Ardını oxu...
Gədəbəyli sabiq nazir Söyüdlüdən danışdı: “Mənim vaxtımda belə şey olubsa…”
Gədəbəy rayon Söyüdlü kəndində hadisələrə səbəb olan qızıl mədəninin sahibinin İran əsilli iş adamı Rza Vəziri olduğu üzə çıxıb. Deyilənə görə, o, obyekti 1993-cü ildə alıb.

1992-93-cü illərdə Material Ehtiyatları Nazirliyi fəaliyyət göstərib. Sonradan islahatlar nəticəsində ləğv edilərək başqa qurumlara birləşdirildi. Keçmiş prezident Əbülfəz Elçibəyin 12 avqust 1992-ci il sərəncamı ilə əslən Gədəbəy rayonundan olan Şəmsəddin Rəhimov material ehtiyatları naziri təyin edilmişdi. Maraqlıdır, sabiq nazir iranlı iş adamı ilə bağlı nələri bilir?

Globalinfo.az Şəmsəddin Rəhimli ilə əlaqə saxlayıb.

O, 1993-ci ildə Rza Vəziri ilə bağlı söhbətin gündəmdə olmadığını bildirib:

“Hətta mənim də nazir olduğum dönəmdə belə bir şey olubsa, bunu artıq aidiyyəti orqanlar və ya keçmiş ekologiya və təbii sərvətlər naziri bilər. Çünki mən o sahələrdən uzaq olan biriyəm. Amma 1993-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kimlərləsə işləməsi və müqavilə bağlaması olmayıb. Sadəcə olaraq neft kontraktları üzərində iş gedib. Gəncə qiyamı baş verməsə idi iyun ayının 16-sı, ya 20-si kontraktın imzalanması gözlənilirdi. Təəssüf ki, imkan verilmədi”.

Sabiq nazir deyib ki, Kanada, ya ABŞ-da yaşayan və əlvan metallarla məşğul olan İran vətəndaşı Rza Vəziri 1996-97-ci illərdə Azərbaycana gəlib və təbii ki, kontraktlar imzalanıb.

Şəmsəddin Rəhimli sianid turşusu ilə bağlı məsələyə də toxunub:

“Real vəziyyət göz önündədir. Sianid turşusu olduqca zəhərli maddədir. Bir şey ki, təxmini 25 dərəcədə qaynayıb, 13 dərəcədə donur və çox yüksək sürətlə buxarlanma qabiliyyətinə malikdir, faktiki olaraq onun buxarını udan şəxsi öldürür, deməli, təhlükəlidir. Hətta sianid tozunun buxarı insan əynindəki paltara hoparsa, mütləq evə girən kimi geyimini dəyişməlidir. Çünki özü ilə bərabər evdə başqalarını da zəhərləyə bilər. İndi siz onun miqyasını təsəvvür edin. Bundan başqa çox güclü şəkildə ağ ciyər və digər xəstəliklər yaratmaq qabiliyyətinə malikdir”.
Ardını oxu...
Şəmsəddin Rəhimli

Keçmiş nazir bildirib ki, Söyüdlüdəki hadisələrin kənardan idarə olunması haqda deyilənlərə də münasibət bildirib:

“Problem çoxdan var. Dəfələrlə gündəmə gəlib. Vaxtında ölçü götürülməyib, vətəndaşın səsi eşidilməyib. Reallıq budur. Gədəbəy dəniz səviyyəsindən təxmini 2 min metrə qədər yüksəklikdə yerləşir. Orada yataqlar çalışandan bu günə qədər demək olar ki, qarın yağması da problemə çevirilib. İqlim dəyişməsi o dərəcədə güclüdür ki, artıq bulaqlar da quruyur. Qar və qar ehtiyatı, eləcə də su ehtiyatı yoxdur. Özüm gədəbəyliyəm və burada dünyaya gəlmişəm. Ona görə problemləri yaxşı bilirəm”.
 
