Ardını oxu...
Aqstafa rayonu, Sadıqlı kənd sakini, Qarabağ qazisi Əfəndiyev Ramin Mübariz oğlu yerli icra hakimiyyətindən giley edir. Dia-az.info-nun məlumatına görə, şikayətçi iddia edir ki, dəfələrlə rayon İcra Hakimiyyətində qəbulda olsa da, işlə təmin olunmasına kömək etmirlər:

“Mən, Əfəndiyev Ramin Mübariz oğlu, yazaraq bildirirəm ki, İkinci Qarabağ Müharibəsinin iştirakşısı olmuşam. 2-ci qrup əliləm. Qardaşım Əfəndiyev Amil də veterandır.

İşlə bağlı icra başçısının qəbulunda olmuşuq. Bizə bildirirlər ki, iş yoxdur. Bəs, biz nə edək, nə ilə məşğul olaq? Bu qədər işsizlik olar?

Deyirlər ki, gedin gözləyin, iş olanda sizə məlumat verəcəyik. Amma heç bir məlumat vermirlər. Bu gedişlə heç vaxt da iş olmayacaq”.

Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Sakinlər deyir ki, Prezident gələndə görməsin deyə binanın bayır hissəsini bəzəyiblər

“Yaşadığımız bina təxminən 70 il əvvəl istifadəyə verilib. İstismar müddəti çoxdan başa çatıb. Kanalizasiya xətləri çürük, ərazisi isə baxımsızdır. Müraciət etdiyimiz qurumlar da məsuliyyəti bir-birinin üzərinə atır”.

Bunu Meydan TV-yə Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektindəki 56 saylı binanın sakinləri deyir. Çoxillik bina 4 blokdan ibarətdir. Binada təqribən 50 ailə yaşayır.

“Üzlüyə kibrit vursan, alışar”

Bina sakini Rəvanə Əliyeva deyir ki, binada yalnız bir dəfə dam örtüyündə təmir işi aparılıb. Bir də illər əvvəl binanın Heydər Əliyev prospektinə baxan tərəfi tezalışan penoplastla üzlənib:

“O vaxt guya abadlaşdırma işləri aparılırdı, gəlib binanın dam örtüyünü ortabab təmir elədilər, məqsəd heç də sakinlərin rahatlığı deyildi. Sadəcə olaraq, binanın bir tərəfi Heydər Əliyev prospektinə baxır, guya bunlar abadlıq işləri görürlər. O vaxt prospektə tərəf baxan hissəni penoplast materialla üzlədilər. O üzlüyün sökülməsi üçün müraciət etmədiyimiz yer qalmayıb. Bəzi hissələri öz-özünə sökülüb, tökülüb. O hissələrə də gətirib rəng çəkiblər. Bu üzlük insan həyatı üçün təhlükəlidir, Allah eləməmiş, kibrit vursan, alışar”.

“Kanalizasiya xətləri çürüyüb”

Sakin Afaq Həsənovanı narahat edənsə binadakı kommunikasiya xətləridir. Deyir, kanalizasiya xətləri 70 ildə bircə dəfə də əsaslı təmir olunmayıb. Bu səbəbdən də mənzillərin tualetlərində tez-tez çirkab sular dolub-daşır:

“Hətta bəzən çirkab sular aşağı mərtəbələrdəki qonşu mənzillərə də süzülür. Bezmişik”.

Sakin Kamil Qasımovsa bloklardan və binanın həyətyanı sahəsindən danışır. Onun sözlərinə görə, həyətyanı ərazidə indiyədək hər hansı təmizlik, abadlıq işləri görülməyib:

“Sovet vaxtı çəkilmiş asfalt örtüyünü illərin yağan yağışı çoxdan yuyub aparıb. Həyətdə yer var, ancaq uşaqlar üçün bir meydança düzəltmirlər. Bloklara girişlər pis vəziyyətdədir. Özümüzdə də imkan yoxdur ki, əl gəzdirək”.

Sakinlər deyir, qonşuluqdakı 57 saylı bina da eyni vəziyyətdədir.

Qurum: “Pis görünməsin deyə, alçipanla örtdük”

Aprelin 9-da Prezident İlham Əliyev Gəncəyə səfər edəndə bu binaların qarşısından ötüb keçib. Sakinlər deyir, çox arzulayıblar ki, Prezident maşından düşüb binanın üzlüyü ilə maraqlansın:

