlər Kabinetinin Fəxri Fərmanını verdilər. Qırğızıstan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin inkişafında göstərdiyim mühüm xidmətlərə görə təltif olundum. Bilirsiniz, özüm haqda olan bu faktları bir az da xəcalət hissi ilə deyirəm. Fəaliyyətimi mənim prezidentim və Qırğızıstan rəhbərliyi belə dəyərləndirib, Lətif Qəndilovun məqsədi nədir, bunu özü bilər. Mən çox şeylər bilirəm, amma çox şeyləri açmadım. Demədiklərim çox oldu, onları açmaq istəmədim. Mən çox təəssüf edirəm ki, Azərbaycanın səfiri belə dezinformasiya yaymaqla məşğuldur. Görünür, indiki səfir bizim uğurları həzm edə bilmir...
Elşad PAŞASOY,
FOTO: “Yeni Müsavat”