Ardını oxu...
“Komendant məndən rüşvət tələb edirdi. Verməsəm, işdən çıxarmaqla hədələyirdi. Canım boğazıma yığılmışdı. Bir gün dözməyib, dedim ki, mən şəhid atasıyam, heç olmasa, buna görə mənə hörmət elə. O da cavabında qayıtdı ki, şəhid atasısan, gəl, otur mənim boynumda”.

Vətəndaş Saday Hüseynov Meydan TV-yə belə deyir.

O bildirir ki, “Kristal Abşeron” MTK-ya aid “Xəzər İnşaat” Mənzil-Tikinti Kooperativinin Bakının Məhsəti Gəncəvi küçəsində yerləşən iki binasında fəhlə işləyib.

Binaların inşası bitəndən sonra ona komendant köməkçisi vəzifəsi verilib:

“Səkkiz il işlədim, binaların sakinləri də məndən razı idilər. 2022-ci ilin sentyabrında şirkət Fuad Rəsulov adlı şəxsi icraçı direktor təyin etdi. Bu adam gələndən mənə göz verib, işıq vermədi. Mənim əməkhaqqım min manat, onunku isə səkkiz yüz manat idi. Əvvəl bundan başladı. Dedi ki, sən maaşının iki yüz manatını mənə verməlisən”.

“Bəzən istirahət günlərində bina sakinləri məni mənzillərində su krantının xarab olması kimi işlərə görə çağırırdılar. Gördüyüm işin müqabilində də pul verirdilər. Fuad Rəsulov da başladı ki, sən həmin pulları mənə verməlisən. Çünki şirkətdən maaş alırsan. Mən də etiraz etdim ki, mən bu pulu işdən sonra qazanıram”, – deyə o bildirib.

Saday Hüseynovun sözlərinə görə, şirkət rəhbərliyinə komendantdan şikayət etsə də, heç bir nəticəsi olmayıb:

“Onun mənə qarşı psixoloji təzyiqləri davam edirdi. Rəhbərlik hər dəfə deyirdi ki, başını aşağı sal, işlə. Nə qədər çalışdım, alınmadı. Bu alov, mən də su oldum. Deyirdi ki, burada işləmək istəyirsənsə, mənə hörmət elə, pul ver. Şirkət rəhbərliyi də deyir ki, Fuad Rəsulov elə söz deməz. Dedim ki, necə yəni deməz? Bu adam mənə işləməyə imkan vermir. Lakin xeyri olmadı. Axırda da dedi ki, işə gəlmə”.

2023-cü ilin yanvarından işsiz qalan Saday Hüseynov ona qarşı haqsızlıq edildiyini deyir:

“Yanvar ayından evimə pul girmir. Artıq o iş mənə lazım deyil. Mənə təsir edən Fuad Rəsulovun sözləridir. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan oğlum Anar Hüseynliyə verilən şəhidlik pulundan da imtina etmişəm. Yeri gələndə, bu dövlətdən də imtina edəcəyəm. Dövlətin mənə qayğısı, hörməti budur. Mən həmin puldan imtina etdim ki, Azərbaycan öz ordusunu gücləndirsin. Gözləmirdim ki, hansısa məmur mənə belə münasibət göstərəcək”.

Vətəndaş şirkətin əməkdaşı Fuad Rəsulovun ona qarşı etdiklərinə görə cavab verməsini istəyir:

“İyunun 14-də şirkətin baş ofisinə gedib, rəhbərliklə görüşdüm. Məni İbrahim adlı bir şəxs qəbul etdi. Bildirdim ki, işçiniz məndən rüşvət tələb edib. Ona şəhid atası olduğumu deyəndə, üstəlik, məni təhqir də edib. Şirkət rəhbəri də cavabında dedi ki, deyir-deyir də, burda nə var ki?! Sözdür də, deyir. Onun ağlı ora qədər çatır. İndi mən ona nə etməliyəm? Mən də deyirəm ki, siz nəsə bir tədbir görməlisiniz, axı məni təhqir edib. Deyir ki, dayı, biz onun ağzına açar olmayacağıq. Başa salıram ki, bu adam məndən rüşvət istəyir. Cavabında deyir ki, çağırıb, onunla söhbət edərik”.

“Kristal Abşeron” MTK-dan bildirilib ki, məsələ araşdırılıb və onların Saday Hüseynov adlı işçisi yoxdur, olmayıb.

Saday Hüseyov isə deyir ki, onu işə məhz “Kristal Abşeron” götürüb.

Onun sözlərinə görə, “Xəzər İnşaat”da çalışsa da, bütün işlər “Kristal Abşeron”un baş ofisindən idarə olunur.

Fuad Rəsulov Meydan TV-yə deyib ki, Saday Hüseynovun onun ünvanına söylədikləri doğru deyil:

““Xəzər İnşaat” MTK binanı tikib təhvil verəndən sonra Nizami 9 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb. Bina sakinlərinin birgə razılığı ilə də mən binaya icraçı direktor təyin edilmişəm. Saday Hüseynovun bizim cəmiyyətə, binaya aidiyyəti yoxdur. O, “Xəzər İnşaat” MTK-nın işçisi olub. Binanın inşaası zamanı fəhlə işləyib. Bizim binadan əlavə iki binada tikinti işləri tamamlanmadığı üçün şirkət bir neçə fəhləni müvəqqəti olaraq binalarda saxlayıb. Saday Hüseynov da binalarda olduğu müddətdə evlərə gedib, paltaryuyan maşın quraşdırıb, su krantını dəyişib. Halbuki onun bina daxilində mənzillərə girmək səlahiyyəti yoxdur. Bununla əlaqədar ona bir neçə dəfə şifahi xəbərdarlıq etmişəm. Onun maaşının artması, yaxud da azalması mənim səlahiyyətim daxilində deyil. Şəhid atası olduğu üçün ona bu cür şər-böhtan sözlər deməyi uyğun bilmirəm. Onunla qanun müstəvisində danışa bilərəm, amma özümə yaraşdırmıram”.

