b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_52aee9f3d5fdd7dbc0b402e904f8d435.png
  

Anti-Azərbaycan mövqeyi ilə seçilən Olivye Dekotinin Xaçik kəndinə də düşmənçilik toxumu səpdiyi dəqiqdir

“Avropalıların və hər şeydən əvvəl fransızların öz geosiyasi məqsədlərinə çatmaq üçün regional gərginliyin saxlanmasında maraqlı olduqlarını düşünməyə bütün əsaslar var”. Bunu mətbuata açıqlamasında Rusiyanın XİN sözçüsü Mariya Zaxarova bildirib.

O, sözünə davam edərək deyib: “Biz dəfələrlə Yelisey sarayının Ermənistan-Azərbaycan münaqişəsini və ziddiyyətləri qızışdırmaq bahasına vasitəçilik səyləri tətbiq etmək cəhdlərinin şahidi olmuşuq. 2022-ci ildə ATƏT-in Minsk Qrupunun işini sabotaj etmək və faktiki olaraq dağılmasına görə məsuliyyətin mühüm payı məhz fransızların üzərinə düşür”.

Qeyd edək ki, ötən həftə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri, anti-Azərbaycan mövqeyi ilə seçilən Olivye Dekoti də Azərbaycanla sərhədə gəlib. Fransanın humanitar yardımının göstərilməsi proseslərini yerində qiymətləndirmək üçün Vayots Dzorda olub. Səfir X sosial şəbəkəsində bu barədə yazıb, buranı Ermənistan ərazisinin əsas və strateji əhəmiyyətli hissəsi kimi qeyd edib. Səfərdə əsas diqqət bir neçə istiqamətə yönəldilib: sərhədyanı yaşayış məntəqələrində vəziyyət, Fransanın əhalinin həssas qruplarına dəstəyi, mədəni irsin qorunması. Səfir Naxçıvanla sərhəddə yerləşən Xaçik kəndində də olub. O vurğulayıb ki, Fransanın dəstəyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi kənd təsərrüfatı işlərinin davamlılığını təmin etmək üçün kəndin fermerlərini buğda toxumu ilə təmin edir. Səfir qeyd edib ki, 100-ə yaxın ailə üçün nəzərdə tutulan 20 ton toxum verilib. Fransanın anti-Azərbaycan isterikasının artdığı bir vaxtda səfirin humanitar yük altında sərhədə silah aparmasını da istisna etmək olmaz. Zatən Fransa son illər Ermənistanda ancaq Azərbaycana qarşı düşmənçilik toxumu səpir...

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, bu bölgənin söz sahibi Azərbaycandır və bunu hər kəs anlamalıdır: “Afrikadan qovulmuş Fransanın Cənubi Qafqazda mövqe formalaşdırmaq, burada əsaslanmaq cəhdlərini anlamaq mümkündür. Fransanın Ermənistan və ya erməni sevgisi yoxdur. Bu dövlət erməniyə də, onun Cənubi Qafqazdakı dövlətciyinə də regionda özünün iqtisadi və biznes maraqlarını reallaşdırmaq üçün bir alət kimi baxır”. 

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

Azər Badamov

Deputat Azər Badamovun sözlərinə görə, Ermənistan tərəfi nə qədər silahlandırılsa da, erməni silahlıları Azərbaycan Ordusu ilə üz-üzə gəlib müharibə apara biləcək səviyyəyə heç vaxt gəlməyəcək: “Fransa regionumuzda sülhə təhdid yaradan pozuculuq fəaliyyəti ilə məşğul olmaqda davam edir. Hətta  Ermənistanın baş naziri Nikol Paşinyan  sülhlə bağlı fikirləri ictimaiyyətə açıqladığı bir zamanda Fransanın Ermənistandakı səfiri Olivye Dekoti Zəngəzura, Azərbaycanla sərhədə gəlir və orada təxribatların keçirilməsi ilə bağlı planları müzakirə edir. Olivye Dekoti Avropa İttifaqının casusları ilə də görüşür və Ermənistan tərəfindən həyata keçirilən atəşkəsi qeydiyyata almamağı və Azərbaycanı ittiham edə biləcək məlumatları yığmağına tapşırıq verir. O cümlədən buğda toxumu adı altında Zəngəzurda yaşayan sakinlərə də nə paylandığı məlum deyil. Çünki hətta Ermənistan sülhə yaxınlaşmaq istəyəndə onun qabağını alan Fransa hər vasitə ilə yenidən gərginliyin yaradılmasına çalışır. Təbii ki, Olivyenin payladığı humanitar yükün düşmənçilik toxumları olduğuna şübhəmiz yoxdur. Çünki Fransa səfiri heç də səfirlik missiyasını yerinə yetirmir. O, Makron hakimiyyətinin Ermənistanda çirkin niyyətlərinin icraçısıdır. Bu, bir daha Fransanın regiondakı pozuculuq fəaliyyətini təsdiq edir. Amma bütün bunlara baxmayaraq regionumuzda sülhün baş tutacağını hesab edirəm. Çünki Azərbaycan ilk gündən müharibənin başa çatdığını və Ermənistanla münasibətlərə yeni səhifədən başlamağa hazır olduğunu bildirib. Fransa və digərləri yenidən silahlandırsa belə, Ermənistan silahlıları Azərbaycan Ordusu ilə üz-üzə gəlib müharibə apara biləcək səviyyəyə heç vaxt gəlməyəcək. Bu baxımdan Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa çıxış yolu yoxdur. Fransa isə Azərbaycanla düşmənçiliyi davam etdirmək əvəzinə özünün müstəmləkəçilik siyasətindən əl çəkməsi üzərində düşünsün. Çünki bu gün bütün dünya xalqlarının azad yaşamaq haqqı var. Dənizaşırı ölkələrin xalqlarının da gözü açılıb və azadlıq nə olduğunu başa düşməyə başlayıblar. Makron hakimiyyəti yaxşı olardı ki, beynəlxalq hüquqa hörmət edib sivil dövlət normalarına əməl etsin. Ona görə ki, başqa xalqları istismar etmək, onların milli resurslarını talan etmək vaxtı çoxdan başa çatıb. Bu baxımdan Makron Fransası dənizaşırı ölkələrin xalqlarının öz hüquqlarının müdafiəsinə qalxmasını Azərbaycanın ayağını yazmamalı və bunun onların təməl hüququ olduğunu qəbul etməlidir”.

Niyaməddin Orduxanlı: Bəzi dairələri susdurduq

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə qeyd etdi ki, Fransa birmənalı şəkildə Ermənistanı böyük bir fəlakətə sürükləyir: “Azərbaycan-Ermənistan münaqişəsindən Fransa öz maraqlarını təmin etmək üçün yararlanır. Fransa səfiri Naxçıvanla sərhəddə toxum gətirməyib. Bu, gözə kül üfürməkdir. Səfir ermənilərə müharibə toxumu səpməklə məşğuldur. Ermənilər Fransanın avantürasına aldanmamalıdırlar. 3 il qabaq Qərbin Ukraynanı qızışdırıb Rusiya ilə müharibəyə cəlb etməsinin və sonda Ukraynanı tək buraxmasının hamımız şahidi olduq. Necə deyərlər, Ermənistan gözü çıxmış qardaşından ciddi nəticə çıxartmalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti