Ardını oxu...
İki ay əvvəl Kənd Təsərrüfatı Nazirliyində aparat rəhbəri vəzifəsinə təyin olunan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Azad Cəfərlinin baş dərdə girə bilər.

TEREF.AZ yazır ki, bu barədə Mia.az-a verilən məlumata görə, Hesablama Palatası onun rəhbərlik etdiyi dövrü də əhatə edən müddətdə adıçəkilən dövlətdə xdmətdə audit yoxlaması aparıb.

Bu barədə təsminən 10 gün əvvəl Hesablama Palatasının yaydığı məlumatda deyilir:

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə (bundan sonra – Xidmət) ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2020-2022-ci illər üzrə dövlət büdcəsindən Xidmətə yönəldilən 22214,1 min manat vəsait əhatə olunub.

Auditlə əhatə olunan dövrdə Xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidələrinin 87,9%-nin (3809 abidə) pasportlaşması təşkil edilməmiş, 94,7%-nin (4102 abidə) mühafizə zonaları təyin edilməmiş, 86,1%-nin (3730 abidə) balans mənsubiyyəti müəyyən edilməmiş, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiq edilməmiş, bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmamışdır.

Xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməmiş, müqavilənin bitmə müddətinə yaranmış debitor borcun bağlanması təmin edilməmiş, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilmiş, işlərin başa çatdırılması müddətinin pozulmasına (gecikməyə) görə 2 halda cərimə məbləği icraçılara tətbiq edilməmişdir.

Auditlə əhatə olunan obyektlər üzrə layihə-smeta sənədlərinin və yerinə yetirilmiş işlərin qəbulu aktlarının tikinti norma və qaydalarına uyğunluğu təmin edilməmiş, əsaslı təmir və yenidən qurma işləri üzrə yerinə yetirilmiş işlərin dəyərinin, həmçinin binaların sökülməsi və mədəniyyət obyektlərində ilkin təmir-bərpa işləri yerinə yetirilmiş iş həcmlərinin qəbul aktlarında əhəmiyyətli dərəcədə artıq göstərildiyi müəyyən edilmişdir”.

Məlumatda daha sonra deyilir kl, Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub, həmçinin yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi halları, həmçinin bir sıra satınalma prosedurlarının pozulması hallarıüzə çıxaırlıb:

“Aparılmış inventarizasiya nəticəsində əsas vəsaitlər üzrə çatışmazlıqların müəyyən edilməsi, yaranmış debitor borc məbləğinin uçotdan yayındırılaraq maliyyə hesabatlarında əks etdirilməməsi, yaranan öhdəliyə görə kreditor borc məbləğinin uçotda artırılması və bu kimi halların xarakterik olması, ümumilikdə Xidmət üzrə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, aktivlərin uçotunun aparılması prinsiplərinin pozulması maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində əsaslı risk amillərini formalaşdırmışdır.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının auditi üzrə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir”.

Xatırladaq ki, KTN-nin aparat rəhbəri Azad Cəfərli 21 fevral 2021-ci ildən 4 iyul 2023-cü ilə qədər bu xidmətin rəisi olub.

Hələlik aparat rəhbəri ilə əlaqə yarada bilmədiyimizdən əlavə iddialara toxunmadıq.
 
 
 
Ardını oxu...
Ölkəni cənginə almış narkomaniya bəlasının əsas qaynağı olan narkotik tacirlərinin həbs edilməsi elə təəssürat yaradır ki, bu problem tezliklə aradan qalxacaq. Yəni çoxları güman edir ki, davamlı mübarizə nəticəsində yaxın zamanda ölkəmizdə narkotik satışının kökü kəsiləcək, narkomaniya bataqlığına düşən valideynlərin ah-naləsi azalacaq.

Amma çox təəssüflə qeyd edirik ki, reallıq tamamilə fərqlidir. Məsələn, Azərbaycan reallığında hakimlər hətta Prezident fərmanının üstündən keçirsə, məhkəmə-hüquq sistemindəki islahatlar sadəcə kağız üzərində qalırsa, deməli, dövlətin narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı siyasəti uğurlu ola bilməz. Fikrimizi əsaslandırmaq üçün bir qədər keçmişə nəzər salaq.

Məlum olduğu kimi, 2019-cu ildə Prezident İlham Əliyev Azərbaycanda məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzaladı. Həmin fərman imzalananda çoxları ilə düşünürdü ki, tezliklə islahatlar öz bəhrəsini verəcək, hakimlər sifarişli və ədalətsiz qərarlar qəbul etməyi dayandıracaq, beləliklə ölkədə hüquq pozuntuları aradan qalxacaq və normal cəmiyyət formalaşacaq. Çünki cəmiyyətin inkişafı üçün ilk növbədə orada ədalət tərəzisinin “çaşmaması” lazımdır. Yəni cəmiyyətdə insan münasibətlərinin tənzimlənməsi üçün ədalətin cəmiyyətin kompası olması, yol göstərən arbitr kimi çıxış etməsi zəruridir. Əks təqdirdə, ədalətsizlik toplumun içində düşmənçiliyə, dövlətə qarşı inamın sarsılmasına gətirir, bu da öz növbəsində dövlətin çöküşünə zəmin yaradır.