“Dəfələrlə demişəm ki, Saday dayı, işçimiz deyilsən. Nasosxanadır, işıq şitləri olan yerlərə icazəsiz girmək olmaz. Bunlara rəsmi olaraq mən cavabdehəm. Hər bir binada daxili nizam-intizam qaydaları var. Şəhid atası olmaq o deyil ki, gəlib, mənə şər-böhtan atsın. Qonşular hamısı deyir ki, Fuad müəllim, bir izahat yazaq, hamımız da qol çəkək ki, sizin fəaliyyətinizdən, davranışınızdan çox razıyıq”, – deyə o bildirib.

Meydan TV
 
Ardını oxu...
Məmurlar Gədəbəydəki problemləri nə vaxt həll etməyə qalxdılar ki, onların qabağını kəssin kimsə...
“Gədəbəy rayonu Söyüdlü kəndi bizim kənddir, mən özüm əslən ordayam. Söyüdlü kəndinə Gədəbəydə Türk kəndi deyirlər. Çünki Söyüdlünün əhalisinin bir hissəsi Anadoludan köçənlərdir. O hissə də mənim əcdadlarıma aiddir. Bu səbəbdən də iki gündür ki, bu kənddə baş verənləri çox narahatçılıqla izləyirəm”.
TEREF.AZ bildirir ki, bu barədə Bizimyolinfo xəbər portalına “Ağ Partiya” sədr müavini Əhəd Məmmədli danışıb. Məmmədli baş verənlərin üçüncü qüvvələr tərəfindən törədilməsi məsələsinə də fikir bildirib. O, qeyd edib ki, hadisənin baş verməsi ilə bağlı hansısa xarici qüvvələrdən danışmaq olar. Amma fakt odur ki, illərdir sakinlərin o yataqdan narahatlığı var.

Politoloqun fikrincə, bu narahatlıq işəgötürmə məsələsində və ekologiyanın korlanması məsələsində də var. Onun sözlərinə görə, bunun digər səbəbləri də var

“Fikir verdinizmi, icra başçısı qaça-qaça gəlmişdi. Danışırdı, izahat verməyə çalışırdı. Orada sakinlər sadəcə ekologiyanın korlanmasından və yaxud o süni göldən danışmırdı. Hərə öz problemindən danışırdı. Biri deyirdi, “məni 1500 manat cərimə ediblər, nəyə görə?” və s.

Bilirsiniz ki, rayonlarda olan bu kimi problemlər illərlə yığılır və artıq bir mövzu üstünə partlayır. Yəni biz bu gün Söyüdlü camaatının narazılığını təkcə, bu süni göllə əlaqələndirməməliyik. Bu problemlər süni göl, işsizlik, torpaqların və örüş yerlərinin əllərindən alınması, insanlara normal kənd təsərrüfatı ilə məşğul ola bilmək üçün imkan yaradılmaması və s.-dir”-deyən politoloq bildirib ki, bu səbəbdən də icra başçıları bu problemləri, bələdiyyə sədrləri vaxtında həll etməlidirlər. Təəssüf ki, edilmir. Bir gün partlayanda isə, deyirlər ki, “11 ildir susurdunuz, indi danışırsız”.

“Bu, nə deməkdir? Mən 50 il susa bilərəm, sonra danışa bilərəm. bilirsiniz sonra danışa bilərəm. Problemlər belə olur. 10 il, 20 il, 30 il, 40 il susurlar. Sonra birdən partlayır. Biz ona görə dəfələrlə bu hakimiyyətə də xəbərdarlıq etmişdik. Deyirdik ki, problemlər var, indi susulur və bir gün birdən partlayacaq. Bu səbəbdən də bu problemləri yerində həll etmək lazımdır.

Ötən günlərdə “Kubinka”, dünən “Söyüdlü”, bu gün bəlkə də başqa bir yer. Sabah tamam başqa bir yer. Problemləri görməzlikdən gələndə belə olur. Ona görə vaxtında həll etmək lazımdır. Əlbəttə ki, kənar qüvvələr bu vəziyyətdən istifadə edir. Nəticə də alır. Azərbaycanı qarışdırmaq istəyən qüvvələr fürsət tapdığı an istifadə edəcək, bu vəziyyətdən. Sən də o kənar qüvvəyə imkan verməməlisən”-deyə politoloq qeyd edib.

Əhəd Məmmədli bildirib ki, ərazilərdəki məmurlar xalqa çalışmalıdır və xalqın narahatlıqlarını, narazılıqlarını nəzərə almalıdır. Hər şeyi kənar qüvvələrin üzərinə atmaqla olmur.

“Bu məsələlər həll edilməlidir. Sən həll edəndən sonra, kənar qüvvə necə istifadə edə bilər? Sən həll etməsən, kənar qüvvə istifadə edəcək. Biz məsələləri o vəziyyətə çatdırmamalıyıq ki, kənar qüvvələr bundan istifadə etsin”- deyə politoloq qeyd edib.