“Prezidentin səfərinə üç gün qalmış icra hakimiyyəti fəhlələri tökdü prospektdəki binaların qarşısına, penoplastların çürümüş hissələrini qaşıyıb yerinə alçipan vurub, üstünü rənglədilər. Kaş ki, Prezident şəxsən yaxınlaşıb binaların prospektə tərəf baxan hissəsinin üzlüyü ilə maraqlanaydı. Binaların həyətlərinə burulub daxili hissələrini də görəydi. Kaş biləydi ki, məmurlar onun 10 il əvvəl tezalışan üzlüklərin sökülməsiylə bağlı verdiyi tapşırıqları yerinə yetirmir”.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Meydan TV-yə bildirilib ki, həmin binada təmir-abadlıq işləri tədbirlər planına salınıb. Ancaq bu, nə vaxt baş tutacaq, hələlik məlum deyil:

“Binanın üzlüklərinin bəzi hissələri sökülmüşdü. Düzdür, cənab Prezident gələnə yaxın pis görünməsin deyə, o hissələri alçipanla bağladıq. Ancaq tədbirlər planına salınıb, o məhəllədə əsaslı abadlıq işləri aparılacaq”.

Meydan TV

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyənin məşhur şirkəti "Demirören Holdinq" "Ziraat Bankı"ndan aldığı və 6 ildir ödəniş etmədiyi kreditlərin müqabilində bəzi binalarını satmalı olub.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, holdinq “Hürriyet Gazetecilik ve Matbaacılık”ın tərkibindəki daşınmaz əmlakın bir hissəsini banka 1 milyard 287 milyon 922 min TL-yə satıb. Beləliklə, “Hürriyet”, “Kanal D”, “CNN Türk” və bir çox başqa media kanalı və qəzetinin də sahibi olan “Demirören Holdinq” nəşriyyat qrupuna aid bəzi binalar “Ziraat Bankı”na keçib.

"Dünya" qəzetinin xəbərinə görə, 2018-ci ildə "Doğan Holdinq"dən 916 milyon dollara alınan "Hürriyet", "Kanal" D, "CNN Türk" və bir çox media kanalı və qəzetləri üçün "Ziraat Bankı"ndan 895 milyon dollar kredit götürən "Demirören Holdinq" bu ilədək ödənilməli olan 70 milyon dolları ödəyə bilmədiyi üçün bir sıra daşınmaz əmlakını "Ziraat Bankı"na satmağa məcbur olub.

"Doğan Holdinq"ə aid bir çox qəzet və televiziya kanalını alan "Demirören Holdinq" bu alış üçün ödədiyi vəsaitin, demək olar ki, hamısını "Ziraat Bankı"ndan aldığı kreditlə qarşılayıb.

Aradan keçən müddətdə "Demirören Holdinq"in "Ziraat Bankı"na heç bir ödəniş etməməsi ictimaiyyətdə müzakirələrə səbəb olub. Lakin holdinq ötən il verdiyi açıqlamalarda ödənişlərin razılaşdırıldığı kimi aparıldığını bildirilmişdi. Son hadisələr isə göstərir ki, bu, yalan məlumat olub və heç bir ödəniş reallaşdırılmayıb.

Taksimin mərkəzində, İstiqlal küçəsində yerləşən "Demirören" Ticarət Mərkəzini illik 70 milyon dollarlıq ödəmə qarşılığında "Denizbank"a verən şirkətlər qrupu İstanbulun Esenyurt rayonunda 61,5 sotluq ərazidə yerləşən mətbəənin də 816,6 milyon lirəyə təyyarə istehsalçısı "Baykar"a satıldığını açıqlayıb.

Nəhayət, "Demirören Holdinq" "Ziraat Bankı"na olan 70 milyon dollarlıq kredit borcunun müəyyən qədərini (açıqlanmır) ödəmək üçün "Hürriyet Gazetecilik və Matbaacılık"a daxil olan daşınmaz əmlakın bir hissəsini banka 1 milyard 287 milyon 922 min TL-yə satıb.

Qeyd edək ki, "Demirören Holdinq" adı Azərbaycan üçün də yad deyil. Belə ki, 2021-ci ildə İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC bu holdinqə idarəetməyə verilib. Prezident İlham Əliyevin “Azərlotereya”nın idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci il tarixli sərəncamına əsasən, şirkətin Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb. İdarəetmənin bu formasına keçiddən sonra "Azərlotereya" ilə bağlı bəzi məqamlar müzakirə mövzusu olub. Məsələn, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilirdi ki, bəzi müəssisələr üzrə xalis mənfəət əldə edilsə də, büdcəyə dividend ödənişi həyata keçirilməyib. Bu müəssisələrdən biri isə "Azərlotereya" ASC-dir. Belə ki, səhmlərində dövlətin payı olan müəssisə olaraq ASC-nin 2022-ci il üzrə dövlət büdcəsinə heç bir divident ödəmədiyi qeyd edilsə də, “Azərlotereya” ASC-nin 2022-ci il üzrə maliyyə hesabatında Hesablama Palatasının əksinə olaraq, müəssisənin ötən il üzrə 30,194,740 manat dividend ödədiyi qeyd edilir. Maraqlıdır ki, ötən il "Demirören Holdinin "Ziraat Bankı"na olan kredit ödənişlərinin də normal ödəndiyini açıqlamışdı.
Mövzunu diqqətdə saxlayacağıq.
 