Çox təəssüf ki, Prezidentin məlum fərmanının üstündən 4 ildən də çox vaxt keçməsinə baxmayaraq, ölkədə məhkəmə-hüquq sahəsində ciddi islahat nəzərə çarpmır. Doğrudur, formal olaraq müəyyən hakimlərin mantiyaları əyinlərindən çıxarıldı, onların yerinə gənc kadrlar gətirildi. Məsələn, son olaraq Ali Məhkəmə rəhbərliyində dəyişiklik olundu, sabiq kənd təsərrüfatı naziri İnam Kərimov bu qurumun sədri təyin olundu. Sözsüz, bunlar müsbət addımlardır, amma təəssüf ki, bu qərarlar nəticədə, yəni vətəndaşın hüquq və azadlığı sahəsində öz müsbət təsirini göstərmir. Hələ də ölkədə hüquq pozuntuları baş verir, cinayətkarlar azadlıqda gəzir, günahsız insanlar heç bir səbəb olmadan şərlənərək həbsə atılır və s. Bir sözlə, hələ də bizim məhkəmələr istədikləri şəxs haqda istədikləri qərarı çıxarmaqda “sərbəstdirlər”. Heç də təsadüf deyil ki, bu səbəbdən də həbsxanalarda yüzlərlə, minlərlə günahsız insan “yatır”. Bütün bunlar onu göstərir ki, Azərbaycanda Prezident fərmanının təsir mexanizmi hələ də işə düşməyib, sanki hansısa gizli əl islahatların önündə sipər yaradıb. Prezident fərmanının icrasına məsul olan şəxslər məhkəmə-hüquq sistemindənki islahatların dərinləşməsinə dəstək olmaqdansa, hər biri mövcud boşluqdan istifadə edib öz cibini doldurur, dövlətin mənafeyi şəxsi çıxarlara qurban verilir. Deyilənlərə misal olaraq son vaxtlar narkotik ticarəti ilə əlaqədar həbs olunmuş şəxslərin həbsxana rəhbərlərinin təqdimatı, məhkəmələrin qərarı ilə açılıb buraxılmasını göstərə bilərik. Çoxlarına sirr deyil ki, bu ittihamla həbsə atılan şəxslərin vaxtından əvvəl, yəni cəza müddətini bitirməmiş azadlığa buraxılması onların nümunəvi davranışından, yaxud islah olunmasından irəli gəlmir. Bu cür halların böyük əksəriyyəti məhz rüşvət hesabına başa gəlir. Bu baxımdan, güman etmık olar ki, vaxtından əvvəl azadlığa qovuşan narkotik alverçiləri məhz rüşvətlə həbsdən çıxırlar.

Yeri gəlmişkən, narkotik ticarəti ittihamı ilə həbsə girən şəxslərin bu cür yollarla azadlığa çıxması anlaşılandır. Çünki məhkəmələrə “azadlıq üçün verilən peşkəş” – pul elə narkotik alverçilərinin mənsub olduğu kriminal şəbəkədədir. Narkotik baronları isə öz adamlarını uzun müddət içəridə saxlamaqda maraqlı deyillər. Odur ki, həbs müddətindən 2-3 il keçdikdən, yəni cəza müddətinin 2/3-i başa çatdıqdan sonra narkobaronlar öz “əməkdaşlar”ını azadlığa çıxarırlar ki, öz ticarətləri “axsamasın”.

Gələk narkotik əməliyyatlarına. Bəllidir ki, ölkədə bir çox qurumlar, məsələn, DİN, DSX, DGK son illərdə narkotik ticarətinin çökdürülməsi ilə bağlı davamlı əməliyyatlar keçirirlər. Bu əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çxıarılmaqla yanaşı, demək olar ki, hər gün onlarla şəxs həbs edilir. Amma hamıya bəllidir ki, bu həbs olunanlar “kiçik balıqlar”, yəni kiçik həcmli narkotik satıcılarıdır. “Böyük balıqlar” isə heç vaxt tora düşmür, hətta onlar böyük pullar hesabına özlərinə bir növ “toxunulmazlıq” da əldə edə bilirlər...

Bəzi məqamlarda onun da şahidi oluruq ki, DİN, yaxud DSX tərəfindən həbs olunan şəxslər məhkəmələr tərəfindən sərbəst buraxılır. Baxmayaraq ki, həmin şəxslərin həbsi zamanı onların üzərində külli miqdarda narkotik, silah və s. daşınması qadağan olunan əşyalar aşkarlanır, lakin onlar məhkəmə ilə “anlaşaraq” həbsdən yayınmağı bacarırlar. Maraqlıdır, kifayət qədər dəlil-sübutla tutulan, törətdiyi əmələ görə layiqli cəza almalı olan narkodiler məhkəmədən əl-qolunu yelləyə-yelləyə, qanunu tapdayaraq çıxırsa, o halda narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı hansı uğurlu mübarizədən danışa bilərik?! Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, məhkəmələrin açıb-buraxdığı narkodilerlərin əksəriyyəti bu yolu dəfələrlə keçmiş, azadlıqdan həbsə-həbsdən azadlığa gedən yolda püxtələşmiş şəxslərdir.

Məsələn, gəlin məhkəmələrin azadlığa buraxdığı narkotik satıcılarının kontingentinə bir nəzər salaq. Mayın 16-da külli miqdarda narkotik dövriyyəsində ittiham olunan üç nəfər - Aslan Fərəcov, Mahmud Nəzərov və Asəf Səmədzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatdıqdan sonra Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların təsdiqini tapmadığı qənaətinə gəlib və hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə bəraət verilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıblar. İttihamda isə deyilir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Aslan Fərəcov, Asəf Səmədzadə, Mahmud Nəzərov xüsusi əməliyyat tədbirləri ilə tutulublar. Onların üzərində şəxsi axtarış zamanı külli miqdarda narkotik aşkar olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Hakim Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti nədənsə belə qərara gəlib ki, əvvəllər dəfələrlə məhkum olunmuş bu üç şəxsi buraxmaq lazımdır, baxmayaraq ki, şəxsi axtarış zamanı onların üstündən külli miqdarda narkotik aşkarlanıb. Amma bu səbəbin nə olduğu bəlli deyil.

Eləcə də, külli miqdarda qanunsuz narkotik daşımaqda ittiham olunan Saleh Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Saleh Əliyevin cinayət əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub, o, məhkəmə zalından azadlığa buraxılıb.

Halbuki, Saleh Əliyev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı tutulduğu qeyd olunur. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Daha bir neçə faktı dəyərli oxucuların diqqətinə çatdıraq:

Sentyabrın 19-da Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb və araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 155 qram metamfetamin ("patı"), 410 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Diqqət edin, bu şəxslər hamısı keçmiş məhkum olunanlardır.

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları növbəti əməliyyat həyata keçiriblər və əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduğu müəyyən edilib. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 10 kiloqrama yaxın, o cümlədən 5 kiloqram 93 qram tiryək, 4 kiloqram 625 qram marixuana və 5 min ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ç.Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb. Ondan 1 kiloqramdan çox narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə ittiham elan olunub. Maraqlısı budur ki, Ç.Ağayev dəfələrlə bu maddə ilə həbs edilib.