Xatırladaq ki, dünən Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində fəaliyyət göstərən süni gölün ətrafa zəhərli maddə buraxdığını iddia edərək etiraz ediblər. Etiraz aksiyası zamanı polislərlə sakinlər arasında insident yaşanıb. Bu gün Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov insidentin baş verdiyi Söyüdlü kəndinə gedib sakinlərlə görüşüb. O, qeyd edib ki, Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb.

Orxan Mürsəlov bildirib ki, səsləndirilən iddialar sadəcə dedi-qodu xarakteri daşıyır.
 

Ardını oxu...
Hotel və hostellərin çox olması təbii ki, ölkənin inkişafı üçün müsbət dəyərləndirmək olar, qiymətlərin isə normal olması ölkəmizə üz tutan xarici turistlərə və qonaqlara hər zaman xoş təəsuratlar bağışlayıb, amma çox təəssüflər olsun ki, bu məkanlardan bəzi işbazlar, sahibkarlar sui-istifadə edir.

Belə ki, sosial şəbəkələrdə özlərini bəzi səhifələrində "reklam" etdirən bu cür hotellərə müştəri gedəndən sonra sözün əsl mənasında peşman olur, bəlkə də həyatına nifrət edir desək yanılmarıq.

Təxminən bir neçə gün əvvəl bununla bağlı Tarqovi Hotelin (070) 200 83 39 nömrəsi ilə əlaqə saxladıq, onlardan standart otağın bir gecəlik qiymətin soruşduq, 30 AZN qiymət dedikdə büdcəmizə uyğun olduğu üçün ünvanı soruşduq, şəhərin mərkəzi Nərimanov rayon, Şərq bazarının yaxınlığı, Qarabağ küçəsi, 31 - də yerləşən Gorgud (Qorqud) Hotelə bizi yönləndirdilər, kənardan baxanda hotelin görünüşü, içəri resepşinə, girişinə kimi hər şey tam standartlara uyğun idi, amma göründü ki, yanılmışıq, ödəniş edib otağa desək az olar, otaqlara keçəndə haradan bilək ki, bu məkanın altı bəzək üstü təzəkdir?

5 mərtəbədən, çoxsaylı otaqlardan ibarət olan Qorqud Hoteldən oxuyan qapıdan tutmuş meyxana deyən kondisioner, muğam oxuyan yataq pastellərinə kimi rast gəldik, resepşendə ödəniş etdikdən sonra hotel əməkdaşı bizi otağa apardı, 2 - ci mərtəbədə yerləşən ilk otaqda qapının bağlanacaq kilidinin xarab olduğun bilib əməkdaşdan otağı dəyişməyi xahış etdik, bizi 3-cü mərtəbədə olan daha bir otağa apardı, elə hazırlaşırdıq dincələk ki, yayın 40 dərəcə istisində gördük özümüzü, kondisioner meyxana deyir, işləmir, əməkdaş gəldi, etiraz etdik, rəhbərliyə jurnalist olduğmuzu bildirdik, düz 30-40 dəqiqədir otaqları gəzirik hələ normal otaq bizə verə bilmirlər kimi etirazmızı bildirdik, hələ ödəniş etdikdən sonra çek verməyib, vergidən yayınma, natəmizlik baş alıb getməsi kimi halları demirik.

Bu dəfə Hotelin rəhbərliyindən biri bizi 5-ci mərtəbəyə qaldırdı, otağa daxil olduq, içəridə yatağa sərilmiş ağ örtüklərin üstündə olan ləkə bizə özəl ürək bulanma verdi. 2 nəfərlik yatacaq taxtın döşəkçələrinin bir-birinə uyğun olmaması daha mənzərəli idi, yatacaqda olan ləkəli yataq dəstlərini götürüb onun yerinə hamam dəsmallarını sərib yatmalı olduq. Çünki o qədər yorğun idik artıq mübahisə, etiraz etməyə nə taqətmiz, nə halımız, nə də gücümüz qalmışdı.

Biz bir dəfə yanılıb bu məkana üz tutduq, ümidvarıq siz yanılmayacaqsız, bu məsələni ictimailəşdirməkdə isə məqsədmiz odur ki, inanırıq bu yazımızdan sonra aidiyyatı qurumlar sözü gedən məkanla bağlı öz araşdırmalarını aparıb ədalətli qərarlarını verəcəklər.

"Azərbaycan Reallığı" yazda adı çekilən qarşı tərəfin də mövqeyin tanıyır.

AZƏRBAYCANREALLIĞI.COM
Ardını oxu...
DİA.AZ: - Sentyabr ayı SİZİN ÜÇÜN 30 gündən ibarət olar bilər.

DİA.AZ bildirir ki, amma "Bravo"nun daxili istehsalı olan "RC Cola"sı üçün 31 gündən ibarətdir...