 
 
Ardını oxu...
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.
TEREF oxu.az-a istinadən xəbər verir ki, buna səbəb səyyar qəbul zamanı etdiyi diqqətsizlik olub.
Belə ki, o, görüşdə özü və ətrafındakı vəzifəli şəxslərə (rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərləri) kölgədə yer rahatladığı halda, onun qəbuluna yazılan Uzuntala kəndinin sakinləri saatlarla günəşin altında oturmaq məcburiyyətində qalıblar.
Onu da vurğulayaq ki, qəbul zamanı yaşlı kişilər bağçalarda körpələrə verilən stullarda əyləşdiriliblər.
 
Ardını oxu...
Şəhərin mərkəzi küçəsi daxil digər ərazilərdə də məişət tullantılarının günbəgün artması halları müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya idarə rəsimləri tərəfindən buna qarşı dəfələrlə mübarizə aparıb, protokollar və cərimələr yazılıb. Amma, buna baxmayaraq problem hələdə öz həllini tapmır. Xüsusilə Gəncədə şəhərdaxili və kənar ətraflarda bu problem daha qabarıq formadadır.

Görünür şəhərində məişət tullantılarının daşınma sistemi mövcud olmadığı üçün insanlar məcbur qalıb, zibilllərini küçələrə və ya yol kənarlarına atırlar. Bu isə ümumilikdə Gəncə şəhərində mövcud vəziyyətin daha da ağır olmasına işarədir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, habelə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri çərçivəsində beynəlxalq investisiyalar cəlb etməklə təhlükəli (o cümlədən radioaktiv) tullantıların yığılması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üçün poliqonlar yaradılıb. Gəncə şəhərində yığılan tullantıların zərərsizləşdirilməsi məqsədilə poliqonlar var. Əcabə görəsən Gəncə ŞİH və aidiyatı qurumlar bu biabırçı tullantılarla dolu ərazini niyə görməzdən gəlir?!. Gəncə şəhərində yaşanan natəmiz ekoloji vəziyyətin, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29 tədbirlərinə sayqısızlıq deyilmi,,,?

Onunuda bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya idarəsi tərəfindən Ekologiya.az-a bildirilib ki, Gəncə şəhərində mövcud poroblemlərlə bağlı dəfələrlə xəbərdarlıqlara baxmayaraq, mülkiyyətçi şəxslər ətraf mühütə zərər vurmaqdan çəkinmirlər.

İdarədən onuda bildirdilər ki, tərəfimizdən dərhal mövcud problem nəzarətə götürülüb, aqraşdırma aparılır.

Ətraflı videoda:

 

 

Ardını oxu...
Məlumdur ki, ölkəmizdə hər kəsin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına və s. olan tələbatının lazımi səviyyədə ödənilməsi məqsədilə müəyyən addımlar atılsa da, faktdır ki, bu gün də bu sahədə çox ciddi problemlər yaşanmaqdadır. Baxmayaraq ki, Prezident İlham Əliyev 29 aprel 2019-cu il tarixdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında №114 Sərəncam imzalamışdır. Bu Sərəncamın imzalanmasında əsas məqsəd, qeyd etdiyimiz kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının daha da artırılması, həmçinin bu sahənin beynəlxalq tələblərə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Cənab Prezident tərəfindən belə bir Sərəncamın imzalanmasına baxmayaraq, bu gün də bəzi işbazlar tərəfindən əksər ictimai-iaşə obyektlərində olmazın hoqqalara qol qoyulmaqda davam edir.