Belə anlaşır ki, Azərbaycanda məhkəmələrdə qanun yox, pul rol oynadığı üçün bu qəbildən neqativ hallar artıq “məhkəmə ənənənəsi” halına gəlib. Deməli, Azərbaycanda “qanunüstü fövqəladə” şəxslərin yazılmamış toxunulmazlıq qanunu dövlət qanunundan üstündür. Belə çıxır ki, məşhur el məsəlində deyildiyi kimi, biz “uzunqulağı qoyub, palanı döyəcləyirik”.

Çox təəssüf ki, məhkəmələrin bu cür qərarlar verməsi ölkədə narkotiklərlə qarşı mübarizənin uğursuz olmasına səbəb olur, qanunun hamı üçün eyni olması prinsipinə xələl gətirir. Bu baxımdan məhkəmə islahatları aparılırsa, ilk öncə məhkəmələrin həqiqətən də azad olub-olmamasına baxmalıyıq. Bəli, istisna olaraq bir neçə hakimin ədalətli qərar verməsi halları var, amma bu azlıq təşkil edir. Hakimlər kontingentinin əksəriyyəti qanunu, ədaləti yox, özlərinə məlum olan müəmmalı səbəblərdən rüşvət şakərindən əl çəkə bilməyərək, polis əməliyyatları ilə həbs edilmiş narkotik alverçilərini təmizə çıxararaq cəzadan xilas etməkdə, ölkədə gedən narkotik mübarizəsinə xələl gətirərək narkotik cinayətkarlarına azadlıq bəxş etməkdə püxtləşiblər. Bəs, bu onların yaşadıqları cəmiyyətə və dövlətə xəyanəti deyilmi? //hurriyyet.az//
Ardını oxu...
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edir. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Möhtərəm Prezident!

Diqqətinizə çatdırım ki, 07.03.2019-cu il tarixindən hal-hazıradək günahsız olaraq həbsdə saxlanılıram. Belə ki, özüm zərərçəkən olduğum halda, mənə borclu olan şəxslərdən alınan rüşvət hesabına qanunsuz olaraq azadlıqdan məhrum edilmişəm. Çox təəssüf ki, aidiyyəti orqanlara yazdığım ərizə-şikayət-müraciətlərə indiyədək heç bir cavab verilməyib.

Bildirmək istəyirəm ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş icraçı müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadə mənə qarşı dələduzluq edib külli miqdarda vəsaitimi mənimsəmiş şəxslərdən rüşvət alaraq, barəmdə saxta cinayət işi açıb.

Cənab Prezident!

Sizin məhkəmə-hüquq sistemində apardığınız islahatlar, istintaq orqanlarında səffaflığa riayət edilməsi, neqativ halların aradan qaldırılması, günahsız şəxslərin əsassız ittiham edilməsi barədə kəskin çıxış və göstərişləriniz ictimaiyyət və mənim kimi günahsız yerə şərlənərək, nahaqdan cəza çəkən vətəndaşlar tərəfindən müsbət qarşılansa da, əfsuslar olsun ki, polis polkovnik-leytenantı Fəxri Babazadə kimi məmurlar tərəfindən neqativ hallara yol verilməklə, Sizin humanizm prinsiplərinizə qara kölgə salınır, ictimaiyyət arasında xoşagəlməz narazılıqlara səbəb olur.

Xüsusilə qeyd etmək istəyirəm ki, ictimaiyyət arasında "Banditizm" kimi tanınan DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müəyyən əməkdaşları qanunlara meydan oxumaqla, istənilən şəxsi həbs etmək gücünə malik olduğunu düşünürlər. Çünki onların bütün qanunazidd hərəkətlərinə hüquq-mühafizə orqanları tərəfindən göz yumulur, heç bir qanuni tədbir görülmür. Elə bunun nəticəsidir ki, özüm zərərçəkmiş olduğum halda, hüquqlarım tapdalanıb, barəmdə baş müstəntiq, polis polkovnik-leytenat Fəxri Babazadə tərəfindən əsassız cinayət işi açılıb. Əldə etdiyim məlumata əsasən, saxta ittihamla təqsirli bilinməm üçün mənə külli miqdarda borclu olan şəxslərdən - Əhmədova Xanımqız Fərəc qızından 25 min manat, Qarayev Nizami Müslüm oğlundan 5 min manat - rüşvət alınıb. Bundan əvvəl baş müstəntiq Fəxri Babazadə mənim özümdən 30 min manat rüşvət istəyib. Mən imtina etdiyim üçün, qarşı tərəflə sövdələşib, haqlı olduğum halda məni haqsız duruma salaraq tamamilə qondarma ittihamla həbs etdirib, hətta məhkəməyə təsir göstərərək, ən ağır cəzanın verilməsinə nail olub.

Hörmətli Prezident!

İbtidai istintaq və məhkəmə proseslərində baş vermis analoqu olmayan qanun və hüquq pozuntularına dair tərəfimdən dəfələrlə sizlərə, eləcə də aidiyyəti üzrə yuxarı instansiyalara etdiyim çoxsaylı əriz-şikayətlərimə etinasız yanaşılaraq cavablandırılmayıb. Hal-hazıradək də heç bir qanuni tədbir görülmədiyinə görə, son ümid yeri kimi Sizə açıq məktubla müraciət etməyə məcbur oldum.

Polkovnik-leytenant Fəxri Babazadə tərəfindən pozulmuş hüquqlarımının, yol verilmiş qanun pozuntularının qısa xülasəsini diqqətinizə çatdırıram. Bildirmək istəyirəm ki, DİN-də hal-hazırda xidmət edən Şahmar Əhmədov tərəfindən 50 min dollar, anası Əhmədova Xanımqız Fərəc qızı tərəfindən isə 100 min ABŞ dolları (ümumilikdə 150 min dollar) həcmində pul vəsaitim dələduzluqla mənimsənilib. Mən qarşı tərəfdən pulumu tələb etdikdə isə, müstəntiq F.Babazadə şantajçı Əhmədova Xanımqız Fərəc qızından 250 min manat rüşvət alaraq, ailə üzvlərini (həyat yoldaşı Rövşən Əhmədovu (Şahmar Əhmədovun atası), qızı Gülşəni və kürəkəni Cavad Kərimovu) şahid kimi istintaqa cəlb edərək, heç bir mötəbər dəlil, sübut, fakt olmadan ziddiyyətli ifadələrlə cinayət işi açıb(mənə heç bir rəsmi məlumat göndəriş, məktub göndərilmədən və zəng etmədən), iki gün sonra cinayət işinin dayandırılması barədə ardıcıl olaraq iki dəfə qərar qəbul etmişdir.