Deməli, etibarlılıq müddəti məhsulun keyfiyyətində yox, onların öz əllərində imiş... Diqqətli olmalıyıq...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - 2020-ci ilin fevralında ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Məhkəmə
mübahisələri ilə iş idarəsinin yaradılmasının Konstitusiyaya zidd olmasından, 60-cı maddə ilə təminat
verilən inzibati və məhkəmə təminatı hüququna , 38-ci maddə ilə təminat verilən sosial təminat
hüququna qadağa amacı daşıdığından yazmışıq. Başlıca olaraq, hüquqdan kasad pensiyaçıların
peşəkar hüquqçuların yardımı ilə maddi və prosessual hüquqlarından məhrum edilməsi kobud insan
hüquqları pozuntusu olsa da, üç ildən çoxdur ki, pozuntu sürür". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məaqlədə daha sonra bildirilir: "Məhkəmə mübahisələri ilə iş idarəsinin tərkibi haqqında bilgi verilməsə də, məhkəmə işlərinə çıxan
əməkdaşlarına Fondun sədrinin imzası ilə verilən 26.04.2023 tarixli (topdan) etibarnamədə idarənin –
mərkəzi filialın direktoru Abuzər Nemət oğlu Mütəllimov , departament müdiri Yeganə Bayram qızı
Məmmədova olmaqla , daha 19 nəfər baş, böyük, aparıcı mütəxəssislər görəvini tutan peşəkar
hüquqşünasa məhkəmə işlərində Fondu və qurumlarını müdafiə etmək səlahiyyəti verildiyi bəlli olur.
Dövlət orqanına hüquqi yardım göstərən idarənin rəhbərliyinin və bir neçə əməkdaşının Vəkillər
Kollegiyasının 39 saylı vəkil bürosunun rəhbəri və üzvləri olması vəkil orderindən bəlli edir. Abuzər
Məmmədov həm də 39 saylı vəkil bürosunun müdiri, Yeganə Məmmədova , Emil İsgəndərli .. sıradan
üzvləridir. Bəs vəkilliklə dövlət qulluğu necə uzlaşdırılır ? Heç demə, 39 saylı vəkil bürosu elə DSMF-in
Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının , digər idarələrinin və əlbəttə, Məhkəmə Mübahisələri
ilə İş İdarəsinin yerləşdiyi ünvanda yerləşir . Daha doğrusu, 39 saylı vəkil bürosu ilə Məhkəmə
mübahisələri ilə iş idarəsi eyni qurumdur . Belə çıxır, DSMF-də 39 saylı vəkil bürosu ştat vahidi kimi
fəaliyyət göstərir !(?) “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun isə belə fəaliyyəti yolverilməz
sayır.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələbinə görə, dövlət qulluğunda çalışan şəxs
vəkillik fəaliyyətinə qulluqdan çıxandan sonra başlaya bilər. Eyni zamanda vəkil seçilən şəxsin dövlət
qulluğunda işini davam etdirməsinə yol verilmir və belə hal məsuliyyət yaradır. ƏƏSMN tabeliyində
DSMF-in isə dövlət qulluğunda bütöv 39 saylı vəkil bürosu dayanır. Vəkillərin dövlət hesabına dövlət
orqanına hüquqi yardımı isə məhkəmələrlə qeyri- prosessual münasibətə girib, iddianı mümkün
saydırmamaqdan, işə mahiyyəti üzrə baxılmasına imkan verməməkdən o yana keçmir. Pensiyaçılara
gəldikdə, qeyri-prosessual ilişginin, rüşvətin qaynağının elə pensiyalar, müavinətlər olması şübhə
doğurmur. Başqa sözlə, dövlət orqanı heç nə itirmir, itirən pensiyasından da, hüququndan da
məhrum edilən zavallı əlillər, qazilər, pensiyaçılar, sosial müavinət alanlar olur. Təsəvvür edin,
məhkəmə mübahisələri ilə iş idarəsinin 39 saylı vəkil bürosundan olan vəkil(lər)i- nümayəndələri
1-ci dərəcəli Qarabağ qazisinə hətta kassasiya instansiyasında vəkil ayrılmasına etiraz edir(lər) !(?)
Fikrimizcə, Ədliyyə Nazirliyi, Baş prokurorluq dövlər orqanında vəkil bürosunun fəaliyyət
göstərməsinə hüquqi qiymət verməyə borcludur. Di gəl, kimdir Konstitusiyaya hörmətsizliyə qiymət
verən, vətəndaşın, sosial müdafiəyə ehtiyacı olanın hüquqlarının sosial müdafiə orqanının peşəkar
vəkilliklə pozmasına son qoyan?!"

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
"Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC yağ və sürtkü materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Technoil” MMC olub. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 997 105,31 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.

"Technoil” MMC-nin həmtəsisçilərindən biri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir.

Elvin Hacıyev müsahibələrinin birində "Technoil” MMC ilə bağlılığını gizlətməyib. "Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib.

"Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 25 may 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 133173644.45 AZN-dir. MMC-nin qanuni təmsilçisi Mehdiyev Fəxri Vaqif oğludur.

Fəxri Mehdiyev 2017-2020-ci illərdə "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Maliyyə departamentinin direktoru, 2020-2021-ci illərdə isə ASC-nin Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsinə təyin olunub.

"Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC "Azərbaycan Sənaye Korporasiya” ASC-nin tərkibində fəaliyyət göstərir.