Unutmaq olmaz ki, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına, həm də hər kəsin rifah halına olduqca mənfi təsirini göstərir. Bu baxımdan qida təhlükəsizliyi məsələsi cəmiyyətimizin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında və s. xüsusi əhəmiyyət kəsb edən bir sahədir. Hal-hazırda qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artırılması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiə olunması kimi məsələlər əsas şərt olaraq qarşıya qoyulsa da, yenə də əksər ictimai-iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində ciddi problemlər yaşanmaqdadır. Adicə bir faktı qeyd edək ki, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında yaşayan sakinlər tərəfindən müraciət daxil olmuşdur. Müraciət müəlliflərinin etdikləri xahişi nəzərə alıb qeyd olunan ünvanda olduq və müəyyən araşdırmalar da həyata keçirdik.
Apardığımız araşdırmalar zamanı ilk olaraq qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olan Səttar Məmmədov adlı şəxsə bir neçə sual verib lazımi cavablar əldə etdik. Bəli, bu şəxs ünvanladığımız suallara verdiyi cavabında “Mən uzun müddətdir ki, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında yaşayıram və yaşadığım mənzilin qarşısındakı qarajda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul oluram. Qeyd edim ki, belə bir fəaliyyət növü ilə məşğul olmağım üçün ilk gündən aidiyyəti dövlət qurumlaından lazımi sənədləri, hətta sağlamlıq arayışı da almışam. Hal-hazırda VÖENim var və mən vergi ödəyicisiyəm. Çalışdığım qarajda meyvə-tərəvəz satarkən hər cür təmizliyə, lazımi tələblərə, alıcılarla səmimi münasibətin yaranmasına və s. olduqca önəm verirəm. Belə bir səbəbdəndir ki, ətraf ərazidə yaşayan sakinlərin hər biri mənim fəaliyyətimdən, insanlara qarşı göstərdiyim səmimi münasibətdən olduqca razılıq edirlər” dedi. Elə ki, qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olan digər şəxsə, yəni əslən Sabirabad rayonundan olduğu bildirilən Qəzənfər adlı şəxsə də bəzi suallarımızı ünvanladıq. Bu şəxs isə ünvanladığımız sualları cavablandırmaq əvəzinə, bir növ “burcutmalara” qol qoydu. Bu da onu ehtimal etməyə əsas verir ki, meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən bu şəxs, indiyə kimi aidiyyəti dövlət qurumlarından lazımi sənədləri əldə etməyib. Sadəcə olaraq o, bəzi dövlət qurumlarının əməkdaşları ilə “dil tapdığından”, bu gün də fəaliyyətini davam etdirməkdədir.
Bir sözlə, apardığımız araşdırmalar zamanı bir çox həqiqətləri üzə çıxara bildik. Yəni, ilk olaraq Səttar Məmmədovun hansı əsasla fəaliyyət göstərməsini araşdırarkən bəlli oldu ki, bu şəxs ilk gündən bütün lazımi sənədləri əldə edib. Qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən Qəzənfər adlı şəxs isə, “Gedin öz işinizlə məşğul olun, özüm bilirəm necə fəaliyyət göstərirəm” cavabını verdi. Hətta, üstüörtülü olsa belə o, bizə qarşı hədələyici ifadələr işlətməkdən də çəkinmədi. O halda ortaya çoxsaylı suallar çıxır, görəsən Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən Qəzənfər adlı şəxs, Dövlət Vergi Xidmətində, Yasamal Rayon İcra Hakimiyyətində və digər dövlət qurumlarında çalışan, həmçinin qeyd olunan problemin varlığına cavabdehlik daşıyanların diqqətindən necə yayınır? Yəni, sual oluna bilər ki, görəsən ərazi üzrə cavabdehlik daşıyan aidiyyəti dövlət qurumlarının məsul şəxsləri Qəzənfər adlı şəxsin atdığı addımlara niyə göz yumurlar? Deməli, ortada hansısa “gizli əmmalar”, yaxud da “qaranlıq müəmmalar” var ki, bir kimsə bu şəxsə “qaşın üstə qara var” demir, yaxud da deməyi bacarmır. Bu belə olduğundan qeyd olunan problemi ictimailəşdirmək qərarına gəldik ki, ortada olan bəzi “gizli əmmalara”, bir çox “qaranlıq müəmmara” aydınlıq gətirilsin. Əslinə baxsan, Qəzənfər adlı şəxsin aidiyyəti dövlət qurumlarından lazımi sənədləri əldə etmədən fəaliyyət göstərməsi yolverilməz haldır. Digər tərəfdən, bu şəxsin vergi ödəyicisi olmadan qeyri-qanuni fəaliyyət göstərməsi, birbaşa vergi cinayətinin baş verməsinə yollar açır. Deməli, adlarını hallandırdığımız dövlət qurumunun əməkdaşları üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirmirlər ki, bir çox şəxslər, o cümlədən Qəzənfər adlı şəxs də vergidən yayınır və məşğul olduğu sahəyə dair tələb olunan qaydalara əməl etmir. Biz bir media qurumu olaraq bu yöndə araşdırmalarımızı aparmaqla, məhz bu gün də tam əksəriyyət üçün maraqlı və düşündürücü məqamları ortaya çıxartmağa çalışacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

GundemXeber.Az
 

Ardını oxu...
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri içməli su təchizatı ilə bağlı problemlər yaşayırlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yazıçı Ömər Xəyyam videogörüntü yayıb.

Onun sözlərinə görə, qəsəbədə "Kristal Abşeron"un binalarındakı mənzillərə qumlu su verilir.

Ardını oxu...

Videoda suyun tərkibinin xeyli çirkli olduğu görülür.

Sakinlər deyir ki, suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə filterlərdən istifadə etməyə məcbur olurlar. Bildirilir ki, filter qoyulmadan verilən suyun içmək üçün istifadə olunması təhlükəlidir.