 
 

        
Ardını oxu...
Gədəbəyin “Söyüdlü” kəndində baş verən hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürüldü. Bu hadisə müəyyən bir zaman keçdikdən sonra öz həllini tapacaq. Bizi narahat edən digər məsələ isə, Gədəbəy İcra Başçısı Orxan Mürsəlovun davranışlarıdır. “Yaxından çəkmə, yaxşı görünüm”, “Polisə əl qaldıran vətən xainidir” və bu kimi "istiqamətsiz" açıqlamaları ilə yadda qaldı bir icra başçısı...
Hamıya məlumdur ki, ümumiyyətlə əksər icra başçıları vəzifəyə təyinat aldıqdan bir müddət sonra sanki bu vəzifə ömürlükmüş kimi davranmağa başlayır və həmin vəzifənin yaratdığı öhdəlik və səlahiyyətlərini unudurlar. Orxan Mürsəlov da bunu unutdu. İstər kənd sakinləri, istərsə də jurnalistlərlə davranışlarında Mürsəlov bəlkə də həyatının "səhvini" etdi. Kənd sakinləri ilə söhbətlərinə məmur olduğunu unudan, jurnalistlərin sualalrı qarşısında özünü itirən bu məmur çox keçməz vəzifəsini də itirər…

TEREF.AZ-ın məlumatına görə, “Ağ partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gədəbəyin icra başçısı bundan əvvəl də məmur olub. Məmurların işi, sadəcə olaraq, insanların şikayətlərini qəbul etmək olub.

“Bizim məmurları bilirsiniz, şikayətçiləri "yola verirlər". O da yolaverməklə məşğul olub. İndiki məsələdə də gəlmişdi ki, dövlətin "sərt üzü"nü göstərsin və "yola versin". Amma hadisə fərqli hadisədir və o da artıq başqa postdadır. Daha rəhbər, daha səlahiyyətli postdadır. Onun da öhdəsindən gələ bilmədi. Əvvəlcə jurnalistlərlə danışmağa başladı. Sonra sakinlərlə dilləşdi. Bu davranış düzgün davranış deyildi. Çünki onlar vətəndaşlarla, insanlarla düzgün qaydada davranmağı öyrənməyiblər, ona görə də öz ampulasındadır”-deyə Məmmədli bildirib.

İcra başçısının “polisə əl qaldıran vətən xainidir” fikrinə gəldikdə isə, Əhəd Məmmədli qeyd edib ki, bu ifadə də düzgün ifadə deyil. Politoloqun fikrincə, bu hadisədə Daxili İşlər Nazirliyi belə, Orxan Mürsəlovun onları "qoruduğu" kimi özünü qorumadı.

“Yəni "Papadan çox katolik" oldu. İcra başçısı öz vəzifəsinin, səlahiyyətinin öhdəsindən gələ bilmədi. Onun ən böyük səhvi elə vəziyyətin bu hala qədər gəlib çatmasıdır. Özü də deyir ki, mən o kəndə yaxın qalıram. Yaxında qalırsansa, sən bu məsələri vaxtında həll etməli idin. Çünki xəbəri var idi, xəbəri olmaması mümkün deyil. Kənd bələdiyyəsi deyir ki, bizə sakinlər müraciət etmişdilər. Biz də müraciət etmişdik, bunun qarşısı alınsın və ikinci göl salınmasın. Yəni bu müraciətlər olub zamanında. Sadəcə olaraq, müraciətlərə baxan olmayıb və müraciətə də ilk baxan və müraciəti həll edən rayon icra başçısı olmalıdır. O isə, səlahiyyətinin öhdəsindən ümumiyyətlə gəlməyib. Gəlməyib ki, bu proseslər oldu və proseslərdə dövlət məmuruna uyğun davranış göstərə bilmədi. Sakinlərlə davrana bilmədi. Ekologiya naziri gəldiyi zaman isə, nazir dövlət məmuruna uyğun şəkildə düzgün yöntəm ortaya qoydu”- deyə Əhəd Məmmədli qeyd edib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bu dəfə də köhnə fotoları ilə gündəmə gəlib.

Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri paylaşım edib.

Fotolarda ötən ilin 11 avqustunda başçı təyin olunan O.Mürsəlovun fiziki görünüşünəki dəyişiklik diqqətlərdən qaçmayıb.

37 yaşlı başçının vəzifəyə təyin olunduğu 10 ay ərzində xeyli çəki alması, müzakirələrə yol açıb.