"Azərpambıq Aqrar Sənaye Komleksi” MMC-nin rayonlarda 14 müəssisəsi var: Bunlar aşağıdakılardır:

Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 4200 ha)
Beyləqan Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 3200 ha)
Bərdə Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 3640 ha)
Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 1750 ha)
Saatlı Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 2600 ha)
Şirvan Pambıq Emalı Zavodu
Ucar Pambıq Emalı Zavodu
Ağdam Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 540 ha)
Goranboy Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 900 ha)
İmişli Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 1800 ha)
Sabirabad Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 3090 ha)
Salyan Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 1350 ha)
Tərtər Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 1650 ha)
Biləsuvar Təcrübə Sınaq Təsərrüfatı (əkin sahəsi - 800 ha)
 
Ardını oxu...
TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov bu günlərdə qızına toy edib. Toydan paylaşılan şəkillər, videolar medianın və sosial şəbəkələrin aparıcı mövzusuna çevrilib. Burada əsas diqqət toyun dəbdəbəli keçməsinə yönəlib. Saytlar diqqəti menyuya, bahalı hədiyyələrə, bəylə gəlinə alınan brend aksessuarlara çəkir. Bir də toyda iştirak edən müğənnilərin qonorarı müzakirə edilir. Xəbəri ilk yayan Manşet.az saytının iddiasına görə, Vüqar Qurbanov toya ən az 500 min manat xərc çəkib.

Globalinfo.az xatırladır ki, bəlli maaşı olan məmurun övladına belə bahalı toy etməsi suallar doğurmaya bilməz. Əslində, qanunvercilik imkan verir ki, buna görə araşdırılma aparılsın. Toya çəkilən xərcin mənbəyi təftiş edilsin. Ortaya çıxan faktlar – bahalı menyu, qiyməti kifayət qədər çox olan aksessuarlar, yüksək qonorara toya gələn müğənnilər və s. ciddi mətləblərdən xəbər verə bilər. Yəni toya çəkilən xərcin korrupsiya və digər qeyri-leqal yollarla əldə edilməsinə şübhələrin yaranması təbiidir. Bu, hüquq mühafizə orqanlarının diqqətini cəlb etməlidir.

Amma deyilə bilər ki, toyun xərcini ailə quran gənclər çəkib. Ya da tədbirin sponsoru oğlan evi olub. Əgər bəyin ailə üzvləri – valideynlər – yüksək vəzifəli məmur deyillərsə, prokurorluq müstəntiqlərinin suallarından bu yolla yayınmaq mümkündür.

Xatırlatma: Prezident İlham Əliyev dəfələrlə məmurlara tapşırıb, xəbərdarlıq edib ki, özləri və ailə üzvləri təvazökar olsunlar. Dəbdəbəli ad günləri, toy mərasimləri, digər tədbirlər etməkdən yayınsınlar.

Müşavirələrdə, ayrı-ayrı çıxışlarda, vəzifəyə yeni təyin olunan məmurları qəbul edərkən Prezident qəti və sərt tapşırıqlar verib ki, xalqa xidmət göstərsinlər, vətəndaşlarla normal davransınlar. Ən əsas da həyat tərzlərinə fikir versinlər. Harınlamasınlar. Dövlətin rəhbərinin tapşırıq və xəbərdarlıqlarına baxmayaraq əndazəni aşan, qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olan məmurlar olub. Belələri indi də var. Onların bir qismi qanunla cəzalandırılıb, bir neçəsi gəzifədən qovulub. Görünür, “gözü çıxan qardaşdan dərs almayanlar” hələ qalır.

Ölkə başçısı xarakter etibarı ilə təvazökar insandır. O, sadə həyat tərzi keçirməyə üstünlük verir. Nə 50 illik yubileyində, nə 60 illiyində, nə də digər doğum günlərində İlham Əliyev dəbdəbəli mərasim keçirməyib. 2011-ci ilin dekabrında – 50 yaşı tamam olan gün Ağcabədidə məcburi köçkünlərlə görüşüb. 60 illik yubileyini isə işğaldan azad edilmiş ərazilərdə qarşıladı.

Prezidentin oğlu Heydər Əliyevin toyu da olduqca təvazökar şəkildə keçirildi. Heç bir dəbdəbə olmadan gənclər ailə qurdular. Məmurlar gərək bu faktı nəzərə alsınlar.

Məmurların qanunla nəzərdə tutulan öhdəlikləri var. Onları xatırlatmaq istədik. Xüsusilə də məmurlar elə toy etməlidirlər ki, sonradan xalq və qanun onlara toy tutmasın…

Hər şeyə rəğmən Vüqar Qurbanova övladının ailə qurması münasibəti ilə göz aydınlığı veririk. Gənclərə xoşbəxtlik arzulayırıq.

Ətraflı videoda:

 
 
 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Qlobal.az xəbər verir ki, 16 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 10 müəssisədə nöqsanlar müəyyən olunub.

Monitorinq zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Lermontov küçəsində fəaliyyət göstərən “Meduza” restoranında qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması müəyyən edilib.

“Meduza” restoranında yoxlama zamanı həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullardan da istifadə edildiyi müəyyən olunub.

Ardını oxu...
Azərbaycandakı bir çox nazirliklərin lap əvvəldən nazir sarıdan bəxti gətirməyib. Belə nazirliklərdən biri də vaxtilə Əli Abbasovu, Ziya Məmmədovu görmüş indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir…

Bu günlərdə cəmiyyətdə, “qara camaat” arasında ən çox müzakrə olunan mövzulardan biri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunun müzakirəsi zamanı Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin dedikləridir: “Dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur. Taksi qiymətləri qalxacaq. Bu, birmənalı şəkildə belədir”.

Bir-iki millət vəkilni çıxmaq şərtilə, nazirlə eyni düşüncədə olan əksər deputatlar da onun dediklərini və məlum yeni qanunu dəstəkləyiblər. Yəni, bədbəxtçiliymiz təkcə nazirlərlə bağlı deyil…

Məsələn, özü uzun illər siqaret inhisarçısı olmuş Rüfət Quliyev deyib ki, “ölkədə 5 taksi aqreqatoru at oynadır, hökmranlıq edir”.