İqtisadiyyat.az məsələ ilə bağlı "Azərsu"ya sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, həmin binalarda yaşanan içməli suyun keyfiyyətinə "Kristal Abşeron" cavabdehdir:

Qeyd edilib ki, içməli suyun çirkli olması çox güman anbarların vaxtında yuyulmaması ilə əlaqədardır: "Bunu da "Kristal Abşeron" özü həll etməlidir. Çünki paytaxtın hər bir nöqtəsinə verilən su eyni standartda və eyni keyfiyyətdədir. Bu gün Əhmədli də, Biləcəri də, digər ərazilərimiz də eyni sudan alır. Ona görə də suyun keyfiyyəti məsələsi daim nəzarətimizdədir".

Məsələ ilə bağlı "Kristal Abşeron"un rəsmi saytında qeyd edilən nömrələrlə əlaqə yaratmağa çalışsaq da, cavab verən olmayıb.

VİDEO BURADA: https://t.me/iqtisadiyyataz/23617
 
Ardını oxu...
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC -a aid olan "Misli.az" lotereya saytı müsabiqə elan edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, müsabiqədə misli hesabına yüklədiyin hər 5 azn hesab sahibinə 1 lotereya şans nömrəsi qazandırır. Hər həftənin bir günü minlərlə nömrədən yalnız 7 nəfər qalib gəlir, onlardan da 4-ü avropaya hər şey daxil səyahət bileti qazanır.

İlk həftənin qalibləri artıq müəyyənləşib. İşin maraqlı tərəfi ondadır ki, bu həftə Avropaya səyahət qazanan qalib Sərxan İslamov şirkətin əvvəlki müsabiqəsində avtomobil qazanan Sərxan İslamov olub.

Maraqlıdır, minlərlə nömrənin içində təsadüfi seçilən nömrə keçən müsabiqənin qalibi necə ola bilib? Bu, Azərbaycanda həmin lotereyanı oynayan yüzminlərlə insanda şirkətin şəffaflığına şübhə yaradıb. İştırakçılar şirkətin əvvəldən müəyyən edilmiş şəxsləri qalib etməklə hədiyyələrin özlərinə qaldığını iddia edirlər.

TEREF olaraq sözügedən qalibin fotolarını təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlərin bir neçəsinin vəkili Aslan İsmayılov vəsatətlə çıxış edib.

Vəkil Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin dindirilməsini istəyib. Vəkilin sözlərinə görə, işdəki sənəd-sübutlar və səsyazıları da göstərir ki, Səttar Möhbalıyev dövlətin malını - stadionları öz mülkü kimi satıb: "Çox təəssüf edirəm ki, prokurorluq bu sübutlara göz yumdu, onu çağırıb dindirmədi. Bir ildir burada da eyni məsələni qaldırırıq, araşdırılmasını istəyirik".

Deputatın adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir. Stadionun ərazisini satmaq adıyla dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov iki ilə yaxındır həbsdədir.

İddia olunur ki, onlar bina tikintisiylə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi, 900 min manat pul alınıb.

Nadir Əliyev özünü təqsirli bilmir. O, iddia edir ki, sahibkarları Alik Həsənov aldadıb, onun isə yaşananlardan xəbəri olmayıb.

Alik Həsənov isə əksinə, bu işdə özünün sadəcə, icraçı, vasitəçi olduğunu bildirir. Onun sözlərinə görə, stadionun direktoru olsa da, rəhbər kimi, Nadir Əliyevdən asılı idi, onun göstərişlərini yerinə yetirirdi.

Zərərçəkmiş sahibkarlar da məhkəmədə bildiriblər ki, onlar AlikHəsənovla yanaşı, Nadir Əliyevlə də danışıqlar aparıblar. Yəni onun baş verənlərdən xəbərsiz olması haqda iddiaları doğru deyil.
Məhkəmədə Nadir Əliyevə məxsus olduğu iddia edilən səs yazısı da dinlənilib. Orada danışan şəxs baş verənlərə görə deputatı ittiham edir.

Nadir Əliyev həmin səsyazısının ona məxsus olduğunu təsdiqləsə də, səslənən fikirləri qəbul eləmir.

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Aslan İsmayılov deyib ki, Nadir Əliyev məhkəmədə fərqli taktika seçib, bu üzdən deputatın adını çəkmir: “Görünür, söz veriblər ki, “ad çəkmə, səni çıxaracağıq”. Ona görə də Nadir Əliyev əvvəlki ifadəsindən də, dediklərindən də imtina edir. Nadir Əliyev necə davranırsa davransın, həqiqəti ortaya çıxarmaq məhkəmənin borcudur. Gəncədəki, Göygöldəki stadionlar dədə malı kimi necə satılıb?”.