İlk öncə onu qeyd etmək istəyirəm ki, həyat yoldaşı və oğlu tərəfindən mənə külli miqdarda olan borcu qaytarmamaq üçün ölkənin hüquq-mühafizə orqanlarına etdiyi şikayətlər əsassız olduğu üçün rədd edilmişdir.

Haşiyə olaraq bildirmək istəyirəm ki, həyat yoldaşı Rövşən Əhmədov öz yaxın qohumunu əvvəl ölümlə hədələyib, sonradan 10 kq qızıl-zinət əşyalarını, əmlak və torpaq sahələrini ələ keçirib və bu səbəbdən də AR.CM-nin 132.221.177.178.179-cu maddələri ilə həbs edilib.

18.02.2018-ci il tarixdə Əhmədova Xanımqız Fərəc qızının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə barəmdə etdiyi şikayət baş müstəntiq Hacı Əfəndiyev tərəfindən araşdırılıb və iddialar təsdiqini tapmadığı üçün rədd edilib. Sonradan - 2018-ci ilin aprelində qarşı tərəfin təkrar şikayətini baş müstəntiq Fəxri Babazadə icraata götürüb. Mən onunla söhbət zamanı artıq bu işlə bağlı bir dəfə izahat verdiyimi, şantajçının ailə üzvlərinin mənə külli miqdarda borclu olduqlarını bildirdim. Məndən təkrarən izahat və sənədlərin sürətini qəbul edən F.Babazadə sərbəst getməyimi bildirdi. Dindirmədən bir ay sonra məni təkrarən idarəyə çağırdı ki, mən cinayət işinin başlanmasını rədd etmişəm, ancaq X.Əhmədova yenə şikayətçidir, sənin onun ərindən aldığın 62 min manat pulu istəyir.

Mən bunun böhtan olduğunu bir daha onun diqqətinə çatdırdıqda, müstəntiq dedi ki, bu işin həlli üçün ya mən 30 min manat verməliyəm. Dedi ki, 30 kin ver, işə birdəfəlik son qoyulsun, ya da həmin pulu qarşı tərəf verməyə hazırdır ki, mənə cinayət işi açılsın. Mən onun təklifini rədd etdikdə, səhər saat 10:00-da təkrar idarəyə gəlməyimi istədi.

Səhərisi gün deyilən vaxtda idarəyə getdim. Məni inzibati binada qəbul edib, dəhlizdə gözləməyimi bildirdi. Hardasa axşam saat 19:00-da idarəyə şantajçı X.F.Əhmədovanı, onun qızı və kürəkənini çağırıb, hamımızı xidməti otağına apardı. Kabinetində mənə bir gün əvvəl verdiyi sualları verib, əvvəl şantajçı, sonra isə onun yanında gətirdiyi yalançı şahidlərlə üzləşdirdi. Heç bir məntiqə, hüquqi normaya sığmayan şəkildə qanunvericiliyin tələbinə zidd olaraq, fakt üzrə cinayət işi açılmadığı halda, belə bir üzləşdirmə aparıb, protokol tərtib etdi. Mən ondan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını istədikdə, cavab verdi ki, poçtla yaşayış yerinə göndəriləcəkdir.

Bizi qeyri-qanuni olaraq (2018-ci ilin iyun ayının əvvəlində) üzləşdirən F.Babazadə iddiaçı tərəfi sərbəst buraxdıqdan sonra, məni 3 saat dəhlizdə saxlayıb, axşam saat 22:00-da sərbəst buraxdı. Bu dindirilmədən bir həftə sonra mənə zəng etdi ki, istəyirsənsə mən şikayətçini susdurum, sənə deyiləni həll edib gətirməlisən. Mən ona şantajçının ailə üzvünün məndən ələ keçirdikləri pulun qaytarılmasını xahiş etdikdə, sərt cavab verdi ki, sən həmin pulla bağlı məhkəməyə müraciət et.

Mən aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə şikayət edib, ərizənin surətini (icraata qəbul edilmiş) baş müstəntiq F.Babazadəyə verdim ki, onlar mənə 150 min dollar (245 min manat) borclu olduqları halda (və bu pulu təsdiqləyən müvafiq sənəd, etibarnamə, şahid ifadələri, məhkəmə qərarı və şəxsin yazılı izahatı olduğu halda) necə ola bilər ki, mən 62 min manat borclu olum?! Və verdiyim izahatımda şantajçının şikayət ərizəsində qeyd etdiyi hər bir epizodun saxtakarlığını sübuta yetirən şəkildə tam və hərtərəfli izahatını vermişdim. Məndən şikayət ərizəsinin surətini alan F.Babazadə heç bir cavab vermədi. Bütün qanunvericiliyin tələbini pozub, ancaq pul qoparmaq üçün bütün variantlardan istifadə edən F.Babazadə barəmdə cinayət işi və ibtidai-araşdırma olmadığı halda 15.06.2019-cu il tarixdə qeyri-qanuni olaraq ölkədən çıxışıma məhdudiyyət qoydu.

2018-ci ilin iyun ayında məndən sənədi götürən F.Babazadə, məni bir də 09.10.2019-cu il tarixdə zəng vurub idarəyə çağırdı. Bu vaxta kimi bir dəfə də olsun mənə zəng etməmiş, yaşayış yerimə hər hansı bir rəsmi məktub göndərməmişdir. Qanunlara meydan oxuyan F.Babazadənin zənginə uyğun olaraq 30 dəq sonra BMCQMİ-də oldum. Kabinetində məni qəbul edib bildirdi ki, səninlə bu gün vacib üzləşdirmə və dindirilmələr olacaq və sən şübhəli şəxs qismində saxlanılacaqsan. Mənə sözarası vurğuladı ki, vaxtında sənə deyiləndə razılaşıb versəydin, bu hadisə baş verməyəcəkdi. Əlavə etdi ki, “bizə lazım olan məbləğ qarşı tərəfdən ödənilib”.