Qeyd edək ki, bundan əvvəl də başçı “uzaqdan çəkin ki, yaxşı düşüm” sözləri ilə gündəmə gəlmişdi.
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 
 
Ardını oxu...
“MTN işi” üzrə zərərçəkənlərin bir qismi ölkə başçısına müraciət edib. Onlar “Yeni Müsavat”a deyiblər ki, Eldar Mahmudov və başının dəstəsi tərəfindən onlara qarşı törədilən cinayətin tam və hərtərəfli araşdırılmasını istəyirlər. Bunun üçün apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair məhkəməyə şikayət təqdim ediblər.

Zərərçəkən Zaur Əliyev deyir ki, onların şikayətinin araşdırılmasının qarşısının alınmasına yönəlik addımlar atılır: “Prezidentin qətiyyətli göstərişlə Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar quldur dəstə darmadağın edildi, Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldı. Çox təəssüf ki, Eldar Mahmudovun mütəşəkkil cinayətkar quldur dəstəsinin bütün dövlət orqanlarına, xüsusən də Bakı Ağır Cinayətlər Məhkəməsindəki komanda üzvləri bu gün də fəaliyyətdədir. Hər kəsə bəllidir ki, Eldar Mahmudovun kadrları olan müstəntiqlər Bakı Ağır Cinayətlər Məhkəməsinə, Bakı Apelyasiya Məhkəməsinə və digər instansiyalara hakim təyinatı alıblar. Biz zərərçəkənlər illərlə Eldar Mahmudovun MTN-də qurduğu cinayət yuvasının dağıdılmasını gözləmişik ki, bizə qarşı cinayətlərin araşdırılmasına nail olaq. MTN-in dağıdılmasından 7 il ötməsinə baxmayaraq, biz tam olaraq hüquqlarımızı bərpa edə bilməmişik. Təsəvvür edin ki, barəmizdəki saxta məhkəmə hökmündən şikayətvermə müddətinin a bərpa edilməsinə dair şikayət vermişik. Həmin şikayətimiz sirli şəkildə Eldar Mahmudovun dövründə MTN-də çalışmış, elə o dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunmuş Telman Hüseynovun icraatına verilib. Bu isə şikayətin nəticəsini bəri başdan bəlli edir. Şikayət təmin olunmayacaq!”

“Məndən 2 keçiyə görə 500 min manat istədilər”

2010-cu ilin martında Zaur Əliyevlə birgə həbs olunan Əhməd Mirzəyev bildirib ki, onu şərləməklə saxta ittihamlar irəli sürüblər: “Ortaya 2 qızıl keçi, bir də daş balta atdılar. Dedilər ki, bu əşyalar əntiq əşyalardır və guya mən mütəşəkkil dəstə üzvü olaraq həmin əşyaları ölkəyə gətirmişik. Məndən 2 keçiyə görə 500 min manat istədilər. Pulu verməkdən imtina etdim. Saxta cinayət işi uydurdular və məni həbs adıyla girov saxladılar. Bir aya yaxın MTN-in istintaq təcridxanasında qanunsuz saxladılar. Ortaya daşdan yonulmuş, mənə hədiyyə olunan suvenir baltanı, yanına da 2 ədəd qızıldan olan keçiləri qoydular. Yazdılar ki, guya balta da, keçilər də qədimi əntiq əşyadır. Sürücümü də tutdular, bununla da bizi mütəşəkkil dəstə kimi təqdim etdilər. Mətbuata, televiziyaya yalan məlumat ötürdülər ki, guya böyük bir mütəşəkkil dəstəni ifşa ediblər. Biz qaçaqmalçı kimi təqdim edib mətbuatda, efirdə biabır etdilər. Bütün bunlar yeganə məqsədə xidmət edirdi - bizdən pul qoparmaq. İndi də məlum olur ki, qızıl keçilər, ümumiyyətlə, cinayət işinin içində yoxdur. Yəni 2 qızıl keçini də işdən çıxarmaqla oğurlayıblar. Halbuki mən ölkədən çıxmamışdım ki, qaçaqmalçılıq da edim”.