Zərərçəkmişlər də, təqsirləndirilən şəxslərdən Alik Həsənov da deputat Səttar Möhbalıyevin çağrılıb dindirilməsi barədə vəsatətin təmin olunmasını istəyib. Amma Nadir Əliyev bunun əleyhinə olub.

Hakimlər deputatla bağlı vəsatəti təmin etməyiblər. Onun adı çəkilən səsyazısına gəlincə, məhkəmə onu qəbul edib və iş materiallarına əlavə olunub. Lakin onun sübut kimi dəyərləndirilməsi məsələsinə sonda hökm çıxarılanda qərar veriləcəyi bildirilib.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.

Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.
 
Ardını oxu...
Azərbaycanda səhiyyə sahəsində ciddi islahatlar aparılır. Əhalinin sağlamlığının qorunması istiqamətində tədbirlər görülür, yeni tibb müəssisələri yaradılır, insanların səhiyə xidmətinə əlçatanlığı yaxşılaşdırılır.

Naxçıvanda isə bu proses əksinə gedir. Son bir ildə səhiyyə sahəsində aparılan “islahatlar” nəticəsində əhalinin sağlamlığının qorunması sahəsindəki vəziyyət kritik həddə çatıb.

Bu dövrdə Naxçıvan Muxtar Respublikası əhalisinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində, demək olar ki, heç bir iş görülməyib. Muxtar respublikanın səhiyyə müəssisələri üçün tikilən bəzəkli binaların içində nə normal həkim var, nə də müasir tibbi avadanlıqlardan istifadə edə biləcək mütəxəssis. Naxçıvanda aparılan kadr islahatlarından sonra bu sahədə də ciddi dönüşün olacağı gözlənilirdi. Amma təəssüf ki, Naxçıvan əhalisinin gözləntiləri özünü doğrultmadı. Yeni nazir əvəzi Samiq Sadıxovun vəzifəyə gələn kimi, bu sahədəki “yeniliyi” özünə 130 min manat dəyərində xidməti avtomobil almasıdır.

Muxtar respublika sakinləri yenə də müayinə və müalicə olunmaq üçün ya Bakı şəhərinə, ya da Türkiyəyə üz tuturlar. Bu da insanlar üçün problemlər yaradır. Bakıya və ya Türkiyəyə gedə bilməyənlərin sağlamlığı və həyatı ciddi risk altındadır.

Ali Məclis sədrinin fərmanı icra edilmir

Naxçıvanda səhiyyə sahəsində biabırçı vəziyyət hökm sürür. Muxtar respublikadakı əksər xəstəxanalara heç bir aidiyyəti olmayan Səhiyyə Nazirliyi qanunsuz şəkildə tibb müəssisələrinin işinə müdaxilə edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyul 2023-cü il tarixli fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaradılıb.

Müəyyən edilib ki, “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə ümumi rəhbərliyi Ali Məclis sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Müşahidə Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən, səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Naxçıvan Muxtar Respublikası Komitəsinin sədrindən ibarət tərkibdə formalaşdırılmalı idi.

Tibb Müəssisələrinin İdarəetmə Birliyinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icra direktor həyata keçirməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin nizamnaməsini və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində hazırlayıb Ali Məclisə təqdim etməli idi.

Fərmanla Nazirlər Kabinetinə tapşırılmışdı ki, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyinə veriləcək dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısını Ali Məclislə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərmandan irəli gələn vəzifələrə həll etməlidi idi.

Bəs nə baş verib? Bu fərmanın imzalanmasından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, mühüm dövlət sənədi “havada qalıb” və icra olunmayıb. Tibbi Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərməli olan xəstəxanalara qanunsuz şəkildə Səhiyyə Nazirliyi rəhbərlik edib. Yəni əvvəlki dövrlərdə olduğu kimi, Naxçıvan yenə “fərqlənib” və muxtar respublikada Azərbaycanın əsas hissəsindən tamamilə ayrı bir idarəçilik sistemi tətbiq olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov mayın 8-də keçirilən Ali Məclisin yaz sessiyasının növbəti plenar iclasındakı çıxışında bu məsələyə diqqət çəkərək deyib: “Belə yanaşma qəbuledilməzdir. Artıq 10 aya yaxındır ki, biz muxtar respublikada ən vacib sahə olan səhiyyə sahəsində idarəetməni təmin edə bilmirik. Səbəb Səhiyyə Nazirliyinin və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Ali Məclis sədrinin fərmanını icra etməməsidir”.

