Hər bir vətəndaş yaşadığı ərazinin, mühitin təmiz və səliqəli olmasını arzulayır. Heç kim istəməz ki, kələ-kötür yollarla hərəkət etsin. Heç kim istəməz ki, göz zövqünü uçmuş hasarlar və ya dağılmış məhəccərlər pozsun. Pirşağı kəndindən danışacağam yenə. Prezident İlham Əliyevin baş çəkdiyi, abadlaşdırılması ilə bağlı tapşırıq verdiyi Pirşağı ilə bağlı. Bəli, cənab Prezident biz Pirşağı sakinlərini düşünür, yaxşı şəraitdə yaşamağımız üçün tapşırıqlar verir. Bəs aidiyyatı qurumlar bu tapşırıqları necə yerinə yetirir? Baxın, məsələnin narahat edən tərəfi elə budur.
2021-ci ildən sonra Pirşağıda bir çox işlər görülməyə başlandı. Əvvəlcə küçələrimizi təmir etdilər. Sonra bu küçələri dağıdıb, kanalizasiya və yeraltı elektrik naqilləri çəkdilər. Bu gün Pirşağı kəndinin daxili yolları dağınıq vəziyyətdədir. Lyukların ağzı açıq qalıb. Ancaq yenə də iş görülümüş kimi görünür. Çünki nə qədər gülməli görünsə də, küçələrin kələ-kötür, dağınıq vəziyyəti ikinci plana atılıb və bunun əvəzinə divarları suvaqlayıb, aqlay düzürlər. Kəndin küçələrində aqlay düzən ustalarla qarşılaşa bilərsiniz.
Məsələnin bir əmması var ki, ayağımızı atanda palçığa düşürüksə, başımızı qaldırıb aqlaya baxmağımızın nə mənası var? Görünən odur ki, bu hası qurumdursa, çox maraqlıdır aqlay düzməyə... Düzə-düzə gedir.
Bir problemi də qeyd edim ki, Pirşağının küçələri o qədər darısqaldır ki, daxili küçələrəd iki avtomobil hərəkət edə bilmir. Vətəndaşlar sanki bir-birinin bəhsinə bacardıqları qədər hasarlarını elə uzadıblar ki, bir avtomobil güclə keçir. İnanın ki, qarşıda avtomobil gələndə hər iki sürücü dayanıb yol verə bilmək üçün geniş qapı ağzı axtarır. Geniş qapı ağzı isə ancaq avtomobili olan sakinlərə məxsusdur. Yenə heç olmasa bunu düşünüblər, vallah avtomobillərini yolun ortasında da saxlaya bilərdilər.
Nə isə, mövzu bu deyil. Mövzu budur ki, biz Pirşağı sakinləri abad küçələr istəyirik. Biz lyukların ağzının bağlanmasını istəyirik. Divara aqlayın vurulması bizə nə verir ki? Əgər evindən əsas yola çıxana qədər avtomobilin altı yerə dəyirsə, çala-çuxura düşürsə, göz zövqümüzün qorunması nəyə lazım? Kimə lazım olduğu az-çox məlumdur...