Sahibkar Əhməd Mirzəyevin sözlərinə görə, sonradan ondan 500 min dollar alıblar və 2015-ci ildə Prezidentin göstərişi ilə MTN-də əməliyyat keçirilən günə qədər də ondan əl çəkməyiblər. Sahibkar MTN tərəfindən qondarma ittihamla üzləşdiyini, qanunsuz olaraq məhkum edildiyini söyləyib. Əhməd Mirzəyev MTN-də başına gətirilən müsibətlərdən sonra həyatının alt-üst olduğunu, xəstəlik tapdığını da deyir. 2010-cu il martın 27-də MTN-ə çağırılan sahibkar oranı 21 gün sonra, çox ağır şərtlər altında tərk edə bilib: “Martın 27-si, Novruz bayramı tətili idi. Məni ora çağıranda hansısa anlaşılmazlıq olduğunu düşündüm. Orada bu gün tülkü kimi özünü xəstəliyə vuran Təhsin Ağayevin - MTN-in İstintaq Baş İdarəsinin rəis müavinin yanına apardılar. O, elə söhbət aparırdı ki, onun barəmdə xeyli məlumat topladığını başa düşdüm. Deyirdi ki, qaçaqmalçılıqla məşğulam, ona görə də yarım milyon manat verməliyəm. Çaşqın duruma düşmüşdüm. Anlamırdım ki, həmin pulu niyə verməliyəm, hansı qaçaqmalçılıqdan söhbət gedir. Ona dedim ki, özünüz də bilirsiniz ki, restoran biznesi ilə məşğul oluram. Mən qaçaqmalçı deyiləm. O qədər pulumun olmadığını onlara dedim. Həmin pulu niyə verməli olduğumu soruşdum. Cavab verdi ki, biznesin var, pulun var, verməlisən. Dedi ki, "sən bir qızıl balıqsan ki, düşmüsən torumuza". Obyektim haqda da məlumat verirdi. Başa düşürdüm ki, barəmdə məlumat yığıblar. Pulumun olmadığını deyirdim, Təhsin Ağayev isə deyirdi ki, pulu verməyəcəksən, buradan da çıxmayacaqsan! Ona dedim ki, axı mənim heç bir günahım yoxdur. Məni pula görə saxlamısızsa, xırda-para verim, əl çəkin. Təhsin Ağayev dedi ki, cənabın - yəni Eldar Mahmudovun göstərişidir, xırdaçılıq eləmə, işləyiriksə, adımıza layiq hesabla işləyək. Sonradan bildim ki, cənab dedikləri nazirləri Eldar Mahmudovdur".

Əhməd Mirzəyevin sözlərinə görə, onu həmin gün həbs ediblər: “Elə həmin gün heç bir günahım olmaya-olmaya həbs edib aparıb istintaq təcridxanasına yerləşdirdilər. Dedilər ki, guya Zaur adlı bir keçmiş prokurorluq işçisi ilə qaçaqmalçılıq etmişəm, ölkəyə qədim əntiq əşyalar olan qızıldan keçi və qanadlı qoyun heykəlləri gətirmişəm. Gedib Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan qeydiyyatsız, tarixsiz, yəni saxta bir arayış alıblar. Guya həmin keçi ilə qanadlı qoyun, özlərinin dediyi kimi, əntiq əşyalardır. Həmin saxta arayışı əsas gətirib məni həbs etdilər. Onlara dedim ki, axı mən ölkədən heç yana getməmişəm, sərhəd keçməmişəm, necə qaçaqmaqlçılıq edə bilərəm? Dedilər ki, artıq suallar vermə, sənin buradan çıxmağının bir yolu var - pul verməlisən...”

Əhməd Mirzəyev deyir ki, o, girovluqda olarkən, qardaşı vəkillə müqavilə bağlayıb: “Vəkil yanıma gəldi, durumumu dedim. Ailəmə çatdırdı. Həmin günlərdə Təhsin Ağayev məndən pulu verib-verməyəcəyimi soruşurdu. Qardaşıma xəbər göndərmişdim ki, məndən 500 min manat tələb edirlər, verməsəm, buraxmayacaqlar. Ondan həmin məbləği düzəldib verməsini istəmişdim. 2 gün sonra vəkil gəlib dedi ki, pul düzəlmir. Bunu Təhsin Ağayevə dedim. Dedi ki, manatla verə bilmirsənsə, dollarla ver - yəni 500 min dollar tələb etdi. Mənə müstəntiq Elşən Murtuzovun xidməti otağında qardaşıma məktub yazdırdılar. Məktubda qardaşımdan 500 min dolları düzəldib verməsini xahiş edirdim. Lakin qardaşım həmin pulu düzəldə bilmirdi. Təhsin Ağayev bunu biləndə dedi ki, sənin Bakıda obyektin var, tapşıracağam, aparıb "Azəriqazbank"a girov qoysunlar. Mən həbsdə olanda iştirakım olmadan obyektim həmin bankda girov qoyuldu, pulu da götürdülər. Bundan sonra məni zaminə buraxdılar. Həyatımda ilk dəfə istintaqda gördüyüm hüquqşünas Zaur Əliyev isə həbsdə qaldı. Təhsin Ağayev dedi ki, hər ikinizi məhkəməyə göndərəcəyəm, barənizdə formal ittiham hökmü çıxacaq, amma özünüzü şərti verib azad edəcəklər".