Əlbəttə ki, inhisarçılığa öyrəşmiş və bundan milyonlar qazanmış biri üçün rəqabət mühiti cin-əcinnə kimi təhlükəli görünür.

Əslində, alternativ nəqliyyat çox olmalıdır ki, taksiyə ehtiyac azalsın. Ancaq bunlar öz işlərinin öhdəsindən gəlmək, normal nəqliyyat infrastrukturu, ictimai nəqliyyat yaratmaq əvəzinə, problemi taksidə qiymət artırmaqla çözmək istəyirlər.

“Dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur” deyən nazir nədənsə “Azal”-ın qiymətlərinin də dünyada tayı-bərabəri olmadığını heç vaxt dilinə gətirmir. Bəli, ola bilər ki, Azərbaycan vətəndaşı bəlkə də başqa dövlətlərlə müqayisədə, məsələn, taksi ilə şəhərdən hava limanına 1 manat ucuzuna gedir, amma təyyarəyə azı 100-200 dollar bahasına bilet alır.

“Prius”-lara döşəməyə nə var ki, gücü çatırsa, “Azal”-ın qiymət siyasətinə də bir “əl gəzdirsin”, təşəbbüs qaldırsın, təklif versin. Yox, olmaz! Belə məmurların “missiyası” başqadır – qadağa qoy, cərimə et, qiymət qaldır və s.

Yaxud, dövlətin milyonları, on milyonları xərclənən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən danışsın, görək bu “intellektual idarəetmə”ni paytaxt sakini öz gündəlik həyatında necə hiss edir və ümumiyyətlə, hiss edirmi?

Məhz taksi xidməti hər nə qədər kələ-kötür olsa da, hazırda Azərbaycanda tək-tük gerçək rəqabət şəraiti olan sahədir. Bu nümunə müəyyən qüsurlar aradan qaldırılacağı təqdirdə normal rəqabətin Azərbaycanda bütün sahələrdə qiymətlərə necə təsir edəcəyinin bariz göstəricisidir.

Problemin mahiyyətini, kökünü görməyən, yaxud görmək istəməyən nazir və deputatlarımız anlamaq istəmirlər ki, nəqliyyat problemi təkcə texniki yox, həm də və daha çox sosial-iqtisadi problemdir. Bundan əvvəl Əmək və əhalinin sosial müdafiəsi naziri dedi ki, iş yerlərinin açılması dövlətin üzərində olmamalıdr. Yaxşı, iş yeri açmayın, olan iş yerlərini də müxtəlif bəhanələrlə bağlayın!

Bu gün taksi sürücülərinin içərisində qətiyyən bu işə yaramayanlar, hətta narkomanlar da var. Ancaq onları bəhanə edib, işsizlik ucbatından gecə gündüz rol arxasında qəpik-quruş qazanmağa məhkum edilən ali təhsilli gəncləri, müxtəlif peşə sahiblərini də görməzdən gəlmək olmaz.

Problemin kökü bu qədər insanın taksidə işləməyə məcbur edən sosial səbəblər, onun texniki tərəfi isə yol polisinin rüşvət müqabilində kimə gəldi sürücülük vəsiqəsi verməsi, ictimai nəqliyyatın biabırçı vəziyyəti də daxil olmaqla, müxtəlif çeşidli digər səbəblərdir. Neft ölkələrinin çoxunda taksi xidmətini kasıb ölkələrdən gələn miqrantlar yerinə yetirir, yerli əhali bu işi özünə yaraşdırmır. Neft ölkəsi Azərbaycanda isə taksi işsizlərin ən son ümid yeridir…

“Kreativ” məmurlarımıza gəlincə, adlarını müasir Avropa, Amerika təhsilli qoysalar da, mahiyyət etibarilə Hadı Rəcəbli, Tağı Əhmədov, Abid Şərifov və s. bu kimi tipajların nisbətən gənc variantı olan bu şəxslər vəzifə kreslosunda məlum yerlərini isidən kimi, dərhal millətlə qadağa, cəza, cərimə, qiymət artımı dilində danışmağa başlayırlar. Başçılıq etdikləri sahədə heç bir normal iş yarıtmayan, bu sahəyə xarici görünüşdən başqa heç bir yenilik, təşəbbüs, ideya gətirməyənlər öz bacarıqsızlıqlarını xalqa əlavə problem yaratmaqla “kompensasiya edirlər”.

Olduqca dar çərçivədə düşünən, öz lyuks komfort aləmində yaşayan, millətin problemini, dərdini, güzaranını anlamaqdan çox-çox uzaq, “sintetik beyinli” iri məmurları “ayıltmağın” bir yolu qalır – məsələn, Nəqliyyat naziri işə lyuks avtomobildə yox, ictimai nəqliyyatla, metroyla, avtobusla getməlidir, Əmək naziri yüksək maaşı, biznesi, tenderləri və s. hesabına yox, əlilin, minimum pensiya alan vətəndaşın gəlirlərinə bərabər maaşla dolanmalıdır, Səhiyyə naziri İsraildə, Almaniyada yox, Sabunçu xəstəxanasında müalicə almalıdır və s. Yalnız bu halda camaatın nələr çəkdiyini hiss edərlər və məlum “kreativ” təklifləri, qərarları verərkən yaxşı-yaxşı düşünərlər…

Dunyaninsesi.Az
 
Ardını oxu...
Heç kəsə sirr deyil ki, ilbəil dövlət büdcəsindən həm səhiyyəyə, həm də icbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır.