Göründüyü kimi, Ali Məclisin rəhbərliyi səhiyyə sahəsində baş verənlərdən narazı və narahatdır. Təəssüf ki, Ali Məclis rəhbərliyinin bu haqlı iradından sonra da Səhiyyə Nazirliyi lazımi tədbir görməyib, fərmanın icrası təmin edilməyib. Belə olan halda ciddi suallar yaranır. Naxçıvan səhiyyə nazirinin vəzifəsini icra edən Samiq Sadıxov niyə özbaşınalıq edir və kimə arxayındır? Muxtar respublikanın yeni Baş naziri Ali Məclisdə hökumətin hesabatı müzakirə olunarkən səsləndirilən bu fikirlərə niyə reaksiya vermir?

Samiq Sadıxovun son bir ildəki fəaliyyətinə nəzər salanda yuxarıdakı suallara cavab tapmaq olur. Çünki heç bir rəhbər vəzifəli şəxs kiməsə arxayın olmadan belə qanunsuzluqlar edə bilməz.

Naxçıvanda lisenziyasız laboratoriya fəaliyyət göstərir

Nazir əvəzinin qanunsuz əməllərindən biri “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin binasında xarici şirkətin laboratoriya yaratmasıdır.

Həmin laboratoriya lisenziyasız fəaliyyət göstərir. Laboratoriyanın fəaliyyəti üçün tələb olunan hüquqi sənədləri yoxdur.

Samiq Sadıxovun tapşırığı ilə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxs həmin laboratoriyanın yaradılması məqsədilə səhiyyə ocağının bir hissəsini icarəyə verib. Deməli, dövlətin xəstəxanasında artıq laborator analizləri özəl müəssisə aparır. Halbuki, bu, qanunla qadağandır.

Bu laboratoriyanın yaradılması üçün “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi ilə EXON Biomedikal Sağlıq Xidmətləri Sənaye və Ticarət Anonim Şirkəti arasında müqavilə imzalanıb. Laboratoriyanın test qruplarına biokimya, immunologiya, genetik, hematologiya, mikrobiologiya, patositologiya, molekulyar, seroloji, vitaminlər və dərman səviyyələri yoxlamaları, həmçinin digər testlər daxildir.

Laboratoriyanın fəaliyyəti üçün niyə lisenziya alınmayıb? Hüquqi sənədlər hazırlanmadan laboratoriya niyə qurulub? Bəlkə heç bu sahibkara lisenziya verilməyəcək. Bu qədər vəsait sərf edilərək laboratoriya hansı əsasla yaradılıb?

Bu suallara muxtar respublikanın aidiyyəti dövlət orqanları cavab verə bilmir. Ona görə ki, səhiyyə naziri əvəzi bu qanunsuzluqları edə bilməsi üçün himayə olunur.

Lisenziyası olmayan və qanunsuz fəaliyyət göstərən laboratoriyanın analiz nəticələri də şübhəlidir. İndi bu laboratoriyanın yanlış analizi nəticəsində hansısa muxtar respublika sakininin sağlamlığında ciddi problem yaransa, buna kim cavab verəcək? Buna görə dövlət kimin yaxasından yapışacaq? Naxçıvan sakinlərinin sağlamlığı qanunsuz fəaliyyət göstərən bu laboratoriyanın yaradılmasının təşəbbükarı olan Samiq Sadıxovun və onu himayə edənlərin heç umurunda da deyil.

Struktur “islahatları” hansı nəticələrə gətirib çıxarıb?

Səhiyyə Nazirliyi bu sahədə apardığı “stuktur islahatları” ilə həm səhiyyə işçilərinin, həm də muxtar respublika əhalisinin işini çətinləşdib, onlara ciddi problemlər yaradıb. Məsələn, nazir əvəzi Samiq Sadıxov hesab edib ki, muxtar respublikaya Kordioloji Mərkəzi lazım deyil. Ona görə də bu mərkəz ləğv edilərək, muxtar respublika xəstəxanasına birləşdirilib. Mərkəzin müasir tələblərə cavab verən binasının isə aqibəti bəlli deyil. İndi ürək xəstələri muxtar respublika xəstəxanasının bir mərtəbəsində əməliyyat olunur, digər mərtəbəsindəki palataya köçürülür. Halbuki, o xəstələri əməliyyatdan sonra hərəkət etdirmək olmaz.

Eyni “məntiqlə” nazir əvəzi hesab edib ki, Naxçıvan Muxtar Respublikasına QİÇS-lə Mübarizə Mərkəzi lazımdır. Ancaq heç kim araşdırıb bunu əsaslandırmayıb ki, Naxçıvanda neçə ürək, neçə QİÇS xəstəsi var. Yəni, bu səhiyyə müəssisələrindən hansının Naxçıvanda ayrıca tibb ocağı kimi fəaliyyət göstərməsi daha vacibdir. Yəqin ki, QİÇS Mərkəzini yaradanda nəzərə alıblar ki, Naxçıvanda yaradılan “şərait”in nəticəsi olaraq, belə xəstələrin sayı arta bilər.