Sahibkar deyir ki, 21 gün MTN-də saxlanıldıqdan sonra azad olunub. Aylar sonra isə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Məhkəmədə də dedilər ki, oradan gələn ittihamlar təsdiqlənməlidir. Biz sənə ancaq şərti cəza verməklə kömək edə bilərik. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev dedi ki, 100 min manat verəcəksən, barəndə 5 il şərti cəza çıxarılacaq. Məhkəmədə bir ekspertiza rəyi ortaya çıxdı. Rəyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi vermişdi. Rəydən belə aydın olurdu ki, MTN-də qədim əntiq əşya, tarixi əhəmiyyət kəsb edən eksponat kimi təqdim olunan keçi ilə qanadlı, buynuzlu qoyunun vur-tut üst-üstə 630 manat qiyməti var. Üstəlik, bir dekorativ baltanı da işə əlavə etmişdilər. Məlum oldu ki, həmin balta dekorativ əşya olduğundan qiymətləndirməyiblər. Yəni qəpik-quruş dəyəri var. Bu cür saxta, başdan-ayağa quraşdırma bir ittihamla həbs olunmamağım üçün məhkəmə məndən 100 min manat tələb edirdi. Uzun söhbətlərdən sonra manatı dollara çevirib 100 min dollar aldılar. Saxta hökmlə mənə 5 il şərti cəza verib buraxdılar”.

Əhməd Mirzəyev deyib ki, Rusiyada qazandığı pulu bura gətirib ölkədə biznes qurub: “Burada öz azərbaycanlılarıma iş yeri açıb vətəndə yaşayırdım. Bu adamlar mənim həyatımı qaraltdılar. İllərdir ki, banka borc ödəyirəm. Üstəlik, pulu alsalar da, mənə şərti cəza kəsdirsələr də, əl çəkmədilər. Düz 2015-ci ilin oktyabrında qədər Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev məni təhdid etdi. Gah dedi kostyum al, gah dedi bağımı təmir elətdir, gah da dedi ki, qızıl "Vertu" telefon al gətir. 5 il evinə, ofislərinə, iş yerinə mənə “Slavyanka” suyu daşıtdırdı. Mən Prezident İlham Əliyevə güvənirəm. İş üzrə qanuni qərar qəbul olunmasını, barəmizdəki saxta hökmün ləğv edilib bizə bəraət verilməsini xahiş edirəm".
 

      
Ardını oxu...
Aviaşirkət sərnişinlərə anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edir

Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumatda deyilir.

AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə son məlumatları izləmələrini və ya əlavə məlumat üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqlarını xahiş edir.

Aviaşirkət Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları təxirə salınan sərnişinlərə bu vəziyyətlə əlaqədar anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edir.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunacaqlar.

Qeyd edək ki, uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Buna görə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.
 
Ardını oxu...
Gədəbəydəki hadisələrlə bağlı səs yazısı yayıldı - Video

Gədəbəyin Söyüdlü kəndindəki hadisələr xarici xüsusi xidmət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil olunub.

Teref.Az xəbər verir ki, bu iddia ilə Musavat.com saytı çıxış edib.

Saytın iddiasına görə, bu zaman sadə kənd sakinləri də manipulyasiya olunub:

“Təxribatın əsas iştirakçıları Dadaş Şirinov, Afiq Allahverdiyev, Etibar Cabbarovdur. Afiq Allahverdiyev və Etibar Cabbarovdur Rusiya vətəndaşlarıdır və bu ölkədə yaşayırlar. Hər iki şəxs hadisədən bir müddət əvvəl yasda iştirak adıyla kəndə gəliblər. Onlar kəndə böyük məbləğdə pulla gəliblər. Bundan sonra 400 nəfərlik vatsap qrupu yaradıb”.