Açıq-aşkar heç nədən qorxmayan F.Babazadə mənimlə üzləşdirməyə DİN-nin keçmiş əməkdaşı, polis polkovnik-leytenantı, mənə borcu və mənimlə ədavəti olan Qarayev Nizami Müslüm oğlunu çağırıb, barəmdə əvvəlcədən yazılmış, 5 min manat rüşvət alınaraq icraata qəbul edilmiş şikayət ərizəsinə uyğun şəkildə suallar verdi və mənim saxta ittihamlarla həbsə atılmağıma şərait yaratdı.

Möhtərəm Prezident!

Heç bir halda sübuta yetirilə bilməyən, müstəntiqin iç üzünü ifşa edib təsdiqləyən şikayət ərizəsində barəmdə yazılan böhtan xarakterli epizodları və N.M.Qarayevin şikayət ərizəsini olduğu kimi açıqlayıb, hüquqi qiymət verilməsini xahiş edirəm. Onu da xahiş edirəm ki, 1995-2018-ci ilin avqust ayına kimi DİN-də polis nəfəri kimi xidmət edib, sonra polkovnik-leytenat rütbəsi alaraq Nəqliyyatda Baş Polis İdarəsinin Dövlət Dəmiryolu Polis İdarəsi rəisinin müavini olmuş Qarayev Nizami Müslüm oğlunun barəmdə yazmış olduğu böhtan xarakterli şikayət ərizəsini rüşvət alıb araşdırmadan icraata qəbul edən, daxili işlər orqanlarında xidmətdə olan şəxsi bilə-bilə “zərərçəkmiş” kimi tanıyıb, məni əssassız ittiham edən baş müstəntiq F.Babzadə barəsində ciddi tədbir görülsün. Hesab edirəm ki, F.Babazadənin DİN-dən xaric olunaraq cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar olduğu səbəbindən, mənim barəmdə irəli sürülən saxta ittihamlara xitam verilməli, sifarişli çıxarılan hökm və məhkəmə qərarları ləğv edilməlidir”.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//
 
Ardını oxu...


Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi polis kapitanı Ümman Qardaşxanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ümman Qardaşxanovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ümman Qardaşxanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi polis kapitanı Ümman Qardaşxanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi polis kapitanı Ümman Qardaşxanov - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmi 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarını azad edərək, ərazi bütövlüyünü təmin etməyə nail oldu. Vətən müharibəsi kimi tarixə düşən həmin döyüşlərin yekunu – 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı Azərbaycanın qələbə, Ermənistanın isə kapitulyasiya aktı idi.

Təəssüflər olsun ki, Ermənistan Dəmir Yumruğun zərbəsindən ayılar-ayılmaz üçtərəfli bəyanatın bir neçə bəndinin icrasından boyun qaçırmaqla, növbəti dəfə siyasi məsuliyyətsizliyini, pozuculuq və destruktiv fəaliyyətini nümayiş etdirmiş oldu. Azərbaycan isə hər zaman olduğu kimi sülh əlini uzadaraq, Ermənistanı da regional sülhə və təhlükəsizliyə töhfə verməyə çağırdı. Bu qəbildən olan çağırışlar nəticə vermədikdə isə Azərbaycan özü Ermənistanın üzərinə götürdüyü öhdəliklərinin icrası üçün fəaliyyətə keçib, ona Dəmir Yumruğun yerində olduğunu xatırlatdı.
Ardını oxu...


Son vaxtlar Ermənistanın Qarabağ iqtisadi zonasının erməni icması yaşayan bölgələrində artan təxribatçı addımları üçtərəfli bəyanatın 4-cü bəndinin icrasına nail olmaq üçün güc yolundan istifadəni alternativsiz və legitim edirdi. Belə ki, münaqişənin başa çatmasından üç ilə yaxın müddət keçməsinə baxmayaraq, həmin ərazidəki qeyri-qanuni erməni hərbi birləşmələr buraxılmır, əksinə möhkəmlənmə və yeni avadanlıqların quraşdırılması həyata keçirilməsinə cəhdlər edilirdi. Digər tərəfdən isə Ermənistan Azərbaycana qarşı mina terroruna, ərazilərimizdə minlərlə piyada və tank əleyhinə minalar basdırmağa davam edirdi. Prezident İlham Əliyev də xalqa müraciətində bir daha bu məsələyə toxunaraq, qeyd etdi ki: “Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir”. Bütün bunlar azmış kimi, Ermənistan regionda marağı olan yeni aktorların bölgəyə nüfuz etməsinə fürsətlər yaradır, bununla da Qarabağ iqtisadi zonasında mövcud vəziyyəti saxlamaq və öz xeyrinə dəyişmək kimi mənfur niyyətlər güdürdü.

Qarabağın Azərbaycan ərazisi kimi bütün dünya, hətta Ermənistan tərəfindən tanınmasına baxmayaraq, Ermənistan və onun havadarlarının xeyir-duası ilə qondarma quruma “seçkilər”in keçirilməsi Azərbaycanın sonsuz olmayan səbr kasasını daşdırdı. Azərbaycan bu müddət ərzində də sülh prosesinə sadiqliyini nümayiş etdirərək, hərbi birləşmələrin tərkisilah edilməsi və reinteqrasiya prosesinin başlanması üçün Ermənistana və beynəlxalq ictimaiyyətə müraciətlərini çatdırdı. Bu, həm də onlara son xəbərdarlıq idi.
Ardını oxu...

