AYNA-nın parklanma gəlirlərini göstərməməsi... Cərimə qəfəsi, xaos var, hesabat yox, nizam pozulub
Paytaxt nəqliyyatındakı xaosa görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birbaşa məsuliyyət daşıyır. Cəmiyyət də haqlı olaraq agentliyi ittiham edir. Yollarda adicə xətlənmə işlərində ciddi qüsurlara yol verilib. Sanki hər şey sürücülərin cərimələnməsinə hesablanıb.
Bizimyol.info xəbər verir ki, AYNA ictimaiyyət qarşısında hesabat verməyi xoşlamır. Paytaxt nəqliyyatındakı xaosla bağlı düz-əməlli açıqlama eşitmirik. Vəziyyət getdikcə mürəkkəbləşir. Tıxaclar daha dözülməz hal alır.

Bir neçə gün əvvəl AYNA-nın məsul şəxslərindən biri sükutu pozmuşdu. Onda da ictimaiyyət qarşısında hesabat sayılacaq hər hansı ifadə işlətməmişdi.

AYNA nəqliyyat vasitələrinin parklanmasına görə hər ay milyonlar qazanır. Nə qədər qazandığını yalnız təxmin edə bilirik, dəqiq söyləmək mümkün deyil. Tapın görək niyə? Bəli, hesabatsızlığa görə! AYNA bu haqda danışmağı xoşlamır.

Agentlik parklanma işini qaydasına salmaq üçün müəyyən addımlar atdı. Mobil tətbiq yaradıldı, parklanma yerlərində xətlənmə aparıldı. Amma problem tam həllini tapmadı. Hər şeydən əvvəl harada gəldi parklanma ərazisi təyin olunub. Məsələn, metronun “Nəsimi” stansiyasına yaxın olan İlqar Cümşüdov küçəsində xətlər o qədər bərbad çəkilib ki, avtomobillərin rahat hərəkəti üçün nizam pozulub. Maşınlar məcburiyyətdən məhz parklanma yerlərinin üzəri ilə hərəkət etməli olur. Belə nümunələr çoxdur. O qədər çoxdur ki, hətta bir yazını belə boşluqlara həsr etmək mümkündür.

“AzParking” tətbiqində və ya uyğun mesajı göndərməklə parklanmanı qeydiyyata salmaq olur. Qaydalar belədir ki, sürücü ilk 15 dəqiqəyə görə pul ödəmir. Amma 16-cı dəqiqəyə keçəndə əvvəlki pulsuz müddət sıfırlanmır. Bir saatın tamamında yerə uyğun olaraq 40 qəpik, 70 qəpik və ya 1 manat tutulur. Yəni avtomobili saxlayanda ilk saat ərzində məhz 1 saat yox, 45 dəqiqə pulsuz verilir. Sürücü parklanma yerindən, məsələn, 1 saat 8 dəqiqə istifadə edibsə, onda 2 saatın haqqını ödəməli olur. Aşkar ədalətsizliyə yol verilir. Çünki qaydalarda ilk 15 dəqiqənin pulsuz olduğu aydın yazılıb.

AYNA heç nəyə fikir vermir. İctimaiyyət qarşısında hesabat verilmir, çatışmazlıqlar da aradan qaldırılmır. Milyonlar gəlir, lakin hara xərcləndiyini heç kimə demirlər. Özbaşınalığından qalmayan daha bir dövlət qurumunu kənardan izləyirik.

Aytən, Bizimyol.info
 
 
 

Dünyapress TV

Xəbər lenti