Sayt Afiq Allahverdiyevin səs yazısını da yayıb.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
2017-ci ildə MİDA-nin tikinti işlərində suppodratçı kimi dəyəri 1 milyon manata yaxın iş görən Tərtər rayon sakini Nizam Mustafayev bu gün Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşları tərəfindən şəhərin mərkəzində, videokameralarla müşahidə olunan yerdə, guya polisə müqavimət göstərərək saxta inzibatı xəta ilə rəsmləşdirilərək, müdafiəçisinin iştirakı olmadan saxlanılıb. Nizam Mustafayevin vəkili Araz Allahverdiyevin saytımıza verdiyi məlumata görə o, Yasamal Rayon məhkəməsinin qərarı ilə 30 sutka həbs edilib. Həbs olunan zaman onun üzərində telefonu və külli miqdarda pul vəsaiti olsa da hazırda əşyaları ilə bağlı heç bir xəbər yoxdu.

Sahibkarın silsilə videomüraciətlərində deyilir ki, MİDA sahibkarın pulunu verməmək üçün onu birinci dəfə 2019-cu ildə, ikinci dəfə 2022-ci ildə, sonunu dəfə isə bu gün həbs elətdirib.
Həbs olunan sahibkarın videomüraciətində qeyd olunur ki, o davamlı olaraq Dövlət qurumlarına və Prezidentə müraciətlər ünvanlayaraq haqlı olduğu pulu MİDA-nın rəhbəri Çingiz Qədimovdan və MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovdan tələb etdiyi üçün həbs olunub.

O müraciətlərində MİDA rəhbərliyinin Prezidentin nümunəvi sosial layihəsi üzərindən mənimsəmə və mənimsənilmiş pulların müxtəlif yollarla, əsasən birdəfəlik maliyyə əməliyyatları üçün yaradılmış “Deposist & Azequip” MMC, həmçinin Xəqani Kazimovun faktiki rəhbəri olduğu “Berakl” MMC və digər yalançı şirkətlər vasitəsi ilə leqallaşdırılmasına dair video və sənədli subutların olması haqda danışıb.
İş adamının vəkilinin bildirdiyinə görə yuxarı instansiyaların qərarından asılı olaraq bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə və digər beynəlxalq huquq teşkilatlarina qədər aparacaqlar.
Sahibkar ölkə başçısı İlham Əliyevdən və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdən bu məsələni diqqətdə götürüb ona kömək göstərilməsini xahiş edir.

P.S. Bu videomüraciət həbsindən bir neçə gün öncə çəkilərək saxlanılmışdır.
Tribunainfo.az

 
Ardını oxu...
Qusarın dəniz səviyyəsindən 3751 metr hündürlüyündə yerləşən Qızılqaya dağ massivində yerləşən Heydər Əliyev zirvəsinə bu gün axşam saatlarında qar yağıb.

Bu barədə Qusarın Ləzə kənd sakini Xalid Əzizov Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, bölgədə müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində Qusarın dəniz səviyyəsindən 2800 metr hündürlükdə yerləşən Qaradağ adlanan massivə də qar düşüb.

Hazırda qarın yağması davam edir.

 
          
Ardını oxu...
"Əhali ilə polis arasında bu cür münasibət yolverilməzdir".