Ermənistanın artan təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfindən 19 sentyabrda lokal antiterror tədbirlərinə start verildi. Azərbaycanın antiterror tədbirlərinə başlaması legitim əsasları olan hüququ idi. Ona görə ki, ordumuz tərəfindən yüksək dəqiqlikli silahlarla yalnız hərbi obyektlər və infrastrukturlar hədəfə alınırdı. Bir növ Azərbaycan Ermənistan tərəfindən həyata keçirilməli olan müddəanın icrasına başlamışdı. Ordumuz antiterror tədbirlərinin gedişində belə müharibə qanunlarını, xüsusilə də mülki əhalinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edirdi. Bu da Azərbaycanın erməni icmasını öz vətəndaşı hesab etməsindən, sülhpərvərlik və ədalətlilik missiyasından irəli gəlirdi. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev antiterror tədbirlər başa çatdıqdan sonra xalqa müraciətində bu məsələyə həssaslıqla yanaşıdığını və xüsusi tapşırıq verdiyini də bildirdi: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 24 saata yaxın davam edən antiterror tədbirləri qeyri-qanuni erməni hərbi birləşmələrinin ağ bayraq qaldırması ilə başa çatdı. Bununla da, qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı. Prezident İlham Əliyev xalqa müraciətində bu barədə ilk məlumatı verərək, bildirdi ki: “Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar”. Erməni icması həm də reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycanın təklifi ilə Yevlax şəhərində görüşməyi qəbul etdilər. Nəzərə alsaq ki, sözügedən təklifdən erməni icması bir neçə dəfə imtina etmişdi, deməli Dəmir Yumruq yenə öz sözünü deməyi bacarıb.

Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri onun daxili işi idi. Bu bəyanatlar əksər dünya dövlətlərinin də rəsmi mövqeyi kimi dərc olunur, dövlətimizin haqlı mövqeyinə açıq dəstək ifadə edilirdi. Azərbaycan öz ərazisində heç bir “boz zona”nın qalmasına imkan verə bilməzdi, odur ki, suverenliyimizin tam bərpası istiqamətində Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir.

Ardını oxu...
Bir müddət əvvəl “Dəryaz” qəzeti redaksiyasına daxil olan məlumat və ona əlavə olunan video-foto görüntülər əsasında “Deryaz.az” saytında “Quba meşələri belə məhv edilir” sərlövhəli məqalə dərc olundu. Təqdim edilən materialda Quba meşəsinin 11-ci və 5-ci dolayında 300-dən çox ağacın kəsilməsindən və başqa nahiyələrdə də minlərlə ağacın məhv edilməsindən bəhs olunurdu.



Məqalədə ehtiva olunan məlumatları, video-foto faktları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərinin, o cümlədən, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın vatsap nömrələrinə mesaj kimi göndərdik. Araşdırma aparılacağını vəd etsələr də, nəticə olmadı.

Məlum məqalə dərc olunmazdan əvvəl stasionar telefonla əlaqə yaratmaq cəhdimiz baş tutmayan Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Elvin Baxışovun mobil nömrəsini əldə edərək qeyd olunan faktlarla bağlı münasibət bildirməsini xahiş etmişdik. Elvin Baxışov məsələlərə münasibət bildirmək əvəzinə «Verə bilərsiniz, buraxın mətbuata, onu hüquqi cəhətdən araşdıracağam, özüm hüquqşünasam. Amma, bu şantajla bağlı arxasında dayanarsan» cavabını vermişdi.



Redaksiyamıza daxil olmuş məlumatların izi ilə Qubada ağacların məhv edildiyi ünvanlardan birinə — Amsar kəndinə getdik. Şikayətlənən sakinlər xahiş etdilər ki, gecəni kənddə keçirək, çünki “yaşıl soyqırım” daha çox məhz gecələr baş verir. Həqiqətən də gecə yarısı, saat 12-01radələrində ağac doğrayan motorlu mişarların səsi qulaq batırırdı. Düzü, gecə ikən meşəyə yollanıb cinayətkarları fakt üstündə yaxalamağa ürək eləmədik. Çünki əllərindən nə desən, gələ bilərdi. Səhər açılandan sonra getdik, torpaq üzərində qalmış “Qaz-66” yük maşınının təkərlərinin izinə düşüb irəlilədik və ağacların qırıldığı sahəyə çatdıq.

Sağlam ağacların doğranılmasının məhz gecə həyata keçirilməsi onun göstəricisi idi ki, kəsinti qanunsuzdur, necə deyərlər, “gecəni xəlvət görən tülkülərin işidir”. “Sanitar qırma” adı ilə doğranıb əldə olunan material son iki ildə Amsar kəndində fəaliyyət göstərən Abduləzizin və digər şəxslərin işlətdiyi taxta və parket sexlərinə təhvil verilir ki, onların da birbaşa ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə məxsus olduğu deyilir. Beləliklə, Elvin Baxışov Muxtar Babayevdən “meşələri qorumaq” tapşırığı deyil, onun regiondakı qanunsuz ağac biznesini idarə etmək tapşırığı alıb. Odur ki, Mərkəz rəisini nazirə şikayət etmək sadəlövhlükdür.

Mövzunu davam etdeirəcəyik

Deryaz.az
 

       
Ardını oxu...
Neçə müddətdir ki, ilk əvvəl "İdxal" MMC adı altında əsasən spirtli içkilərin satışı ilə məşğul olan "Carçıoğlu Qrup" MMC-nin dövlət büdcəsindən yayındırdığı milyonlarla bağlı ilginc faktları təqdim etməkdədyik. DİA.AZ olaraq məlumat vermişik ki, "Carçıoğlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyev bu vaxta qədər çox böyük məbləğdə vəsaiti - ən azından 150 milyonluq pulun vergisini büdcədən yayındırıb.

Bizim bununla bağlı əlimizdə müəyyən qədər sübutlarımız var və bu barədə redaksiyamıza davamlı olaraq şikayətlər göndərilir.

Redaksiyamızın əldə etdiyi son məlumatlardan aydın olur ki, özünü hər yerdə "yuxarıların adamı" kimi göstərməyə çalışan "Carçıoğlu Qrup" MMC-nin rəhbəri Elçin Carçıyevdən artıq hüquq-mühafizə orqanlarına şikayət olunub.

Şikayətin araşdırılması üçün yaxın günlərdə müsbət qərarın veriləcəyi gözlənilir.