Nazir əvəzi yenə eyni “məntiqlə” Naxçıvan Təcili Tibb Mərkəzini fəaliyyət göstərdiyi ayrıca binadan çıxararaq muxtar respublika xəstəxanasında yerləşdirib. Təcili Tibbi Yardım Mərkəzinin bazasında Səhiyyə Nazirliyinin tabeliyində Təcili Tibbi Yardım Xidməti yaradılıb. Bu xidmətdən əvvəl əgər təcili yardım bir iki çağırışa gedirdisə, indi nadir hallarda çağırışa gedir. Təcili Tibb Mərkəzinin binasının ləğv edilərək muxtar respublika xəstəxanasında yerləşdirilməsini yəqin ki, Samiq Sadıxov kimi “yüksək idarəçilik bacarığı” olan şəxs izah edə bilər.

Naxçıvan Səhiyyə Nazirliyinin son vaxtlar əldə etdiyi “böyük uğurlar” sırasında aparılan “kadr islahatları” da var. Nazir əvəzi muxtar respublikadakı xəstəxanaların rəhbərliyinə səhiyyə ilə yaxından uzaqdan əlaqəsi olmayan şəxsləri gətirib. Hazırda Naxçıvanın səhiyyə müəssisələrinin əksəriyyətinə rəhbərlik edənlər tibb işçiləri deyil. Məsələn, Naxçıvan Perinatal Mərkəzinin direktor müavini Ülkər Bayramova hüquqşünas, Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru Əli Orucov iqtisadçıdır. Şərur Regional Tibb Mərkəzinin direktoru Bayram Mikayılov da tibb işçisi deyil. Üstəlik bu şəxslə bağlı çox ciddi iddialar və faktlar var.

Ciddi media orqanlarında yayılan məlumatlara görə, Bayram Mikayılov 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir edib. Hadisənin videogörüntüsü sosial şəbəkələrdə geniş yayıldığı üçün işdən uzaqlaşdırılıb.

Həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai Rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb. Ancaq Bayram Mikayılov hansısa yolla məsuliyyətdən yayınıb.

2019-cu ildə isə o, Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Bayram Mikayılov bu vəzifədə çalışarkən, vətəndaşların pensiyası ilə bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq növbəti dəfə işdən çıxarılıb. Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və qısamüddətli həbs edilib.
Sonradan TƏBİB-ə yol tapan Bayram Mikayılov 2022-ci ilin ortalarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini vəzifəsinə təyin edilib. Lakin bir müddət sonra maliyyə maxinasiyalarına və qazilərə qarşı kobud rəftarına görə, tutduğu vəzifədən uzaqlaşdırılıb. Naxçıvan Səhiyyə Nazirliyinin rəhbərliyinin belə bir şəxsi əvvəlcə Culfa Regional Tibb Mərkəzinə, sonra Şərur Regional Tibb Mərkəzinə direktor təyin etməsi muxtar respublikada səhiyyə sektorunun hansı kriteriyalarla idarə olunduğunun sübutudur.

Rəhbər vəzifəli şəxslər problemlərin həllində maraqlı deyil

Bütün bu faktlar onu göstərir ki, Naxçıvanda səhiyyə sistemi acınacaqlı vəziyyətdədir, muxtar respublika əhalisinin sağlamlığı təhlükə altındadır. Öz işinin öhdəsindən gələ bilməyən Samiq Sadıxov təcili vəzifəsindən azad edilməli, Naxçıvanın səhiyyə sistemindəki özbaşınalıq aradan qaldırılmalı, bu sahədə Azərbaycandan fərqli idarəçilik sistemi ləğv edilməli, Səhiyyə Nazirliyinə və Tibb Müəssisələrinin İdarəetmə Birliyinə layiqli kadlar təyin olunmalıdır. Görünən odur ki, Naxçıvandakı rəhbər vəzifəli şəxslər bu sadalanan problemlərin həllində maraqlı deyil. Naxçıvan Muxtar Respublika olsa da, Azərbaycanın tərkib hissəsidir. Odur ki, muxtar respublika əhalisi Azərbaycan Səhiyyə Nazirliyinin bu məsələyə təcili müdaxilə etməsini, problemlərin həlli istiqamətində tədbirlər həyata keçirməsni xahiş edir. İnanırıq ki, vicdanlı və öz işinin peşəkarı olan dövlət məmuru kimi tanınan nazir Teymur Musayev naxçıvanlıları tək qoymayacaq, göz görə-görə muxtar respublika səhiyyə sisteminin tamamilə məhvinə imkan verməyəcək, problemləri araşdıraraq ölkə rəhbərliyi qarşısında məsələ qaldıracaqdır. Çünki söhbət insan sağlamlığından gedir…

TNS
 

Dünyapress TV

Xəbər lenti