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov Gədəbəy rayonu, Söyüdlü kəndində sakinlərlə polis arasında insident haqda danışarkən deyib.
Kənd əhalisinin qızıl emalı zamanı ətraf mühitin çirklənməsi barədə narazılıqlarına toxunan millət vəkili qeyd edib ki, zərərli maddələrin saxlanılması üçün xüsusi tələblərə riayət olunmalıdır:
“Polislə əhali arasında olan xoşagəlməz görüntülər hamımızı məyus etdi. Bu cür toqquşmalara yol vermək olmaz. Bunu dinc yolla həll etmək olardı. Burda polisin üzərinə böyük məsuliyyət düşürdü. Polis öz səlahiyyətlərini qanun çərçivəsində yerinə yetirməlidir. Azərbaycan xanımına qarşı bu cür rəftar etmək olmaz. Daxili İşlər Nazirliyi bu işi araşdırıb, məsələyə hüquqi qiymət verməlidir. Vətəndaşların tələbi odur ki, bu zərərli maddələr gölə atılmasın. Əhali başqa bir şey tələb etmir. Kim olsa, bunu istəyər. O zəhərli maddələr sabahısı günü əhali üçün çox ciddi problemlər yarada bilər".
V.Əhmədov qeyd edib ki, zəhərli maddələrin saxlanılması üçün xüsusi tələblər var:
"Həmin tullantıları dərinliyi hardasa 100 metr olan bir yerə basdırmaq lazımdır".
Millət vəkili qeyd edib ki, bu məsələ ciddi araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır:
“Ekologiya Nazirliyi bununla bağlı araşdırma aparmalıdır ki, niyə bu cür problem baş verib? Gədəbəy Rayon İcra Hakimiyyəti bu məsələni elə həll etməli idi ki, bu cür insident yaranmasın. Digər tərəfdən, yayılan videolarda icra başçısının xanımla dialoqu düzgün deyildi. Deyir ki, əgər burda zəhərli qaz olsaydı, 78 yaş yaşamazdın. Bu, ümumiyyətlə, gülməli bir frazadır. Bu cür sözləri deyəndə bir balaca fikirləşmək lazımdır. Dağ adamları uzunömürlü olurlar. Xanıma da Allah uzun ömür versin. Burda ekologiyadan söhbət gedir. İnanmıram ki, başqa bir məsələ olsun”.
Vahid Əhmədov həmçinin, Ermənistanın Naxçıvanla sərhəddə -Arazdəyən kəndində iri metallurgiya zavodu inşa etməsinə də münasibət bildirib:
"Ermənilərin sərhəddə metallurgiya zavodu açması çox ciddi bir problemdir. Mən bu haqda öz mövqeyimi bildirmişəm. Deyirlər, guya zavodu Amerika şirkəti açıb. Ordan Amerika bayrağı asıblar. Kimin açmağından asılı olmayaraq, bu, yolverilməzdir. Metallurgiya kombinatının açılması ilə çaylara kifayət qədər zərərli maddələr atılacaq. Bu da bölgə üçün ekoloji cəhətdən böyük problemə çevrilə bilər. Əlbəttə, bunun qarşısını almaq lazımdır. Xarici İşlər Nazirliyi və Ekologiya Nazirliyi bu haqda hökumət səviyyəsində öz etirazını bildirməlidir. Artıq qeyri-hökumət təşkilatları bu məsələ ilə bağlı mövqelərini bildiriblər”.
Ardını oxu...
Gədəbəydə baş verən məlum hadisə demək olar ki, bütün ölkəni sarsıdıb və ölkənin gündəminə oturub.

Yazılı mətbuat, saytlar və sosial şəbəkələr yalnız bu məsələni müzakirə edir və təbii ki, hamı haqlı olaraq Azərbaycan polisini suçlayır.
Doğrudan da kənd camaatının qarşısına şlemli , qara maskalı, qalxanlı, əllərində bibər qazı və qaz qumbaraları olan bir polisin uzağı əlində daşlardan başqa (o da hamısında yoxdur) heç nə olmayan kənd əhalisinə qarşı rəftarı həqiqətən də Azərbaycan polisi üçün qürurverici bir hadisə deyil. Xüsusilə də ahıl yaşında polisin qabağında yavaş-yavaş gedən qadın və qadınlara arxadan bibər qazı sıxılması hadisənin pik nöqtəsidir.


DİN açıqlama verib ki, həmin polis işçisi cəzalandırılacaq və bundan ötrü Gədəbəyə DİN əməkdaşları göndərilib. Təbii ki, o polis işçisi və yaxud polis işçiləri də tapılacaq və cəzalandırılacaq.

Məsələ nədir?

Məsələ heç də biz bildiyimiz kimi deyil, daha dərindir. Azərbaycan polisi, yəni Daxili İşlər Nazirliyi Azərbaycan dövlətinin bel sütunlarından biridir. Azərbaycan polisinin sarsıldılması və nüfuzdan düşürülməsi dövlətçiliyin sarsıldılması və
nüfuzdan düşürülməsi deməkdir. Son illər Azərbaycan polisinin həm 44 günlük Vətən müharibəsində, həm də müharibədən sonra cinayətkarlığa, xüsusilə də narkotiklərə qarşı kəskin və sərt mübarizə aparması alqışlanan olsa da, təbii ki, bir çox dairələri ciddi narahat edir.