Onu da qeyd edək ki, E.Carçıyev bir çox ünvanlarda özünü ciddi məmurlardan birinin adamı olaraq təqdim edir. Bu barədə növbəti geniş yazımız olacaq. Hər halda, Carçıyev unudur ki, dövlətin üstündə hansısa məmurun marağı dayana bilməz...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Bəzi mağazalara vitrindəki məhsulların baha qiymətə vətəndaşlara satılması bəs etmirdi, indi də özlərindən yeni qanunlar icra ediblər. Səməd Vurğun 75 ünvanında "Bolmart" marketin önündə yerləşən parkinqdə avtomobil park edən vətəndaşların avtomobilləri, parkinq ərazisində 1 saata qədər ödənişsiz istifadə edə bilər. Ərazidə 1 saatdan çox qalan avtomobilin sahibindən mağazadan "edilmiş" alışveriş çekini göstərdiyi təqdirdə hansısa ödəniş gözlənilmədən ərazidən çıxmasına "icazə" verilir. Əks halda, avtomobil sahibindən 5 AZN ödəniş edilməsi tələb olunur. Vətəndaşlar ya nağd şəkildə 5 AZN ödəniş etməli, ya da 30 manat civarında alışveriş qəbzini göstərməlidir - mağazadakı gənc mühafizəçinin dediyinə əsasən.
Parkinqə daxil olarkən vətəndaşlar üzərində məlumat olmayan cihazdakı düyməyə toxunduqda üzərində heç bir məlumat qeyd olunmayan ağ rəngli kart cihazdan çıxır. Ərazidə 1 saatdan çox qaldığı müddətdə isə artıq pul tələb olunur. Pul ödəməyən və ya qəbzi göstərməyən vətəndaşların avtomobillərinin nömrələri götürülərək, parkdan çıxışına blok qoyulur.

Vətəndaşlardan pul tələb etmək və ya qəbz istəməklə bağlı parkinq ərazisində nə cihazın, nə kartın, nə də hansısa lövhənin üzərində hər hansı bir maarifləndirici lövhə yoxdur.

Bu haqda Bizimyol.info-ya müraciət edən vətəndaş qeyd edir ki, hətta bu qanunsuz pul tələbi ilə bağlı onun avtomobilinin parkdan çıxışına blok qoyulub: "Deməli, dünən axşam parkinqə girdik. Cihazın düyməsinə basanda, hər iki üzü ağ rəngdə kart çıxdı. Nə parkinqin girişində, nə kartın, nə də cihazın üzərində qiymətlə bağlı heçnə qeyd olunmamışdı. Parkinqdə saxladıq. Çıxanda "Bolmart"ın içərisindəki gənc mühafizəçidən soruşdum ki, kart verib, amma heçbir məlumatverici yer, lövhə yoxdur. Ödəniş harda necə və neçəyə olur? Dedi ki, 1 saat pulsuzdur, 1 saatdan sonra 5 manat ödəməlisiniz. Əgər marketdən 30 manatlıq alışveriş etmisinizsə, çeki göstərib, ödəniş etmədən gedə bilərsiniz. Ödənişi də parkinqin çıxışında balaca kabinetdə oturmuş digər gənc "mühafizəçi" əməkdaşa ödəməli olduğumuz bildirildi. Deməli, biz çıxışa gedib, bunu sınamağa çalışdıq. Əyani olaraq yaşadıq - çıxışda kart işləmədi. Kupedəki oğlan qaçaraq gəldi, kartı götürüb, "maşını kənara çəkin, sistemə baxım" - dedi. Gedib öz kupesində yoxladı. Ora yaxınlaşdıq, dostum ona izah etməyə çalışdı ki, mən bilsəm ki burda bu qiymətdir mən heç parka girməzdim. Ödəniş edənədək avtomobilimizi oradan çıxarmağa icazə vermədilər. Maşının seriya nömrəsini götürüb, çıxışa blok qoymuşdular" - deyə, vətəndaş bildirir.

Məsələ ilə bağlı qeyd olunan ünvana yollandım və deyilən hər şeyin həqiqətə uyğun olduğunu gördüm. Çəkiliş zamanı yerli mağazanın müdiriyyəti gəlib, ödənişlə bağlı izahat verməyə çalışsa da, "Nə üçün məlumatlandırıcı lövhə yoxdur? Niyə giriş kartlarının üzəri ağdır, məlumat qeyd olunmayıb? Bir saatdan artıq parkda avtomobil saxlayandan beş manat alınması hansı əsasa dayanır? Bu, sizdə hansı qanunla tənzimlənir?" kimi sualları cavabsız qoydu.

Mağaza müdiri heç bir cavab vermədi və dedi ki, onlar sadəcə göstərişi icra edir, gərək bu haqda mağazanın baş ofisi ilə əlaqə saxlayaq. Ofislə əlaqə saxladıq, suallarımıza cavab vermədilər, daha sonra bizi "Bolmart"ın Nadir adlı hüquqşünasına yönləndirdilər. O da bizi Bəyəndik adlı başqa bir hüquqşünasa yönləndirdi. Həmin hüquqşünas deyilənlərin sadəcə bir iddia olduğunu, həmin mağazanın parkinqində elə bir problem olmadığında israr etdi. Biz videogörüntüləri və sorğumuzu ötən həftədən özlərinə göndərsək də, hələlik qarşı tərəfdən heç bir reaksiya, açıqlama gəlməyib. Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Vətəndaşlarımızı belə qanunsuz və heç bir əsasa dayanmayan "pulqoparma" taktikalarına qarşı tədbirli olmağa, belə halla üzləşdikləri zaman aidiyyəti orqanlara müraciət etməyə çağırırıq.

Bizimyol.info
 
Ardını oxu...
“Haqlı olduğumu isbatladıqdan sonra isə ekspertizanı həyata keçirən şəxslər mənə açıq şəkildə deyirlər ki, onlara “belə yaz” tapşırığı verilir”. Teref.az bildirir ki, üzləşdiyi problemlə əlaqədar Yenicag.az-a üz tutan vətəndaş Quattrocchi Salatın Məmməd qızı ona məxsus torpaq sahəsinin zəbt olunduğunu və müvafiq məhkəmə qərarlarının çıxarılmasına baxmayaraq, mülkiyyət hüququnu bərpa etməyinə imkan verilmədiyini deyir.

Şikayətçinin sözlərinə görə, Elşad Abbasov adlı şəxs ona məxsus olan torpaq sahəsini bir neçə il əvvəl zəbt edərək orada kababxana tikdirib:

“Elşad Abbasovla aramızda məhkəməyə qədər uzanan mübahisə var. Çünki qanunla verilən torpaq şəhadətnaməsi əsasında bizim təxminən 19 kv/m ərazimiz hazırda Elşad Abbasovun istifadə etdiyi əraziyə düşdüyü və tələbimiz əsasında boşaldılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Ancaq bundan əvvəl ona bir qonşu kimi bildirdiyim iradlar nəticə vermədi. Elşad Abbasov isə mənə “get, hara müraciət edirsən, et, torpaq mənimdir”, – deyəndən sonra mülkiyyət hüququmu məhkəmə vasitəsilə bərpa etməyə qərar verdim.