Vətəndaşlara tibbi xidmətlər də TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyindəki tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində göstərilir. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.

Xatırladaq ki, TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.

***

...Son 20 ildə ölkədə 800-dək xəstəxana binası ya yenidən tikilib, ya da əsaslı təmir olunub.

Bəziləri isə uzun illərdir onlara da diqqət ayrılacağı, daha doğrusu, həmin xəstəxanalara üz tutanlar da, tibb işçiləri də şəraitsizlikdən can qurtaracağı günü gözləyirlər...

Bunlardan biri də Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası kimi yaddaşlarda qalan 4 saylı xəstəxanadır. Əslində bu xəstəxanadakı vəziyyətlə tanış olmaq üçün elə birinci mərtəbəsindəki liftinə daxil olmaq kifayətdir: əlbəttə, əgər daxil ola bilsəniz. Yarımçıq açılan liftin qapılarından qol-qanadınız əzilmədən içəri keçmək böyük hünər tələb edir, hətta deyərdik ki, akrobatik ustalıq...

Hələ xəstəxanaya təcili tibbi yardım maşınlarında gətirilmiş xəstələri (əsasən insult) arabaya əyləşdirib 3-cü mərtəbədə yerləşən nevrologiya şöbəsinə qaldırmaq da tibb işçilərindən xüsusi bacarıq tələb edir: həm qapıları tutaraq özünü içəri salmalı, həm də arabadakı xəstəni silkələyə-silkələyə, təkərlərini yerdən qaldıraraq yerləşdirməyi bacarmalıdır. Bu zaman ən azı 2 nəfər həmin yarımcan xəstəni liftə qəzasız-bəlasız keçirib - düşürmə “əməliyyatını” həyata keçirməlidir (adi vaxtda çox adam qorxudan liftə yaxın düşməyib pilləkənlərdən istifadəyə önəm verir).

Uzun illər, sabiq səhiyyə nazirinin dönəmində belə əldən düşmüş, sökülüb–dağılmış, taleyin ümidinə buraxılmış xəstəxananın halına yanan olmayıb. Hansı ki, bu gün də xəstəxananın nevrologiya şöbəsində qazilər, hərəkət məhdudiyyəti olan əlillər, insult keçirmiş xəstələr müalicə olunurlar. Otaqların, koridorların suvağı tökülmüş divarları, tavanları, linoliumu nimdaşlaşmış, qopub cırılmış döşəmələri, bərbad palata qapıları, ayaqyolundakı şəraitsizlik göz çıxarır.

Hətta yataq xəstələri üçün çanaq (unitaz) rolunu oynayan oturacağı xüsusi ovulmuş köhnə stullar xidmət göstərir, hansı ki, 21-ci yüzillik üçün xəstəxanadakı “ixtiraçıların” ən müasir kəşfi sayıla bilər...

Ayağı çəliklə yer tutan, lakin dizdən qatlamaqda çətinlik çəkən xəstələrə isə ayaqyolundakı yer çanaqları “xidmət göstərir” (kişilərin bu sarıdan bəxti gətirdiyi bildirilir - onların ayaqyolunda oturacaqlı çanaqların olduğu deyilir...), əlbəttə, ayaqlarını qatlaya bilməyənlərə təklif olunur ki, bir nəfər özü ilə xidmətçi gətirsin və onlar üçün çarpayı pulu 12 manat ödəməklə həmin “son model stul-qarşoklardan” istifadə etməsinə yardımçı olsunlar. Buna isə bir çoxunun nə maddi imkanı yol verir, nə də işsiz-gücsüz ailə üzvü tapa bilirlər... Seçim isə sənindir: ya müalicə olunmaq üçün qulluğunda dura biləcək – “qarovulçu” tapmalısan, ya da müalicədən imtina barədə kağıza qol çəkib gedə bilərsən...

Məsələn, xəstəxananın adı çəkilən şöbəsində müalicə alan 2-ci qrup əlil, şəhid anası Xəlilova Bəyim bildirir ki, müalicədən çox razıdır, amma şəraitsizlikdir.

“49-cu məhəllədə yaşayıram. Xəstəliyimlə əlaqədar mən şəkər xəstələri üçün olan xəstəxanada müalicə olunmalıydım, amma yer olmadığı üçün göndərdilər Sumqayıtdakı 45 saylı xəstəxanaya, orada da yer tapılmadı deyə bura gətiriblər... Mən yeriyə bilmirəm, zorla, əsa ilə gəzirəm, mənim burada xidmətimdə dura biləcək adamım da yoxdur, çünki hamı işləyir. Burda isə şərait yoxdur – unitaz da yoxdur, ancaq yerdəndir”, - deyə Bəyim xala bildirir.

O, üzrxahlıq edərək əlavə edir ki, 4 gündür xəstəxanada yatır, amma unitaz yerdən olduğuna görə istifadə edə bilmir və buna görə də çalışır ki, az yemək yesin(?!)...

“Mən öturub-dura bilmirəm. Qorxuram ki, tavandakı kərpic başıma düşə”, - deyir ağbirçək qadın.