Və indi bütün bunlar ona hesablanıb ki, dövlətçiliyin bel sütunlarından biri olan Azərbaycan polisi nüfuzdan düşsün. Və bunu da çox gözəl bacardılar. Bunu necə bacardıqları yazılı mətbuatda, saytlarda və sosial şəbəkələrdə çox aydın görünür.
Bəli, Azərbaycan polisi Ana Vətən dediyimiz analarımıza qarşı ağılasığmaz, kəskin reaksiya verib. Və beləliklə, Azərbaycanın bel sütunlarını laxlatmaq istəyənlərin əlinə dəstəvuz verib. Təbii ki, mən də Azərbaycan polisinin bu hərəkətini pisləyirəm və polisə yaraşdırmıram. Amma hadisə olub. Və bu hadisənin altından çıxmaq da təkcə Daxili İşlər Nazirliyinin gücündə deyil.


Gələk indi məsələyə...

Gədəbəydə qızıl mədənlərindən istifadə edənlər süni göl yaradırlar, özü də ikincisini. Kənd camaatı da buna etiraz edir, bu təbiidir. Mən belə hadisələrin şahidi olmuşam, yolu kəsirlər, əraziyə heç kimi buraxmırlar . Həmin vaxt rayon icra başçısı bir-iki ziyalı ilə, eləcə də deputatı ilə gedir camaatının görüşünə. Təxminən yarım saatlıq söhbətdən
sonra əhali yolu açır və iş qurtarır. Görəsən, Gədəbəyin icra başçısı, adını da bilmirəm, heç vacib də deyil baş verən
hadisələrdən xəbərsiz idimi? Əgər xəbərsiz idisə O, onlarla Azərbaycana filosof, alim, şair, özü də Ayaz Arabaçı kimi bir şair vermiş Gədəbəyə necə başçılıq edir?


İcra başçısı iki-üç ziyalını və Gədəbəyin deputatını götürüb gedərdi kəndə, məsələni müzakirə edərdi, hər şey də mehriban qonşuluq şəraitində həll olunardı. Etməyib. Bəs, onda bu cənnət Gədəbəyə necə başçılıq edir? Yəqin ki, bu məsələni Prezident Administrasiyası araşdıracaq.

İndi gələk yenə məsələyə...

O camaatı, yənli Söyüdlü camaatını, gölün sahilinə göndərən də və Daxili Qoşunların əsgərlərini ora göndərən də əslində bir əldən idarə olunur. Sözün düzü, qorxuram yazmağa, amma yazıram. FETÖ Azərbaycana xərçəng xəstəliyi kimi yayılıb. Dövlət nə qədər mübarizə aparsa da gücü çatmır. Təhsilimizdə də var, mətbuatımızda da var və cəmiyyətimizdə də var. Əllərində olan külli miqdarda puldan lazımınca istifadə edə bilirlər. Və bunlara qarşı da elə bir kəskin mübarizə aparıldığının şahidi deyilik.


Və həmin FETÖ ölkəni qarışdırmaq, məzhəb davası salmaq üçün əlindən gələni edir. Biz də onlarla bilmirəm nədən yumşaq davranırıq. Ya gücümüz çatmır, ya da onların yüksək dairədə təmsil olunan adamları buna mane olur. O adamlar ki hətta mətbuatı da, sosial şəbəkələri də ələ keçiriblər.


Və bəzən bizim ziyalılar da, eləcə mən də FETÖ-çularla mübarizə aparmaqdan qorxuruq. Çünki onların əleyhinə bir söz deyən kimi trolları tökürlər üstümüzə və təbii ki, bizim də trollarımız yoxdu. İndi yenə deyirəm , o əhalini ora göndərən də və onlara qarşı sərt müqavimət göstərənlər də eyni yerdən idarə olunur. Və təkrar edirəm, bu Azərbaycan polisini, Azərbaycanın bel sütunlarından birini nüfuzdan salmaq məqsədi güdür. Həmin adamları ifşa etməyə təkcə Daxili İşlər Nazirliyinin gücü çatmaz. Bu işdə Dövlət Təhlükəsizlik Xidmətinin də əsas rolu olmalıdır.


Sözümüz daxili işlər naziri Vilayət Eyvazovadır. Hörmətli Nazir, siz qadınların gözünə
gözyaşardıcı bibər qazı sıxanları deyil, o qazı sıxdıranları tapın və onları cəzalandırın.

 

Dünyapress TV

Xəbər lenti