Mən Azərbaycan vətəndaşı olaraq başqa nə edə bilərəm? Mənə məxsus olan torpaq sahəsinin zəbt olunması ilə bağlı məhkəməyə müraciət etdim. Qarşı tərəf də Bakı İnzibati Məhkəməsində mənə qarşı əsassız iddia qaldırdı. Dövlət şəhadətnaməsi ilə torpaq mənə məxsusdur, sənəddə mənim adım yazılıb. Elşad Abbasov isə ərazimi zəbt edərək orada özünə kababxana tikdirib”.

Salatın Quattrocchi əlavə edib ki, qanunla ona məxsis olan torpaq sahəsinin zəbt edilməsi azmış kimi, sözügedən obyektdən evinə girilib və əmlakına xeyli ziyan vurulub:

“Həmin kababxana mənim eyvanımla üz-üzə tikilib. Evimə bir yerdən girildiyini düşünmürəm”.

Şikayətçi haqlarının məhz hüquq müstəvisində bərpa olunmasına çalışdığını vurğulayaraq, bu işlə əlaqədar davam etdirilən məhkəmə prosesinin illərlə uzanmasından narazılığını ifadə edib:

“Əsas problemlərimdən biri məhz məhkəmənin çox uzanmasıdır. Mübahisə artıq üç ildir, davam edir. Məhkəmə bu işi ekspertizanın, ekspertiza isə məhkəmənin üstünə atır. İndi isə işə baxılması üçün Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Bakı İnzibati Məhkəməsi Elşad Abbasovun əsassız iddiasını, ümumiyyətlə, icraata götürməməli idi. Ancaq hakim mənə qanunla verilmiş torpaq şəhadətnaməsinin ləğv olunması haqqında qərar çıxarıb.

Əlimdə dəlillərim ola-ola, haqlılığımı sübut edə bilmirəm. Daha doğrusu, edirəm, ancaq illərlə əziyyət çəkirəm. İllərdir, davam edən məhkəmə prosesində üç-dörd hakim dəyişib. Mənim işimə baxan hakim ya işdən çıxarılıb, ya da iş başqa hakimə verilib. Hələ ki cəmi bir hakim prosesi sona qədər apararaq zəbt olunan torpaq sahəsinin qanuni sahibinə, yəni mənə qaytarılması ilə bağlı qərar çıxarıb”.

Xanım Quattrocchinin sözlərinə görə, həmin torpaq sahəsi lap əvvəldən “başıbəlalı” olub və onunla bağlı Elşad Abbasovdan öncə “Ataholding” MMC ilə də uzun müddət mübarizə aparıb: “Bildirirəm ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövət Reyestr Xidməti tərəfindən verilmiş seriya RX № 1308321 saylı 29.05.2018-ci il tarixlı Çıxarışa əsasən, mülkiyyəimdə olan həmin torpaq sahəsinin zəbt olunmuş 1 sot hissəsinin cavabdehlər – “Ataholdinq” MMC və “İnter-Servis” firması tərəfindən boşaldılaraq mənə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciıət etmişdim.

Məhkəmə araşdırmaları zamanı mülkiyyətimdə olan torpaq sahəsinin 74,79 kvadrat metr hissəsisinin “Ataholding” MMC tərəfindən zəbt olunduğu müəyyən edildi. Mülkiyyətimdə olan 0,6 hektar torpaq sahəsinin 18,53 kvadrat metr hissəsinin kimin istifadəsində olmasını isə müəyyən etmək mümkün olmamışdı. Buna görə də iddia tələbim Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-183/2019 saylı 18.03.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdeh “Ataholing” MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kvadrat metr hissəsinin boşaldılaraq mənə qaytarılmasına dair qərar çıxarılıb.

Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilərək zəbt olunmuş 74,79 kvadrat metr torpaq sahəsi boşaldılaraq mənə təhvil verilib. Torpaq sahəsinin təhvil-təslimi zamanı Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis cəlb olunaraq torpaq sahəsinin plan və ölçüsü sənəddə göstərilmiş döngə nöqtələrinin koordinatları xüsui cihazlar vasitəsilə müəyyən edilərək göstərilib. Bununla bağlı Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış 18.05.2021-ci il tarixli 213020432903 saylı məktubda qeyd olunub ki, torpaq sahəsinin “Plan ölçüsü” sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinat mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşir. Ötən müddət ərzində aparılmış araşdırma nəticəsində məlum olub ki, mülkiyyətimdə olan 0,6 hektar torpaq sahəsinin 18,53 kvadrat metr hissəsi hazırkı iş üzrə cavabdeh Elşad Abbasov tərəfindən zəbt edilib”.

Şikayətçi bildirib ki, hüquq və qanun onun tərəfində olsa da, “gizli əllər” onun öz haqqını bərpa etməyinə imkan vermir:

“Bu məhkəmə işi barəsində artıq bir sıra qurumlar – Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Dövlət Torpaq Komitəsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi məlumatlıdır. Dəfələrlə müxtəlif qurumlardan müqayisə aparmaq məqsədilə ekspertiza üçün yardım istəmişəm. Haqlı olduğumu isbatladıqdan sonra isə ekspertizanı həyata keçirən şəxslər mənə açıq şəkildə deyirlər ki, onlara “belə yaz” tapşırığı verilir. Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC 2022-ci il iyunun 21-də Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində yerləşən torpaq sahəsinin 18,53 kvadrat metr hissəsinin Abbasov Elşad İnşalla oğlu tərəfindən zəbt olunduğu ilə bağlı qərar çıxarıb. Ancaq bu qərarın icrasının və həmin torpaq sahəsinin mənə qaytarılmasının qarşısı hər vəchlə alınır”.

Qeyd edək ki, şikayətdə adı hallandırılan Elşad Abbasov “Embawood” şirkətinin təsisçisi və icraçı direktoru, eyni zamanda, Milli Məclisin deputatı Məşhur Məmmədovun qardaşıdır.

 

Dünyapress TV

Xəbər lenti