![]() |
![]() ![]() ![]() |
|
23 may 2025-ci il, Xocavənd rayonunun Hadrut qəsəbəsindəyik.
Hadrut 2 oktyabr 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. 44 günlük Vətən müharibəsi zamanı 9 oktyabrda işğaldan azad edilib.
Musavat.com-un Hadruta ezam olunmuş müxbiri xatırladır ki, Vətən müharibəsi zamanı Azərbaycan ordusu düşmən ordusunun heç gözləmədiyi məqamda Hadruta yönəldi.
Bu isə müharibənin taleyini həll edən əməliyyat idi, çünki Azərbaycan ordusunun xüsusi təyinatlıları məhz bu istiqamətdən Şuşaya doğru irəliləməyə başladı.
Hadrutda işğaldan dərhal sonra olan şahidlər deyirdilər ki, hücumun qəfil olması erməniləri qaçmağa məcbur etmişdi.
5 il keçib və bu gün də bu fikirlərin sübutlarını görmək olar. Məsələn, Hadrutda tərk edilmiş həyət evində üst-üstə qalaqlanmış ot tayaları hələ də qalır. Həyətdə bağlanmış, işğalçıların apara bilmədikləri, bəlkə də azərbaycanlılardan oğurlanmış xalça da var idi. Meyvə ağacları arasında tut ağacı gördüm.
Qismətdə Hadrutda qara tut da yemək var imiş…
Qəsəbə daxilində hərbi strateji obyektlər çoxdur, küçələrdə demək olar ki, ancaq hərbçilərlə qarşılaşdıq.
Dağlar qoynunda cənnət guşəsi olan Hadrutda həyat öz axarına yavaş-yavaş qayıdır - evlər abadlaşdırılacaq, infrastruktur yenilənəcək.
Daha öncəki xəbərdə yazdığım kimi, artıq məscidin inşası yekunlaşmaq üzrədir. Ən qısa zamanda bu məscidin minarəsindən ətrafa Azan səsi yayılacaq. Azadlığın əks-sədası kimi…
Allah şəhidlərimizə rəhmət eləsin!
Nigar HƏSƏNLİ,
Xocavənd, Hadrut
Musavat.com