Bəyim xala dava-dərmanının hamısının xəstəxana tərəfindən verildiyini, hər gün masaj olunduğunu, fizioterapiyadan istifadə etdiyini, tibbi personaldan razı olduğunu bildirir.

Lakin bütün xəstələr Bəyim xala kimi dava -dərmanla əhatə olunmayıb. Misal üçün, insult xəstələri xəstəxanaya çatan kimi ailə üzvləri çağırılır və 10 günlük resept yazılaraq onlara verilir. Çünki insult xəstələri üçün həyati əhəmiyyət daşıyan iynələrin bir çoxu xəstəxanada yoxdur və əgər bu dərmanlar alınıb verilməzsə, müalicə başlanılmayacaq. Müalicə alan xəstənin bəzi iynələri xəstəxanadan verilsə də, əksəriyyəti (MAHHИТ-i apteklərdən belə, tapmaq müşküldür, hansı ki, beyin üçün vazkeçilməz preparatdır və mütləq lazımdır) aptekdən alınmalıdır, hətta 2 və 5 qramlıq şprislərədək, çünki onlarda əsasən 10 qramlıq şprislər olur.

Ümumiyyətlə, illərlə baxımsızlıqdan bərbad vəziyyətə düşmüş xəstəxananın adı çəkilən şöbəsinin ayaqyolunda ən adi – oturacaqlı çanaq (unitaz) belə yoxdur, yaxud da yataq xəstələrinə vacib lazım olan, həm də qiyməti çox ucuz olan oturacaqlı, daşınan plastik olanları da...

Burada plastik unitazları ortası dairəvi ovularaq kəsilmiş köhnə stullar və vedrələr əvəzləyir – həmin stulların taxta kənarlrından isə mismarlar çıxır.

Qeyd edək ki, xəstəxanada reanimasiya şöbəsi olmadığı üçün insult (beyin qan dövrnının kəskin pozulması) xəstələrinin yanında mütləq bir nəfər qoymaq tələb olunur. Xəstənin yaxınlarına bildirilir ki, onlara baxmağa (yedirtmək, unitaza əyləşdirmək və s.) tibbi personalları yoxdur. Mütləq kimsə işdən icazə alıb, yaxud günəmuzd çalışandırsa çörək pulundan olub xəstəsinin xidmətində durmalıdır – evindəymiş kimi. Və icbari tibbi sığortaya əsasən (belə izah olunur) xəstənin yanında qalacaq şəxsə veriləcək çarpayı üçün gündəlik 12 manat pul da ödəməlisən. Hesablasaq ki, xəstə tam müalicə kursu almaq üçün bəzən 21 gün stasionarda yatmalıdır, demək ki, yanında gecələyən üçün 252 manat pul ödənilməsi deməkdir. Üstəgəl dava-dərman, işə getməyib itirdiyin günlərin pulları, xəstənin yanında qalan şəxsin də ehtiyaclarını ödəmək üçün yanına gəlib-getmək və s. Və buna görə də bu şəraitsiz yerdən hamı maksimum tez bir zamanda can qurtarmağa – xəstəsini ev şəraitində ayağa qaldırmağa çalışırlar.

Xatırladaq ki, 4 saylı xəstəxananın birinci mərtəbəsinin bir hissəsində (4-cü mərtəbəsində də olduğu deylir) 19 məcburi köçkün ailəsinin məskunlaşdığı deyilir. Hazırda 1-ci mərtəbədə yaşayanlar da var. Məlumatlara görə, xəstəxanada əsaslı təmirin məcburi köçkünlərin doğma yurdlarına dönəcəkləri vaxtdan sonra başlanacağı bildirilir.

Amma bu, xəstəxanada ən sadə təmirin belə, aparılması üçün, yaxud ayaqyoluna çox ucuz qiymətə olan oturacaqlı çanaq qoymaq, liftin qapılarını təmir etmək... üçün bəhanə ola bilərmi?

Əslində fotolar xəstəxananın inanılmaz bərbad vəziyyətdə olduğunun göstəricisidir və əlavə şərhə də ehtiyac yox idi.

Biz isə yazdıq, dedik bəlkə bu zavallı insanların üz tutduğu xəstəxanaya rəhmi gələn tapılar, tez bir zamanda minimum problemlər belə, həllini tapmış olar..

Onu da əlavə edək ki, 4280 m² sahəsi olan 4 saylı xəstəxana ötən il yanğına məruz qalmış və 15 nəfər tüstüdən zəhərlənmişdi.

P.S. Deyilənə görə, müstəqillik illərindən bir qədər əvvəl məşhur alim Xudu Məmmədov xəstəliyi ilə əlaqədar Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə yerləşdirilir. Alimin müalicə aldığı xəstəxana o qədər bərbad vəziyyətdə olur ki, dillə təsvir olunası deyilmiş, hətta tarakanlar da stolun üstündə rahatca qarınlarını doyururmuş... Xəstəxanada müalicə olunduğunu eşidəndə dostu, Xalq şairi Bəxtiyar Vahabzadə Xudu Məmmədovu yoluxmağa gəlir və ora çatan kimi alimi məzəmmət edir ki, niyə indiyədək burada müalicə alması barədə xəbər verməyib?

Xudu müəllim isə üzünü ona tutaraq “Bəxtiyar, mən bu günlər ərzində bir şeyi kəşf etdim – sən demə, bu cür bərbad, zir-zibilli, tarakanlı... xəstəxanada insanlar müalicə olunaraq sağalıb evə gedirlərmiş”....
 //tezadlar.az//

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti